Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-809/2025 06.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1997-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə etməklə üzərində gəzdirmiş, habelə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə halları istisna olmaqla istifadəyə yararlı olan, zavod üsulu ilə istehsal edilmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməyən, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən 1 ədəd ümumi təyinatlı ov bıçağını əldə edib Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi 143 ünvanının yaxınlığınadək üzərində gəzdirmiş, həmçinin istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 5,158 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 iyun 2024-cü il tarixdə saat 22:45-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada 18 iyun 2024-cü il tarixdə saat 00:45-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd bükümdə təmiz çəkisi 5,158 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi axtarış davam etdirilərkən sol çiynindən asdığı qəhvəyi rəngli əl çantanın içərisindən qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə saxladığı istifadəyə yararlı olan, zavod üsulu ilə istehsal edilmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməyən, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən 1 ədəd ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 iyun 2024-cü il tarixdə Araz kafesində dostları Məmməd, Orxan və Mahir ilə oturmuşlar. Bundan sonra baş verənləri xatırlamamış və bir də oyandıqda yerdə olduğunu görmüşdür. Onu yolda boğa-boğa böyük bir maşınla idarəyə aparmışlar. Maşını Seymur adlı polisin sürdüyünü demişdir. Polislər hansı idarədən olduqlarını, kim olduqlarını bildirməmişlər. İdarəyə gəldikdə onu döyə-döyə liftə mindirdilər. Onu koridorun ən soldan ən sonuncu otağına gətirmiş və orada 7 nəfər onu döymüşdür. Bu vaxt onun ürəyi getmiş, oradakılardan biri “vurmayın bəsdi yoxsa öləcək, aparın üzünə su vurun” demişdir. Bundan sonra üzünə su vurmuş və içməyə su vermişlər. Sonra otağa gətirib stolda otuzdurmuş və qabağına narkotik vasitə qoyub üzərinə götürməli olduğunu bildirmişlər. O, narkotik vasitənin ona aid olmadığını bildirmiş, bu zaman onlar onu atasıyla, ailəsi ilə şantaj etməyə başlamışlar və o da məcbur qalıb onların dediklərini etmişdir. Narkotik vasitəni sol cibinə qoymuşlar, bundan başqa 10 manat pul və çantasını vermişlər. Çantasında bıçaq, pul qabı, şəxsiyyət vəsiqəsi və telefonu olmuşdur. Şəxsi axtarış zamanı hər birini təqdim etmişdir. Bu vaxt tutulan zaman sürücülük vəsiqəsi və digər əşyaları da var imiş, ancaq onları ona verməmişlər. Şəxsi axtarışdan sonra onu bir gün də orada saxlamışlar. Həmin gün ona çay vermişlər, həmin çayı içmiş və ağzı qurumuşdur. Bu vaxt onların çaya nəsə qatdığını başa düşmüşdür. Bundan sonra onu ekspertizaya aparmışlar və qanından narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, onun narkotik vasitə ilə heç vaxt əlaqəsi olmamışdır. Üzərindən bıçaq aşkar olunduğu üçün tutulmuşdur. Kafedə dostları ilə çay içmək üçün oturmuşlar. Əvvəl dostuna görə söhbətə getmiş, ancaq qarşı tərəf gəlməmişdir. Bununla bağlı onu polisə çağırmışlar. Tutulmağına səbəb kimi də həmin söhbəti görmüşdür. Onları tutmağa çox adam gəlmişdir, sayını xatırlamır. Onu təhdid etdikləri üçün barəsində həbs qətimkan tədbiri seçildiyi məhkəmə prosesində olanları hakimə deməmişdir. Barəsində həbs qətimkan tədbiri seçildiyi məhkəmə prosesindən sonra onu yenidən idarəyə aparıb oradan ekspertizaya aparmışlar. İdarədə təxminən 2-3 saat olmuşdur. Ondan 1 saylı X5 sidik nümunəsi götürmüşlər. İbtidai istintaq zamanı adından yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, atası və özü maddi ehtiyaclarını ödəmək üçün müxtəlif tikintilərdə fəhlə işləmişlər. Təxminən 6-7 aydır ki, psixotrop maddə metamfetamindən istifadə etmiş, həmin maddəni Ramana qəsəbəsində tanımadığı şəxslərdən əldə etmişdir. Təxminən 16 iyun 2024-cü il tarixdə axşam saatlarında yaşadığı Ramana qəsəbəsində axşam saatlarında tək piyada gəzən zaman yerdən şəffaf bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə tapmış, həmin maddənin bir hissəsini tüstüsünü çəkmək yolu ilə istifadə etdikdən sonra qalan hissəsini, daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Evdə çox adam olduğundan tapılmaması üçün həmin maddəni üzərində daşımağı qərara almışdır. Bundan başqa bir neçə il əvvəl xatırladığı qədəri ilə, Bakı şəhəri, Nizam rayonu ərazisində yerləşən mağazaların birindən bıçaq əldə etmişdir. Gec saatlarında evə gəldiyi üçün həmin bıçağı özünü müdafiə etmək məqsədilə həmişə üzərində gəzdirmişdir. Şahid2 və Məmməd Qəribalıyevi təxminən 5-6 ildir ki, tanıyır. Onlarla dostluq münasibəltəri olmuşdur. Şahid4 isə tanımamışdır. Həmin şəxs Orxanının tanışı olmuşdur. Orxanı uzun müddətdir görmədiyi üçün onunla görüşüb çay içməyi qərarlaşdırmışlar. Onlar 17 iyun 2024-cü il tarixdə ünvan 3 ünvanda yerləşən “Araz” kafesində görüşmək barədə razılaşmışlar. Belə ki, həmin tarixdə saat təxminən 22:45-də qeyd olunan ünvanda Orxan və Məmmədlə görüşmüşdür. Mahir adlı şəxsi isə ilk dəfə idi ki, görmüşdür. Bu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etməsini xahiş etmişlər, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb üzərində psixotrop maddə və bıçağın olmasını bildirmişdir. Polis əməkdaşları yanında olan şəxslərin də anket məlumatlarını dəqiqləşdirmişlər. Bundan sonra polis əməkdaşları onu və yanında olan şəxsləri polis idarəsinə dəvət etmişlər. Onlar buna etiraz etmədiklərini bildirdikdən sonra birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışlar. İdarədə o, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edilmişdir. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşları ona üzərindən narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif etmişdir. Bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Daha sonra sol çiynindən asdığı qəhvəyi rəngli əl çantasının içərisindən 1 ədəd “Samsung” markalı mobil telefonu, 1 ədəd bıçağı, şəxsiyyət vəsiqəsini və 10 manat pulu çıxararaq masanın üstünə qoymuşdur. Bundan sonra polislər tərəfindən həmin əşyalara baxış keçirilməyə başlanmışdır. İlk öncə təqdim etdiyi 10 manat pula baxış keçirilmişdir. Şifahi sorğu zamanı o, həmin pulun özünə məxsus olduğunu və cinayət yolu ilə əldə etmədiyini bildirmiş və bundan sonra 10 manat pul özünə geri qaytarılmışdır. Daha sonra təqdim etdiyi “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Mobil telefonu və şəxsiyyət vəsiqəsi polislər tərəfindən götürülmüşdür. Sonra isə təqdim etdiyi 1 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açılmış və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Həmin maddə polislər tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təqdim etdiyi 1 ədəd bıçağa baxış keçirilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bıçaq polislər tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra əl çantası özünə geri qaytarılmışdır. O, çəkiliş zamanı üzərindən aşkar edilmiş maddənin adını “patı” kimi tanıdığını, həmin maddəni Bakı şəhəri, Ramana qəsəbəsi, T.Bünyadov küçəsində yaşadığı ünvanın yaxınlığında küçədən tapdığını, şəxsi istifadə məqsədi ilə üzərində saxladığını, özünün 6-7 aya yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, yanında olan Şahid2, Şahid3 və Şahid4 üzərində olan maddədən məlumatlarının olmadığını bildirmişdir. Bundan başqa üzərində aşkar olunmuş bıçağı bir neçə il əvvəl ünvanını xatırlamadığı mağazadan aldığını və özünü müdafiə etmək məqsədi ilə üzərində gəzdirdiyini, həmçinin yanında olan şəxslərin həmin predmetdən məlumatlarının olmadığını bildirmişdir. Əlavə suallara cavab olaraq Şahid2 və Məmməd Qəribalıyevi 5-6 ildir ki, tanıdığını, lakin Şahid4 tanımadığını, onun Şahid2 tanışı olduğunu və çay içmək məqsədi ilə görüşdüklərini bildirmişdir. Daha sonra Şahid2, Məmməd Qəribalıyevin və Şahid4 üzərilərinə baxış keçirilmiş, lakin əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Onlar da şifahi sorğu zamanı psixotrop maddədən və bıçaqdan məlumatsız olduqlarını bildirmişlər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman, eləcə də üzərinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamış, qollarında və qarnında bir neçə gün əvvələ aid sıyrıqların olmamış, həmin sıyrıqları tikintidə fəhlə işləyən zaman iş prosesində almışdır, bundan başqa çənəsinin altında allergik yara vardır (cild 1, iş vərəqə 71-75). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 iyun 2024-cü il tarixdə təxminən axşam saat 22:00-23:00 radələrində, Bakı şəhəri, Nizami rayonu ərazisində Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və həmçinin qanunla qadağan olunmuş qaydada soyuq silah əldə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında göstərilən əraziyə getmiş və şəxsi gördükdən sonra ona tərəf yaxınlaşmışlar. Özlərini təqdim etdikdən və şəxsi qərarla tanış etdikdən sonra onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. İdarənin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə, həmçinin vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan narkotik vasitə olan metamfetaminə bənzər bir kütləni masanın üzərinə qoymuşdur. Şəxsin çantasına baxış keçirilən zaman çantanın içərisindən bir ədəd bıçaq, bir ədəd mobil telefon və təxminən 10 AZN məbləğində pul vəsaiti aşkar olunmuşdur. Şəxsi axtarış zamanı ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni Bakı şəhəri, Ramana qəsəbəsi ərazisindən şəxsi istifadəsi üçün əldə etdiyini, artıq bir ilə yaxın müddət ərzində narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan başqa üzərində olan bıçağı özünü müddafiə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs saxladıqları ünvan əməliyyat məlumatı əsasında onlara məlum olmuşdur. Təqsirləndirilən şəxs yolun kənarında saxlamışlar. Onun yanında təxminən 3 nəfər olmuşdur. Şəxsə tərəf yaxınlaşdıqdan sonra və özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyənləşdirib onu saxlamışlar. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməyini bildirdikdə o, könüllü şəkildə üzərində olan narkotik vasitəni masanın üzərinə qoymuşdur. Narkoitk vasitənin ekspertizaya göndərilməsində onun iştirakı olmamışdır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı həmçinin şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə olmuşdur. Ancaq sonradan şatış faktının təsdiq olunub-olunmaması barədə məlumatı olmamışdır. Şəxsi axtarış zamanı ifadəsində qeyd etdiklərindən başqa şəxsin üzərindən heç nə aşkar olunmamışdır. Əməliyyat qrupu təxminən 7 nəfərdən ibarət olmuşdur. Əməliyyat qrupunda iştirak edənlərdən Samiri, İbrahimi və Fərhadı xatırlayır. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs uzun müddədətdir ki, tanıyır. 17 iyun 2024-cü il tarixdə axşam saatlarında çay içmək məqsədilə Turalla görüş təyin etmişlər. Onlarla birlikdə Məmməd Qəribalıyev, Şahid4 da olmuşdur. Mahir onun tanışı olmuşdur. 17 iyun 2024-cü il tarixdə saat təxminən 22:45-də Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi 143 ünvanında yerləşən “Araz” kafesinin yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişlər, Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Tural etiraf edib üstündə psixotrop maddə və bıçaq olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmişlər. Onlar buna etiraz etmədiklərini bildirdikdən sonra birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə aparılmışlar. Polis idarəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və tutulmuşdur. Daha sonra çəkiliş aparılmağa başlanılmışdır. Bu zaman Turala üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Daha sonra çiynindən asdığı əl çantasının içərisindən 1 ədəd mobil telefonu, 1 ədəd bıçağı, özünə məxsus şəxsiyyət vəsiqəsi və 10 manat pulu çıxararaq masanın üstünə qoymuşdur. Bundan sonra polislər tərəfindən həmin əşyalara baxış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi 10 manat pula baxış keçirilmiş və özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung” markalı mobil telefona baxış keçirilmiş mobil telefonla Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi polislər tərəfindən götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm iştirakçıların iştirakı ilə açılmış və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş maddə polislər tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bıçağa baxış keçirilmiş və həmin bıçağın qatlanabilən bıçaq olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 1 ədəd bıçaq polislər tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Çəkiliş davam etdirilərkən Turalın üstündən və çiynindən asdığı əl çantasından digər əşya və ya predmet aşkar edilməmişdir. Sonda isə Turala məxsus qəhvəyi rəngli əl çantası da özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddənin adını “patı” kimi tanıdığını, həmin maddəni Bakı şəhəri, Ramana qəsəbəsi, T.Bünyadov küçəsində yaşadığı ünvanın yaxınlığında küçədən tapdığını, şəxsi istifadə məqsədi ilə üstündə saxladığını, 6-7 aya yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, Şahid2, Şahid3 və Şahid4 üzərində olan maddədən məlumatlarının olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bıçağı bir neçə il əvvəl ünvanını xatırlamadığı mağazadan aldığını və özünü müdafiə etmək məqsədi ilə üstündə gəzdirdiyini, həmçinin adı çəkilən şəxslərin həmin predmetdən məlumatlarının olmadığını bildirmişdir. Daha sonra Şahid2, Şahid3 və Şahid4 üzərlərinə baxış keçirilmiş və onların üzərindən qanunla qadağan edilən əşya aşkar edilməmişdir. Onlar şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddədən və bıçaqdan məlumatsız olduqlarını bildirmişlər. Saxlanılan zaman onlara fiziki və psixi təsir göstərilməmişdir (cild 1, iş vərəqi 118-122). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər X1 və Şahid4 ifadələrindən görünür ki, onlar Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 iyun 2024-cü il tarixdə saat 22:45- də Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi 143 ünvanında yerləşən “Araz” kafesinin qarşısında tanışları Şahid2, Şahid4 və X1 ilə birlikdə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə 18 iyun 2024-cü il tarixdə saat 00:45-də şəxsi axtarış və götürmə keçirilərkən əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 5,158 qram psixotrop maddə metamfetamin, sol çiynindən asdığı qəhvəyi rəngli əl çantasının içindən 1 ədəd soyuq silah hesab edilən bıçaq aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 27-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 18 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3288 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 5,158 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir (Qeyd: Metamfetaminin təmiz çəkisi 5,158 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 5,108 qramdır, cild 1, iş vərəqi 57-61). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-kriminalistik ekspertizasının 25 iyun 2024-cü il tarixli 3-16-16/2-2/1038 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir (cild 1, iş vərəqi 154-157). Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 iyun 2024-cü il tarixli, 4292 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindroumu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 158-159). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X4” X6 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 2097/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tərkibində tiryək qrupuna aid olan morfin adlı alkaloid, fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, fenotiazın, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmədi (cild 1, iş vərəqi 160-164). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X4” X6 daxil olmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 361/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş qarının ön divarının cızığı və hər iki saidin sıyrıqları ucu olan küt predmetin mexaniki təsirindən əmələ gəlmişdir, törənmə müddətləri müayinədən 3-4 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilmədi (cild 1, iş vərəqi 165-169). Cinayət işinin materiallarında olan 31 oktyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 5,158 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 5,108 qram qalığı, 1 ədəd soyuq silah hesab edilən ov bıçağı maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş 1 ədəd DVD disk və Bakcell MMC-dən götürülmüş 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 252-269). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 190-191). Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2024-cü il tarixdə saat 22:45-də polis əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-yə aparılmışdır (cild 1, iş vərəqə 19). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 iyun 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 113-114). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, üzərindən aşkar edilmiş 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,158 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələrindən, maddi sübutlar, ekspertiza rəyləri və protokollardan birmənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımışdır. Buna baxmayaraq istintaq orqanı yalnız aşkar olunmuş psixotrop maddə metamfetaminin külli miqdar təşkil etməsini əsas götürərək, heç bir sübuta əsaslanmadan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüş, eyni zamanda məhkəmə istintaqı zamanı ittiham tərəfi məhkəməyə onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin satışı ilə əlaqədar istehlakçı ilə hər hansı razılığa gəlməsi, psixotrop maddə metamfetamini satmaq məqsədi ilə xırda bağlamalara bükməsi, bu məqsədlə hər hansı avadanlıq əldə etməsi, o cümlədən psixotrop maddə metamfetamini satmağa cəhd etməsi sübuta yetirilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Lakin, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə aid zənglərin siyahısı, sms yazışmaları və anten dairəsi məlumatları müvafiq mobil telefon operatorundan götürülmüş, həmin məlumatlara baxış zamanı təqsirləndirilən şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına işarə edən hər hansı sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrində qeyd edilmişdir ki, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,158 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi sübuta yetmədi. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,158 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq qəti azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 17 iyun 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 129 (yüz iyirmi doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 5,108 qram psixotrop maddə metamfetamin və 1 ədəd soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1- 1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 17 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 129 (yüz iyirmi doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 5,108 qram psixotrop maddə metamfetamin və 1 ədəd soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-809/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-809/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver