Məhkəmə qərarları › İş №1(101)-818/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-818/2024

26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-818/2024 26.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X6, X4 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Rasim qızının iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1996-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 26 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 iyun 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda, naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi külli miqdar təşkil etməklə 2,530 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış və 26 iyun 2023-cü il tarixdə, saat 02:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X7 (bundan sonra: DİN-nin, ƏÇPA-nın) əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti 103 ünvanında yerləşən “Dədə Qorqud” parkında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhərni Nərimanov rayon Polis İdarəsinin (bundan sonra: RPİ-nin) 18-ci polis şöbəsinin (PŞ-nin) ünvan 4 ünvanında yerləşən inzibati binasına aparılıb, orada üstündə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi külli miqdar təşkil etməklə 2,530 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli ifadəsində göstərdi ki, o, 26 iyun 2023-cü il tarixdə, gecə saatlarında Şəkidə onunla qonşuluqda yaşayan Fərid adlı dostu ilə zooparkın (burada: hevanxananın) yanındakı “Dədə Qorqud” parkında olarkən polis tərəfindən saxlanılmış, saxlanılarkən onun üzərində 1 qram narkotik vasitə olmuşdur. Saxlanıldıqdan sonra elə oradaca polis əməkdaşları onun və dostunun üstünü yoxlamış, lakin o, narkotik vasitəni corabının içərisində gizlətdiyindən heç nə aşkar olunmamışdır. Dostu Fəriddə isə ümumiyyətlə heç nə aşkar olunmamışdır. Bundan sonra onu bölməyə aparmışlar. Bölmədə üstünə baxış keçirilərkən üstündən narkotik vasitə aşkarlanmışdır. Baxış videoçəkilişlə apaılmış, narkotik vasitəni corabının içərisindən çıxarıb cibinə qoymuş, sonra təqdim etmişdir. Üstündən çıxarılan büküm onun özünün yanında zərfə qoyulub möhürlənmişdir. Fəridin isə üzərindən heç nə çıxmamış, ona şər atılmamış, barəsində heç bir sənədləşmə işi aparılmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, bölmədə onun üstündə 1 qram narkotik aşkar olunsa da, üstündən 2 qram yarım çıxdığı yazılmışdır. Həmin vaxt orda vəkili olmuş, elə vəkilin yanında narkotikin miqdarı qaldırılmışdır. Etiraz etdikdə polis tərəfindən təhqir edilmiş, lakin fiziki zor tətbiq olunmamış, döyülməmiş, ona xəsarət yetirilməmişdir. O, bir qram həmin narkotik vasitəni Yevlaxdan, adını xatırlamadığı şəxsdən 10 manata almış, hətta alandan sonra üstündən götürüb istifadə də etmişlər. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi müvafiq olaraq 26 və 27 iyun 2023-cü il tarixli ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində əməlini səmimi etiraf edib, heç bir dəlil gətirməyərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, küçələrdən, zibilxanalardan metal tullantıları toplayıb onları metal qəbulu məntəqəsinə təhvil verməklə öz xərclərini təmin etməyə çalışmış, tutulmazdan 2-3 ay əvvəl «kakos» adı ilə tanınan narkotik vasitə heroindən istifadə etməyə başlamış, narkotik vasitəni əsasən tanımadığı şəxslərdən pul müqabilində alıb əldə etmiş, son vaxtlar heroini inyeksiya yolu ilə damara yeritməklə qəbul etmişdir. Sonuncu dəfə 23 iyun 2023-cü il tarixdə axşam saatlarında Yevlax rayonunda olarkən əvvəllər tanımadığı, adını «Tural» kimi təqdim edən şəxsdən 10 manat ödəməklə 1 büküm «kakos» (heroin) almışdır. Həmin gün Şəki şəhərinə qayıtdıqdan sonra yaşadığı evin yaxınlığında heroinin üzərindən bir qədər götürüb istifadə etmiş, qalan hissəsini isə gümüşü rəngli kağız bükümə büküb əynindəki şalvarının sağ cibində saxlamışdır. 25 iyun 2023-cü il tarixdə iş axtarmaq məqsədi ilə Bakı şəhərinə gəlmiş, iyun ayının 25-dən 26-a keçən gecə Nərimanov rayonu ərazisində yerləşən «Dədə Qorqud» parkında gəzişərkən təsadüfən həmyerlisi X3 ilə qarşılaşmışdır. Salamlaşdıqdan sonra parka daxil olub oradakı oturacaqlardan birində əyləşmiş və söhbət etmişlər. Təxminən saat 02 radələrində parkda olarkən iki nəfər polis əməkdaşı yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək onlarla sorğu-sual aparmışlar. Üzərində heroin olduğunu xatırladığından polis əməkdaşlarını görüb həyəcanlanmış və onların suallarına rabitəsiz cavablar vermişdir. Polis əməkdaşları onun hərəkətlərindən şübhələndiklərindən onları Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişlər. Üzərindəki narkotik vasitəyə görə həbs olunacağını başa düşsə də polis əməkdaşları onu diqqətlə müşahidə etdiklərindən imkan tapıb şalvarının cibindəki 1 bükümdə olan heroini kənara tullaya bilməmiş və etiraz etməyərək polis əməkdaşlarının müşayiəti ilə Nərimanov RPİ-nin 18-ci PŞ-nə getmişdir. Şöbədə təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Sonra həmin vəkilin, həmçinin polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmış, axtarış zamanı polis əməkdaşları üstündə qanunsuz əşya varsa təqdim etməyi təklif etmişlər. O, əynində olan qara rəngli şalvarının sağ cibində saxladığı 1 (bir) bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə «kakos» olduğunu, onu şəxsi istifadəsi üçün Yevlax rayonunda 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadədərinin davamında göstərmişdir ki, o, üzərində olan narkotik vasitəni təqdim etdikdən sonra polis əməkdaşları ondan üstündə digər qanunsuz əşyaların olub-olmaması barədə soruşduqda, o, üstündə başqa qanunsuz əşyanın olmadığını bildirmişdir. Təhqiqatçı üstünü yoxlamış, başqa heç nə aşkar edilməmişdir. Bundan sonra üstündə axtarış aparılması ilə əlaqədar sənədləşdirmə apararaq protokol tərtib edilmiş və üstündən aşkar olunmuş 1 bükümdə olan «kakos» qablaşdırılmış, möhürlənmişdir. 26 iyun 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə gətirilərkən, habelə həmin şöbəyə gətirildikdən sonra ona qarşı hər hansı formada zor tətbiq olunmamış, təzyiq göstərilməmiş, narkotik vasitəni aldığı Tural adlı şəxsi əvvəllər tanımamış, onun heç bir anket məlumatını bilməmiş, eləcə də ondan heroini alarkən axşam saatları olduğundan xarici görünüşü yadında qalmamışdır. O, hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır, saxlanılarkən onunla birlikdə olmuş X2 onun üzərində narkotik vasitə olması barədə heç bir məlumatı olmamış, ümumiyyətlə F.Mənəfzadə onun narkotikdən istifadə etdiyini bilməmişdir. Onun istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş, başqa nömrəsi olmamışdır (iş vərəqə: 80-83, 100-103). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin, ƏÇPA-nın əməkdaşı – polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 26 iyun 2023-cü il tarixdə gecə, saat 02 radələrində «Dədə Qorqud» parkı ərazisində xidmətdə olarkən parkda əyləşmiş, şəxslərin hərəkətləri şübhə doğurduğundan həmkarı Şahid2 ilə birlikdə onlara yaxınlaşmış, özlərini təqdim edib, şəxsiyyətləri ilə maraqlanmışlar. Həmin şəxslərin Təqsirləndirilən şəxs və X3 olmaları sonradan Polis Şöbəsində öyrənib bilmişdir. Həmin şəxslər davranışları ilə narkotik vasitə aludəçisinə bənzədiklərindən onların şəxsiyyətlərini müəyyən etmək məqsədi ilə onlarla şifahi sorğusual aparmış, üzərlərində kəsici-deşici və ya partlayıcı hər hansı əşya olması ehtimalına əsasən üzərləri üstdən yoxlanılmış, lakin şəxsi axtarış aparmamışlar. Həmin şəxslər özlərini təqdim edərkən rabitəsiz danışdıqlarından və Təqsirləndirilən şəxs oradan yayınmaq istədiyindən onların hər ikisini inzibati ərazi üzrə Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişlər. Bölmədə vəkillərin iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla təhqiqatçı tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs, daha sonra isə Fərid Mənəfzadənin üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ cibindən gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə olan «kakos» olduğunu, həmin «kakos»u Yevlax rayonu ərazisindən aldığını bildirmişdir. Lakin digər şəxsin üzərindən heç nə çıxmamışdır. Şahid1 ifadəsində daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı təqdim etdiyi narkotikdən başqa hər hansı qadağan edilmiş maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və DİN-in 224 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılmasına dair müvafiq protokol tərtib olunmuş, protokol şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İstər Təqsirləndirilən şəxs özünə və istərsə də onunla birlikdə saxlanılmış Fərid adlı şəxsə qarşı polis tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən digər polis əməkdaşı - Azərbaycan Respublikası DİN-nin, ƏÇPA-nın polis nəfəri Şahid2 məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini bir daha təsdiq edərək göstərdi ki, 26 iyun 2023-cü il tarixdə xidməti iş bölgüsünə əsasən əməliyyat qrupunun tərkibində gecə növbəsində olmuş, həmin gün, gecə saat 02 radələrində Azərbaycan Respublikası DİN-nin, ƏÇPA-nın əməkdaşları tərəfindən Bakı şəhəri Nərimanov rayonu Vaqif prospekti 103 ünvanında yerləşən «Dədə Qorqud» parkı ərazisində saxlanılaraq 18-ci PŞ-yə dəvət edilmiş əvvəllər tanımadığı, şəxsiyyətləri sonradan məlum olan Təqsirləndirilən şəxs və X2 üzərində aparılmış şəxsi axtarış prosesində iştirak etmişdir. 18-ci PŞ-nin təhqiqatçısı tərəfindən gətirilən şəxslərin hər ikisi şübhəli şəxs qismində tutulmuş, onun, polis nəfərlərinin və vəkillərin iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla əvvəlcə Təqsirləndirilən şəxs, daha sonra isə Fərid Mənəfzadənin üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşyalar olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ cibindən gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə olan «kakos» olduğunu, həmin «kakos»u Yevlax rayonundan alıb əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı başqa hər hansı qadağan edilmiş maddə aşkar edilməmiş, aşkar edilmiş 1 ədəd büküm isə zərfə qoyularaq qablaşdırılmış və DİN-in 224 saylı möhürü ilə möhürlənmiş və müvafiq protokol tərtib olunmuşdur. Digər şəxsin üzərində aparılmış şəxsi axtarış zamanı isə onun üzərindən hər hansı qadağan edilmiş əşya, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 26 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru Ramil Əmrahzadə Azərbaycan Respublikası DİN-nin, ƏÇPA-nın əməkdaşları tərəfindən 26 iyun 2023-cü il tarixdə gecə, saat 02 radələrində Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs və X2 üzərində videoçəkiliş müşaiyəti ilə şəxsi axtarış aparılmış, təqsirnləndirilən şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə narkotik vasitə heroinə oxşar şübhəli maddə təqdim etmiş, təqdim olunan bir bükümdəki narkotik vasitəyə şübhəli maddə zərfə qoyularaq qablaşdırılmış, DİN-in 224 saylı möhürü ilə möhürlənmiş və müvafiq protokol tərtib olunmuşdur. Tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış və götürmə prosesində təqdim edilmiş narpkotik vasitəyə şübhəli maddə çəkilməmiş, miqdarı müəyyənləşdirilməmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış və götürmə prosesi videolentə alınmış və videogörüntülərin yükləndiyi bir ədəd CD formatlı disk tərtib olunan protokola əlavə olunmuşdur (iş vərəqə: 49-50). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin qeydə alınmış videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 26 iyun 2023-cü il tarixli protokoldan görünür ki, dskdə olan videogörüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” eyni tarixli protokolun məzmununu əhatə edir və prosessual pozuntulara yol verilməsi müəyyən edilməmişdir (iş vərəqə: 77-78). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 iyun 2023-cü il tarixli, 6/3552 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «…Təqsirləndirilən şəxs (imza)…» sözləri olan zərfdəki bir ədəd bükümdə olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir, təmiz çəkisinin 2,530 qram olduğu müəyyən edilmişdir. Tədqiq olunan rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2,530 qram heroin narkotik vasitəsinin 0,100 qram hissəsi tədqiqata sərf edilmiş, 2,430 qram isə qalıq qalmışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 65-68). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5612 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixo-aktiv maddələrin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 171-172). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1930 saylı rəyindən görünür ki, tədqiqat zamanı Təqsirləndirilən şəxs «emosional davamsız şəxsiyyət pozuntusu» aşkar olunmuşdur, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs Əhməd oğlu emosional reaksiyalara meyllilik, implusivlik, hirslilik, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır (iş vərəqə: 178-182). İbtidai istintaq orqanının işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 07 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2,530 qram heroin narkotik vasitəsi və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,430 qram heroin narkotik vasitəsi Nərimanov RPİ-yə saxlanca verilmiş, bir ədəd CD formatlı disk isə cinayət işinin materiallarına əlavə olunmuşdur(iş vərəqə: 185-195, 197). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə ibtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına əməliyyat orqanının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyini, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır (iş vərəqə: 124-125, 161. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməyədək icraat mərhələsində "xxxx" MMC-dən götürülmüş və baxış keçirilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrinə dair məlumatlardan görünür ki, baxış nəticəsində iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (iş vərəqə: 164, 165-170). Ən nəhayət, tədqiq olunan materiallarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə ibtidai istintaq orqanının 07 sentyabr 2023-cü il tarixli qərarına əsasən baxılan – statistik nömrəsi ********* olan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 198-199, 200). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 2,530 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq hesab olunan külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı saxlanılarkən onda cəmi bir qram “kakos” kimi tanıdığı narkotik vasitə olmaması, həmin narkotik vasitəni təqdim etdikdən sonra narkotik vasitənin miqdarının iki qram yarım yazılması, etiraz etdikdə təzyiqlərə məruz qalması, ona qarşı irpəli sürülmüş ittihamda göstərilən narkotik vasitənin polis tərəfindən məcburi qəbul etdirilməsi, onun psixoloji təzyiqlərnə və hədələrə məruz qalması nəticəsində narkotik vasitəni boynuna götürməsi və etirafedici ifadələr verməsi barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 156). Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlərə aid olmasını, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya həddində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 26 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,430 qram heroin narkotik vasitəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 26 iyun 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar - hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri, Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,430 qram heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar