Məhkəmə qərarları › İş №1(101)-823/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-823/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-823/2022 02.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 26 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 29 avqust 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq üç ədəd bükümdə ümumi təmiz çəkisi 5,156 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti 477 ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 04 sentyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:50-də qeyd edilən ünvanda saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, Baş İdarədə saat 17:10-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı üç ədəd sellofan bükümlərdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,715 qram, 1,640 qram, 1,801 qram, ümumi təmiz çəkisi 5,156 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, son 4-5 il ərzində narkotik vasitə olan heroin qəbul etmiş, heroinin qramını 30-35 manata almışdır. Saxlanıldığı gün, yəni sentyabr ayının 2-si ona bir maşına baxıb düzəltmək lazım olduğu barədə zəng gəlmiş və onu Yeni Suraxanı ərazisində olan “Socar”ın yanına çağırmışlar. O, həmin yerə getdikdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları heç nə demədən qoluna qandal vuraraq onu maşına mindirib həmin idarənin binasına aparmışlar. Onun üzərində heç bir qanunsuz maddə, o cümlədən narkotik maddə olmamışdır. Xidməti otaqların birində onu saxlayan şəxslərdən biri onu masanın arxasında əyləşdirib qarşısına bir bükümdə narkotik maddə qoyaraq bildirmişdir ki, "bu sənindir". Bir sözlə ona izah etməyə çalışmışdır ki, o, həmin maddənin guya özünə məxsus olduğunu boynuna almalıdır. O, həmin şəxsə cavab olaraq həmin maddənin ona aid olmadığını bildirən zaman qarşısındakı şəxs onun baş nahiyəsinə iki dəfə yumruqla zərbə vurmuşdur. Daha sonra onu oturduğu yerdə qolundakı qandalı açaraq belindən bağlamışlar və həmin vaxt bədəninin sinə və qarın nahiyəsinə çoxlu sayda zərbələr endirmişlər. O, döyüldüyü üçün qorxub məcbur olaraq onların dediyini etmişdir. Belə ki, onların dediyi kimi, üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı həmin maddəni təqdim edib özünə məxsus olmasını bildirməyə məcbur edilmişdir. Beləliklə də, həmin şəxslər onun cibinə üç ədəd bükümdə olan narkotik vasitə heroini qoymuş və o, videoçəkiliş vaxtı yalandan olaraq həmin maddələrin özünə məxsus olduğunu bildirmişdir. Həqiqətdə isə həmin narkotik vasitə heroin ona məxsus deyildir, narkotik vasitəni üzərinə onu saxlayan polis əməkdaşları qoymuşlar. O, özünə qarşı irəli sürülmüş ittihamla razı deyildir, o, narkotik vasitə istifadəçisidir, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 04 sentyabr 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, eləcə də satması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qǝbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat grupunun rəhbəri qismində o, qrupun üzvləri kimi isə həmin şöbənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 təyin edilmişdir. Beləliklə, 04 sentyabr 2021-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 15:50-də Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti 477 ünvanının yaxınlığında saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini Hacıbalaya təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti barədə onu sorğu etmiş və həmin şəxs özünü onlara təqdim edərək bildirmişdir ki, adı Təqsirləndirilən şəxsdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə o, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkil dəvət edilərək saxlanılan şəxsə təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 sentyabr 2021-ci il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə onun üzərinə yaradılmış əməliyyat qrupunun üzvləri və dəvət edilmiş vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan şalvarının sol yan cibindən 03 ədəd sellofan bükümləri, şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu, nağd pulu, bir ədəd siqaret qutusu və bir ədəd alışqanı çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, qeyd edilən maddələri həmin gün yaşadığı ünvanın yaxınlığında yerləşən zibilxanadan tapdığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açılaraq içərisinə baxış keçirilmişdir. Bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə oxşar maddələrin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər ekspertiza tədqiqatına təqdim edilməsi məqsədi ilə götürülmüş və qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sübut əhəmiyyətinə malik ola biləcək mobil telefonu götürülmüş, nağd pul, siqaret qutusu və alışqan isə özünə geri qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04.09.2021-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 4 ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması bildirilir (iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 04.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04.09.2021-ci il tarixli, 007-11445- 1221 saylı raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 4 ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək 04.09.2021-ci il tarixdə saat 15:50də Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti 477 ünvanının yaxınlığında saxlanılmış, saxlanılarkən yerində üzərinə şəxsi axtarış aparılmasına şərait olmadığına görə Təqsirləndirilən şəxslə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, müşayiət altında saxlandığı yerdən Baş İdarəyə gətirilmişdir (iş vərəqi 12). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 04.09.2021-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş “DVD” diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan şalvarının sol yan cibindən 03 ədəd sellofan bükümü, şalvarının sağ yan cibindən “İphone” markalı mobil telefonu, 46 manat pulu, “Kingston” markalı siqaret qutusunu, 01 ədəd alışqanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmiş, onun təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini həmin gün, yəni 04.09.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yaşayış ünvanına yaxın yerdə olan zibilxanadan tapdığını, narkotik vasitə heroini şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, aşkar edilmiş 01 ədəd alışqan, 01 ədəd “Kingston” markalı siqaret qutusu və 46 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır (iş vərəqi 30-32). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 16.10.2021-ci il tarixli protokoldan və DVD diskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 01 yanvar 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı SMS yazışmalarının içərisində 06.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon istifadəçisinə “Ziyad yaxşisi telefonu getir yada malımi ver” yazması, 10.03.2021-ci il tarixdə ***-***-**-** saylı GSM nömrə istifadəçisinin Təqsirləndirilən şəxs “Menem emrah tel iwdemir ona gore yaziram qaqaw mene 1 qram lazimdi ama iki yere bolunmuw yari-yari bu 35 manat. 2 denede 5 diy pati. Duzeler gelim” yazması, 19.04.2021-ci il tarixdə ***-***-**-** saylı GSM nömrə istifadəçisinin Təqsirləndirilən şəxs “HECİ MENEM ORXAN QAQAW PATİ OLSAYDİ SENDE MENDE KOLA VAR DEYİWERDİK”, 24.04.2021-ci il tarixdə “Heci gelim yarini ver” yazması, Təqsirləndirilən şəxs 27.07.2021-ci il tarixdə ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə “Cavid pul nodu dyzeldirsen mala pul catmir” yazması, 28.07.2021-ci il tarixdə həmin abunəçinin cavab olaraq “cahid pul noldu pul catmir soz deyende acigina gelir menim pulum yoxdu haci 30m verdin mENE NESE NARAHAt olma hazir edim vererdm 50w verdim 40m hazir edecem” yazması, 28.07.2021-ci il tarixdə ***-***-**-** saylı GSM nömrə istifadəçisinin Təqsirləndirilən şəxs “gagas pulun hazr mene vaxtin olsa cavab ver” 31.07.2021-ci il tarixdə “Yiqma polis tutub masindayam” yazması, 04.08.2021-ci il tarixdə ***-***-**-** saylı GSM nömrə istifadəçisinin Təqsirləndirilən şəxs “Həci sən tərəfdə vəzyət necə oldu? Mən ölürəm brat... Yəni borcum nə olsa sənə artıqlaması ilə catcey mənim yanımda qalmaz...Sən də kasıb oğlansan” yazması, 30.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı GSM nömrə istifadəçisinə “Besdide aparanda prablemin yox idi noldu sene göre iwede getmesin sonrada deyirsen ki heci hecne vermir mene nolar bu gynyn sabahida var” yazması, həmin şəxsin cavab olaraq “Dedimde heci gelib gorucem seni s***in meni senol gelib verecem sene birazdan qaqas” yazması, 01.09.2021-ci il tarixdə həmin istifadəçinin Təqsirləndirilən şəxs “Heci alinmirsa istiyen var senol 90 manata bu deyqe isteyiller sende alinmirsa gelim goturum” sözlərini yazması müəyyən olunmuşdur (iş vərəqi 110-112). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 05.09.2021-ci il tarixli, 6/3881 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 6” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,715 qram, 1,640 qram, 1,801 qram, ümumi təmiz çəkiləri 5,156 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2008-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 109,90 (yüz doqquz manat 90 qəpik) manat təşkil edir (iş vərəqi 39-43). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında 05.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon işlək vəziyyətdə olub, üzərində ***-***-**-** saylı "xxxx" MMC mobil rabitə şəbəkəsinə məxsus GSM nömrə vardır. “İphone” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, metal-plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara, “Kontaktlar” qovluğu, “SMS” bölməsi, daha sonra mobil telefonda olan mobil tətbiqlərinə keçirilən baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir (iş vərəqi 109). İşdə olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “İphone” markalı mobil telefon saz vəziyyətdə onun arvadı X3 təhvil verilmişdir (iş vərəqi 190). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 10.02.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Mehdiyev X7 Babayevin üzərində narkotik vasitənin aşkar edilməsi, habelə ona qarşı hər hansı fiziki zorakılıq və işgəncə verilməməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (iş vərəqi 167-171). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 10.02.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid3 Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin aşkar edilməsi, habelə ona qarşı hər hansı fiziki zorakılıq və işgəncə verilməməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (iş vərəqi 172-176). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 13.09.2021-ci il tarixli 7707 saylı məktubundan görünür ki, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 4 ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (iş vərəqi 101). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 27.12.2021-ci il tarixli, 5313 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticələsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 154-155). İşdə olan maddi sübut kimi tanıma haqqında 07.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,156 qram çəkidə narkotik vasitə heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 5,066 qramı maddi sübut hesab edilərək məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqi 97-98). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 04 sentyabr 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (iş vərəqi 99). İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqinin 03.02.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması faktı üzrə aparılan araşdırma zamanı həmin idarənin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (iş vərəqi 150-153). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 113-114). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 10.02. 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürməni özündə əks etdirən bir ədəd disk, "xxxx" MMC-dən daxil olmuş məlumatların köçürüldüyü bir ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş, üzərindən aşkar edilərək götürülmüş 5,156 qram çəkidə narkotik vasitə heroinin əldə edilmə mənbəyinə görə ayrıca icraata material ayrılması qərara alınmışdır (iş vərəqi 180-188). Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmuşdur və Təqsirləndirilən şəxs barəsində Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (iş vərəqi 102-104). Cinayət işi materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16.06.2011-ci il təvəllüdlü X2 və 30.01.2013-cü il təvəllüdlü X5 adlı 2 azyaşlı övladı vardır (iş vərəqi 103, 105). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək narkotik vasitənin yalnız istifadəçisi olması, narkotik vasitənin satışı ilə məşğul olmaması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq və təhdid edildiyi və onun həmin təzyiq və təhdid altında etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə onun bu hissədə verdiyi ifadəsini inandırıcı və ağlabatan hesab etmir. Belə ki, Baş İdarədə üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs icazəsi ilə videoçəkilişdən istifadə edilməklə və onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və o, əynindəki şalvarının sol yan cibindən 3 ədəd sellofan bükümündə narkotik vasitə heroini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman və şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ilkin ifadələr verərkən üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Hətta barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində vəsatət və təqdimata baxılarkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Lakin sonradan ifadələrini dəyişərək həmin narkotik vasitənin ona aid olmadığını qeyd etmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq və təhdid edildiyi və onun həmin təzyiq və təhdid altında etirafedici ifadə verdiyini bildirmiş, bununla bağlı prokurorluq orqanlarına şikayət etmişdir. Qeyd edilən şikayətlə bağlı Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması faktı öz təsdiqini tapmadığına görə həmin idarənin əməliyyat müvəkkilləri əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2 barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisi şəxsi istehlak miqdarından dəfələrlə artıqdır (5,156 qram/0,15 qrama=34,373 dəfə). Həmin hal, aşkar edilmiş narkotik vasitənin ayrı-ayrı bağlamalara bükülməsi, təqsirləndirilən şəxsin “müştərilər”lə narkotik vasitələrin satışına dair apardığı SMS yazışmaları və iş üzrə toplanmış bütün sübutların məcmusu müqayisəli şəkildə və hərtərəfli təhlil olunaraq, məhkəməyə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Hepatit “C” xəstəliyindən əziyyət çəkdiyini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 06 sentyabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 sentyabr 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqi 22, 76-80, 143-147). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 04 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 5,066 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməlidir. Digər maddi sübutlar – şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən bir ədəd disk və "xxxx" MMC-dən əldə edilmiş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 109,90 (yüz doqquz manat 90 qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 5,066 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. Digər maddi sübutlar – şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən bir ədəd disk və "xxxx" MMC-dən əldə edilmiş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 109,90 (yüz doqquz manat 90 qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar