Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-817/2021 06.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, yaxın dostu Zərərçəkmiş şəxs onun arvadı Şahid4 ilə münasibətlərinin olmasından şübhələnməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə 30.10.2020-ci il tarixdə saat 20:20 radələrində Zərərçəkmiş şəxs yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində axtararkən, sonuncunun Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 20 ünvanının yaxınlığında yerləşən “Hövsan” marketdən çıxıb dayanacaqda saxladığı, “Opel Astra” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə tərəf yaxınlaşdığını görüb hücum etmiş və qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı səyahət tipli bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ona hemopnevmotoroksla müşayiət olunan, dərəcələrinə görə həm ümumilikdə, həm də hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin sol yarısının daxilə nüfuz edən üç ədəd, ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid, sol bazunun iki ədəd, sağ bazunun bir ədəd, sol qulaq önü nahiyənin bir ədəd, sağ təpə nahiyəsinin bir ədəd, döş qəfəsinin daxilə nüfuz etməyən iki ədəd, cəmi 10 ədəd deşilmiş-kəsilmiş xəsarət yetirmiş, lakin həmin vaxt hadisə yerində olmuş şahidlərin onun hərəkətlərinin qarşısını almaları və zərərçəkmiş Zərərçəkmiş şəxs vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəbdən cinayətkar niyyətini başa çatdıra bilməmiş, yəni Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, usta kimi evlərdə təmir işləri ilə məşğul olurmuş. 2011-ci ildən Şahid4 ilə ailə qurmuş, birgə nikahdan iki övladları olmuşdur. Təxminən iki-üç ildir ki, arvadı Aynurə ilə uşaqlıq vaxtlarından tanıdığı, yaxın dostu Zərərçəkmiş şəxs arasında yaxın münasibətlərin olmasından şübhələnmişdir. Ona görə də həmin vaxtdan onları nəzarətdə saxlamış, ancaq Aynurə ilə dostu Kamilin münasibətləri olmasından şübhələnsə də, bu barədə hər hansı bir əsaslı sübut əldə edə bilməmişdir. Şübhələrinin əsas səbəbi həyat yoldaşı Aynurəyə təklikdə dediyi hansısa söhbətin sonradan Kamilin dilindən eşitməsi və ya Aynurənin oxuduğu mahnını sonradan Kamillə yeyib-içərkən sonuncunun sərxoş olub oxuması və sair bu kimi hallar olmuşdur. O, bu şübhələrinə görə hadisədən iki gün əvvəl Kamili öldürmək qərarına gəlmiş, 30 oktyabr 2020-ci il tarixdə səhər saat 09 radələrində yuxudan oyanıb işə getmiş, saat 12 radələrində işdən çıxaraq yaşadığı Hövsan qəsəbəsinə qayıtmışdır. Bundan sonra Zərərçəkmiş şəxs da işdən çıxıb Hövsana gəlməsini gözləmiş və “whatsapp” tətbiqində Kamilə mesajlar göndərmiş, lakin Kamil həmin mesajları oxusa da, ona cavab yazmamışdır. Bundan sonra o, özünə məxsus avtomobili ilə Hövsan qəsəbəsinin mərkəzinə doğru hərəkət edərək orada Kamili axtarmış və onu qəsəbənin mərkəzində tapmışdır. Bundan sonra Kamillə söhbət etmək adı ilə sonuncuya məxsus “Opel” markalı avtomobilə əyləşib sonuncu ilə birlikdə dənizkənarı adlanan əraziyə getmiş, orada Kamillə söhbət edərkən, sonuncuya onun arvadı ilə münasibət qurmaqla ona qarşı tərbiyəsizlik etdiyini bildirmişdir. Bu vaxt Kamil ağlayaraq ona yalvarmış, o da Kamilə ailəsi ilə görüşmək üçün vaxt vermişdir. Bundan sonra o, yaşadığı məhəlləyə qayıtmış, orada gəzmiş, Kamilin ona zəng edib üzür istəməsini gözləmişdir. Lakin, Kamil ona zəng etməmiş, ondan üzür istəməyərək sanki özünü ondan üstün tutmuşdur. Zərərçəkmiş şəxs ona zəng edərək üzür istəməməsi onu daha da hiddətləndirmiş, buna görə də o, Zərərçəkmiş şəxs və arvadı Şahid4 öldürmək qərarına gəlmişdir. Həmin gün təxminən saat 20 radələrində Hövsan qəsəbəsinin mərkəzində yerləşən Hövsan marketin qarşısında Kamilin avtomobilini görüb avtomobilə yaxınlaşaraq onun gəlməsini gözləmişdir. Zərərçəkmiş şəxs “Hövsan” market tərəfdən avtomobilə tərəf gəldiyini görüb ona doğru gedərək üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs öldürmək üçün bədəninin müxtəlif nahiyələrindən bir-neçə dəfə bıçaq zərbələri endirmiş və hadisə yerini tərk etmişdir. Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə deyil, qısqanclıq səbəbi ilə xəsarətlər yetirmişdir. Hazırda isə Zərərçəkmiş şəxsla barışmış, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur, törətdiyi əməldən də səmimi peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, onunla yaxın dost olmuşlar. Şahid4 isə Aqşinin arvadı kimi tanısa da, onun adını hadisədən sonra eşidib bilmişdir. Hadisənin baş verdiyi 30 oktyabr 2020-ci il tarixdə saat təxminən 09 radələrində o, mühafizəçi kimi işlədiyi Qum adasında yerləşən postdan evlərinə gəlmiş, yemək yemiş, bundan sonra tanışları ilə 210 saylı sərnişin avtobusunun sonuncu dayanacağında görüşüb evlərinə qayıtmışdır. Saat təxminən 11 radələrində Təqsirləndirilən şəxs ona “whastapp” tətbiqində mesaj yazaraq onunla görüşmək istədiyini bildirmiş, lakin o, evdə uşaqlarla oyun oynadığı üçün Aqşinin mesajına cavab yaza bilməmişdir. Bundan sonra saat təxminən 15 radələrində o, küçəyə çıxmış, küçədə Aqşin ona yaxınlaşaraq “gəl gedək dərdləşək” demişdir. Təqsirləndirilən şəxs tez-tez ona öz problemləri barədə danışdığından o, elə bilmişdir ki, Aqşinin nəyisə dərdi var və dərdini onunla bölüşmək istəyir. O, Aqşinlə razılaşaraq özünə məxsus “Opel Astra” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə dənizkənarı adlanan yerə getmişlər. Orada Təqsirləndirilən şəxs ona “Kamil mən sənə neyləmişəm, sənin də övladın var, mənim də. niyə mənə qarşı belə etdin?” demişdir. O, Aqşini başa düşməyərək ondan nə məsələ olduğunu soruşduqda Təqsirləndirilən şəxs ona arvadı ilə münasibətlərinin olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs cavabında onun arvadı ilə münasibətinin olmadığını, qardaş kimi onu istədiyini bildirmiş və belə bir hərəkət edənin ünvanına söyüş söymüş, Aqşinin sözündən təsirləndiyi üçün gözləri dolmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs gödəkcəsinin cibindən bıçaq çıxararaq qarşısına qoymuş və ona “mənim fikrim bu idi, amma mən başa düşdüm səni” demişdir. O, Təqsirləndirilən şəxs bu hərəkətlərindən inciyərək “biz səninlə yaxın dost olmuşuq, sən necə bunu düşünə bilirsən?” demişdir. Daha sonra Təqsirləndirilən şəxs son zamanlar ondan uzaqlaşmağının səbəblərini soruşmuş, o isə Aqşinə onun narkomanlarla əlaqəsinin olmasından şübhələndiyi üçün ondan uzaqlaşdığını, lakin bunun onun arvadı ilə əlaqədar olmadığını bildirmişdir. O, Aqşinlə söhbətindən sonuncunun öz səhvini başa düşdüyünü zənn etmiş, onu öz avtomobilində yenidən məhəlləyə gətirmişdir. Daha sonra Hövsan marketin qarşısına getmiş, avtomobilini orada saxlamış, özü isə Şakir adlı dostu ilə marketin arxasında yerləşən kafedə oturub çay içmiş, siqareti qurtardığı üçün marketə getmiş, siqaret alıb küçəyə çıxan vaxtı Aqşinin bıçaqla onun üzərinə gəldiyini görmüş, sonradan baş verənləri isə xatırlamamışdır. Həmin vaxtı dostu Aqşin onu xuliqanlıq niyyəti ilə deyil, qısqanclıq zəminində vurmuş, hazırda o, dostu Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayəti və ya tələbi yoxdur, onu bağışlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 İmamqulu oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Bəhram oğlunu Hövsan qəsəbəsində avtobus sürücü kimi tanımış, onunla dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs Rafail oğlunu isə tanımamış, 30 oktyabr 2020-ci il tarixdə təxminən saat 19 radələrində işdə olarkən Zərərçəkmiş şəxs onun iş yerinə gəlmişdir. İş yerində onunla bir qədər söhbət etdikdən sonra Kamili yaxınlıqdakı “Hövsan market” adlı yerin arxasında yerləşən adını xatırlamadığı kafeyə dəvət etmişdir. O, Kamillə birlikdə kafeyə daxıl olub oturduqdan sonra Kamil pivə, o isə çay içmiş, bir müddət sonra komendant saatı yaxınlaşdığına görə avtobusların qayıtmasına nəzarət etməsi üçün kafedən çıxıb dayanacağa doğru getmiş, Kamil isə ondan ayrılıb siqaret almaq üçün “Hövsan” marketə girmişdir. O, avtobus dayanacağında olarkən “Hövsan” marketin qarşısında səs-küy olduğunu eşidib oraya getmiş, yaxınlaşdıqda sonradan adının Aqşin olduğunu öyrəndiyi şəxsin Kamillə marketin qarşısında savaşdığını, Aqşinin Kamili su qablarının üstünə yıxaraq bıçaqla xəsarət yetirdiyini görmüşdür. O, Aqşinin Kamilin müqavimətini qırdığını görüb dərhal onu oradan uzaqlaşdırmağa cəhd göstərmiş, lakin Aqşini saxlaya bilməmiş, Aqşin dayanmadan sağ əlində tutduğu bıçaqla zərbələr vurmaqda davam etmişdir. Buna görə də o, orada olan bir kaset içkini götürərək, Aqşinin üzərinə atmış, Aqşin bunun təsirindən geriyə çəkilmişdir. Sonra o, Aqşini oradan itələyib uzaqlaşdırmış və Aqşin oradan qaçıb uzaqlaşmışdır. Bundan sonra o, qanaxmanı saxlamaq üçün Kamilə öz köynəyini çıxarıb vermiş və onu avtomobil ilə yaxınlıqda yerləşən təcili tibbi yardım stansiyasına aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 20 nömrəli binanın arxasında yerləşən “Hövsan” adlı mağazada satıcı işləyir. 30 oktyabr 2020-ci il tarixdə saat təxminən 21 radələrində o, mağazada olduğu vaxtı mağazanın arxasında yerləşən anbardan mal götürmək üçün anbara keçmişdir. O, anbarda olarkən küçədən səs-küy, qışqırıq səsləri eşidib dərhal anbarın qapısını bağlayıb küçəyə çıxmışdır. Küçədə qəsəbə sakini, mağazaya müştəri kimi gəlib-gedən Kamil adlı şəxsi mağazanın qarşısında, yerdə soyuducuya söykənmiş, yarımuzanıq vəziyyətdə qan içində olduğunu görmüşdür. Həmin vaxtı o, ətrafa toplaşmış şəxslərdən nə hadisə baş verdiyini soruşmuş, ona bir nəfər şəxsin Kamili bıçaqlayıb qaçıb getdiyini bildirmişlər. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsiylə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məkəb küçəi, ev 17-də yaşayır. 2014-cü ildə 7 nömrəli məktəbi bitirərək, Türkiyə Qarabük universitetinə daxil olmuşdur. Təxminən 2 ay olarmış ki, “Hövsan” adlı mağazada satıcı işləyirmiş. Təqsirləndirilən şəxs Rafael oğlunu müştəri kimi, Zərərçəkmiş şəxs isə avtobus sürücüsü kimi tanımışdır. 30 oktyabr 2020-ci il tarixdə saat təxminən 21 radələrində o, mağazada olduğu vaxtı küçədən səs-küy, qışqırıq səsləri eşitmişdir. Mağazada adam çox olduğundan dərhal çölə çıxa bilməmişdir. Bir qədər sonra çölə çıxdıqda küçədə qəsəbə sakini, mağazaya müştəri kimi gəlib-gedən Kamil adlı şəxsi mağazanın qarşısında, yerdə soyuducuya söykənmiş, yarımuzanıq vəziyyətdə qan içində olduğunu görmüşdür. Həmin vaxtı o, ətrafa toplaşmış şəxslərdən nə hadisə baş verdiyini soruşmuş, ona bir nəfər şəxsin Kamili bıçaqlayıb qaçıb getdiyini bildirmişlər. Daha sonra Zərərçəkmiş şəxs tanımadığı bir avtomobil xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx xxxxxxx 1967-ci ildə Zəngilan şəhərində doğulmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, 1-ci mədən, ev 25-də yaşayır. 1989-cu ildə X1 ilə ailə həyatı qurmuş, birgə nikahdan iki övladı vardır. Qızı Şahid4 1992-ci ildə anadan olmuş, Təqsirləndirilən şəxsla qızı Aynurə 2011-ci ildə ailə qurmuş, lakin onlar arasında bəzən dava-dalaş olmuş, lakin Aqşin qızı Aynurəni çox sevmişdir. Bəzi vaxtı Aqşinin anası da ona zəng edərək oğlunun qızı ilə dalaşdığını demiş, o da gəlib onları sakitləşdirmişdir. 30 oktyabr 2020-ci il tarixdə səhər yuxudan duraraq həyət yoldaşı ilə kombi almağa getmiş, bu zaman Aqşin ona zəng edərək, axşam oturub yeyib-içmək istədiyini bildirmişdir. Təxminən bir müddət sonra nəvəsinin telefonundan ona sms gəlmiş “ata Uğurun telefonuna zəng vur” sözlərini demişdir. Bundan sonra Aqşin tez gəlməklərini istəmiş, onlar da təxminən saat 12 radələrində Aqşingilə çatmış, orada qızı Aynurəni Aqşinin yenə vurduğunu və onunla mübahisə etdiyini öyrənmişdir. Bundan sonra qızı X8 şübhələndiyini, Aqşinin başının xarab olduğunu və bunu özündən düşündüyünü bildirmişdir. Aynurə Aqşinin üstünə çığıraraq səhv etdiyini bildirmiş, Aqşin həmin zaman qurana and içmiş və “mən sübut edəcəyəm siz özünüz bunu biləcəksiniz, dua edirəm ki, mən səhv olum, səhv olsam özümü vuracağam, düz olsam birinci Kamili sonra Aynurəni vuracağam” sözlərini demişdir. Onlarında hamısı onun dediyi sözü sübut etməsini istəmiş, o da bunu sübut edəcəyini bildirmişdir. Bundan sonra onu evdə saxlaya bilməmişlər və o qəsəbəyə gedərək “gözləyin deyəcəyəm” sözlərini demişdir. Axşam saat təxminən 18 radələrində Aqşin evə gələrək Kamil ilə görüşdüyünü, sonuncunun ondan üzr istədiyini, ağladığını bildirmiş, o da ona vaxt verdiyini və bu məsələni araşdıracağını bildirmişdir. Bundan sonra o sakitləşmiş və ona “uşaqları da götür apar evə mən gəlib hər kəsdən üzr istəyəcəyəm” sözlərini demişdir. Buna görə də o, qızı və nəvələri ilə Binəqədi rayonunda yerləşən evinə getmiş, Aqşin bu zaman Qara Qarayev metrosuna gedəcəyini bildirmişdir. Buna görə də onlar sakitləşmiş, ora hansı səbəbdən getdiyini onlar dəqiq bilməmiş, lakin işinin olduğunu onlara bildirmişdir. Bundan sonra Təxminən gecə saat 23 radələrində Anar ona zəng edərək, Aqşinin Kamili bıçaqladığını bildirmişdir. Anarın dediyi bu sözdən sonra o, Aqşına zəng edərək nə məsələ olduğunu soruşmuşdur. Həmin vaxtı Aqşin ona “ürəyini çıxartdım qoydum yolun ortasına, gəlib sizdən üzr istəyib Aynurəni də vuracağam” sözlərini demişdir. Bundan sonra onunla telefon əlaqəsi kəsilmiş, neçə dəfə yığsa da mobil telefonu bağlı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, hadisədən təxminən bir ay əvvəl qardaşı arvadı Aynurə ona Aqşinin onun və oğlu Uğurun telefonunu alıb yoxladığını deyərkən Aynurəyə bunun normal hadisə olduğunu bildirmişdir. 30 oktyabr 2020-ci il tarixdə səhər saat 09 radələrində o, Aqşinlə birlikdə təmir etdikləri evdə iş yerində olarkən Aqşin ona axşam qayınatası Mahiri öz evlərinə çağıracağını bildirdiyi üçün ondan bir hadisə baş verib-verməməsini soruşduqda Aqşin sözü olduğunu, axşam deyəcəyini ona bildirmişdir. Həmin vaxtı Aqşinin davranışında hər hansı bir əsəb və ya qəribəlik hiss etməmiş, yarım saat sonra Aqşin ondan siqaretinin harada olduğunu soruşmuş, o isə siqareti qurtardığı üçün qutusunu yolda zibil qabına atdığını bildirmişdir. Təxminən beş dəqiqə sonra Aqşinin harayasa getdiyini görüb əynindəki iş paltarlarını dəyişmədiyinə görə onun siqaret almağa getdiyini fikirləşmişdir. Təxminən 20-30 dəqiqə sonra ona həyat yoldaşı Elnarə zəng edərək Aqşinin yanında olub-olmadığını soruşarkən narahat olub ondan nə baş verməsi ilə maraqlanmış və həyat yoldaşı Aqşinin evdə davadalaş saldığını ona bildirdiyi üçün dərhal Aqşinin yaşadığı evə getmiş, evə daxil olduqda Aqşinin arvadı ilə dalaşdığını görmüşdür. Aqşin həmin vaxt yalnız “Tapacam, üzə çıxardacam” sözlərini deməsini eşitmiş, Aynurə isə ona Aqşinin Kamildən şübhələndiyini, başının xarab olduğunu və bunu özündən uydurduğunu demişdir. Bir müddət sonra Aqşin Kamilə “Whatsapp” proqramı vasitəsilə səs yazısı atmış və görüşə çağırmışdır. Bu zaman o, qardaşı Anarı evə çağırmış və Aqşini sakitləşdirməyə çalışmışdır. Bir müddət sonra Aqşin qayınatası Mahirə zəng edərək Hövsana gəlməsini istəmiş və həmin vaxtı “mən sübut edəcəm siz özünüz bunu biləcəksiniz, dua edirəm ki, mən səhv olum, səhv olsam özümü vuracam, düz olsa birinci Kamili sonra Aynurəni vuracam” sözlərini qayınatasına demişdir. O, Aqşinin dediyi sözü sübut etməsini istəmiş, Aqşin isə sübut edəcəyini, gözləməklərini bildirib bundan sonra Aqşin evdən çıxıb getmişdir. Axşam təxminən saat 18 radələrində Aqşin evə gələrək Kamil ilə görüşdüyünü, sonuncunun ondan üzür istədiyini, ağladığını, ona vaxt verdiyini və bu məsələni araşdıracağını bildirmişdir. Bundan sonra Aqşin qayınatası Mahirə “uşaqları da götür apar evə, mən gəlib söhbəti deyəcəyəm yekunda” sözlərini demişdir. Buna görə də Mahir qızı və nəvələri ilə birlikdə Binəqədi rayonunda yerləşən evinə getmiş, Aqşin isə həmin vaxtı “Qara Qarayev” metrostansiyası yaxınlığına gedəcəyini, orada işinin olduğunu bildirmişdir. Bu zaman o, Aqşinə eyni taksidə onunla evə getmək istədiyini deyəndən sonra Aqşin taksi sifariş vermiş, yolda olarkən taksi “Qara Qarayev” metrostansiyası yaxınlığına getmək istədikdə mübahisə düşmüş, çünki Aqşin operatora Hövsandan Hövsana gedəcəyini deməmişdir. Lakin taksi sürücüsü buna baxmayaraq onu evə aparmış, o isə taksi sürücüsünə Aqşinin bu gün əsəbi olduğunu və ona fikir verməməsini bildirərək onu istədiyi yerə çatdırmasını xahiş etmişdir. Taksi sürücüsü isə komendant saat yaxınlaşdığından Aqşini aparmaqdan imtina etmiş, Aqşin onun yaşadığı evə gəlmiş, o Aqşinə onun evində qalmasını təklif etsə də, Aqşin razılaşmamışdır. Bundan sonra onun yaşadığı evdən çıxaraq “Qara Qarayev” ərazisinə gedəcəyini bildirmişdir. Bir müddət sonra isə məhəllə dostu Elmar ona zəng edərək qardaşı Aqşinin Kamili “Hövsan” marketin qarşısında bıçaqladığını ona bildirmiş, daha sonra isə Aqşinin könüllü olaraq 30-cu PŞ-nə təslim olduğunu öyrənmişdir. İş materiallarında olan 30.10.2020-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 20 nömrəli binanın arxasında yerləşən “Hövsan” marketin qarşısıdır. (Cild 01, iş vərəqə 03-08) İş materiallarında olan 01.11.2020-ci il tarixli “əşyanın tanımaya təqdim edilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş bıçağı tanıyaraq hadisə zamanı zərərçəkmiş şəxs Kamil Məmmədova xəsarət yetirərkən istifadə etdiyi bıçaq olduğunu bildirmişdir. (Cild 01, iş vərəqə 86-87) İş materiallarında olan Təhlükəsiz Şəhər Xidmətinin TŞ 10-023 nömrəli videomüşahidə qurğusu ilə qeydə alınmış, hadisəyə dair videogörüntüləri əks etdirən 02 ədəd diskə baxış keçirilməsi barədə 11 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30.10.2020-ci il tarixdə, saat 20:24-də Zərərçəkmiş şəxs çoxsaylı bıçaq zərbələri vurmuş və həmin vaxt ətrafa toplaşan şəxslərin fəal müdaxiləsi nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayrılaraq hadisə yerindən qaçıb getmişdir. (Cild 02, iş vərəqə 10-11) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X2” X10 18 noyabr 2020-ci il tarixli, 1047 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hemopnevmotoroksla müşayiət olunan döş qəfəsinin sol yarısının daxilə nüfuz edən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun 2 (iki) ədəd, sağ bazunun 1(bir) ədəd, sol qulaqönü nahiyənin 1(bir) ədəd, sağ təpə nahiyəsinin 1 (bir) ədəd, döş qəfəsinin 2 (iki) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, cəmi 10 ədəd xəsarət müəyyən edilmişdir. Həmin xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin, bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 30.10.2020-ci il tarixdə əmələ gələ bilərlər və dərəcəsinə görə daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya; daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərərvurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur, lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilmələri nəticəsində alınmaları inkar olunur. Həmin xəsarətlərin eyni xüsusiyyətə malik müxtəlif deşici-kəsici əşyanın, o cümlədən ekspertizaya təqdim edilmiş bıçaq təsirindən alınması inkar olunmur. (Cild 02, iş vərəqə 26-29) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X2” X10 13.11.2020-ci il tarixli 1026 nömrəli rəyində göstərilmişdir ki, Şahid4 bədən səthində sağ alt göz qapağı nahiyəsinin qançırı xəsarəti müəyyən edilmişdir. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 30.10.2020-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (Cild 02, iş vərəqə 76-77) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 12 yanvar 2021-ci il tarixli 557/2020-MTKŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs oğluna məxsus köynəyin ön hissəsinin solorta nahiyəsində üç ədəd, köynəyin sol qolunun yuxarı-bayır nahiyəsində bir ədəd və köynəyin arxa hissəsinin sol-yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin və onun bədənində olan xəsarətlərin ( döş qəfəsinin sol yarısının daxilə nüfuz edən üç ədəd, sol bazunun iki ədəd, sağ bazunun bir ədəd, qulaq önü nahiyənin bir ədəd, sağ təpə nahiyəsinin bir ədəd, döş qəfəsinin iki ədəd deşilmiş-kəsilmiş yaraları) ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa hissəsinin sağ-yuxarı nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizminə malikdir, şalvarın müvafiq nahiyəsinin hər hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçaqdır və soyuq silah hesab edilmir. (Cild 02, iş vərəqə 81-85) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 04 dekabr 2020-ci il tarixli 871/2020-MTBŞ nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu O-alfa, beta (İ), Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu, ABO sistemi üzrə A beta(İİ) Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkcə, şalvar, Zərərçəkmiş şəxs məxsus mayka, bıçaq, 02 ədəd plastmas çubuğa sarınmış pambıq tampona keçirilmiş ləkələrdə A beta (İİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 02, 31-36) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin 20.11.2020-ci il tarixli 2301 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 02, iş vərəqə 72-74) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 5/858, 5/895 saylı, 11 dekabr 2020-ci il tarixli, 23 dekabr 2020-ci il tarixli rəylərindən görünür ki, Zərərçəkmiş şəxsla Şahid4 arasında telefon danışığı, mesajlaşma və sair aşkar olunmamışdır. (Cild 02, iş vərəqə 39-41, 65-68) İş materiallarında olan, 24 dekabr 2020-ci il tarixli, 25 dekabr 2020-ci il tarixli, 19 yanvar 2021-ci il tarixli baxış keçirilməsi barədə protokollardan görünür ki, Zərərçəkmiş şəxsla Şahid4 arasında telefon danışığı, mesajlaşma və sair aşkar olmamışdır. (Cild 02, iş vərəqə 46-49) İş materiallarında olan 29 avqust 2018-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29.08.2018-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu olmuşdur. (cild 1, iş vərəqə 30) Məhkəmə ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini və digər iş materiallarını tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Rafail oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-nin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi qiymətdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində izah olunur qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Birbaşa qəsdin tərifini təsbit edən CM-nin 25.2-ci maddəsinə görə, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab edilir. X11 4-cü bəndində izah olunur ki, Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsində tövsifedici əlamətlər və CM-in 121-123-cü, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədi ilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Rafail oğlu birbaşa qəsdlə (həyatdan məhrum etməyi arzu edərək), Zərərçəkmiş şəxs bıçaqla çoxsaylı zərbələr vurduğundan, lakin iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs öldürmək məqsədinə çata bilməmiş, cinayətkar hərəkətini başa çatdırmadığından, onun əməli düzgün olaraq qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilmişdir. X11 6-cı bəndinin 1-ci abzasında qeyd edilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Qeyd olunan Plenum qərarının 6-cı bəndinin 3-cü abzasına əsasən, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Münaqişə və ya dalaşma zamanı qəsdən adam öldürmə, bir qayda olaraq, zərər çəkmiş şəxsi qətlə yetirməyə əvvəlcədən düşünülməmiş niyyətin olması ilə xarakterizə olunur. Tövsifedici əlamətlər olmadan dalaşma zamanı adam öldürmə tərəflərdən hansının dalaşmanın təşəbbüskarı kimi çıxış etməsindən, habelə dalaşmanın qarşılıqlı olubolmamasından asılı olmayaraq hər bir halda CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. AR CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş qəsdən adam öldürməyə qısqanclıq, qisas motivləri, şəxsi qərəzlik, nifrət, paxıllıq hissi ilə, habelə şəxsi münasibətlər zəminində yaranan mübahisə və ya dalaşma zamanı qəsdən adam öldürmə halları aid edilir. Qısqanclıq motivi ilə adam öldürmə ağırlaşdırıcı və ya yüngülləşdirici hallar olmadıqda AR CM-in 120.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Əməlin AR CM-in 120.1-ci maddəsi ilə tövsif olunması üçün həqiqi, yaxud xəyali (həqiqətdə mövcud olmayan) qısqanclıq hissinin olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Qısqanclıq hissi ilə adam öldürməni xuliqanlıq niyyəti ilə adam öldürmədən fərqləndirmək lazımdır. Xuliqanlıq niyyəti ilə adam öldürmədə qısqanclıq hissi yalnız bəhanə kimi istifadə olunur. Bu halda zərərçəkmiş şəxs təqsirkara qısqanclıq hissinin yaranması üçün heç bir səbəb vermir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini xuliqanlıq niyyəti ilə deyil, qısqanclıq motivi ilə törətmiş, heç bir səbəb olmadan və ya bəhanə ilə digər şəxsin həyatına qəsd etmə kimi əlamətlər onun əməlində özünü büruzə verməmiş, davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməmiş, şəxsiyyətini başqa şəxsin fövqündə qoymamışdır. İbtidai istintaq orqanı yalnız Təqsirləndirilən şəxs Rafail oğlunun qısqanclıqla bağlı şübhələrinin sübuta yetirilməməsi səbəbindən ona qarşı AR CM-in 29, 120.2.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Lakin, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin də ifadələrindən görünür ki, təqsirləndirilən şəxs qısqanclıq motivini bəhanə edərək qeyd edilən cinayəti törətmək niyyətində olmamış, həqiqətən də baş vermiş hadisələrin mexanizmi, həm həyat yoldaşı Şahid4, həm də dostu Zərərçəkmiş şəxs şübhəli davranışları onun təxəyyülündə qısqanclıq motivinin yaranmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə yuxarıda göstərilən xüsusatları və təkzibedilməz sübutların məcmusunu əsas tutaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 sentyabr 2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 219) İş materiallarında olan Suraxanı RİHB-nin Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 111) İş materiallarında olan Suraxanı RİHB-nin Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid4, uşaqları 2010-cu il təvəllüdlü X7 və 2012-ci il təvəllüdlü X6 ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 34 B saylı evdə yaşayır. (cild 02, iş vərəqə 110) İş materiallarında olan, Suraxanı rayon prokuroru cənab Rəşid Mahmudovun ünvanına ünvanlanmış 05.02.2021-ci il tarixli ərizədən görünür ki, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Rafail oğlu ilə barışdığını, ona qarşı tələbinin və şikayətinin olmadığını bildirərək istintaq zamanı nəzərə alınmasını xahiş etmişdir. (cild 2 iş vərəqə 107). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və ya tələbi yoxdur. İş materiallarında olan Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mikayılovun 31.10.2020-ci il tarixli nk-1918 saylı raportundan görünür ki, X3, hadisəni törətdikdən sonra 30.10.2020-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə könüllü şəkildə gələrək təslim olmuşdur. (cild 01, iş vərəqə 50-51) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2012-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir: cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması; cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır); cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi. Göründüyü kimi Təqsirləndirilən şəxs Rafail oğlunun hərəkəti könüllü gəlməklə təqsirini boynuna alma kimi qiymətləndirilməlidir. Məhkəmə AR CM-in 59.1.4, 59.1.10 və 59.1.12-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin onu bağışlamasını, himayəsində iki azyaşlı uşağının olmasını, polis şöbəsinə könüllü gedib təqsirini boynuna alaraq təslim olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən AR CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 04 nömrəli Qərarının 9-cu bəndinin 2-ci və 3-cü abzaslarında qeyd edilir ki, cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-in 63.2 və 63.3-cü maddələri ilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq olmamaqla cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Suraxanı rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qara rəngli şalvar, köynək, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş alt paltarı-mayka, alt paltarı-tuman, şalvar, köynək və gödəkcə yararsız olduğundan və hadisə yerindən götürülmüş qan nümunələri, cinayətin aləti olan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq, cinayət işi üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 119 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 31.10.2020-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01.11.2020-ci il tarixli, 4(010)-250/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli 31 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Lakin, iş materiallarında olan Suraxanı RPİ-nin 30-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mikayılovun 31.10.2020-ci il tarixli nk-1918 saylı raportundan görünür ki, Təqsirləndirilən şəxs Rafail oğlu 30.10.2020-ci il tarixdə polis şöbəsinə könüllü şəkildə gələrək təslim olmuşdur. AR Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkmə müddətinin başlanğıcı 30 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Suraxanı rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qara rəngli şalvar və köynək, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş alt paltarı-mayka, alt paltarı-tuman, şalvar, köynək və gödəkçə, hadisə yerindən götürülmüş qan nümunələri və cinayətin aləti olan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 119 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-817/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-817/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver