Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-824/2021 05.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Şamaxı rayonu Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Şamaxı rayonu Göylər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyyatsızlıqdan iki zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş həyat üçün təhlükəli olan sağlamlıqlarına ağır zərər vurmuşdur. Belə ki, o, 24 noyabr 2020-ci ildə saat 08.40-da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riyaət etməyərək idarə etdiyi VAZ-21074 markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsi hesab edilən Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 118,5-ci kilometrində 60 km/saatdan yüksək sürətlə idarə edib Bakı istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, yolu soldan sağa keçən piyadalar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 avtotmobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan iki şəxsin ölməsinə, yəni Zərərçəkmiş şəxs2 sol qaş qövüsünün yarası, sol alın-təpə nahiyəsinin hematoması, sol təpə-gicgah nahiyəsinin kəllə əsasına keçən xətti sınığı, qara ciyərin cırılması, sağ qalça sümüyünün sınığı, sağ bud nahiyəsinin geniş həcmli yarası ilə müşahidə olunan bud sümüyünün açıq-qəlpəli sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, Zərərçəkmiş şəxs1 başın küt travması, sağ təpə-gicgah nahiyələrinin hematomaları, sağ tərəfli kəllə qapağı sümüklərinin sağda kəllə əsasına keçən sınıqları, beyin toxumasına və qişasına qansızmalar kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölmələrinə səbəb olmuşdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 60 km/saat sürətlə yolun sağ tərəfi ilə hərəkətdə olarkən, ondan qabaqda yolun sol tərəfi ilə 50 km/saat sürətlə qara rəngli CİP avtomobili hərəkətdə olmuşdur. Həmin avtomobilin arxasına yaxınlaşarkən, qəflətən həmin avtomobilin ön tərəfindən təxminən 2 metr aralı məsafədən iki qadın piyadanın çıxaraq iti yerişlə soldan sağa tərəf hərəkətdə olduqlarını görmüş, hadisənin qarşısını almaq üçün dərhal ayağını tormoz pedalına basmış, lakin aralarında kiçik məsafə olduğundan həmin anda idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə piyadaları vurmuşdur. İdarə etdiyi avtomobillə naməlum qara rəngli avtomobilin yan tərəfləri arasında kiçik, təxminən 1,0 metr (bəlkə bundan da kiçik) məsafə olduğundan, o, avtomobildə oturduğu yerdən piyadaları ancaq qabağında hərəkət edən qara rəngli avtomobilin ön tərəfindən çıxdığı anda görmüşdür. Həmin andan qabaq isə piyadalar onun görünüş dairəsində olmamışlar. Piyadalar idarə etdiyi VAZ-21074 markalı avtomobilin sağ fara hissəsinə dəydiklərindən və avtomobilin sol tərəfindən həmin sahəyə kimi 1,3 metr məsafə olduğundan, bu halda piyadalar qara rəngli avtomobilin qarşısından çıxaraq onun görünüşünə düşdükləri andan vurulana kimi istintaqın müəyyənləşdirdiyi kimi 7,4 metr deyil, maksimum 2,3 metr (1,0 + 1,3 = 2,3 metr) məsafə qət etmişlər. Ona görə də o, verilmiş rəylə razı deyildir. Belə ki, həmin rəy real məlumatlar əsasında deyil, hadisənin videogörüntüsünə uyğun olmayan, istintaqın müəyyənləşdirdiyi qeyri-obyektik məlumatlar əsasında verilmişdir. Ekspertin rəyinə əsasən piyadalar beton arakəsmədən yola çıxdıqları andan onun hərəkəti üçün təhlükə yaranmış və o, həmin andan tormozlama əməliyyatı aparmalı idi. Lakin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən də sürücü hərəkət üçün yaranmış təhlükəni gördüyü andan hadisənin qarşısını almaq üçün tədbir görməlidir. Görünüş dairəsindən kənarda olan, yəni görmədiyi piyadaya görə o, necə tədbir görə bilərdi? Ona görə də o, piyadaların görünüşünə düşdüyü andan vurulana kimi 2,3 metr məsafə qət etmələri nəzərə alınmaqla, əlavə yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 24 noyabr 2020-ci il tarixdə saat 08:40 radələrində Bakı- Şamaxı- Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 118,5-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən arvadı Zərərçəkmiş şəxs1 və arvadının iş yoldaşı Zərərçəkmiş şəxs2 vurmuş, nəticədə hər ikisi Şamaxı rayon Diaqnostika Mərkəzində ölmüşlər. Həmin gün arvadı Zərərçəkmiş şəxs1 meyiti meyitxanada müayinə olunduqdan sonra onlara təhvil verilmiş və meyiti Şamaxı rayonu 7 Kümbəz qəbiristanlığında dəfn etmişlər.Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. O, əlavə olaraq bildirmişdir ki, hadisə digər qara maşının sürücüsünün Təqsirləndirilən şəxs maşınını təqib etməsi nəticəsində baş vermiş və istintaq orqanı həmin qara maşının sürücüsünü məsuliyyətə cəlb etməmişdir. O, həmin sürücünün də cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. Zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq şahid kimi ifadəsi alınmış X4 ibtidai istintaqda verdiyi məhkəmə iclasında tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 24 noyabr 2020-ci il tarixdə saat 08:40 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 118,5-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ- 21074 markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən arvadı Zərərçəkmiş şəxs2 və arvadının iş yoldaşı Zərərçəkmiş şəxs1 vurmuş, nəticədə hər ikisi Şamaxı rayon Diaqnostika Mərkəzində ölmüşlər. Həmin gün arvadı Zərərçəkmiş şəxs2 meyiti meyitxanada müayinə olunduqdan sonra onlara təhvil verilmiş və meyiti Şamaxı rayonu Sabir qəsəbə qəbiristanlığında dəfn etmişlər.(i.v.92-100) Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını göstərmişdir. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 24 noyabr 2020-ci il tarixdə Şamaxı Diaqnostika mərkəzinə xəstə gətirmiş, həmin vaxtı mərkəzin qarşısında gözləyərkən saat 08.40 radələrində yolun əks tərəfindən iki qadın Şamaxı istiqamətli yoldan Bakı istiqamətli yola keçmək məqsədilə qadınlar betonun arasında olan ara yoldan keçib iti addımlara hərəkət edərkən VAZ-21074 markalı avtomobil həmin qadınları ikicərgəli yolun sağ cərgəsində vurmuşdur. Hər iki qadın ağır xəsarətlər almış, oraya toplaşan şəxslər xəsarət almış həmin qadınları Diaqnostia mərkəzinə aparmışlar. Sonradan ona məlum olmuşdur ki, hər iki piyada qadın aldıqları xəsarətlərdən ölmüşlər. Qeyd etmişdir ki, hadisə zamanı qadınları vuran avtomobildə sürücü tək olmuş və hadisə anı avtomobil orta sürətlə hərəkət etmişdir.(i.v.32-33) Məhkəmə iclasında dindirilmiş ekspert X8 ifadəsində göstərdi ki, 18 yanvar 2021-ci il tarixli ekspert rəyi onun tərəfindən verilmişdir. O, rəy verərkən məhkəmə iclasında nümayiş etdirilən videogörüntülərdə olan qara rəngli avtomobil ilə bağlı ona hər hansı bir material təqdim olunmamışdır. O, təqdim olunmuş materiallar əsasında rəy vermiş, verdiyi rəy əsaslı olmuşdur. Məhkəmə iclasında yol-nəqliyyat hadisəsinin videogörüntülərini özündə əks etdirən diskə baxış keçirilmişdir. Cinayət işinin 67-70-ci vərəqlərində olan məhkəmə tibb ekspertizasının 08.12.2020-ci il tarixli 25 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər sol qaş qövüsünün yarası, sol alın-təpə nahiyəsinin hematoması, sol təpə-gicgah nahiyəsinin kəllə əsasına keçən xətti sınığı, qara ciyərin cırılması, sağ qalça sümüyünün sınığı, sağ bud nahiyəsinin geniş həcmli yarası ilə müşahidə olunan bud sümüyünün açıq-qəlpəli sınığı həyatidirlər, ölümündən əvvəl küt əşya təsirindən törənməklə, hərəkətdə olan nəqliyyat vasitəsinin piyadanı vurması nəticəsində alınmağa uyğun gəlirlər. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər ümumilikdə yetirilən anda canlı şəxslərdə sağlamlığa ağır zərər vurmaya aiddirlər və ölümlə birbaşa əlaqəlidirlər. Ölümünə səbəb almış olduğu xəsarətlər kompleksi nəticəsində hemotravmatik şok olmuşdur. Ölüm 24.11.2020-ci il tarixdə baş vermişdir. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanın məhkəmə kimyəvi tədqiqatı nəticəsində etil spirti və hər hansı narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin 71-74-cü vərəqlərində olan məhkəmə tibb ekspertizasının 08.12.2020-ci il tarixli 26 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində aşkar edilmiş başın küt travması, sağ təpə-gicgah nahiyələrinin hematomaları, sağ tərəfli kəllə qapağı sümüklərinin sağda kəllə əsasına keçən sınıqları, beyin toxumasına və qişasına qansızmalar həyatidirlər, ölümündən əvvəl küt əşya təsirindən törənməklə, hərəkətdə olan nəqliyyat vasitəsinin piyadanı vurması nəticəsində alınmağa uyğun gəlirlər. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər ümumilikdə yetirilən anda canlı şəxslərdə sağlamlığa ağır zərər vurmaya aiddirlər və ölümlə birbaşa əlaqəlidirlər. Ölümünə səbəb almış olduğu xəsarətlər kompleksi nəticəsində sağ tərəfli kəllə qapağı sümüklərinin kəllə əsasına keçən sınıqları, beyin toxumasına və qişasına olmuşdur. Ölüm 24.11.2020-ci il tarixdə baş vermişdir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın məhkəmə kimyəvi tədqiqatı nəticəsində etil spirti və hər hansı narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin 75-78-ci vərəqlərində olan məhkəmə kimyəvi ekspertizasının 10 dekabr 2020-ci il tarixli 3275/K nömrəli rəyindən ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Cinayət işinin 56-cı vərəqlərində olan BDYPİ Qİİ-dən alınmış 05 dekabr 2020-ci il tarixli 016-112108-1220 nömrəli məktubdan görünür ki, xx.xx.1993-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 07.07.2020-ci il tarixdə (07.07.2030-cu il tarixədək etibarlı olan) AE seriyalı 970218 nömrəli «B» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. Cinayət işinin 104-107-ci vərəqlərində olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 18 yanvar 2021-cı il tarixli, 8/2214 nömrəli rəyindən görünür ki, VAZ-21074 markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü İ. Yahyayev avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saatdan yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 48-49-cu vərəqlərində olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin 108-109-cu vərəqlərində olan qərardan görünür ki, iş üzrə VAZ-21074 markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 134-136-cı vərəqində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmaması və Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərda tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ona təyin olunacaq cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin başlanğıcı tutulub həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur, maddi sübut olan VAZ 21074 markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfi olan 100(yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 240 AZN ( iki yüz qırx manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə, Müdafiəçi 300 AZN ( üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (aıtı) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2021-ci il tarixdən hesablansın. Maddi sübut olan VAZ 21074 markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 240 AZN ( iki yüz qırx manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə, Müdafiəçi 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov