Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-816/2021 20.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1 və X6, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı2 və həmin şöbənin prokuroru X3, müdafiəçi: Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxx 1988-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi 15 saylı evdə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs digər mühüm şəxsi sənədi tamah məqsədi ilə talamış və özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşyalar tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın, yəni quldurluq etmişdir. Belə ki, o, 24 iyul 2020-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, «Şərq» yaşayış sahəsində, «5604» adlanan avtobus qarajının yaxınlığında sərnişin qismində əyləşdiyi Zərərçəkmiş şəxs2 idarə etdiyi «QAZ-3110» markalı, **-KM-*** dövlət nömrə nişanlı avtomobilin salonundakı saxlanc yerindən Zərərçəkmiş şəxs2 məxsus digər mühüm şəxsi sənəd hesab edilən AD-022212 seriyalı sürücülük vəsiqəsini gizli olaraq tamah məqsədi ilə talamışdır. Bundan başqa o, 14 avqust 2020-ci il tarixdə, saat 21 radələrində birgə tanışları olduğu X2 Bakı şəhəri, Suraxanı rayonu, İ.Şükürov küçəsi nömrəsiz evində olarkən, orada olan və əvvəldən tanıdığı Zərərçəkmiş şəxs1 üzərində yüz manatlıq pul əskinazları görərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 onu avtomobili ilə yaşadığı evə aparmasını xahiş edib sonuncunun idarə etdiyi «Kia Optima» markalı, **-KK-*** dövlət nömrə nişanlı avtomobilə əyləşmiş, bir neçə dəqiqə sonra onlar ünvan 1 ünvanda olarkən özgənin əmlakını ələ keçirmək məqsədi ilə üzərində olan bıçaqdan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 sağ yan tərəfinə dirəyib, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək sonuncunun əynində olan şalvarının sağ yan cibindən iki ədəd 100 manatlıq pul əskinazlarını götürüb ələ keçirməklə quldurluq etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Xəqani Rəhimovu təxminən 2-3 ay olardı ki, tanıyırdı, normal münasibətləri olmuşdur. 14 avqust 2020-ci il tarixdə saat 23:00-da Suraxanı rayonu ərazisində yerləşən «Əfsun» şadlıq sarayının yaxınlığında olarkən Xaliq idarə etdiyi «Kia» markalı avtomobil ilə keçdiyini görmüşdür. Xaliqlə görüşüb ondan qol saatını qaytarmasını tələb etmişdir. Belə ki, özünə məxsus qol saatını Səma adlı tanışına 2-3 ay əvvəl 400-500 manata satmaq üçün vermiş və sonradan Səmadan eşidib bilmişdir ki, həmin saat Xaliqdə qalmışdır. Xaliq isə saatı başqa bir şəxsə hədiyyə etdiyini deyib əvəzində ona iki yüz manat pul vermişdir. Pulu Xaliqdən götürdükdən sonra Xaliq onu avtomobili ilə Suraxanı bazarının yaxınlığında birinci piyada keçidinin yanına aparmış və saat 23:30-da Xaliqdən aralanıb evinə getmişdir. 15 avqust 2020-ci il tarixdə saat 01 radələrində Xaliqin onu küçədən səslədiyini eşidib həyətə çıxdıqda Xaliqin onun arvadı və azyaşlı uşağının üstünə qışqırdığını görmüşdür. Bu səbəbdən də əsəbləşib Xaliqə yaxınlaşıb yumruqla onun başından zərbə endirmişdir. Həmin vaxtı əlində alışqan olmuş, zərbənin təsirindən Xaliq yerə yıxılmışdır. Bundan əvvəl Xaliqdən saatın pulunu tələb etmiş, o da 200 manat vermişdir. Özündə heç bir bıçaq olmamış, heç kimə bıçaq nümayiş etdirməmişdir., xaliqi bıçaqla yox, alışqanla vurmuşdur.Zərərçəkmiş şəxs2 Qələndər oğlunu taksi sürücüsü kimi tanıyır, onun sürücülük vəsiqəsini Xəqaninin həyətindən tapmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi, cinayət işinin 13- 15-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, ara-sıra narkotik vasitə istifadə etmişdir. Ən çox narkotik vasitəni Əfsanə üçün Xəqani adlı şəxsdən almış, Əfsanə də tez-tez Xəqaninin yanında olmuşdur. Rəşada məxsus və Alqayıt tərəfindən oğurlanan saat barədə isə onu deyə bilər ki, həmin saatı Səmadan 20 manata almışdır. Belə ki, bir gün Əfsanəni Səmanın evinə düşürərkən, sonuncu tanışı ilə birlikdə harasa gedirmiş və ona pul lazım olduğunu bildirərək həmin saatı göstərmiş, o da 20 manata saatı almışdır. Bir müddətdən sonra Xəqaninin evinə getdikdə Əfsanə, Xəqani və Rəşad onun qolundakı saatı görüb bildirmişlər ki, bu saat Rəşadındır və Alqayıt onlarda olanda onu oğurlamışdır. Əfsanə ilə həmin vaxtlar münasibətləri soyumuş və o Əfsanənin ona hədiyyə etdiyi gümüş bilərziyi də Rəşadın qolunda görmüşdür. Rəşada həmin bilərziyin ona məxsus olduğunu deyib, saatla dəyişməyi təklif etmiş və razılaşıb saatla bilərziyi dəyişmişlər. Rəşad bildirmişdir ki, qoy Alqayıt öz saatını yenidən onun qolunda görüb başa düşsün ki, onu oğurlasa da yenidən saat sahibinin qolundandır. 14 avqust 2020-ci il tarixdə saat 21:00da Xəqaninin evinə getdikdə Əfsanə də orada olmuş və təsadüfən Alqayıt da ora gəlmişdir. O, Xəqaniyə olan yüz manat borcunu qaytararkən əlini cibinə salıb pulları çıxardıqda Alqayıt bunu görüb ondan xahiş etmişdir ki, avtomobil ilə onu evinə aparsın. Alqayıtla birlikdə Xəqanigildən çıxıb idarə etdiyi «Kia Optima» markalı avtomobilə əyləşmişlər. Alqayıtın təklifi ilə avtomobili “Tosoil” yanacaqdoldurma məntəqəsindən bir qədər irəlidəki küçəyə, yəni Şərq Yaşayış sahəsi istiqamətində sürmüşdür. Həmin küçəyə döndükdə Alqayıt ona 40 manat pula ehtiyacı olduğunu demişdir. Alqayıta bunun ona nə aidiyyəti olduğunu deyib soruşduqda Alqayıt ona kobud tərzdə “necə yəni nə aidiyyəti var? Sən deyəsən hələ məni tanımırsan, mənim heç nə vecimə deyil, bu dəqiqə sənin qanını tökərəm” deyib, sağ yanına əlini aparıb oradan açılıb-qatlanan bıçaq çıxarıb açıq vəziyyətə gətirmişdir. Alqayıta pulu olmadığını dedikdə, sonuncu sağ əlində tutduğu bıçağı onun sağ yan tərəfinə dirəyərək “necə yəni pulun yoxdu?”- deyib sol əlini onun şalvarının sağ cibinə salıb oradan iki ədəd yüz manatlıq əskinasları götürmüşdür. Alqayıta həmin pul avtomobilin icarə pulu olduğunu və icarədara çatdırmalı olduğunu deyib, qaytarmasını xahiş etmişdir. Alqayıt əvvəl bir ədəd yüz manatlıq əskinazı geri qaytarsa da sonradan həmin pulu da əlindən almış və avtomobili saxlamağı tələb etmişdir. Avtomobili saxladıqdan sonra Alqayıt düşüb getmişdir. Alqayıt az sonra geri qayıdıb sağ arxa oturacaqda əyləşdikdə ondan pulunu qaytarmasını xahiş etmişdir. Alqayıt isə ona “pulun çatacaq, Suraxanıya çataq verəcəm, indi puldan 18 manat qalıb” demişdir. Pulun qalan hissəsinin necə olduğunu soruşduqda Alqayıt “şüşə” (narkotik vasitə) aldığını demişdir. Suraxanıya qayıtdıqda Alqayıt tərəfindən pulunun qaytarılacağına ümid edib avtomobili Suraxanı qəsəbəsi istiqamətində idarə etmişdir. Yolun kənarında “Araz” marketin qarşısında Alqayıt avtomobili saxlatdırıb marketə girib bazarlıq etdikdən sonra geri qayıtmış və Suraxanı qəsəbəsi istiqamətində hərəkətlərini davam etdirmişlər. “Atəşgah”ı keçib bir qədər irəlidəki birinci piyada keçidinin yanında Alqayıt avtomobili saxladaraq, 5-10 dəqiqəyə gələcəyini, pulu qaytaracağını deyib getmişdir. Avtomobildə oturub Alqayıtı gözləmiş, lakin onun gəlmədiyini görüb Alqayıtın getdiyi istiqamətə tərəf getmişdir. Bir qədər irəlidə tanımadığı bir qadın görüb ondan Alqayıtın yaşadığı evi soruşduqda həmin qadın ona Alqayıtın yaşadığı evin yerini göstərmişdir. Alqayıtın yaşadığı evin qarşısında dayanıb onu səsləməyə başlamış və bu zaman qapını Alqayıtın arvadı Samirə açaraq Alqayıtın evdə olmadığını və çıxıb getməsə DİN-nin "102 xidmətinə" müraciət edəcəyini demişdir. Samirəyə Alqayıtın evdə olduğunu bildiyini, gətirib pulunu qaytarmasını dedikdə Samirə qapını bağladığı üçün oradan çıxıb getmək istədikdə qəflətən qapı açılmış və Alqayıt bir qədər öncə onu hədələdiyi biçağın arxa hissə ilə başının sol yan hissəsinə güclü zərbə endirmiş, zərbənin təsirindən yerə yıxılmışdır. Alqayıt əlində bıçaqla ona tərəf gəlib xəsarət yetirmək istəyən zaman o qaçıb oradan uzaqlaşmışdır. Alqayıtın əlində olmuş bıçaq açılıb-bağlanan idi, açılanda əlində tutanda dəmir hissəsi təxminən 10-12 sm olmuşdur. Cinayət işinin 46-48-ci vərəqlərində olan protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 yuxarıda qeyd edilən ifadəsini təsdiq edib, Təqsirləndirilən şəxs tərəfindən başından bıçaqla zərbə endirilərək 200 manat pulunun əlindən alındığını sonuncunun üzünə qarşı demişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Alqayıt 24 iyul 2020-ci il tarixdə saat 22 radələrində Suraxanı hərbi komissarlığının yaxınlığında onu saxlatdırıb müştəri qismində avtomobilə əyləşmiş və «Şərq» yaşayış sahəsindəki küçələrin birində «5604» adlanan avtobus qarajının yaxınlığına idarə etməyi sifariş vermişdir. Həmin ünvana gəldikdə Alqayıt avtomobili dalanlardan birinə idarə etməyi təklif etsə də, ehtiyat edib avtomobili həmin yerə sürməmişdir. Bundan sonra Alqayıt ona gediş haqqını çıxması üçün 20 manat vermiş, lakin xırda pul olmadığı üçün məcbur olub avtomobildən düşüb yaxınlıqdakı mağazaya pulu xırdalamaqdan ötrü getmişdir. Az bir müddətdən sonra geri qayıdıb Alqayıta qalıq pulunu qaytardıqdan sonra, sonuncu yük hissəsində olmuş bazar torbasını götürmüşdür. Alqayıt avtomobildən düşərkən bel nahiyəsində gəzdirdiyi açılıb-qatlanan bıçağın yerə düşdüyünü, həmin bıçağı yerdən götürüb belinin kəmər hissəsinə taxmasının şahidi olmuşdur. Alqayıt avtomobildən aralandıqdan sonra o, həmin yerdən getmiş və bir neçə dəqiqədən sonra avtomobilin salonundakı saxlanc yerinə nəzər yetirdikdə oradakı özünə məxsus sürücülük vəsiqəsinin yerində olmadığını aşkar edərək başa düşmüşdür ki, həmin sənəd Alqayıt tərəfindən oğurlanmışdır. Belə ki, eşitdiyinə görə Alqayıt müxtəlif şəxslərdən oğurladığı sənədləri narkotik vasitələri satan şəxsə təqdim etməklə narkotik vasitələr almışdır. Ona görə də Alqayıt istifadə etdiyi mobil nömrəni öyrənib ona zəng edib sənədini götürübgötürməməsi ilə maraqlandıqda o, heç bir sənəd götürmədiyini bildirib sonradan telefonu söndürdüyü üçün onunla əlaqə saxlaya bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, 2020-ci ilin mart ayında Alqayıtla rəsmi nikahları bağlanmışdır. 15 avqust 2020-ci il tarixdə saat 01 radələrində Alqayıt yaşadıqları evə gəlmişdir. Alqayıt evə gəldikdən təxminən 30 dəqiqə keçmiş həyətdən Alqayıtın çağırıldığını eşidib birinci həyətə çıxmış, onun arxasınca isə Alqayıt çıxmışdır. Alqayıt əsəbi vəziyyətdə həyətdə onu səsləyən Zərərçəkmiş şəxs1 görüb onların dava edəcəyini hiss edətrək Alqayıta onunla işi olmamasını xahiş edib evə getmişdir. Alqayıt evə gəldikdə ondan nə baş verdiyini soruşduqda, narahatçılığa səbəb olmadığını deyib, təxminən 15 dəqiqədən sonra evdən çıxıb getmiş və 1 saatdan sonra geri qayıtmışdır. Səhərisi günü saat 10 radələrində Suraxanı 31-ci PB-nin əməkdaşları gəlib Alqayıtı aparmışlar. Bir neçə saat sonra Alqayıt evə zəng edib şəxsiyyət vəsiqəsini və pul kisəsinin içərisində olan Roman adlı şəxsə məxsus sürücülük vəsiqəsini müstəntiqə təqdim etməsini bildirdiyi üçün o, Alqayıtın şəxsiyyət vəsiqəsini və Roman adlı şəxsin sürücülük vəsiqəsini aparıb müstəntiqə təqdim etmişdir. Roman adlı şəxsin sürücülük vəsiqəsinin hansı şəraitdə, kim tərəfindən onların evinə gətirilməsindən məlumatı yoxdur. Cinayət işinin 72-73-cü vərəqlərində olan protokoldan görünür ki, ibtidai istintaq zamanı Şahid1 tərəfindən təqdim olunmuş Zərərçəkmiş şəxs2 məxsus sürücülük vəsiqəsi müstəntiq Çingiz Seyidov tərəfindən götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Alqayıtı 1 il, Xaliqi isə 4-5 ay olar ki, tanıyır. Onlar Suraxanı rayonu ərazisində yerləşən «Əfsun» şadlıq sarayının yaxınlığında yaşayan Xəqani adlı şəxsdən narkotik vasitələr alıb, bəzən Xəqaninin evində narkotik vasitələri qəbul etmişlər. Alqayıt Xəqanin evindən qardaşı Rəşada məxsus 5-10 manatlıq qol saatını, onun idman şalvarını oğurlamışdır. Alqayıt tərəfindən oğurlanmış şalvarın dəyəri az olduğundan hüquq mühafizə orqanına şikayət etməmişdir. 2020-ci ilin iyul ayının sonlarında Xəqaninin evində olarkən Xaliq Xəqaninin evinə gəldikdə onun qolunda Rəşada məxsus qol saatını görüb tanımış və Xaliqə həmin saatın Alqayıt tərəfindən Xəqaninin evindən oğurlandığını bildirmişdir. Xaliq isə həmin saatı Səma adlı qadından 20 manata aldığını demişdir. Həmin vaxtı onun yanında olmuş Rəşad da saatı görüb tanımış və Alqayıt tərəfindən oğurlanmış saat olduğunu təsdiqləmişdir. Bundan sonra Xaliq Rəşadla birgə razılığa gəlib saatı gümüş bilərziklə dəyişmişdir. Rəşad bildirmişdir ki, Xaliqdən həmin saatı almaqda məqsədi Alqayıt tərəfindən həmin saatın məhz onun qolunda görüb başa düşsün ki, oğurlasa da saat yenə onun qolundadır. 14 avqust 2020-ci il tarixdə saat 21 radələrində Xəqaninin evində olarkən həmin evə əvvəl Xaliq, daha sonra isə Alqayıt gəlmişdir. Xaliq Xəqaniyə 100 manat borclu olduğu üçün cibindən pul çıxarıb Xəqaniyə verdikdə Alqayıt Xaliqin cibində yüz manatlıq əskinazlar görüb təkid etmişdir ki, Xaliq onu avtomobili ilə dəqiq xatırlamadığı ünvana aparıb düşürsün. Xaliq təbiətçə sakit insan olduğundan Alqayıta razılıq verərək birlikdə evdən çıxıb getmişlər. 15 avqust 2020-ci il tarixdə saat 01-02 radələrində Alqayıt Xəqaninin evinə gəlmiş, Xaliqin onun evinə gəlib səsküy salıdığ üçün Xaliqi vurduğunu demişdir. Alqayıt Xəqaniyə 50 manat pul verib ondan narkotik vasitə almışdır. Alqayıtın Xaliqin cibində pul gördüyünü və Xaliqi aparıb kənarda pulunu əlindən almasında şübhələnmişdir. Belə ki, Alqayıt bir qədər öncə Xəqanigilə gəldikdə pulu olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və Əfsanə adlı qadınla tanışlıq münasibətində olmuşdur. Hər üçü onun yaşadığı evə ara-sıra gəlibgetmişlər. 2020-ci ilin iyun ayının sonlarında Alqayıt onun yaşadığı evə gəlib-getdikdən sonra qardaşı Rəşada məxsus təxminən 40-50 manat dəyərində «Çin» istehsallı qol saatı itmiş və onlar həmin saatın Alqayıt tərəfindən götürülməsindən şübhələnmişlər. Bir gün onun yaşadığı evə Xaliq gəldikdə qolunda Rəşadın saatını görüb tanımış, Xaliqdən həmin saatı haradan əldə etdiyini soruşduqda X9 adlı tanışından 20 manata aldığını bildirmişdir. Xaliq onlardan həmin saatın Rəşada məxsus olduğunu eşidib bildikdən sonra Rəşadın təklifi ilə Rəşad qolunda olan gümüşü bilərziklə həmin saatı dəyişmişdir. Dəqiq xatırlamadığı tarixdə Xaliq, onun arxasınca təsadüfən Alqayıt da onun evinə gəlmişdir. Həmin vaxtı Xaliq ona borcunu ödəyərkən Alqayıt Xaliqin cibində pul görərək onu evə aparıb düşürməsini demiş, Alqayıt Xaliqlə birlikdə çıxıb getmişdir. Həmin gün gecə saatlarında Alqayıt yenidən onun evinə gəlmiş və Xaliqin ondan polisə şikayət etdiyini demişdir. Cinayət işinin 205-206-cı vərəqlərində olan protokol və fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs1 15.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona qarşı quldurluq edərək 200 manat pulunu ələ keçirdiyi ünvanı əyani şəkildə göstərir. Cinayət işinin 205-206-cı vərəqlərində olan protokoldan görünür ki, ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 12 noyabr 2020-ci il tarixli, 3166 nömrəli rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin habelə narkomanlıq xəstəliyinə duçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcə əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs «Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu» diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X10 qeydiyyatdadır. Cinayət işinin 232-235-ci vərəqlərində olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizaları üzrə 27 yanvar 2021-ci il tarixli, 239 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. 14 avqust 2020-ci il tarixdə cinayət hadisəsini törədən zaman onda hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə «Emosional davamsız şəxsiyyət pozuntusu» qeyd olunmuş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onlar barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Cinayət hadisəsini törədən zaman onda psixikanın pozulması baş verməmiş, öz əməlinin faktiki xarakterini və ictimai təlükəsizliyini tam dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər, əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs kobudluq, eqosentrizm, impulsivlik, emosional dayanıqsızlıq, emosional reaksiyalara meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur, baş vermiş hadisənin mahiyyətini anlamaq, iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək, baş vermiş hadisələri yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən emosional davamsız şəxsiyyət pozuntusu ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin 117-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəz»in 04 noyabr 2020-ci il tarixli, 19/51-10715 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2014-15 iyun 2014, 04 fevral 2016-17 fevral 2016, 01 iyun 2016-03 iyun 2016, 01 noyabr 2016-10 noyabr 2016, 31 avqust 2017-04 sentyabr 2017, 16 sentyabr 2017-14 oktyabr 2017-ci il tarixlərdə yuxarıda adı göstərilən mərkəzdə «Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu» diaqnozu ilə müalicədə olub və qeydiyyatdadır. Cinayət işinin 259-268-ci vərəqində olan qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Güləndər oğlunun avtomobilinin saxlanc yerindən ona məxsus mühüm şəxsi sənəd hesab edilən AD-022212 seriyalı sürücülük vəsiqəsi iş üzrə maddi sübut qismində tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətmədiyini bildirsə də, onun bu ifadəsi yuxarıda sadalanmış zərərəçəkmiş şəxslər və şahidlərin ifadələri, və maddi sübutlarla təkzib olunduğundan məhkəmə onun ifadələrini ittihamı təkzib edən sübut qismində qəbul etmir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il qərarının 25-ci bəndində göstərilmişdir ki, Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və maddi sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsı məhkəmədə tam sübuta yetirilmişdir, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 181.2.5 və 326.2-ci maddələri ilə tövsif edilmiş, o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 80-82-ci və 88-96-cı vərəqlərində olan tələbnamə və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 14 avqust 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 may 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 9 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 iyun 2019-cu il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş 19 iyul 2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs 28 fevral 2018-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən barəsində cinayətin residivini yaradır ki, belə olan halda cəza təyini zamanı, CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmalıdır. İkinci qrup əlil olması CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Cinayətlərin residivi olması CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 24, 68-70-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 15.08.2020-ci ildə tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 15 avqust 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, maddi sübut AD-022212 seriyalı sürücülük vəsiqəsinin Zərərçəkmiş şəxs2 Güləndər oğluna qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə təyinatla Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçinin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 25 (iyirmi beş) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 150 (bir yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 181.2.5 -ci maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasına, CM-nin 326.2-ci maddəsi ilə 10 (on) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 15 avqust 2020-ci il tarixdən hesablansın. Maddi sübut -AD-022212 seriyalı sürücülük vəsiqəsinin Zərərçəkmiş şəxs2 Güləndər oğluna qaytarılması nəzərə alınsın. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-816/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-816/2021
20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver