Məhkəmə qərarları › İş №1(101)-816/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-816/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-816/2023 20.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Əliyev Samir İmamverdi oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2 oktyabr 1969-cu ildə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 124-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,720 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 7 oktyabr 2022-ci il tarixdə saat 11:30-da Bakı şəhəri Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 124 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 1 bükümdə təmiz çəkisi 2,720 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri şəhərin müxtəlif yerlərindən və tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 7 oktyabr 2022-ci il tarixdə səhər saatlarında «Papanin» kimi tanınan ərazidə tanımadığı orta boylu, orta yaşlarında şəxsdən şəxsi istifadəsi üçün 30 manata narkotik vasitə olan heroin almışdır. Onun həmin narkotik vasitəni satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır. Elə həmin gün saat 11:30 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında olarkən mülki formada olan iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını, hərəkətlərinin şübhə doğurduğunu bildirib, ondan üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığını soruşmuşdur. Sonunculara üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Daha sonra ondan narkotik vasitə aludəçisi olub-olmadığı soruşulmuş, polis əməkdaşlarına narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ona onlarla birlikdə getməyi təklif etmiş və o, etiraz etmədən sonuncularla birlikdə Nəsimi RPİ-nin 20-ci PB-nə gəlmişdir. Bölmədə xidməti otaqların birində təhqiqatçı ondan üzərində qanunla qadağan edilmiş əşya və ya maddə olub-olmadığını soruşmuş, sonuncuya üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan süd (sarımtıl) rəngli cins şalvarının sağ yan cibindən, şəffaf selofana bükülmüş 1 (bir) ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra həmin maddə boş bir zərfə qoyulmuş, onun və digər iştirakçıların iştirakı ilə imzalanıb möhürlənib ekspertizaya göndərilmişdir. Daha sonra qeydə alınmış video görüntüyə baxış keçirilmiş və protokol tərtib olunmuşdur. Saxlanılarkən, bölməyə gətirilərkən və bölmədə polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qalmamışdır. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Nəsimi RPİ-nin 20-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Bölmədə əməliyyat müvəkkili işləyən Şahid1lə inzibati ərazidə xidmətdə olarkən 7 oktyabr 2022-ci il tarixdə, saat 11:30-da ünvan 2 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonuncu özünü şübhəli apardığından və üzərində heç bir sənədi olmadığından onu Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətirmişlər. Bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini və üzərində narkotik vasitə gəzdirdiyini bildirmişdir. Bu barədə bölmə rəisinə raportla məruzə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra mütəxəssisin, onun, iş yoldaşı Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə sonuncu, üzərində narkotik vasitə olduğunu bildirib könüllü olaraq əynindəki sarımtıl rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ondan üzərində başqa hər hansı bir əşyanın olubolmadığı soruşulduqda o, üzərində qeyri-qanuni hər hansı bir əşyanın olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə axtarış keçirilmiş, lakin, üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd şəffaf sellofana bükülmüş büküm açılmışdır. Təqsirləndirilən şəxs şəffaf rəngli sellofandakı maddənin nə olduğu soruşulduqda o, bükümün içərisindəki maddənin heroin olduğunu, həmin bükümü 7 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu, Papanin adlanan ərazidən tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin büküm bir ədəd zərfə qoyulub 188 nömrəli möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tədbir iştirakçıları imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə onlarda hər-hansı əməliyyat məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onlara müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 20-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 7 oktyabr 2020-ci ildə saat 11-30 radələrində bölmədə əməliyyat müvəkkili işləyən Şahid2la inzibati ərazidə xidmətdə olarkən ünvan 2 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Əvvəlcə onun sərxoş olduğunu düşünmüş, lakin, həmin şəxsdən spirtli içki iyi gəlməmişdir. Sonuncunun özünü sərxoş kimi aparması onlarda şübhə yaratmış və həm də həmin şəxsin üzərində heç bir sənəd olmadığına görə onu Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətirmişlər. Bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu onlara məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu və üzərində narkotik vasitə gəzdirdiyini bildirmişdir. Odur ki, bu barədə bölmə rəisinə raportla məruzə edilmişdir. Daha sonra polis bölməsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədilə dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra mütəxəssisin, onun və iş yoldaşı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə sonuncu, könüllü olaraq əynindəki sarımtıl rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bir ədəd büküm açıldıda ondan, sellofandakı maddənin nə olduğu soruşulmuşdur. Təqsirləndirilən şəxs şəffaf rəngli sellofan bükümün içərisindəki maddənin heroin olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan əldə etdiyini, nə məqsədlə üzərində gəzdirdiyi soruşulduqda sonuncu, uzun müddət narkotik vasitələrdən istifadə etdiyini, həmin bükümü 7 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu, Papanin adlanan ərazidən tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş büküm bir ədəd zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və iştirakçılar prtokolun doğruluğunu imzaları ilə təsdiq emişlər. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə onlarda hər hansı əməliyyat məlumatı olmamışdır. İşin 44-50-ci vərəqlərindəki protokoldan görünür ki, 7 oktyabr 2022-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nin baş təhqiqatçısı Tuqay Mehdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan sarımtıl rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 2,720 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Şəxsi axtarışın gedişatını əks etdirən görüntülər «CD» diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyinə görə şəxsi axtarışın gedişatını əks etdirən görüntülər olan «CD» disk sübut növü kimi tanınmışdır. İşin 55-58-ci vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 7 oktyabr 2022-ci il tarixli, 6/5777 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 188» dairəvi möhür əksi, «Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza iştirakçılar-üç imza, tərtib etdi təhqiqatçı Tuqay Mehdiyev - imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,720 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heronin təmiz çəkisi-2,720 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-2,670 qram. İşin 132-133-cü vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik X6 X1 məhkəmə-narkoloji ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 6101 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 134-135-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X3 X6 Məhkəmə Psixatrik Ekspertizasının 7 noyabr 2022-ci il tarixli, 2952 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamələri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 85-ci vərəqəsindəki doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12 oktyabr 2009-cu il təvəllüdlü Elcan şahkərəmov adlı bir azyaşlı uşağı vardır. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi tərəfindən verilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs oğlu 12 oktyabr 2009-cu il təvəllüdlü X2 «Uşaq autizmi F84.0» diaqnozu ilə qeydiyyatdadır. İşin 139-144-cü vərəqlərindəki 17 yanvar 2023-cü il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,720 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və onun üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 2,670 qram hissəsi saxlanılması üçün Nəsimi RPİnin maddi sübutların saxlanma otağına təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 110-112-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Binəqədi rayon Məhkəməsinin 21 avqust 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 iyun 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşin 20-21-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış protokollar və işin faktiki halları ilə kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 7 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlar: Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,720 (tədqiqatdan sonra qalıq 2,670) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 7 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,720 (tədqiqatdan sonra qalıq 2,670) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar