Məhkəmə qərarları › İş №1(101)-827/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-827/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-827/2023 12.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 22 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 22 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 24 sentyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ona görə ki, o, 2022-ci ilin sentyabr ayında Sumqayıt şəhərində şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı «Məhəmmədəli» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilərək realizə edilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq «Məhəmmədəli» adlı şəxsin qanunsuz yolla və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 3 kq 465 qram, 1,034 qram, 2,960 qram olmaqla, ümumi təmiz çəkisi 3 kq 468,994 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini Sumqayıt şəhərində istintaqla müəyyən edilməmiş yerdən tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə etmiş, həmin narkotik vasitələri üzərində saxlamaqla yaşadığı ünvan 1 ünvanına daşımış, 22 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon Polis idarəsi Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin günü saat 18:00-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş və xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli polietilen bükümdə təmiz çəkiləri 1,034 qram və 2,960 qram olmaqla, ümumi təmiz çəkisi 3,994 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunmuş, həmin günü keçirilmiş təxirəsalınmaz axtarış zamanı yaşadığı evdən hər birinin ayrı-ayrılıqda xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan 1 ədəd polietilen torbada təmiz çəkisi 3 kq 465 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin izləri olan 1 ədəd «Digital Scale» yazısı olan qara rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv şəkildə araşdırıldı. Bu zaman onun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilsə də, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis işçiləri tərəfindən saxlanılarkən onda narkotik vasitə olmamışdır. Onda ümumilikdə 1 qram heroin, yarım qram isə metamfetamin olmuşdur. Sonra onu bölməyə aparmışlar, orada bir kiloyarım narkotikin də evdə olduğunu bildirmişdir. Polis işçiləri onu tutarkən evdə xanım olmuş, polislər ona narkotiki boynuna almasa, xanımı da onunla birlikdə tutacaqlarını bildirmişlər. O da, xanımın tutulmaması üçün polis işçilərinin dedikləri hər şeyi boynuna almışdır. Onu tutanda başqa əməliyyatçılar, sənədləşdirəndə isə başqa əməliyyatçılar iştirak etmişlər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirmişdir ki, tutularkən evdə tanış xanım olmuşdur. Həmin vaxt o, epilepsiya xəstəsi olan qardaşına yemək verəndə polislər gəlib onu tutmuşlar. Onda bir büküm heroin, bir büküm isə metamfetamin olmuşdur. Həmin narkotik vasitələri iran vətəndaşından almışdır. İranlı ona narkotik vasitənin yerini demiş, o da, gedib deyilən yerdən həmin narkotiki götürmüşdür. Polis əməkdaşları ona hədə-qorxu gəldiklərinə görə onların dediklərini kimi etmişdir. İstintaqda verdiyi ifadəni oxumadan imzalamışdır. Polis bölməsində videoçəkiliş aparılmış, sonra isə o, heç yerə imza etməmişdir. Həmin vaxt vəkili də iştirak etmişdir. Onu gündüz vaxtı saat ikinin yarısında gəlib evdən tutub aparmışlar. Polislər evə onu tutmaq üçün gələndə o, birinci mərtəbədə olmuş, onlar isə hasardan düşüb ikinci mərtəbəyə qalxmışlar. Evdən aşkar olunan narkotik vasitə stolun üstündə olmuşdur. Onu saxlayan əməliyyatçıların adı Orxan, digərinin adı isə Anar olmuşdur. Saxlanılarkən evdə olan xanımın adı isə Mehriban olmuşdur. Polislər gələndə həyətin darvazası bağlı olmuş, ikinci mərtəbəyə giriş isə məhlədən olmuşdur. O, birinci mərtəbənin qapısını açanda iki nəfər gəldiyini görmüş, ikinci mərtəbədən səs eşitmiş, iki dəqiqə sonra küçəyə çıxmışdır. O, müstəntiqin yanında sənədləri imzalamışdır. Polislərin içəri girməsini əmisi Qəhraman da görmüşdür. İfadələri arasında ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxsin ibtidai istintaqı zamanı verdiyi izahatı və ifadələri məhkəmə iclasında tədqiq edildi. Şəxsi axtarış keçirildikdən sonra xx.xx.2022-ci il tarixli izahatında, həmçinin həmin tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək bildirmişdir ki, əvvəllər narkotik vasitəyə görə və oğurluq etdiyi üçün məhkum olunmuşdur. 2019-cu ildə narkotik vasitə istifadəyə görə məhkum olunmuşdur. 2020-ci ilin noyabr ayında həbsdən azad olmuşdur. Özü narkotik vasitəni 15 ildir ki, inyeksiya yolu ilə qəbul edir. Hər gün 2 qram heroin qəbul edir. Narkotik vasitələri əsasən İran İslam Respublikası vətəndaşı olan Məhəmmədəli adlı şəxsdən alır. Onunla əsasən «Vatsap» vasitəsi ilə mesajlaşmaqla kartına pul köçürüb, onun da narkotik vasitəni harasa qoyub tərəfindən götürməklə alır. Belə ki, iranlının kartına pul göndərir, həmin Məhəmmədəli adlı iranlı şəxs də narkotiki müəyyən yerə qoyur və həmin yerin dəqiq şəklini və xəritəsini göndərir. Həmin yerdən narkotik vasitəni götürür. Narkotik vasitəni həmin şəxsdən bəzən nisyə alır. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində iranlı Məhəmmədəlidən narkotik vasitələri bəzən nağd, bəzən də nisyə aldığını, nisyə götürdüyü malların pulunu sonradan narkotiki satıb ödədiyini, 19 sentyabr 2022-ci il tarixdə növbəti dəfə Məhəmmədəlidən Sumqayıt yolunda təxminən 3 kiloqram heroin əldə etdiyini, həmin narkotik vasitənin əvəzinə onu satdıqdan sonra Məhəmmədəliyə 3.000 manat pul verməli olduğunu, lakin onu sata bilmədiyini, tutulduğu gün həmin narkotikdən bir az götürüb satmaq məqsədilə üzərində saxladığını, qalan hissəsinin isə yaşadığı evdə qonaq otağında divanın altında saxlanc yerində gizlətdiyini, saat 18 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən içərisində heroin olan bükümün aşkar edildiyini, daha sonra özünün deməsinə görə müstəntiqin polis əməkdaşları ilə birlikdə yaşadığı evə gələrək qonaq otağında gizlətdiyi narkotik vasitənin çox hissəsini də videoçəkilişlə götürüldüyünü, həmçinin 1 ədəd elektron tərəzi və narkotiki satdığı şəxslərin qeydiyatının aparıldığı dəftərin aşkar edildiyini, özü yazı yaza bilmədiyinə görə dəftərdəki qeydləri tanışı olan, lakin adını çəkmək istəmədiyi bir xanımın yazdığını, «Votsap»da olan iranlı Məhəmmədli ilə yazışdığı mesajları həmin gün tutulmamışdan öncə özünün pozduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zorakılıq edilmədiyini bildirmişdir. İstintaqın son mərhələsində verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs göstərmişdir ki, evindən ittihamda qeyd olunan çəkidə narkotik vasitə çıxmamışdır. Polis işçiləri onu yaşadığı evdən tutmuşlar. Xəzər RPİ-nə gətiriblər və üzərindən heç nə çıxmamış, sonra yaşadığı evdə axtarış edərkən evindən 1 qram metamfetamin və yarım qram heroin aşkar olunmuş, evində bir az da tiryək olmuş, lakin polislər həmin tiryəki tapa bilməmişlər. Evindən 1 qram metamfetamin və yarım qram herolin tapmışlar. Lakin tanımadığı polislər ona bildirmişlər ki, sevgilisi olan Sofi adlı qızı tutacaqlar. O da, məcbur olub etiraf etmişdir ki, evindən 2 kq narkotik vasitə çıxmışdır. Əslində isə evindən iranlı olan Məhəmmədəlidən aldığı 1 qram metamfetamin və yarım qram heroin çıxmışdır. Bildirir ki, əvvəllər narkotik satmışdır. Belə ki, istifadə üçün almağa pulu olmadığından iranlıdan alıb bir az satırmış. Lakin hazırda satmaq üçün almamış, öz istifadəsi üçün almışdır. Həm də evindən o qədər narkotik vasitə çıxmamışdır. Sofi adlı xanım onun sevgilisi olub, bir yerdə narkotik qəbul edirmişlər. Evindən çıxan dəftərdəki yazıları da öz xahişi ilə Sofi yazırmış. Hazırda Sofinin harada olduğunu bilmir və anket məlumatlarını bilmir (cild 1, iş vərəqi 27-28, 32-36, 49-51, 61-64, 109- 111). Tədqiq olunmuş izahat və ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs izahat və protokollardakı imzaların özünə məxsus olduğunu, orada narkotik vasitələri satmağı barədə yazılanların doğru olmadığını, ifadələrin qalan hissəsi ilə razı olduğunu, saxlanılarkən və polis idarəsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raportla müraciət etmişlər və həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında qeyd olunan tarixdə saat 18 radələrində Rəşad adlı şəxsə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış keçirilməsi üçün şöbəyə dəvət etmişlər. Müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs şöbəyə getməyə heç bir etiraz etməmiş və birlikdə Xəzər RPİ-nə getmişlər. Orada hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs etiraz etmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki üzərində narkotik vasitə və ya digər qanunsuz maddə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli polietilenə bükülmüş maddəni çıxarıb təqdim edib narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sol yan cibindən isə «Samsung» markalı mobil telefonu təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Həmin 1 ədəd büküm açıldıqda içində iki ədəd polietilen büküm olduğu müəyyən olunmuşdur. Həmin bükümlər açılanda tozşəkilli spesifik qoxuya malik qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni İran vətəndaşı olan Məhəmmədəli adlı şəxsdən almış, həmçinin 2 kq-dan çox olan hissəsi də yaşadığı evdədir. Satmaq məqsədi ilə aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd büküm zərfə qoyularaq möhürlənmiş və üzərində imza edilmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra müstəntiq tərəfindən tədbirin davamı olaraq Təqsirləndirilən şəxs evində axtarış keçirilməsi barədə qərar qəbul olunmuşdur. Tədbir iştirakçılari ilə birlikdə Təqsirləndirilən şəxs məxsus ünvan 1 ünvanına yollanmışlar. Təqsirləndirilən şəxs videoçəkilişlə yaşadığı evdə axtarış aparılmasına etiraz etmədiyini bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra yaşadığı evdə axtarışa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs evin 2-ci mərtəbəsində yerləşən otağa qalxmış və 2-ci mərtəbədə yerləşən divanın altını qaldırıb saxlanc yeri olan altından 1 ədəd yaşıl-ağ rəngli polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən böyük ölçüdə şəffaf polietilen büküm aşkar olunmuşdur. Bıçaqla deşilmiş və içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin təxminən 2 kq-a yaxın olan heroin olduğunu bildirmiş və Məhəmmədəli adlı iranlıdan aldığını, nisyə aldığını və satıb pulunu qaytaracağını bildirmişdir. Həmçinin divanın altından elektron tərəzi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin tərəzi ilə satdığı narkotik vasitələri çəkdiyini bildirmişdir. Həmçinin aşkar olunmuş 1 ədəd dəftər də müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs evindən aşkar olunan narkotik vasitə heroinə bənzər böyük ölçülü maddə və 1 ədəd tərəzi zərfə qoyularaq üzəri möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Məhkəmə ilasında şahid qismində dindirilmiş Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərində şəxsi axtarış və evində axtarış keçirilməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiynii bildirərək, həmkarı Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs onun əmisi nəvəsi olmaqla bir həyətdə yaşayırlar. Hadisə baş verən gün o, əllərini yuyarkən həyətdən səs-küy gəldiyini görmüş, elə bilmişdir ki, Rəşad quş saxladığına görə yenə quşlarla bağlı öz dostlarını çağırmışdır. Buna görə onlara məhəl verməyib evə getmişdir. Həyətdə səs-küy gələndə günorta saat 2-dən sonra olmuşdur. Sonra balkondan balkondan baxanda həyətdə kənar adamlar olduğunu görmüş, onlar təxminən 4-5 nəfər olmuşlar. Həmin vaxt o, Rəşadı həyətdə olan şəxslərin yanında görməmişdir. Həmin şəxslər təxminən 20-25 dəqiqə sonra çıxıb getmişlər. Həyətdə olan şəxslərin polis işçiləri olduğunu sonradan bilmiş, Rəşadı aparan şəxslər eyni adamlar olmuşlar. Axşamüstü Rəşadın anası evə gələndən sonra isə o, əməliyyatçıların evə gəldiklərini görməmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan üzləşdirmə protokollarına əsasən, ibtidai istintaq zamanı şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs arasında həmin istintaq hərəkətləri keçirilmiş, bu zaman şahidlər istintaqa verdikləri ifadələrində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı söyləməklə bir daha təsdiq etmişlər (cild 1, iş vərəqi 116-121). Cinayət işinə əlavə olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında 22 sentyabr 2022-ci il tarixli protokola əsasən, Bakı şəhəri, Xəzər rayon Polis idarəsi, Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş və xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli polietilen bükümdə içərisində 2 büküm olan tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 27-28). Cinayət işində olan təxirəsalınmaz qaydada axtarış və götürmə aparılması haqqında 22 sentyabr 2022-ci il tarixli qərardan və protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri, Xəzər rayon Polis idarəsi, Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən videoçəkilişlə keçirilmiş təxirəsalınmaz axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanından 1 ədəd polietilen torbada toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddələr və 1 ədəd qara rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 31-34). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5447 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,034 qram, 2,960 qram, ümumi təmiz çəkisi 3,994 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Təqsirləndirilən şəxs evindən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd polietilen torbada olan üzəri yapışqan lentlə sarılmış 1 (bir) ədəd bağlamada təmiz çəkisi 3465 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 2 (ikİ) ədəd bükümdə və 1 (bir) ədəd bağlamada olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Tədqiqata təqdim edilmiş üzərində «Digital Scale» yazıları olan 1 (bir) ədəd qara rəngli tərəzinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublmkası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlərin» siyahısına daxildir (cild 1, iş vərəqi 43-48). Cinayət işində olan Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Xəzər rayon Polis idarəsi, Narkotiklərlə Mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6218 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 88-89). İbtidai istintaq orqanının 11 yanvar 20223-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə təxirəsalınmaz axtarış keçirilməsi zamanı aşkar edilərək götürülmüş 1,034 qram, 2,960 qram və 3 kq 465 qram olmaqla, ümumi təmiz çəkisi 3 kq 468,994 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 ədəd «Digital Scale» yazısı olan qara rəngli elektron tərəzi və videogörüntülərin qeydə alındığı 1 ədəd DVD markalı disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3468,844 qram heroin və tərəzi Xəzər RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, disk isə cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 90-94). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sabunçu rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qərarı ilə 1 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur (cild 1, iş vərəqi 86-87). Məhkəmə iclasında Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olmadığını, evində isə ümumilikdə 1 qram heroin, yarım qram isə metamfetamin olduğunu, sonra onun bölməyə aparıldığını, orada kiloyarım narkotikin də evdə olduğunu bildirdiyini, polis işçiləri onu tutarkən evdə tanıdığı xanım olduğunu və polis işçilərinin onu həmin xanımla təhdid etdikləri üçün hər şeyi boynuna aldığını, tutulanda və sənədləşdirmə aparılanda fərqli əməliyyatçıların iştirak etdiklərini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Həmçinin məhz şübhəli şəxs kimi Təqsirləndirilən şəxs videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı yaşadığı ünvanda da narkotik vasitə saxlaması barədə izahatına əsasən təxirəsalınmaz axtarış aparılması haqqında qərar qəbul edilmiş və videoçəkilişlə həyata keçirilmiş axtarış və götürmə zamanı onun yaşadığı evdən də külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İlkin izahatında, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə növbəti dəfə Məhəmmədəlidən Sumqayıt yolunda təxminən 3 kiloqram heroin əldə etdiyini, həmin narkotik vasitənin əvəzinə onu satdıqdan sonra Məhəmmədəliyə 3.000 manat pul verməli olduğunu, lakin onu sata bilmədiyini, tutulduğu gün həmin narkotikdən bir az götürüb satmaq məqsədilə üzərində saxladığını, qalan hissəsinin isə yaşadığı evdə qonaq otağında divanın altında saxlanc yerində gizlətdiyini, saat 18 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən içərisində heroin olan bükümün aşkar edildiyini, daha sonra özünün deməsinə görə müstəntiqin polis əməkdaşları ilə birlikdə yaşadığı evə gələrək qonaq otağında gizlətdiyi narkotik vasitənin çox hissəsini də videoçəkilişlə götürüldüyünü, həmçinin 1 ədəd elektron tərəzi və narkotiki satdığı şəxslərin qeydiyatının aparıldığı dəftərin aşkar edildiyini, saxlanılarkən və polis idarəsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Cinayət işində olan Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 24 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə baxılarkən Təqsirləndirilən şəxs əməlini etiraf etmiş, polis tərəfindən ona qarşı şər hansı fiziki və ya psixoloji təzyiq göstərilmədiyini və əməlindən peşman olduğunu bildirmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ziddiyyətli ifadə verməsini, polis əməkdaşlarının onu hansısa bir qadınla təhdid etməsi nəticəsində narkotik vasitələrin özünə məxsus olmasını etiraf etməsi barədə bildirdiklərini təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə yuxarıda sadalanan bütün sübutları məcmu halında təhlil edib qiymətləndirərək belə hesab edir ki, məhkəmə baxışı zamanı onun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirildi. Lakin ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Məhkəmə baxışı zamanı ittiham nitqi ilə çıxış edən Dövlət ittihamçısı1 təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyini qeyd edərək, həmin hissədə ittihamdan imtina etdiyini bildirdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 38.4-cü maddəsinin tələbinə görə, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı1 ittihamdan imtinası qəbul edilməli və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları və hazırkı hökmdə sadalanan sübutları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır, yəni Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi həmin əməl düzgün tövsif edilmişdir, əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3.-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 1 ay 21 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Bu isə təqsirləndirilən şəxsə münasibətdə cinayətlərin residivi kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 22 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Xəzər rayon Polis idarəsi, Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6218 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Xəzər RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3468,844 qram heroin və 1 ədəd «Digital Scale» yazısı olan qara rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; - şəxsi axtarış və yaşayış evində təxirəsalınmaz axtarış aparılması videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD markalı disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə olunmuş orderdən, hesabatdan və ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3 müdafiə etmiş, bununla bağlı vəkilə ödəniləcək müdafiə xərcləri 150 (yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan orderdən və hesabat arayışından görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmiş, bununla bağlı vəkilə ödəniləcək müdafiə xərcləri 252 (iki yüz əlli iki) manat təşkil edir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını ibtidai istintaq zamanı müdafiə etmiş vəkil Sərxan Məmmədova ödəniləcək 150 (yüz əlli) manat pul vəsaiti Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun hesabına, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsi müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 252 (iki yüz əlli iki) manat pul vəsaiti isə Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı1 imtinası qəbul edilsin və Təqsirləndirilən şəxsin həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Xəzər RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3468,844 qram heroin və 1 ədəd «Digital Scale» yazısı olan qara rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - şəxsi axtarış və yaşayış evində təxirəsalınmaz axtarış aparılması videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD markalı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X2 ödəniləcək 150 (yüz əlli) manat pul vəsaiti Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun hesabına köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 252 (iki yüz əlli iki) manat pul vəsaiti Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar