Məhkəmə qərarları › İş №1(101)-828/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-828/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-828/2025 02.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Abşeron rayonu, Qobu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci yeni yaşayış massivi, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən, “White city hostel”də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədlı̇ yyə Nazı̇ rlı̇ yı̇ n 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xx.xx.2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,654 qram olan ağ rəngli kristalik maddə kütləsi kustar üsulla hazırlanmış psixorop maddə-metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, Suraxanı RPİ- nin 31 -ci PŞ-nin və BBİ-nin kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 16:40-da Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən Ədliyyə Nazirliyinin, PX-nin, 16 saylı CÇM-nin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PŞ-nin inzibati binasına aparılaraq, inzibati binanın otaqlarının birində üzərində şəxsi axtarış həyata keçirilən zaman üzərində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 3,654 qram olan ağ rəngli kristalik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop–maddə metamfetaminaşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2024-cü il tarixli raportdan (cild 01, iş vərəqə 2) görünür ki, “Əli” adlı şəxsin Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən “16 saylı” CÇM-nin yaxınlığında narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması bildirilmişdir.

4. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 18) görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdə, saat 16:40 dəqiqədən azadlığının faktiki məhdudlaşdırılmışdır.

5. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 01, iş vərəqə 28) görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması timal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə jalik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. O könüllü olaraq əynindəki boz rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellafona bükülmüş bükümü çıxararaq təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sol yan cibindən çıxararaq təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellafona bükülmüş bükümün içərisində olan kütlənin narkotik vasitə şüşə (metamfetamin) olduğunu və həmin narkotik vasitəni 30 iyun 2024-cü il tarixdə günorta saatlarında tanımadığı İran İslam Respublikasının vətəndaşından 200 (iki yüz) manata alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Davam edən şəxsi axtarış zamnaı əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən üzərində ***-***-**-** va 010-414-14 aylı mobil nömrələr olan 1 ədəd "Redmi 13 c" markalı mobil telefon aşkar olundu. Daha sonra davam şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir digər əşya və ya predmet aşkar olunmadı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf sellafona bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Davam edən şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə xidməti iş otağında, təbii işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməliyat müvəkkili polis baş leytenant Şahid1 tərəfindən aparılmış video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi.

6. Məhkəmə-kimyəvi ekspertizasının 01 iyul 2024-cü il tarixli 6/3424 nömrəli rəyindən (cild 01, iş vərəqə 36-39) görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N2İ95” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd büküm ümumi təmiz çəkiləri 3.654 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.

7. xx.xx.2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərardan (cild 01, iş vərəqə 48) görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış olan ********* saylı cinayət işinin materialları və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir.

8. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 01, iş vərəqə 49) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən ittiham elan edilmişdir.

9. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-216/2024 saylı qərarında (cild 01, iş vərəqə 68-72) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 iyun 2024-cü il tarixdən, saat 16.40-dan hesablanması qərara alınmışdır.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan (cild 01, iş vərəqə 75) görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır.

11. 04.10.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 01, iş vərəqə 94) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3,654 qram olan ağ rəngli kristalik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması və tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 3,554 qram olan ağ rəngli kristalik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin saxlanması üçün Suraxanı RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X4n xx.xx.2024-cü il tarixli 5440 nömrəli ekspert rəyindən (cild 01, iş vərəqə 129-130) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

13. 12.11.2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 139) görünür ki, ********* №-li cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, üzərində ***-***-**-** və ***-***-**- ** simkart nömrəsi olan «Redmi 13C markalı telefona baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş ***-***-**-** və ***-***-**-** simkart nömrəsi olan «Redmi 13C markah telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat əldə edilməmişdir.

14. 16.11.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 142) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə daxil olmuş və edilmiş zənglər, daxil olmuş və edilmiş SMS mətnləri barədə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı diskə olan 4 ədəd fayllara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən sms və ya mətnlər aşkar edilməmişdir. Baxış zamanı bir ədəd CD diskdə olan fayla baxıldıqdan sonra iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq cinayət işinə əlavə olunmuşdur.

15. 17.11.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 143) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmus ***-***-**-** telefon nömrəsinə daxil olmuş və edilmiş zənglər, daxil olmuş və çıxmış SMS mətnləri barədə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 04 ədəd fayl vardır. Diskə olan fayllara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə 994 ********* nömrəsindən "Eli bir cavab verde hardasan? Gelirsen ya yox yatim gozluyum? Agriyiram axi", 99***-***-**-** nömrəsindən "ne zeng vuranam nede yazanam. Men taparam ozume yer goturmeye. Amma meni gerek blok elemzdin. Neyse” 99***-***-**-** nömrəsindən "Sen Allah blokdan çıxart meni, 1 seferliy goturumde xaiş eliyirem”, “narahat elemerem sonra bu seferliy xaiş eliyirem komey elede pul var” yazılmış sms mətnləri aşkar edilmişdir. Baxış zamanı bir ədəd CD diskdə olan fayla baxıldıqdan sonra iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq cinayət işinə əlavə olundu.

16. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən (cild 01, iş vərəqə 157-159) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkum olunmuşdur. Belə ki, Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3, 66.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad olunmuşdur.

17. xx.xx.2020-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 275/2020 saylı hökmündən (cild 01, iş vərəqə 160-169) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmış və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmişdir. Cəzasının əvvəli 26 avqust 2020-ci il tarixdən hesablanmışdır.

18. xx.xx.2020-ci il tarixli Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-168/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən (cild 01, iş vərəqə 170-174) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 11 ay (on bir ay) 28 (iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrumətmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 6 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasının əvvəlinin 16 may 2020-ci il tarixdən hesablanması qərara alınmışdır.

19. 23.11.2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 177-188) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış və barəsində Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs növündə qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmaması nəzərə alınmış, cinayət işi üzrə təqsirləndirilən şəxs X2 törətdiyi cinayət əməlini qismən etirafedici ifadələri, şahidlər Şahid1, Şahid2 ifadələri, şəxsi axtarış və götürmə protokolu, diskə baxış protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/3424 nömrəli ekspertiza rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi səxsin verdiyi xx.xx.2024-cü il tarixli 5440 nömrəli rəyi, AZƏRFON" MMC-nin, AZF/LGL-7404/24 nömrəli məktubu və Azercell Telecom MMC-dən daxil olmus 4322 saylı məktubu ilə daxil olmus 02 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü qismində qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3.654 qram olan psixatrop maddə metamfetamin tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 1554 qram olan psixotrop maddə metamfetamin maddi sübutun taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasınının videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınmış və cinayət işində saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3.654 qram olan psixotrop maddə metamfetamini əldə etdiyi şəxsə və mənbəyə görə hazırki ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılsın və icraata qabul edilməsi, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar özünümüdafiə kimi qiymətləndirilməklə rədd edilməsi qərara alınmışdır.

20. 23.11.2024-cü il tarixli cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 189-190) görünür ki, Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 3.654 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə hazırda istintaq aparılan ********* saylı cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdır.

21. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin Ramana qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat nəticəsində şəxsi Ramana qəsəbəsi ərazisində saxlayaraq Suraxanı RPİ-nin 31-ci polis bölməsinə gətirmişlər. Polis bölməsində şübhəli şəxsin üzərinə videoçəkiliş ilə şəxsi axtarış və baxış istintaq hərəkətləri həyata keçirilmiş, bu zaman şəxsin üzərindən metamfetamin adlanan narkotik vasitə aşkar olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi dedikdə alış, satış, saxlama, daşıma, gəzdirmə və s. başa düşülür. Şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı barədə hər hansı məlumat daxil olmamışdır. Telefona baxış keçirilməsi istintaq hərəkətində iştirak edib-etmədiyini xatırlamır.

22. Məhkəmədə şahid qismində dindirilmiş Bakı BPİ-nin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 30 iyun 2024cü il tarixdə, Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat dərhal rəhbərliyə məruzə olunmuş, əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o və Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir. Əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs Suraxanı rayon, Ramana qəsəbəsi, 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında saxlamışlar. Şübhəli şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində şübhəli şəxsin üzərinə videoçəkiliş ilə şəxsi axtarış və baxış istintaq hərəkətləri həyata keçirilmiş, bu zaman onun üzərindən metamfetamin adlanan narkotik vasitə aşkar olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu günorta saat 4- 5 radələrində saxlamışlar, bölmədə üzərinə şəxsi axtarış və baxış keçirilmiş, şəxsi saxladıqdan 30-40 dəqiqə sonra üzərinə baxış keçirilmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

23. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 30 iyun 2024-cü il tarixində Ramana qəsəbəsində o, narkotik vasitə əldə etmək məqəsdi ilə İİR vətəndaşının bank kartına pul göndərmişdir. Narkotik vasitəni əldə edən zaman isə polis əməkdaşları onu saxlamışlar. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o narkotik vasitə əldə etmək məqsədi ilə İİR vətəndaşı ilə vatsapp vasitəsi ilə danışmış, metamfetamin psixotrop maddəsindən istifadə etmiş, metamfetamin əldə etmək üçün İİR vətəndaşı ilə əlaqə saxlamışdır. Dörd qram psixotrop maddə metamfetamin üçün o 200 AZN pul ödəmişdir. İİR vətəndaşı ilə instagramda tanış olmuş və həmin şəxs ilə saxlanılmamışdan bir neçə ay əvvəldən əlaqə saxlamışdır. İİR vətəndaşı ona narkotik vasitəni haradansa götürüb başqa ünvana qoymaq barədə təklif etməmişdir. Onun iki telefon nömrəsi olmuşdur, ***-***-**-** və ***-***-**-** nömrələri onun istifadəsində olmuşdur. Cinayət işi materiallarında olan telefon məlumatlarından çıxarışlar ilə tanışdır, orada tanışlarından narkotik istifadəçisi olanlar ondan narkotik vasitə istəmişlər və o həmin şəxslərə köməklik göstərməmişdir. İİR vətəndaşı ilə şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin əldə etmək üçün əlaqə yaratmışdır. Saxlanıldığı vaxt İİR vətəndaşı ilə artıq üçüncü dəfə idi ki, əlaqə saxlamışdır. Saxlanıldığı gün saat 12-də narkotik vasitə götürməli olmuşdur. Ona göndərilən ünvan Cəzaçəkmə Müəsisəsinin yaxınlığı olmuş, o oraya getdikdə onun nəsə axtardığını Cəzaçəkmə Müəsisəsində olan əsgərlər fərq etmişlər və ondan nə axtarması barədə soruşmuşlar. Bundan sonra polis əməkdaşları ona yaxınlaşmış, əsgərlər həmin narkotik vasitəni polis əməkdaşlarına təhvil vermişlər. O, özü narkotik vasitə istifadəçisidir, ona görə də ətrafında narkotik vasitə istifadə edən şəxslər vardır, həmin şəxslər ondan narkotik vasitə istifadə üçün istəmişlər, lakin onlara narkotik vasitə verməmişdir. Onların nömrəsini blok etmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməmişdir.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi

24. Maddə 234.4.3. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

25. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

26. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

27. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

28. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

29. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

30. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

31. Maddə 83.3.3. və 83.6. maddələri. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

32. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

33. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

34. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

35. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

36. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

37. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

38. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

39. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

40. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

41. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

42. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

43. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

44. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı

45. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

46. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

47. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin presedent hüququ:

48. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

49. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş **********14 mobil nömrəsinə daxil olmuş və edilmiş zənglər, daxil olmuş və edilmiş SMS mətnləri barədə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd CD diskə baxış zamanı **********06 nömrəsindən "Eli bir cavab verde hardasan? Gelirsen ya yox yatim gozluyum? Agriyiram axi", **********01 nömrəsindən "ne zeng vuranam nede yazanam. Men taparam ozume yer goturmeye. Amma meni gerek blok elemzdin. Neyse” **********99 nömrəsindən "Sen Allah blokdan çıxart meni, 1 seferliy goturumde xaiş eliyirem”, “narahat elemerem sonra bu seferliy xaiş eliyirem komey elede pul var” yazılmış sms mətnləri aşkar edilmişdir. Həmin sms mətnlərinin məzmununda olan “Men taparam ozume yer goturmeye”, ”1 seferliy goturumde xaiş eliyirem”, “Agriyiram axi” məzmunlu sms mətnləri narkotik vasitə dövriyyəsi ilə bağlı məzmunda olmasına əsaslı şübhələr yaradır. Belə ki, həmin sms mətnlərini yazan şəxslərin Təqsirləndirilən şəxs nəyi götürmək istəmələri ilə bağlı məhkəmənin sualları təqsirləndirilən şəxs tərəfindən istənilən predmetlərin narkotik maddə olmasını təsdiq etmiş, lakin həmin şəxslərə narkotik və ya psixotrop maddə satmadığını bildirmişdir. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddə şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və digər sübutlar psixotrop maddənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.

50. Bundan başqa təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-216/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək vəsatətdə göstərilən xüsusatlar üzrə özünü təqsirli bildiyini, psixotrop maddə metamfetamin növündən istifadə etdiyini, polis əməkdaşları tərəfindən üzərinə axtarış keçirilən zaman metamfetamin aşkar olunduğunu, lakin narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmadığını, öz şəxsi istifadəsi üçün psixotrop maddəni İran vətəndaşından “Vhatsapp” sosial şəbəkəsi vasitəsi ilə əldə etdiyini, polis əməkdaşlarının onu gündüz saatlarında saxladıqlarını, pois əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və fiziki zorakılıq tətbiq olunmadığını bildirmişdir.

51. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

52. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 6 və 40-cı bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

53. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 33,34,35-ci bəndlərindəki normativ aktlara əsasən).

54. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq halda olmasını habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir.

55. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 32-ci bəndi).

56. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

57. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 24,25,26,27-ci bəndləri).

58. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirlən hallar müəyyən edilməmişdir.

59. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir və onun əməlində olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yoxdur. (qərarın 31-ci bəndi).

60. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

61. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 28-ci bəndi).

62. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 18,68-72). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 37 və 38-ci bəndləri).

63. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 30 iyun 2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

64. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

65. İş üzrə maddi sübut olan, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 3.554 qram miqdarında psixotrop maddə məhv edilməlidir. Digər maddi sübut şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 35-ci bəndi).

66. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

67. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 39-cu bəndi).

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı Şəhər Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra 3.554 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilsin, üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd ) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar