Məhkəmə qərarları › İş №1(101)-812/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-812/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-812/2023 12.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1979-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 08 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 iyul 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilməsi haqqında vəsatətin təmin olunmasından imtina edilərək həbsdən azad edilmiş, 17 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,414 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 08 iyul 2022-ci il tarixdə saat 12:15də ünvan 2 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, Nəsimi RPİnin 21-ci Polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindəki qutunun içərisindən 1 bükümdə təmiz çəkisi 0,414 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 5,960 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi, 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 sentyabr 2022-ci il tarixdə saat 11:50-də ünvan 4 ünvanının qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki idman gödəkçəsinin sağ yan cibindən 1 bükümdə təmiz çəkisi 5,960 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onda verilmiş ittihamda göstərilən çəkidə narkotik vasitə olmamışdır, narkotiklərin çəkisi polis əməkdaşları tərəfindən çox yazılmışdır. Həmin gün o, evdə olmuş, polis əməkdaşları evə gələrək onu bölməyə aparmış, bu hadisələrin baş verdiyi zaman evdə şprisdə narkotik vasitənin olduğunu bildirmişdir. Həmin vaxt uşaqlar da evdə olmuş, polis əməkdaşlarına uşaqların yanında ona qarşı təzyiq göstərməmələrini demişdir. Bu sözlərindən sonra polis əməkdaşları onu vurmuşdur. İki gün Müvəqqəti saxlama yerində saxlanıldıqdan sonra onu buraxmışlar. Ona ittiham verilmiş ikinci epizodla bağlı isə bildirmək istəyir ki, həmin vaxt saxlanılanda onda iki qram narkotik vasitə heroin olmuşdur, həmin narkotik vasitədən 0,5 qramını istifadə etmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, heroindən inyeksiya yolu ilə istifadə etmişdir. Yaşadığı evdə anası, bacısı və uşaqları ilə birlikdə qalır. Özlərinin həyətdə bir otaqlı evləri var və onların hamısı həmin evdə yaşayırlar. Nakortik vasitəni yaşadığı məhəllədən tanımadığı şəxslərdən almışdır. O, hər iki dəfə Cəlil Məmmədquluzadə küçəsi, 84 ynvanında saxlanılmışdır. Birinci dəfə saxlanılarkən ona kiçik təyziqlər olmuşdur. Bölmədə onun üzərində şəxsi axtarışı qadın polis əməkdaşı həyata keçirmiş və şəxsi axtarış videoçəkilişlə aparılmışdır. Narkotik vasitələri satan şəxslə Günəş adlı qızın vasitəsi ilə əlaqə saxlamış, lakin o, Elxan adlı şəxsi tanımamışdır. Birinci dəfə tutulanda ona təzyiqlər edilmiş, lakin ikinci dəfə tutulanda heç bir təzyiq olunmamışdır. Təcridxanaya qəbul olunduğu zaman üzərində xəsarət izləri olmamış, ona təzyiqlər göstərilməsi barədə heç yerə şikayət etməmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr tədqiq olunmuşdur. Həmin ifadələrində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:15-də ünvan 5 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq polis olduqlarını bildirmiş və özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin istifadəsində, daşınmasında və saxlanılmasında şübhəli olduğunu bildirərək, Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etmişlər. Polis bölməsinin inzibati binasında ona hüquqları izah edilmiş və dövlət hesabına vəkil dəvət edilmişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Ondan üstündə, paltarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o, əynindəki qara rəngli parça şalvarın sol yan cibindən yaşıl rəngli üzərində “kiss beauty 3D eyebrow styling soap” yazılı qapağı olan gümüşü qutunu masanın üzərinə qoymuşdur. O, üzərindən aşkar edilmiş qutunun içərisində olan 1 ədəd ağ kağıza bükülmüş içərisində tünd boz rəngli, spesifik iyə malik maddənin narkotik vasitə olan heroin və 1 ədəd ağ kağıza bükülmüş ağ rəngli, kristal şəkilli psixotrop maddənin isə metamfetamin olduğunu bildirmişdir. Sonra həmin 2 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Sorğu zamanı o, narkotk vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində həmçinin göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11:50-də ünvan 6 ünvanın qarşısında olarkən ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamış, narkotik vasitələrin istifadəsində, daşınmasında və saxlanılmasında şübhəli olduğunu bildirərək, onu Nəsimi RPİ 21-ci PB-nə dəvət etmişlər. 21-ci Polis bölməsində ona hüquqları izah edilmiş və vəkil dəvət edilmişdir. Sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman o, əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümdə içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyi olan maddəni çıxarıb masanın üzərinə qoymuş, həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Ondan narkotik vasitəni haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirdiyi soruşulduqda, o, narkotik maddəni 17 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Rusiya səfirliyinin yanındakı “Sevgi” adlı parkdan özünü türk vətəndaşı kimi təqdim edən “Baba” adlı şəxsdən 100 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bir ədəd şəffaf selofan bükümdəki maddə zərfə qoyularaq qablaşdırılmış, zərfin üstü iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı, o, narkotk maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 266-268). Tədqiq olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs onların doğru olduğunu, hər iki halda aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, saxlanılarkən və polis bölməsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiiyini, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:15-də əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 84 ünvanında xidmətdə olarkən bir nəfər qadının özünü narkotik vasitələrin saxlanılmasında, daşınmasında və istifadəsində şübhəli apardığına görə ona yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsi Nəsimi RPİ-nin 21-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1979-cu il təvəllüdlü, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 84 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 21-ci Polis bölməsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi təyin edilmiş, daha sonra Nəsimi RPİ-nin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Şahid6 və onların iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Ona edilən təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən bir qutu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Şahid6 tərəfindən şəxsi axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaları təqdim etməsi təklif olunmuş, o, üzərindən aşkar edilmiş qutunun içərisində olan 1 ədəd ağ kağıza bükülmüş, içərisində tünd boz rəngli, spesifik iyə malik maddənin narkotik vasitə olan heroin və 1 ədəd ağ kağıza bükülmüş ağ rəngli, kristal şəkilli kütlənin isə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərfin üstü iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, həmin protokol da iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 da xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq 21-ci Polis bölməsinə gətirilməsi, orada şəxsi axtarışı zamanı narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ-nin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 21-ci Polis bölməsinin baş təhqiqatçısı Nicat Sadıqovun dəvəti ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməsində iştirak etmişdir. Bu zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddəni, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən yaşıl rəngli qapağı olan gümüşü qutunu masanın üzərinə qoymuşdur. Sonra təhqiqatçının təklifi ilə onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə tünd boz rəngli, spesifik iyə malik maddənin narkotik vasitə heroin, 1 ədəd ağ kağıza bükülmüş ağ rəngli, kristal şəkilli maddənin isə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 21-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, ona qərəzsiz mənbədən Nəsimi rayon ərazisində Aynurə adlı şəxsin narkotik vasitə əldə etmə, saxlama və daşıması ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Aynurə adlı şəxsin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirlməsi, həmçinin əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul edilmişdir. 17 sentyabr 2022-ci il tarixdə saat 11:50 radələrində o, əməliyyat müvəkkili Şahid3la birlikdə Təqsirləndirilən şəxsNəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 84 ünvanının yaxınlığında olmasını müəyyənləşdirmiş və həmin yerdə onu saxlayaraq 21-ci Polis bölməsinə gətirmişlər. Bölmədə həmin qadının Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bölmənin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarışın keçirilməsində Nəsimi RPİ, İctimai təhlükəsizlik şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Şahid5 da iştirak etmişdir. Təhqiqatçı tərəfindən saxlanılan şəxsə üzərində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf rəngli olan selofan bükümü çıxarıb masanın üzərinə qoymuş, bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə saat 10 radələrində «Baba» adlı türk vətəndaşından 100 manat pul müqabilində Rusiya səfirliyi yaxınlığında yerləşən '‘Sevgi” adlı parkdan əvvəlcədən bildiyi gizlədilmiş yerdən götürdüyünü bildirmişdir. İnspektor Şahid5 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin digər qanunsuz əşyalar və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd selofan bükümün içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyi olan maddənin tərkibinin və çəkisinin müəyyən olunması üçün həmin 1 ədəd büküm zərfə qoyulmuş, möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotk vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 21-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid3 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq 21-ci Polis bölməsinə gətirilməsi, orada şəxsi axtarışı zamanı narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, İctimai təhlükəsizlik şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Şahid5 da xx.xx.2022ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə 21-ci Polis bölməsində şəxsi axtarış keçirilməsi zamanı iştirak etdiyini bildirərək, şahidlər Şahid4 və Şahid3 ifadələri ilə oxşar məzmunlu ifadələr vermişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 08 iyul 2022-ci il tarixli protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli şalvarın sol yan cibindən yaşıl rəngli “kiss beauty 3D eyebrow styling soap” yazılı qapağı olan gümüşü qutunu təqdim etmiş, onun içərisində 1 ədəd ağ kağıza bükülmüş narkotik vasitə heroin olduğunu bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə heroinə bənzər kütlə ekspertiza təyin olunması üçün içərisi boş ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 189 saylı möhürü ilə möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 151-158). Cinayət işində olan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri, Nəsimi RPİ-nin, 21ci Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni masanın üzərinə qoymuş, həmin kütlə ekspertiza təyin olunması üçün içərisi boş ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 189 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 50-54). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3772 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №189” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs üzərindən...” yazı və imzalar olan 1 (bir) ədəd zərfdəki, -1(bir) ədəd üzərində “kiss beauty 3D eyebrow styling soap” yazısı olan dəmir qabda bir ədəd bükümdə təmiz çəkisi 0,414 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, iş vərəqi 163-168). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5267 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 189” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs....” yazı və imzalar olan 1 (bir) ədəd zərfdəki, -1(bir) ədəd selofan bükümdə təmiz çəkisi 5,960 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, iş vərəqi 59-63). Məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4373 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 223-224). Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3376 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi vəziyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliklər müəyyən edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 243-244). İbtidai istintaq orqanının 25 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,414 qram çəkidə olan narkotik vasitə heroin və 5,960 qram çəkidə olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalan 0,364 qram çəkidə heroin və 5,910 qram çəkidə narkotik vasitə heroin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Nəsimi RPİ-nin sübutların saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 245-254). İstintaq orqanının əməliyyat tapşırığına verilmiş xx.xx.2022-ci il tarixli 083-1821-6/22 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 242). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 238.1-ci maddələri ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1ci maddəsi ilə təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzadan 7 ay 22 gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, hazırda məhkumluğu olmayan şəxs hesab edilir (cild 1, iş vərəqi 205-206). Məhkəmə iclasında Təqsirləndirilən şəxs sərbəst ifadəsində özünü qismən təqsirli bilərək, ona verilmiş ittihamın şişirdildiyini, polis əməkdaşları tərəfindən ona qarşı təzyiq göstərildiyini və vurulduğunu, ikinci epizodla bağlı saxlanılarkən onda iki qram narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitənin 0,5 qramını da istifadə etdiyini bildirsə də, ibtidai istintaq zamanı verdiyi ifadələri tədqiq olunduqdan sonra verilən sualları cavablandırarkən, həmin ifadələrin doğru olduğunu, hər iki halda aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, saxlanılarkən və polis bölməsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiiyini və törətdiyi əməllərdən peşman olduğunu bildirdi. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qadın olmaqla törətdiyi əməllərdən peşman olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş və 09 iyul 2022-ci il tarixdə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuş, həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmiş və o, həbsdən azad edilmişdir. Həmin cinayət işi üzrə ibtidai istintaq davam etdiyi dövrdə Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə ikinci epizod üzrə cinayət əməlini törətdiyinə görə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan fasiləsiz olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegyiası hesab edir ki, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 1 (bir) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmalı, ona qəti cəza təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4373 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 0,364 qram çəkidə və 5,910 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini əks etdirən 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 153 (yüz əlli üç) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 153 (yüz əlli üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabat arayışından görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında 50 saat vaxt sərf etməklə Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 300 (üç yüz) manat pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 08 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək onun şübhəli şəxs kimi həbsdə saxlanıldığı 1 (bir) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalan 0,364 qram çəkidə heroin və 5,910 qram çəkidə olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışları zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 153 (yüz əlli üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı dövründə dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 300 (üç yüz) manat pul vəsaiti Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar