Məhkəmə qərarları › İş №1(101)-814/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-814/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-814/2022 31.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında) Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçi - "Yusifbəyli və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 05 mart 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Həmin cinayət işi Bakı şəhəri, Xəzər RPİ-nin İstintaq şöbəsində X4 barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işindən ********* nömrə ilə ayrıca icraata ayrılmışdır. 04 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs qismində tutulmuş, 06 sentyabr 2021-ci tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilərək, həmin tarixdə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 31 yanvar 2022-ci tarixdə Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilməsi haqqında qərar qəbul edilərək, 15 fevral 2022-ci il tarixdə ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. 28 fevral 2022-ci il tarixdə iş üzrə ittiham aktı tərtib edilərək cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihama görə, o, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus olmaqla Zərərçəkmiş şəxs1 müvəqqəti istifadə etdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,4 kv. metr olan qeyri-yaşayış binasını - avtomobillərə texniki xidmət məntəqəsini 80.000 (səksən min) manata satacağına dair imkanının olmasına inandırıb, Zərərçəkmiş şəxs2 03.04.2017-ci il tarixli etibarnamə əsasında öz əmlakını etibar etdiyi Zərərçəkmiş şəxs1 yalandan vəd verib inandıraraq aldatmış, həmin obyekti 18.01.2018-ci il tarixdə «Şirin» ləqəbli Şahid1 100.000 (yüz min) manata satacağına dair razılığa gəlib həmin obyektin pulunun bir hissəsinə, yəni 60.000 (altmış min) manatın əvəzinə Xırdalan şəhəri, M.Ə. Rəsulzadə 1A ünvanında yerləşən 92,1 kv metr mənzili və əlavə olaraq 40.000 manat nağd pulu alıb Zərərçəkmiş şəxs2 guya obyektə dair çıxarışın hazırlanması üçün ünvan 2 ünvanında yerləşən 21 saylı notariat kontoruna dəvət edib obyekti Şahid1 tanışı X1 adına 18.01.2018-ci il tarixdə alqı-satqı etməklə rəsmiləşdirib verdiyi vədlərə əməl etməyib zərərçəkmiş şəxs - əmlakın qanuni sahibi Zərərçəkmiş şəxs2 və həmin əmlakdan müvəqqəti istifadə edən Zərərçəkmiş şəxs1 ümumilikdə 80.000 (səksən min) manat məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı yazılı vəsatət qaldıraraq, təqsirləndirilən şəxsə verilmiş ittihama əsasən cinayət hadisəsinin törədilmə yerinin müəyyən edilmədiyini, həmçinin ittihamın mahiyyətinin qeyri-müəyyən olmaqla, tərtib edilmiş ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmadığından, həmin Məcəllənin 303.3.1 və 303.3.6-cı maddəsinin tələblərinə əsasən, cinayət işinə baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və Müdafiəçi dövlət ittihamçısının qaldırdığı vəsatətlə razı olduqlarını bildirərək, onun təmin olunmasını xahiş etdilər. Cinayət işinin materialları öyrənilərkən və məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı müəyyən edildi ki, həqiqətən də iş üzrə məhkəməyədək icraat zamanı bir sıra qanun pozuntularına yol verilmiş, qanunçuluq, müdafiə hüququnun təmin edilməsi və cinayət təqibi üzrə icraatın digər əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və belə pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə vaxtı, üsulları, nəticələri və digər mühüm hallar, həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 223.3.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi vaxt, törədilmə üsulu, nəticəsi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən, qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilməlidir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus olmaqla Zərərçəkmiş şəxs1 müvəqqəti istifadə etdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,4 kv. metr olan qeyri-yaşayış binasını - avtomobillərə texniki xidmət məntəqəsini 80.000 (səksən min) manata satacağına dair imkanının olmasına inandırması kimi nəticəyə gəlinsə də, verilmiş ittihamda məhz kimləri buna inandırması aydın deyildir. Bundan başqa, həmin obyektin 18.01.2018-ci il tarixdə «Şirin» ləqəbli Şahid1 100.000 (yüz min) manata satacağına dair razılığa gəlinməsi nəticəsinə gəlinsə də, razılığın kimlərlə əldə edilməsi ittihamda açıqlanmamışdır. Verilmiş ittihamda həmin obyektin pulunun bir hissəsinə, yəni 60.000 (altmış min) manatın əvəzinə Xırdalan şəhəri, M.Ə. Rəsulzadə 1A ünvanında yerləşən 92,1 kv metr mənzilin və əlavə olaraq 40.000 manat nağd pulun alınması qeyd olunsa da, həmin mənzili və pulu kimdən və harada, hansı şəraitdə alması qeyri-müəyyəndir. Ümumiyyətlə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittiham qeyrimüəyyən olmaqla və aydın olmamaqla mahiyyəti başa düşülmür. Həmin ittihamda təqsirləndirilən şəxsin dələduzluq cinayətini törətdiyi yer ümumiyyətlə müəyyən edilməmiş, cinayətin törədildiyi vaxt kimi isə 18.01.2018-ci il qeyd olunmuşdur. Halbuki, istintaq orqanı məhz həmin 18.01.2018-ci il tarixdə həm də obyektin «Şirin» ləqəbli Şahid1 100.000 (yüz min) manata satacağına dair razılığa gəlinməsi barədə nəticəyə gəlmişdir. Bu isə, təqsirləndirilən şəxs tərəfindən dələduzluq cinayətnin törədilməsi vaxtı ilə bağlı anlaşılmazlığın yaranmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Bütün bunlara baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən, habelə prokuror tərəfindən ittiham aktı təsdiq edilərkən CPM-nin 290.2-ci maddəsinə əsasən bu hala müvafiq hüquqi qiymət verilməmiş, bu hal təqsirləndirilən şəxs kimi cəlb etmə qərarında və ittiham aktının nəticəvi hissəsində eyni qaydada göstərilmişdir. Cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin "nədə ittiham olunduğunu", "nədən müdafiə olunmalı olduğunu" bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin "a" yarımbəndinə əsasən, "cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın "xarakteri və əsasları" haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir". CPM-in 91.5.1-ci maddəsinə əsasən, "nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)" təqsirləndirilən şəxsin hüququdur. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Ozerov Rusiyaya qarşı" iş üzrə 18 may 2010-cu il, "Pfayfer və Plankl Avstriyaya qarşı" iş üzrə 25 fevral 1992-ci il, "Bulut Avstriyaya qarşı" iş üzrə 22 fevral 1996-cı il, "Kolozza İtaliyaya qarşı" iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Təqsirləndirilən şəxs dələduzluq cinayətini harada və nə vaxt törətməsinin tam aydın olmaması onun özünün müdafiəsi üçün üsul və vasitələri seçməsinə, yəni müdafiə hüququnun pozulmasına səbəb olur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir, məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları ümumilikdə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuş və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, hazırkı iş üzrə tərtib edilmiş ittiham aktında CPMnin 289.3.1-ci maddəsinə əsasən, əməlin həmin maddə üzrə tövsif edilməsi üçün qanun normasının ifadə etdiyi tərkib əlamətlərinin mövcudluğunu nəzərdə tutan cinayətin törədilmə üsulları, ittihamın mahiyyətini əks etdirən zəruri tərkib elementləri və digər mühüm hallar tam əks olunmamışdır. Həmçinin şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində CPM-nin 223.3.2-ci maddəsinə əsasən, həmin maddə üzrə cinayət tərkibinin mövcudluğunu nəzərdə tutan cinayətin törədilmə üsulu, ittihamın mahiyyəti tam əksini tapmamış, ittihamda əksini tapan əlamətlər isə bir-birinə uyğun olmamaqla ziddiyyətli olmuşdur. Qeyd olunanlar isə, CPM-in 289-cu maddəsində nəzərdə tutulan qaydada ittiham aktının tərtibi ilə əlaqədar müvafiq tələblərin pozulduğunu, ittiham aktında təsbit edilməli olan xüsusatların göstərilmədiyini və ittiham aktının prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini göstərir. Yuxarıda göstərilənlər bilavasitə ittihamın mahiyyətini əks etdirdiyindən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin ittiham aktının düzgün tərtib edilməməsi məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Məhkəmənin hazırlıq iclasında həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2021-ci il tarixdə tutulmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 4(003)-365/2021 nömrəli qərarına əsasən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlanılma müddəti sonuncu dəfə həmin məhkəmənin 02 mart 2022-ci il tarixli 4(003)-102/2022 nömrəli qərarına əsasən 22 mart 2022-ci il tarixədək uzadılmışdır. 28 fevral 2022ci il tarixdə ittiham aktı təsdiq edilmiş və həmin tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İş məhkəmənin icraatına 05 mart 2022-ci il tarixdə daxil olmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasında qətimkan tədbirinə dair məsələyə baxılana qədər dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin əsaslılığı və müddəti, onun həbsdə saxlanılma müddətinin uzadılması ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğvinə və dəyişdirilməsinə əsaslar yoxdur, onun həbsdə saxlama müddəti məhkəmənin qərarına əsasən uzadılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə, cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. Azərbaycan Respublikası Cinayət-Prosəssual Məcəlləsinin 306.2-ci və 306.2.1-ci maddələrinə əsasən, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Həmin Məcəllənin 300.2.3-cü maddəsinə görə, qətimkan tədbirinə dair məsələnin həlli məhkəmə hazırlıq iclasında həll edilən məsələlərdən biridir. Göstərilənləri nəzərə alan məhkəmə kolləgiyası cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosəssual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri və onun həbsdə saxlanılma müddəti ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirlandirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli, onun həbsdə saxlanılma müddəti 22 aprel 2022-ci il tarixədək uzadılmalıdır. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Odur ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri, Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X3 barəsində xüsusi qərar çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1, 300.1.5, 300.4.1, 303.1, 303.3.1, 303.3.6, 303.4, 306, 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin ittiham aktının düzgün tərtib edilməməsi kimi kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Xəzər rayon prokuroruna qaytarılsın.

2. Qərarın surəti cinayət prosesinin iştirakçılarına, habelə Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilməsi üçün onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin.

3. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri, Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X3 haqqında xüsusi qərar çıxarılsın.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar