Məhkəmə qərarları › İş №1(101)-823/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-823/2021

19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-823/2021 19.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, azyaşlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə1, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 və sonuncunun qanuni nümayəndəsi Qanuni nümayəndə2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə 1995-ci il avqustun 08-də Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, tikintidə usta köməkçisi işləmiş, Balakən rayonunun Qullar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.2.-ci, 181.2.3.-cü və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci il sentyabrın 27də gecə saat 01 radələrində şəxsiyyətləri istintaqa məlum olmayan iki nəfər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 ünvanının yaxınlığındakı nömrəsiz həyət evlərinin arasından prospektə çıxan yolla piyada gedən yetkinlik yaşına çatmayan 2004-cü il 01 mart təvəllüdlü Zərərçəkmiş şəxs3 qarşısını kəsib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək sağ qolunu sonuncunun boynuna saldıqda sol əlindəki silah qismində istifadə etdiyi düyməli bıçağı tətbiq etməklə oğlanın qarnına dirəyib sonuncunun bacısı Qanuni nümayəndə1 ilə ər-arvad münasibətlərində olan Zərərçəkmiş şəxs1 yaşadığı evin yerini göstərməsini tələb etdikdən sonra birlikdə 50-60 metr addımlayaraq həmin ünvana çatmağa bir qədər qalanda yolun qaranlıq hissəsində Zərərçəkmiş şəxs3 şalvarının sağ cibində olan sonuncuya məxsus 37 manatı və Zərərçəkmiş şəxs1 məxsus 26 manatı, ümumilikdə 63 manatı ələ keçirməklə quldurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci il sentyabrın 27-də gecə saat 01-01:15 radələrində şəxsiyyətləri istintaqa məlum olmayan iki nəfər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan 2004-cü il 01 mart təvəllüdlü Zərərçəkmiş şəxs3 sonuncunun bacısı Qanuni nümayəndə1 ilə ər-arvad münasibətlərində olan Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 ünvanının yaxınlığındakı nömrəsiz həyət evinin yerini öyrənib Zərərçəkmiş şəxs3la birlikdə həmin ünvana gəlmiş, Qanuni nümayəndə1 qardaşı Zərərçəkmiş şəxs3 evə çatmasını bildiyinə görə darvazanı açdıqda Təqsirləndirilən şəxs həyətə daxil olaraq hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmiş, silah qismində istifadə etdiyi düyməli bıçağı tətbiq etməklə nümayiş etdirmiş, Qanuni nümayəndə1 evdən Zərərçəkmiş şəxs1 məxsus 1.200 manatı ələ keçirib göstərilən vaxt yanlarında olan Qanuni nümayəndə1 övladı azyaşlı 2015-ci il 11 oktyabr təvəllüdlü Zərərçəkmiş şəxs4 paltarından tutaraq əlindəki bıçağı sonuncuya və Qanuni nümayəndə1 tuşlamış, polisə şikayət edəcəkləri halda uşağın başını kəsəcəyi ilə hədələməklə evi tərk etmiş, bununla da təkrarən quldurluq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.2.-ci, 181.2.3.-cü və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, 11 yaşı olanda, yəni 2006-cı ildə atası rəhmətə getmişdir, beş övlad olaraq ondan böyük dörd bacısı ailə həyatı qurmaqla başqa ünvanlarda yaşadığından o, xəstə anası X2 ilə Balakən rayonunda birgə qalırmış, işləri yaxşı alınmadığı üçün müxtəlif sahələrdə işləyib 2019-cu ilin avqust ayından 2020-ci ilin oktyabr ayınadək Bakı şəhərindəki fərdi tikintilərdə günəmuzd fəhlə kimi çalışaraq ucuz kirayə verilən yerlərdə yaşamışdır. O, ittiham olunduğu əməli törətməmişdir, zərər çəkmiş şəxslərin dedikləri şər-böhtandır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2018-ci ilin axırlarında tanış olduğu Qanuni nümayəndə1 ilə bir ailə kimi bərabər Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 ünvanında kirayədə yaşamaqla 2019-cu ilin noyabr ayından həmin evə yaxın ərazidə, «Panorama Park» yaşayış kompleksi ilə üzbəüzdəki «Bizim» marketinin yanında yerləşən avtoyuma məntəqəsini icarə əsasında işlədir. «Maqa» ləqəbli, adını sonradan bildiyi Təqsirləndirilən şəxs 2020-ci ilin iyun-iyul aylarından tanıyır, sonuncu ilə Ramin adlı şəxs iş yerində avtomobil yuduzdurmuşlar. Fatimənin kiçik qardaşı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 boş vaxtlarında avtoyuma məntəqəsində ona kömək etmişdir. 2020-ci il sentyabrın 26-da axşam saatlarında o, atasına baş çəkmək üçün Kürdəmir rayonuna yola düşərkən Mehdiyə işdən yığılan pulu Fatiməyə verməsini tapşırmışdır. Gecə saatlarında sonuncu zəng vurub həyəcanlı vəziyyətdə Maqa adlı şəxsin daha iki nəfərlə birlikdə bıçaqla hədələyərək ciblərini axtarmaqla Mehdidən sonuncuya və özünə məxsus cəmi 63 manat, bundan sonra onların evinin yerini öyrəndikdə onun üstünə bıçaq çəkib evdə olan özünün 1.200 manat pulunu götürərək getdiyini, polisə məlumat verdikləri halda azyaşlı uşağı Zərərçəkmiş şəxs4 başını kəsəcəyi ilə hədələdiyini demişdir. O, Məhəmmədin təhlükəli adam olduğunu düşünməklə əvvəlcə polisə məlumat vermək istəməmiş, iki gün ötmüş əmisi X5 baş verənləri danışmış və sonuncu hadisə barədə DİN-in «102» xidmətinə məlumat vermişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Qanuni nümayəndə1 ifadəsində göstərdi ki, o, 2018-ci ildə tanış olduğu Zərərçəkmiş şəxs1 ilə 2019-cu ilin yanvar ayından ailə kimi bir evdə yaşayırlar. Onun 17 yaşlı qardaşı Zərərçəkmiş şəxs3 Elxanın işlətdiyi avtoyuma məntəqəsində yuyucu işləmişdir. Elxan 2020-ci il sentyabrın 26-da atasına baş çəkmək üçün Kürdəmir rayonuna yola düşmüş, 2020-ci il sentyabrın 27-də saat 01 radələrində Mehdi onlarda yemək yeyib işləməyə getmiş, sonuncunun çıxmasından biraz keçmiş evin həyət qapısı döyüldüyündən darvazanı açdıqda Mehdinin yanındakı üç nəfərlə qayıtdığını görmüşdür. Sonradan onlardan birinin adının «Maqa» ləqəbli Təqsirləndirilən şəxs olduğunu bilmiş, sonuncu sağ əlində bir qədər gizlin formada qırmızı dəstəkli bıçaq saxlayaraq Mehdi ilə həyətə girməklə ondan Elxanın nə qədər pulu varsa, verməsini tələb edəndə o, qorxub evdəki 1.200 manat pulu Məhəmmədə təqdim etmişdir. Sonuncu evdən çıxmamışdan əvvəl onun azyaşlı övladı Zərərçəkmiş şəxs4 paltarından əli ilə tutaraq bıçağı tuşlamaqla polisə məlumat verdikləri halda uşağın başını kəsəcəyi ilə hədələmişdir. Bundan əvvəl isə küçədə Məhəmmədin yanındakı iki nəfər şəxslə bərabər Mehdini bıçaqla hədələməklə qardaşının və ərinin ümumilikdə 63 manat pulunu ələ keçirdiyini bilmişdir. O, hadisə barədə telefon vasitəsi ilə Elxana xəbər vermiş, sonuncu qorxduğu üçün şikayət etmək istəməmişdir. 2020-ci il sentyabrın 28-də ərinin əmisi X6 bu məsələni bilib DİN-in «102» xidmətinə şikayət etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 zərər çəkmiş şəxslər olan bacısı Qanuni nümayəndə1 və sonuncunun qeyri-rəsmi əri Zərərçəkmiş şəxs1 ilə analoji ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 2020-ci il sentyabr ayının axırlarında avtoyuma məntəqəsində olarkən Zərərçəkmiş şəxs1 ona 2020-ci il sentyabrın 27-də Kürdəmir rayonunda olduğu vaxt Təqsirləndirilən şəxs adlı şəxsin iki nəfərlə onun kirayə yaşadığı evə girərək ər-arvad kimi qeyri-rəsmi yaşadığı Qanuni nümayəndə1 və sonuncunun azyaşlı övladını bıçaqla hədələməklə 1.200 manat, bundan öncə isə Fatimənin yetkinlik yaşına çatmayan qardaşı Zərərçəkmiş şəxs3 bıçaqla hədəqorxu gəlib sonuncuya və ona məxsus cəmi 63 manat vəsaitini qarət etdiyini danışmışdır. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Balakən rayonunun Qullar kənd sakini Təqsirləndirilən şəxs xeyli vaxtdır tanıdığından sonuncunun anasının xahişi əsasında Zərərçəkmiş şəxs1 Bakı şəhərində taparaq 1.200 manatı ödəməyi təklif etsə də sonuncu etiraz etdiyini, Məhəmmədə qarşı şikayəti olmadığını bildirmişdir. Onun hadisə barədə başqa məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən 2020-ci il sentyabrın 28-də qardaşı oğlu Zərərçəkmiş şəxs1 özünün, habelə qeyri-rəsmi ər-arvad münasibətlərində olan Qanuni nümayəndə1, sonuncunun yetkinlik yaşına çatmayan qardaşının və azyaşlı uşağının quldurcasına hədəqorxuya məruz qalmaları nəticəsində pulunun ələ keçirildiyini bilən kimi DİN-in «102» xidmətinə zəng edib cinayət barədə xəbər verdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 82-84). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid3 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən 2020-ci il oktyabr ayının əvvəllərində həmyerlisi Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs bir neçə nəfərlə evinə girməklə oradan hədə-qorxu ilə pul aradığını, bununla bağlı polisə şikayət etdiyini söylədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 152-155). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 28 sentyabr tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 ünvanının yaxınlığındakı nömrəsiz həyət evinə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya, bıçaq, habelə sındırma və zədələmə izi aşkarlanmamış, fotocədvəllər protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 4-9). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 04 noyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanan yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 ünvanının yaxınlığındakı nömrəsiz həyət evlərinin arasından Gəncə prospektinə çıxan yolu göstərib ifadəsini təsdiq etmiş, fotocədvəllər protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 75-80). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il fevralın 05-də tərtib etdiyi tələbnamədən, Balakən Rayon İcra və Probasiya Şöbəsinin 2021-ci il 29 yanvar tarixli 36/3 №-li məktubunun, habelə məhkəmə hökmlərinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 2012-ci il 21 fevral tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.-cü və 185.2.2.-ci maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına 02 il sınaq müddəti ilə şərti məhkum olunmuş; Balakən Rayon Məhkəməsinin 2012-ci il 23 oktyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Balakən Rayon Məhkəməsinin 2013-cü il 15 fevral tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 250 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, Balakən Rayon Məhkəməsinin 2012-ci il 21 fevral tarixli hökmü ilə təyin edilən 02 il sınaq müddəti ilə şərti hesab edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə hazırkı hökmlə təyin edilən cərimə cəzasının müstəqil icra olunması hökm edilmiş; Balakən Rayon Məhkəməsinin 2013-cü il 27 sentyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, sonuncuya Balakən Rayon Məhkəməsinin 2012ci il 21 fevral tarixli hökmü ilə təyin edilən 02 il sınaq müddəti ilə şərti tətbiq edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ləğv edilərək Azərbaycan Respublikasının CM-nin 67.1.-ci maddəsinə əsasən həmin cəza hazırki hökmlə təyin edilən cəzaya qismən birləşdirilməklə qəti olaraq 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Balakən Rayon Məhkəməsinin 2013-cü il 15 fevral tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib təyin edilən 250 manat məbləğində cərimə cəzasının müstəqil icra olunması hökm edilmiş; 2018-ci il aprelin 24-də azadlıqdan məhrumetmə cəzasının sonu ilə azad olunmuş, 2018-ci il oktyabrın 24-də cərimə tam ödənildiyindən qeydiyyatdan çıxarılmışdır (1-ci cild, iş vərəqi 125-127, 145 və 161-209). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 28 yanvar və 2021-ci il 29 yanvar tarixli protokollardan görünür ki, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Qanuni nümayəndə1 və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 şahid Təqsirləndirilən şəxsla üzləşdirilərkən sonuncu onların təsdiqlədikləri ifadələri təkzib etmişdir (1-ci cild, iş vərəqi 128-134, 136-139 və 141-144). İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyinin «Balakən Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 28 yanvar tarixli 6 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində psixiatriya kabinetində qeydiyyatda yoxdur (1-ci cild, iş vərəqi 140). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 30 yanvar tarixli sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 181.2.5.-ci maddəsindən həmin Məcəllənin 181.2.1.-ci, 181.2.2.-ci, 181.2.3.-cü və 181.2.5-ci maddələrinə tövsif edilməklə ona qeyd olunan maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş, Balakən Rayon Məhkəməsinin icraatında baxılan Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmış, sonuncunun Şahid2 530 manat pul borc alıb qaytarmaması faktı üzrə əməlində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd olunmuşdur (1-ci cild, iş vərəqi 210-225 və 237-238). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 01 fevral tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmiş iki nəfər naməlum şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.2.-ci, 181.2.3.-cü və 181.2.5-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (1ci cild, iş vərəqi 249-251). Məhkəməyə təqdim olunan Balakən Rayon Məhkəməsinin 2021-ci il 09 mart tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin əvvəli 2020-ci il oktyabrın 14-dən hesablanmışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.2.-ci, 181.2.3.-cü və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, hərəkətlərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.2.-ci, 181.2.3.-cü və 181.2.5-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə, yəni ittiham olunduğu əməli törətməməsi, zərər çəkmiş şəxslərin ona şər-böhtan atması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ibtidai araşdırmadakı şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ailə vəziyyətini cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti azyaşlı şəxsə qarşı törətməsi əməlində Azərbaycan Respublikasının CM-nin 61.1.7.-ci maddəsinə görə cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 2012-ci il 21 fevral, 2012ci il 23 oktyabr, 2013-cü il 15 fevral və 2013-cü il 27 sentyabr tarixli hökmləri ilə məhkum olunduğu əməlləri törədərkən yetkinlik yaşına çatmadığından sonuncunun əməllərində cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikasının CM-nin 18.4.2.-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinyətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının CM-nin 66.5.-ci maddəsinə müvafiq olaraq, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Məhkəmə hesab edir ki, Balakən Rayon Məhkəməsinin 2021-ci il 09 mart tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə təyin edilən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 66.5.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplaqmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədıyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilən həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi «Verdiktum» vəkil bürosunun vəkili X7 tərəfindən 70 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 420 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il oktyabrın 14-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.2.-ci, 181.2.3.-cü və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Balakən Rayon Məhkəməsinin 2021-ci il 09 mart tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə təyin edilən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 66.5.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla o, qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il oktyabrın 14-dən hesablansın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 420 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar