Məhkəmə qərarları › İş №1(101)-825/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-825/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-825/2023 14.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:50 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Verdiktum” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 20 avqust 1985-ci il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsində nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, 22 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 14:00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq 32-ci Polis Bölməsinə aparılmış, orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli idman şalvarının sol yan cibindən doqquz ədəd şəffaf sellofan bükümdə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0, 411 qram, 0,456 qram, 0,443 qram, 0,447 qram, 0,390 qram, 0,417 qram, 0,397 qram, 0,384 qram və 0,418 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 3,763 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, fəhləçiliklə məşbul olub ailəsini dolandırmış, barəsində cinayət işi başlanmazdan təxminən bir ay əvvəldən ətrafında olan bir neçə şəxsin təsir dairəsinə düşərək narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Ətrafında olan narkotik aludəçilərinin təsiri və təhriki ilə bir neçə dəfə istifadə etdikdən sonra özündə tələbat yaranmış və qeyri-ixtiyari artıq qəbul etməyə başlamışdır. Ətrafında olan və onu bu yola çəkmiş şəxsin demələri əsasında narkotik vasitəni əldə etmək yollarını öyrənmiş, əsasən sosial şəbəkələr vasiəsilə onlayn keçirilən satış vasitəsilə iranlı kimi deyilən şəxslərdən əldə olunduğunu bilmişdir. Bu üsulla bir neçə dəfə əldə edib istifadə etmişdir. Növbəti dəfə 21 sentyabr 2022-ci il tarixdə axşam saatlarında sosial şəbəkədə iranlı kimi bildiyi şəxsin bank hesabına ödəniş terminalı vasitəsi ilə pul köçürdükdən sonra ona iki qutu marixuana və "kakos” kimi tanıdığı heroin göndərməsini istəmişdir. Həmin iranlı da onun mobil telefonuna sifariş etdiyi narkotik maddələri qoyduğu yerin şəklini göndərmişdir. Sonra o, Novxanı yolunun kənarına gedərək həmin maddələri götürmüş və münasib vaxtda istifadə etməsi üçün üzərində saxlamışdır. 22 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində ünvan 4 ünvanının qarşısında olarkən iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmışlar. Bölmədə ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün vəkil çağırılmışdır. Sonra onu saxlayan polislərin iştirakı ilə videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əvvəlcə ona üzərində qanunsuz əldə edilmiş hər hansı bir narkotik vasitə, əşya olduğu varsa çıxarıb təqdim etməyi təklif edilmişdir. Bundan sonra o, idman şalvarının sol cibində saxladığı içərisində qurudulmuş marixuana olan iki ədəd kibrit qutusunu, doqquz ədəd bükümdə heroini, bir ədəd “Samsung" markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan kibrit qutularının və bükümlərin içərisində nə olması, haradan əldə etməsi soruşulmuş, o da kibrit qutularında qurudulmuş marixuana, doqquz ədəd bükümdə isə “kakos” kimi bilinən heroin olduğunu, həmin maddələri 21 sentyabr 2022-ci il tarixdə iranlı kimi bildiyi şəxsdən onlayn ödəmə aparmaqla aldığını, ona bildirilən yerdən yəni, Novxanı yolunun kənarından götürüb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərində axtarış davam etdirilmiş, amma qanunsuz başqa əşya aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitələr təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitələri öz istifadəsi üçün almışdır. Etdiyi əməldən çox peşmandır. Bu hadisənin baş verdiyi gündən etibarən narkotik vasitələrdən tam uzaqlaşmışdır. Heç bir halda narkotik vasitə qəbul etmir. Ailəsinin dəstəyi, həm də öz iradəsi ilə müalicə olunub narkomanlıq xəstəliyindən tam sağalmışdır, məcburi müalicəyə də ehtiyacı yoxdur. Onu bu pis yola çəkmiş tanışları ilə də bütün münasibətlərini kəsmiş və birdəfəlik onlardan kənarlaşmışdır. Ailəsinə yaşatdığı iztirablara görə vicdan əzabı çəkir. Özünü tam islah olunmuş sayır. Belə olan vəziyyətdə məhkəmənin timsalında dövlətdən ona qarşı humanist davranılmasını, ailəsindən ayrı salınmamasını, körpə övladlarının - iki azyaşlı uşaqlarının üstündə ola bilməsi üçün barəsində həbslə bağlı olmayan cəza tədbiri təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş, həmin məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin Cinayət-Axtarış üzrə kiçik əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 22 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 14:00-da ünvan 5 ünvanının qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra sonuncuya narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması, istifadəsi və daşımasında şübhəli olduğunu bildirərək onu 32-ci Polis Bölməsinə aparmışlar. Bölmədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafə olunması üçün müdafiəçi dəvət edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən iki ədəd kibrit qutusunu, içərilərində qəhvəyi rəngli kütlələr olan doqquz ədəd şəffaf sellofan bükümləri və bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təhqiqatçı tərəfindən iki ədəd kibrit qutusu açıldıqda içərisində yaşıl rəngli qurudulmuş bitki kütlələrinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs iki ədəd kirbit qutularında olan bitki kütlələrinin qurudulmuş marixuana, doqquz ədəd şəffaf sellofan bükümlərdə olan qəhvəyi rəngli kütlələrin “kakos” kimi bilinən narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri 21 sentyabr 2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşından onlayn şəkildə əldə etdiyini, ona deyilən yerdən, yəni Novxanı yolunda yol kənarından götürdüyünü, şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən başqa əşya, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində yaşıl rəngli qurudulmuş kütlə olan iki ədəd kibrit qutuları, içərisində qəhvəyi rəngli kütlələr olan doqquz ədəd sellofan bükümlər və “Samsung" markalı mobil telefon zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəriləri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və 32-ci Polis Bölməsində ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Saxlanan şəxs kifayət qədər səmimi olmuş, əməlindən peşman olmasını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 107-109). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 22 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən iki ədəd kibrit qutusunda ot kütləsini, doqquz ədəd şəffaf sellofan bükümləri və bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs iki ədəd kibrit qutusunda olan ot kütlələrinin “nəşə” kimi bilinən qurudulmuş marixuana, doqquz ədəd şəffaf sellofan bükümlərdə olan madənin isə “kakos” kimi adlanan heroin olduğunu, həmin narkotik vasitələri 21 sentyabr 2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşından onlayn şəkildə əldə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 33-35,103). Məhkəmə-kimyəvi ekspertizasının 23 sentyabr 2022-ci il tarixli 6/5439 nömrəli rəyindən nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №196” dairəvi möhür əksləri olan “1....Şübhəli şəxs Təqsirləndirilən şəxs....” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 09 (doqquz) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,411 qram, 0,456 qram, 0,443 qram, 0,447 qram, 0,390 qram, 0,417 qram, 0,397 qram, 0,384 qram, 0,418 qram, ümumi təmiz çəkisi 3,763 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3,313 qram təşkil etmişdir (cild 1, iş vərəqə 52-56). Məhkəmə-kimyəvi ekspertizasının 23 sentyabr 2022-ci il tarixli 7/1081 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd kibrit qutularda ayrı-ayrılıqda təmiz çəkiləri 2,35 qram və 2,41 qram, ümumi çəkisi 4,76 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsualla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 4,72 qram təşkil etmişdir (cild 1, iş vərəqə 58-61). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 noyabr 2022-ci il tarixli 7053 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 131-132). Ambulator məhkəmə psixiatrik ekspertizasının 22 noyabr 2022-ci il tarixli 3092 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 135-136). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15 oktyabr 2012-ci il və 05 avqust 2009-cu il təvəllüdlü iki azyaşlı uşaqları vardır (cild 1, iş vərəqə 93-94). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 20 oktyabr 2022-ci il tarixli 9879 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 117). İbtidai istintaq orqanının 12 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və qurudulmuş marixuananı əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 149-150). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 116). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin, təmiz halda 500 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əvvəllər məhkum olunmamasını, özünü təqsirli bilərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 24 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 22, 97-98). Məhkəmə, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 aprel 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,313 qram təşkil edən heroin, qalıq çəkisi 4,72 qram təşkil edən qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 137 (bir yüz otuz yeddi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 53,59). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,313 qram təşkil edən heroin, qalıq çəkisi 4,72 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 137 (bir yüz otuz yeddi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar