Məhkəmə qərarları › İş №1(101)-817/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-817/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-817/2022 15.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X5 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Probono” Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Elman oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10.05.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apelyasiya Məhkəməsinin 15.07.2016-cı il tarixli qərarı ilə cəzası 03 ilə endirilmiş və AR Prezidentinin sərəncamına əsasən Əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmuş və qanunsuz olaraq soyuq silahı əldə etməklə gəzdirmişdir. Belə ki, o, 07 may 2021-ci il tarixdə, saat 23:30 radələrində ünvan 2 ünvanın qarşısında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs Elman oğlu ilə rastlaşdıqda, sonuncudan ona olan borcunu tələb edib istəyərkən bununla bağlı aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranmış və mübahisə zamanı Zərərçəkmiş şəxs onu yumruqla sifətindən vurduqda, üzərində gəzdirdiyi çantadan bir ədəd zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ov bıçağını çıxararaq, Zərərçəkmiş şəxs döş qəfəsindən və qarnından ümumilikdə iki dəfə zərbə endirib, sonuncuya döş qəfəsinin ön səthinin sol yarısının və qarının ön divarının daxilə nüfuz edən mədəni, diafraqmanı və kiçik piyliyi zədələyərək daxili qanaxma törədən deşilmiş-kəsilmiş yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Bundan başqa, o, 10 may 2021-ci il tarixdə, saat 19 radələrində Nəsimi rayon Polis idarəsində olan zaman əynində olan mavi rəngli gödəkcəsinin sol yan cibindən milli geyim ləvazimatı və ovçuluq peşəsi ilə bağlı olmayan, məlum olmayan mənbədən və vaxtdan qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ov bıçağı aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuş, azadlığa çıxdıqdan sonra fərdi qaydada mebel ustası işləyib ailəsini dolandırmışdır. Zərərçəkmiş şəxs 3-4 il müddətində Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayan şəxs kimi tanımışdır. Eyubun yaşadığı qəsəbədə qonşularından kiminsə evində mebel yığarkən tanış olmuşdur. Həmin ərəfələrdə o, Suraxanı rayonu Əmircan qəsəbəsində mebel sexini icarəyə götürüb işlətmişdir. Eyub tez-tez onun yanına gəlmiş, birlikdə oturub onunla və digər ustalarla söhbət etmişdir. Eyubla heç vaxt düşmənçiliyi və ədavəti olmamış, bir tanış kimi həmişə normal münasibətləri olmuşdur. Hadisədən 1 il əvvəl, yəni 2020-ci ilin dekabr aylarında o, sexdə olarkən Eyub ora gəlmiş, bir qədər söhbət etdikdən sonra ailə probleminin olduğunu demiş, anasının xərçəng xəstəsi olduğunu bildirmişdir. Eyub anasının müalicəsini davam etdirmək üçün pul lazım olduğunu bildirərək, ondan borca pul istəmişdir. Eyubun anası haqqında danışmağı ona pis təsir etmişdir. Eyubdan nə qədər pul lazım olduğunu soruşduqda sonuncu demişdir ki, 1500 manat pul lazımdır, həmin pulu 2 həftəyə geri qaytaracaqdır. O, üzərində pul olmadığını, lakin sabahısı gün 1300 manat pul düzəldib ona borc olaraq verə biləcəyini demişdir. Həmin günü evə gedərək evdə saxladığı pulu götürüb 1300 manat pul düzəltmiş, səhəri günü işlədiyi mebel sexinə gəlmişdir. Eyub da sexə gəlmiş, o, 1300 manat pulu Eyuba borc olaraq vermişdir. Bundan sonra Eyub 2 həftə ərzində bir neçə dəfə də sexə gəlib-getmişdir. 2 həftə keçdikdən sonra Eyuba mobil telefon vasitəsi ilə zəng vurub, aldığı borcu qaytarmasını xahiş etdikdə, sonuncu demişdir ki, hələ qaytarmağa pulu yoxdur. Təxminən 1-2 ay keçdikdən sonra mobil telefon vasitəsi ilə Eyuba zəng vurduqda Eyub artıq onun zənglərinə cavab verməmiş, daha sonra onun mobil telefonuna zəng çatmamışdır. Eyubun yaşadığı evin yaxınlığına gedərək onun evə gəlməyini gözləmiş, lakin Eyubu görə bilməmişdir. Daha sonra başqa mobil nömrələrlə Eyuba zəng vurduqda sonuncu mobil telefonu götürmüşdür. Eyubdan pulu istəyəndə bəhanə gətirərək səbirli olmasını, 1-2 günə pulu qaytaracağını demiş, lakin sonralar yenə onun zənglərinə cavab verməmişdir. Hadisə olmamışdan təxminən 4-5 gün əvvəl yaşadığı Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən avtobus dayanacağında təsadüfən Eyubu görmüş, ona yaxınlaşıb irad bildirərək pula görə qaçıb gizlənməsinə ehtiyac olmadığını demişdir. Belə dedikdə Eyub cavab olaraq ona «Ağlın olardı mənə borc verməzdin, Vermirəm!» deyə cavab vermişdir. Eyub yenə ona demişdir ki, səbirli olsun, 1 və yaxud da ən geci 2 günə aldığı borc pulu qaytaracaqdır. 07 may 2021-ci il tarixdə gün ərzində Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən mebel sexində olmuş, həmin günü tanımadığı 1 müştəri zəng vuraraq yaşadığı mənzilə mebel düzəltdirmək istədiyini bildirmişdir. Bir qədər mobil telefonla danışdıqdan sonra razılaşmışdır ki, axşam saatlarında olsa da yaşadığı mənzilə gələrək mebelin ölçülərini götürüb sifarişi qəbul edər. Təxminən saat 22 radələrində Əmircan qəsəbəsindən çıxaraq taksi ilə Nizami rayonu «Koroğlu» metrostansiyasının yanına getmiş, oradan yenidən taksiyə əyləşərək Nəsimi rayonu 3-cü mikrorayon dairəsinə getmişdir. Sonra piyada 3-cü mikrorayon dairəsindən «Şamaxinka» adlanan yerə piyada hərəkət etmiş, işıqforun yanında olan dayanacaqdan xətt avtobuslarına minərək Biləcəri qəsəbəsinə getmişdir. Piyada hərəkət edərək ünvan 2 ünvanda yerləşən yaşayış binasının yanına çatdıqda, «Çempion» marketin qarşısında təsadüfən Eyubla rastlaşmışdır. Dayanıb Eyubla salamlaşmış və niyə onun zənglərinə cavab vermədiyini demişdir. Eyub ona kobud cavab vermiş və danışığının tonunu artıraraq onun üstünə qışqırmışdır. O, Eyuba demişdir ki, tanıdığı 4-5 oğlana zəng vursun ki, kim düzgün hərəkət etmir. Aralarında mübəhisə olmuş, ətrafda adamlar görməsin deyə 46 saylı binanın blokunun qarşısına keçmişlər. Həmin yer qaranlıq olmuş və ətrafda heç kim olmamışdır. Eyubla mübahisə edən zaman sonuncu ona nalayiq söyüşlər söymüşdür. Eyub qəflətən onun üz nahiyyəsinə bərk yumruq vurmuş, zərbənin gücündən o, geri çəkilmişdir. Çənə nahiyyəsində şiddətli ağrılar yaranmış, fiziki cəhətdən Eyubdan zəif olduğundan onunla dalaşmamışdır ki, ona gücü çatmaz. Eyubun onu yenidən vurmasından ehtiyat edib, yaxında olan «Çempion» marketə girib mağazasının vitrinində olan bıçağı götürərək, gəlib Eyubu bıçaqla 2 dəfə vurmuşdur. Eyub yıxılmış, o isə bıçağı tullamışdır. Hər ikisi oradan aralanmışlar, geriyə baxdıqda görmüşdür ki, Eyub yolun əks istiqamətinə keçərək gedir. O da yaşadığı evə getmiş, evə qayıtdıqdan sonra üz nahiyyəsində ağrılar olmuş, bunula əlaqədar həkimə müraciət etmiş və müayinə olunmuşdur. Zərərçəkmiş şəxs əvvəlcədən xəsarət yetirmək fikri olmamış, sonuncu onu yumruqla vurduqdan sonra Eyubu bıçaqla vurmuşdur. Hazırda da törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında qismən ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin bir hissəsi məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində o göstərmişdir ki, Eyubun onu vurmasından hiddətlənib üzərində olan çantanın içərisində saxladığı açılıb-qatlanan bıçağı çıxarıb Eyubun qarın nahiyyəsinə ardıcıl olaraq 2 dəfə zərbə vurmuşdur. Hadisə vaxtı istifadə etdiyi bıçağı 1 il olar ki, 8-ci kilometr bazarından almışdır. Mebel ustası işlədiyindən işdə istifadə etmək üçün onu üzərində olan balaca iş çantasının içərisində gəzdirmişdir. Hadisə vaxtı da o, mebel sifarişi götürmək üçün getmiş, üzərində olan bıçaqdan əlavə əlində olan çantada digər ləvazimatlar olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsinin bıçaqla bağlı hissəsinin müstəntiq tərəfindən yazıldığını, savadı olmadığı üçün ifadəsini oxumadan imzaladığını, üzərində bıçaq gəzdirmədiyini, hadisə zamanı istifadə etdiyi bıçağı «Çempion» marketən götürdüyünü və sonra harasa atdığını bildmirşdir. Müstəntiqə üzərində bıçaq oldağını bildirəndə müstəntiq ona «bıçaq bıçaqdır nə fərqi var» demiş və həmin bıçağı maddi sübut kimi işə qoymuşdur. Məhkəmədə ifadə vermiş Zərərçəkmiş şəxs Elman oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1 ildən çoxdur ki, tanıyır. Kamran onun yaşadığı kənddə kiməsə mebel düzəldən zaman onunla tanış olmuşdur. Təqsirləndirilən şəxsla əvvəllər lap yaxın olmasalar da haradasa bir-birlərini görən zaman salamlaşıb hal-əhval tutmuşlar. 2020-ci ilin sonlarında pula ehtiyacı olduğu üçün Kamrandan 1300 manat borc olaraq pul almışdır. Lakin maddi çətinliyi ilə əlaqədar olaraq söz verdiyi vaxta Kamrana olan borcunu geri qaytara bilməmişdir. Kamranla bir neçə dəfə mobil telefonla danışdıqda borcu ondan istəmişdir. 07 may 2021-ci il tarixdə gün boyu yaşadığı evdə olmuşdur. Şəxsi işləri olduğu üçün saat 23 radələrində taksi ilə yaşadığı evdən Nəsimi rayonu 3-cü mikrorayon ərazisinə gəlmişdir. Oradan piyada olaraq «Şamaxinka» deyilən əraziyə qalxmış, 5-10 dəqiqə ərzində işlərini gördükdən sonra yenidən Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ilə 3-cü mikrorayon dairəsi istiqamətində piyada hərəkət etməyə başlamışdır. ünvan 3 ünvanın yanına çatdıqda Təqsirləndirilən şəxs əks istiqamətdə piyada onunla üzbəüz gəldiyini görmüşdür. Bir-birlərini gördükdə dayanıb salamlaşmışlar. Kamran ondan nə üçün mobil telefonlarına cavab vermədiyini soruşmuş, o, Kamrana maddi cəhətdən problemlərinin olduğunu demişdir. Onlar arasında bir neçə dəqiqə ərzində sözlə mübahisə olmuşdur. Onlar öz aralarında mübahisə etmişlər, həmin yer binanın yanı olmuş, camaat görməsin deyə onlar bundan sonra 46 saylı binanın qarşısına, yəni binanın blokunun qarşısına keçmişlər. Həmin yer qaranlıq olmuş və ətrafda heç kim olmamışdır. Həmin yerdə təxminən 2-3 dəqiqə söhbət etmişlər. Söhbət zamanı Kamranla aralarında əvvəlcə sözlə mübahisə baş vermiş və qarşılıqlı olaraq birbirlərinin ünvanlarına nalayiq ifadələr işlətmişlər. Aralarında olan mübahisə gedişatında o, əsəbiləşərək Kamranın üz nahiyyəsinə yumruqla zərbə vurmuş, zərbənin gücündən Kamran geri getmiş, lakin yıxılmamışdır. Kamran bir az ondan aralanıb sonra qayıdaraq onu 2 dəfə bıçaqla vurmuşdur. Qaranlıq olduğundan Kamranın bıçağı hardan əldə etməsini və bıçağın neçə olmasını görməmişdir. Sonra hər ikisi həmin yeri tərk etmişlər, o, evinə getmək istəmiş, lakin bədənində qan axdığını görərək xəstəxanaya getmək qərarına gəlmişdir. Əvvəlcə piyada olaraq X3 getmiş, lakin ora çatdıqda bilmişdir ki, həmin xəstəxana «Covid-19» pandemiyasına yoluxmuş xəstələri qəbul edir, buna görə də ora daxil ola bilməmişdir. Daha sonra yol kənarında dayanıb bir qədər gözləmiş, artıq ondan çox qan getdiyini bilmiş, onda halsızlıq yaranmışdır. 08 may 2021-ci il tarixdə saat 03 radələrində markasını və dövlət qeydiyyat nişınını xatırlamadığı taksinin hərəkət etdiyini görüb əli ilə işarə verib onu dayandırmışdır. Həmin avtomobilə əyləşərək onu xəstəxanaya çatdırmasını xahiş etmişdir. Həmin taksi sürücüsü onu 3 saylı şəhər kilinik xəstəxanasına aparmış, lakin taksi sürücüsünə harada və hansı şəraitdə xəsarət almağı barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs qarşı bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Elman oğlunun məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında qismən ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin həmin hissəsi məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində o göstərmişdir ki, hadisə zamanı Kamran əynində olan çantanın içərisindən bıçaq çıxarıb onun qarın nahiyyəsinə ardıcıl olaraq 2 dəfə zərbə vurmuşdur. Bıçaq açılıb-qatlanan bıçaq olmuş, qaranlıq olduğundan bıçağın rəngini və uzunluğunu görə bilməmişdir. Zərərçəkmiş şəxs Elman oğlu bildirmişdir ki, məhkəmədə verdiyi ifadəsi düzdür, Kamranın əlində çanta olmasını, çantadan bıçaq çıxarmasını, ona xəsəarət yerirdiyi bıçağı hardan əldə etməsini, necə bıçaq olduğunu görməmiş, ifadəsi alındarkən özündə olmadığından ifadəsinin həmin hissəsi müstəniq tərəfindən yazılmış, o da ifadəsini oxumadan imza etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir iddia və ya tələbi yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafı, zərərçəkmiş şəxsin məhkəmədə verdiyi və məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələri, müvafiq ekspertiza rəyləri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 10 may 2021-ci il tarixli qərar, götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi bir ədəd bıçaq müvafiq qaydada ondan götürülməklə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq qatlanan tiplidir, dəstək və tiyədən ibarət olmaqla tiyəsi açıq vəziyyətdə ümumi uzunluğu 230 mm-dir. Bıçağın tiyəsi boz rəngli metaldandır, uzunluğu 95 mm, aşağı hissəsində eni 27 mm, orta hissədə eni 24 mm, uc hissədə isə eni 1 mm-dir. Tiyənin bir kənarı itilənmiş, digər kənarı isə itilənməmişdir. Bıçağın dəstəyi gümüşü rəngdədir, orta hissəsində qırmızı rəngli taxta material vardır, dəstəyin uzunluğu 135 mm, eni 23 mm-dən 35 mm-dəkdir, qalınlığı 12 mm-dir. Cinayət işinin materiallarında olan 20 may 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Elman oğlunun hadisə vaxtı əynində olmuş gödəkcənin bir səthi tünd qəhvəyi rəngli, digər səthi isə açıq qəhvəyi rənglidir, uzunqol olmaqla hər iki səthi geyinilir, gödəkcə öndən zəncirdbəndlə bağlanır. Gödəkcə geyilmişdir, qollarının aşağı kənarı, yaxalığı və aşağı hissəsi manjetlidir, hər iki yan tərəfində cibləri vardır, ciblər boşdur. Gödəkcənin ön səthinin sol yarısında bir ədəd deşilmiş zədə və qana bənzər ləkə müşahidə olunur. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş pulover tünd göy rəngli olmaqla yunaoxşar materialdandır, uzunqoldur, yaxalığı yuxarı hissədə zəncirbəndlə bağlanır. Pulover geyilmişdir, üzəri çirklidir, sol tərəfində kiflənmə izləri var. Puloverin ön səthinin sol yarısında bir ədəd deşilmiş zədə və qana bənzər ləkə müşahidə olunur. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 iyun 2021-ci il tarixli 455 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Elman oğlunun bədənində aşkar edilmiş döş qəfəsinin ön səthinin sol yarısının 1 (bir) ədəd və qarının ön divarının 1 (bir) ədəd daxilə nüfuz edən mədəni, diafraqmanı və kiçik piyliyi zədələyərək daxili qanaxma törədən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Bakı Baş Sİ-nin 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət etdiyi tarixdən bir qədər əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən 07.05.2021-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilmələri mümkündür. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 23 iyul 2021-ci il tarixli, 475/2021-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Elman oğlunun ABO sistemi üzrə qrup göstəricisi O(İ). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkcə və kofta üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız «H» antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa,beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş bir ədəd bıçaq üzərində qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan məhkəmə trasoloji ekspertizasının 315/MTKŞ 2021 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş Zərərçəkmiş şəxs Elman oğluna məxsus gödəkcənin və puloverin hər birinin ön səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Təqdim edilmiş paltarların üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsi inkar olunmur. Cinayət işinin materiallarında olan məhkəmə-soyuq silahların kriminalistik 17.12.2021-ci il tarixli, 781-MTKŞ/2021 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17 dekabr 2021-ci il tarixli, 3007 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İnadkarlıq, hövsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq, tez özündən çıxmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları, fərdi-psixi xüsusiyyətləri nəzərə alınmaqla hadisə baş verən zaman və ondan sonra etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs 08 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində axtarış elan olunmuşdur. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs 08 dekabr 2021-ci il tarixdə könüllü olaraq istintaqa gələrək təslim olmuş, və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Bakı Ağar Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş və o, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasın göndərilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən və hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10.05.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apelyasiya Məhkəməsinin 15.07.2016-cı il tarixli qərarı ilə cəzası 03 ilə endirilmiş və AR Prezidentinin sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, hazırda məhkumluğu ödənilməmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutlan əməlləri törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ferdiyi ifadələrində ibtidai istintaq zamanı verdiyi ifadəsinin bıçaqla bağlı hissəsinin müstəntiq tərəfindən yazıldığını, savadı olmadığı üçün ifadəsini oxumadan imzaladığını, üzərində bıçaq gəzdirmədiyini, hadisə zamanı istifadə etdiyi bıçağı «Çempion» marketən götürdüyünü və sonra harasa atması kimi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Məhkəmə onun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunmuş ifadələrini işin fiktiki hallarına daha uyğun olduğunu hesab edir. Bundan başqa məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Elman oğlunun məhkəmədə ferdiyi ifadələrində hadisə zamanı Kamranın əlində çanta olmasını, çantadan bıçaq çıxarmasını, ona xəsəarət yerirdiyi bıçağı hardan əldə etməsini, bıçağın necə bıçaq olduğunu görməməsi, həmin ifadələrin müstəniq tərəfindən yazılması və onun tərəfindən oxunmadan imza etməsi kimi ifadələrini digər şəxsi cinayət məsuliyyətindən qurtarmaq üçün uydurulmuş ifadələr kimi qiymətləndirir. Məhkəmə onun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunmuş ifadələrini işin fiktiki hallarına daha uyğun olduğunu hesab edir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs Elman oğlunun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza vəya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal cinayətin təhlükəli residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi olduğu üçün o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Elman oğluna məxsus hadisə vaxtı əynində olmuş bir ədəd gödəkcə və bir ədəd pulover məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan 17 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Probono” Vəkil Bürosunun vəkili X1 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan 17 mart 2022-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Elman oğluna məxsus hadisə vaxtı əynində olmuş bir ədəd gödəkcə və bir ədəd pulover məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Probono” Vəkil Bürosunun vəkili X1 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar