Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-826/2022 28.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1981-ci il oktyabrın 08-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü və 228.1.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamış və qanusuz olaraq döyüş sursatı əldə edib saxlamışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda vasitə heroin və döyüş sursatı əldə edib üzərində və yaşadığı evdə saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il noyabrın 02-də saat 10:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əli Bayramov küçəsi, ev 4 ünvanının qarşısında saxlanaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərində aparılan şəxsi axtarış zaman əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən üç ədəd bükümdə ayrı-ayrılıqda 4,946 qram, 4,256 qram və 4,834 qram, ümumilikdə 14,036 qram təmiz çəkidə qəhvəyi rəngli maddələr olmaqla kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilib götürülmüş, həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əli Bayramov küçəsi, ev 4 ünvanında yerləşən mənzilə baxış keçirilərkən bir ədəd bükümdə 64,809 qram təmiz çəkidə qəhvəyi rəngli maddə olmaqla kustar üsulla hazırlanmış üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinlə eyni tərkibli cəmi 78,845 qram təmiz çəkidə narkotik vasitə heroin və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1974-cü ildə istehsal olunmuş 9x18 mm kalibrli olaraq göstərilən kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı və atəşə yararlı olan 11 ədəd patron, həmçinin döyüş sursatı olmaqla təyinatı üzrə istifadəyə yararlı olan zavod üsulu ilə hazırlanmış bir ədəd partlayıcısı ilə birlikdə əl qumbarası aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 228.1.-ci maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əli Bayramov küçəsi, ev 4 ünvanında yaşamış, narkotik maddələrdən istifadə etsə də heç vaxt həmin maddələrin satışı ilə məşğul olmamışdır. 2021-ci il oktyabrın 28-də səhər saatlarında polis əməkdaşları qonşuluqda yaşayan əmisioğlu X4 və onun evlərinə girəndə o, baş verən səs-küydən istifadə edib əli qandallı şəkildə oradan qaçmış, taksi ilə Ramin adlı dostunun Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsindəki evinə gələrək qandalı açmış, daha sonra Zaur da özünü onun olduğu yerə çatdırmışdır. Göstərilən müddətdə üzərində hər biri yarım qram olmaqla narkotik vasitələr marixuana və heroin olmuşdur. Bir-iki gün keçmiş polislər qandalı qaytarması və söhbət etmək üçün Zaur vasitəsi ilə ona xəbər göndərdikdə o, əvvəlcə getmək istəməmiş, lakin haqqında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə cinayət işi aparılacağını zənn etdiyindən polis idarəsinə yollansa da X2 rəisi X5 onun cibinə ayrı bükümlər qoymuşdur, evindəki soyuducudan aşkarlanan bükümdəki narkotik vasitə heroini polis işçiləri özləri yerləşdirmişlər, ona qarşı fiziki və psixi təzyiq tətbiq edildiyindən həmin bükümlərin özünə məxsus olduğunu deyərək sonradan bu barədə heç kimə şikayət etməmişdir. Yaşadığı evdən aşkar edilən silah-sursatı bir neçə ay əvvəl dəniz kənarından tapmışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il noyabrın 02-də Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməsi, saxlaması və həmçinin satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün bölmənin rəisi polis mayoru X3 rəhbərliyi ilə, bölmənin polis baş leytenantı əməliyyat müvəkkili Şahid2 və cinayət-axtarış şöbəsinin kiçik inspektoru polis serjantı Şahid3 ibarət qrup yaradılaraq X5 müvafiq göstərişlər versə də əməliyyatın keçirilməsində iştirak etmədiyindən qrupa faktiki olaraq o, rəhbərlik etmişdir. 2021-ci il noyabrın 02-də saat 10:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əli Bayramov küçəsi, 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlayıb sonuncunu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirməklə videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən üstündə qanunsuz hər hansı əşya olduğu halda könüllü təqdim etməsi təklif olunanda Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən üç ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməklə bükümlərdəki narkotik vasitə heroini 3-4 gün əvvəl Bakı şəhərində müxtəlif yerlərdən öz şəxsi istifadəsi üçün aldığını, eləcə də yaşadığı ünvanda da narkotik vasitə saxladığını bildirmişdir. Aşkarlanan bükümlərdəki maddələr zərfə qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı ünvan 3 ünvanda videoçəkilişlə baxış keçirildikdə yataq otağındakı yatağın altında olan tapança üçün nəzərdə tutulmuş bir ədəd dəri qabın içərisindən bir ədəd üzərində «Baykal» sözü yazılmış tapança, metal kürələr, bir ədəd hava balonu, taxta dolabın içərisindən 11 ədəd 9 mm-lik tapança patronu, dolabın altındakı yaşıl rəngli parçanın içərisindən «Derya» yazısı olan tüfəng və bir ədəd əl qumbarası, mətbəxdəki soyuducudan bir ədəd sellofan büküm aşkar edilməklə götürülmüşdür. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs göstərilən bükümdə narkotik vasitə heroin olduğunu, silah-sursatın özünə məxsus olduğunu göstərmişdir. Aşkar edilən bükümdəki maddə və digər predmetlər qablaşdırılıb götürülmüşdür. Hadisələrlə bağlı tərtib edilən protokolların düzgünlüyü imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs kimlərə narkotik vasitə satması barədə məlumatı yoxdur, sonuncuya qarşı hər hansı bir formada təzyiq tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 və polis kiçik serjantı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektoru vəzifəsində işləmiş Şahid3 Şahid1 ilə analoji ifadələr verdilər. İş üzrə əlavə şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X2 rəisi vəzifəsində işləmiş X5 Şahid1 ilə oxşar ifadə verib əlavə olaraq göstərdi ki, 2021-ci il noyabrın 02-də Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməsi, saxlaması, həmçinin satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün yaradılan əməliyyat qrupuna o, rəhbərlik etməklə sonuncunun tutulmasında həmin tarixdə iştirak etməmiş, bundan bir neçə gün əvvəl Təqsirləndirilən şəxslə əlaqədar əməliyyat tədbiri keçirilməmişdir, sonuncunun dedikləri yalandır. Onun iş yeri Təqsirləndirilən şəxs yaşadığı ünvanın arxasında yerləşir, bir ərazi olmaqla anten məlumatları ilə sorğu edilən vaxt onun sonuncunun evində olub-olmaması təsdiq edilə bilməz. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi zorakılıq göstərilməmişdir. İş üzrə əlavə şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, o, əmisioğlu Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır. 2021-ci il oktyabrın 28-də polis əməkdaşları Abdini tutmuşlar, lakin sonuncu əli qandallı şəkildə qaçıb Ramin adlı dostların Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsindəki evinə getmiş, daha sonra o da Abdinin yanına yollanmışdır. 2021-ci il oktyabrın 30-da Abdin oradan çıxmış, 2021-ci il oktyabrın 31-də evdən ona zəng gəlmişdir və o, yaşadığı ünvana gedəndə polis əməkdaşları ondan Abdini tapmasını tələb etmişlər. O, bir neçə yerə zəng vuraraq sonuncunu tapmış, lakin Abdin ona qarşı irəli sürülən ittihamı qəbul etmədiyindən etiraz etsə də o, sonuncuya işin həll olunduğunu bildirib razı salmışdır. Abdinin üzərində axtarış aparılarkən iştirak etməmişdir. Hazırda onun barəsində də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü və 240.1.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə iclasında elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi izahatda, habelə şübhəli şəxs qismindəki ifadədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qismən etiraf edib təqsirləndirilən şəxs qismindəki ifadədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü və 228.1.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə də özünü qismən təqsirli bilərək 2021-ci il noyabrın 02-də ondan və evindən aşkar edilən narkotik vasitə heroinin və silah sursatın özünə məxsus olmaqla narkotikin satışı ilə məşğul olmamasını, heroini yalnız özünün istifadəsi üçün aldığını, silah-sursatı bir neçə ay əvvəl dəniz kənarından tapdığını göstərmişdir (1-ci cild, iş vərəqi 44-45, 72-73 və 100-102). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X2 2021-ci il 02 noyabr tarixli raportlarından, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından və əməliyyat qrupunun təşkil edilməsi barədə protokolundan, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 2021-ci il 02 noyabr tarixli Ə422-096-21 №-li əməliyyat qrupunun yaradılması barədə əmrindən, habelə eyni tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satması, saxlaması və istifadə etməsi barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, həmin şəxs 2021-ci il noyabrın 02-də saat 10:00-da ünvan 4 ünvanın qarşısında saxlanıb Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın surətləri Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsinə və Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğuna göndərilmişdir (1-ci cild, iş vərəqi 4-11). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2021-ci il 02 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 10:00-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə telefon vasitəsi ilə ailə üzvlərinə xəbər vermək hüququ təmin edilmiş, protokola əlavələr və qeydlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 31). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2021-ci il 02 noyabr tarixli razılıq ərizəsindən, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi eyni tarixli və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 04 noyabr tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən üç ədəd bükümü çıxarıb təqdim etməklə içərisindəki narkotik vasitə heroini 3-4 gün əvvəl onlayn şəkildə Bakı şəhərinin müxtəlif yerlərindən öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmiş, qeyd olunan bükümlər zərfə qablaşdırılıb götürülmüş, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD diskinə baxış keçirilərkən göstərilənlər müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 37, 40-41 və 105). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2021-ci il 02 noyabr tarixli razılıq ərizəsindən, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi eyni tarixli və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 04 noyabr tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əli Bayramov küçəsi, ev 4 ünvanında axtarış və götürmə keçirilən vaxt yataq otağındakı yatağın altında olan tapança qabından bir ədəd üzərində «Baykal» yazısı olan tapança, metal kürəciklər, bir ədəd hava balonu, taxta dolabdan 11 ədəd 9 mm-lik tapança patronu, dolabın altındakı yaşıl rəngli parçanın içərisindən üzərində «Derya» yazısı olan tüfəng və bir ədəd əl qumbarası, mətbəxdə olan soyuducudan içərisində narkotik vasitəyə bənzər kütlə olan bir ədəd sellofan büküm aşkar edilib qablaşdırılaraq götürülmüş, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD diskinə baxış keçirilərkən qeyd olunanlar müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 42-43 və 106). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 03 noyabr tarixli 6/4876 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «...Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı...» sözləri olan 1 №-li paketdəki bir ədəd bükümdə təmiz çəkisi 64,809 qram olan və üzərində «...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...» sözləri olan 2 №-li paketdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,946 qram, 4,256 qram və 4,834 qram, ümumi təmiz çəkisi 14,036 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 №-li və 2 №-li paketlərdəki narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 64,709 qram və 13,886 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 81,82 manatdır (1-ci cild, iş vərəqi 56-60). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalisitk Tədqiqatlar İdarəsinin 2021-ci il 03 noyabr tarixli 21/630R №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən 19139 №-li zavod üsulu ilə Türkiyə Respublikasındakı «X7» silah zavodunda istehsal olunan 12 kalibrli «Derya DS-100 Dual System» modelli, sürgülü, hamar lüləli, öz-özünə dolan ov tüfəngi odlu yivsiz silah olmaqla texniki cəhətdən saz və atəş üçün yararlıdır; T-07 039023 №-li silah zavod üsulu ilə Rusiya Federasiyasındakı «Tula» silah zavodunda istehsal olunan 4,5 mm kalibrli, «MP-654K Baykal» modelli pnevmatik tapança odlu silah hesab edilməməklə texniki cəhətdən saz və atəş üçün yararlı olsa da içərisində sıxılmış hava ilə doldurulmuş balon olmadığından təyinatı üzrə istifadəyə yararsızdır; 111 ədəd 4,5 mm diametrli, zavod üsulu ilə istehsal olunan, pnevmatik silahlardan atəş açmaq üçün nəzərdə tutulan qırma döyüş sursatı hesab edilməməklə istifadəyə yararlıdır; bir ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunan pnevmatik tapançalarda istifadə edilən, sıxılmış hava ilə doldurulmuş balon döyüş sursatı hesab edilməməklə istifadəyə yararlıdır; 11 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1974-cü ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı olan ştat patronu olmaqla atəş üçün yararlıdır, iki ədəd patron eksperimental atəş zamanı istifadə edilmiş, fotocədvəl rəyə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 75-82). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalisitk Tədqiqatlar İdarəsinin 2021-ci il 04 noyabr tarixli 21/637R №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd zavod üsulu ilə istehsal olunan əl qumbarasının gövdəsi və bir ədəd əl qumbarasının partlayıcısı birlikdə zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı olmaqla təyinatı üzrə istifadəyə yararlıdır, fotocədvəl rəyə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 84-86). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 03 noyabr və 2021-ci il 04 noyabr tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və 228.1.-ci maddələrindən həmin Məcəllənin 234.4.3.-cü və 228.1.-ci maddələrinə tövsif edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilən sonuncuya qeyd olunan maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 68-69, 87-88 və 90). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 04 noyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 228.1.-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il noyabrın 02-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 116-118). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il noyabrın 30-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2009-cu il 15 aprel tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2009-cu il iyulun 17-də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarına əsasən çəkilməmiş cəzası azadlığın məhdudlaşdırılması ilə əvəz olunmuşdur (1-ci cild, iş vərəqi 135-136). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin 2021-ci il 25 noyabr tarixli 098-1423-1221 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkarlanan narkotik vasitələrin və döyüş sursatlarının mənbəyini, sonuncunun narkotik vasitə heroini satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 137). İş materiallarındakı Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının Əmircan Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərtib etdiyi 2021-ci il 21 dekabr tarixli 1/104 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Bakı şəhəri, ünvan 1 saylı ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 139-140). İş materiallarında olan «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 30 dekabr tarixli, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin eyni tarixli BKC/LGL- 25434/21 №-li və «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin eyni tarixli AZF/LGL- 31256/21 №-li məktublarından görünür ki, qeydiyyatda Təqsirləndirilən şəxs adına nömrə yoxdur (1-ci cild, iş vərəqi 141-143). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 13 noyabr tarixli 4470 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə halları olsa da hazırda narkomaniya xəstəliyi aşkar olunmamaqla məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 144-145). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 23 fevral tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 228.1.-ci maddələrinə tövsif edilərək ona qeyd olunan maddələri ilə elan edilən ittiham qüvvəsində saxlanılmış, sonuncunun yaşadığı mənzildən aşkarlanıb götürülən 19139 №-li 12 kalibrli «Derya DS-100 Dual System» modelli, sürgülü, hamar lüləli, öz-özünə dolan ov tüfəngi, odlu yivsiz silah olduğundan, bir ədəd T-07 039023 №-li «MP-654K Baykal» modelli pnevmatik tapança odlu silah hesab edilmədiyindən, 111 ədəd 4,5 mm diametrli qırma və bir ədəd zavod üsulu ilə istehsal olunmuş pnevmatik tapançalarda istifadə edilən, sıxılmış hava ilə doldurulmuş balon döyüş sursatı hesab edilmədiyindən həmin xüsusiyyət üzrə cinayət təqibinin başlanması rədd olunmuş, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonrakı müvafiq qaydada 64,709 qram və 13,886 qram qalıqları, 11 ədəd döyüş sursatı olan 9x18 mm kalibrli patron və bir ədəd partlayıcısı ilə birlikdə əl qumbarası saxlanılması üçün idarənin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, hazırki cinayət işindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin mənbəyini müəyyən etmək üçün Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 228.1.-ci maddələri ilə cinayət işi ayrılması qərara alınmış, iki ədəd DVD diskinin cinayət işinin materillarına əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 146-153). Məhkəməyə təqdim olunan «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 23 iyun tarixli BKC/LGL-9210/22 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə 2021-ci il oktyabrın 28-də saat 10:21:46da, saat 10:22:38-da, saat 10:25:44-də, saat 10:27:45-də və saat 10:37:03-də ünvan 6 ünvanında anten dairəsində olmuşdur. Məhkəməyə təqdim olunan ünvan 7un 2022-ci il 29 avqust tarixli 3 №-li məktubundan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 228.1.-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 2021-ci il oktyabrın 28-də orderlərin qeydiyyata alındığı kitabda onun hüquqlarının müdafiəsi ilə bağlı büroya istintaq və ya təhqiqat orqanlarından heç bir məktub və qərar daxil olmamış və bununla bağlı heç bir vəkil orderi verilməmişdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin məhkumun 9613/2021 nöirəli tibbi kitabçasından çıxarışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs dəri səthində xəsarət aşkar edilməmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 228.1.-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 228.1.-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs qohumu olan X4 ifadəsinə Təqsirləndirilən şəxs vəziyyətini yüngülləşdirmək məqsədi daşıması kimi qiymət verir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs cinayəti törətdiyi yeri Əmir Nizaməddin (keçmiş Əli Bayramov) küçəsi, ev 4 ünvanı kimi qəbul edir. Bundan başqa məhkəmə döyüş sursatı olan 9x18 mm kalibrli patronların tədqiqatdan sonrakı sayının doqquz ədəd olduğunu hesab edir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini fiziki və psixi təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və sonuncunun öz maraqlarına əsaslanaraq vəziyyətini yüngülləşdirməyə çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxs qismindəki qismən etirafedici, şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə barəsində heç bir şikayət daxil olmamasını işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonrakı müvafiq qaydada 64,709 qram və 13,886 qram qalıqları məhv edilməli, doqquz ədəd döyüş sursatı olan 9x18 mm kalibrli patron və bir ədəd partlayıcısı ilə birlikdə əl qumbarası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 81,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Kredo» vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 10 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Kredo» vəkil bürosunun nəfinə (VÖEN: **********) 60 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il noyabrın 02-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 228.1.-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il noyabrın 02-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 81,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Kredo» vəkil bürosunun nəfinə (VÖEN: **********) 60 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonrakı müvafiq qaydada 64,709 qram və 13,886 qram qalıqları məhv edilsin, doqquz ədəd döyüş sursatı olan 9x18 mm kalibrli patron və bir ədəd partlayıcısı ilə birlikdə əl qumbarası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin, iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-826/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-826/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver