Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-818/2023 23.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X4 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan-rus dillərində tərcüməçilər - X6 və X2 iştirakı ilə, 6 iyun 1986-cı ildə Rusiya Federasiyasının Novosibirsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər "xxxx" Holding MMC-də işləmiş, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Həsənsu ərazi dairəsi, Həsənsu kəndində qeydiyyatda olan və faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 10,068 qram olan psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 15 sentyabr 2022-ci il tarixdə saat 1:05-də Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 29/42 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2Pİ-nin 36-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş, həmin bölmədə videoçəkilişdən istifadə etməklə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 10,068 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə gecə saat 22-23 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 29/42 ünvanının yaxınlığında piyada hərəkət edən zaman mülki geyimli şəxslər yaxınlaşaraq onu Xətai RPİ-nin 36-cı PB-nə aparmışlar. Həmin bölmədə ona qarşı psixi təzyiq olunmuşdur. Azərbaycan dilində yaxşı bilmədiyi üçün sənədləri oxumadan imzalamışdır. Onun üzərində 1 büküm narkotik vasitə olmuş və həmin bükümü öz şəxsi istifadəsi üçün əldə etmişdir. Tutulmazdan əvvəl sürücü işləmiş və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Tutulmazdan 3-4 ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamış, tez-tez marixuanadan, bəzən isə ayda 1-2 dəfə metafetamindən istifadə etmişdir. Üzərində olan 2 qram metafetaminə görə 170 manat ödəmişdir. Elektron tərəzini özü üçün almışdır ki, narkotik vasitəni əldə edən zaman onu aldatmasınlar. Tutulan vaxt üzərində olan metafetamini elektron tərəzidə çəkməmiş, metafetamini aldıqdan 10 dəqiqə sonra polis əməkdaşları onu saxlamışlar. Metafetamin aldığı şəxslə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamışdır. Metafetamin almağa getməyi ilə bağlı heç kimə məlumat verməmişdir. Metafetaminin qiymətini narkotik vasitə satan şəxslər müəyyən etmiş, 170 manata 10 qram metafetamin almaq mümkün deyil, heroin, metadon və digər narkotik vasitələrin qara bazarda olan qiymətini bilmir. Şəxsi axtarış zamanı tərcüməçi olmamışdır. Azərbaycan dilində oxuya bilir, lakin bölmədə olarkən təzyiq altında olduğu üçün sənədlərə oxumadan imza etmişdir. Ona fiziki təsir göstərsələr də, şikayət etməmiş, ibtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmiş, üzərindən aşkar edilən büküm ona məxsus olmuşdur. 2 qram metafetamin sifariş etmiş, bükümlərin sayı videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən artırılmışdır. Adını bilmədiyi polis əməkdaşları ona xəsarət yetirmişdir. Şahid1 ona fiziki zor tətbiq etdiyini xatırlamır. Onu 7-8 nəfər saxlamış, Rəsul adlı şəxsi tanımır. Polis əməkdaşları ona hədə-qorxu gəldiklərindən şəxsi axtarış zamanı bədənində olan xəsarətləri həbs olunmazdan 1 gün əvvəl yıxılaraq aldığını bildirmiş və polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. Polis əməkdaşlarından qorxduğundan şəxsi axtarış zamanı xəsarətlərlə bağlı şikayətinin olmamasını bildirmiş, bölmədə şəxsi axtarış aparılmazdan əvvəl küçədə və avtomobildə videoçəkiliş aparılmadan üzərinə baxış keçirilmişdir. Həbs qətimkan tədbiri ilə bağlı məhkəmə iclasında polis əməkdaşlarından qorxduğundan, həmçinin döyüldüyünü hakimə bildirməyin doğru olmadığını düşünüb bədənində olan xəsarətlərlə bağlı hakimin sualına cavab olaraq yıxılaraq xəsarət aldığını bildirmişdir. Bakı İstintaq Təcridxanasına daxil olarkən polis əməkdaşları tərəfindən döyüldüyünü deməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə saat təxminən 1:05-də yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 29/42 ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim etmiş və narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onun Xətai RPİ-nin 36cı PB-nə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə gəlmişdir. Bölmədə xidməti otaqların birinə vəkil dəvət olunmuş, sonra onun hüquq və vəzifələri elan edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunan hər hansı əşya olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metafetamini, 1 ədəd elektron tərəzini, şalvarının sol yan cibindən isə 1 ədəd “İphone” markalı mobil telefonu, içərisində 52 manat pul və 2 ədəd bank kartları olan pul kisəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 52 manat pulu və portmanatı özünə qaytarılsa da, özünə məxsus telefonu, bank kartları ona izah edilməklə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqdim etdiyi 1 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristalşəkilli metafetamin aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılma ilə birlikdə çəkisinin 11 qram olması müəyyən edilmişdir. Həmin büküm və elektron tərəzi 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş maddə psixotrop maddə metafetamindir, həmin maddəni satış məqsədilə üzərində saxlamış, özü istifadəçisi olmuş, başqa heç bir yerdə psixotrop maddə saxlamamış, psixotrop maddəni Nərimanov rayonu ərazisindən telefonunda adını “zakladka” kimi qeyd etdiyi şəxsin vasitəsilə əldə etmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metafetamini satış məqsədilə üzərində saxlamış, psixotrop maddələrdən istifadə etmişdir. Psixotrop maddələrin satışı ilə məşğul olmağından heç kimin xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir (cild 1, iş vərəqə 93-95). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 sentyabr 2022-ci il tarixdə idarəyə 6 iyun 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə baş idarə rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli narkotik və psixotrop maddələri satmasına görə ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar baş idarə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq edilmiş qərar barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna və Xətai rayon məhkəməsinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə baş idarənin polis nəfəri, polis serjantı Şahid2 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o və polis nəfəri Şahid2 məlumat əsasında ünvan 4 ünvanın yaxınlığına gəlmiş, saat 1:05-də həmin yerin yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmiş, sonuncu isə müqavimət göstərməyə çalışmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs həmin polis bölməsinə gətirmişlər. Raport yazıb baş idarə rəisinə məruzə etmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü, 1 ədəd elektron tərəzini, şalvarının sol yan cibindən isə 1 ədəd telefonu və 1 ədəd pul kisəsini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsinin içərisinə baxış keçirilən zaman 52 manat və 2 ədəd plastik bank kartları aşkar edilmiş, 52 manat pul və pul kisəsi Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, kristalşəkilli maddə aşkar edilmiş, aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 11 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 7 saylı möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da həmin bükümdə psixotrop maddə metafetamin olmasını, yaxın tanışı “Rəsul” adlı şəxsə satmaq üçün üzərində saxladığını, 1 gün əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Abdulla” adlı şəxsin vasitəsilə “zakladka” edilən yerdən götürdüyünü, həmin yerə narkotik qoyulmasını bildirən şəxsin əlaqə nömrəsinin telefonunda qeyd olunduğunu, bunun müqabilində üzərindən aşkar edilmiş “Kapital Bank” plastik kartına 170 manat pul göndərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs “Rəsul” adlı şəxsə narkotik vasitə satacağı barədə əməliyyat məlumatı olmuş, lakin “Rəsul” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün ona əməliyyat tapşırığı verilməmişdir. Təqsirləndirilən şəxs iri cüssəli olduğu üçün saxlanılan zaman müqavimət göstərməyə çalışmış, lakin təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, 15 sentyabr 2022-ci il tarixdə saat 1:05 dəqiqədə ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Xətai RPİ-nin 36-cı Polis Bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu da əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü, 1 ədəd elektron tərəzini, şalvarının sol yan cibindən isə 1 ədəd telefonu və 1 ədəd pul kisəsini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsinin içərisinə baxış keçirilən zaman 52 manat pul və 2 ədəd plastik bank kartları aşkar edilmişdir. 52 manat pul və pul kisəsi Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, kristalşəkilli maddə aşkar olunmuşdur. Aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 11 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 7 saylı möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da həmin bükümdə psixotrop maddə metafetamin olmasını, yaxın tanışı “Rəsul” adlı şəxsə satmaq üçün üzərində saxladığını, 1 gün əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Abdulla” adlı şəxsin vasitəsilə “zakladka” edilən yerdən götürməsini, həmin yerə narkotik qoyulduğunu bildirən şəxsin əlaqə nömrəsinin telefonunda qeyd olunduğunu və bunun müqabilində üzərindən aşkar edilmiş “Kapital Bank” plastik kartına 170 manat pul göndərildiyini, heç bir şikayətinin olmadığını və xəsarətlərini tutulmazdan 1 gün əvvəl aldığını bildirmişdir (cild 1, iş vərəqə 30-32). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, həmin disk “DVD” formatlıdır, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu da əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü, 1 ədəd elektron tərəzini, şalvarının sol yan cibindən isə 1 ədəd telefonu və 1 ədəd pul kisəsini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsinin içərisinə baxış keçirilən zaman 52 manat pul və 2 ədəd plastik bank kartları aşkar edilmişdir. 52 manat pul və pul kisəsi Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, kristalşəkilli maddə aşkar olunmuşdur. Aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 11 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 7 saylı möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da həmin bükümdə psixotrop maddə metafetamin olmasını, yaxın tanışı “Rəsul” adlı şəxsə satmaq üçün üzərində saxladığını, 1 gün əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Abdulla” adlı şəxsin vasitəsilə “zakladka” edilən yerdən götürməsini, həmin yerə narkotik qoyulduğunu bildirən şəxsin əlaqə nömrəsinin telefonunda qeyd olunduğunu və bunun müqabilində üzərindən aşkar edilmiş “Kapital Bank” plastik kartına 170 manat pul göndərildiyini, heç bir şikayətinin olmadığını və xəsarətlərini tutulmazdan 1 gün əvvəl aldığını bildirmişdir (cild 1, iş vərəqə 64-65). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 sentyabr 2022-ci il tarixli 6/5201 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikasa DİN Zərflər üçün №7” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri və imzaları qeyd edilmiş 1 ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 10,068 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamindir, 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metafetamin izləri vardır, metafetamin iz şəkilində olduğu üçün təmiz çəkisinin müəyyən edilməsi və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metafetaminin ümümi təmiz çəkisi 10,068 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 10,018 qram, cild 1, iş vərəqə 39-41). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 20 oktyabr 2022-ci il tarixli 6199 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə halları olmuş, lakin hazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 184-185). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 18 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən onun təxirəsalınmaz tibbi müayinəsi zamanı bədəninə baxış keçirilərkən sol gözaltı nahiyəsində tünd bənövşəyi rəngli qançır, sol gözün ağlı qişasında qansızma, sol çiyin nahiyəsində sarımtıl-yaşıl qançır və sağ dirsək nahiyəsində üzəri qərtməkli yara müşahidə edilmişdir (cild 2). Həmçinin, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 9 may 2023cü il tarixli məktuba əsasən ilkin tibbi müayinədən keçmiş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitapçanın kserosurətindən görünür ki, təqsirləndirilən şəxs həbs edilməzdən əvvəl yıxılaraq xəsarət aldığını bilirmişdir (cild 2). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 3 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması ilə bağlı müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Polis İdarəsinin MSY-nə qəbul olarkən bədəninin müxtəlif yerlərində xəsarətlər aşkar olunduğunu, bu xəsarətləri tutulmazdan əvvəl aldığını və heç bir şikayəti olmadığını protokola qeyd etmiş və protokolu öz imzası ilə təsdiq etmişdir (cild 2). Məhkəmə, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını və xəsarətləri tutulmazdan 1 gün əvvəl yıxılaraq aldığını, məhkəmədə elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş ibtidai istintaq zamanı ifadəsində polis əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmadığını, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında ilkin tibbi müayinədən keçərək adına açılmış tibbi kitapçasına əsasən həbs edilməzdən əvvəl yıxılaraq xəsarət aldığını bildirməsini nəzərə alaraq “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 3 mart 2023-cü il tarixli qərarı əsaslı hesab edir. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 10,018 qram olan psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 192-203). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 127). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 66-68). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 105-109). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 15 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 10,068 qram olan psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 15 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 10,068 qram olan psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-818/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-818/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver