Məhkəmə qərarları › İş №1(101)-825/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-825/2020

17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-825/2020 17.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X9 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs X3 (mülki iddiaçı) və nümayəndəsi Müdafiəçi4 Təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Xızı rayonunun Şurabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, falçılıq fəaliyyəti ilə məşğul olmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X3 şəxsiyyəti istintaqla araşdırılan Aslan adlı şəxslə aralarında olan soyuq münasibətlərinin «müsbət tərəfə dəyişdirəcəyinə, bəxtini açacağına» və müəyyən işlərinə köməklik göstərəcəyinə dair vəd verib aldadaraq, vahid niyyətlə 2013-cü ilin dekabr ayının ortalarında, saat 12 radələrində 300 (üç yüz) manat, 2014cü ilin yanvar ayının əvvəllərində 300 (üç manat), həmin ilin fevral ayının əvvəllərində 500 (beş yüz) manat, aprel ayının təxminən ortalarında 700 (yeddi yüz) manat, iyun ayının axırlarında 1000 (bir min) manat, 2016-cı ilin fevral ayının əvvəllərində 2000 (iki min) manat, 2016-cı ilin mart ayının əvvəllərində 2000 (iki min) manat, 2016-cı ilin mart ayının ortalarında 3500 (üç min beş yüz) manat, 2016-cı ilin iyun-iyul aylarında hissə-hissə olmaqla cəmi 18.700 (on səkkiz min yeddi yüz) manat, 2016-cı ilin təxminən avqust ayından 2017-ci ilin yay ayınadək olan müddət ərzində hissə-hissə olmaqla 20.000 (iyirmi min) manat, 2018-ci ilin yanvar ayının təxminən əvvəllərindən 2019-cu ilin dekabr ayının axırlarınadək olan müddət ərzində hissə-hissə olmaqla cəmi 22.600 (iyirmi iki min altı yüz) manat pulunu yaşadığı ünvan 1 ələ keçirmiş və nəticədə zərərçəkmiş şəxs X4 ümumilikdə 71.600 (yetmiş bir min altı yüz) manat külli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o X5 təxminən 2013-cü ildən tanıyır. Onu Fərqanə ilə tanışı Arzu tanış etmişdir. Fərqanə mütəmadi olaraq onun yanına gələrək, müxtəlif parfümeriya əşyaları alırdı, o «Faberlic» firmasından parfümeriya malları alaraq yaşadığı evdə tanışlarına satır. Bu minvalla onların Fərqanə ilə münasibətləri daha da yaxşılaşdı və onlar rəfiqəlik etməyə başladılar. Bu müddət ərzində Fərqanə müxtəlif problemləri ilə bağlı ondan hissə-hissə olmaqla 2013-2019-cu illər ərzində ümumilikdə 35.000 manata yaxın pul aldı. Fərqanəyə tez-tez bildirirdi ki, uşağının xəstəliyi ilə əlaqədar müalicəyə vəsait lazım olduğu üçün o istənilən vaxt pulu ondan geri istəyə bilər. Bundan başqa, Fərqanə ondan xatırlamadığı məbləğdə parfümeriya əşyaları da nisyə alıb, pulunu gətirib evində vermişdir və parfümeriya əşyalarına görə Fərqanənin hazırda ona heç bir borcu yoxdur. 2019cu ilin noyabr ayının axırlarında Fərqanə onun evində olarkən, dekabrın 12-si tarixində 1150 manat gətirib borcundan ona verəcəyini bildirdi, lakin dekabrın 12-də Fərqanə gətirib pulu vermədi. O da xx xxxxxx 2019-cu il tarixdə onlarda yaşayan qardaşıoğlu Şahid3 tez-tez evinə gələn tanışı Fərqanənin ona 1150 manat pul verməli olduğunu, Fərqanənin ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vurub onunla danışıb gedib pulu götürüb gətirib ona verməsini xahiş etdi. Adil xx xxxxxx 2019-cu il tarixdə gedib Fərqanə ilə görüşüb ondan pulu aldıqdan sonra polis əməkdaşları tərəfindən saxlanıldı. Hal-hazırda Fərqanənin ona 35.000 manat borcu var və həmin puldan Fərqanə ona heç bir məbləği qaytarmayıb. O falçılıqla məşğul olmamış, Fərqanədən heç bir məbləğdə pul almamışdır Telman, Vasif, Ramin, Rauf, Miri, Ədalət, Ataş adlı şəxsləri tanımır. Onun istifadəsində heç bir mobil telefon nömrəsi yoxdur, heç vaxt mobil telefon nömrəsindən istifadə etməmişdir. ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələrinin kimə məxsus olduğunu bilmir. Fərqanə Abışovaya 35.000 manat pulu 2013-2019cu illər ərzində hissə-hissə olmaqla vermişdir və həmin puldan Fərqanə hal-hazıradək heç bir məbləğdə pul qaytarmayıb. Fərqanə hər dəfə onu arxayın edib pulu verəcəyini dediyi üçün ona inanıb davamlı olaraq pul vermişdir və heç yerə də bu barədə şikayət etməmişdir. Fərqanə ondan 35.000 manat pulu ipoteka ilə ev götürməsi, torpaq alması, maşının hardasa vurması, öz işinə görə hissə-hissə olmaqla alıb. Həmin pul da ona məxsus pul olub. Fərqanə onun evinə yalnız tək gəlib-gedib, onunla heç bir mesajlaşma və ya mobil əlaqəsi olmayıb. Cəmi bir dəfə qardaşıoğlu Adilin nömrəsindən Fərqanəyə zəng etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o xx xxxx 2013-cü il tarixdə Aslan adlı şəxslə tanış olmuşdur, aralarında mütəmadi olaraq narazılıq olduğundan, bu narazılıqları aradan qaldırmaq üçün yollar axtarırdı. Bu barədə həmin ərəfədə Azərbaycanda olan, hazırda isə Amerikada yaşayan Arzu adlı rəfiqəsi ilə danışdı, Arzu da ona Simunar adlı falçı tanışının olduğunu, həmin məsələləri onun həll edə biləcəyini dedi. 2013-cü ilin təxminən noyabr-dekabr aylarında o Arzu ilə birlikdə Simunarın yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 7, mənzil 43-ə gedərək onunla tanış oldu, problemlərini ona danışdı, Simunar da ona işinin belə problemləri həll etməkdən ibarət olduğunu dedi. Simi kimi çağırıldığından, ilkin vaxtlarda onun adını Simarə kimi bilirdi, sonrakı ərəfədə isə özü tək Simunarın evinə getdi. Həmin vaxt Simunar ondan ilkin olaraq 300 manat pul istəyib Aslanla aralarında olan mənfi münasibətləri müsbət nəticəyə çevirəcəyini dedi. Həmin ərəfədə Aslan əsgərlikdə olduğundan onlar danışmırdı. O da razılaşaraq, həmin günün səhərisi, yəni 2013-cü ilin dekabr ayının ortalarında, saat 12 radələrində Simunarın evinə tək getdi və özünə məxsus 300 manat pulu təklikdə Simunara verdi. Təxminən 1 ay keçmişdi ki, Aslan ona zəng vurdu və münasibətləri bərpa oldu. 2014-cü ilin yanvar ayının əvvəllərində o Simunarın yaşadığı evdə olarkən o, ona dedi ki, müəyyən ləvazimatlar (tük, yağ, ilan dili, qurbağa gözü, qurd yağı, toz, qara torpaq, top, sevgi qəndi və s.) almalıdır ki, onlardan istifadə etsin və onların münasibətləri daha da müsbətə doğru dəyişsin. O, ona deyirdi ki, elə edəcək ki, Aslanın başqa münasibəti olmayacaq. Lakin o hiss edirdi ki, Aslanın başqa xanımlarla da münasibəti var. Bu barədə Simunara deyəndə, ona narahat olmamağını, ləvazimatlar almaq üçün pul gətirməyini, işləyib Aslanın həmin xanımla münasibətlərini korlayacağını dedi. Belə olan halda o hissə-hissə olmaqla, onun yaşıdığı evdə 2014-cü ilin yanvar ayının əvvəllərində 300 manat, həmin ilin fevral ayının əvvəllərində 500 manat, aprel ayının təxminən ortalarında 700 manat, iyun ayının axırlarında 1000 manat civarında pulu Simunara verdi, o da ona bu işin üstündə işlədiyini, narahat olmamağını dedi. Simunara hissə-hissə verdiyi həmin pullar ona məxsus pul idi. 2015-ci ilin təxminən yay aylarında ona ***-***-**-** saylı mobil nömrədən həmin vaxtı istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə mesaj gəldi ki, o Aslanın dayısıoğludur, lakin adını deməmişdi, mesajın mətnində yazılmışdı ki, Aslangil onlara elçi gəlməyə hazırlaşır. Bir müddət keçdi, ancaq heç kim elçi gəlmədi. O həmin şəxsin kimliyi ilə maraqlandı və məlum oldu ki, Aslanın belə bir qohumu yoxdur. Həmin ərəfədə özü də sözügedən nömrəyə sms yazaraq həmin şəxsin kim olduğunu dəqiqləşdirmək istədikdə, sms-ə cavab verən şəxs Aslanın dostu olduğunu bildirib «məni Aslan səni güdmək üçün tutub, sənin gün ərzində getdiyin yerlər, etdiyin hərəkətlər barədə ona məlumat verirəm» sözünü demişdi. O Aslandan həmin şəxsin kim olduğunu soruşduqda, Aslan ona belə bir adamın tanımadığını bildirdi. O təkrar həmin nömrəyə sms yazıb ona yalan danışdığını bildirəndə, o da ona yazdı ki, “Aslan nə qədər də boynuna almasa səni güdməkdə davam edirəm, Aslanın qardaşı Aslanla birlikdə məhşur ekstrasens Zirəddin Rzayevə 500 manat pul göndəriblər ki, Zirəddin onun barəsində bütün məlumatları onlara versin». Həmin şəxslə o ancaq sms vasitəsi ilə yazışdı, ona zəng edəndə isə telefonu qaldırmadı. Aralarında olan sms mübadiləsi 2015-ci ilin iyun ayından 2016-cı ilin fevral ayınadək davam etdi. O da bu barədə Simunara məlumat verdi, Simunar da ona Zirəddinin xalası qızı ilə münasibətinin olduğunu, onun vasitəsi ilə Zirəddinə zəng vurub onun barəsində müsbət fikirlər söyləməsini xahiş edəcəyini, lakin bunun müqabilində həmin xanıma 2000 manat pul vermək lazım olduğunu dedi. O da ona inanıb 2016-cı ilin fevral ayının əvvəllərində Simunarın evinə gedərək, özünə məxsus 2000 manat pulu təklikdə Simunara verdi. Simunar da ona narahat olmamağını, hər şeyi həll edəcəyini dedi. Həmin mesaj yazan şəxslə də danışan ərəfədə ona yazmışdı ki, Aslangil Zirəddinlə çox güman ki, bu axşam saat 12-də danışacaqlar, onlar danışdıqdan sonra bu haqda ona məlumat verəcək. O pulu Simunara verdikdən sonra həmin şəxs 2016-cı ilin fevral ayının əvvəllərində sözügedən nömrədən mesaj yazaraq bildirdi ki, Zirəddin Aslana onun barəsində çox müsbət fikirlər söyləyibdir. O da bu haqda yenədə Simunara dedi, Simunar da ona «bütün bunları sənin xeyrin üçün edirəm» sözünü dedi. Zirəddin məsələsi təxminən 1 ay sonra da təkrar oldu və o yenə Simunara 2016-cı ilin mart ayının əvvəllərində Simunarın yaşadığı evdə 2000 manat pulu da verməli oldu. Bundan sonra həmin nömrədən ona mesaj gəlmədi, o özü həmin nömrəyə mesaj yazaraq yoxa çıxmasının səbəbini soruşdu, lakin həmin vaxt ondan ona cavab gəlmədi. Əvəzində ona həmin nömrədən başqa «Qazax rayon polis şöbəsindəndir, siz bu nömrəyə mesaj yazmısınız, nömrənin sahibi kəşfiyyatçıdır, ona mesaj yazdığınıza görə onu həbs ediblər, siz də buna görə məsuliyyət daşıyırsınız, ona görə də sizin iş yerinizə bildiriş göndəriləcək və siz işdən azad olunacaqsınız» məzmunda mesaj gəldi. O da Türkiyə səfirliyində işlədiyi üçün narahat oldu və bu barədə Simunara dedi, o da ona Ədalət adlı kəşfiyyatçı qohumunun olduğunu, Ədalət vasitəsi ilə onun bu problemini də həll edə biləcəyini dedi. Təxminən 2 gün sonra, yəni 2016-cı ilin mart ayının ortalarında xatırlamadığı mobil nömrədən ona mesaj gəldi və özünü ona Simunarın qohumu kimi təqdim edən Ədalət ona bildirdi ki, həmin bildiriş Qazax rayon şöbəsindən Bakı şəhəri, Xətai rayon polis şöbəsinə göndərilib və o, çalışıb tezliklə şöbədə bir tanış tapacaq ki, bildiriş onun iş yerinə gedib çatmasın. Günün ikinci yarısı ona mesaj yazaraq işin nə yerdə olduğunu soruşdu, o da ona bildirişin iş yerinə getməməsi üçün 5000 manat pul lazım olduğunu dedi. O da ona bu qədər pulunun olmadığını bildirib, sonda 3500 manata razılaşdı. Ədalət kimi özünü təqdim edən şəxs ona pulu Simunara aparıb verməyini, Simunarın da pulu ona çatdıracağını dedi. O da özünə məxsus 3500 manat pulu 2016-cı ilin mart ayının ortalarında aparıb Simunara evində verdi. Həmin şəxsin Ədalət olub-olmadığını bilmədi, çünki o həmin şəxslə ancaq Whatsapp vasitəsi ilə yazışmışdı, telefon vasitəsi ilə danışıqları olmamışdı. Bu səbəbdən də həmin şəxsin konkret olaraq Ədalət olub-olmadığını bilmədi. Simunar ona həmin pulu çatdıracağını, narahat olmamağını, bildirişin gəlməyəcəyini dedi. Belə də oldu. Bu da onda Simunara qarşı etibarı artırdı. 2016-cı ilin iyun-iyul aylarında Simunar ona «Telman və Vasif adlı şəxslər var, onlarda top, buğda, tük, yağ, sevgi qəndi, toz adlı mallar var, onları nisyə verir, alıb ayba-ay pulu vermək olar, mən həmin mallardan istifadə edərək, Aslanla sənin münasibətini yaxşılaşdıra bilərəm» sözünü dedi, o da onunla razılaşdı ki, ayda hissə-hissə ödəniş edəcək. Simunarın sözünə görə o, Telmandan 11700 manat, Vasifdən isə 7000 manatlıq mal almışdı, lakin özü həmin malı görməmişdi, Telman və Vasifi tanımırdı. Simunara Telman və Vasifə görə cəmi 18.700 manat pulu hər ay cəmi 800 manat ödəməklə 2018-ci ilin may ayınadək qaytarıb başa çatdırdı. Eyni zamanda 2016-cı ilin iyun-iyul aylarında Simunar həmçinin ona Ramin adlı şəxsin və hal-hazırda İranda olduğunu, onun oradan cadu etmək üçün onun üçün yaxşı mallar gətirə biləcəyini bildirdi. O da onunla razılaşaraq 2016-cı ilin təxminən avqust ayından 2017-ci ilin aprel ayınadək olan müddət ərzində hissə-hissə olmaqla 4 dəfəyə 4000 manat verməklə ümumilikdə Simunara evində 16.000 manat pul verdi. Həmin malları da işlətdikdən sonra 2017ci ilin yay aylarında Simunar ona Ramindən daha 6000 manatlıq mal aldığını, onun da pulunu hissə-hissə qaytarmalı olduğumu dedi. Ancaq o yenə də mal görmədi, Ramini tanımırdı. Simunarın sözünə görə o, Ramindən ümumilikdə 20.000 manatlıq mal götürüb, həmin pulun da 16.000 manatını hissə-hissə qaytarmış, 4000 manat borclu qalmışdı. Bir müddət sonra, yəni 2018-ci ilin yanvar ayının təxminən əvvəllərində Simunar onun üçün işlətdiyi malların bitdiyini, artıq duaların kömək etmədiyini, münasibətlərinin olduğu kimi qalması üçün yavaş-yavaş istifadə etməsindən ötrü təzə malların lazım olduğunu bildirərək, bir nəfər Suriyadan olan tanışının olduğunu, çoxlu mal gətirib çoxlu alıb az-az ödəmək olacağını, 49000 manatlıq mal alıb qol çəkdiyini, onu da hər ay 500 manat olmaqla ödəyəcəyini deyəndə o da razılıq verdi. Əvvəlcədən onun sözünə görə borclu olduğu malların pulunu ümumiləşdirmiş və hər ay ona 900 manat pul ödəməli olmuşdu. Bundan əlavə Simunar 2018-ci ilin fevral ayında ona Rauf və Miri adlı şəxlərin adlarına da cəmi 3500 manat dəyərində mal aldığını bildirərək, aylıq borcunu 1000 manatədək qaldırmışdı. Son 2 il olar ki, hər ay Simunara 1000 manat pul ödəyirdi. Ən son 2019-cu ilin mart aylarında Simunar ona, onun məsələsinin həlli üçün əlavə olaraq 1700 manatlıq mal alıb və aylıq ödənişi 1150 manata çatdığını bildirdi. Sonradan onun şəxsi problemləri yarandığı üçün Simunarın aylıq ödənişlərini məcburən gecikdirməyə başladı. Belə olan halda Simunar ona zəng edərkən və mesajlar göndərərkən mal sahiblərinin heç nəyə baxmayaraq pullarını tələb etdiyini, pulu çatdırmalı olduğunu dedi. 2019-cu ilin sentyabr ayından o artıq Simunar tərəfindən aldadıldığını başa düşüb ödənişlərini gecikdirdi. Belə olan halda Simunar ona zəng edərək və mesajlar göndərərək, pulu tələb edirdi. 2019-cu ilin dekabr ayında ona ödəniş etməmiş, geridə qalan bütün aylarda və illərdə ona ödənişlər etmişdi. 2019cu ilin dekabr ayının ödənişini etmədiyinə görə xx xxxxxx 2019-cu il tarixdə ***-***-**-** nömrəsindən ona «29-cu Polis bölməsindədir, mesajla xəbərdarlıq edilirsiniz, Əsədov Rauf F.oğlu tərəfindən şikayət əsasında bölməyə çağırılırsınız, bildiriş göndəriləcək» məzmunda mesaj gəldi. O mesaja cavab vermədi, daha sonra fərqli nömrələrdən zənglər gəldi. Ən son ***- ***-**-** nömrəsindən söyüşlə yazılan, pulu tələb edən mesaj gələrək «gəliblər qapıma bir çarə et» yazılmışdı. O da cavab yazmadı. Bundan başqa, 29-cu polis bölməsinə zəng edib öyrəndi ki, orada Rauf adlı işçi yoxdur. Bütün bunlar hamısı Simunarın oyunları olmuşdu ki, bu yolla ondan pul alsın. Hesablamaya görə 2013-2019-cu illər ərzində 71.600 manat pul aldı və heç bir nəticə olmadı. Aslan artıq başqa birisi ilə evli idi. xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində özünü Simunarın qohumu kimi təqdim edən Adil adlı şəxs ona ***-***-**-** saylı nömrəsindən zəng edərək, pul tələb etdiyindən, həmin gün o Adil adlı şəxslə Sumqayıt şəhəri, «Karvan» ticarət mərkəzi ilə üzbə-üz olan «Bazarstore» mağazasının qarşısında görüşüb 1150 manat pulu ona verərkən, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən həmin şəxs saxlanıldı və tədbirdən sonra həmin pul ona geri qaytarıldı. 2016-cı ilin iyun ayının əvvəllərində rəfiqəsi Aytən Mikayılovla birlikdə Simunarın evində olanda o, Aytənin falına da baxmışdı. 2019-cu ilin oktyabr ayının axırlarında isə onun xahişi ilə Şahid2 1150 manat məbləğində pulu aparıb konvertdə Simunarın evində ona vermişdi. Şahid2 da Simunarın onun başına açdığı bu oyundan xəbəri olmuşdur. Bundan başqa, dayısı qızı Şahid1 da bu hadisədən xəbəri olmuşdur. Günel tələbə olduğu üçün 1 il, yəni 2016-2017-ci illərdə onunla birlikdə yaşamışdır. Ona görə də Günelin də bu məsələlərdən, ona müxtəlif şəxslərin adından gələn smslərdən məlumatı var idi. Hətta bir neçə dəfə onun xahişi ilə Günel də 300-500 manat civarında pulu Simunarın yaşadığı evinə aparıb vermişdi. Simunar falçılıqla məşğul olur və bununla əlaqədar Simunara 2013-2019-cu illər ərzində ümumilikdə 71.600 manat məbləğində pulu onun yaşadığı ünvan 1 vermişdir və təqsirləndirilən şəxs tərəfindən ona dəymiş həmin ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Fərqanə Abışovanı 2011-ci ildən tanıyır, həmin vaxtdan onlar rəfiqədirlər. 2016-cı ilin təxminən iyun ayının əvvəlində o Fərqanəgildə olarkən, o ona Simunar adlı tanıdığı baxıcı olduğunu bildirəndə, o Fərqanəyə boş şeylərdi, belə şeylərə inanmadığını amma marağa onunla gədə biləcəyini dedi. 2016-cı ilin iyun ayının əvvəllərində, saat 11 radələrində o Fərqanə ilə birlikdə Simunarın yaşadığı Sumqayıt şəhəri 10-cu mikrorayondakı evinə getdilər. Simunar ona kart açaraq, falına baxdı, o da ona təxminən 5-10 azn ödəniş etdi, ancaq dedikləri yalan idi. Bundan sonra Simunara kart açdırmadı. Amma bilirdi ki, Fərqanə tez-tez Simunarın yanına gedib-gəlir və ona müəyyən məbləğdə pullar da verir. Amma pulun məbləğini bilmirdi. Maksimum 5-10 manat olar deyə düşünürdü. Sonradan Fərqanə ona danışdı ki, Simunara bir neçə il ərzində 70.000 manatdan yuxarı pul verib. 2019-cu ilin oktyabr ayının axırları idi, ona Fərqanə ilə bir yerdə olanda ona dedi ki, Simunar onun üçün mal alıb, onun pulunu vermək lazımdır. Özü artıq onunla görüşmək istəmədiyi üçün pulu onun verməyini xahiş etdi. O konvertdə nə qədər pul oluğunu biilmirdi. Fərqanə ilə razılaşdı və həmin gün axşam saat 20 radələrində Fərqanə ilə birlikdə onun maşını ilə Simunarın yaşadığı məhləyə getdilər. O Simunarın evinə qalxıb qapını döydü və qapını Simunarın oğlu açdı. Daha sonra Simunar da gəldi və o içərisində pul olan konverti ona verdi və geri qayıtdı. Sonra həmin pulun nə olduğunu Fərqanədən soruşduqda, Fərqanə ona Aslanla münasibətlərinin korlanmaması üçün Simunarın onun üçün cadular etdiyini və son 2 ildən artıqdır ki, hər ay Simunara 1150 manatdan pul ödədiyini dedi. Məsələnin üstü tam açıldıqdan sonra isə ona məlum oldu ki, 2013-2019-cu illər ərzində Simunar Fərqanəni aldadaraq ondan 70.000 manatdan çox pul alıb. Fərqanə aldadıldığını başa düşdükdən sonra polisə müraciət etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onun bibisidir. X12 isə Simunarın əridir. Fərqanə adlı xanım bibisi Simunarın evinə gəlib-getdiyi üçün görmüşdür. O əvvəllər Sumqayıt şəhərində işlədiyi üçün 2019-cu ilin təxminən aprel ayından dekabr ayının axırlarındək Simunarın yaşadığı Sumqayıt şəhəri 10-cu mikrorayon ev 7 mənzil 43-də yaşamışdır. 2019-cu ilin dekabr ayının axırlarında isə bibisinin evindən çıxaraq Xızı rayonu Şurabad kəndinə getdi. xx xxxxxx 2019-cu il tarixdə o bibisigildə olarkən, bibisi ona tez-tez onun yanına gələn tanışı Fərqanənin ona 1150 manat pul verməli olduğunu bildirərək, Fərqanənin ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vurub onunla danışıb gedib pulu götürüb gətirib ona verməyini istədi. O da razılaşıb Fərqanəyə zəng vuranda, Fərqanə xaricdə olduğunu bilidirərək, xx xxxxxx 2019-cu il tarixdə gələcəyini bildirdi. O 28 dekabr tarixində Fərqanəyə zəng vurdu və həmin gün saat 16 radələrində Sumqayıt şəhəri, «Karvan» Ticarət Mərkəzi ilə üzbəüz olan «Bazarstore» mağazasının qarşısında görüşdülər. O ora tanışı Xalidlə birlikdə getmişdi. O Fərqanədən 1150 manat pul alıb yenidən maşına qayıdarkən polis əməkdaşları onu və Xalidi saxladı və idarəyə aparmıdılar. O pulu Fərqanədən alıb Simunara verməli idi. Bibisi Simunar ona bildirmişdi ki, həmin pulu Fərqanə ondan borc alıb. O puldan ona heç bir məbləğ çatmayacaqdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 2016-cı ildə Bakı Dövlət Universtetinə daxil olduğu üçün təxminən 1 il bibi qızı Fərqanənin evində onunla birlikdə qalmışdır. Həmin müddət ərzində Fərqanə davamlı olaraq Simi deyə çağırılan falçının evinə gedib-gəlirdi. Simi xala Fərqanənin falına baxırdı, Fərqanə də qarşılığında ona pul verirdi. O Fərqanə ilə qalanda onlar tez-tez Simi xalanın evinə gedirdilər. O hər dəfə fərqlifərqli bəhanələrlə Fərqanədən pul alırdı. Gah deyirdi sənin üçün “sevgi qəndi” almalıyam, gah deyirdi “şeytan tükü” almalıdır. Belə bəhanələrlə Fərqanəni aldadırdı. Sonradan bilmiş ki, 2013- 2019-cu illər ərzində Simi xala Fərqanədən müxtəlif mallar almaq adı ilə 70.000 manatdan çox pul alıb. Təxminən 2016 ya da 2017-ci il idi, bir nəfər Ataş adlı şəxs ***-***-**-** saylı mobil nömrədən Fərqanəyə sms-lər yazırdı ki, guya onu Fərqanənin həmin vaxt münasibətdə olduğu Aslan onları izləmək üçün tutub. Hətta bir dəfə də həmin Ataş Fərqanəyə sms yazmışdı ki, guya Aslan ekstrasens Zirrədinə 5000 manat pul göndərib ki, Fərqanə barədə ona məlumat versin. Fərqanə də bu barədə Simunara danışıb, Simunar da Fərqanəni aldadıb ki, guya Zirrəddinin xalası qızı ilə yaxındır, Zirrədinə həmin qız vasitəsi ilə pul göndərsə o Fərqanə barədə yaxşı fikirlər söyləyər. Bu bəhanə ilə növbəti dəfə Fərqanəni aldadıb ondan 2000 manat pul alıb, əlavə olaraq bir ay sonra yenidən 2000 manat pul alıb. Bir dəfə də Fərqanəyə başqa nömrədən sms gəlmişdi ki, guya həmin Ataş işbaşında sms yazdığına görə onu həbs ediblər, bu səbəbə görə Fərqanənin iş yerinə bildiriş göndəriləcək. Fərqanə yenə Simi xalaya müraciət edib, Simi xala da Ədalət adında qohumu olduğunu və bu məsələni həll edə biləcəyini bildirdi. Bu söhbətdən bir neçə gün sonra Ədalət Fərqanəyə sms yazmışdı ki, guya məsələni həll edib, aparıb Simunara 5000 manat pul versin. Fərqanə də bildiyinə görə həmin məbləğ çox olduğu üçün 3500 manat pul vermişdir. Simunar bütün bu yollarla Fərqanəni aldadıb, o Fərqanənin xahişi ilə bir neçə dəfə 300-500 manat civarında pulu Simunarın evində ona vermişdir. Simunar adlı şəxs həqiqətən də falçılıqla məşğul olur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, mən Təqsirləndirilən şəxs təxminən 10 idir ki, tanıyır. Onu adı Simunar olsa da, onu Simi və yaxud Simarə kimi çağırır. Simunar öz uşaqlarını onun işlədiyi poliklinikaya gətirirdi. O özü də Simunarın yaşadığı 10-cu mikrorayondakı evinə gedib-gəlmişdir, onun özünə, uşaqlarına tibbi xidmət göstərmişdir. Təxminən 2 il əvvəl, yəni 2018-ci ilin qış aylarında o Simunargilə getdi və onun evinin dəhlizində Fərqanəni gördü. Həmin vaxt Simunar Fərqanəyə pul verdi. Fərqanə qızıyla rəfiqə idi, ancaq daha sonra onların münasibəti pozuldu, onlar 2013-cü ildə bir məclisdə tanış olublar. Lakin nə qədər pul verdiyini o görmədi. Fərqanə çıxıb getdikdən sonra Simunar ona dedi ki, Fərqanə ondan borc pul istədiyi üçün ona borca pul verdi. Bundan sonra o Fərqanəni görməmişdir. Bildiyinə görə Simunar «Faberlic» firmasından parfümeriya malları alaraq yaşadığı evdə tanışlarına satır. O, Fərqanəni təxminən 8 ildir ki, tanıyır. Fərqanənin hərəkətləri və davranışları onun xoşuna gəlmədiyi üçün qızı Arzu ilə münasibətinə qadağa qoymuşdum. Simunarın falçılıqla məşğul olması barədə heç nə eşitməmişdir. X21 Faberlic məhsulları almaq üçün Simunarın evinə aparıb onunla tanış etmişdir, hazırda qızı xarici ölkədə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs təxminən 5-6 ildir ki, tanıyır, onun böyük qızını rəsmə marağı olduğu üçün onun evinə gəlib-gedirdi, o da ona öyrədirdi, özü də Simunarın yaşadığı 10-cu mikrorayondakı evinə gedib-gəlirdi. Simunar parfümeriya mallarının satışı ilə məşğul olurdu. 2018-ci ilin təxminən aprel ayında o Simarəgilə gedəndə, onların evlərinin dəhlizində olarkən, Simarə ilə Fərqanəni gördü. Onlar söhbət edərkən, o eşitdi ki, Simarə Fərqanəyə pulunu tez gətirməyini deyir. Fərqanə gedəndən sonra o Simarədən pul məsələsi barədə soruşduqda, ona dedi ki, Fərqanəyə yaxın rəfiqəsi olduğu üçün 2000 manat borc pul veribdir, həmin pulunu da ondan istəyir. Bundan sonra o Fərqanəni görməmişdir. Simunarın ən kiçik oğlu iflic xəstəsidir. Pulu verdikdən sonra uşağının əməliyyatı üçün istənilən vaxt o pulu Fərqanədən istəyəcəyini də bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə ibtidai araşdırmanı o həyata keçirmişdir. Cinayət işinin başlanmasına əsas və səbəb Təqsirləndirilən şəxs falçılıq fəaliyyəti ilə məşğul olaraq Fərqanə Abışovadan 2013-2019-cu illər ərzində ümumilikdə 71600 manat məbləğində pul ələ keçirtməsi olmuşdur. Toplanmış sübutlarla - zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və digər sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan əməldə təqsiri sübuta yetirilmişdir. Şahid3 o dindirmişdir. O izahatında da ifadəsində də bildirmişdi ki, Təqsirləndirilən şəxs onun bibisidir və o falçılıqla məşğuldur. Bibisinin istəyi ilə Fərqanə Abışovadan təxminən 1450 manat məbləğində pulu götürmək üçün Fərqanə Abışova ilə görüşəndə polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. İdarədə üzərində olan Fərqanə Abışovaya məxsus 1450 manat pulu polis əməkdaşlarına təqdim etmişdir, müvafiq sənədləşmə aparılmışdır. Şahid Maral Səfərovanı da o dindirmiş. O ifadəsini verdikdən sonra ona zərərçəkmiş şəxs Fərqanə Abışovanın xarici görünüşü barədə suallar verdikdə o səhhətinin yaxşı olmadığını bildirib çölə çıxdı, onu bir qədər sonra yenidən ifadəsini tamamlamaq üçün dəvət etsə də suallara cavab verməyəcəyini bildirdi və ifadəsini imzalamaqdan imtina etdi, bu barədə müvafiq protokol da tərtib olundu. Cinayət işində olan diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət ərzində dəfələrlə sms mübadiləsi aparılmışdır. Bundan başqa, X3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət ərzində dəfələrlə telefon danışıqları aparılmışdır. Cinayət işində olan diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X10 ilə Təqsirləndirilən şəxs arasında sonuncu falçılıq fəaliyyəti ilə məşğul olmaqla Fərqanənin Aslan adlı şəxslə aralarında olan soyuq münasibətlərinin «müsbət tərəfə dəyişdirəcəyinə, bəxtini açacağına» və müəyyən işlərinə köməklik göstərəcəyinə dair danışıqlarından ibarət ayrı-ayrı 79 adda fayllardan ibarət səs-yazıları müəyyən edilir. Cinayət işində olan diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X3 istifadəsində olan 055-635-6165 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında mobil telefon danışığın olması müəyyən edilməmişdir. X3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət ərzində dəfələrlə telefon danışıqları və sms mübadiləsi aparılmışdır. Cinayət işində olan diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət ərzində dəfələrlə sms mübadiləsi aparılmışdır. X3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2019-cu il tarixdə saat 16:35-də 70 saniyə, xx.xx.2019-cu il tarixdə saat 12:08-də 34 saniyə, saat 16:10-da 45 saniyə. Saat 16:31-də 15 saniyə, saat 16:33-də 12 saniyə müddətində telefon danışığı aparılmışdır. X3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2019-cu il tarixdə saat 11:24-də sms mübadiləsi aparılmışdır. Fərqanə Abışova ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı və ***-***- **-** saylı mobil telefon nömrələrindən mesajları ona elə Təqsirləndirilən şəxs göndərmişdir. Cinayət işində olan məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/112 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “Gold” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Gold” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi-Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Gold” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi –X4 məxsusdur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, onun törətmiş olduğu cinayət əməli zərərçəkmiş və şahid ifadələri, ekspertiza rəyləri və istintaq materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşların Vəziyyəti Aktlarının dövlət qeydiyyatının xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ № 636346 saylı doğum haqqında şəhadətnamədən, xx.xx.2016-cı il tarixli AZE№11741576 saylı və AZE№17907570 saylı şəxsiyyət vəsiqələrindən məlum olur ki, Təqsirləndirilən şəxs üç uşağı var, xx.xx.2015-ci il təvəllüdlü X15 və xx.xx.2006-cı il təvəllüdlü X1 Simunar Əhmədağa qızının himayəsindədirlər. İş materiallarında olan Medistyle Hospital tərəfindən xx.xx.2019-cu il tarixdə X6 beyin MRT-nin verilmiş diaqnozundan müəyyən olunur ki, X2 gicgah payının ön aşağı hissəsində subkortikal nahiyyədə sağ yan madəciyin gicgah buynuzu ilə birləşən 46x23 mm ölçüdə kistoz sahə (porensefalik kista lehinə dəyərləndirilmişdir). Hər iki haymor boşluğunda, etmoid hücrələrdə və sfenoid sinisun sağ hissəsində selikli qişa qalınlaşması və Nazorfarinks arxa divarında 18 mm qalınlığında adenoid veqetasiya müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsinin T və TTYs-nın xx.xx.2020-ci il tarixli 16615 saylı arayışdan görünür ki, X6 adına 2 dəfə çağırış olmuşdur və xəstəyə hər dəfə epilepsik (XBT 10-G-40) diaqnozu qoyulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin ictimai təhlükəliliyini habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini də nəzərə alır və hesab edir ki, onun barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs himayəsində olan azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü X15 5 yaşında azyaşlı və hazırda epilepsik xəstəsi olduğundan anası Təqsirləndirilən şəxs himayəsindən və qayğısından kənar qalmaqla onun mövcud xəstəliyinin kəskinləşmə biləcəyini nəzərə alıb, məhkəmə hesab edir ki, barəsində təyin olunmalı cəzanın çəkilməsi X15 14 yaşına çatana qədər təxirə salınmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya 14 yaşına qədər uşağı olan qadınlar, habelə, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq 14 yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər . Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə hesab edir ki, X10 iş üzrə ibtidai istintaqda mülki iddiaçı kimi tanınsa da, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülki iddia verməyərək, sadəcə adi ərizə verməklə kifayətləndiyindən, onun vurulan ziyanın ödənilməsi məsələsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində üç uşaq olmaqla, birinin az yaşlı, digərinin yetkinlik yaşına çatmayan övladının olmasını, az yaşlı uşağının xəstə olmasını, qadın olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanın yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsdə dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması predmet yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan X3 istintaqa təqdim etdiyi sms mətnlərindən çıxarışlar, disklər, eləcə də “Azersell Telekom”, “Bakcell”, “xxxxxxx” MMC tərəfindən daxil olmuş disklər cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, hökm qanuni qüvvəyə mindikdən sonra onun davranışı üzərində nəzarəti yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 300 (üç yüz) manat alınıb dövlət büdcəsinə verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində təyin olunmuş cəzanın çəkilməsi onun övladı xx.xx.2015-ci il təvəllüdlü X15 14 yaşına çatana qədər təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Sumqayıt şəhəri İcra və Probasiya şöbəsinə tapşırılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) X3 ziyanın ödənilməsinin tələb edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın, ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2ci maddəsinə əsasən ona mülki mühakimə icraatı qaydasında müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 300 (üç yüz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar olan X3 istintaqa təqdim etdiyi sms mətnlərindən çıxarışlar, disklər, eləcə də “Azersell Telekom”, “Bakcell”, “xxxxxxx” MMC tərəfindən daxil olmuş disklər cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar