Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-810/2025 07.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 31 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 01 sentyabr 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən «Paşa» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşmiş qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, satış məqsədi ilə məlum olmayan vaxtda və “Paşa" adlı şəxsin təyin etdiyi dəqiq məlum olmayan yerdən külli miqdarda - təmiz çəkisi 1970,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov və N.İsmayılov küçələrinin kəsişməsinədək daşımış, 31 avqust 2024-cü il tarixdə saat 00:20-də özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən qeyd olunan ünvanda saxlanılaraq ünvan 3vanında yerləşən Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinə gətirilmiş, Polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilərkən əlindəki ağ rəngli selofan torbanın içərisindən 1 ədəd şəffaf selofana bükülmüş təmiz çəkisi 1970,0 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, istintaq zamanı ətraflı ifadə vermişdir və həmin ifadəni təsdiq edir. Qeyd olunan ifadənin məhkəmədə verilmiş ifadə kimi qəbul olunmasını xahiş edir. Təqsirləndirilən şəxsin məhkəmədə səsləndirdiyi həmin mövqeyi ilə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək həmin ifadəsində göstərmişdir ki, 2001-ci ildən evlidir, 3 övladı var, onlardan balaca övladının 15 yaşı vardır. Özü restoranlarda qab yumaqla və ya kiminsə evini təmizləməklə dolanmış, saxlanılarkən iş tapa bilmədiyindən işləməmiş, məhkum olunmamışdır. Sabunçu RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları Şahid1 və Şahid2 saxlanılan günədək tanımamış, onlarla və ya onların ailə üzvləri ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 2023-cü ildən psixotrop maddə olan metamfetamindən istifadə etmiş, son dövrlər istifadəsini azaltmışdır. xx.xx.2024-cü il tarixdə 077 ***-**-** nömrə ilə istifadə etdiyi “Samsung” markalı, “Galaxy A02” modelli mobil telefonu ilə “İnstagram” proqramına baxarkən Paşa adı ilə qeydiyyatdan keçmiş, özünü İran vətəndaşı kimi təqdim edən +99-***-***-**-** nömrənin istifadəçisinin yerləşdirdiyi elanda “800 manata iş təklif edir” yazıldığını görmüşdür. O, həmin şəxslə “İnstagram” üzərindən danışarkən kişi cinsindən olan və İran ləhcəsi ilə danışan şəxs özünü Paşa kimi təqdim etmiş, İran vətəndaşı olmasını bildirərək demişdir ki, marixuananı, heroini, metamfetamini və narkotik tərkibli həbləri onun dediyi yerdən götürməklə deyəcəyi digər yerə qoyacağı təqdirdə ona ilkin olaraq 800 manat verəcəkdir. Paşa demişdir ki, əgər işi xoşuna gəlsə, gələcəkdə həmin narkotik tərkibli maddələri dediyi yerdən götürməklə çəkilərə bölüşdürüb qablaşdıraraq müəyyən etdiyi digər yerlərə qoyacağı təqdirdə ona aylıq 1500 manata qədər pul verəcəkdir. Pul qazanması üçün ən asan yol olduğundan, həmçinin qadın olduğundan polis əməkdaşları tərəfindən saxlanılması etimalı olmadığından Paşa ilə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Paşa +99-***-***-**-** nömrəsindən onun ***-***-**-** nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov və N.İsmayılov küçələrinin kəsişməsindəki hasarın dibində yerləşən kəsilmiş ağacın yaxınlığındakı, işarə ilə göstərilən bağlamanın şəkilini, həmin məkanın xəritəsini göndərmiş və ona səsli mesaj yazaraq bildirmişdir ki, bağlamanı həmin yerdən götürsün. O, adını demək istəmədiyi, cinayətdən məlumatsız olan, icarəyə götürdüyü avtomobillə taksi kimi fəaliyyət göstərən tanışından xahiş etmişdir ki, guya uşaqlarının müalicələri üçün çətin tapılan, yalnız Naxçıvan və Şamaxı şəhərlərində yetişən çaşır otu göndərmişlər, həmin çaşırı götürmək lazımdır, bunun üçün onu telefonuna konum atılan yerə aparsın. Tanışı onunla razılaşaraq idarə etdiyi “Mercedes E190” markalı avtomobilində həmin konumla onu Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov və N.İsmayılov küçələrinin kəsişməsinə gətirmiş, həmin şəxs çaşırı mənzildən götürəcəyini zənn etmişdir. O, həmin yerə çatarkən marixuananın yerləşdiyi yerin şəkli onda olduğundan marixuananın harada yerləşməsini bilmiş, odur ki, tanışının avtomobilini kənarda saxlatmışdır ki, marixuananı küçədən götürməsini görməsin. xx.xx.2024 tarixində saat 00:20-də “WhatsApp” vasitəsi ilə Paşanın göndərdiyi fotoşəkildəki ağaca yaxınlaşaraq ağacın dibindən ağ rəngli, üzərində “aplus” yazısı olan selofandakı bağlamanı götürmüşdür. Bağlamanı götürdüyü yerdən uzaqlaşaraq tanışının avtomobilinə tərəf gedərkən sonradan adlarını bildiyi Sabunçu RPİ-nin əməkdaşları Şahid1 və Şahid2 ona yaxınlaşmışlar. Şahid1 və Şahid2 özlərini təqdim edərək şəxsiyyəti barədə maraqlanarkən əlində 2 kiloqram marixuana olduğundan həyəcanlanmış, fikirləşmişdir ki, hansısa yolla polis əməkdaşlarından uzaqlaşsın. Odur ki, polis əməkdaşlarına əhəmiyyət verməyərək onlardan yayınmaq istəmişdir. Lakin polis əməkdaşları ona yaxınlaşaraq kimliyi barədə soruşmuş və şəxsiyyətini təsdiq edən sənəd istəmiş və onu Sabunçu RPİ, 13-cü PŞ-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə 13-cü PŞ-nin inzibati binasına gəlmişdir. Şöbədə ona təhqiqatçı tərəfindən vəkil Səməd Əliyev təqdim olunmuş, hüquq və vəzifələri ona izah edilmişdir. Bildirilmişdir ki, vəkilin iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaq. O, demişdir ki, videoçəkilişlə axtarış aparılmasına etirazı yoxdur, lakin vəkilin iştirakından imtina edir və bu barədə ərizə də yazmışdır. Təhqiqatçının otağında üzərinə videoçəkilişlə baxış keçirilmiş, ona üzərində qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. O, sağ əlindəki ağ rəngli, içərisində marixuana olan selofan torbanı və əynindəki cins şalvarın cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən ağ rəngli selofan torbadan şəffaf selofandakı bağlama çıxarılmışdır. Sorğu zamanı bildirmişdir ki, narkotik tərkibli maddələrdən 1-2 dəfə istifadə etmiş, əlindəki ağ rəngli selofanın içərisindəki bağlama marixuanadır, sosial şəbəkədə «İnstagram» proqramında tanış olduğu, adını bilmədiyi İran vətəndaşı ona demişdir ki, həmin nəşəni dediyi yerdən götürüb özündə saxlasın, necə edəcəyini özü deyəcək. Sonra bildirmişdir ki, İran vətəndaşının adını bilməsə də, onun telefon nömrəsi, həmçinin yazışmaları telefonunun yaddaşında var, narkotiki götürmüşdür ki, evində saxlasın, bunun müqabilində İran vətəndaşı ona 800 manat ödəməyə söz vermişdir. Üzərindən aşkar edilmiş selofan bağlama açılarkən içərisindən marixuana aşkar olunmuş və bağlama açılan yerindən skoçla bağlanmışdır. Bundan sonra təhqiqatçının istəyi ilə üzərindən aşkar edilmiş telefonunu masanın üzərindən götürərək 1585 kodu ilə kiliddən çıxarmış, “WhatsApp” proqramına, sonra həmin proqramda yazışdığı Paşanın +99-***-***-**-** nömrəsinə daxil olmuş, orada hasarın dibindəki yaşıllıq zolağının işarə ilə göstərilməsi əks olunan fotoşəkili təqdim edərək etiraf etmişdir ki, həmin fotoşəkili ona İran vətəndaşı göndərmiş, bağlamanın orada olduğunu və oradan götürməsini bildirmişdir. Həmin nömrənin profilindən polis əməkdaşları görmüşlər ki, İran vətəndaşı olması etimal edilən şəxs öz adını “Paşa” kimi qeyd etmişdir. Daha sonra telefonunu söndürərək masanın üzərinə qoymuş, təhqiqatçı tərəfindən şəffaf selofandakı bağlama yenidən ağ rəngli selofana qoyulmuş, bağlama zərfə qablaşdırılmış, şəxsi axtarışda iştirak edən şəxslər zərfi imzalamışlar. Bundan sonra üzərində aparılan şəxsi axtarışa dair protokol tərtib edilmiş, o da, polis əməkdaşları kimi bu barədə tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, istintaq zamanı ifadəni özünün verdiyini və doğru olduğunu, özünün qan xəstəliyindən əziyyət çəkdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 31 avqust 2024-cü il tarixdə baş əməliyyat müvəkkili Şahid1lə birlikdə 13-cü Polis şöbəsinin inzibati ərazisində olan Bakıxanov qəsəbəsində xidmətdə olmuşlar. Həmin tarixdə saat 00:20-də R.Axundov və N.İsmayılov küçələrinin kəsişməsində sonradan şəxsiyyətini müəyyən etdikləri Təqsirləndirilən şəxs görmüşlər. Həmin qadının narkotik maddələrin təsiri altında olması şübhəsi yaratmış, ona tərəf gedərkən qadın onları görüb sürətini artırmış və uzaqlaşmağa çalışmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq onu dayandırmış və özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs anket məlumatlarını soruşduqda, sonuncu şəxsiyyətini təsdiq edən sənədi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qeyri-müəyyən cavablar verməsi və təlaş içərisində olması səbəbindən onlar həmin qadını Sabunçu RPİ 13-cü Polis şöbəsinə dəvət etmişlər. Şöbədə təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs sağ əlindəki ağ rəngli selofan torbanı və üzərində olan “Samsung" markalı mobil telefonu təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin selofanın içərisində marixuana olduğunu, həmin narkotik vasitəni “İnstagram”da tanış olduğu, adını bilmədiyi İran vətəndaşından əldə etdiyini, iranlının ona həmin nəşəni dediyi yerdən götürüb özündə saxlamağı, necə edəcəyini sonradan deyəcəyini bildirmişdir. Təranənin sözlərinə görə, bu işi görmək müqabilində İran vətəndaşı ona 800 manat pul verəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş selofan bağlama açılarkən içərisindən açıq yaşıl rəngli kütlə aşkar olunmuş, büküm açılan yerindən skoçla bağlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs telefonunu kiliddən çıxarmış, “WhatsApp” proqramına daxil olmuş, orada hasarın dibindəki yaşıllıq zolağının işarə ilə göstərilməsi əks olunan fotoşəkili təqdim edərək demişdir ki, fotoşəkili İran vətəndaşı ona göndərməklə bağlamanın orada olduğunu və oradan götürməsini bildirmişdir. Həmin profildən görünmüşdür ki, İran vətəndaşı olması etimal edilən şəxs adını “Paşa” kimi qeyd etmişdir. Təhqiqatçı tərəfindən şəffaf selofan bağlama yenidən ağ rəngli selofana qoyulmuş və qablaşdırılmış, zərfin üstü onlar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sonra protokol tərtib olunmuş və iştirakçılar protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid1 31 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinə aparılaraq şəxsi axtarış zamanı üzərindən külli miqdarda narkotik vasitə marixuananın aşkar edilərək götürülməsi tədbirində iştirak etdiyini bildirərək həmkarı Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan 31 avqust 2024-cü il tarixli şəxsin üzərində axtarış və götürmə aparılması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu RPİ, 13-cü Polis şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 00:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində şübhəli şəxs qismində saxlanılaraq Sabunçu RPİ, 13-cü Polis şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 01:45-dən etibarən keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı ağ rəngli selofan torbanı və əynindəki cins şalvarının sol yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu təqdim edərək, selofanın içərisində “nəşə”, yəni narkotk vasitə marixuana olduğunu, həmin narkotik vasitəni "İnstagram” da tanış olduğu, adını bilmədiyi İran vətəndaşından ona deyiləcək ünvanlara yerləşdirmək məqsədilə əldə etdiyini, həmin İran vətəndaşının adını bilməsə də, onun telefon nömrəsinin, həmçinin yazışmaların telefonunun yaddaşında olduğunu, narkotiki evində saxlayıb gələcəkdə ona deyiləcək yerlərə qoymalı olduğunu, bunun müqabilində İran vətəndaşının ona 800 manat pul ödəməyə söz verdiyini bildirmişdir. Büküm açılarkən içərisində qurudulmuş marixuanaya bənzər kütlənin olduğu müəyyən edilmiş, daha sonra qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 24-25). Şəxsi axtarış və götürmə aparılması protokoluna əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında 01 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskə köçürülmüş videogörüntülər 31 avqust 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması protokolunda qeyd olunanlarla uyğunluq təşkil edir (cild 1, iş vərəqi 48-50). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7/1460 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində AR DİN "Zərflər üçün № 160” möhür əksi, "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; Şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs; baş ə/m polis k-nı /imza/ Şahid1; ə/m polis l-tı /imza/ Şahid2; polis stı /imza/ Aynur Allazova; Təhqiqatçı: /imza/ İlham Babayev" yazıları olan bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 1970,0 qram olan bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 1, iş vərəqi 29-32). İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1970,0 qram narkotik vasitə qurudulmuş marixuana iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan 1969,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 98-100). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6567 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 122-123). Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı götürülmüş bir ədəd, üzərində 077 ***-**- ** saylı mobil GSM nömrəsi olan «Samsung Galaxy A02» markalı mobil telefon aparatına baxış keçirilərkən “WhatsApp” proqramında İran İslam Respublikasının vətəndaşı olması etimal edilən Paşa adlı şəxslə aşağıdakı məzmunda söhbətlər aparmaları aşkar edilmişdir: - xx.xx.2024-cü il tarixdə saat 23:02-də Paşa, Təqsirləndirilən şəxs göndərdiyi səs yazısında deyir ki, “sənə konum atdım, həmin yerdədir, götürən kimi mənə məlumat ver, çatan kimi bax denən haa, yaxşı”. - xx.xx.2024-cü il tarixdə saat 23:02-də Paşa, Təqsirləndirilən şəxs göndərdiyi məsajda yazır ki, “SAS bax yaş” - xx.xx.2024-cü il tarixdə saat 23:02-də Təqsirləndirilən şəxs Paşaya göndərdiyi səs yazısında deyir ki, “başa düşdüm, indi çıxacam” - xx.xx.2024-cü il tarixdə saat 23:03-də Təqsirləndirilən şəxs Paşaya göndərdiyi mesajda yazır ki, “Konmdayam” “Az qalıb” - xx.xx.2024-cü il tarixdə saat 23:04-də Paşa, Təqsirləndirilən şəxs göndərdiyi səs yazısında deyir ki, “Onun içərisini aç, 2 kilo bir bağlamamız olacaq, otdu, bir dənə ona bax, onları götür ondan sonra mənə de, Təranə diqqətli ol haaa” - xx.xx.2024-cü il tarixdə saat 23:04-də Təqsirləndirilən şəxs Paşaya göndərdiyi mesajda yazır ki, “Can narahat olma” - xx.xx.2024-cü il tarixdə saat 23:04-də Paşa Təqsirləndirilən şəxs hasarın yanındakı kəsilmiş ağacın dibində yerləşən işarə ilə göstərilən bağlamanın fotoşəkilini göndərir. - xx.xx.2024-cü il tarixdə saat 23:04-də Təqsirləndirilən şəxs Paşaya göndərdiyi mesajda yazır ki, “Can narahat olma” - xx.xx.2024-cü il tarixdə saat 23:06-da Paşa Təqsirləndirilən şəxs hasarın yanındakı kəsilmiş ağacın dibində yerləşən işarə ilə göstərilən bağlamanın uzaqdan çəkilmiş ikinci fotoşəkilini göndərir. - xx.xx.2024-cü il tarixdə saat 23:06-də Paşa Təqsirləndirilən şəxs göndərdiyi mesajda yazır ki, “Gutrun yazrsan gadalm” - xx.xx.2024-cü il tarixdə saat 23:06-da Paşa Təqsirləndirilən şəxs göndərdiyi mesajda yazır ki, “2 kilo” - xx.xx.2024-cü il tarixdə saat 23:55-də Paşa Təqsirləndirilən şəxs göndərdiyi mesajda yazır ki, “Ürim” - xx.xx.2024-cü il tarixdə saat 23:57-də Təqsirləndirilən şəxs Paşaya göndərdiyi mesajda yazır ki, “Yaxwı can” - 31,08.2024-cü il tarixdə saat 00:07-də Paşa Təqsirləndirilən şəxs göndərdiyi mesajda yazır ki, “Gadalım nə xəbər”, saat 00:08-də “Urim pattadı”, saat 00:09-da “Gutrdun”. - 31,08.2024-cü il tarixdə saat 00:09-da Paşa Təqsirləndirilən şəxs göndərdiyi səs yazısında deyir ki, “Qadanalım, nə oldu, götürdün?” - xx.xx.2024-cü il tarixdə saat 00:11-də Paşa Təqsirləndirilən şəxs göndərdiyi mesajda yazır ki, “Allooo”, saat 00:14-də “Nie dımsan”, saat 00:21-də “Baci”, saat 00:22-də “Gutrdun. - xx.xx.2024-cü il tarixdə saat 00:21-də Təqsirləndirilən şəxs Paşaya göndərdiyi səs yazısında deyir ki, “Götürdüm”. - xx.xx.2024-cü il tarixdə saat 00:21-də Paşa Təqsirləndirilən şəxs göndərdiyi səs yazısında deyir ki, “Maşallah, maşallah, 1 dənəsən” - xx.xx.2024-cü il tarixdə saat 00:23-da Paşa Təqsirləndirilən şəxs 3 ədəd gözmuncuğu, saat 00:25-də 3 ədəd yeksən və 3 ədəd öpmək smaliklərini göndərir. - xx.xx.2024-cü il tarixdə saat 00:26-da Paşa Təqsirləndirilən şəxs göndərdiyi mesajda yazır ki, “Gadalım evə çatın tarzi viduo at urim”. “Qalereya” proqramından aşağıdakı 6 ədəd fotoşəkil aşkar edilmişdir. 1-ci fotoşəkil, İran İslam Respublikası vətəndaşı olan Paşanın ona göndərdiyi bağlamanın olduğu yeri işarə ilə bildirən fotoşəkildir. 2-ci fotoşəkildə, evin hasarına bitişik yaşıllıq zolağı işarə ilə göstərilməsi əks olunur. 3-cü fotoşəkildə elektron tərəzidə 2.496 kiloqram olmasını göstərən qurudulmuş marixuanaya bənzər ot kütləsini çəkməsi əksini tapmışdır. 4-cü fotoşəkildə elektron tərəzidə 50 qram olmasını göstərən qurudulmuş marixuanaya bənzər ot kütləsini çəkməsi əksini tapmışdır. 5-ci fotoşəkildə heroinə bənzər 52 bükümün və metamfetaminə bənzər 2 bükümün görüntüləri əksini tapmışdır. 6-cı fotoşəkildə isə evin hasarına bitişik olan dəmir borunu işarə ilə göstərilməsi əks olunur (cild 1, iş vərəqi 78-90). İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A02” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin dövriyyəsini “WhatsApp” proqramı üzərindən həyata keçirməsini özündə əks etdirən görüntülər, “Qalereya” proqramındakı 6 ədəd fotoşəkil A4 formatında cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 80-90, 111-112). İstintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına cavab olaraq Sabunçu RPİ, 13-cü Polis şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2024cü ilin may ayından başlayaraq İran İslam Respublikası vətəndaşları olması ehtimal edilən «Paşa» adlı və digər şəxslərlə əlbir olaraq külli miqdarda psixotrop maddə metamfetaminin, narkotik vasitələr olan qurudulmuş marixuananın və heroinin satışı ilə məşğul olmuşdur. İran İslam Respublikasına aid +99-***-***-**-** nömrənin istifadəçisi olan “Paşa” adlı şəxsi müəyyən etmək mümkün olmamış, 1970,0 qram qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi ilə əlaqədar əməliyyat tədbirləri davam etdirilir (cild 1, iş vərəqi 110). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 140). Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, müdafiəsi üçün heç bir dəlil gətirmədi. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin qadın olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli səmimi etiraf etməsini və himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 31 avqust 2024-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Sabunçu RPİ, 13-cü Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6567 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olsa da, müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından ona tibbi xarakterli məcburi tədbirlər təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs şəxsi axtarışı zaman aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1969,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli; - təqsirləndirilən şəxsə məxsus “Samsung Galaxy A02” markalı 1 ədəd mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı; - təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 60 (altmış) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 44 saat vaxt sərf etmişdir. Odur ki, hər saat üçün 11 manat olmaqla vəkil Müdafiəçi ödənilməli olan 484 (dörd yüz səksən dörd) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 31 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1969,8 qram çəkidə qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus bir ədəd "Samsung A02" markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntülərin yükləndiyi bir ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 60 (altımış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 484 (dörd yüz səksən dörd) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-810/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-810/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver