Məhkəmə qərarları › İş №1(101)-811/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-811/2022

18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-811/2022 18.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – “Kredo” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Bərdə rayonunun Mollalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olmuş, Bərdə rayonunun Mollalı kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs 02 noyabr 2021-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanında yerləşən “Golden Ring” restoranının qarşısında uzaq qohumu və əvvəllər bir yerdə həmin restoranda işlədiyi Zərərçəkmiş şəxs ilə sonuncunun onu işdən çıxarması, dəfələrlə etdiyi xahişlərə baxmayaraq onu işinə qaytarmaqdan imtina etməsi və müraciətlərinə nalayiq ifadələrlə cavab verməsi ilə əlaqədar şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı üzərində olan məişət təyinatlı qatlanan cib bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq, sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarın boşluğunu daxili qanaxma və sol tərəfli hemopnevmotoraksla müşayiət olunan diafraqmanın yaralanması ilə nəticələnən döş qəfəsinin sol yarısının arxa-yan səthinin sol döş və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin sol və sağ yarısının daxilə nüfuz etməyən üç ədəd deşilmiş-kəsilmiş yarası, sol qaşın bayırbucağının kəsilmiş yarası ilə nəticələnən bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, uzun müddət doğulduğu Bərdə rayonunun Mollalı kəndində valideynləri, qardaşı, habelə sonuncunun həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə yaşamışdır. Ailələri ağır maddi vəziyyətdə olduğundan rayonda xeyli iş axtarmış, amma özünün ehtiyaclarını ödəmək və valideynlərinə kömək etməyə imkan verəcək iş tapmamışdır. Anasının onkoloji xəstəliyə tutulması və onun müalicəsi üçün pul tapa bilməmələri vəziyyətlərini daha da ağırlaşdırmışdır. Atasının isə gözləri tutulmuşdur, daimi qulluğa ehtiyacı vardır. Ona görə də ailəyə kömək edə bilmək üçün iş tapmaq üçün 2021-ci ilin iyul ayının əvvəllərində Bakı şəhərinə gəlmiş, NZS qəsəbəsində bir neçə başqa şəxslə birlikdə hərəyə aylıq 80 manat ödəməklə kirayə otaq tutaraq yaşamışdır. Özünün Bakıda sərbsət iş tapa bilməyəcəyini başa düşüb “Golden Ring” restoranında kababçı işləyən xalası nəvəsi və həmkəndlisi Zərərçəkmiş şəxs oğunun yanına getmiş, anasının xəstəliyi və ağır maddi vəziyyətlərini danışaraq həmin restoranda işə düzəlməsinə kömək etməsini xahiş etmişdir. Nahid Nizami rayonu, Çobanzadə küçəsi 57 ünvanında yerləşən “Golden Ring” şadlıq sarayında sıravi kababçı olmamış, həm də mətbəxdə işləyən bir neçə işçiyə rəhbərlik etmişdir. Çox xahişdən sonra Nahid razılaşmış və o həmin restoranda kababçı kimi işləməyə başlamışdır. Nahid ona qarşı çox tələbkar olmuş, gündəlik 15-20 manat zəhmət haqqı aldığı üçün dözərək işləmiş, qazancının əsas hissəsini anasına göndərmişdir. İşlədiyi müddətdə bir-iki dəfə ağır işdən sonra yatıb qaldığı üçün işə gecikmişdir. Sonuncu dəfə 28 oktyabr 2021-ci il tarixdə eyni səbəbdən səhər işə gecikmiş, işə gəlib çatanda Nahid buna çox kəskin reaksiya vermiş, onu kobud ifadələrlə aşağılamış və elə həmin gün də işdən çıxarmışdır. Nahidə xeyli yalvar-yaxar etmiş, işsiz qalacağı halda ağır xəstə olan anasına kömək edə bilməyəcəyini, kirayə pulunu da ödəyə bilməyəcəyini, çarəsiz vəziyyətə düşdüyünü demiş, amma bunların heç bir xeyri olmamış, Nahid bütün xahişlərini təhqiramiz ifadələrlə rədd etmişdir. Növbəti günlərdə də dəfələrlə işə qaytarılması üçün Nahidin özünə müraciət etmiş, restoranda işləyən və həmkəndliləri olan digər işçilərdən də onun ağır vəziyyətinin nəzərə alınıb işə qaytarılması üçün Nahiddən xahiş etmələrini istəmişdir. Amma heç bir nəticəsi olmamış, Nahid isə sanki məqsədi onu aşağılamaq imiş kimi hər dəfə söyüş və təhqirlə ona cavab vermişdir. Növbəti dəfə 01 noyabr 2021-ci il tarixdə saat təxminən 20 radələrində restoranın qarşısına gəlib iş yoldaşlarından yenə Nahidlə onun işə qaytarılması ilə bağlı danışmalarını demişdir. Amma həmin işçilər Nahidin onu işə qaytarmaq niyyətində olmadığını bildirmişlər. Tam pulsuz, əlacsız bir vəziyyətdə olduğundan restoranın qarşısında dayanıb Nahidi gözləmək, üzbəüz bir daha ondan işə qaytarılmasını xahiş etmək qərarına gəlmişdir. İşçilər, o cümlədən Nahid yalnız restoran tam bağlandıqdan sonra işdən çıxdıqlarından xeyli vaxt keçmiş, gecə yarısı, yəni artıq 02 noyabr 2021-ci il tarixdə saat təxminən 00:40 radələrində Nahid içəridən restoranın həyətinə çıxmışdır. Nahidə yaxınlaşmış, sonuncunun ona ümumiyyətlə fikir vermək istəmədiyini görüb bir dəqiqəlik onu dinləməsini xahiş etmiş, kirayə pulunu verə bilməyəcəyini, anasının vəziyyəti ilə bağlı kəndə pul göndərə bilməyəcəyini demiş, yalvar-yaxar etmiş, bir daha işə gecikməyəcəyini demişdir. Amma Nahid dərhal söyüş və təhqirlə cavab verərək onu işə qaytarmayacağını demiş, sinəsindən itələmişdir. Onu son həddə çatdırmış Nahidə niyə belə etdiyini deyərək onun sinəsindən itələmiş, cavabında ona yumruq zərbəsi vuran Nahidə qarşılıq verərək o da sonuncunun sifətindən yumruqla vurmuşdur. Nahid onu daha ağır söyüşlərlə söyməyə başlamış və o anda artıq hərəkətlərini cilovlaya bilməyərək cibində olan qatlanan bıçağı çıxardıb Nahidi vurmuşdur. Nahidi harasından və neçə zərbə vurduğunu xatırlamır. O anda Nahidin əmisi oğlu Şahid1 təsadüfən oraya gəlib çıxmışdır. Həmin vaxt oradan avtomaşınla keçən polislər də dayanıb onların toplaşdıqları yerə gəlmiş, onların hamısını saxlayıb idarəyə aparmışlar. Nahidin isə xəsarət aldığını görüb onu xəstəxanaya yola salmışlar. Polisdə olarkən Nahidi vurduğu bıçağı könüllü şəkildə polislərə təqdim etmiş, baş verən hadisə ilə bağlı ondan soruşulanlara olduğu kimi cavab vermişdir. İşdən qovmaqla onu çox ağır vəziyyətə salsa da Nahidi bıçaqla vurmasına görə özünə heç bir halda haqq qazandırmır, əməlindən çox peşmandır. Hadisədən dərhal sonra qohum olduqları Nahidlə barışmışlar, Nahid onu bağışlamışdır. Nahidə müalicəsi ilə bağlı lazımi kömək də göstərilmişdir. Anasının ağır xəstəliyini, anasının müalicəsi üçün lazım olan dərmanları onun özündən başqa heç kimin alıb göndərmədiyini, atasının kor olmasını və bütövlükdə hədsiz ağır maddi vəziyyətdə olduqlarını bilən Nahidin onu işdən elə bir ciddi səbəb olmadan qovaraq çarəsiz vəziyyətə salması və həm də xahişlərinə verdiyi nalayiq cavablar bu hadisəyə gətirib çıxartmışdır. Hər bir halda hədsiz peşmandır. Məhkəmədən bütün bu halların nəzərə alınmaqla barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 3 ünvanında yerləşən “Golden Ring” şadlıq sarayında baş kababçı işləyir. Həmkəndlisi, xalası nəvəsi və dostu olan Pərvini 2021-ci ilin iyul ayında həmin restorana kababçı kimi işə götürmüşdür. Pərvinin kənddə yaşayan ailəsini də yaxından tanıyır, anasının onkoloji xəstə, atasının isə kor olmasından məlumatlıdır. NZS qəsəbəsində bir neçə başqa şəxslə birlikdə kirayədə yaşadığını bildiyi Pərvin bir müddət çox yaxşı işləmiş, amma sonra işə gecikməyə başlamışdır. Xəbərdarlıq etsə də sonuncu dəfə 28 oktyabr 2021-ci ildə Pərvin yenə işə gecikmiş və bu səbəbdən elə həmin tarixdə onu işdən qovmuşdur. Pərvin bir neçə dəfə ona müraciət edib işə qayıtmasını xahiş etsə də razılaşmamışdır. 01 noyabr 2021-ci ildə digər aşbazlar və kababçılar da ona yaxınlaşıb Pərvinin işə qaytarılması ilə bağlı xahişini çatdırmışlar, amma o yenə razılaşmamış, həmin işçilərə Pərvini heç bir halda işə qaytarmayacağını demişdir. 02 noyabr 2021-ci ildə rayona getməli olduğundan əmisi oğlu Ehtiramdan gecə 00:00-01:00 arası onun iş yerinə gəlməyini və taksi sifariş edib birlikdə Abşeron rayonuna öz yaşadığı evə getməyi xahiş etmişdir ki, səhər tezdən rayona yola çıxsınlar. Saat təxminən 00:40 radələrində restoranın qarşısına çıxdıqda Pərvinin restoranın qarşısında dayandığını görmüşdür. Pərvindən nə üçün orada durduğunun səbəbini soruşduqda Pərvin onu öz işinə qaytarmasını xahiş etmişdir. O, Pərvinə bunun mümkün olmadığını demiş, həqiqətən ona acıqlanaraq bu məsələnin bitdiyini demişdir. Amma Pərvin vəziyyətlərinin çox ağır olduğunu, heç yerdə iş tapa bilmədiyini, işləməyəcəyi halda kirayə pulunu verə və kənddə ağır vəziyyətdə olan anasının müalicəsinə köməklik edə bilməyəcəyini deyib yenidən təkidlə onu işinə qaytarmağını xahiş etmişdir. O isə belə ağır vəziyyətdə olduğu halda nə üçün məsuliyyətsizlik edib işə gecikdiyini soruşmuşdur. Pərvin çox israr etsə də sonuncunu işə qaytarmayacağını demiş, əli ilə onu kənara itələyib rayona getməli olduğunu bildirmişdir. Onu vurduğunu hesab edib Pərvin qarşılıq vermiş və əli ilə bir dəfə onun sol qaşının üstündən vurmuşdur. O anda anidən mübahisə qızışmış və aralanıb qaçmaq istəyəndə Pərvinin onu bir neçə dəfə kürəyindən vurduğunu hiss etmişdir. Amma Pərvinin onu bıçaqla vurduğunu başa düşməmiş və elə bir ciddi xəsarət olmadığını düşünmüşdür. Həmin vaxt oraya gəlib çıxan əmisi oğlu Ehtirama Pərvinin onu nə iləsə vurduğunu demişdir. O anda restoranın qabağından keçən polislər onların yığışdığını görüb oraya yaxınlaşmış, onları görüb Polis Şöbəsinə aparmışlar. Orada özünü pis hiss etmiş və onun bədəni yoxlanıldıqda xəsarətlər aldığını görmüşlər. Yəni, yalnız şöbədə olanda Pərvinin onu məhz bıçaqla vurduğunu dəqiq bilmişdir. Həm də Pərvin orada özü də bunu etiraf etmiş və həmin bıçağı da polislərə təhvil vermişdir. Vəziyyəti pisləşdiyi üçün onu oradan xəstəxanaya aparmışlar. Qohumu, həmkəndlisi olan Pərvini bağışlamış və barışmışdır. Pərvinə qarşı heç bir şikayəti, tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ona görə də məhkəmədən bu halların, həm də Pərvinin ağır ailə vəziyyətinin, hər iki valideynini ağır xəstə olmalarının nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, özü Bərdə rayonunun Mollalı kəndindəndir, Pərvin və Nahidlə qohumdur. 01 noyabr 2021-ci il tarixdə günorta saatlarında “Golden Ring” restoranında işləyən doğma əmisi oğlu Nahid ona zəng edib axşam iş yerinə gəlməsini və birlikdə Abşeron rayonundakı evinə gedəcəklərini demişdir. Nvöbəti gün isə onlar səhər birlikdə Bərdə rayonuna getməyi planlaşdırmışlar. 02 noyabr 2021-ci ildə saat təxminən 01 radələrində Nahidin iş yerinə çatmış, Nahidlə Pərvinin restoranın qarşısında dayanıb söhbətləşdiklərini görmüşdür. Yaxınlaşarkən Nahidin qaşının üstündə xəsarət izini müşahidə etmişdir. Nə baş verdiyini soruşmaq istədiyi anda oraya qəfildən polislər gəlmiş və onların üçünü də Polis Şöbəsinə aparmışlar. Şöbədə məlum olmuşdur ki, Pərvin Nahidi bıçaqla vurmuşdur. Yarası ciddi olduğu üçün X6 xəstəxanaya aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Nahid bir neçə müddət əvvəl Pərvini işdən çıxartdığı üçün onların arasında mübahisə düşmüş, Pərvin işə qaytarılması üçün cəhdlər etsə də Nahid onu qəbul etməmişdir. Bu səbəbdən aralarında narazılıq yaranmış və sonda da bıçaqlanma ilə nəticələnmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 02 noyabr 2021-ci ildə, saat təxminən 01:10 radələrində Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə növbətçi kimi xidməti avtomobillə ərazidə gəzərkən Çobanzadə küçəsində yerləşən “Golden Ring” şadlıq evinin qarşısından keçdikləri vaxtda şadlıq evindən təxminən 15-20 metr aralıda üç nəfərin dayandıqlarını görmüş, nəsə mübahisə görüntüsünü hiss edib oraya yaxınlaşmışlar. Məlum olmuşdur ki, bu şəxslərdən ikisinin arasında mübahisə olmuş və biri digərinə xəsarət yetirmişdir. Üçüncü şəxs isə oraya xəsarət yetirildikdən sonra gəlib çıxmışdır. Qohum olduqlarını bildirən hər üç şəxsi avtomobilə mindirib Polis Şöbəsinə aparmışlar. Şöbədə sonradan şəxsiyyəti onlara məlum olmuş Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs bir müddət əvvəl onu restorandan işdən çıxarmış, bununla bağlı aralarında mübahisə, narazılıq yaranmışdır. Həmin mübahisə zəminində Nahidi bıçaqla vurmuşdur. Nahidin bədənini yoxladıqda həqiqətən onun xəsarət aldığını görmüşlər və onu dərhal 3 saylı şəhər xəstəxanasına göndərmişlər. Bundan sonra hadisə barədə şöbə rəhbərliyinin adına raportla müraciət edilmişdir. Şöbədə olan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı könüllü şəkildə təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 77-78). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 02 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən «Golden Ring» şadlıq sarayının yaxınlığında yerləşir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 4-7). Götürmə barədə 02 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oglu cinayətin aləti olan bıçağı polislərə təqdim etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 13-14). İfadənin yerində yoxlanması haqqında 02 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri və onu törətməsinin faktiki hallarını əyani olaraq bilavasitə yerində ətraflı şəkildə göstərmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 20-21). Baxış keçirilməsi və götürülmə aparılması haqqında 03 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus köynəkdə dörd ədəd kəsilmiş izlərin olduğu müəyyən edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 44-45). Məhkəmə-tibbi ekspertizasının 20 noyabr 2021-ci il tarixli 1015 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarın boşluğuna daxili qanaxma və sol tərəfli hemopnevmotoraksla müşayiət olunan diafraqmanın yaralanması ilə nəticələnən döş qəfəsinin sol yarısının arxa-yan səthinin sol döş və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası; döş qəfəsinin arxa səthinin sol və sağ yarısının daxilə nüfuz etməyən üç ədəd deşilmiş-kəsilmiş yarası; sol qaşın bayır bucağının kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (əşyaların), ola bilsin ki, bıçağın (bıçaqların) təsirindən törənmişdir, 02 noyabr 2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir (cild 1, iş vərəqə 82-84). Məhkəmə tibbi-kriminalistik ekspertizasının 17 dekabr 2021-ci il tarixli 782/MTKŞ- 2021 saylı rəyindən görünür ki: - təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus koftanın arxa səthinin sağ və sol yarısında dörd ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər; - koftanın üzərində olan deşilmiş-kəsilmiş zədələrlə Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthində və arxa sol-yan səthində olan xəsarətlər (dörd ədəd) yerləşməsinə və xarakterinə görə üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədən səthində olan digər xəsarətlər paltarla örtülü olmayan sol qaş nahiyyəsində yerləşir; - Zərərçəkmiş şəxs bədən səthində olan olan xəsarətlər və ona məxsus koftanın üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur; - təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmiş, onun təyinatı dəyişdirilməmişdir (cild 1, iş vərəqə 92-97). Məhkəmə-bioloji ekspertizasının 20 dekabr 2021-ci il tarixli 902/2021-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən İİ. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş sviter («köynək») üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda A (İİ) qrupunu əsas xarakterizə edən A antigeni alındı. Beləliklə, bu qan A(İİ) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş bıçaq üzərində tədqiqat zamanı qan aşkar olunmamışdır (cild 1, iş vərəqə 98-102). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 22 yanvar 2022-ci il tarixli 155 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman onda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Əqli-intellektual imkanlarına görə öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. İnadkarlıq, məsuliyyətsizlik, tələbkarlıq, mübahisə etməyə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına və psixi vəziyyətinə görə baş verənləri düzgün qavrayıb təsvir elmək və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 1, iş vərəqə 111-114). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 05 noyabr 2021-ci il tarixli 9477 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 79). Mollalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 86). Mollalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən verilmiş arayışda Təqsirləndirilən şəxs valideynlərinin sonuncunun himayəsində olduğu, atasının gözünün görmədiyi və anasının onkoloji xəstə olduğu göstərilmişdir (cild 1, iş vərəqə 87). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 76). Zərərçəkmiş şəxs ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs valideynlərinin xəstə olmasını və sonuncunun himayəsində olmasını, Təqsirləndirilən şəxs üzr istəməyini nəzərə alıb onunla barışdığını və onu bağışladığını bildirmişdir (cild 1, iş vərəqə 55). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə tövsif olunmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır xəsarət yetirməsi ilə nəticələnmiş mübahisənin konkret halda hadisədən əvvəl şəxsi münasibətlərin pozulması ilə əlaqədar yaranması əməlin xuliqanlıq niyyəti ilə törədilməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. Müəyyən edilmişdir ki, hadisədən bir müddət əvvəl zərərçəkmiş şəxs işə gecikməsi səbəbi ilə Təqsirləndirilən şəxs işdən çıxartmışdır. Kirayədə yaşamaqla ağır maddi vəziyyətdə olan, eyni zamanda, qazancı ilə himayəsində olan onkoloji xəstəlikdən əziyyət çəkən anasının, habelə gözləri görməyən atasının dolanışığını, müalicə xərclərini mövcud imkanları çərçivəsində təmin edən Təqsirləndirilən şəxs onun düşdüyü vəziyyətdən və valideynlərinin ağır xəstə olmalarından məlumatlı olan zərərçəkmiş şəxsə dəfələrlə müraciət edib işə qaytarılmasını xahiş etmişdir. Amma Zərərçəkmiş şəxs onu işə qaytarmamış, bununla bərabər həm də onun edilən təkidli xahişlərə verdiyi kobud, təhrikedici cavabları və ümumi davranışı son nəticədə Təqsirləndirilən şəxs ona ağır xəsarət yetirməsi ilə nəticələnmişdir. Müəyyən olunur ki, Zərərçəkmiş şəxs həmin məqamda çarəsiz vəziyyətə düşmüş, onun köməyinə və dəstəyinə möhtac olan təqsirləndirilən şəxsi işə qaytarmamaqla bərabər həm də faktiki olaraq Təqsirləndirilən şəxs mövcud durumda zəifliyinin və çıxılmaz vəziyyətə düşməsinin qabardılmasına yönəlmiş davranış sərgiləmişdir. Nəticədə bu vəziyyət və hərəkətlər təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin motivinin formalaşmasının əsas ünsürləri kimi çıxış etmişdir. Belə bir vəziyyətdə Təqsirləndirilən şəxs törətdiyi əməlin motivinin xuliqanlıq hisslərinin təsiri altında formalaşdığının israr edilməsi isə əsassızdır. Bu məqamlar işin mübahisəsiz hallarıdır və faktiki olaraq ibtidai istintaq orqanının əldə etdiyi sübutlarla da tam təsdiq olunur. İbtidai istintaq orqanı qanuni və əsaslı olaraq cinayət işini 02 noyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə başlamış, təqsirləndirilən şəxsə 04 noyabr 2021-ci il tarixli qərarla həmin maddə ilə ilkin ittiham elan olunmuşdur. İbtidai istintaqın bütün sonrakı mərhələsində əldə edilmiş sübutlar da məhz bu ittihamın təsdiqinə yönəldiyi halda, ibtidai istintaqın yekunlaşması ərəfəsində təqsirləndirilən şəxsə 18 fevral 2022-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur (cild 1, iş vərəqə 1, 59, 115-119). Beləliklə, məhkəmədə tədqiq edilmiş bütün sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə ağır xəsarət yetirməsinə dəlalət edə biləcək hər hansı məqam müəyyən edilməmişdir. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlməyə əsas vermir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qəsdən sağlamlığa ağır xəsarət yetirmə əməlinin motivinin xuliqanlıq niyyəti olması öz təsdiqini tapmır. Beləliklə, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində törədilmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini qanuni və əsaslı hesab edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. Qeyd olunan Plenum qərarının 3-cü bəndinə əsasən, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma,əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibi vardır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutlar məcmusunun həcminin sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyini qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, müsbət xarakterizə olunmasını, valideynlərinin ağır xəstə olmalarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 02 noyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 29, 72-74). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq və 01 ədəd köynək məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində “Kredo” Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X1 işlədiyi “Kredo” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq və 01 ədəd köynək məhv məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X1 vəkil işlədiyi “Kredo” Vəkil Bürosuna 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar