Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-813/2022 27.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1993-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli işləməyən, əvvəllər məhkum olunmuş, Mingəçevir şəhəri, 3-cü bağ küçəsi, ev 32-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 9, bina 1 ev 32-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə, “Əli” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, 400-500 manat qazanc əldə etmək müqabilində mütəmadi olaraq “Əli” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 26 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, ümumi çəkisi 118,350 qram narkotik vasitə heroin götürməklə əldə edib yaşadığı ünvan 1 ünvanında yerləşən 1 saylı binanın 91 saylı mənzilinə daşımaqla saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 26 oktyabr 2021-ci il tarixdə saat 19:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 9, 1 saylı binanın yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPİ- nin 25-ci PŞ-nə gətirilmiş, şöbədə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 8,350 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 21:25 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 4 ünvanında yerləşən 1 saylı binanın 91 saylı mənzilinə keçirilmiş baxış zamanı mənzilin qonaq otağındakı taxta konstruksiyalı dolabdan üzərində «Zəfəran» yazılmış sellofanın içərisində bir ədəd bükümdə təmiz çəkisi 110 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuşdur. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan təqribən 2 ay sonra, yəni 26 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində Biləcəri dairəsi ərazisində olarkən, polis əməkdaşları tərəfindən saxlanıldı. Bundan sonra polis əməkdaşları onu Sulutəpə qəsəbəsində yaşayan dayısının evinə apardılar. Orada dayısının evinə polis əməkdaşları tərəfindən baxış keçirildi və heç nə aşkar edilmədi. Dayısının və onun arvadının yanında polis əməkdaşları onu döydülər. Sonra isə onlar onu ünvan 5 ünvanında yerləşən yaşadığı evə apardılar və orada polis əməkdaşları tərəfindən evə baxış keçirildi və heç nə aşkar edilmədi. Bundan sonra onlar onu Nizami rayon Polis İdarəsinin 25-ci Polis bölməsinə apardılar. Orada üzərinə 8 qram narkotik vasitə yerləşdirildi, buna şəxsi axtarış zamanı iştirak edən vəkil də şahid olmuşdur. Polis əməkdaşları onu döyməklə, ona təzyiq göstərdilər, o da dözməyərək məcburiyyət qarşısında qalıb guya üzərinə yerləşdirdikləri narkotik vasitənin ona məxsus olduğunu dedi. Bundan sonra evinə getdilər və polis əməkdaşları evinə 110 qram narkotik vasitə yerləşdirdilər. Üzərində və yaşadığı evdə dəftər aşkar olunub-olmadığını xatırlamır, narkotik vasitədən istifadə etdiyini etiraf edir, cəzaçəkmə müəssisəsindən çıxdıqdan 1 ay sonra narkotik vasitə istifadə etməyə başladı. Narkotik vasitəni müxtəlif şəxslərdən alırdı. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O iranlı şəxslə danışmamış, polis əməkdaşları onu döydükləri üçün məcbur olub üzərinə yerləşdirdikləri narkotik vasitənin ona məxsus olduğunu dedi. Yaşadığı evdə aşkar edilən tərəzi ev sahibinin qızının cehizidir. Narkotik istifadə etməsindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olmuşdu. Belə ki, o narkotik vasitələri İran İslam Respublikasından gətirərək satırdı. Həmin əməliyyat məlumatının dəqiqləşdirilməsi və Təqsirləndirilən şəxs ifşa edilməsi və cinayət başında yaxalanması üçün o və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yardıldı. 26 oktyabr 2021-ci il tarixdə Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs “Vasmoy” bazarı yaxınlığında saxladılar və onu Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə apardılar. Polis bölməsində onun, Şahid2 və müdafiəçinin iştirakı ilə videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərində xatırlamadığı miqdarda narkotik vasitə və 1 ədəd mobil telefon aşkar edildi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən evinə onun, Şahid2 və müdafiəçinin iştirakı ilə videoçəkiliş ilə baxış keçirildi və evdə də xatırlamadığı miqdarda narkotik vasitə aşkar edildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddə ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham olunan epizod üzrə əməlində cinayət tərkibi olmadığından ona qarşı irəli sürülmüş ümumi ittihamdan həmin ittiham çıxarılmalıdır. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq təqsirləndirilən şəxsin narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-cİ maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1 -ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunvericilik hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31.01.2022-cı il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə verilən ittihamda istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girməsi iş materialları ilə sübut olunmadığından, belə nəticəyə gəlməsi əsas ola biləz. Azərbaycan Respublikası CM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət işində olan 26 oktyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 27 oktyabr 2021-ci il tarixli 6/4759 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan İki ədəd zərfdə: -üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 8,350 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. .-üzərində “Təqsirləndirilən şəxs...” yaşadığı sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 110 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.-üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd bükümdə və üzərində “Təqsirləndirilən şəxs yaşadığı...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd bükümdə qəhvəyti rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər və ümumi təmiz çəkisi 118,350 qram təşkil edir. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izləri vardır. İz mikrohissəcikləri cuzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisələi tədqiqatı aparılmamışdır. Heroinin ümumi təmiz çəkisi 118,350 qram, tədqiqata sərf edildi 0,100 qram qalıq 118,250 qram Cinayət işində olan məhkəmə narkaloji ekspertizasının 03 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Kannabioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu ( narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 26 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, protokolun tərtib edildiyi tarixdə DİN-in BNMİ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X4 tərəfindən həmin idarənin əməkdaşları Şahid1, Şahid2, “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X2 İştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir bükümdə açıq qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən bir ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, 01 ədəd alışqan aşkar edilərək götürülmüşdür. Bundan başqa şəxsin üzərindən qanunla qadağan edilmiş hər-hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 9,1 ( doqquz tam onda bir) qram olmuşdur. Aşkar edilmiş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd alışqan isə şübhəli şəxsdə qalması təhlükəli olduğu üçün götürülmüşdür. Şəxsi axtarış istintaq hərəkəti Nizami RPl-nin 25-ci PB-nin inzibati binasında aparılmış, şəxsi axtarış BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən “Sony” markalı video kameradan istifadə edilməklə video qeydə alınmışdır. Cinayət işində olan mənzilə baxış keçirilməsi və götürmə haqqında 26 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, protokolun tərtib edildiyi tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı X4 tərəfindən həmin idarənin əməkdaşları Şahid1, Şahid2 “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs ünvan 6-də yerləşən mənzilə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs göstərməsi ilə həmin mənzilin girişindən sağ tərəfdə yerləşən qonaq otağında olan taxta konstruksiytalı dolabın sağ küncündən üzərinə “Zəfəran” yazılmış sellofan torbanın içərisində 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 01 ədəd dəftəri 01 ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Həmin kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi 111 ( yüz on bir) qram olmuşdur. Daha sonra həmin kütlə və 01 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli, kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Bundan başqa 01 ədəd dəftər iş üçün əhəmiyyətli olduğu üçün götürülmüşdür. X3 yaşadığı ünvana baxış keçirilən zaman aşkar edilmiş 01 ədəd dəftərdə əlyazma ilə qeyd edilən “daş”, “kola” kimi yazılarla əlaqədar təhqiqatçı tərəfindən ona verilmiş suallara cavab olaraq həmin yazılarda “Daş” yazısında psixotrop maddə metamfetaminin, “kola” yazısında İsə narkotik vasitə heroinin nəzərdə tutulduğunu bildirmişdir. Mənzilin digər sahələrinə baxış zamanı narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Baxış prosesi BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən “Sony” markalı kamera vasitəsi ilə video qeydə alınmışdır. Cinayət işində olan maddi sübut olan dəftərə baxış keçirilməsi barədə protokoldan müəyyən edilmişdir ki, dəftərin birinci səhfəsində “05.10.2021-ci il, 160 daş, 246 kola, 105 kola, 170 kola, 265 kola” kimi yazılar vardır. Bundan başqa həmin səhfədə “kola” yazısı və onun altında sıralanmış “1+Qasəm”, “1+Hacı” “1+Dana” “52+Məti” “25+özümə” “29+özümə” kimi yazılar vardır. Həmin dəftərin digər səhfələrində də bu məzmunda yazıların da olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin dəftər ona məxsusdur, həmin dəftərdə olan əlyazmalar onun əlyazmasıdır, “Kola” yazısılarında narkotik vasitə heroini, “Daş” yazılarında isə psixotrop maddə metamfetamini nəzərdə tutumuşdur. Cinayət işində olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 29.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzırində və mənzildə aparılan əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. Cinayət işində olan Baki şəhəri Nizami rayon prokurorluğunun 30 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs döyülməsi və ona qarşı qanusuzluqlar edilməsi faktı öz təstiqini tapamdığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 30.10.2020-ci il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, 1 il 29 gün müddətinə azadlıqdan məhrum edilmişdir. 09.07.2021-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 4 ay 20 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. 29.11.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük içtimai təhlükə törərtməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkum olunmuş şəxs hesab edilsə də, əvvəl böyük içtimai təhlükə törərtməyən cinayət törətdiyindən, hazırda o residiv hesab edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs hazırki ağır cinayəti qəsdən əvvəlki cinayəti üzrə verilmiş cəzanın çəkilməmiş hissəsi ərzində törətdiyindən onun Abşeron rayon məhkəməsinin 1(012)-486\2020 saylı 30.10.2020--cu il il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından, Xəzər rayon məhkəməsinin 09.07.2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 26 oktyabr 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olmasını cəzanı yüngülləşdirən hall kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayonu Polis İdarəsində saxlanılan qalıq 118,250 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs evindən aşkar olunub götürülən üzərində narkotik vasitə heroinə məxsus izləri olan bir ədəd elektron tərəzi və dəftər məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış 2 ədəd səsli videogörüntü əks olunmuş disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 91(doxsan bir) manat 76 (yetmiş altı) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Abşeron rayon məhkəməsinin 1(012)-486\2020 saylı 30.10.2020-cu il il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından, Xəzər rayon məhkəməsinin 09.07.2021-ci il tarixli qərarı ilə cəzanının çəkilməmiş 4 ay 20 gün hissəsi şərti olaraq vaxtından əvvəl azad etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 91(doxsan bir) manat 76 (yetmiş altı) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayonu Polis İdarəsində saxlanılan qalıq 118,250 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs evindən aşkar olunub götürülən üzərində narkotik vasitə heroinə məxsus izləri olan bir ədəd elektron tərəzi və dəftər məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış 2 ədəd səsli videogörüntü əks olunmuş disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-813/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-813/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver