Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-821/2024 20.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1994-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci madəsi ilə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə cəzası 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində şəxsiyyəti məlum olmayan şəxsdən 150 manat pul müqabilində qanunsuz olaraq satış məqsədi ilə təmiz çəkisi 1,989 qram pisixotrop maddə metamfetamin və külli miqdarda təmiz çəkisi 7,272 qram narkotik vasitə heroin əldə edib, üzərində daşıyaraq saxlamış, 17 may 2023-cü il tarixdə saat 06 radələrində Azərbaycan Respublikası DİN-in ƏÇPA-nın 5-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən ünvan 2 ünvanda şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami RPİ-nİn 24-cü PŞ-nə gətirilmiş, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli cins şalvarın sol cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,989 qram olan ağ rəngli kiristal formada maddə kütləsi kustar üsulla hazırlanmış pisixotrop maddə metamfetamin, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 7,272 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olmuş, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 17 may 2023-cü il tarixdə gecə saat 3-4 padələrində taksi sifariş vermiş, qardaşı ilə birlikdə bir nəfərdən 1,9 qram çəkidə metamfetamin götürmək üçün Nizami rayonu ərazisinə getmiş, qardaşına nə üçün getdiyini deməmiş, sonuncuya bir qadınla görüşəcəyini bildirmişdir. Nizami rayonu ərazisində qoyulduğu yerdə metamfetamini axtarsa da tapa bilməmiş, qardaşı ilə birlikdə geri qayıdarkən oradakı kafenin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq üstünə baxış keçirilmiş, kafenin işçiləri də orda olmuşlar, baxış keçirilən zaman üzərindən narkotik vasitə aşkarlanmamışdır. Polis əməkdaşları qardaşını maşında saxlamış, onu metamfetamini axtardığı həmin küçəyə aparmışlar, polis əməkdaşlarından biri yanında qalmış, digəri orada axtarış aparmış, narkotik vasitəni tapmışdır. Daha sonra onları polis bölməsinə aparmışlar. Ona təklif etmişlər ki, narkotik vasitəni kimdən aldığını etiraf etsin, həmin vaxt guya narkotik vasitəni götürəcəyi şəxsə zəng edəcəyi adı ilə polis əməkdaşlarını aldadaraq atasına zəng etmiş, atası və xalası oğlu X4 metrostansiyasının yaxınlığındakı «Maklerlər» parkının qabağına gəlmiş, polis əməkdaşları gələn şəxsin onun atası və qohumu olduğunu anladıqdan sonra onu avtomobillərinə əyləşdirərək polis bölməsinə aparrmışlar, orada polis əməkdaşlarının təizyiqi nəticəsində etirafedici ifadələr vermişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində CM-in 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər narkotik maddələrdən qanunsuz şəxsi istifadəyə görə məhkum olunmuş, təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Qardaşı ZTəqsirləndirilən şəxs ilə birlikdə hansı məqsəd üçün getdiyini demədən 17 may 2023-cü il tarixdə ünvan 5 ünvanına getmiş, orada adını bilmədiyi, üzdən tanıdığı İran İslam Respublikasının vətəndaşından ümumilikdə 150 manata “şüşə” kimi tanıdığı və “kokos” kimi tanıdığı narkotik vasitələri alıb şəxsi istifadəsi üçün özündə saxlamışdır. Həmin tarixdə ünvan 6 ünvanında qardaşı Zaminlə olduğu zaman iki nəfər polis əməkdaşı onlara yaxınlaşmışdır. Həmin vaxt polis əməkdaşları özlərini təqdim edərək o və qardaşı ZTəqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün PŞ-nə dəvət etmişlər. Həmin polis əməkdaşları onu və qardaşını saxlayaraq 24-cü PŞ-nə aparılmışlar. PŞ-də ona hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkil təyin olunmuşdur. Bundan sonra onun üzərinə öz razılığı əsasında şəxsi axtarış və götürmə keçirilmiş və proses zamanı o, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 02 ədəd bükümdə olan maddələri təqdim edərək, birinin içərisində ağ rəngli spesifik iyə malik olan maddənin "şüşə” kimi tanıdığı pisixotrop maddə olduğunu, eyni zamanda qara rəngli sellofan paketə bükülmüş, qəhvəyi rəngli maddənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Üzərindən götürülmüş ona məxsus narkotik vasitələr ekspertiza mərkəzinə göndərilməsindən ötrü boş zərfə qablaşdırılıb möhürlənmişdir. Həmin zərfə o, prosesdə iştirak edən polis əməkdaşları və vəkil imzalamış və həmin proses videogörüntüyə alınmışdır. Ona verilmiş suallar ətrafında cavab olaraq bildirmişdir ki, o, saxlanılarkən və Polis Şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitələri xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanda aldığı şəxsin İran İslam Respublikasının vətəndaşı olduğunu bilir, həmin şəxsi şəxsən tanımır, kimliyi barədə heç bir məlumatı yoxdur. Həmin şəxslə sosial şəbəkədə təsadüfən tanış olmuşdur. Polis əməkdaşları onu saxlayarkən üzərində olan narkotik vasitəni gizlədə bilməmiş və üzərində saxlamışdır. Qardaşı ZTəqsirləndirilən şəxs yaşadığı evdə olan zaman təsadüfən onunla getmək istədiyini bildirmiş, o, qardaşı Zaminə nə məqsədlə getdiyini bildirməmişdir. Pisixotop maddələrin və narkotik vasitlərin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin qadağan olunması barədə məlumatı vardır. O, narkotik vasitənin və pisixotrop maddələrin satışı ilə məşğul olmur. Onun heç bir yerdə başqa narkotik vasitə və pisixotrop maddəsi yoxdur. Ailə üzvləri onun əvvəllər pisixotrop maddə istifadə etdiyini bilirmişlər. O, ailə üzvlərinə narkotik vasitə istifadə etməyini tərgitdiyini bildirmişdir. Lakin üzərindən aşkar edimiş sonuncu narkotik vasitə və pisixotrop maddə barəsində heç kimin məlumatı olmamışdır. Narkotik vasitə aldığı İİR-nın vətəndaşını üzdən tanımış, həmin ünvanda olmuş və orada onu gördükdə həmin şəxsdən narkotik vasitə alırmış. O, əvvəllərdə həmin şəxsdən narkotik vasitə almış və istifadə etmişdir. O, həmin narkotik vasitəni çox almışdır ki, hər dəfəsində gəlib narkotik vasitə almasın, özü evdə saxlayar və az-az istifadə edər. Psixotrop maddə, həm də narkotik vasitə almağına səbəb onlarıin ikisini qatışdırıb birlikdə çəkməsi olmuşdur. O, onlardan birlikdə istifadə edirmiş. Həmin şəxsin adı nömrə yazan şəxsin kimin olmasını o, xatırlamır. Həmin şəxs ondan narkotik vasitə istəyə bilər, o da narkotik vasitə istifadəçisi olduğundan, narkotik vasitə istifadəçisi olan tanıdığı uşaqlardan kimsə ondan narkotik vasitə istədikdə o, pulsuz narkotik vasitə vermişdir. Lakin narkotik vasitənin satışı ilə məşğul olmamış, pulla heç kimə narkotik vasitə satmamışdır. Həmin şəxs onun tanışı olmuşdur, hal hazırda onun da narkotik vasitələrin istifadə etməsi ilə əlaqədar olaraq həbsdə olmasını bilir. O, özünə pisixotrop maddə olan “patı” almışdır, onada söz vermişdir ki, özünə aldıqda ona da pisixotrop maddə vermişdir. O, narkotik vasitə və ya pisixotrop maddənin satışı ilə məşğul olmamışdır. O, sadəcə olaraq ona pay kimi pisixotrop maddə patı, “şüşə” vermək üçün yazmışdır. Həmin şəxsin adı yadında qalmamış, ona narkotik vasitə satan şəxslə +98-939- ***-**-** nömrəsi ilə WhatsApp proqramı vasitəsilə əlaqə saxlamışdır; sonuncu ilə əvvəllər də başqa İran nömrələri ilə əlaqə saxlamış, həmin nömrələr telefonunda vardır (cild 1, iş vərəqi 66-71). Məhkəmə zamanı şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nın 5-ci Patrul Bölüyünün polis nəfəri polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, 17 may 2023-cü il tarixdə saat 06:00-da DİN-in ƏÇPA-nın 5-ci Patrul Bölüyünün polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə ünvan 2 ünvanın qarşısında xidmət aparan zaman iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb, həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsləri Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, o, könüllü olaraq, həmin vaxt əynində olan boz rəngli cins şalvarının arxa sağ cibindən 01 ədəd qəhvəyi rəngli pul kisəsini, şalvarının sağ yan cibindən 01 ədəd «Samsung Galaxy S6 Edge» markalı mobil telefonu, şalvarının sol yan cibindən içərisində 02 ədəd büküm olan 01 ədəd ağ rəngli plastik stəkanı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd ağ rəngli plastik stəkanın içərisinə baxış keçirildikdə içərisində 02 ədəd büküm olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin, digərinin içərisində isə «kokos» kimi tanıdığı narkotik vasitə heroin olmasını bildirmişdir. O, həmin maddələri İran İslam Respublikasının vətəndaşından öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və idarədə olarkən ona qarşı heç bir təzyiq təsir, zorakılıq, göstərilməmiş, belə hallara yol verilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş və ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 və Şahid1 Şahid3 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, hadisə baş verən gün gecə saat 02 radələrində qardaşı Təqsirləndirilən şəxs tanış bir qızla görüşmək üçün Nizami rayonu ərazisinə getməli olduğunu bildirmiş, gecə vaxtı olduğunudan qardaşı Amini tək buraxmaq istəməmiş və sonuncu ilə birlikdə taksi ilə Nizami rayonu ərazisinə getmişlər, oradakı kafelərin birinə daxil olmaq istəyərkən onları polis əməkdaşları saxlamış, üstlərini yoxlamış və qanunsuz heç nə aşkar etməmişlər, polis əməkdaşları onları post patrul avtomobilinə əyləşdirərək polis bölməsinə aparacaqlarını bildirmişlər, yolda polis əməkdaşlarından biri qardaşı Aminin mobil telefonunu götürərək baxmış, bundan sonra onları saxladıqları yerə qaytararaq polis əməkdaşları qardaşı Aminlə bir yerdə yaxınlıqdakı avtoyuma yerinə gedib narkotik vasitə ilə geri qayıtmışlar və onları polis bölməsinə aparmışlar. Polis bölməsində onu müvəqqəti saxlama yerində saxlamışlar, qardaşı Amindən onlara narkotik vasitə satan şəxsləri verməsini demişlər. Qardaşı Amin atasına zəng edib Neftçilər dairəsinə gəlməsini demiş, lakin polis əməkdalarını inandırmışdır ki, narkotik vasitə satan şəxslə danışmışdır. Bundan sonra polis əməkdaşları qardaşı Aminlə brilikdə Neftçilər dairəsinə getmişlər, atası və xalası oğlunun oraya gəldiklərini görüb geri qayıtmışlar. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 17 may 2023-cü il tarixdə gecə saat 03 radələrində xalası oğlu Təqsirləndirilən şəxs ona zəng etmiş, ilk olaraq sonucunun ona nə dediyini başa düşə bilməmiş, sonradan Amin ona astadan atasını da xəttə qoşmasın demiş, Aminin atasını da xəttə qoşmuş, həmin vaxt nəsə problem olduğunu başa düşmüşlər və özünün idarə etdiyi avtomobillə Aminin atası Namiklə birlikdə Aminini dediyi yerə yəni, Nizami rayonu ərazisində Neftçilər dairəsi yaxınlığına getmişlər, oradakı köşkün yanında durarkən onlara polis əməkdaşları yaxınlaşmış, kim olduqları ilə maraqlanmışlar, onlar da Aminin qohumları olduqlarını demişlər, bundan sonra polis əməkdaşları onlara heç nə deməyərək Amini polis bölməsinə aparmışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki şübhəli şəxsin tutulması haqqında 17 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 24-25). Nizami Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (ay) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 85-86). Şəxsi axtarış və götürmə aparılması haqqında 17 may 2023-cü il tarixli protokoldan görünür ki, xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli cins şalvarın sol cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,989 qram olan ağ rəngli kiristal formada maddə kütləsi - kustar üsulla hazırlanmış pisixotrop maddə metamfetamin, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 7,272 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 27-30). Məhkəmə-kimyəvi ekspertizası üzrə 17 may 2023-cü il tarixli 6/2866 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün N°164i» dairəvi möhür əksləri, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri və İmzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,989 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,272 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, iş vərəqi 41-45). Məhkəmə-narkoloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 5174 nömrəli ekspert rəyindən aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 134-135). Azerfon» MMC-nin xx.xx.2023-cü il tarixli 11702/23 saylı məktubuna qoşma olaraq əlavə edilmiş 01 (bir) ədəd «CD-R» formatlı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx-xx-2023-ci il tarixdə saat 22:27:45-də **********14 mobil nömrədən istifadənizdə olan **********54 mobil nömrəyə SMS yazılmışdır: «Qaqa neweni istemeye gore zeng elemedim vallah qardash cani sadece olaraq tapduz diye maraxlanirdim», həmçinin xx-xx-2023-ci il tarixdə saat 23:09:20-də +**********14 mobil nömrədən istifadəsində olan +**********54 mobil nömrəyə SMS yazılmışdır: “He qaqa Lazim oldu hell eliyersen .. birazdan yaz cixim gotrum ...» SMS-ləri yazmışdır. xx-xx-2023-cü il tarixdə saat 05:03:35-də sizin istifadənizdə olan +**********54 mobil nömrədən +**********35 mobil nömrəyə “ALA QAQAŞ ŞÜŞƏ İSDİYİRSƏNSƏ TELEFONUVU AÇDA” sms yazması aşkar olunmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Bakı Apelasiyya məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 147). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə və psixotrop maddə olmadığını, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş külli miqdarda narkotik vasitəni və psixotrop maddəni videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və polis əməkdaşlarının təzyiqi nəticəsində etirafedici ifadələr verməsi, narkotik vasitə istifadəçisi olsa da heç vaxt satışını həyata keçirməməsi barədə məhkəmə zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun hesab etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarından görünür ki, həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması barədə bildirməmiş və ona qarşı irəli sürülən ittihamda göstərilən əməli törətdiyini etiraf etmiş və əməlindan peşiman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən 17 may 2023-cü il tarixdə üzərinə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin özünə məxsus olmasını etiraf etmiş; şəxsi axtarış keçirilməsi barədə 17 may 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi müəyyən edilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də idarədə heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 10 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədənində xəsarət aşkarlanmamış, sonucu heç bir zədə almadığını bildirmişdir. Bakı şəhəri Nizami rayon Prokurorluğundan daxil olmuş 13 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən döyülməyə (təzyiqlərə) məruz qalması barədə rayon prokurorluğuna müraciət və məlumat daxil olmadığından həmin xüsusat üzrə araşdırma aparılmamışdır. Təqsirləndirilən şəxs məxus «Samsung Galaxy S6 Edge» markalı mobil telefona baxış keçirilərkən WhatsApp sosial şəbəkəsi zəng bölməsində adı “patı kola” deyə qeyd edilmiş +98-***-***-**-** və +98-***-***-**-** İran İslam Respublikasına məxsus olan mobil nömrələrlə zənglər mövcüd olması aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş (077) ***-**-** saylı mobil nömrəyə 02 may 2023-cü il tarixdə saat 22:27:45-də **********14 mobil nömrədən “Qaqa neweni istemeye gore zeng elemedim vallah qardash cani sadece olaraq tapduz diye maraxlanirdim”; xx-xx-2023-ci il tarixdə saat 23:09:20-də +**********14 mobil nömrədən “He qaqa Lazim oldu hell eliyersen .. birazdan yaz cixim gotrum o .......” ; xx-xx-2023-cü il tarixdə saat 05:03:35-də +**********35 mobil nömrəyə “ALA QAQAŞ ŞÜŞƏ İSDİYİRSƏNSƏ TELEFONUVU AÇDA” məzmunda smslər yazılması aşkar olunmuşdur. Məhkəmə eyni zamanda məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 və Şahid4 ifadələrini işin faktiki hallarına uyğun hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 1,989 qram psixotrop maddə metamfetamin və 7,272 qram narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması işin materialları ilə sübut olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,989 qram psixotrop maddə metamfetamin və 7,272 qram narkotik vasitə heroin külli miqdar təşkil edir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirlən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 17 may 2023-cü il tarixdən hesablanmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə cəzası 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanıın onun aliləsinin həyat şəraitinə təsirini və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətə azdalıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tam toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının Təqsirləndirilən şəxs tərəfindən tam çəkilməsi nəzərə alınaraq təyin edlmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmasını, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 17 may 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekusorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizası üzrə 22 yanvar 2023-cü il tarixli 7/87 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin və narkotik vasitə heroin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi RPİ-in növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 1,939 qram qram psixotrop maddə metamfetamin və 7,222 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və gütürmə aparılmasınının video görüntüsünün köçürüldüyü 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə. hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Apelasiyya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətə azdalıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam toplamaq yolu ilə ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının Təqsirləndirilən şəxs tərəfindən tam çəkilməsi nəzərə alınaraq təyin edlmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi RPİ-in növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatına sonra qalıq qalan 1,939 qram qram psixotrop maddə metamfetamin və 7,222 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarış və gütürmə aparılması video görüntünün köçürüldüyü 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-821/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-821/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver