Məhkəmə qərarları › İş №1(101)-809/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-809/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-809/2022 06.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Arbitrium” vəkil bürosunun vəkili Müdafiəçi Hüseyn oğlunun iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə naməlum şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sonuncudan 02 noyabr 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolunda satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda 01 ədəd şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 16,148 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibində saxlamaqla daşımış, 03 noyabr 2021-ci il tarixdə saat 22:30 radələrində ünvan 3 ünvanının yaxınlığında Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 16,148 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər nəşə çəkmiş, lakin sonradan narkotik vasitələrdən istifadə etmir. 03.11.2021-ci il tarixdə saat 23-30 radələrində o, Masazır qəsəbəsi, Qurtuluş 93-də olan evə samovar apararkən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 90 ünvanının yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib əlində olan samovarın oğurluq olduğundan şübhələnərək, onu Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nə dəvət etmişlər. O, həmin polis işçiləri ilə birlikdə Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin inzibati binasına gəlmişlər. Orada otaqların birində bir nəfər adını bilmədiyi şəxs ona bir büküm verib həmin bükümü saxlamağını bildirmiş, onda ona inanıb həmin bükümü cibinə qoymuşdur. Həmin şəxsin anket məlumatlarını bilmir, görsə tanıya bilməz. Sonra onu polis əməkdaşları otaqların birinə dəvət etmiş və onun üzərində axtarış aparmışlar. Naməlum şəxs tərəfindən ona verilən əşya aşkar olunmuş və ona məlum olmuşdur ki, ona verilən büküm narkotik vasitədir. O, onlara narkotik vasitənin ona məxsus olmadığını bildlrdikdə, ona bildirmişlər ki, narahat olmasın, onu bir neçə saata buraxacaqlar. Lakin, ona şərt qoymuşlar ki, kamera qarşısında həmin narkotik vasitənin ona məxsus olmasını deməlidir. O da polis əməkdaşlarına inanıb narkotik vasitənin ona məxsus olmasını kamera qarşısında demişdir. Lakin, onda heç bir narkotik vasitə olmamışdır. O, heç vaxt narkotik vasitə satmamışdır. Bundan sonra, ona hansısa kağızlara imza etdirmişlər. O da oxumadan həmin kağızlara imza etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun əlində samovar olduğundan, o, fikirləşmişdir ki, samovarın oğurluq olduğunu fikirləşib onu PŞ-nə aparırlar. Nəşəni məhlələrində adının Rəsul olduğunu bildiyi bir nəfərdən alırmış. Rəsul adlı şəxsin anket məlumatını, telefonunu, ünvanını bilmir. Sadəcə məhlələrində Rəsulu hərdən bir görürmüş və nəşə alırmış. İstintaq zamanı vəkili olmuşdur. Elan olunmuş cinayət işinin 28-30-cu vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokola və protokolda ola imzaya əsasən təqisrləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, həmin protokolu təsdiq etmir. Protokolu oxumadan imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 44-45, 58-61, 75-77 və 141-143-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...Təxminən 2-3 aydır ki, narkotik vasitə hesab olunan heroini çəkmək yolu ilə qəbul edirəm. 02.11.2021-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu, Binəqədi yolund anket məlumatlarını bilmədiyim, lakin üzdən tanıdığım şəxsdən kağıza bükülmüş vəziyyətdə 01 büküm narkotik vasitə heroini 300 manata aldım. Həmin narkotik vasitənin bir hissəsini istifadə etdim qalan hissəsini isə üzərimdə gəzdirirdim ki, bədənimdə ağrılar olan zaman qəbul edim. 03.11.2021-ci il tarixdə saat 22:30 radələrində yaşadığım ünvan 7 ünvanının yaxınlığında piyada gəzərkən mülki geyimli şəxslər mənə yaxınlaşdılar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdilər. ... Bundan sonra polis əməkdaşları mənə üzərimdə olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyim təklif olundu və mən əynimdə olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoydum. Sorğu sual zamanı mən bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 02.11.2021-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu, Binəqədi yolunda anket məlumatlarını bilmədiyim, lakin üzdən tanıdığım şəxsdən 300 manata aldığımı bildirdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona elan olunmuş protokolları təsdiq etmir. Protokolarda olan imzalar onun imzasıdır, protokolları oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 63-cü vərəqəsində olan DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Videoçəkiliş zamanı ona bildirmişlər ki, narkotik vasitənin ona məxsus olmasını boynuna götürsə, onu buraxacaqlar, o da həmin vaxt narkotik vasitənin ona məxsus olmasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 6-cı PB-də əməliyyat müvəkkili işləyir. İşlədiyi Binəqədi RPİ-nin 6-cı PBnə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyatla bağıl əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Ondan və Binəqədi RPİ-nin 6-cı PB-nın əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 03 noyabr 2021-ci il tarixdə saat 22:00 radələrində ünvan 8 ünvanına gəlmişlər. Saat 22:30 radələrində həmin ünvanın yaxınlığında olan zaman orada xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq onu saxlamışlar. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Orada bölmənin baş təhqiqatçısı Kamandar Ələsgərov ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçəsinın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin onun üzərindən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, 1 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində narkotik vasitə "heroın” olduğunu, narkotik vasitədən istifadə etməsini, həmin bükümü 02.11.2021ci il tarixdə axşam saatlarında Binəqədi rayonu, Binəqədi yolunda tanımadığı şəxsdən öz istifadəsi üçün 300 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir olmamışdır. Onlar təqsirləndirilən şəxsə deməmişlər ki, narkotiki öz üzərinə götürsə onu azad edəcəklər. Özü könüllü olaraq kamera qarşısında qara rəngli dəri gödəkçəsinın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 03 noyabr 2021-ci il tarixli raportundan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93, Bağçalı evlər, mənzil 32-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 4-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 03 noyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93, Bağçalı evlər, mənzil 32-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 26-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə aparılmasına etiraz etməmişdir. Cinayət işinin 28-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçəsinın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bır əşyanın olub-olmaması soruşulduqda, sonuncu üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan vasitənin “heroin” deyilən narkotik vasitə olduğunu, həmin bükümü 02.11.2021-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu Binəqədi yolunda tanımadığı şəxsdən öz istifadəsi üçün 300 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 38-42-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2021-ci il tarixli 6/4893 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 175” dairəvi möhür əksi «İştirak etdi imza Şahid2...» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 16,148 qram qəhvəyi rəngli toz şəkillli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 2005-ci il 28 iyun Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 63-64-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 noyabr 2021-ci il tarixli DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, 03 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçəsinın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, o, 1 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan vasitənin “heroin” deyilən narkotik vasitə olduğunu bildirmiş, ondan həmin bükülünün haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə narkotik vasitə istifadə etməsini, həmin bükümü 02.11.2021-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu Binəqədi yolunda tanımadığı şəxsdən öz istifadəsi üçün 300 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir Cinayət işinin 104-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş 22 dekabr 2021-ci il tarixli, 062-51161-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamış, əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması öz təsdiqini tapmışdır. Cinayət işinin 115-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Cəfər Nəzərovun 23 fevral 2022-ci il tarixli maddi sübut kimi tanınması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 16,098 qram çəkidə olan narkotik vasitə heroin maddi sübut hesab edilərək saxlanılması üçün Binəqədi RPİ-nə təhvil verilmiş, Təqsirləndirilən şəxs üərinə şəxsi axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 128-129-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Cəfər Nəzərovun 23 fevral 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işindən şəxsiyyəti müəyyən edilməyən şəxsin varəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək, narkotik vasitənin onda olmadığını, polis şöbəsində həmin narkotik vasitəni saxlaması üçün ona tanımadığı şəxs tərəfindən verilməsini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən heroinin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 110-111-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X2 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 yanvar 2022-ci il tarixli, 158 saylı rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 113-114-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X2 ambulator məhkəmə psixiatrik ekspertizasının 27 dekabr 2021-ci il tarixli, 3087 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 03 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 18-ci vərəqəsində olan 03 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 91-95-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 4(001)-1172/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 16,098 qram çəkidə olan narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli, 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 16,098 qram çəkidə olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar