Məhkəmə qərarları › İş №1(101)-827/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-827/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-827/2024 01.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhər 3 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay , orta təhsilli, işsiz, məhkumluğu olmayan ,ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində « həbs » qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir, ona görə ki, o qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 19 may 2023-cü il tarixdə saat 00.50 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncunun əvvəlcədən dəqiq yeri barədə məlumat verməklə gizlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən « Citi» marketin yaxınlığında avtomobil təkərinin yanında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 25, 979 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 01 radələrində O, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən « Citi» marketin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ 6-cı PB-nə gətirilmiş və orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sağ cibindən bir ədəd ağ sellofanın içərisində təmiz çəkisi 21,661 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin sellofanın içərisində bir ədəd digər bükümdə təmiz çəkisi 4,318 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, üstündə cəmi 1 büküm olmuşdur, ittiham aktında isə 2 büküm göstərilmişdir. Onu 6-cı bölmə yox, Binəqədi rayon polis idarəsi tutub, 6-cı bölməyə təhvil vermişdir. DSP yolunda City marketin qarşısında 500 manat pul qarşılığında 20 qram narkotikin arxasınca getmişdir. Narkotikin arxasınca gedəndə 6 nəfər polis əməkdaşı onu saxlamışdır. Narkotiki istifadə edəcəkmiş. 25 qram deyilmiş. O 35 qram yox, 20 qramın arxasıca getmişdir. Narkotiki kimdən aldığın, həmin şəxsin İran vətəndaşı olub olmadığını bilmir. Əvvəllər ondan narkotik almamışdır, ilk dəfə imiş. 500 manatı million vasitəsilə həmin şəxsə yollamışdır. 20 qram narkotik istifadə üçün çox deyilmiş, çünki o gündə 2 qram istifadə etməklə çəkirmiş. Hər dəfə gəlib gedə bilmirmiş. 234.1-ci maddə ilə məhkumluğu olmuşdur. Onu heç yerə qeydiyyata almamışlar. Sumqayıtda qeydiyyata alınmamışdır. Ailəsi, uşağı yoxdur. 2-ci büküm onda olmamışdır, onu polisdə görmüşdür. Polisə aparıb 1 kq narkotiki boynuna qoymaq istəmişlər. Əvvəllər məhkum olunmuş, ancaq amnistiyaya düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsndə işləyir. Təqsirləndirilən şəxs barəsində satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin satışında şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxi olmuşdur. Məlumat mühazirə olunduqdan sonra məlumatda qeyd edilən ünvana getmişlər. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki-psixi təsir olmamışdır. İbtidai stintaqda şahid qismində dindirilmiş Binəqədi RPİ 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qəbulu ilə məşqul olması barədə PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilərək onun cinayət başında yaxalanması üçün PB-nin rəisinə məruzə olundu. Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair onun tərəfindən qəbul olunmuş qərar bölmə rəisi tərəfindən təsdiq olunmuşdur. Binəqədi RPİ CAŞ-nin kiçik inspektoru , polis serjantı Şahid1 Coşğun oğlu ilə birlikdə 19 may 2023cü il tarixdə saat 01:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi, DSK yolu, Citi marketin yaxınlığında olduğunu müşahidə etmişlər. Ona yaxınlaşıb polis vəsiqəsini göstərərək özlərini təqdim edib onun da özünü təqdim etməsini və onlarla birlikdə polis bölməsinə getməyinin vacibliyini ona bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onu saxlamağının səbəbini anladığını bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə 6-cı polis bölməsinə getmişdir. Polis bölməsinin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, PB-nin inzibati binasındakı otaqların birində Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı, polis mayoru Kamandar Ələsgərov tərəfindən vətəndaş Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olundu. Vətəndaş Təqsirləndirilən şəxs əynindəki gödəkçənİn sol cibindən bir ədəd Samsung Galaxy mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Ondan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəgli, üzərində xətlər olan parça şalvarın sağ cibindən bir ədəd, nisbətən iri həcmli, ağ sellefona bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşyanın olmadığım bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsun üzərində axtarış aparılmağa başlanıldı: ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış , lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuşdur. O, üzərindən aşkar olunmuş bir ədəd nisbətən iri həcimli ağ rəngli sellefona bukulmuş bükümün içindəki olan maddənin el içində “heroin” deyilən narkotik vasitə olduğunu bildirərək həmin sellofanı açmışdır. Həmin sellofanın içində narkotik vasitə olan heroin aşkar olundu. Həmin nisbətən iri həcmli selofamn içində olan narkotik vasitə heroinin yanında bir ədəd kiçik ölçülü sellofan bükülü olduğu müəyyən olunmuşdur. Həmin kiçik ölçülü şəffaf sellefona bükülmüş bükümün üzərində 35 k yazısı olan kağız parçası yapışdırımış və bükülü açıldıqda onun da içində narkotik vasitə oan heroin aşkar olunmuşdur. Ondan həmin sellofanı haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə narkotik vasitə istifadə etməsini, bir gün öncə axşam saatlarında İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin hesab kartına ödəniş etmə terminalın vasitəsi ilə 500 manat pul köçürdükdən sonra, həmin şəxs ona WhatcApp vasitəsi ilə ünvanın dəqiq yerini bildirmək üçün “konum” göndərməsini, konum vasitəsilə Bakı şəhəri ,Binəqədi rayonu, DSK yolu, Citi marketin yaxınlığında olan avtomobil təkərinin yanından sellofan bükülünü götürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Coşğun oğlu digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə və eyni zamanada ittiham aktında qeyd olunan narkotik miqdarının çox olmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddə ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham olunan epizod üzrə əməlində cinayət tərkibi olmadığından ona qarşı irəli sürülmüş ümumi ittihamdan həmin ittiham çıxarılmalıdır. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq təqsirləndirilən şəxsin narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1 -ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunvericilik hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-cı il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsə verilən ittihamda istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi iş materialları ilə sübut olunmadığından, belə nəticəyə gəlməsi əsas ola bilməz. Azərbaycan Respublikası CM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 19 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Binəqədi rayonu 6-cı PB-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 may 2023-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o, etiraz etmədiyini bildirdikdən sonra, onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynindəki qara tünd rəngli gödəyçəsinin sol cibindən bir ədəd Samsung-galaxy markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Ondan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəgli, üzərində xətlər olan parça şalvarın sağ cibindən bir ədəd, nisbətən iri həcmli, ağ sellefona bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş o, bir ədəd nisbətən iri həcmli ağ rəngli sellefona bükülmüş bükümün içindəki heroin olduğunu bildirdi. Daha sonra isə Təqsirləndirilən şəxs əynində olan parça şalvarın sağ cibindən çıxardığı ağ rəngli sellefona bükülmüş bükümü açdıqda şəffaf sellefona bükülmüş bükümün üzərinə 35 k yazısı olan kağız parçası yapışdırılmışdır. Həmin bükümü açdıqda, əlavə olaraq nisbətən kiçik ölçüdə ağ rəngli sellefona bükülmüş, büküm aşkar edilmişdir. Ondan həmin bükümləri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə narkotik vasitə istifadə etməsini, bir gün öncə axşam saatlarında İran vətəndaşı kimi tanıdığı şəxsin hesab kartına terminal vasitəsi ilə 500 manat pul köçürdükdən sonra, həmin şəxs ona WhatsApp vasitəsi ilə ünvanın dəqiq yerini bildirmək üçün “konum" göndərmiş, konum vasitəsilə Bakı şəhəri Binəqədi rayonu, DSK yolu City marketin yaxınlığında olan avtomobil təkərinin yanından götürdüyünü bildirmişdir. Ondan sonra qeyd olunmuş ünvandan aralındıqdan sonra polis əməkdaşları onu Binəqədi RPlnin 6-cı PB-nə gətirmişdilər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının 19 may 2023-cü il tarixli, 6/2911 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 175” dairəvi möhür əksi və olunan “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza... iştirak etdi:iki imza, Qablaşdırdı:K.Ələsgərov-imza... ” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 ( iki ) ədəd bükümlərdə təmiz çəkiləri 21,661 qram, 4,318 qram, ümumi təmiz çəkisi 25,979 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir .Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Heroin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin» siyahısına (siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi-25,979 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-25,879 qram (ekspertiza tədqiqatın dəyəri 92 (doxsan iki manat)) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-507/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Şəxsi axtarış və götürmə zamanı çəkilişi özündə əks etdirən diskə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli üzərində xətlər olan şalvarın sağ cibindən ağ rəngli sellefona bükülmüş büküm aşkar olunmuşdur. Həmin bükümü açdıqda içərisində narkotik vasitə heroin aşkar olunduğu, narkotik vasitənin yanında da bir ədəd nisbətən kiçik ölçüdə ağ rəngli sellefon bükülü aşkar olunmuşdur. Həmin kiçik ölçülü sellofan bükülünün içərisində də narkotik vasitə heroin aşkar olunduğu müşahidə olunur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 17 iyun 2023-cü il tarixli, 3849 nöməli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixitarik X5 Hüquqi Şəxsin Məhkəmə psixiatrik ekspertizasının 25 iyun 2023-cü il tarixli, 1788 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs etdiyi hərəkətləri adekvat olaraq qavramaq, onların mahiyyətini dərk etmək və öz hərəkətlərinin idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi xəstəlik yoxdur, məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 1(060)-136/201 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Sumqayıt şəhər Məhkəməsinin 7(060)-91/2022 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-136/201 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən hökmlə ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Sumqayıt şəhər İcra Hakimiyəti Başçısının X3 təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən məhkəmə onun hazırki əməlini residiv kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməli və cəzasını tutulduğu vaxtdan, yəni 19 may 2023-cü il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə cəzanı yüngülləşdirən hall kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 25,879 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd Samsung-Galaxy markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin videoçəkilişini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 92(doxsan iki) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 19 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 92(doxsan iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 25,879 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra sonra məhv edilsin, bir ədəd Samsung-Galaxy markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin videoçəkilişini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar