Məhkəmə qərarları › İş №1(101)-811/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-811/2025

07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-811/2025 07.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bakı Dəniz Limanında mütəxəssis işləyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham irəli sürülmüşdür ondan ötrü ki o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan digər mexaniki nəqliyyat vasitəsi idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan texniki cəhətdən saz vəziyyətdə, mühərrik həcmi 50 kub/sm olan “Moon ZX-AF 49CC Red” markalı nəqliyyat vasitəsi hesab edilən mopedlə 08 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən Bakı-Qazax magistral yolunun 62-ci km-də yerləşən Ələt qəsəbəsinə gedən 450 metr aralı məsafədə köməkçi asfalt yolda Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və mopedin idarə olunmasından ayırmamalı, piyadadan təhlükəsiz yan məsafə seçərək hərəkətini davam etdirməli olduğu halda cinayətkarcasına etinasızlıq edib Qanunun qeyd olunan tələblərinə əməl etməyərək yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs “Moon ZX-AF 49CC Red” markalı nəqliyyat vasitəsi hesab edilən mopedin qarşı tərəfi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, başın sol gicgah nahiyəsinin əzilmiş yarası, burunüstü və sol baldır nahiyələrinin sıyrıqları ilə nəticələnən dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə həmin xəsarətlər səbəbindən baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma ilə müşayiət olunan başın sol gicgah nahiyəsinin əzilmiş yarası nəticəsində zərərçəkmiş şəxsin ölmünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir, yəni qeyd olunun bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin subyekti olmayan, yol hərəkətinin digər iştirakçısı Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə, mühərrik həcmi 50 kub/sm olan “Moon ZX-AF 49CC Red” markalı mopedlə 08 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən Bakı-Qazax magistral yolunun 62-ci km-də yerləşən Ələt qəsəbəsinə gedən 450 metr aralı məsafədə köməkçi asfalt yolda Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və mopedin idarə olunmasından ayırmamalı, piyadadan təhlükəsiz yan məsafə seçərək hərəkətini davam etdirməli olduğu halda cinayətkarcasına etinasızlıq edib Qanunun qeyd olunan tələblərinə əməl etməyərək yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs mühərrik həcmi 50 kub/sm olan “Moon ZX- AF 49CC Red” markalı nəqliyyat vasitəsi hesab edilən mopedin qarşı tərəfi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, başın sol gicgah nahiyəsinin əzilmiş yarası, burunüstü və sol baldır nahiyələrinin sıyrıqları ilə nəticələnən dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə həmin xəsarətlər səbəbindən baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma ilə müşayiət olunan başın sol gicgah nahiyəsinin əzilmiş yarası nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölmünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir, yəni qeyd olunun bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 267.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədi, məhkəmədə mahiyyəti üzrə ifadə vermək istəmədiyini bildirərək, cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini məhkəmənin nəzər diqqətinə çatdırdı və məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsinin elan edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində şahid və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 263.1-3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin bacısı oğlu Cavidin Ələt qəsəbəsində işlətdiyi “Ay dönər” adlı dönərxanada kuryer işləmiş, avtomobil idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. Müştərilərin sifarişlərini ünvana çatdırmaq üçün dönərxanaya moped lazım olmuş, bu səbəbdən təxminən 2023-cü ilin iyul ayında Cavid yadında qalmayan bankdan kredit götürüb 1 ədəd moped almışdır. Həmin mopedi o, özü idarə etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında haldisənin mahiyyəti üzrə göstərmişdir ki, o, 08 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində dönərxanaya aid idarə etdiyi mopedin benzini qurtarmış və bu səbəbdən Ələt qəsəbəsindən 1,5-2 km aralı məsafədə yerləşən Bakı-Qazax magistral avtomobil yolundakı X5 (YDM) getməyi planlaşdırmışdır. O, Ələt qəsəbəsindən köməkçi yol ilə təxminən 50 km sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman arxadan avtomaşın gəldiyini hiss edib mopedi yolun kənar hissəsi ilə idarə etmiş, həmin vaxt idarə etdiyi mopedə arxadan avtomobil dəydiyi üçün idarə etməni itirmiş və Ələt qəsəbəsi istiqamətində onun hərəkətdə olduğu yolun kənarı ilə hərəkət edən piyadaya dəymiş, eləcə də zərbənin təsirindən mopeddən yerə yıxılmış və huşunu itirmişdir. Ayıldıqda isə Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən X2 bilmişdir. Orada həkimlər tərəfindən müayinə olunduqdan sonra həkimlər onu Kliniki TibbiMərkəzə göndərmişlər. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında, həmçinin göstərmişdir ki, hadisənin baş verdiyi 08 dekabr 2023 il tarixdə, saat 20 radələrində spirtli içki içməmiş, narkotik vasitə qəbul etməmiş, hadisə zamanı idarə etdiyi moped saz vəziyyətdə olmuş, hadisənin baş verməmişdən əvvəl hava qaranlıq olmuş, lakin buna baxmayaraq yolu görmə məsafəsi normal olmuş, yolda elektrik işıqlarının yanmamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin davamında ona qarşı irəli sürülən ittihamda göstərilən yol-nəqliyyat hadisəsini xatırlamadığını, ailə üzvlərinin hadisədən sonra yol-nəqliyyat hadisəsi törətməyi ilə xəstəxanada müalicə aldığını dediklərini, lakin hadisəni xatırlamadığını, yol-nəqliyyat hadisəsi ilə bağlı heç nə yadına düşmədiyini, xəstəxanada özünə gələndən sonra yolnəqliyyat hadisəsi zamanı xəsarət aldığını eşitdiyini bildirmişdir. Hadisədən sonra öyrəndiyinə görə idarə etdiyi Mopedlə Ələt qəsəbəsində yolda hərəkətdə olan zaman yolu piyada keçən Ələt qəsəbə sakini Zərərçəkmiş şəxs vurmuş, hadisə zamanı özü də yerə yıxılmışdır. Lakin o, bu hadisəni xatırlaya bilməmişdir. 12 dekabr 2023-cü il tarixdə X9 reanmasiya otağında müalicə alarkən hadisə ilə bağlı ifadə verməyini xatırlaya bilməmiş, Moped idarə edərkən qoruyucu dəbilqədən istifadə etməmişdir. Bacısı oğlu Cavidin həmin mopedi onun dönərxanasında dönər sifarişlərini müştərilərə çatmaq üçün alması və idarə etmək üçün ona verməsi, Mopedin mühərrik həcminin 50 kub/sm təşkil etməsi və sürücülük vəsiqəsi olmadan mopedi idarə etməsi istisna olunmamışdır. O, mopedi sürməyə başlarkən qanunla müəyyən edilmiş qaydada “Moon ZX-AF 49CC Red” markalı 50 kub/sm həcmi olan mopedi idarə etmək üçün sürücülük vəsiqəsinə ehtiyac olmamış, lakin mopedi aldıqdan 2 ay sonra qanunda dəyişikliklər olmuş və mühhərik həcmi 50 kub/sm metr daxil olmaqla, yuxarı olan mopedi idarə etmək üçün artıq A kateqoriyalı sürücülük vəsiqəsinin tələb olunması barədə məlumat almışdır. Onun nəqliyyat vasitəsi idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. Lakin buna baxmayaraq o, həmin mopedi Ələt qəsəbəsi daxilində sürmüş, maddi vəziyyəti ilə bağlı pula ehtiyacı olduğu üçün mopedi idarə etmiş və buna görə işləyib aylıq maaş almışdır. Qanunla həmin mopedi idarə etmək üçün A kateqoriyalı sürücülük hüququ lazım olmasını bilmiş, lakin buna baxmayaraq A kateqoriyalı sürücülük hüququ olmadan həmin mopedi idarə etmişdir (iş vərəqə: cild İ, səh.28-31, cild İİ, səh.66-69). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə mərhum Zərərçəkmiş şəxs hüquqi varisi - oğlu X7 ifadəsində göstərdi ki, mərhum atası Zərərçəkmiş şəxs təqaüdçü olmuş, həm də Lökbatan qəsəbəsi ərazisində inşa edilən “Abşeron-Port” şirkətində traktorçu işləmişdir. Adətən atası hər gün Ələt qəsəbəsində yaşadığı evdən çıxıb işə getmiş, axşam saat 20 radələrində işdən qayıtdıqda o özü idarə etdiyi avtomobillə Ələt qəsəbəsinə gedən köməkçi yolda atasını qarşılayıb evlərinə aparmışdır. 08 dekabr 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsindəki evlərindən idarə etdiyi “Lada-Qranta” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat təxminən 20 radələrində atası Tofiqi qarşılamaq üçün çıxmış, Ələt qəsəbəsinə daxil olan və çıxan köməkçi yolla hərəkət etmişdir. Həmin vaxt yolda tıxac olduğunu görmüş və dərhal yol nəqliyyat hadisəsi baş verdiyini başa düşmüşdür. Hadisə yerinə çatanda avtomobilini saxlamış və yolun kənarında atası Zərərçəkmiş şəxs yerdə xəsarət alaraq uzanmış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt atası Tofiq ölməmiş və onun nəfəs aldığını görmüşdür. O, özü X14 (TTY) zəng vurub kömək çağırmışdır. Həmin vaxt hadisə yerində atası uzandığı yerdən 2 metr aralıda 1 ədəd motosikl olduğunu, motosikldan 2 metr aralı məsafədə 1 nəfər şəxsin uzandığını görmüş, həmin şəxsə yaxınlaşdıqda Ələt qəsəbə sakini Təqsirləndirilən şəxs olduğunu, onun xəsarət alaraq yerdə uzandığını görmüşdür. Hadisə yerinə çatandan 10 dəqiqə sonra Təqsirləndirilən şəxs bacısı oğlu, Ələt qəsəbə sakini Cavid adlı şəxsi və Ələt qəsəbəsində taksi kimi fəaliyyət göstərən ağ rəngli, “Daevoo” markalı, sonu 820 olan dövlət qeydiyyat nişanlı avtomobili idarə edən, adını bilmədiyi sürücünü, həmçinin tanımadığı digər şəxsləri hadisə yerində görmüşdür. Atasının vəziyyəti isə ağır olduğu üçün TTY avtomobilini gözləməyib idarə etdiyi avtomobillə atasını Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən X10 aparmış, lakin orada atası Tofiqə həkimlər tərəfindən yardım göstərilməsinə baxmayaraq sonuncu vəfat etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X7 ifadəsinin davamında göstərdi ki, hadisədən sonra atasının nəşi əslən olduqları Neftçala rayonuna aparılmış və orada dəfn edilmişdir. Təqsirləndirilən şəxs tərəf onlara üzrxahlığa gəlmiş, hüzn mərasimi ilə bağlı onlara maddi və mənəvi dəstək olmuşlar. Onlar təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxsin hüquqi varisi X1 ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, sonuncu məhkəməyədək icraat mərhələsində və məhkəmə istintaqı mərhələsində sərbəst ifadəsində göstərdiyi xüsusatları ifadəsi yerində yoxlanılarkən bir daha təsdiq etmiş və baş vermiş yol-nəqliyyat hadisəsi yerini göstərmişdir(iş vərəqə: cild İ, səh.81-84). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma dayısı olmuşdur. O, özü Ələt qəsəbəsində “Ay dönər” adlı dönərxananı işlətmişdir. Dayısı Adyar da işləmədiyi üçün onu yanına çağırmış, dönərxanaya müştərilər tərəfindən sifariş verildikdə həmin sifarişləri dayısı yerinə yetirmişdir. Bu səbəbdən də o, Bakı şəhərində fəaliyyət göstərən Moped və Motosikl satan “SEZAM” şirkətinə gedib kreditlə 1 ədəd 50 kubdan ibarət moped almışdır. Bu səbəbdən də mopedi idarə etmək üçün sürücülük vəsiqəsinə ehtiyac olmamışdır. Aldığı mopedi dönərxanaya sifariş edən müştərinin ünvanına gedib dönəri onlara çatdırması üçün dayısı Adyara vermişdir. Mopedi alandan 2 ay sonra qanunvericilikdə dəyişiklər olmuş, 50 km-dən yuxarı sürət həddi olan mopedlər motosikl kimi qiymətləndirilmişdir. Lakin dayısı Adyarın sürücülük vəsiqəsi olduğunu bilmişdir. Şahid1 ifadəsinin davamında hadisənin mahiyyəti üzrə göstərdi ki, 08 dekabr 2023cü il tarixdə, saat 20 radələrində dönərxanada olmuş, dayısı Adyar isə idarə etdiyi mopedə benzin vurmaq üçün Ələt qəsəbəsindən 1,5-2 km aralı məsafədə yerləşən, Bakı-Qazax magistral avtomobil yolundakı YDM-ə getmişdir. Adyar getdikdən 20 dəqiqə sonra Ələt qəsəbə sakinlərindən dayısı Adyarın idarə etdiyi motosikletlə qəza törətdiyini eşitmişdir. O, bu xəbəri eşidən kimi dərhal hadisə yerinə getmiş, hadisə yerinə çatan zaman yolun kənarında adı sonradan məlum olan Zərərçəkmiş şəxs yerə uzanmış vəziyyətdə, həmçinin dayısı Adyarı idarə etdiyi motosikldən təxminən 7-8 metr aralı məsafədə yerə uzanmış vəziyyətdə görmüşdür. O, dərhal təcili tibbi yardım zəng vurub hadisə barədə məlumat vermiş, həmin vaxt hadisə yerinə çoxlu adam toplaşmışdır. Hava qaranlıq olduğundan, həm də baş vermiş hadisəni görüb həyəcanlandığından oarada olan həmin şəxslərin sifət nahiyələrinə fikir verməmişdir. Buna baxmayaraq TTY avtomobilini gözləməyib Ələt qəsəbəsində taksi işləyən Nicata zəng vurub hadisə yerinə çağırmışdır. Nicat hadisə yerinə gəldikdən sonra dayısı Adyarı Nicatın avtomobili ilə Qobustan qəsəbəsində yerləşən X10 göndərmişdir. Hadisə yerində tanımadığı adamlar olduğundan o, mopedin oğurlana biləcəyini fikirləşmiş və bu səbəbdən dayısı Adyarın idarə etdiyi mopedi Ələt qəsəbəsində dəmir yol keçidinin sol tərəfində yerləşən avtoyuma məntəqəsinə aparıb qoymuş və oradan da X10 getmişdir. Orada dayısı Adyar həkimlər tərəfindən müayinə olunduqdan sonra onu X12 göndərmişlər. Səhəri gün, yəni 09 dekabr 2023-cü il tarixdə Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin əməkdaşları onunla əlaqə saxlayıb Ələt qəsəbəsində görüşmüş, polis əməkdaşları ondan mopedin yerini soruşmuş, o, da mopedi hadisə yerindən özünün götürdüyünü və mopedi dəmir yol keçidinin yaxınlığında olan avtoyuma məntəqəsinin qarşısında saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onunla birlikdə avtoyuma məntəqəsinin qarşısına gedib mopedi götürmüş, bu barədə protokol tərtib edilmiş və o, özü də həmin protokolu imzalamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı işin məhkəməyədək icraatı mərhələsində şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid2 tədqiq olunan ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Daewoo-Gentra” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobillə əsasən Qaradağ rayonu ərazisində, ən çox da Ələt-Qobustan qəsəbələrində taksi kimi fəaliyyət göstərmiş, Ələt qəsəbəsindəki şəxslərin çoxu onun mobil nömrəsini bilmişdir. 08 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində Ələt qəsəbəsində olan zaman tanımadığı mobil nömrədən ona zəng gəlmiş, telefona cavab verdikdə həmin şəxs onu Ələt qəsəbəsindən 1.5-2 km aralı məsafədə yerləşən Bakı-Qazax magistral avtomobil yoluna birləşən köməkçi yola çağırmışdır. O, sifarişi qəbul edib, həmin ünvana çatdıqda bir nəfər şəxsin yerdə uzanmış vəziyyətdə olduğunu görmüş, həmin şəxsə yaxınlaşdıqda Ələt qəsəbə sakini Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Həmin vaxt qonşusu Cavid ondan dayısı Adyarı Qobustan qəsəbəsində yerləşən X10 aparmağı xahiş etmişdir. Ətrafda olan şəxslərin köməkliyi ilə Adyarı idarə etdiyi avtomobilə əyləşdirmiş və avtomobili X10 sürmüşdür. Orada Adyarı həkimlərə təhvil verdikdən sonra o, yenidən Ələt qəsəbəsinə qayıtmışdır. Sonradan eşitmişdir ki, qəsəbə sakini Təqsirləndirilən şəxs idarə etdiyi Mopedlə Ələt qəsəbəsinə gedən köməkçi yolla hərəkət edən zaman yolu piyada keçən Ələt qəsəbə sakini Zərərçəkmiş şəxs vurmuş və nəticədə Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür (iş vərəqə: cild İ, səh.78-80). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən Bakı-Qazax magistral yolunun 62-ci km-də yerləşən Ələt qəsəbəsinə gedən 450 metr aralı məsafədə köməkçi asfalt yolda baş vermişdir. Həmin yol iki tərəfli yoldur. Həmin yolun eni 8 metr, yolun hər iki tərəfdən kənarları 2 metrdir, yolun kənar hissəsi torpaqdan ibarətdir. Yolun Bakı şəhəri istiqamətində hadisə baş verən yerdə qana bənzər ləkələr aşkar edildi. Həmçinin yolun kənar hissəsindən aşkar edilmiş qana bənzər ləkələrə qədər olan məsafə 2 metrdir. Eyni zamanda yolun kənar hissəsində torpaq üzərində qana bənzər ləkələr aşkar edildi. Hadisə baş verən yerdən 10 metr aralı məsafədə 1.2 və 1.4.1 şlaqbaumsuz dəmir yol keçidi yol nişanı vardır (iş vərəqə: cild İ, səh.4-6). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC ilə baxılan iş üzrə şahid qismində dindirilmiş Şahid1 arasında bağlanmış 26 aprel 2024-cü il tarixli, ******* saylı alqı-satqı müqaviləsindən və müqaviləyə əlavə olunan digər sənədlərdən görünür ki, YNH-nin iştirakçısı olmuş nəqliyyat vasitəsi “Moped-Moon ZX-AF 49CC Red” modelli mopeddir və həmin mopedin mühərrik həcmi 50 kub/sm təşkil edir(iş vərəqə: cild İİ, səh.32-36). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə-yol nəqliyyat və trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-8/601-8/643 nömrəli rəyindən görünür ki, «Moon AF 50» markalı mopedin hər hansı bir nəqliyyat vasitəsi ilə toqquşmasını müəyyən etmək mümkün olmamışdır. Mopedin hər hansı bir nəqliyyat vasitəsi ilə toqquşmadığı şəritdə, «Moon AF 50» markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur(iş vərəqə: cild İ, səh.100-104). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Qaradğ RPİ-nin 11-ci PB tərəfindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisəni görə biləcək şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, həmçinin xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində, Bakı-Qazax magistral yolundan Ələt qəsəbəsinə gedən köməkçi yolda Təqsirləndirilən şəxs idarə etdiyi mopedi arxadan hər hansı bir nəqliyyat vasitəsinin vurmasını müəyyən etmək mümkün olmamışdır(iş vərəqə: cild İ, səh.90). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-16/2- 685/2024 nömrəli məktubda xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BB 232010 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı DYP-yə məlumat daxil olmamışdır (iş vərəqə: cild İ, səh. 51). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 115 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında zamanı aşkar edilmiş xəsarətlər – baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, başın sol gicgah nahiyəsinin əzilmiş yarası, burunüstü və sol baldır nahiyələrinin sıyrıqları aşkar edilmişdir. Göstərilən xəsarətlər həyati olub, mərhum zərər çəkmiş şəxsin ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma ilə müşayiət olunan başın sol gicgah nahiyəsinin əzilmiş yarası olmuşdur. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəritdə, yəni piyada qismində olarkən hərəkətdə olan mopedin onu vurması nəticəsində əmələ gələ bilərdilər. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2023-cü il tarixdə saat 23:40-da) 3-6 saat əvvəl baş vermişdir. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (4457/K saylı xx.xx.2023-cü il tarixli AKT) (iş vərəqə: cild İ, səh.58-62). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 4621/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik tərkibli, bihuşedici, uyuşdurucu, yuxu gətrici, kefləndirici maddələrin təyinatını aparmaq mümkün olmamışdır(iş vərəqə: cild İ, səh.73-75). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədərkən idarə etdiyi mühərrik həcmi 50 kub/sm olan “Moon ZX-AF 49CC Red” markalı nəqliyyat vasitəsi hesab edilən moped iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Qaradağ RPİ-nin inzibati binasının həyətinə yerləşdirilmişdir(iş vərəqə: cild İİ, səh.50). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Qaradağ RPİ-nin inzibati binasının həyətində saxlanılan, baxılan iş üzrə YNH-nin iştirakçısı, mühərrik həcmi 50 kub/sm olan “Moped-Moon ZX-AF 49CC Red” markalı nəqliyyat vasitəsi (Moped) 26 aprel 2023-cü il tarixli, ******* saylı alqı-satqı msüqaviləsinə əsasən ödəniş cədvəli müəyyən edilmiş kredit müqaviləsinə əsasən "xxxx" MMC-dən baxılan iş üzrə şahid qismində dindirilmiş Şahid1 tərəfindən alınmışdır(iş vərəqə: cild İİ, səh.32-36). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 516 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: Məhkəmə-psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs keçirilmiş qapalı kəlləbeyin travması nəticəsində retroqrad amneziya müəyyən edilir. Təqsirləndirilən şəxs ruhi xəstəlik, müvəqqəti psixi pozuntu və kəmağıllılıq əlamətləri müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda retroqrad amneziya, yəni yoxlanılan şəxsdə tibbi ədəbiyyatda retroqrad amneziya adlandırılan yaddaş pozuntusu biruzə verir. Belə ki, bu hal şəxsin aldığı kəllə-beyin travması ilə əlaqədar yol-qəza hadisəsi önü və bilavasitə baş vermiş qəzanın şəxsin yaddaşından silinməsi ilə səciyyələnir. Yoxlanılan şəxs qərarda göstərilən yol-qəza hadisəsi törətdiyi zaman onda hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və sair psixi xəstəlik, kəmağıllıq müəyyən edilmədiyi üçün o, öz hərəkətlərini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı hesab edilir. Onun əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur; Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs hal-hazırda, yəni ekspertiza tədqiqatı mərhələsində travma nəticəsində yaddaş pozuntusu (retroqrad amneziya) aşkar edilir. Təqsirləndirilən şəxs hadisə zamanı psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə bioləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, o, öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi(iş vərəqə: cild İ, səh.96- 99). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs idarə etdiyi mühərrik həcmi 50 kub/sm oldan, “Moon ZX-AF 49CC Red” markalı nəqliyyat vasitəsi hesab edilən mopedlə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və mopedin idarə olunmasından ayırmamalı, piyadadan təhlükəsiz yan məsafə seçərək hərəkətini davam etdirməli olduğu halda cinayətkarcasına etinasızlıq edib Qanunun qeyd olunan tələblərinə əməl etməyərək yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs mopedin qarşı tərəfi ilə vurması, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs ölmünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamışdır. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədərkən idarə etdiyi mopedin mühərrik həcmi 50 kub santimetrdir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 27-ci bəndində mopedə aşağıdakıf qaydada anlayış verilmişdir: - moped iş həcmi 50 kub/santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur). “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 3-cü bəndinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. İş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya surəti saatda 50 kilometrdən artıq olmayan iki və ya üçtəkərli nəqliyyat vasitələri (mopedlər) və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri CM-nin 263 və 263-1ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti hesab edilmir. Belə nəqliyyat vasitələrini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həmin şəxsin CM-nin 267-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər. Təqsirləndirilən şəxs barəsində ittiham nitqi ilə çıxış edən dövlət ittihamçısı baxılan iş üzrə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı mövqe bildirərkən “Yol hərəkəti haqqında” Qanununun və “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının tələblərini əsas gətirərək Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsindən həmin Məcəllənin 267.2-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsindən həmin Məcəllənin 267.2ci maddəsinə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 267.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirsizliyi ilə bağlı heç bir sübut və ya dəlil təqdim etməmiş, əksinə tutduğu əməldən son dərəcə peşiman olduğunu bildirmiş, həmçinin zərər çəkmiş şəxsin hüquqi varisi və onun yaxın qohumları ilə barışıq əldə etmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və o, hazırda məhkumluğu olmayan şəxsdir (iş vərəqə: cild İ, səh.63). Təqsirləndirilən şəxs məhkumluğuna dair məsələ həll olunarkən müəyyən edildi ki, sonuncunun Qaradağ Rayon Məhkəməsinin hökmü üzrə olan məhkumluğu ödənilmişdir. Belə ki, onun məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli təsnifatına görə az ağır cinayət hesab olunur və Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən iki ildən artıq bir müddət keçmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Ən nəhayət, həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxsin hüquqi varisi - Zərərçəkmiş şəxs oğlu X6 məhkəmə baxışı zamanı təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, sonuncu həmin ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı tələbinin və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi və onun yaxın qohumları ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun barəsində olan yüngülləşdirici halları, yəni Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərini, törətdiyi cinayət əməlinin təqsirin ehtiyatsızlıq formasına aid olmasını nəzərə alır və ona Azərbaycan Respublikası CM-nin 267.2-ci maddəsi ilə həmin maddədə nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsini qanuni, əsaslı və məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək həbsdə saxlanılmamışdır. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyindən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, onun haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri isə hökm icraya yönəldilənədək dəyişdirilməməlidir. İş üzrə çıxarılan hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs daimi qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə olunmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut - Bakı şəhəri Qaradağ RPİ-nin inzibati binasının həyətində saxlanılan “Moped-Moon ZX-AF 49CC Red” markalı nəqliyyat vasitəsi hesab edilən moped sahibi Şahid1 (Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 2, mənzil 46) qaytarılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs daimi qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə olunsun. İş üzrə məhkəmə məsrəfləri – 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut - Bakı şəhəri Qaradağ RPİ-nin inzibati binasının həyətində saxlanılan “Moon ZX-AF 49CC Red” markalı nəqliyyat vasitəsi hesab edilən moped sahibi Şahid1 (Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 2, mənzil 46) qaytarılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar