Məhkəmə qərarları › İş №1(101)-810/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-810/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-810/2024 13.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X5 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1992-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 4,591 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 18 may 2023-cü il tarixdə, saat 16:00-da Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 4-cü sahədə yerləşən 0586 nömrəli quyunun yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 4,591 qram olan ağ rəngli, kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 18 may 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Mərkəz” adlanan yerdə istintaqa məlum olmayan mənbədən 50 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,591 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 16:00-da Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 4-cü sahədə yerləşən 0586 saylı quyunun yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ- nin 43-cü PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 4,591 qram olan ağ rəngli, kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər qəsdən sağlamlığa zərər vurduğuna görə məhkum edilmiş və 2017-ci ildə “əfv” sərəncamına əsasən azadlığa buraxılmışdır. Uzun müddətdir ki, müxtəlif növ narkotik vasitələrdən adətən 8-9 gündən bir istifadə etmişdir. Əsasən marixuana çəkmiş, metamfetamin və heroindən isə saxlanılmazdan təxminən iki ay əvvəl istifadə etmişdir. ünvan 1 ünvanında yaşadığından adətən yolu neft mədənləri olan ərazidən keçmişdir. 18 may 2023-cü il tarixdə, günortadan sonra iş axtarmaq məqsədi ilə yaşadığı evdən çıxmış, adətən getdiyi neft mədənləri ərazisindən keçən yoldan istifadə edərək “Mərkəz” adlanan ünvana getmək istəmiş, quyuların yanından keçdiyi zaman onu SOCAR-ın iki nəfər əməkdaşı saxlamışdır. Həmin şəxslər onun üstünü axtarmış, sonra maşına mindirərək polis bölməsinə aparmışlar. Polis bölməsinə onu təhvil verdikdən sonra çıxıb getmişlər. Bölmədə olan zaman polis əməkdaşları tərəfindən dubinka ilə döyülmüş, ondan oğurluq edib-etmədiyi soruşulmuş, o isə heç bir oğurluq etmədiyini demişdir. Buna baxmayaraq üzərinə psixotrop maddə qoyularaq videoçəkiliş aparılmaqla həmin maddənin ona məxsus olmasını bildirməsinə məcbur edilmişdir. O təhqiqatçıya, müstəntiqə ifadə verən zaman stressli olmuş, yazılan ifadələrini oxumamışdır. Saxlandığı gün, səhər saatlarında, evdə olarkən marixuanadan istifadə etsə də üzərində heç bir narkotik vasitə olmamış, satış məqsədi ilə üzərində narkotik vasitə gəzdirməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili işlədiyi zaman, yəni 18 may 2023-cü il tarixdə «X9» şirkətinə məxsus mədən ərazisində oğurluq hadisəsi ilə bağlı bölməyə məlumat daxil olmuşdur. O həmkarı Şahid2 ilə birlikdə saat 16 radələrində həmin yerə getmişlər. Oraya çatan zaman orada əvvəllər tanımadıqları Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs onların suallarına adekvat cavab vermədiyindən, həmin ərazidə olmasının səbəbini izah edə bilmədiyindən, həmçinin narkotik maddənin təsiri altında olmasından şübhələndikləri üçün onu 43-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs bölməyə getməkdən imtina etməsə də, könülsüz formada onlarla bərabər bölməyə getmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs özünü şübhəli aparması barədə rəhbərliyə məlumat verildikdən sonra, sonuncunun üzərinə şəxsi axtarışın keçirilməsi bölmənin təhqiqatçısı Şahid5 həvalə olunmuşdur. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü, həmin şalvarın sol yan cibində bir ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm açılaraq və içərisində olan maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümdəki psixotrop maddəyə oxşar kütləni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda o, həmin bükümdə olan metamfetamini 18 may 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Mərkəz» adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 50 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Müvafiq protokol tərtib olunmuş, bütün iştirakçılar və həmçinin onun tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin cibinə onlar tərəfindən narkotik vasitə qoyulmamış, ona şiddət göstərilməsi halı olmamışdır. “X9” Şirkətinə məxsus quyuların ətrafında oğurluq hadisəsi çox olduğu üçün tez-tez onlara məlumat verilir. Lakin Təqsirləndirilən şəxs tərəfindən oğurluq olmamış, təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən oğurluqda şübhəli bilindiyi üçün onlara məlumat verilmişdir. Təqsirləndirilən şəxs hərəkətləri və davranışı isə onun həmin vaxt narkotik vasitənin təsiri altında olmasından şübhələnmələrinə əsas olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmənin öz təşəbbüsü əsasında əlavə şahid qismində dindirilimiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. “Gesko” Mühafizə Xidmətində növbə rəisi vəzifəsində işləməklə “X9” Şirkətinin Binəqədi rayonu ərazisində yerləşən mədənlərin ərazisində mühafizə xidmətini həyata keçirir. 18 may 2023-cü il tarixdə ərazidə xidmət aparan zaman, bir nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs 1-ci Mədən, 4-cü sahədə yerləşən 0586 nömrəli quyunun mühafizə olunan hissəsində, yəni hasarın içərisində olduğunu müşahidə etmişdir. Şəxsin hərəkətləri onda şübhə yaratdığından həmin şəxsin oğurluq etmək istədiyini düşünmüşdür. Belə ki, quyuların ətrafında tez-tez oğurluq və oğurluğa cəhd halları baş vermişdir. Ona görə də Təqsirləndirilən şəxs yaxınlaşaraq mühafizə zonasında nə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs səbəbini izah edə bilmədiyindən polisə məlumat vermişdir. Təxminən 10 dəqiqə sonra polis əməkdaşları post patrul maşını ilə gəlmiş, o da Təqsirləndirilən şəxs onlara təhvil vermişdir. Təqsirləndirilən şəxs polis bölməsinə polis əməkdaşları aparmışlar. Onun yanında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməmişdir. Həmçinin polis əməkdaşları gələnə kimi Təqsirləndirilən şəxs tutub saxlamasa da hərəkətləri nəzarəti altında olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı Şahid5 tərəfindən tərtib olunmuş, həmin PBin CA üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Binəqədi RPİ-nin KTQ-nin inpektorkriminalisti X2, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 18 may 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 18 may 2023-cü il tarixdə, saat 16:00-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən 4-cü sahədə yerləşən 0586 saylı quyunun yaxınlığında saxlanılaraq Binəqədi RPİnin 43-cü PB-nə gətirilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibində “Redmi” markalı mobil telefon, göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində olan maddənin “şüşə, metamfetamin” kimi tanınan psixotriop maddədir. Həmin psixotrop maddəni 18 may 2023-cü il tarixdə, səhər saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Mərkəz adlanan yerin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 (əlli) manata alıb üzərində gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçünv 243 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə 18 may 2023-cü il tarixdə saat 17:35-də başladı və 18:00-da başa çatdı. Şəxsi axtarış və götürmə zamanı «Panasonic» markalı mobil telefondan istifadə edilməklə video çəkilişi aparıldı (cild 1, i/v 27-28). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı vaxt çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı 18 may 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli, 6/2901 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №243» dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs..” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,591 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 4,591 qram, 0,1 qram tədqiqata sərf edilmiş, 4,491 qram qalıq qalmışdır (cild 1, i/v 34-36). - “Maddi sübut kimi tanıma haqqında” 23 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 4,591 qram təşkil edən, tədqiqata sərf edildikdən sonra çəkisi 4,491 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir (cild 1, i/v 78). - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinə əlavə olunmuş şəxsi axtarışı əks etdirən 01 ədəd «CD» disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır (cild 1, i/v 125-131). - 18 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 may 2023-cü il tarixli, 4(001)-509/2023 nömrəli və 14 sentyabr 2023-cü il tarixli, 4(001)-962/2023 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 19 sentyabr 2023-cü il tarixli 4(001)- 962/2023 nömrəli qərarı ilə onun həbsdə saxlama müddəti 08 oktyabr 2023-cü il tarixinədək uzadılmışdır (cild 1, i/v 13, 16, 162-166). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 3128 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 101-102). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli, 1418 nömrəli nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1 i/v 99-100) - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli tələbnamədən həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(101)-1036/2013 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (cild 1, i/v 103-104, 105-115). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə” siyahılara, həmçinin 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda, 400 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə, saat 16:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən 4-cü sahədə yerləşən 0586 nömrəli quyunun yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş çəkisi 4,591 qram olan psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edərək üzərində saxlayaraq daşıması öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə üzərində daşıyaraq saxladığı 01 ədəd bükümdə çəkisi 4,591 qram olan külli miqdarda psixotrop maddə - metamfetamini satış məqsədi ilə əldə etməsi məhkəmə baxışı zamanı sübuta yetirilmir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə - metamfetamini saxlamaqda məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqsirkar şəxsin özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi, həmçinin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilib-edilməməsi halları da araşdırılmamışdır. Satılacaq psixotrop maddənin müqabilində Təqsirləndirilən şəxs hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir. Halbuki bu hallar da təqsirləndirilən şəxsə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Həmçinin Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 49291 №-li məktubundan da görünür ki, keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni əldə etdiyi mənbənin və ya şəxsin müəyyən edilməsi istiqamətində bir sıra təxirəsalınmaz əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq, bu istiqamətdə hər hansı müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində külli miqdarda psixotrop maddəni satış məqsədi ilə üzərində gəzdirməsi müəyyən olunmuşdur. Həmçinin əməliyyat yolu ilə həmin maddəni Təqsirləndirilən şəxs satmış olan şəxsin şəxsiyyətini müəyyən edib istintaqa təhvil vermək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir. Gələcəkdə müsbət nəticə əldə olunarsa, əlavə məlumat veriləcəkdir. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində daşıyaraq saxlaması, habelə təqsirləndirilən şəxsin ümumiyyətlə psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – psixotrop maddələrin dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin qanunsuz hərəkətlər etməsi (psixotrop maddənin qanunsuz olaraq əldə etməsi və üstündə daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, Təqsirləndirilən şəxs istinad olunan əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Beləliklə də iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması deyil, sonuncunun külli miqdarda psixotrop maddəni məhz şəxsi istifadəsi üçün əldə edib saxlaması müəyyən olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin psixotrop maddə metamfetamini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə həmin psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Məhkəmədə müdafiə tərəfi Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb üzərinə baxış keçirilən zaman müdafiəçinin iştirak etməməsini mübahisələndirdiyindən bununla bağlı iş üzrə təhqiqatı aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı Şahid5 və təqsirləndirilən şəxsin hüquqlarını ibtidai araşdırma zamanı müdafiə etmiş Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Şahid4 müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışında dinlənilmiş, təhqiqatçı Şahid5, həmçinin vəkil Şahid4 Təqsirləndirilən şəxs məhz iradə ifadəsi əsasında üzərinə baxış keçirilən zaman müdafiəçinin iştirak etmədiyini bildirmişlər. Eyni zamanda Şahid4 Təqsirləndirilən şəxsla konfedensial görüşü zamanı təqsirləndirilən şəxsin ona döyülməsi, hər hansı təzyiqə məruz qalması barədə məlumat vermədiyini, təqsirləndirilən şəxsin üzərində gözlə görünən xəsarətin olmasını müşahidə etmədiyini, yalnız ibtidai istintaqın sonunda, cinayət işinin materialları ilə tanış olan zaman Təqsirləndirilən şəxs heç bir cinayət əməlini törətmədiyini bildirərək sənədlərə imza etməkdən imtina etdiyindən müdafiəçi olaraq tərəfindən istintaq orqanına müvafiq vəsatəti təqdim etdiyini bildirmişdir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə icraatında verdiyi ifadəsini özünü müdafiə xarakterli və cəzadan yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni çəkisi 4,591 qram olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan külli miqdarda əldə edib saxlayaraq daşıması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 18 may 2023-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmiş 4,491 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair videogörüntüləri əks etdirən 01 ədəd «CD» disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2125/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 42 (qırx iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 32 saylı Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 18 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, saxlanması üçün Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmiş 4,491 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair videogörüntüləri əks etdirən 01 ədəd «CD» disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 32 saylı Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar