Məhkəmə qərarları › İş №1(101)-809/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-809/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-809/2021 29.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X1 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, 04 avqust 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 08 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 aprel 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə Almaniyada zavod üsulu ilə istehsal edilmiş, 8 mm kalibrli, istifadəyə yararlı, “Protector-Automatik Mod-65” markalı odlu silah hesab edilməyən qaz silahını və “Protector-Automatik Mod-65” markalı qaz tapançasında istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan, təyinatı üzrə istifadəyə yararlı sandıqçanı qanunsuz olaraq əldə etmiş, habelə məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda - ümumi təmiz çəkisi 294,081 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda - ümumi təmiz çəkisi 3791,383 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Sahib İbrahimxəlilov küçəsi, ev 1A, 3 saylı mənzilə daşıyıb, yuxarıda qeyd edilən çəkidə tiryəkin 268,271 qramını və qurudulmuş marixuananın 3785 qramını yaşadığı evdə, narkotik vasitə tiryəkin qalan 25,810 qramını və qurudulmuş marixuananın qalan 6,383 qramını isə üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 aprel 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 22:00-da ünvan 3 ünvanın yaxınlığında saxlanılmaqla Baş İdarəyə dəvət edilmiş və orada saat 22:35-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən təmiz çəkisi 25,810 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək bir ədəd şəffaf selofan bükümdə və təmiz çəkisi 6,383 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanana bir ədəd şəffaf selofan torbacıqda olmaqla əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 08 aprel 2020-ci il tarixdə saat 23:30-dan etibarən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbaii rayonu, Badamdar qəsəbəsi, Sahib İbrahimxəlilov küçəsi, ev 1A, mənzl 3 ünvanına özünün razılığı və iştirakı ilə baxış keçirilərkən mətbəxin giriş qapısı ilə üzbəüz olan pəncərənin altından döşəmənin üzərində bir ədəd açıq göy rəngli polietilen bağlamada külli miqdar, yəni təmiz çəkisi 2080 qram və bir ədəd tünd göy rəngli polietilen bağlamada külli miqdar, yəni təmiz çəkisi 1705 qram olmaqla, ümumilikdə təmiz çəkisi külli miqdarda, yəni 3785 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və mətbəxdə olan qara rəngli dolabdakı bir ədəd göy rəngli polietilen paketin içərisindən Almaniyada zavod üsulu ilə istehsal edilmiş 8 mm kalibrli, istifadəyə yararlı, “Protector-Automatik Mod-65” markalı, odlu silah hesab edilməyən qaz silahı və “Protector- Automatik Mod-65” markalı qaz tapançasında istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan, təyinatı üzrə istifadəyə yararlı sandıqça, həmçinin ayrı-ayrılıqda təmiz çəkiləri 218,490 qram və 49,781 qram olmaqla, ümumilikdə külli miqdar, yəni 268,271 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində, həmçinin proses iştirakçılarının suallarına cavab olaraq bildirdi ki, əvvəllər də o, narkotik vasitələrin satış məqsədilə əldə edilməsi və saxlanmasına görə polis əməkdaşları tərəfindən həbs olunmuş, lakin sonradan məhkəmə onun barəsində bəraət hökmü çıxarmış və azadlığa buraxılmışdır. İndi də eyni maddələrlə polis əməkdaşları tərəfindən həbs olunmuşdur. Birinci dəfə tutlan zaman iştirak etmiş əməliyyat müvəkkili yenə də ikinci dəfə onun tutlmasında iştirak etmişdir. Həmin şəxs Şahid2 adlı polis əməkdaşıdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, çünki həmin ifadələrini polis işçilərinin ona göstərdiyi təyziqlər altında vermişdir. Polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən o, 08 aprel 2020-ci il tarixdə axşam saat 09:30-da «Kaspian Hospital»ın yanında saxlanılmışdır. Həmin vaxt o, tanışı Xalidlə görüşüb çay içməyə getmək üçün hazırlaşmış, Surxay adlı polis əməkdaşı qandalın bir tərəfini onun qoluna, digər tərəfini isə öz qoluna taxmışdır. Xalidi də maşında onun yanında otuzdurmuşlar. Onu maşına oturdandan sonra yaşadığı evin qarşısına gətirmişlər. O, maşının açarını vermədiyi üçün polis əməkdaşları tərəfindən döyülmüşdür. Həmin vaxt onu Ələkbər və Elman adlı polis əməkdaşları döymüşdür. Xalidi də ondan sonra evə gətirmişlər. Polis əməkdaşları özləri selofan paketi pəncərənin qabağına qoymuş və sonra oradan götürmüşlər. Həmçinin polis əməkdaşları evdən ona məxsus 5.600 manat və 400 ABŞ dollar pulunu da götürmüşlər. Protokolda üstündən nə çıxmışdısa, onu yazmışlar. Sonra üstündən çıxanları özünə qaytarmışlar, lakin evdən götürdüklərini qaytarmamışlar. İdarədən onun qarşısında şərt qoymuşlar ki, o, narkotik satan bir adamın adını desə, həmin şəxsi tutub onu buraxacaqlar. Həmin gün polislər tərəfindən saxlanılarkən üzərində semiçka dənəsi boyda narkotik vasitə olmuş və həmin narkotik vasitəni də toyda tanımadığı bir nəfər ona pay vermişdir. Ona görə də o, narkotiklə bağlı verilmiş ittihamla razı deyil, həmin ittihamı qəbul etmir. Yaşadığı evdən aşkar olunmuş qaz tapançası mərhum atasından qalmışdır, istifadəyə yararsız vəziyyətdə olmuşdur. İfadələri arasında ziddiyyətlər oluduğu üçün Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 3-4 il olar ki, narkotik vasitə olan marixuanadan və tiryəkdən istifadə edir. Hazırda Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən «Bazastore» adlı marketin yaxınlığında olan maşın təmiri sexində avtomobillərin salonunun çexollanması işini görür. Belə ki, bəzən özü də Gürcüstandan müxtəlif markalı avtomobillər gətirib Bakı şəhərində işlədiyi sexdə bir qədər təmir edib salonuna çexol çəkərək yenidən satmış və bu yolla da pul qazanmışdır. Təxminən 7-8 ay bundan əvvəl yenidən Gürcüstandan avtomobil alıb gətirmək üçün qatarla həmin ölkəyə getmiş, oraya tək getmiş, həmin ölkədə iki gün qalmış və «Mersedes» markalı avtomobil alıb yenidən özü idarə edərək Bakı şəhərinə gəlmişdir. Qazax rayonunda olarkən təsadüfən yolun kənarında yerləşən kafeyə getmiş, orada nahar etmiş, həmin kafedə olarkən bir nəfər ona yaxınlaşıb onda narkotik vasitə marixuana və tiryək olduğunu bildirmiş, həmin şəxs ona demişdir ki, əgər alsa, ona çox ucuz qiymətə təşkil edə bilər. Belə ki, həmin şəxs ona yaxınlaşıb ondan siqaret istəmiş və ona siqaret verən zaman aralarında söhbət narkotik vasitədən düşmüş və ona aradabir istifadə etdiyini demişdir. Ona görə də həmin şəxs özündə narkotik vasitə olduğunu bildirib ona təklif etmiş, həmin vaxt adını bilmədiyi şəxs ona bildirmişdir ki, onda təxminən 4 kiloqram marixuana, 350 qram tiryək vardır və ümumilikdə 1.000 manata satır. Həmin vaxt üzərində cəmi 700 manat olduğunu bildirib 600 manatını verə biləcəyini demiş, bu zaman həmin şəxs əvvəlcə razı olmasa da, sonradan razılaşmış və ona təxminən 4 kiloqram çəkidə marixuananı və 350 qram çəkidə tiryəki vermiş, bunların müqabilində ona 600 manat pul vermişdir. Narkotik vasitəni alan zaman çəkməmiş, çünki onsuz da çox ucuz qiymətə almış, sadəcə məqsədi özü istifadə etmək olduğundan və hər dəfə almaq təhlükəli olduğundan bu qədər çox narkotik vasitə almışdır. Onu aldıqdan sonra avtomobilin baqaj yerində gizlətmiş və yaşadığı evə gətirmişdir. Nəşə bir qədər yaş vəziyyətdə olduğundan onu sonradan iki ədəd böyük selofan torbaya boşaldaraq ağzını açıq vəziyyətdə qoyub mətbəxdə döşəmənin üzərində saxlamış, həmçinin tiryəki isə mətbəxdə olan qara rəngli dolabın içərisinə qoymuş, lazım olduqca hissə-hissə götürüb istifadə etmişdir. Sonuncu dəfə 08.04.2020-ci il tarixdə yaşadığı evdən çıxarkən üzərində təxminən 25 qram çəkidə tiryək və 10 qram çəkidə marixuana götürmüş, məqsədi onlardan istifadə etmək olmuşdur. Hətta tutulduğu gün marixuanadan bir qədər istifadə də etmiş, təxminən həmin gün saat 22 radələrində yaşadığı evin yaxınlığında olarkən ona sonradan bildiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur, ona görə də Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməlidir. Etiraz etməmiş və polislərlə birgə həmin idarəyə getmişdir. Orada onun hüquqlarının qorunması üçün vəkil dəvət edilərək ona təqdim edilmiş, daha sonra vəkilin və orada olan polislərin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə narkotik vasitə tiryəki və digər bir bükümdə isə marixuananı çıxarıb təqdim etmişdir. Əlavə olaraq üzərində olan Samsung və Nokia markalı telefonları, bir ədəd şəxsiyyət vəsiqəsini, bir ədəd qara rəngli dəri qabı təqdim etmiş, həmin qabın içərisində 2 ədəd açar olmuş, sonradan dəri qab və 2 ədəd açar ona qaytarılmışdır. Təqdim etdiyi həmin bükümlər elektron tərəzidə çəkilmiş və marixuananın 7 qram olduğu, tiryəkin isə 26 qram olduğu məlum olmuş, həmin bükümlər olduğu şəkildə tərəzidə çəkilmişdir. Daha sonra bildirmişdir ki, həmin narkotik vasitəni 4-5 ay əvvəl Qazax rayonunda tanımadığı şəxsdən almışdır. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdə də əlavə olaraq narkotik vasitə vardır. Daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı çəkiliş başa çatmış və protokol tərtib edilərək doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra yaşadığı evə baxış keçirilmək üçün getmiş, baxış keçirilməzdən əvvəl etirazının olmaması ilə bağlı ərizə yazmış, daha sonra vəkil və digər polis əməkdaşlarının iştirakı ilə onun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı mənzilin mətbəxindən mətbəxə giriş qapısı ilə üzbəüz pəncərənin yaxınlığından döşəmənin üzərindən ağzı açıq vəziyyətdə olan bir ədəd göy rəngli selofanda olan marixuananı götürüb təqdim etmiş, daha sonra polislərin özləri tərəfindən əlavə olaraq mətbəxə baxış keçirilmiş və baxış zamanı həmin yerdən əlavə olaraq bir ədəd göy rəngli selofan torbada yenə də marixuana aşkar olunmuş, əlavə olaraq evdə narkotik vasitə olub-olmadığı soruşulduqda, həyəcanlı olduğu üçün «yox» demişdir. Ona görə də əlavə olaraq mənzilə baxış keçirilmiş və baxış zamanı mətbəxdə olan qara rəngli dolabdakı göy rəngli, ağız açıq vəziyyətdə selofanda iki ədəd bükümdə tiryək, bir ədəd qara rəngli üzərində RECK sözü yazılmış Almaniya istehsalı olan tapança aşkar edilmiş, baxış zamanı başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Mətbəxdən aşkar edilmiş həmin selofanda olan marixuanalar və tiryək elektron tərəzi vasitəsi ilə çəkildikdə məlum olmuşdur ki, marixuananın birinin çəkisi 2135 qram, digərinin çəkisi 1760 qram, tiryək isə 280 qramdır. Həmin bükümlər qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bir daha bildirmişdir ki, həmin narkotik vasitələri Qazax rayonunda tanımadığı şəxsdən özü istifadə etmək üçün almış, tapança isə atasına məxsus olmuş, bildiyinə görə ov silahıdır və texniki cəhətdən nasazdır. Aşkar olunmuş həmin tapança da qablaşdırılmış və götürülmüş, daha sonra yenidən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmiş və orada protokol yazılaraq doğruluğu imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 85-88). İfadələr arasında olan ziddiyyətlərlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəsinin narkotik vasitələrlə bağlı hissəsini qəbul etmədiyini, qeyd olunan ifadəni təzyiqlər altında verdiyini, lakin qaz tapançasına aid hissədə ifadəsinin doğru olduğunu bildirdi. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 şahid qismində dindirilərkən ifadəsində göstərdi ki, 08 aprel 2020-ci il tarixdə Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, ev 1A, mənzil 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə tiryək və marixuananın qanunsuz olaraq satışı ilə məşğul olması, istifadə etməsi və yaşadığı evdə saxlaması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən rəhbərliyə məruzə edilmiş və Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq 08 aprel 2020-ci il tarixdə işlədiyi idarənin digər əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı əraziyə getmişlər. Saat 22 radələrində S.İbrahimxəlilov küçəsi, ev 1A ünvanının yaxınlığında iki nəfərin dayandığını görmüş, onların şübhəli davranışına görə həmin şəxslərin də saxlanılmaları üçün idarənin əməkdaşları Ələkbər Quliyevi və Şahid3 da köməyə çağırmışlar. Həmin vaxt Namiqin yanında bir nəfər şəxs olmuşdur. Sonra onların olduğu yerə yaxınlaşmış, özlərini təqdim etdikdən sonra Namiqin də şəxsiyyətini müəyyən etmiş və barəsində qəbul edilmiş qərarla tanış etmiş, az sonra üçüncü şəxs də onların olduğu yerə yaxınlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və yanında olan iki nəfər Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşlar. Həmin şəxslər avtomobilə əyləşmiş, lakin məhəllədən çıxan zaman Namiqin yanında olan Xalid adlı şəxs həmin məhəllədə yaşadığını bildirmiş, söhbətdən sonra onunla bağlı şübhəli məqam olmadığı üçün, həmçinin digər avtomobildə olan şəxs də məhəllənin mühafizəçisi olduğu üçün həmin şəxslər avtomobildən düşürülmüşdür. Baş İdarənin inzibati binasına gəldikdən sonra xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin İştirakı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər olduğu təqdirdə, onları könüllü təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan sağ yan cibindən 1 ədəd şəffaf selofanda narkotik vasitə marixuanaya bənzər kütləni və 1 ədəd şəffaf selofanda narkotik vasitə olan tiryəkə bənzər kütləni təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş, gödəkçəsinin cibindən 2 ədəd mobil telefon, dəri açar qabı və şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf selofanda narkotik vasitə olan marixuanaya bənzər kütlə və 1 ədəd şəffaf selofanda narkotik vasitə olan tiryəkə bənzər kütlə elektron tərəzidə çəkilərək içi boş olan ağ rəngli zərflərə yeriəşdirilərək möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə narkotik vasitə qurudulmuş marixuana və tiryək olduğunu, həmin narkotik vasitələri 4-5 ay əvvəl Qazax rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, özünün narkotik vasitələrdən istifadə etdiyini, yaşadığı mənzildə də narkotik vasitələr saxladığını, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirib bu barədə ərizə yazmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindəki gödəkçənin sağ yan cibindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı, 1 ədəd “Nokia” markalı mobil telefonlar, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, üzərində 2 ədəd açar olan dəri açar qabı isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şahid1 ifadəsində daha sonra göstərdi ki, tədbirin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, ev 1 A, mənzil 3 ünvanına baxış keçirilməsi qərara alınmış, saxlanılan şəxsin özünün də iştirakı ilə əməliyyat qrupunun üzvləri həmin ünvana getmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin mətbəxində narkotik vasitə saxladığını bildirib, qonaq otağından mətbəxə giriş qapısı ilə üzbəüz olan pəncərənin yaxınlığından ağzı açıq vəziyyətdə döşəmənin üzərinə qoyulmuş 1 ədəd göy rəngli selofanı təqdim etmişdir. Həmin paketə baxış keçirilən zaman içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bundan əlavə həmin yerə baxış zamanı içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olan 1 ədəd göy rəngli selofan torba da aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunla qadağan edilmiş başqa əşya və narkotik vasitə olmadığını bildirsə də, baxış davam etdirilmişdir. Bu zaman mətbəxdəki qara rəngli dolabdan içərisində 2 ədəd narkotik vasitə tiryəkə bənzər kütlə və 1 ədəd “Reck” markalı Almaniya istehsalı olan silaha bənzər əşya və patron sandıqçası olan göy rəngli selofan aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr tərəzidə çəkilmiş, həmin kütlələr, həmçinin silaha bənzər əşya və patron sandıqçası iş üzrə əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vəsitələri üzərindən aşkar edilmiş narkotik vasitələrlə birlikdə Qazax rayonu ərazisində tanımadığı şəxsdən 500-600 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını, ”Reck” markalı Almaniya istehsalı olan silahın isə vəfat etmiş atasına məxsus olduğunu bildirmiş, mənzilə baxış zamanı da videoçəkiliş aparılmışdır. Daha sonra Baş İdarəyə geri qayıtmış və mənzilə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Həmçinin məhkəmə iclasında şahid Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilərkən onun da Şahid1 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 2, iş vərəqi 33-36). Məhkəmə iclasında dindirilən Şahid5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 10 ilə yaxınldır tanıyır. Namiqlə qonşu məhəllədə yaşadıqlarından münasibətləri yaranmış, arabir məhəllədə və çayxanada görüşmüşlər. 08 aprel 2020-ci il tarixdə saat 21 radələrində Namiq görüşüb söhbət etmək üçün özünə məxsus “Mercedes” markalı avtomobillə yaşadığı məhəlləyə gəlmiş, bir az söhbət etdikdən sonra o, siqaret almaq məqsədilə mağazaya getmişdir. Mağazadan çıxarkən Namiqin ətrafında tanımadığı dörd nəfərin olduğunu görmüş, onlara yaxınlaşıb Namiqdən nə baş verdiyini soruşduqda, orada olan tanımadığı şəxslər polis əməkdaşları olduqlarını, Namiqin narkotik vasitələrin qanunsuz dövriyyəsi İlə bağlı şübhəli olduğunu demişlər. Həmin vaxt yaşadığı məhəllənin mühafizəçisi də orada olmuşdur. Bundan sonra polis əməkdaşları ona da Namiqlə birlikdə sonuncuya məxsus avtomobilə əyləşməyini bildirmişlər, mühafizəçini isə polis əməkdaşlarına məxsus avtomobilə əyləşdirmişlər. Onların dediklərinə əməl edərək Namiqə məxsus "Mercedes” markalı avtomobilə əyləşmiş, avtomobil saxlanıldığı yerdən bir az uzaqlaşdıqdan sonra polis əməkdaşları avtomobili saxlayıb ondan anket məlumatlarını soruşmuşlar. O, özü barədə məlumat verdikdən sonra polis əməkdaşları onunla bağlı hər hansı problem olmadığını deyərək onu avtomobildən düşürmüşlər. O, avtomobildən düşüb yenidən məhəlləyə qayıtmış, polis əməkdaşları onunla birlikdə mühafizəçini də buraxmışlar. Bir neçə gün sonra məhəllədə olan zaman orada olan tanışlardan Namiqin üzərindən və yaşadığı mənzildən narkotik vasitələr aşkar edildiyini bilmişdir. Polis əməkdaşları nə ona, nə də Namiqə qarşı heç bir fiziki və psixi təsir göstərməmişlər. Təqsirləndirilən şəxs arabir narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olsa da, onun üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Polis əməkdaşları onları onun yaşadığı Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivinin həyətində saxlamış, Namiqin yaşadığı ev ilə həmin ünvan arasında təxminən 150 metr məsafə olmuşdur. Həmin vaxt orada onun özündən başqa, Namiq, məhəllənin mühafizəçisi və dörd nəfər polis əməkdaşı olmuşdur. Polis əməkdaşları ilə birlikdə o, Namiqə məxsus evə getməmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 05 yanvar 2021-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, həmin istintaq hərəkətləri zamanı şahidlər Şahid1 və Şahid2 sərbəst ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deməklə onu ifşa etmişlər (cild 2, iş vərəqi 54-69). İş materiallarına əlavə edilmiş 08 aprel 2020-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, S.İbrahimxəlilov küçəsi ərazisində yaşadığı binanın yaxınlığında saxlanılaraq, Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış zamanı ondan 1 (bir) ədəd bükümdə narkotik vasitə olan tiryək və 1 (bir) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 1 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 31-32). Cinayət işinə əlavə edilmiş 08 aprel 2020-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış zamanı oradan 2 (iki) ədəd selofan paketdə narkotik vasitə olan qurudulmuş marixuana, 2 (iki) ədəd bükümdə narkotik vasitə tiryək və bir ədəd “Reck” markalı, 8 mm kalibrli, Almaniya istehsalı olan silah aşkar edilərək götürülmüşdür. Baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 1 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 36-38). Məhkəmə-bioloji ekspertizasının 09 aprel 2020-ci il tarixli 7/131 saylı rəyindən görünür: - tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd selofan torbacıqda təmiz çəkiləri 6,383 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannais) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı mənzilə..." yazısı və imzalar olan 1 (bir) ədəd açıq göy rəngli polietilen bağlamadakı təmiz çəkiləri 2080 qram (2 kq 80 qram) və üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı mənzilə...) yazısı və imzalar olan 1 (bir) ədəd tünd göy rəngli polietilen bağlamadakı təmiz çəkiləri 1705 (1 kq 705 qram) olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi 3791,383 qramdır (3 kq. 791,383 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (cild 1, iş vərəqi 51-53). Məhkəmə-kimyəvi ekspertizasının 09 aprel 2020-ci il tarixli 6/400 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan paketdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 25,810 qr tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş...” yazısı olan paketdəki 1 (bir) ədəd göy rəngli polietilen paketdə, ayrı-ayrılıqda təmiz çəkisi 218,490 qr və 49,781 qr, ümumi təmiz çəkisi 268,271 qr olan tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir. Vət.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş tiryəkin ümumi təmiz çəkisi 294,081 qramdır və həmin tiryəklər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər (cild 1. İş vərəqi 56-57). Cinayət işində olan ambulator məcburi narkoloji ekspertizasının 20 iyul 2020-ci il tarixli 1992 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 5-6 ildir ki, arabir düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Həmçinin arabir, düşəndə narkotik vasitə olan tiryəkdən daxilə qəbuletmə yolu ilə istifadə edir. Öz narkoloji anamnezi haqqında tam məlumat vermir. Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 195-196). İş materiallarına əlavə edilmiş məhkəmə-baliistik ekspertizasının 17 aprel 2020-ci il tarixli 3/244 nömrəli rəyindən görünüur ki, tədqiqata təqdim edilmiş tapanca Almaniyada zavod üsulu ilə istehsal edilmiş 8 mm kalibrii, "Protector-Automatik Mod-65" markalı qaz tapançasıdır - qaz silahıdır, istifadəyə yararlıdır, konstruksiyasında dəyişiklik edilməmişdir, odlu silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet “Protector-Automatik Mod-65" markalı qaz tapançasında istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır (cild 1, iş vərəqi 135-136). İbtidai istintaq orqanının 10 aprel 2020-ci il tarixli və 22 aprel 2020-ci il tarixli maddi sübut hesab edilməsi haqqında qərarlardan, həmçinin 10 aprel 2020-ci tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş 3791,383 qram narkotik vasitə olan qurudulmuş marixuana və 294,081 qram narkotik vasitə tiryək maddi sübut kimi tanınaraq tədqiqatdan sonrakı qalıq - 3791,083 qram qurudulmuş marixuana və 293,881 qram tiryək, həmçinin Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş “Protector-Automatik Mod-65" markalı qaz tapançası maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 95-96, 138). Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxilr İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 08 aprel 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 146-150). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 iyul 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2016cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmiş, həmçinin həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla məhkəmə iclas zalından azad olunmuşdur (cild 1, iş vərəqi 155-156). Göründüyü kimi, cinayət qanunvericiliyinin müddəalarına əsasən, hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir. Təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan əməl isə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 08 aprel 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 08 aprel 2020-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş cinayət işi üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş 3791,383 qram narkotik vasitə olan qurudulmuş marixuananın və 294,081 qram narkotik vasitə tiryəkin tədqiqatlardan sonrakı qalıq qalmış hissəsi - 3791,083 qram qurudulmuş marixuana və 293,881 qram tiryək məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş “Protector-Automatik Mod-65" markalı qaz tapançası və onun sandıqçası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş şəxsi axtarış və baxış zamanı çəkilmiş videogörünütləri əks etdirən iki ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 247 (iki yüz qırx yeddi) manat 82 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 247 (iki yüz qırx yeddi) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası ambulator məcburi narkoloji ekspertizasının 20 iyul 2020-ci il tarixli 1992 nömrəli rəyinə əsasən hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə, həmin Məcəllənin 234.4.3.-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 aprel 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş 3791,383 qram narkotik vasitə olan qurudulmuş marixuananın və 294,081 qram narkotik vasitə tiryəkin tədqiqatlardan sonrakı qalıq qalmış hissəsi - 3791,083 qram qurudulmuş marixuana və 293,881 qram tiryək məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş “Protector-Automatik Mod-65" markalı qaz tapançası və onun sandıqçası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş şəxsi axtarış və baxış zamanı çəkilmiş videogörünütləri əks etdirən iki ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə məsrəfləri hesab edilən 247 (iki yüz qırx yeddi) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar