Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-830/2021 04.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 02 oktyabr 1998-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, «xxxx» MMC-də mühafizəçi işləmiş, əvvəllər məhkum olmayan, Zəngilan rayonu Şərikan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5057/68 ünvanında yerləşən yarımçıq tikilmiş uşaq bağçasında məskunlaşmış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15 oktyabr 2020-ci il-tarixdə axşam saatlarında dostu Şahid8 ilə birlikdə digər dostları Şahid9 məxsus «Doberman» cinsli «Boss» ləqəbli iti ünvan 1 ünvanının həyətində gəzdirərkən onların iti ilə orada olan sahibsiz digər itlər arasında yaranmış səsküydən ailəsinin narahat olmasına görə onlara öz haqlı iradını bildirmiş bina sakini Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, həmin mübahisənin qısa müddətdə başlayıb elə oradaca bitməsinə baxmayaraq öz daxili eqoizm hisslərinə qapanaraq Zərərçəkmiş şəxs onlara bildirdiyi haqlı iradını aqressıv qarşılayaraq özü üçün təhqir kimi qəbul etmiş, həmin vaxt cavabını verə bilmədiyi üçün özünü yanında olan dostu Şahid8 gözlərində alçalmış hiss etmiş, ona görə də zərərçəkmiş şəxsdən öz qisasını mübahisədən agah olan şəxslərin gözü qarşısında alaraq öz eqosunu dostları və tay-tuşları qarşısında bir daha vurğulayıb təsdiq etmək məqsədi ilə artıq bitmiş mübahisəni özünün qalib sonluğuna qədər davam etdirmək üçün Zərərçəkmiş şəxs axtararaq ümumi tanışları vasitəsi ilə tapmış, mübahisəyə aydınlıq gətirmək bəhanəsi ilə onu telefon vasitəsi ilə gecə vaxtı ünvan 2 ünvanında yerləşən 284 saylı orta məktəbin həyətinə görüşə çağırmış, həmin görüşün dava ilə nəticələnəcəyini özü üçün artıq qabaqcadan yəqin edərək davanın öz qələbəsi ilə başa çatmasını təmin etmək məqsədi ilə əvvəlcədən hazırlıq görərək yaşadığı evdən gedib bıçaq götürmüş, davadan qalib ayrılacağını nümayiş etdirmək üçün mübahisədən məlumatlı olan dostları Şahid9 və Şahid8 da özü ilə təşkil etdiyi həmin görüşə aparmış və 15.10.2020-ci il tarixdə saat 20 radələrində hadisə yerinə gələn kimi Zərərçəkmiş şəxs əsassız irad bildirməsini, kobud danışmasını və söyüş söydüyünü bəhanə gətirərək daxili eqoizm hisslərinə qapanmaqla onu öz dostları və məhəllə uşaqlarının gözü qarşısında cəzalandırmaq məqsədi ilə uzun-uzadı söhbət aparmadan, məsələyə ətraflı aydınlıq gətirmədən tez bir zamanda qəfildən zərərçəkmiş şəxsə əli ilə sifət nahiyyəsindən ilk zərbəsini endirməklə davanı başlamış və dərhal sonra üzərində götürdüyü bıçağı çıxarıb heç bir ciddi və tutarlı əsas olmadan aşkar surətdə xuliqanlıq niyyəti ilə qarın nahiyəsindən vuraraq qarının ön divarının boşluğa nüfuz edən, daxili qanaxma və qara ciyərin yaralanması ilə müşayət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan bir ədəd deşilmiş-kəsilmiş yara kimi bədən xəsarəti yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o ailəsiylə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5057/68 ünvanında yerləşən yarımçıq tikilmiş uşaq bağçasında yaşayır. Hadisədən təxminən bir saat əvvəl dostu Qəriblə birlikdə «Doberman» cinsli itimi məhəllədə gəzdirirdi. İt ona məxsus olsa da onu saxlaması üçün dostu Allahverdiyə vermişdi. Həmin vaxt məhəllədə sahibsiz itlər də var idi və onlar birdənbirə onun itini görüb hürməyə başladılar. Həmin vaxt qonşu məhəllədə qalan, qiyabi olaraq tanıdığı İmaməddin onlara yaxınlaşıb onlara itlərin ucadan hürüb səs-küy salmasından narahat olduğunu dedi və çox kobud şəkildə danışmağa başladı. Ətrafda qadınlar olduğuna görə ona fikir vermədi, ancaq öz sözlərini çatdıra bilmədiyinə görə qərara gəldi ki, İmaməddini görüşə çağırsın. Görüşməkdə məqsədi məsələyə aydınlıq gətirmək idi. O İmaməddinin xalası oğlunu tanıdığı üçün onunla əlaqə saxladı və onları calaşdırmasını istədi. Beləliklə 284 saylı orta məktəbin həyətində görüşməyi qərarlaşdırdılar. O telefonda danışan zaman səs-küydən onların çoxluq təşkil etdiyini düşündü və qərara gəldi ki, ehtiyyat məqsədilə özüylə bıçaq götürsün. Evdən mətbəx bıçağını götürüb əynindəki jaketin qolunda gizlətdi. Daha sonra dostu Allahverdinin evinin qarşısına geri qayıtdı. Allahverdinin maşını ilə məktəbin həyətinə yollandılar. Allahverdi maşını saxlamaq üçün yer axtaran zaman o maşından düşüb məktəbin həyətinə getdi. Ora çatdıqda gördü ki, İmaməddinlə yanaşı 5-6 nəfər də var. İmaməddinlə söhbət etmək üçün kənara çəkildilər. İmaməddin yenə də kobud danışmağa başladı, o da əsəbləşib sağ əliylə bir dəfə sillə vurdu. Onlar aralaşdıqdan sonra İmaməddin onu vurmağına əsəbləşib ona nalayiq söyüşlər söyərək onunla mübahisə etməyə başladı. O onun üzərinə gəldiyi üçün o bıçağı jaketinin qolundan çıxarıb əlində saxladı. İmaməddin yenə də üzərinə gəlmək istədikdə əlindəki bıçaqla İmaməddinin qarın nahiyyəsinə bir ədəd zərbə endirdi. Daha sonra qorxub hadisə yerindən qaçdı. Bıçağı isə məktəbin arxa tərəfində kolluğa tulladı. Mübahisələri çox qısa təxminən 5-10 dəqiqə davam etdi. Tutulmaqdan qorxduğu üçün həmin gün bibisi oğlu Orxanın evinə getdi, gecəni onlarda qonaq qaldı. Səhərisi gün isə Məhəmmədli qəsəbəsində yaşayan dostu İbrahimgilə qonaq getdi. Axşam saatlarında dayısı Şahid5 ona zəng vurub polislərin onu axtardığını dedi. Hazırda İmaməddinlə barışıb, onun müalicəsi ilə bağlı maddi yardım etmişdir, İmaməddin də onu bağışlayıb və ona qarşı şikayəti və tələbi yoxdur. Etdiyi əməldən çox peşmandır. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 oktyabr 2020-ci il tarixdə anası və həyat yoldaşıyla həyətdə gəzişən zaman, iki nəfər cavan oğlan onların məhəlləsiizdə öz itlərini gəzdirirdilər. Küçə itləri də həmin itə görə ucadan hürərək səs-küy yaradırdılar, onlara tərəf yaxınlaşıb normal şəkildə öz iradını bildirdi. Həmin şəxslərdən biri ondan üzr istəyərək iradını başa düşdü, lakin hiss etdi ki, digəri iradını normal qarşılamadı. Ona öz itinin yox küçə itlərinin hürdüyünü bildirdi və hər hansı narazılığı varsa bələdiyyəyə şikayət edə bilərsən dedi. O ona baş qoşmadı və öz evinə tərəf getdi. Hal-hazırda dəqiq xatırlamasa da təxminən bir-iki saat keçmişdi və həyətdə məhəllə uşaqları ilə oturub söhbət edən zaman, birdən yanında olan dostu Elşənə zəng gəldi, zəng vuran şəxs bir qədər əvvəl məhəllədə onunla mübahisə edən Ümid idi. Onunla görüşüb söhbət etmək üçün onu 284 saylı orta məktəbin həyətinə çağırdı. O da yanında olan dostları - Elşən, Təbriz və Əli ilə birlikdə həmin ünvana getdi. Bir qədər sonra Ümid də bir neçə nəfər dostları ilə gəldi. Görüşən zaman o da, Ümid də əsəbi olduqları üçün o onunla aqressiv danışmağa başladı. Ümid əvvəlcə sifətindən yumruq zərbəsi vurdu. O onu vurduqdan sonra o pis əsəbləşdiyi üçün ona qarşı nalayiq ifadələr işlədərək onu söyməyə başladı. Ümid də onu söydükdən sonra üzərində gizlətdiyi bıçağı bıçaqla qarnından bir dəfə zərbə vurdu. O bərk ağrı hiss etdi və qaçıb məktəbin həyətindən bayıra çıxdı. Daha sonra dostu Təbriz onu öz avtomobilinə mindirərək xəstəxanaya apardı. Hadisə vaxtı Ümidin də, onun da yanınızda olan dostları onlarda aralıda dayanmışdı. Ümidin ailə üzvləri hadisəyə görə ondan və ailə üzvlərindən üzr istədilər, müalicəsiylə bağlı bütün maddi xərcləri tam şəkildə ödədilər. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. 15 oktyabr 2020-ci il tarixdə Ümidlə birlikdə gəzişmək üçün axşam saatlarında dostları Allahverdinin yaşadığı ünvana gedib, Allahverdi «Doberman» cinsli itini götürüb gəzdirməyə başladılar. Sahibsiz küçə itləri gəzdirdikləri iti görüb səs-küy salmağa başladılar. Həmin vaxt qiyabi tanıdığı İmaməddin də öz ailəsi ilə orada gəzirdi. İmaməddin onlara yaxınlaşdı və gəzdirdikləri itə görə sahibsiz itlərin ucadan hürdüyünü və axşam vaxtı səs-küydən qonşuların, ailə üzvlərinin narahat olduğunu bildirdi. O, bir az sərt və aqressiv şəkildə danışırdı. Yanlarında qadınlar olduğu üçün onun kobudluğuna fikir vermədi, hətta ondan üzr də istədi. Lakin onun danışıq tərzi Ümidin xoşuna gəlmədi, İmaməddinə gəzdirdikləri itin deyil küçə itlərinin hürdüyünü dedi. Daha sonra oradan aralaşdıq və Allahverdigilə getdilər. Ümid orada olarkən kənara çəkilib telefonla danışırdı. Danışıb qurtardıqdan sonra Ümid bildirdi ki, 284 saylı orta məktəbin həyətinə getmək lazımdır. Niyəsini soruşduqda heç nə demədi. Onlar da Ümidi tək buraxmamaq üçün onunla getdilər. Ora çatdıqda məktəbin həyətində İmaməddin və bir neçə nəfər cavan uşaqlar var idi, maşını saxlamaq üçün yer axtarana qədər artıq Ümid maşından düşüb məktəbin həyətinə tərəf getmişdi. İmaməddinlə Ümid kənara çəkilib orada söhbət etməyə başladılar. Ümid İmaməddinə bir qədər əvvəlki hərəkətinin, yəni qadınların yanında onlarla o cür kobud şəkildə danışmasının düzgün hərəkət olmadığını izah etməyə çalışırdı. Daha sonra onlar mübahisə etməyə başladılar. Ümid qəfil İmaməddinə sillə ilə sifətindən vurdu. Onlar müdaxilə edib onları ayırmağa çalışdılar. İmaməddin əsəbləşərək Ümidin üzərinə getdi və söyüş söyərək, Ümidi təhqir etdi, onları aralamaq istəyərkən yerə yıxıldığı üçün bıçaqlanma anını görmədi, ancaq onu eşitdi ki, İmaməddin qışqıraraq dostlarından təcili yardım çağırmalarını tələb edir. Daha sonra İmaməddinin əli ilə qarnını tutduğunu gördü. Qorxduğu üçün oradan uzaqlaşıb evə tərəf getdi. Yolda Ümid və Allahverdi ilə rastlaşdı, Ümid İmaməddini bıçaqla vurduğunu təsdiq etdi, onun əlində bıçaq görmədi. Sonradan Ümidin qardaşı Elvindən öyrəndi ki, Ümid törətdiyi hadisəyə görə polislər tərəfindən saxlanılıb, mübahisələri təxminən 5-10 dəqiqə davam etdi. Hadisə çox qəfildən cərəyan etdiyindən, hava qaranlıq olduğundan nə İmaməddinin bıçaqlanması anını, nə də həmin vaxt Ümidin əlində bıçaq tutmasını görmdi. Ümumiyyətlə Ümidin həmin bıçağı hansı ara və haradan götürdüyünü də bilmir. O üzərində bıçaq olması barədə heç nə deməmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Şahid8 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur, həm də uşaqlıq dostudur. 15 oktyabr 2020-ci il tarixdə axşamüstü Əli və Təbrizlə həyətdə oturub söhbət edirdilər. İmaməddin də əsəbi halda yanlarına gəlib, ailə üzvləri ilə həyətdə gəzərkən həyətlərində it gəzdirən bir nəfər şəxslə mübahisə etdiyini dedi. Həmin vaxt dostu Elşənə zəng gəldi. Zəng edən şəxs Ümid idi, o İmaməddini soruşdu və yanlarında olduğunu bildikdə İmaməddini 284 saylı orta məktəbin həyətinə çağırdı. İmaməddinin arxasınca onu tək qoymamaq üçün məktəbə tərəf yollandılar. Ora çatdıqdan 5-10 dəqiqədən sonra Ümid, ardınca da bir neçə nəfər şəxs gəldi. İmaməddin və Ümid bir qədər kənara çəkilib söhbət etməyə başladılar, digər şəxslər isə qıraqda dayanmışdılar. Bir neçə dəqiqə sonra onların söhbətləri mübahisəyə çevrildi, daha sonra orada qarışıqlıq yarandı və qəfildən İmaməddinin vəziyyəti pisləşdi. İmaməddin bıçaqlandığını bildirərək tez təcili yardım çağırmaqlarını istədi. İmaməddin qarnından yaralanıb, hərəsi bir tərəfdən qoluna girib onu məktəbin həyətindən bayıra çıxartdılar. Təcili tibbi yardımın gecikəcəyini düşünüb, onun avtomobili ilə qoyub xəstəxanaya apardılar. Ümidin bıçağı nə vaxt, necə, harasından çıxarmasını, İmaməddini necə vurmasını görmədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun doğma xalası oğludur. 16 oktyabr 2020-ci il tarixdə səhər saatlarında qapııarına polis əməkdaşları gəldilər və ondan Ümidi soruşdular. Polislər ona Ümidin 284 saylı orta məktəbin həyətində bir nəfərlə dalaşdığını və ona bıçaqla xəsarət yetirdiyini dedilər. Ümidin olduğu yer barədə məlumatları olan kimi polisə xəbər verəcəklərini bildirdilər və xəstəxanaya yaralının yanına getdilər. Orada xəstənin müalicəsi ilə əlaqədar bütün xərcləri qarşıladılar, həm İmaməddinin özündən, həm də ailə üzvlərindən üzr istədilər. Həmin gün axşam saatları Ümid zəng vurdu və hadisəni etiraf etdi. Dayısı ona könüllü olaraq təslim olmasını məsləhət gördü. Ümid yerini bildirdikdən sonra o öz avtomobili ilə onun arxasınca Məhəmmədli kəndinə getdi. Ümidi, daha sonra dayısı İzzəti götürdükdən sonra birlikdə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə getdilər. Hadisə barədə Ümid bildirmişdi ki, dostu Qəriblə birlikdə itlərini gəzdirərkən məhəllələrdən birində küçə itləri onların itini görüb səs-küy salmağa başlayıb və bu səbəblə İmaməddin onlara yaxınlaşaraq itlər ucadan hürərək axşam vaxtı səs-küy saldığı üçün onlara irad tutub. İmaməddin bir qədər sərt və aqressiv danışdığı və ətrafda qadınlar olduğu üçün Ümidə pis təsir edib. Ona görə də İmaməddinin telefonunu tapıb və onu məktəbin həyətinə çağırıb. Orada bir-birini başa düşməyib mübahisə ediblər və mübahisə zamanı İmaməddin Ümidə söyüş söyüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan 16 oktyabr 2020-ci il tarixli şəxsin tutulması haqqında prokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işində olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 18.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 16.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustağlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o həbsdən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işində olan məhkəmə tibbi ekspertizasının 04.02.2021-ci il tarixli 3/1986 saylı rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində olan qarının ön divarının boşluğa nüfuz edən, daxili qanaxma və qara ciyərin yaralanması ilə müşayət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən onun xəstəxanaya daxil olduğu və qərarda göstərilən 15,10.2020-ci il tarixdə törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Həmin xəsarətlər zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla vurulan zərbənin təsirindən əmələ gələ bilərdilər. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davranışını və eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini də nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən tərbiyə və islah olunması mümkündür. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və həmin cəzanın şərti olaraq tətbiq edilməsini qərara alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödəməsini, zərərçəkmiş şəxsin onunla barışıb, ona qarşı şikayət və tələbinin olmamasını, cəzanı yüngülləşdirən hallar kimi, cinayətin hərbi vəziyyət zamanı törədilməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Qusar RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməlidir. İş üzrə maddi sübüt və məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməklə, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 oktyabr 2020-ci il tarixdən 16 fevral 2021-ci il tarixədək həbsdə saxlanıldığı 4(dörd) ayının və ev dustaqlığında olan 2(iki) ay 18 (on səkkiz) günün hər günü azadlıqdan məhrum etmə cəzanın 1(bir)gününə bərabər tutulmaqla, həmin müddət 6 (altı) ay 18 (on səkkiz) gün təyin edilmiş cəza müddətindən çıxmaqla, Təqsirləndirilən şəxs 5 (beş) il 11 (on bir) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum edilmə cəzası 2(iki) il sınaq müddəti ilə şərti hesab edilsin, sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəsini alana kimi “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışına nəzarət Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-830/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-830/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver