Məhkəmə qərarları › İş №1(101)-812/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-812/2022

20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-812/2022 20.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X12 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X10, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 24 iyul 1991-ci il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olan, Şəki rayonu, Baltalı kəndində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, 12 saylı yataqxanada yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09.11.2021-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında yerləşən “Nuşican” adlı kafenin qarşısında dayandığı zaman kafedə müştəri qismində əyləşmiş sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs onun, ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsinə görə aralarında mübahisə yaranmış, münaqişə zamanı üzərində gəzdirdiyi bıçaqla bir dəfə Zərərçəkmiş şəxs sol qarın nahiyəsindən zərbə vuraraq sonuncuya sol qalça nahiyəsindən qarın boşluğunun daxilinə nüfuz edərək çənbər bağırsağın (yoğun bağırsaq) dəşilmiş - kəsilmiş bir ədəd yarası və daxili qanaxma ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, 12 saylı yataqxanada ailəsi ilə birlikdə yaşayır. Təxminən 8 ildir ki, fərdi qaydada ev təmiri ustası kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs həmin ərazidə yaşayan şəxs kimi tanımışdır, aralarında normal münasibət olmaqla, heç bir ədavət və düşmənçilik olmamışdır. 09 noyabr 2021-ci il tarixdə axşam saatlarında hər gün getdiyi Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən “Nuşican” adlı kafeyə getmişdir. Ev təmiri ustası işlədiyinə görə üzərində həmişə bıçaq, vintaçan olduğundan həmin gün də üzərində həm bıçaq, həm də vintaçan olmuşdur. Kafeyə gəldikdə orada ofisiant kim işləmiş əvvəllər tanıdığı adını Rəna kimi bildiyi qadından çay gətirməsini xahiş etmişdir. O, çayını içən zaman həmin ofisiant qadınla biraz söhbət etmişlər. Bir müddət sonra kafeyə qəsəbə sakini, üzdən tanıdığı, lakin adını bilmədiyi onun kimi ev təmiri ilə məşğul olan usta onu çölə çağırmış, o da kafedən çölə çıxıb həmin şəxslə söhbət etmişdir. Söhbət zamanı həmin şəxs ona qəsəbə sakinlərindən birinin evində təmir işləri apardığını, lakin evi pis təmir etdiyini demiş və ondan evi təmir etməkdə kömək edə biləcəyini soruşmuşdur. Həmin vaxt ev sahibi də oraya gəlmiş və ona eyni sözləri demişdir. O, onların etdikləri təkliflə razılaşaraq bildirmişdir ki, yaxın günlərdə gəlib evə baxıb lazımı işləri görər. O, kafedə olduğu zaman orada qəsəbə sakini kimi tanıdığı adlarını sonradan bildiyi Elxan, Azər, Ruslan və adını bilmədiyi bir nəfərin də bir masa arxasında oturub pivə içdiklərini görmüşdür. Bir müddət sonra o, çölə çıxmış və çöldə dayandığı zaman kafedə oturanlardan Azər adlı olan cavan oğlan da çölə çıxıb salamlaşaraq, onunla söhbət etmişdir. O, Azərlə söhbət etdiyi zaman Elxan adlı qəsəbə sakini onlara yaxınlaşaraq onun sifət nahiyyəsindən bir dəfə vurmuş, onun və ailəsinin ünvanına pis söyüşlər söymüşdür. Sonradan ona məlum olmuşdur ki, Elxan kafedə işləyən ofisiant qızı söyüb təhqir etmişdir. O, kafeyə gəldikdə ofisiant qız onu əvvəllər tanıdığı üçün çayı gətirəndən sonra biraz onunla söhbət edərkən Elxan da elə zənn etmişdir ki, ofisiant qız Elxanın qızı söydüyünə görə onu çağırmışdır. Daha sonra o, hadisə yerində aralaşdığına baxmayaraq Elxanın onun və ailəsinin ünvanına söydüyü söyüşlər ona pis təsir etdiyinə görə geri qayıtmışdır. Həmin vaxt kafenin qarşısında bir neçə nəfər olduğuna görə o, Elxanı kənara çağırmış, Elxan da sərxoş vəziyyətdə olduğu üçün onun yanına çatmamış onun övladını söymüşdrü. Bundan sonra o, Elxanın bu hərəkətinə əsəbləşərək dayana bilməmiş və üzərində olan bıçaqla Elxana bir dəfə zərbə yetirmişdir. Bıçaq zərbəsindən Elxan qışqırmış, qışqırığa Elxanın yanındakılar gəlmiş, onu oradan kənarlaşdırmışlar. Daha sonra orada olanlardan kimsə əlindəki bıçağı götürüb kənara atmışdır. Bıçağın hara düşdüyündən xəbəri olmamışdır. Bundan sonra o, evinə gedib üst-başını dəyişmişdir. Evdə bir qədər oturduqdan sonra, o, daha sonra yaşadığı həyətə düşüb bir nəfər polis əməkdaşını görüb həmin polis əməkdaşına baş verən hadisəni danışmışdır. Həmin polis əməkdaşı ona polis bölməsinə gedib təslim olmağını demiş, o da təxminən gecə 01:00 radələrində polis bölməsinə gedib könüllü olaraq təslim olmuşdur. Hadisədən sonra Zərərçəkmiş şəxslə barışmışlar. Himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev ev 57, mənzil 104 ünvanında ailəsi ilə birlikdə yaşayır. Meyxanaçıdır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs yaşadığı qəsəbənin sakini kimi tanımışdır, aralarında normal münasibət olmaqla, heç bir ədavət və düşmənçilik olmamışdır. Hadisə günü o, dostları Elnur, Ruslan, Azərlə birlikdə yaşadığı ərazidə yerləşən “Nuşican” kafesinə gedərək, bir neçə bokal pivə içmişdir. İçdiyi pivənin təsirindən sərxoş vəziyyətə düşdüyünə görə o, kafedə işləyən ofisiant qızı söyüb təhqir etmiş, həmin ofisiant qız da ona pivə verməkdən imtina etdiyindən, o biraz da əsəbləşib həmin qızı təkrar olaraq təhqir etmişdir. Təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs kafeyə gəlmiş və kafedə oturub çay içmişdir. Daha sonra o, ofisiant qızın Əli ilə söhbət etdiyini görən zaman, sərxoş halda olduğuna görə elə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs kafeyə ofisiant qız çağırıb. Əli biraz oturub kafedən çölə çıxdığı zaman, onunla bir masada əyləşmiş əyləşmiş Azər də çölə çıxıb kafenin qarşısında Əli ilə söhbət etmişdir. Həmin vaxt o, elə düşünmüşdür ki, Azər Əli ilə onun ofisiant qızı təhqir etməsi barədə danışır. Bu səbəbdən o, sərxoş halda əsəbləşib kafedən çölə çıxmış və Əlinin sifət nahiyəsinə yumruq atmış, daha sonra isə Əlinin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt orada olmuş qəsəbə sakinləri Azər və Elnur adlı şəxslər onları aralaşdırmışlar. Əli onun yanından təxminən 3-5 dəqiqə aralanmış, o isə kafenin qarşısında dayanmışdır. Həmin vaxt o, yoldaşları Elnur, Azər və Ruslandan birazaralıda dayanıb hava almaq istəmiş, çünki içdiyi pivənin təsirindən sərxoş vəziyyətə düşmüşdür. Təxminən 5 dəqiqə sonra Əli geri qayıdıb onu söhbət etməyə çağırmışdır. Bu zaman o, sərxoş halda olduğundan biraz da özündən çıxıb Əlinin yanına çatana yaxın Əlinin qızını söymüş, Əli də buna görə əsəbləşib cibindən çıxartdığı bıçaqla bir dəfə onun qarnın sol tərəfindən zərbə vurmuşdur. Həmin vaxt kafenin qarşısında dayanmış Ruslan, Elnur və Azər onun yanına gələrək, Əlini oradan uzaqlaşdırmışlar, onu isə evə, daha sonra Sahil qəsəbəsində yerləşən X15 Stansiyasına, oradan da xəstəxanaya aparmışlar. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisi oğludur. 09 noyabr 2021-il il tarixdə o, Elxanın Sahil qəsəbəsində yerləşən “Nuşican” adlı kafedə içki içdiyini, sərxoş vəziyyətdə olduğunu bilib həmin kafeyə getmişdir. O, kafedə olduğu zaman Elxan kafedə işləyən adını bilmədiyi əvvəllər tanımadığı ofısant qızı söyüb təhqir etmişdir. Həmin vaxt o, Elxanı həmin kafedən çıxarmaq istəsə də, Elxanın münasibəti ona qarşı da dəyişmiş, agressiv olmuşdur. Həmin vaxt kafedə onların stolunda Azər və Ruslan adlı qəsəbə sakinləri də oturmuşlar. Onlar kafedə oturduqları zaman Sahil qəsəbə sakini Əli adlı şəxs kafeyə gəlib girişdə bir stolda əyləşmişdir. Bir müddət sonra kafedə işləyən ofısant qız Əlinin oturduğu stolda əyləşib biraz söhbət etmişlər. Əli ofisiant qızla biraz söhbət etdikdən sonra kafedən çölə çıxmışdır. Həmin vaxt onlarla bir stolda əyləşmiş Azər də çölə çıxıb Əli ilə söhbət etmişdir. Bu zaman Elxan Azər ilə Əlinin söhbət etdiyini görüb masadan qalxaraq Əlinin yanına getmişdir. Elxan Əlinin yanına çataraq bir dəfə onun sifət nahiyəsindən yumruqla vurmuş və onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Həmin vaxt Elxan Əlini çox ağır söyüşlərlə təhqir etməsinə baxmayaraq, Əli ona cavab verməmişdir. Daha sonra Azər Əlini oradan uzaqlaşdırmış, Əli də çıxıb getmişdir. Onlar kafenin qarşısında dayanıb söhbət etmişlər, Elxan da onlardan aralanıb kafenin digər tərəfində dayanıb hava almışdır. Bir neçə dəqiqə sonra o, Elxanın qışqırıq səsini eşidib dərhal Elxanın yanına qaçmışdır. Elxanın yanına çatanda görmüşdür ki, Əli Elxanı bıçaqla vurmuşdur. Onlar dərhal Əlini aralaşdırıb oradan uzaqlaşdırmışlar. Orada yaşayan sakinlərdən bir neçəsi Elxanı dərhal Sahil qəsəbəsində yerləşən X15 stansiyasına, oradan da xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o uzun müddətdir ki, müxtəlif kafelərdə ofisiant işləyir. Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Nuşican” adlı kafedə təxminən 2021-ci ilin noyabr ayının əvvəllərindən ofisiant işləməyə başlamışdır. Təqsirləndirilən şəxs təxminən 7-8 aydır ki, tanıyır. Belə ki, Əli əvvəllər Ümid qəsəbəsində “Gəl ovçu” adlı kafeni icarə əsasında işlətmiş, o da həmin kafedə ofisiant işləmişdir. 09 noyabr 2021-ci il tarixdə axşam saatlarında əvvəllər tanımadığı adını sonradan bildiyi Elxan adlı şəxs yanında 5 nəfər şəxslə sərxoş vəziyyətdə kafeyə gəlmişdir. Masa arxasında əyləşdikdən sonra Elxan yüksək səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra Elxan ona söyüşlə müraciət edib adama bir ədəd bokalda pivə gətirməsini demiş, o da həmin müştərilərin pivələrini gətirmişdir. Bundan sonra Elxan yenə də söyüşlə danışmağa başlamışdır. Həmin vaxt Elxan onu da söydüyünə görə o, əsəbləşib kafenin mətbəx otağına keçmişdir. Mətbəxdə oturduğu zaman kimsə çay sifariş vermiş, o da sifarişi kafeyə apardığı zaman çayı sifariş edənin Əli olduğunu görüb onunla salamlaşmışdır. Əli oturub çayını içidiyi zaman, kafeni işlədən Zakir dayını gözlədiyini demişdir. Həmin vaxt Elxan yenə də uca səslə kafedə söyüş söymüşdür. Həmin vaxt kafenin sahibi Zakir dayı gəlib ona demişdir ki, “zalda oturanlar sərxoşdular, otaqdakılara da de yekunlaşdırsınlar, bağlıyırıq”. Bu zaman o, arxa otağa keçib stolların üstünü təmizləyib mətbəxə qayıdana qədər görmüşdür ki, Zakir artıq kafenin jalüzlərini bağlamışdır. Bundan sonra o da işdən çıxıb evə getmişdir. Səhəri günü işə gələndə xəbər tutmuşdur ki, Əli Elxan ilə dava etmiş, Elxanı bıçaqlamışdır. O, Elxan ilə Əlinin arasında olan mübahisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o təxminən 1 ildir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən “Nuşican” adlı kafeni icarə əsasında işlədir. 09 noyabr 2021-ci il tarixdə axşam saatlarında kafeyə gəlmişdir. Kafeyə gəldiyi zaman orada həmin küçədə yaşayan Elxan və digər 2-3 nəfər şəxsin sərxoş vəziyyətdə olduqlarını görmüşdür. O, Elxangilin narahatçılıq törətdiklərini görüb həmin şəxslərdən kafeni tərk etmələrini xahiş etmişdi. Təxminən 5 dəqiqədən sonra Elxan və dostları masadan qalxmışlar, o da kafenin jalüzlərini bağlamışdır. Bir müddət sonra o, çöldən səs-küy eşitmiş, lakin həmin vaxt küçəyə çıxıb nə baş verdiyinə baxmamışdır. Sonradan ona məlum olmuşdur ki, qəsəbə sakini Əli Elxanı bıçaqla vurub ona xəsarət yetirmişdir. O, Əli ilə Elxan arasında olan münaqişənin səbəbini nə hadisə zamanı bilmiş, nə də hadisədən sonra bununla maraqlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxs Elxan ilə bir məhəllədə, eyni binada qalırlar. Elxanı uşaq vaxtından tanıyır. Elxan ilə münasibətləri yaxşıdır, Əlini də Sahil qəsəbə sakini kimi tanıyır, münasibəti yaxşıdır. 09 noyabr 2021-ci il tarixdə axşam saatlarında onların yaşadığı küçədə yerləşən “Nuşican” adlı kafeyə getmişdir. O kafeyə gedəndə görmüş ki, Elxan, yanında Elnur və Ruslan adlı şəxslər də var. Onu Elxan çağırmış ki, biraz yeyib içsinlər. O kafeyə gəlib oturmuş, pivə sifariş eləmişdir. Kafedə işləyən adını bilmədiyi qız da ona pivə gətirmişdir. Həmin vaxt Elxan sərxoş vəziyətdə olmuş, anıma yenə də pivə içirmiş. Onlar pivə içən vaxt kafeyə Əli də gəlmişdir. Əli kafedə oturandan sonra ofisant qız Əliyə yaxınlaşıb Əlinin stolunda oturub Əli ilə söhbət etmişdir. Bir qədər keçəndən sonra o kafedən çölə çıxıb telefonla danışmışdır. Çöldə olan zaman geri dönəndə görmüş ki, Əli də çıxıb. Əli ilə salamlaşıb görüşmüş, biraz söhbət etmişlər. Bu zaman Elxan kafedən çıxıb yumruqla Əlinin sifət nahiyəsindən zərbə vurub Əlinin özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. O Elxanın pis sərxoş vəziyətdə olduğunu bilib Əlini kənara çəkmiş, Əli ilə biraz söhbət edib izah etməyə çalışmış ki, “Elxan hal-hazırda özündə deyil, sərxoşdu, nə dediyini bilmir, səhər ayılıb Özü gəlib səndən üzr istəyəcək”. O Əlini yola salmış, Əli çıxıb getmişdir. O yenidən kafeyə qayıtmışdır. Onlar hesabı vermişlər, daha sonra kafedən çölə çıxmışlar. Elxan onlardan bir qədər aralıda dayanmış, onlar da Elxandan biraz kənarda dayanmışlar ki, biraz özünə gəlsin. O Elnur və Ruslan ilə başları söhbətə qarışmışdır. Təxminən 5-10 dəqiqə keçmişdir ki, kafenin o biri tərəfindən Elxanın qışqırıltısı eşitmişlər. Tez Elxana tərəf gedəndə görmüşlər ki, Əli Elxanı bıçaqla vurub xəsarət yetirib. Onlar tez qaçıb Əlini tutub kənarlaşdırmışlar, Elxana da köməklik edib xəstəxanaya yola salmışlar. Azər Ələkbərov ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəlcə Elxanın Əlini söyüb təhqir etməsi, Əlinin sifət nahiyəsinə yumruq atmasına səbəb Elxanın ofisiant qızı söyməsi, daha sonra kafeyə Əlinin gəlməsi, ofisiant qızın Əli ilə söhbət etməsi, Elxanın da Əlini ofisiant qızın çağırmasını düşünməsi olmuşdur, daha sonra Əlinin Elxanı bıçaqla vurmasına səbəb isə sonradan bilmişlər ki, Elxan Əlinin azyaşlı qızını söyməsi olmuşdur. Elxan Əlinin özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlətmiş, lakin həmin vaxt Əli sakit dayanmış, sonra oradan uzaqlaşıb təxminən 5-10 dəqiqə sonra geri qayıdıb bıçaqla Elxanı vurmuşdur. Həmin vaxt ara qarışmış, o Ruslan ilə Elxanı aparmışlar, orada olanlar isə Əli tutub sakitləşdirməyə çalışmışlar (cild 01, iş vər. 77-79). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda Sədərək Ticarət mərkəzində menecer işləyir. 09 noyabr 2021-ci il tarixdə Elxan adlı qonşusu ilə yaşadığı evin yaxınlığında “Nuşican” kafesində oturub pivə içirmişlər. Elxanla ondan başqa yanlarında Azər adlı qonşuları və Elxanın qohumu olan Elnur adlı şəxs də əyləşmişdir. Yan masada isə üzdən tanıdığı Əli adlı şəxs kafedə işləyən qızlarla oturmuşdur. O bir qədər içdikdən sonra kafedən çıxıb evə çörək almağa getmişdir. Qayıdanda kafenin arxa girişində ayaqyoluna girmişdir. Ayaqyolundan çıxıb zala girmiş. Görmüş ki, zalda heç kim yoxdur. Çölə çıxdıqda görmüş ki, Azər, Elnur və Elxan dayanıblar. Öyrənmiş ki, Elxanın söyüş söyməsi üstündə Əli adlı şəxslə münaqişə etmişlər. O Əlini qiyabi olaraq tanımışdır. Əlinin arxasınca gedib Elxanın əvəzinə üzr istəmiş, məsələni böyütməməsini xahiş etmişdir. Əli sakitləşməmiş və oradan uzaqlaşmışdır, o kafenin yanma qayıdıb bir qədər aralıda Elnur və Azər ilə durub söhbət etmişlər. Elxan onlardan bir qədər aralıda kafenin digər tərəfində dayanmışdır. Təxminən 5-6 dəqiqə sonra Elxanın qışqırıltı səsini eşidib kafenin digər tərəfinə qaçaraq getmişlər. Həmin vaxt görmüşlər ki, Əli Elxanı bıçaqla vurmuşdur. Onlar Əlini tutub uzaqlaşdırmışlar. Elxana da köməklik edib xəstəxanaya aparmışlar. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Əlinin Elxanı bıçaqla vurmasını görməmişlər, lakin sonradan bilmişlər ki, Əli Elxanı bir dəfə bıçaqla vurub xəsarət yetirmişdir. O bir qədər pivə içib evə çörək almağa getmişdir. Ona görə də mübahisənin nəyə görə yarandığım görməmişdir. Lakin sonradan öyrənmiş ki, Elxan söyüş söyməsi üstündə mübahisə etmişlər. Elxan Əlinin özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlətmiş, lakin həmin vaxt Əli sakit dayanmış, sonra oradan uzaqlaşıb təxminən 5- 6 dəqiqə sonra geri qayıdıb bıçaqla Elxanı vurmuşdur (cild 01, iş vər. 84-87). Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tərəflərə elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin məsul növbətçisinin həmin şöbənin rəisinə olan raportdan görünür ki, təhqiqatçı yazılı raportla məruzə edərək həmin tarixdə saat 22:16 radələrində X11 tibb bacısı Əhədovanın məlumat verərək, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 57, mənzil 104-də yaşayan xx.xx.1993-cü il təvəllüdlü X1 qalça nahiyyəsinin deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat verməsini bildirmişdir (cild 01, iş vər. 05). “Baxış keçirilməsi haqqında” 10 noyabr 2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, 10.11.2021-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Fariz İldırımov tərəfindən hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə yerinin ünvanı ünvan 4 “Nuşican” kafesinin qarşısıdır. Baxış zamanı kafenin yanında “Qayçı” adlı bərbərxana, kafenin qarşısında olan ağacdan bir az öndə uşaq bağçasının yerləşdiyi müəyyən olunmuşdur. Baxış zamanı həmin ərazidən istintaq üçün sübut əhəmiyyəti kəsb edən hər hansı bir maddi sübut aşkar olunmamışdır (cild 01, iş vər. 12-13). İşdə olan qərar və protokollardan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2021ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Vasif Xalıqov tərəfindən müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində dindirilmiş, 12 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdimat verilməsi məsələsinə baxılmasına dair Bakı şəhəri Nizami rayon prokurorluğuna vəsatət təmin edilərək, barəsində həbsetmənin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vər. 23-24, 29-31, 65-66). “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 11 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, iş vər. 33). Məhkəmə-tibbi ekspertizasının 12.11.2022-ci il tarixli 832 saylı rəyindən görünür ki, 1991-ci il təvəllüdlü vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına, tibbi sənədin məlumatlarına əsasən, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq, aşağıdakı nəticəyə gəlirəm: Vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət – dodaq haşiyəsinin qansızması bərk küt əşya təsirindən, müayinədən 4-6 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən 09.11.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi yətin edilmir (cild 01, iş vər. 96-98). Məhkəmə tibbi-bioloji ekspertizasının 17.12.2021 -ci il tarixli 863/2021- MTBŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlirik:

1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: Abeta/İİ/ (Təqdim edilmiş şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqənin kserosurətinə əsasən).

2. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus 01 ədəd cins şalvar, 01 ədəd ağ uzunqol köynək, 01 ədəd trusik və 01 cüt corab üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (Əgər onun qanında müşayiətçi “H” antigeni varsa) (cild 01, iş vər. 99-103). Məhkəmə-tibbi-kriminalistik ekspertizasının 12.01.2022-ci il tarixli 755/2021-MTKŞ saylı rəyindən görünür ki, maddi sübutların kompleks məhkəmə və qərarın təsviri hissəsində olan iş haqqındakı məlumatlara əsasən aşağıdakı nəticəyə gəlirəm:

1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın ön səthinin sol yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş- kəsilmiş zədə ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir.

2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviter və bir cüt corab üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı (cild 01, iş vər. 104- 106). Məhkəmə-tibbi ekspertizasının 05.02.2022-ci il tarixli 73 saylı rəyindən görünür ki, 1993-cü il təvəllüdlü vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, tibbi sənədin məlumatlarına əsasən, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq, aşağıdakı nəticəyə gəlirəm: Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət sol qalça nahiyəsindən qarın boşluğunun daxilinə nüfuz edərək çənbər bağırsağın (yoğun bağırsaq) deşilmiş - kəsilmiş bir ədəd yarası və daxili qanaxma deşici - kəsici əşya (alət) (ola bilsin bıçaq) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X13 müraciət etdiyi 09.11.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir (cild 01, iş vər. 108-111). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 05.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 121). İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, xx xxxx 1991-ci il tarixdə Şəki rayonunda anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 12 saylı yataqxanada yaşamaqla, barəsində Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır (cild 01, iş vər 122). İşdə olan X8 və X9 məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsigəsi və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03.03.2014 və 22.10.2015-ci il təvəllüdlü 2 azyaşlı övladı vardır (cild 01, iş vər. 123-124). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-38/2022 saylı 21.02.2022-ci il tarixli qərardan görünür ki, 10 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatəti təmin edilmklə, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 156-158) Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidi dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəsini alanadək «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs olunmalıdır. İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-224/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmə müddətinin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 65-66). İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-38/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-224/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 01, iş vər. 156-158). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə edərək zərərçəkmişin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, həmçinin himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədiyi və ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 10 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar,- Qaradağ RPİ-nin maddi sübutların saxlanılmasına kamerasında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd cins şalvar, 01 ədəd ağ uzunqol köynək 01 ədəd alt paltarı və 01 ədəd cüt corab dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən, məhkəmə mərhələsində isə “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 57 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına 342 (üç yüz qırx iki) manat məbləğində, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Prospekt” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. İş üzrə maddi sübutlar,- Qaradağ RPİ-nin maddi sübutların saxlanılmasına kamerasında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd cins şalvar, 01 ədəd ağ uzunqol köynək 01 ədəd alt paltarı və 01 ədəd cüt corab dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 üçün 342 (üç yüz qırx iki) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Məhəmməd Əkbərov

Hakimlər Faiq Qəniyev

İlham Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar