Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-814/2021 26.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X2 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1986-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, evli, orta təhsilli, Ağdam şəhəri, Sarıhacılı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi 5-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki 28 may metro stansiyasının yaxınlığında yerləşən Xarici dillər universitetinin yanında istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə 350 (üç yüz əlli) manat pul müqabilində 1 (bir) ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi 508.8 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 17:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 41 ünvanının qarşısında saxlanılaraq Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə aparılmış və orada videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində olan ağ rəngli sellofan torbada təmiz çəkisi 508.8 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd metal rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək göstərmişdir ki, o narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 2009-cu ildə ailə həyatı qurmuş və bu evlilikdən iki uşağı vardır. Ailəsini dolandırmaq məqsədi ilə arada bir taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 1 il olar ki, narkotik vasitələrin aludəçisidir. Əsəblərini cilovlaya bilmədiyi üçün sakitləşmək məqsədi ilə narkotik vasitələrə qurşanmışdır. Müxtəlif mənbələrdən narkotik vasitələr əldə edib qəbul etmişdir. Sonuncu dəfə tutulmamışdan 1 ay əvvəl tanımadığı şəxsdən Bakı şəhəri Nəsimi rayonu, 28 may ərazisində metrostansiyanın yaxınlığında yerləşən Xarici dillər universitetinin yanında ağ sellofan torbada 350 manat pul müqabilində narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Həmin narkotik vasitəni “Toyota Prius” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlayıb gəzdirmişdir. Həmin narkotik vasitəni əsəblərini sakitləşdirmək məqsədi ilə özü istifadə etmişdir. Lakin arada bir ətrafında tanıdığı narkotik vasitə aludəçisi olan dost-tanışlarına da vermişdir. Konkret satış məqsədi ilə verməsə də, həmin şəxslər arada bir ona verdiyi narkotik vasitələrə görə müəyyən məbləğlərdə pul da vermişlər. xx.xx.2020ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində avtomobilində əyləşib ailə üzvlərini gözləmişdir. Həmin ağ sellofan torbada olan narkotik vasitə də onun sağ tərəfindəki oturacağın üzərində olmuşdur. Ailə üzvləri onun narkotik vasitələrə aludə olmağından xəbərsiz olmuşdur. Buna görə də ailə üzvlərinin ondan şübhələnməyinin qarşısını almaq üçün həmin ağ sellofan torbada olan narkotik vasitəni əlinə alıb maşından düşmüşdür ki, maşının arxa baqaj hissəsində gizlətsin. O, içərisində narkotik vasitə olan ağ sellofan torbanı əlinə alıb maşından düşən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim etmişlər. Ona külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları onu Xətai RPİ-nin 34-cü Polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Şöbədə hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş verilmişdir. Daha sonra videoçəkiliş vasitəsilə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o, əlində saxladığı ağ rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik tərkibli maddə olduğunu bildirmişdir. Həmin təqdim etdiyi sellofan torbadan başqa üzərində qanunsuz heç bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra onun üzəri yoxlanılmış və heç bir əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi ağ rəngli sellofan torbaya baxış keçirilən zaman içərisindən 1 ədəd elektron tərəzi, tünd yaşıl rəngli, kəskin iyli, bitki tərkibli maddə aşkar edilmişdir. Həmin maddənin çəkisi təxminən 150 qram olmuşdur, lakin polis əməkdaşları bildirmişlər ki, narkotik vasitənin çəkisi 515 qramdır. Sonra elektron tərəzi və narkotik vasitə sellofan torbaya qoyulduqdan sonra qablaşdırılmış, iştirakçılar və onun tərəfindən üzəri imzalandıqdan sonra möhürlənmiş və götürülmüşdür. Polis əməkdaşlarının şifahi sorğusu zamanı həmin maddənin ona məxsus olduğunu, 1 ay bundan öncə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 may metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını, tanışlarına da istifadə etmələri üçün verdiyini və həmin tanışlarından da bəzilərinin bunun müqabilində ona müəyyən məbləğlərdə pul verdiyini qeyd etmişdir. Ondan aşkar olunmuş elektron tərəzini qızıl alveri ilə məşğul olduğu üçün üzərində gəzdirdiyini, onun istifadəsində olmuş telefonun Azerfon MMC-dən götürülmüş məlumatlarında olan “sms”lərin kim tərəfindən yazıldığını bilmədiyini, ümumiyyətlə yazı yazmağı və oxumağı bilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 17:00-da alınmış əməliyyat məlumatı əsasında iş yoldaşı, Şahid2 və özünün iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 2 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Xətai RPİ-nin 34cü PŞ-nə aparılmış və bu barədə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin adına raport yazılmışdır. Polis Şöbəsinə gətirməzdən əvvəl onlar artıq həmin şəxsin anket məlumatlarını və yaşayış yerini müəyyən etmişlər. Lakin polis şöbəsində həmin şəxsin anket məlumatları bir daha yoxlanılan zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə sağ əlində ağ rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik tərkibli maddə olmasını bildirmişdir. Təqdim etdiyi sellofan torbadan başqa üzərində heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının yan ciblərinə, ayağındakı idman ayaqqabılarının içərisinə baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan torbaya baxış keçirilmişdir. Həmin sellofan torbanın içərisindən 1 ədəd elektron tərəzi və tünd yaşıl rəngli, qurudulmuş halda kəskin iyli, bitki mənşəli kütlə aşkar edilmişdir. Həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə, sıfırlanmış halda olan elekron tərəzi ilə çəkilmişdir. Həmin maddənin təxmini çəkisinin 515 qram (beş yüz on beş qram) olması müəyyən edilmişdir. Həmin sellofan torbadan aşkar edilmiş elekron tərəzi də yerinə qoyulduqdan sonra sellofan torba da qablaşdırılmışdır. Bundan sonra həmin 1 ədəd sellofan torbanın üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş, üzəri imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxsla sual-cavab əsasında şifahi sorğu keçirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan maddənin narkotik tərkibli maddə olduğunu, həmin maddəni təxminən 1 ay bundan öncə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 may metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün əldə etdiyini, tanıdıqları şəxslərə istifadə etmələri üçün hədiyyə olaraq verdiyini, həmin şəxslərdən bəzilərinin bunun müqabilində pul verdiyini, həmin maddəni verən şəxsi tanımadığını və mobil telefon nömrəsini bilmədiyini qeyd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin maddəni saxlanılan zaman digər evinə aparmaq üçün əlində saxladığını və özünün təxminən 1 ilə yaxındır ki, narkotik tərkibli maddələrin istifadəçisi olduğunu, ailə üzvlərindən heç kimin bu barədə məlumatının olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş “Sony” markalı videoaparatın videoçəkmə funksiyasından istifadə edilməklə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən aparılmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün, iş üzrə ifadə vermiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Xətai rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2020-ci il tarixli 4(011)-682/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamə və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20% tutulmaqla 01 il, 11 ay, 24 gün müddətə islah işləri cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 175073/2021-5-21 saylı məktubdan məlum olur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20% tutulmaqla 01 il, 11 ay, 24 gün müddətə islah işləri cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəzasını çəkməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə sağ əlində ağ rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik tərkibli maddə olmasını bildirmişdir. Təqdim etdiyi sellofan torbadan başqa üzərində heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının yan ciblərinə, ayağındakı idman ayaqqabılarının içərisinə baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan torbaya baxış keçirilmişdir. Həmin sellofan torbanın içərisindən 1 ədəd elektron tərəzi və tünd yaşıl rəngli, qurudulmuş halda kəskin iyli, bitki mənşəli kütlə aşkar edilmişdir. Həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə, sıfırlanmış halda olan elekron tərəzi ilə çəkilmişdir. Həmin maddənin təxmini çəkisinin 515 qram (beş yüz on beş qram) olması müəyyən edilmişdir. Həmin sellofan torbadan aşkar edilmiş elekron tərəzi də yerinə qoyulduqdan sonra sellofan torbada qablaşdırılmışdır. Bundan sonra həmin 1 ədəd sellofan torbanın üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş, üzəri imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaba olan maddənin narkotik tərkibli maddə olduğunu, həmin maddəni təxminən 1 ay bundan öncə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 may metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün əldə etdiyini, tanıdıqları şəxslərə istifadə etmələri üçün hədiyyə olaraq verdiyini, həmin şəxslərdən bəzilərinin bunun müqabilində pul verdiyini, həmin maddəni verən şəxsi tanımadığını və mobil telefon nömrəsini bilmədiyini qeyd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin maddəni saxlanılan zaman digər evinə aparmaq üçün əlində saxladığını və özünün təxminən 1 ilə yaxındır ki, narkotik tərkibli maddələrin istifadəçisi olduğunu, ailə üzvlərindən heç kimin bu barədə məlumatının olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, «CD» diskin faylında olan video görüntü 09 dəqiqə 54 saniyədən ibarətdir. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən AR DİN-nin BNMİ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Videogörüntünün 01-ci dəqiqəsinin 35-ci saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntünün 01-ci dəqiqəsinin 40-cı saniyəsindən etibarən sağ əlində olan ağ rəngli sellofan torbanı təhqiqatçıya təqdim edir. Təhqiqatçı həmin ağ rəngli sellofan torbanı masanın üzərinə qoyduqdan sonra videogörüntünün 01-ci dəqiqəsinin 46-cı saniyəsindən etibarən şübhəli şəxs Təqsirləndirilən şəxs bir qədər önə gəlməsini bildirir və əynindəki qara rəngli idman şalvarının yan ciblərinə və ayağındakı idman ayaqqabılarının içərisinə baxış keçirir, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edəcək heç bir əşya və ya predmet aşkar etmir. Videogörüntünün 02-ci dəqiqəsinin 52-ci saniyəsindən etibarən Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan torbaya baxış keçirilir. Həmin sellofan torbanın içərisindən 1 ədəd elektron tərəzi və tünd yaşıl rəngli, qurudulmuş halda bitki mənşəli kütlə aşkar edilir. Videogörüntünün 03-cü dəqiqəsinin 10-cu saniyəsindən etibarən sellofan torbanın içərisində olan bitki mənşəli kütlə barədə Təqsirləndirilən şəxs sual verilərkən həmin kütlənin narkotik tərkibli “ximikat” maddəsi olduğunu bildirir. Videogörüntünün 03-cü dəqiqəsinin 26-cı saniyəsindən etibarən həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədi ilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilir. Həmin maddənin təxmini çəkisinin 515 qram olması müəyyən edilir. Videogörüntünün 03-cü dəqiqəsinin 50-ci saniyəsindən etibarən həmin sellofan torbadan aşkar edilmiş elektron tərəzi də yerinə qoyulduqdan sonra sellofan torbada qablaşdırılaraq sellofan torbanın üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənir, üzəri imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülür. Videogörüntünün 07-ci dəqiqəsinin 30-cu saniyəsindən etibarən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan torbada olan maddənin narkotik tərkibli maddə olduğunu, həmin maddəni təxminən 1 ay bundan öncə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 may metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün əldə etdiyini, tanıdıqları şəxslərə istifadə etmələri üçün hədiyyə olaraq verdiyini və həmin şəxslərdən bəzilərinin bunun müqabilində ona pul verdiyini, həmin maddəni ona verən şəxsi tanımadığını və mobil telefon nömrəsini bilmədiyini qeyd edir. Bundan başqa Təqsirləndirilən şəxs həmin maddəni saxlanılan zaman digər evinə aparmaq üçün əlində saxladığını və özünün təxminən 1 ilə yaxındır ki, narkotik tərkibli maddələrin istifadəçisi olduğunu, ailə üzvlərindən heç kimin bu barədə məlumatının olmadığını bildirir. Videogörüntünün 08-ci dəqiqəsinin 32-ci saniyəsindən etibarən təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitənin onun üçün haradan gəldiyini soruşanda Təqsirləndirilən şəxs bir nəfər dostunun ona bu narkotik vasitənin Bərdədə hazırlandığını məlumat verdiyini dedi. Videogörüntünün 09-cu dəqiqəsinin 11ci saniyəsindən etibarən müdafiəçi Təqsirləndirilən şəxs ona qarşı hər-hansı bir təzyiq və zor tətbiq edilib-edilmədiyini soruşandan sonra Təqsirləndirilən şəxs ona qarşı heç bir fiziki zorun tətbiq edilmədiyini bildirir. Videogörüntünün 09-cu dəqiqəsinin 30-cu saniyəsindən etibarən təhqiqatçı AR CPM-nin 246-cı maddəsinə uyğun olaraq istintaq hərəkətinin həyata keçirildiyini və istintaq hərəkətinin DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən videoçəkilişinin aparıldığını bildirir və istintaq hərəkətinin yekunlaşdığını elan edir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 7/827 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vətəndaş Mikayılov Emin Elçin oğlunun saxladığı...” sözləri yazılmış skoçla bağlanmış sellofan torbada təmiz çəkisi 508,8 qram bitki mənşəli kütlə tərkibində narkot maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda narkotik vasitə olan marixuananın hissəcikləri vardır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 8 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından və onun sintetik analoqlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartına dair məlumatları əks etdirən “Azerfon MMC”-dən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli AZF/LGL- 421/21 nömrəli məktuba əlavə edilmiş 01 ədəd diskə baxış zamanı tərtib edilmiş “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokol” dan görünür ki, istintaq əhəmiyyəti kəsb edəcək xx xxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi dairəsi aşağıdakı ünvanları əhatə etmişdir. Belə ki: - Saat 19:40:39-dan 19:43:43-dək- Xarici Diller Universiteti "Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov 134 - 19:41:51- dan 19:43:58-dək - X10 "Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov " Həmçinin ***-***-**-** saylı mobil nömrə kartından xaric olunan sms-lərə baxış zamanı istintaq əhəmiyyəti kəsb edəcək hər-hansı bir məlumat aşkar edilməmiş, ***-***-**-** saylı mobil nömrə kartına daxil olunan sms-lərə baxış zamanı narkotik vasitələrin satışı ilə bağlı xeyli sayda sms-lərin olması müəyyən edilmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 5(011)-457/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qərar qanuni, əsaslı və mütənasib hesab edilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqları -xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X4 vardır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə özünü təqsirli bilməməsini, narkotik vasitələrin satışı ilə məşğul olmaması, onun üzərindən aşkar olunan narkotik vasitənin 515 qram yox, 150 qram olması, ondan aşkar olunan elektron tərəzinin qızıl alveri ilə bağlı üzərində gəzdirdiyini, telefonunda olan «sms»-lərin kim tərəfindən yazılmalarını bilmədiyi barədə ifadələrin özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-cimaddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarınavə cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal himayəsində 2 azyaşlı övladının olmasıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs məhkumluğu olsa da Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən əməlində cinayətin residivi nəzərə alınmamalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməsinə və əvvələr azadlıqdan məhrumetmə növündə cəza çəkmədiyinə görə ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxxx 2018-cu il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qazancından dövlət nəfinə 20% tutulmaqla 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzası 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki hökmlə təyin edilmiş cəza ilə birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmı şəşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut olan və saxlanılması üçün Xətai RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi 508.8 qram olanvə ekspertiza tədqiqatından sonra qalıq qalmış 508.75 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilərək götürülməsi ilə bağlı içərisində videogörüntü olan 01 ədəd CD formatlı diskin, bundan başqa iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartına dair məlumatları əks etdirən “Azerfon MMC”-dən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli AZF/LGL-421/21 nömrəli məktuba əlavə edilmiş 01 ədəd diskin maddi sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdr. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ev dustaqlığında və həbsdə saxlanıldığı müddətlər ona təyin olunacaq cəzaya hesablanmaqla cəza çəkməsinin əvvəli –xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 150 ( yüz əlli) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2018-cu il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qazancından dövlət nəfinə 20% tutulmaqla 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzası 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək o qəti olaraq 06 (altı) il 05 ( beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olan və saxlanılması üçün Xətai RPİnin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 508.75 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilərək götürülməsi ilə bağlı içərisində videogörüntü olan 01 ədəd CD formatlı diskin, bundan başqa iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartına dair məlumatları əks etdirən “Azerfon MMC”-dən daxil olmuş 01 ədəd diskin maddi sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-814/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-814/2021
26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver