Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-821/2021 09.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Fides» Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxx 1995-ci ildə Şabran rayonunun Günəşli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Şabran rayonunun Günəşli kəndində qrydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 17 may 2020-ci il tarixdə, saat təxminən 22.30-da Quba rayonunun İdrisqışlaq kəndi ərazisində yerləşən «Məkan» adlı kafedə olarkən, onunla həmin kafeni icarə müqaviləsi əsasında işlədən Zərərçəkmiş şəxs2 arasında dostları ilə birlikdə içdikləri pivə və qəlyanaltıya görə ödəməli olduqları hesabın məbləğinə görə yaranmış xırda mübahisədən bəhanə kimi istifadə edərək, alkoqol sərxoşluğu halında, heç bir səbəb olmadan Zərərçəkmiş şəxs2 nalayiq söyüşlərlə təhqir etmiş, əlindəki pivə bakalını və özünə məxsus mobil telefonu yerə çırparaq sındırmış, kafedən çölə çıxarıldıqdan sonra da sakitləşməyərək qərəzli hərəkətlərini davam etdirərək kafenin girişində olan masa və stulları qaldırıb yerə çırparaq aşırmış, iki ədəd işıq plafonlarını əli ilə vurub sındırmaqla ümumilikdə kafeyə məxsus 40 manat məbləğində əmlakı məhv etmiş, onun bu hərəkətlərinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək sonuncuya sol saidin aşağı 1/3-nin iç səthində sıyrıqdan ibarət, sağlamlığa zərər vurmadığına gərə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, bununla da ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə xuliqanlıq etmişdir. Bundan başqa o, 1 avqust 2020-ci il tarixdə, gecə saat 2 radələrində, sərxoş halda, Şabran rayonunun Günəşli kəndində yaşadığı evin qarşısında küçədə, dayısı oğlu Zərərçəkmiş şəxs1 sərxoş halda öz qohumu ilə mübahisə etdiyini görüb, alt paltarında onlara yaxınlaşaraq söhbətlərinə müdaxilə etmiş, bu hərəkətlərinə görə Zərərçəkmiş şəxs1 ona iradını bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı özü ilə evdən gətirdiyi mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 sol bud nahiyyəsinə qəsdən zərbə endirərək ona ehtiyatsızlıqdan ölümünə səbəb olmuş, yetirilən anda həyat üçün təhlükəli olması əlamətinə görə xəsarətlərin ağır növünə aid edilmiş, bud arteriyasının zədələnməsi ilə müşayiət olunan və kəskin xarici qanaxma ilə nəticələnən kəsilmiş-deşilmiş yaradan ibarət bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.3 və 221.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 17 may 2020-ci il saat 22 radələrində dostları Rəşad Tağıyev və Şahid8la birlikdə pivə içmək üçün Quba rayonunun İdrisqışlaq kəndində yerləşən «Məkan» kafesinə getmişdir. Kafedə yeyib-içdikdən sonra ofisiantdan hesabı istəmişdir. Ofisiant ona yaxınlaşıb hesabın 6 manat 50 qəpik olduğunu bildirmiş, o, 6 manat pulunun olduğunu, 50 qəpiyi sonra verə biləcəyini demişdir. Həmin vaxt kafeni işlədən Zərərçəkmiş şəxs2 ona yaxınlaşıb, hesabı tam ödəməsini tələb etmişdir. Bədrixana mütəmadi olaraq həmin kafeyə gəldiyini, aradabir borclu qalıb, pulunu sonra ödədiyini, hazırda da borclu olduğu 50 qəpiyi qaytaracağına əmin olması üçün mobil telefonunu da girov qoya biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 onun təklifi ilə razılaşmayıb pulunu tələb etdikdə, dostu Rəşad Tağıyev 100 manat çıxardıb, Zərərçəkmiş şəxs2 verərək hesabı çıxmağını xahiş etmişdir. Sonuncu hesabı çıxdıqdan sonra Rəşada qalığı qaytarmış və kafenin mətbəxinə keçmişdir. Bədirxanın onun xahişini nəzərə almayıb, dostlarının yanında biabır etdiyinə görə əsəbləşərək özünə məxsus «Samsung» markalı mobil telefonunu, sonra isə qarşısındakı pivə bakalını yerə vuraraq sındırmışdır. Həmin vaxt Bədirxan əsəbi halda ora gəlmiş və aralarında mübahisə yaranmışdır. Dostları onu kafedən həyətə çıxarmış, lakin hirsi soyumadığından kafenin giriş qapısının yanında olan stol və stulu qaldırıb yerə çırpmışdır. Daha sonra kafenin həyətində olan iki ədəd işıq plafonlarını da sındırmışdır. Həmin vaxt orada olan taksi sürücüsü Şıxbala Məmmədov onları idarə etdiyi «VAZ 2199» markalı avtomobilinə əyləşdirərək yaşadıqları kəndə aparıb düşürmüş, lakin o, evə getməyib Şahid8la yenidən «Məkan» kafesinə qayıtmışdır. Bu zaman Bədirxanla arasında yenidən münaqişə yaranmış, lakin Şıxbala yenə də ora gəlib onları avtomobilə mindirərək kafedən uzaqlaşdırmışdır. Hazırda Bədirxana dəymiş ziyanı ödəmişdir. 1 avqust 2020-ci il tarixdə gecə saat 2 radələrində yaşadığı evdə araq və pivə içərək televizora baxmışdır. Həmin vaxt əynində yalnız alt paltarı olmuşdur. Bu zaman çöldən səs-küy eşidib paltarlarını geyinmədən küçəyə çıxmış və qonşuluqda yaşayan dayısı oğlu Zərərçəkmiş şəxs1 digər dayısı Şahid3 qızının əri Nahid Nuruyevlə mübahisə etdiyini görmüşdür. Ələkbərdən nə səbəbə görə mübahisə etdiyini soruşduqda, sonuncu ona tumanla çölə çıxdığına görə irad bildirib əynini geyinməsini tələb etmişdir. Evə qayıdaraq paltarlarını geyinmiş və təkrar küçəyə çıxıb Ələkbərdən mübahisənin səbəbini soruşmuşdur. Bu vaxt sonuncu ona nalayiq söyüşlər söymüş və aralarında əlbayaxa dartışma yaranmışdır. Bu zaman Ələkbərin də içkili olduğunu hiss etmiş, əsəbləşərək yaşadığı evə qayıdıb mətbəxdə olan bıçağı götürüb, mübahisə etdiyi yerə qayıdaraq bıçaqla Ələkbərin sol bud nahiyyəsinə bir dəfə vurmuşdur. Sonuncu yerə yıxılaraq qışqırmağa başlamışdır. Səs-küyə Samir Atamoğlanov, qonşuluqda yaşayan Arif və Şahid7lar, Ələkbərin bacısı Şahid4, arvadı Şahid5 həmin yerə gəlmişlər. O, əlindəki bıçağı yerə atıb evə qayıtmış, təxminən 30 dəqiqə sonra Şabran RPŞ-nin əmakdaşları gəlib onu şöbəyə aparmışlar. Orada Ələkbərin xəstəxanaya aparılarkən yolda öldüyünü eşitmişdir. Ələkbəri öldürmək niyyəti olmamış, söyüş söydüyünə görə sonuncunu cəzalandırmaq məqsədilə xəsarət yetirmək üçün bıçaqla bir dəfə bud nahiyyəsindən vurmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, 1 avqust 2020-ci il tarixdə saat 2 radələrində atası Məzahir Əmirovla birlikdə Sumqayıt şəhərində yaşayan bacısının evində olmuşdur. Həmin vaxt Şabran rayonunun Günəşli kəndindəki qonşuları atası Məzahirə zəng edib, Ələkbərin Taleh tərəfindən bıçaqla vurulduğunu, hazırda onun xəstəxanaya aparıldığını bildirmişlər. Dərhal atası ilə birlikdə Şabran rayonunun Günəşli kəndinə yola düşmüşdür. Rayona çatarkən Ələkbərin öldüyünü eşitmişdir. Sonradan ona məlum olmuşdur ki, mərhum qardaşı Zərərçəkmiş şəxs1 həmin gün gecə saatlarında yaşadığı evdə dayısı Rövşənin qızının əri Nahidlə birlikdə spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranmış, səs-küyə qonşuluqda yaşayan bibisi oğlu Təqsirləndirilən şəxs alt paltarında küçəyə çıxmış, buna görə Ələkbər ona iradını bildirmiş, Taleh evə gedib əynini geyindikdən sonra təkrar küçəyə çıxıb Ələkbərdən mübahisənin səbəbini soruşduqda sonuncu ilə aralarında mübahisə yaranmış, bu zaman Taleh yaşadığı evə gedib mətbəx bıçağını götürüb, Ələkbərin sol bud nahiyyəsindən bir dəfə vuraraq ona xəsarət yetirmiş və qardaşı xəstəxanaya aparılarkən yolda vəfat etmişdir. Təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Quba rayonunun İdrisqışlaq kəndi ərazisində yerləşən «Məkan» kafesini icarə əsasında işlədir. 17 may 2020-ci il saat 22:30-da Təqsirləndirilən şəxs, Şahid8 və Rəşad Tağıyev kafedə əyləşib pivə və noxud sifariş vermişlər. Onların sifarişini restoranın ofisiantı Şahid1 aparmışdır. Təxminən 1 saatdan sonra Lətif onun yanına gəlib müştərilərin hesabının 6 manat 50 qəpik etdiyini, lakin 50 qəpiyi ödəmək istəmədiklərini demişdir. Mətbəxdən çıxıb müştərilərə yaxınlaşaraq hesabı tam ödəməli olduqlarını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs burada mütəmadi yeyib-içdiyini, arabir borclu qalaraq sonra borcunu gətirib qaytardığını və yenə borclu qalmaq istədiyini xahiş etmişdir. O, Talehlə razılaşmayıb hesabı tələb etmiş, bu zaman Rəşad Tağıyev 100 manat pul vermişdir. O, sifarişin pulunu çıxmış, qalığı sonuncuya qaytarıb mətbəxə getmişdir. Bu vaxt dağıntı səsi eşidib dərhal zala qayıtmış, bu zaman Talehin öz mobil telefonunu və pivə bakalını yerə çırpıb dağıtdığını görmüşdür. Bu səbəbdən aralarında mübahisə yaranmış və Talehi kafedən çölə çıxarmağa çalışmışdır. Təqsirləndirilən şəxs restorandan çölə çıxıb, iki ədəd işıq plafonununu sındırmış, sonra yenidən geri qayıdaraq kafenin girişində olan stol və stulları qaldırıb yerə çırpmışdır. O, taksi sürücüsü Şıxbaladan Talehi oradan aparmağı xahiş etmişdir. Şıxbala Talehi avtomobilinə əyləşdirərək restorandan uzaqlaşdırmışdır. Hazırda ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1 avqust 2020-ci il tarixdə saat 22 radələrində kürəkəni Şahid2 və bacısı oğlu Zərərçəkmiş şəxs1la birlikdə kənddə yerləşən mağazadan araq və pivə alıb, sonuncunun evinə gedib həyətində yeyib-içmişlər. Gecə saat 1 radələrində Nahidin telefonda kiminləsə danışdığını görüb, əsəbləşərək sonuncuya iradını bildirmiş, yemək yeyərkən telefonla danışmamağı tələb etmişdir. Buna görə Nahidlə mübahisə etməyə başlamışlar. Ələkbər onların mübahisə etmələrindən hirslənib evini tərk etmələrini tələb etmişdir. O, dərhal oranı tərk edib bacısı Sənubərgilə getmişdir. Evdə olarkən qardaşı Məzahir ona zəng edib Talehin Ələkbəri bıçaqladığını demişdir. Sonradan Ələkbərin xəstəxanaya aparılarkən yolda öldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 1 avqust 2020-ci il tarixdə saat 22 radələrində Şahid3 və Nahid Nuruyev onlara gələrək qardaşı Ələkbəri yuxudan oyatmış, birlikdə kənd mağazasına gedib pivə, araq alıb yenidən evə qayıtmış və həyətdə oturub yeyib-içmişlər. Bu zaman Nahidin mobil telefonuna zəng gəldiyi üçün sonuncu masanı tərk etmişdir. Buna görə də Rövşən Nahidə iradını bildirib telefonu onun əlindən alıb yerə çırpmışdır. Bu zəmində sonuncuların arasında mübahisə yaranmışdır. Ələkbər onların mübahisə etmələrindən hirslənib evini tərk etmələrini tələb etmişdir.Odur ki, Rövşən evi tərk edib, bacısı Sənubərgilin evinə getmişdir. Ələkbər isə Nahidlə mübahisə etməyə, bir-birlərinə qışqırmağa başlamışlar. Bunu eşidən qonşuluqda yaşayan Taleh əynində tumanla küçəyə çıxıb, Ələkbərdən nə baş verdiyini soruşmuşdur. Sonuncu Talehə belə şəkildə çölə çıxmamağı, əynini geyinməyini bildirmişdir. Taleh evə gedib, paltar geyinib yenidən çölə çıxaraq Ələkbərdən nə baş verdiyini soruşmuşdur. Sonuncu nalayiq ifadələr işlədib, Talehə gedib işi ilə məşğul olmağını, ona aid bir məsələ olmadığı bildirmişdir. Taleh yenidən evə gedib qayıtmış, özü ilə gətirdiyi mətbəx bıçağı ilə qəflətən Ələkbərin sol bud nahiyyəsindən bir dəfə vurmuşdur. Sonuncu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, əri Minasim, oğlu Samir, Taleh, Nurlan, gəlini Nəzirə və nəvələri Ramal və Ayxanla birlikdə yaşayır. 1 avqust 2020-ci il tarixdə saat 2 radələrində yataq otağında uzandığı zaman əri Minasim ona su gətirməyini tapşırmışdır. Buna görə otaqdan çıxıb qonaq otağına keçmiş, orada Talehin yatmadığını, əynində tumanla yemək yeyərək televizora baxdığını görmüşdür. Ondan başqa hamı evdə yatmışdır. Elə bu vaxt çöldən səs-küy gəlmiş və Taleh çölə çıxmışdır. 5-10 dəqiqədən sonra o da küçəyə çıxmış və təxminən 20 metr aralıda qardaşı oğlu Ələkbərin digər qardaşı Rövşənin qızının əri Nahidlə savaşdıqlarını görmüşdür. Rövşən isə onların evinin həyətində olan dam kimi düzəlmiş yerdə yatmışdır. Ələkbər Talehə tumanla çölə çıxmamağını, gedib əynini geyinməyini bildirmişdir. Taleh evə gedərək paltarlarını geyinib yenidən qayıtmışdır. Elə bu vaxt o, Ələkbərlə Nahidi sakitləşdirməyə çalışmışdır. Sonuncular ona məhəl qoymayıb mübahisələrinə davam etmişlər. Taleh paltarlarını geyinib qayıtdıqdan sonra Ələkbərdən niyə mübahisə etdiyini soruşmuşdur. Sonuncu Talehə gedib işi ilə məşğul olmağını deyib, nalayiq söyüşlərlə söymüşdür. Həmin vaxt Ələkbər və Taleh hər ikisi içkili olmuşlar. Söyüşlərə görə Taleh gedib evdən mətbəx bıçağı götürüb bir anda Nahidlə mübahisə edən Ələkbərin sol bud nahiyəsindən bir dəfə vurmuşdur. Ələkbər yerə yıxılıb qışqırmağa başlamışdır. O, Talehin əlindən bıçağı alıb, evə aparmışdır. Səy-küyə gələn Ələkbərin arvadı Günel və bacısı Lamiyə Ələkbəri yerdə uzanıqlı vəziyyətdə qan içində görüb, qışqıraraq kömək istəmişlər. Səsə çölə çıxan qonşuları Elnur öz maşını ilə Ələkbəri sonradan səs-küyə oyanaraq hadisə yerinə gələn Samirlə birlikdə xəstəxanaya aparmışlar. Onlar əvvəlcə Şabran RMXna getmiş, oradan isə Xaçmaz RMX-na gedərkən Ələkbər yolda ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 1 avqust 2020-ci il tarixdə, gecə saat 2 radələrində Şabran rayonunun Günəşli kəndində yaşadığı evdə yatmışdır. Həmin vaxt atası Arif onu yuxudan oyadıb qonşusu Ələkbərin bıçaqlandığını və onun təcili xəstəxanaya aparılmalı olduğunu demişdir. Dərhal evdən çölə çıxmış və Ələkbərin küçədə yerdə qan içində uzandığını görmüşdür. Samirlə birlikdə Ələkbəri özünə məxsus «LADA 2104» markalı avtomobilə mindirib, Şabran RMX-na aparmış, oradan da təcili tibbi yardım avtomobili ilə Xaçmaz RMX-na yola düşmüşlər. Ələkbər xəstəxanaya çatmamış yolda keçinmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 17 may 2020-ci il saat 22 radələrində Quba rayonunun İdrısqışlaq kəndində yerləşən «Məkan» kafesinə getmişdir. Orada pivə içdikdən sonra həmkəndliləri Rəşad Tağıyev və Təqsirləndirilən şəxs da kafeyə gəlib, boş stolların birində əyləşmişlər. Həmkəndlilərinin dəvəti ilə keçib onların yanında əyləşmişdir. X9 pivə içmişlər. Bir neçə dəqiqədən sonra Taleh hesabı istəmişdir. Ofisiant hesabın 6 manat 50 qəpik etdiyini demişdir. Taleh üstündə 50 qəpik olmadığını, 6 manat verə biləcəyini demişdir. Kafenin sahibi Bədirxan restorana gəlib, Talehdən hesabı tam ödəməyini tələb etmişdir. Taleh Bədirxana 50 qəpiyinin olmadığını, buna görə telefonunu girov qoyacağını demişdir. Bədirxan isə: «mən bilmirəm, mənim pulumu doğ»-demişdir. Bu zaman X5 100 manat verib, hesabı çıxmağı xahiş etmişdir. Sonuncu hesabı çıxaraq 93 manat 50 qəpiyi Rəşada geri qaytarıb, mətbəxə getmişdir. Taleh Bədirxanın bu sözündən əsəbləşib, əlindəki telefonu, sonra isə içdiyi boş pivə bakalını yerə çırparaq sındırmışdır. Bu zaman Bədirxan Talehin üstünə gəlmiş, aralarında mübahisə yaranmış və onlar dartışmağa başlamışlar. Həmin vaxt o və Rəşad onları aralayıb, Talehi çölə çıxarmışlar. Sonuncu kafenin həyətində olan iki ədəd işıq plafonunu da vurub sındırmışdır. Bu zaman Şıxbala Məmmədov öz avtomobili ilə Talehi, onu və Rəşadı avtomobilinə əyləşdirib yaşadıqları kəndə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 1 avqust 2020-ci il tarixdə Şabran rayonunun Günəşli kəndində yerləşən özünə məxsus evdə yatmışdır. Həmin vaxt Ələkbərin bacısı Lamiyənin qapını dayanmadan döydüyünü eşidib, qapını açmışdır. Lamiyə ağlıyaraq qardaşının bıçaqlandığını deyib, ona kömək etməyini xahiş etmişdir. Odur ki, dərhal hadisə yerinə getmiş, ora çatanda Ələkbərin yeznəsi Əmrahla qarşılaşmışdır. Sonuncu ona Ələkbəri xəstəxanaya apardıqlarını demiş, onlar da dərhal xəstəxanaya getmişlər. Xəstəxanda tibb işçiləri Ələkbərin budunu sarıyıb, buz qoymuşlar. Sonra onu reanimasiya otağına qaldırarkən onun ayağının yenidən qanadığını görmüşlər. Sonra tibb işçisi onun ayağına baxıb, cərrahın xəstəxanaya gəlməyəcəyini, onu dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmaq lazım olduğunu demişdir. Onlar aşağı düşmüş, uşaqların dediyinə görə xəstəxana yanacağı olmadığından təcili-tibbi yardım avtomobili verməmişdir. Uzun mübahisədən sonra onlara təcili tibbi yardım maşını verilmiş, Ələkbərlə birlikdə Əmrah, Samir və tibb işçisi əyləşərərk Xaçmaz rayon xəstəxanasına aparmışlar. O isə 5-10 dəqiqədən sonra Fəzaillə birlikdə onların arxasınca getmişdir. Xaçmaza çatmağa az qalmış Əmrah Fəzailə zəng edərək Ələkbərin keçindiyini və onu morqa apardıqlarını demişdir. İbtiai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, şahid Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar ifadə verdi. İbtiai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid2 İsgəndər oğlunun ifadəsindən görünür ki, 1 avqust 2020-ci il tarixdə qayınatası Şahid3lə birlikdə günəmuzd işlərini gördükdən sonra axşam saat 22 radələrində Şabran rayonunun Günəşli kəndində yaşayan Zərərçəkmiş şəxs1 evinə getmişlər. Həyətdə oturub yemək yeyib spirtli içki araq və pivə içmiş, bu zaman istifadəsində olan mobil telefona zəng gəldiyindən danışmaq üçün stoldan aralanmışdır. Telefonla danışdığı zaman qayınatası Rövşən qışqıraraq telefonu söndürməyi tələb etmiş, bu zaman Ələkbər qışqıraraq onlardan evi tərk etməyi tələb etmişdir. Rövşən tələsik evi tərk etsə də, o getməmiş və Ələkbərlə aralarında mübahisə yaranmışdır. Onların səsinə qonşuluqda yaşayan Ələkbərin bibisi oğlu Taleh alt paltarında küçəyə çıxaraq, onlardan hansı səbəbə görə mübahisə etdiklərini soruşmuş, Ələkbər ona əyninə paltar geyinməyini bildirmişdir. Taleh yaşadığı evə qayıdaraq əynini geyinmiş, yenidən qayıdıb mübahisənin səbəbini soruşduqda Ələkbər ona kobud cavab vermiş, bu zaman onlar arasında mübahisə yaranmış və Ələkbər Talehi söyüb təhqir etdiyindən onlar əlbəyaxa olmuşlar. Ələkbərin onu söydüyündən hirslənən Taleh gedib evdən mətbəx bıçağını götürərək gəlib Ələkbərin sol bud nahiyyəsindən bir dəfə bıçaqla vurmuşdur. Həmin vaxt çıxıb evinə getmiş, sonradan arvadı Aytacdan Ələkbərin öldüyünü eşitmişdir. İşin 1-ci cildinin 69-72-ci vərəqlərindəki protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı göstərdiklərini bir daha təsdiq edərək törətmiş olduğu cinayətlərin xüsusatları barədə əyani olaraq ətraflı məlumat vermişdir. Məhkəmə-tibbi ekspertizasının 31 avqust 2020-ci il tarixli 11/m nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi ekspertizasında sol budun bud arteriyasının zədələnməsi ilə müşayiət olunan və kəskin qanaxma ilə nəticələnən kəsilmişdeşilmiş yarasından ibarət olan bədən xəsarəti aşkar olunmuşdur. Həmin xəsarət sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddir. Aşkar olunmuş xəsarət həyatidir, törədilmə müddəti mərhumun ölümündən əvvəl yəni, qərarın təsviri hissəsində göstərilən 1 avqust 2020-ci il tarixə uyğun gəlir, kəsici-deşici alətin təsirindən törənmişdir. Ekspertiza şöbəsinə maddi sübut qismində təqdim olunmuş bıçaqla yetirilə bilərdi. Mərhum Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunmuş xəsarətin özü-özünə yetirilməsi istintaq yolu ilə araşdırıla bilər. Xəsarət yetirildikdən sonra zərərçəkən mərhum Zərərçəkmiş şəxs1 müəyyən müddət ərzində yeriyə və məqsədyönlü hərəkətlər edə bilərdi, belə ki, mərhuma xəsarət yetirildikdən təxminən 2 saatdan sonra bioloji ölüm baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyiti üzərində aşkar edilmiş xəsarət sol budun kəsilmiş-deşilmiş yarasının istiqaməti öndən-arxaya və bir qədər də yuxarı-aşağıya doğrudur, yara kanalının uzunluğu 12 sm-ə qədərdir. Mərhum Zərərçəkmiş şəxs1 meyiti üzərində aşkar edilmiş xəsarətin əynində olmuş paltarda olan zədə nahiyələrinə görə bir-birinə uyğun gəlibgəlməməsini təyin etmək mümkün olmamışdır, belə ki, mərhumun əynində olan sol aşağı ətrafa uyğun olan hissəsi kəsilib götürülmüşdür. Mərhumun meyitindən götürülmüş qanda 1.93% qatılığda etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğun gəlir, narkotik və zəhərli maddələr qəbul edilməsi aşkar olunmamışdır. Mərhumun ölümünə səbəb sol bud arteriyasının zədələnməsi nəticəsində baş vermiş kəskin qanaxma olmuşdur. Ölümün təxmini vaxtı meyitin müayinəsindən təxminən 8-12 saat qabaqkı müddətə uyğun gəlir. Maddi-sübutların ekspertizasının 8 sentyabr 2020-ci il tarixli N625/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: A(İl)dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 şalvarı, köynəyi, Təqsirləndirilən şəxs köynəyi və 1 ədəd bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda A antigeni alındı. Belə olan halda bu qan ləkələri A beta/(İİ) qrupu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs şalvarı üzərində qana şübhəli ləkə aşkar edilmədi. Maddi-sübutların ekspertizasının 10 sentypbr 2020-ci il tarixli 414/2020MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvarın sol ayağının ön-yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin arxa hissəsinin sol boyun nahiyəsində bir ədəd və köynəyin sağ qolunun ön hissəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyyələrinin gərilibdartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin ön hissəsinin sol-aşağı nahiyəsində bir ədəd və köynəyin arxa hissəsinin sol- aşağı nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyyələrinin hər-hansı bir əşyaya ilişib- dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Məhkəmə-tibbi ekspertizasının 18 may 2020-ci il tarixli 470 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan xəsarət - sol saidin aşağı 1/3-nin iç səthində sıyrıq küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 17 may 2020-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarət növünə aiddir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 avqust 2020-ci il tarixli 9/2350 nömrəli rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 3 iyun 2020-ci il tarixli məlumatdan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilmiş istifadədə olmuş malların 2020-ci ilin may ayma normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 40,0 manat müəyyən edilir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 22 iyul 2020-ci il tarixli 1364 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül kəmağıllıq (Debillik dərəcəsində oliqofreniya) aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan kəmağıllıq əlamətləri o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan yüngül kəmağıllıq onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 2-ci cildinin 58-59-cu vərəqlərindəki «əşyanın maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qara rəngli şalvar və bir ədəd göy rəngli köynək, həmin vaxt Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd tünd qırmızı rəngli köynək və bir ədəd göy rəngli cins şalvar maddi sübut kimi tanınaraq saxlanılması üçün Şabran rayon prokurorluğuna təhvil verilmişdir. İşin 1-ci cildinin 186-cı vərəqəsindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 183-cü vərəqindəki Şabran RİHB-nın Ağalıq İƏD-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İşin 1-ci cildinin 18-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3 və 221.1.-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edə biləcək hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 126.3 və 221.1.-ci maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaratdığından və həmin tərkiblə tam əhatə olunduğundan, o, həmin maddələrlə təqsirli bilinməli və ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 221.1-ci maddəsinə münasibətdə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3 və 221.1-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 1 avqust 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Şabran rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qara rəngli şalvar və bir ədəd göy rəngli köynək, həmin vaxt Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd tünd qırmızı rəngli köynək və bir ədəd göy rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.1ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 126.3-cü maddəsi ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 1 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Şabran rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qara rəngli şalvar və bir ədəd göy rəngli köynək, həmin vaxt Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd tünd qırmızı rəngli köynək və bir ədəd göy rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-821/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-821/2021
09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver