Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-831/2021 24.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Xaçmaz rayonunun Köhnə-Xudat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Köhnə-Xudat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 10 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs dəfələrlə açıq-aşkar şəkildə başqa kişilərlə yaxın münasibətdə olaraq ona xəyanət etməsi səbəbindən qısqanclıq motivi ilə sonuncunu öldürmək qərarına gəlmiş, bu məqsədlə 02 avqust 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı Xaçmaz rayonu, Köhnə-Xudat kəndindəki fərdi yaşayış evində Zərərçəkmiş şəxs azyaşlı övladları Şahid2 və Şahid3 gözləri qarşısında müstəsna qəddarlıq nümayiş etdirib xüsusi ağrılar yetirdiyini, hər üçünə xüsusi əzab və iztirab verdiyini dərk edib bunları arzulayaraq, evin mətbəx otağında əl zərbələri ilə Zərərçəkmiş şəxs döyərək yerə yıxmış, daha sonra ardıcıl olaraq yuxarıdan aşağı istiqamətdə çoxsaylı ayaq zərbələri ilə sonuncunun başını beton döşəməyə vurduqdan sonra öz niyyətini başa çatdırmaq məqsədilə mətbəx otağında olan taxta masanı hərəkətsiz vəziyyətdə uzanmış Zərərçəkmiş şəxs üzərinə atmış, daha sonra öz qanunsuz hərəkətlərini davam etdirərək sonradan hadisə yerinə gəlmiş zərərçəkmiş şəxsin anası Şahid1 da gözləri qarşısında yerdə hərəkətsiz uzanmış Zərərçəkmiş şəxs daha bir neçə dəfə təpiklə zərbələr vuraraq, sonuncuya sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən sağ tərəf alın-təpə, sol tərəf üzün, hər iki göz ətrafı, sol qulaq seyvanı, sol said, sol əl nahiyələrinin qançırları, həmçinin zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid olan birinci dərəcəli koma, baş beyinin əzilməsi, subdural və subaraxnoidal qansızma ilə müşaiyət olunmuş baş beyinin əzilməsi, beyin toxuma və mədəciklərinə qansızma kimi xəsarətlər yetirməsi nəticəsində Zərərçəkmiş şəxs “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X13 reanimasiya şöbəsinə yerləşdirilərək aldığı qeyd olunan xəsarətlərdən 10 avqust 2020-ci il tarixdə saat 01:00-da ölmüş, bununla da, o, cinayət əməlini başa çatdırmaqla Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni sonuncunu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin yaz aylarında sinif yoldaşı və həmkəndlisi Rasim kənddə ona yaxınlaşaraq arvadı Raisanın özünü kənddə şübhəli apardığını, başqa kişilərlə münasibət saxladığını deyib ona ayıq olmasını məsləhət görmüşdür. Bundan sonra o, arvadı Raisanı güdməyə başlamışdır. Həmin vaxt Raisa Xaçmaz rayonu, Digahoba kəndində yerləşən meyvə bağlarında fərdi olaraq meyvə yığımı ilə məşğul olmuş, səhər işə gedib axşam evə qayıtmışdır. Bir neçə gün sonra evdə olan zaman Raisanın bir kişi ilə telefonda danışdığını tutmuş, ondan kiminlə danışdığını soruşduqda, Raisa ona açıq şəkildə bir kişi ilə danışdığını bildirmiş və “ya ikiniz, ya da ki, heç biriniz” deyərək onun başqaları ilə münasibət saxlamasına göz yummasını istəmişdir. O isə, Raisanın bu hərəkətlərindən qəzəblənib evdə onu döymüş, bundan sonra Raisa ondan polisə şikayət etmiş, həmin hərəkətinə görə ona Xaçmaz rayon məhkəməsi tərəfindən 20 gün inzibati qaydada həbs edilmişdir. Həbsdən çıxdıqdan sonra evə qayıtmış, Raisa yenidən öz çirkin əməllərindən əl çəkməmiş, hətta bir gün gecə yuxudan oyandıqda, Raisanın evdə olmadığını görmüşdür. Səhərə kimi Raisanı gözləmiş, səhər saat 6-da arvadı evə gələndə ondan harada olmasını soruşmuş, Raisa isə əcəb etdiyini demişdir. O, uşaqlarını düşünüb Raisadan boşanmamış, nə vaxtsa arvadının peşman olub düz yola qayıdacağını fikirləşmişdir. Bu barədə dəfələrlə Raisanın atası Sədrəddinə demiş, lakin heç bir nəticəsi olmamışdır. Çünki qaynatası və qayınları Raisanın tərəfini saxlayaraq ona heç bir söz deməmişlər. Raisanın gecələr evdən çıxıb getməsi adət halını almış, artıq nə edəcəyini bilməmişdir. Kənd camaatından xəbər almışdır ki, Raisa Xudat şəhərində «qaraçılar məhləsi» deyilən yerdə yaşayan Arif adlı bir kişi ilə görüşür. O, Arifi tapıb onunla Raisa ilə aralarında olan münasibət barədə soruşmuş, Arif ona açıq-aydın Raisa ilə intim münasibətdə olduğunu demişdir. Arif barəsində polisə şikayət etdikdən sonra, sonuncu daha Raisa ilə görüşməmişdir. Bir müddət Raisa özünü normal aparmış, onun kiminləsə danışdığını görməmiş, ona görə də onun düz yola qayıtdığını düşünmüşdür. 29 iyul 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evin qarşısında olan zaman boz rəngli “Mercedes” markalı nömrəsini xatırlamadığı avtomobilin evinin qarşısında saxladığını görmüş, arxa qapıdan Raisa düşüb evə girmişdir. Raisa ilə danışmadığı üçün ona bir söz deməyərək dözmüşdür. Raisa demək olar ki, hər gün axşam həmin avtomobillə evə gəlmişdir. Artıq qonşular arasında biabır olmuş, kənddə artıq onu lağa qoymuşlar, kənd adamları küçədə arxadan ona “peysər” deyib söz atmışlar. Artıq nə edəcəyini bilməmiş, bütün bunlardan bezib Raisanı öldürmək qərarına gəlmişdir. 02 avqust 2020-ci il tarixdə saat 18 radələrində evdə Raisanın işdən gəlməsini gözləmiş və bir dəfəlik bu sözsöhbətə son qoymağı qərara almışdır. Həmin vaxt evdə tək 250 qram araq içmişdir. Saat 19 radələrində Raisa işdən evə gəlmiş, həmin vaxt o, iş yerində işçilər üçün ayrılmış “Qazel” markalı avtomobillə evə gəlmişdir. Raisa evə daxil olduqdan sonra mətbəxdə onun sifət nahiyəsinə sillə ilə vurub yerə yıxmış, sonra da sağ ayağı ilə onu təpikləməyə başlamışdır. Sağ ayağının altı ilə yuxarıdan-aşağı istiqamətdə Raisanın baş və qarın nahilərinə təxminən 7-8 dəfə güclü zərbələr vurmuşdur. Səs-küyə evdə olan uşaqları Emil və Gülay gəlmiş, oğlu Emil onu tutaraq anasını qorumağa çalışmış, o isə, sağ əli ilə Emilin boğaz nahiyəsindən tutub kənara itələmişdir. Bundan sonra uşaqlar qorxub çölə çıxmışlar. Hirsi soyumadığı üçün mətbəxdə olan masanı çevirib birdəfəlik ölməsi üçün Raisanın üstünə atmışdır. Arvadının hərəkətsiz qalıb tərpənmədiyini gördükdə onun öldüyünü düşünmüş və daha onu vurmamışdır. Səs-küyə qonşuları Fərman və Nərgiz gəlmiş, bir qədər sonra isə Raisanın valideynləri də onlara gəlmişlər. Bu vaxt Raisanın anası İradə ilə mübahisələri yaranmş, çünki Raisanın ona xəyanət etməsi ilə bağlı valideynlərinə dəfələrlə bildirmişdir, lakin heç bir xeyri olmamışdır. Həmin vaxt da anasına “bilmirdiniz ki, axırı belə olacaq” demişdir. Raisanı da anasının yanında yenidən təpiklə qabırğalarından vurmuşdur. Çox keçmədən polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində izahatı alındıqdan sonra onu evə buraxmışlar. Qayıtdıqdan sonra artıq evdə heç kəs olmamış, qonşulardan öyrənmişdir ki, Raisanın valideynləri uşaqları da götürüb getmişlər. 10 avqust 2020-ci il tarixdə saat 13 radələrində evdə olan zaman polis əməkdaşları evinə gəlib onu Xudat Polis bölməsinə aparmışlar, orada Raisanın onun tərəfindən yetirilmiş xəsarətlər nəticəsində xəstəxanada öldüyünü bildirmişlər. Verilən suallara cavabında Təqsirləndirilən şəxs bildirdi ki, o, hadisə vaxtı Raisanı yalnız döymüş, hər hansı silah və ya alətdən istifadə etməmişdir. Raisanı döyməyə başladıqda arvadı artıq özündən getmiş və ona heç nə deməmişdir. Hadisədən əvvəl evdə 250 qram araq içmiş, lakin narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Raisanı döyərkən orada uşaqları Emil və Gülay olmuşdur. Sonra isə oraya qonşular gəlmiş, lakin qonşular gələn zaman o, artıq Raisanı vurmamış, Raisa hərəkətsiz vəziyyətdə yerdə uzanmışdır. Ancaq Raisanın valideynləri evə gəldikdən sonra anası İradə ilə mübahisəsi olmuş, İradənin gözləri qarşısında da Raisaya təpiklə zərbələr vurmuşdur. Raisa ona xəyanət etdiyi üçün və buna görə kənddə biabır olduğundan bir dəfəlik ondan canını qurtarmaq üçün Raisanı öldürmək qərarına gəlmiş və bu məqsədlə Raisanın başına və qarnına təpiklə güclü zərbələr vuraraq onu qəsdən öldürmüşdür. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində bildird ki, mərhum Zərərçəkmiş şəxs onun qızı olmuş, Raisa 2005-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, həmin nikahdan onların iki övladı olmuşdur. Rəşad son illər spirtli içkiyə qurşandığından ailəsində söz-söhbət yaratmağa başlamış, hətta bir neçə dəfə qızı Raisanı döymüşdür. Bununla bağlı 2019-cu ildə Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılmış, məhkəmənin qərarı ilə Rəşada 20 gün inzibati həbs verilmişdir. Lakin Rəşad yenə də evdə heç bir səbəb olmadan sərxoş vəziyyətdə dava-dalaş salmışdır. O, özü də bununla bağlı Rəşadla söhbət etmiş, bir böyük kimi ona öz məsləhətlərini vermiş, lakin Rəşad yenə öz əməllərindən əl çəkməmişdir. 02 avqust 2020-ci il tarixdə saat 19 radələrində evdə olan zaman nəvəsi Şahid2 ona zəng edərək “atam anamı döyüb öldürür” deyərək onları köməyə çağırmışdır. O, arvadı Şahid1 ilə birlikdə dərhal qızıgilə getmiş, oraya çatdıqda qızı Raisanın yaşadığı evin mətbəx otağında beli üstə yerdə uzandığını, huşunun yerində olmadığını, ağzından, burnundan və qulaqlarından qan axdığını görmüşlər. Otaq dağınıq vəziyyətdə olmuş, yerdə sınmış stəkan və qab-qacaq olmuşdur. Rəşad özü sərxoş vəziyyərdə yaşadığı evin həyətində olmuş, ondan nə baş verdiyini soruşduqda, Rəşad ona “ay peysər, qızına sahib dur” sözlərini demişdir. O, dərhal 102 xidmətinə məlumat vermiş və təcili tibbi yardım xidməti çağırmış, onlar gələnə kimi arvadı İradə vaxt itirməmək üçün Raisanın üzərindən paltarlarını çıxarmışdır. Çox keçmədən hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım xidməti gəlmiş, bundan sonra Raisanı Xaçmaz rayon Mərkəzi xəstəxanasına aparmışlar. Raisanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə qəbul olunmuş, bir neçə gün orada koma vəziyyətində qalmış və 10 avqust 2020-ci il tarixdə orada ölmüşdür. Sualları cavablandıran Sədrəddin Tarverdiyev ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək ona ağır cəza verilməsini xahiş etdi və bu barədə 17 mart 2021-ci il tarixli ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Şahid1 zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş əri Sədrəddin Tarverdiyevin məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilən yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs onun anası, təqsirləndirilən şəxs isə atasıdır. O, Xaçmaz rayonu, Köhnə-Xudat kənd orta məktəbinin 8-ci sinif şagirdidir. 02 avqust 2020-ci il tarixdə səhər saat 8-də anası Raisa evdən çıxıb işə getmiş, həmin vaxt anası yaşadıqları kənddə yerləşən meyvə anbarında fəhlə işləmişdir. Atası Rəşad isə həmin vaxt evdə yatmışdır. Bir neçə saat sonra atası da yuxudan oyanıb işinə getmişdir. Həmin gün saat 13 radələrində atası evə qayıtmış, əlində araq şüşəsi olmuş və evdə tək oturub yemək yeyərək araq içmişdir.Saat 18 radələrində anası Raisa işdən evə qayıtmış, həmin vaxt atası Rəşad yaşadıqları evin qarşısındakı küçədə dayanmışdır. Anası evə girmiş, bir az onlarla məşğul olmuş, bu vaxt atası Rəşad evə girib mətbəx kimi istifadə etdikləri otaqda anasına yaxınlaşaraq ona “çıx get evdən” demiş və evdən çıxıb getməsini tələb etmişdir. Anası Raisa evdən çıxıb getmək istədikdə, atası onun saçından tutaraq yerə yıxmış və yumruq, təpik zərbələri ilə anasını vəhşicəsinə döyməyə başlamışdır. O, atasına mane olmaq istəmiş, lakin atası onun boğazından tutub yerə yıxmışdır. O da, çölə qaçıb qonşusu Fərmanı və digərlərini köməyə çağırmış, sonra da babası Sədrəddinin mobil telefon nömrəsinə zəng edərək hadisəni ona danışmışdır. Qonşular gəlib atası Rəşadı evdən çölə çıxarmış, lakin atası yenə də anasını döymək üçün evə girmək istəmiş, lakin qonşular buna icazə verməmişlər. Çox keçmədən hadisə yerinə polis əməkdaşları və həkimlər gəlmiş, atasını polislər aparmış, anasını isə xəstəxanaya aparmışlar. 10 avqust 2020-ci il tarixdə anası xəstəxanada ölmüşdür. Atası Rəşad sərxoş vəziyyətdə olduğu üçün həmişə evdə dava-dalaş salmaq üçün bəhanə axtarmış, həmişə anasını və onları səbəbsiz yerə döymüş, həmin gün atasının hansı səbəbdən anasını döyüb öldürməsini bilməmişdir. Anası Raisa əvvəllər mobil telefon işlətmiş, lakin atası Rəşad qısqanc olduğundan ona telefon işlətməyə icazə vermədiyi üçün anası uzun müddətdir ki, mobil telefon işlətməmişdir. Məhkəmə iclasında dindirilən yetkinlik yaşına çatmayan Şahid3 qardaşı Şahid2 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilən X4 ifadəsində bildirdi ki, 02 avqust 2020-ci il tarixdə öz əri tərəfindən döyülərək öldürülən Zərərçəkmiş şəxs Köhnə-Xudat kənd sakini kimi tanımışdır. Onunla əvvəllər münasibətləri olmuşdur. Lakin o, Raisanın evli olduğunu bilməmiş, Raisa ona ərindən boşandığını demişdir. Raisa ilə cəmisi 1-2 dəfə görüşmüşdür. Lakin 2019-cu ilin payız aylarında Təqsirləndirilən şəxs Xudat şəhəri ərazisində ona yaxınlaşaraq arvadı Raisa ilə nə münasibətinin olduğunu soruşduqda, Rəşada Raisanı tanıdığını, aralarında münasibəti olduğunu bildirmişdir. Rəşad Raisanın əri olduğunu ona dedikdə, əvvəlcə inanmamış, çünki həmin vaxta qədər Raisanın evli olduğunu bilməmişdir. Rəşada bunu izah etməyə çalışsa da, Rəşad həmin vaxt sərxoş olduğundan aqressiv olmuş, ondan polisə şikayət edəcəyini deyib getmişdir. Təxminən 2-3 gün sonra onu Xudat Polis bölməsinə dəvət etdikdə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun barəsində polisə şikayət etmişdir. Polis bölməsində də izahat verdikdən sonra çıxıb evinə getmişdir. Raisanın evli olduğunu bildikdən sonra onunla bir daha görüşməmişdir. Polis bölməsində olduğu zaman bu haqda bildirmiş və Rəşaddan da üzr istəmişdir. Əgər Raisanın evli olduğunu bilsəydi, heç onunla gorüşməzdi. 2020-ci ilin sentyabr ayının sonlarında eşitmişdir ki, Rəşad arvadı Raisanı evində möhkəm döydüyündən qadın xəstəxanaya yerləşdirilmiş və 7-8 gün sonra Raisa aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Məhkəmə iclasında Şahid4 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Şahid həmin ifadəsində göstərmişdir ki, 10.08.2020-ci il tarixdə vəfat edən Zərərçəkmiş şəxs onun qonşusu olmuşdur. Raisa əri Təqsirləndirilən şəxs və iki azyaşlı övladı ilə birlikdə yaşamışdır. Rəşad özü çox zəhmətkeş oğlan olmuş, bütün günü fəhləliklə məşğul olmuşdur ki, ailəsini dolandırsın. Bəzi vaxtlarda onların arasında dava-dalaş olmuş, mübahisələrinin səbəbi isə Rəşadın öz deməsindən bildiyi qədər Raisanın yüngül həyat tərzi sürməsi olmuşdur. Raisa başqa kişilərlə görüşmüşdür. Bir kişi kimi də Rəşad bunu qəbul edə bilməmiş, buna görə də mübahisələri olmuşdur. 02.08.2020-ci il tarixdə saat 18 radələrində torpaq sahəsindən evə qayıtdığı vaxt küçədə skamyada əyləşmişdir ki, bir az dincəlsin. Elə bu vaxt Rəşadın övladları Emil və Gülayın ağlaya-ağlaya ona tərəf gəldiklərini görmüş, Emil “Fərman dayı, tez gəl, atam anamı döyüb öldürür” dedikdə, əvvəlcə ailə işlərinə qarışmamaq üçün getmək istəməmiş, lakin uşaqları həmin vəziyyətdə görüb ürəyi dözməmiş və tez Rəşadgilin evinə getmişdir. Evin alt mərtəbəsində yerləşən mətbəxə daxil olduqda, Raisanın üzü-gözü qan içində huşsuz vəziyyətdə yerdə uzandığını görmüşdür. Rəşad isə gözü dönmüş halda otağın içərisində olanları dağıtmışdır. Rəşadın həddindən artıq əsəbi olduğunu görüb qolundan tutaraq evdən küçəyə çıxarmışdır ki, bir az sakitləşsin. Küçədə Rəşadı sakitləşdirməyə çalışmışdır. Rəşad isə çox əsəbi olmuş, arvadı Raisanı söymüşdür. Başa düşmüşdür ki, Rəşad Raisanın ona başqa kişilərlə xəyanət etməsi səbəbindən onu döymüşdür. Bir az sonra Raisanın valideynləri gəlmişlər, qızlarının vəziyyətini görüb Rəşadla mübahisə etmişlər. Rəşad da “bilmirdiniz ki, axırı belə olacaq?” deyərək cavab vermişdir. Bir qədər sonra evlərinə TTY avtomobili gəlmiş və Raisanı xəstəxanaya aparmışlar. Evə gələn polis əməkdaşları isə Rəşadı Xudat polis bölməsinə aparmışlar. 10.08.2020-ci il tarixdə isə eşitmişdir ki, Raisa aldığı xəsarətlərdən Xaçmaz MRX-da ölmüşdür. Buna görə də Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanılmış və Rəşadı həbs etmişlər. Raisanın əri Rəşada başqa kişilərlə xəyanət etməsi səbəbindən aralarında mübahisələr baş vermişdir. Həmin gün də yenə bu səbəbdən baş vermiş mübahisə zamanı Rəşad arvadı Raisanı möhkəm döydüyündən o, aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. O, şəxsən Zərərçəkmiş şəxs başqa kişilərlə görüşməsini görməmiş, sadəcə olaraq Rəşadın öz deməsindən bilmişdir ki, arvadı ona xəyanət edir (cild 1, iş vərəqi 192-195). Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Şahid həmin ifadəsində bildirmişdir ki, 10.08.2020-ci il tarixdə Xaçmaz MRX-da vəfat edən Zərərçəkmiş şəxs onun qonşusu olmuşdur. Raisa əri Rəşad, azyaşlı övladları Emil və Gülay ilə birlikdə yaşamışdır. Rəşad fəhləliklə məşğul olmuş, Raisa isə kəndlərində yerləşən meyvə anbarında işləmişdir. Tez-tez onların ailəsində dava-dalaş olmuşdur. 02.08.2020-ci il tarixdə saat 19:15 radələrində evdə kiçik nəvəsi Musa ilə olduğu vaxt yorğunçuluqdan onu yuxu aparmışdır. Birdən küçədən qışqırıq, çağırış səslərinin gəldiyini eşidib yuxudan ayılmışdır. Onu çağıranın X8 olduğunu başa düşmüşdür. Onun səsinə eyvana çıxdıqda nə baş verdiyini soruşmuş, Gülay isə ağlayaağlaya atası Rəşadın anası Raisanı döydüyünü, anasının öldüyünü, nənəsi İradənin onu çağırdığını demişdir. O da, dərhal qaçaraq onların evinə getmişdir. Evin mətbəx otağına daxil olduqda, Raisanın yerdə üzü yuxarı vəziyyətdə uzandığını, üzünün qan içində olduğunu görmüşdür. Raisa qolları qıcanmış vəziyyətdə olmuş, lakin hələ ölməmişdir. Əvvəllər Xudat şəhər xəstəxanasında sanitarka işlədiyindən, az-çox başı belə işlərdən çıxdığı üçün yaş əski ilə Raisanın üzünü silmiş, anası İradə ilə birlikdə köməkləşib onun paltarlarını dəyişmişlər. Daha sonra evə təcili-tibbi yardım həkimi gəlmiş və Raisanı TTY avtomobili ilə Xaçmaz MRX-na aparmışlar. 10.08.2020-ci il tarixdə isə Raisa müalicə aldığı həmin xəstəxanada vəfat etmişdir. Sonradan eşitmişdir ki, Rəşad barəsində Xaçmaz rayon prokurorluğunda cinayət işi açılmış və onu həbs etmişlər. Bildiyi qədər Rəşad Raisanın işləməsini istəməmiş, həmişə buna görə mübahisələri olmuşdur. Rəşad çox qısqanc olmuş, həm də ki, Rəşad spirtli içki içən olmuşdur. Sərxoş olduqda da arvadı ilə mübahisələr etmişdir. Lakin həmin gün aralarında baş vermiş mübahisənin səbəbini dəqiq bilmir. O, Raisanın əxlaqsız hərəkətlər etməsini görməmişdir. Öldükdən sonra isə onun başqa kişilərlə görüşdüyünü eşitmişdir (cild 1, iş vərəqi 200-203). Məhkəmə iclasında Şahid6 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Şahid6 həmin ifadəsində bildirmişdir ki, 06.07.2020-ci il tarixdən hal-hazıradək Xaçmaz RİHB-nın Köhnə-Xudat İƏD nümayəndəsi vəzifəsində işləyir. 10.08.2020-ci il tarixdə əri tərəfindən döyülərək aldığı xəsarətlərdən Xaçmaz MRX-da vəfat edən Zərərçəkmiş şəxs Xaçmaz rayonu, Köhnə-Xudat kənd sakini olmuşdur. O, öz evində əri Təqsirləndirilən şəxs, azyaşlı övladları Emil və Günayla birlikdə yaşamışdır. Onların ailəsində tez-tez dava-dalaş, mübahisə baş vermişdir. Buna da səbəb, kənd camaatının deməsinə görə, Raisanın pozğun həyat tərzi sürməsi olmuşdur. Rəşad özü spirtli içki içən olsa da, heç kimlə ədavəti, düşmənçiliyi olmamışdır. Öz işində, gücündə olan, fəhləliklə pul qazanan insan olmuşdur. Ondan indiyə qədər nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Raisa bir vaxtlar ərindən ayrılıb ata evinə gedən zaman o, özü də Rəşadla ailə vəziyyəti haqqında söhbət etmiş, Rəşada mehriban olmalarını, ailə kimi bir yerdə yaşamalarını bildirmişdir. 02.08.2020-ci il tarixdə işdə olduğu vaxt eşitmişdir ki, Rəşad öz yaşadıqları evində arvadı Raisanı möhkəm döymüş, nəticədə Raisanı Xaçmaz MRX-na aparmışlar. Bir də 10.08.2020-ci il tarixdə məlum olmuşdur ki, Raisa xəstəxanada vəfat etmişdir. Buna görə də Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanılmış və Rəşadı həbs etmişlər. O, şəxsən Zərərçəkmiş şəxs başqa kişilərlə görüşməsini, əxlaqsızlıq etməsini görməmişdir. Sadəcə kəndin icra nümayəndəsi olaraq kənd camaatından eşidib bildiyinə görə Zərərçəkmiş şəxs ərinə xəyanət etmişdir (cild 1, iş vərəqi 203-206). Məhkəmə iclasında şahid X6 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, 02.08.2020-ci il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən döyülərək 10.08.2020-ci il tarixdə Xaçmaz MRX-da vəfat edən Zərərçəkmiş şəxs onun həmkəndlisi olmuşdur. Onların 2 azyaşlı övladları vardır. O, özü Rəşadla sinif yoldaşı olmuş, həmişə də münasibətləri yaxşı olmuşdur. Onlar eyni küçədə yaşamış, evləri arasında təxminən 10 ev yerləşmişdir. Rəşadgilin ailəsində tez-tez dava-dalaş olmuş, bunun da səbəbi Raisanın başqa kişilərlə görüşüb ərinə xəyanət etməsi olmuşdur. 2019-cu ilin yaz ayları bir gün saat 17 radələrində özünə məxsus “VAZ 2107” markalı avtomobili ilə torpaq sahəsindən evə gəldikdə kəndlərinə gedən yolda “VAZ 21099” markalı avtomobil dayanmış və avtomobilin arxa oturacağından Raisanın düşdüyünü görmüşdür. Həmin avtomobil çıxıb getdikdən sonra özü də avtomobilindən düşərək Raisaya yaxınlaşıb sakit şəkildə haradan gəldiyini soruşduqda, Raisa həmin avtomobildəki şəxsə şaftalı verdiyini, pulunu ala bilmədiyini bildirmiş, Raisaya “Raisa, mən uşaq deyiləm, səndə şaftalı haradandır ki, kiməsə də satasan” demiş və öz avtomobili ilə onu evlərinə gətirmişdir. Evlərinin qarşısında avtomobili saxlayıb Raisaya başqa kişilərlə görüşməməsini, bunun düzgün hərəkət olmadığını bildirmişdir. Kənd camaatından da eşitmişdir ki, Raisa başqa şəxslərlə tez-tez görüşür. Bu hərəkətlərini yığışdırmasını, iki övladının olmasını, buna görə ailəsini dağıtmamasını deyib məsləhət vermişdir. Lakin Raisa əvvəlcə boynuna heç nə almamış, ancaq avtomobildən düşərkən “Rasim, mən səninlə sonra söhbət edib başa salaram” demişdir. O da, «öz işləridir» deyərək çıxıb getmişdir. Bu barədə Rəşada bir söz deməmişdir. Təxminən 1 ay sonra Rəşadla küçədə rastlaşdıqda, Rəşad arvadı Raisanın ona xəyanət etdiyini, başqa kişilərlə görüşdüyünü bildirmişdir. Bu vaxt Rəşada gördükləri barədə demiş və bu söhbətin aralarında qalmasını bildirmişdir. Bu hadisədən sonra da onların evində bir neçə dəfə mübahisələri olmuşdur. Rəşad arvadını döydüyünə görə bir neçə dəfə inzibati həbs cəzası da almışdır. Lakin o, heç vaxt Rəşadın ailə işinə qarışmamışdır. Rəşad özü spirtli içki içən olmuş, lakin heç kimlə indiyə qədər dava-dalaşı, mübahisəsi, ədavəti olmamışdır. Öz zəhməti ilə fəhləlik edib ailəsini dolandıran insan olmuş, demək olar ki, hər axşam evinə əli dolu gəlmişdir. Onun yeganə problemi ailəsində arvadı ilə olmuşdur. 03.08.2020-ci il tarixdə isə kənd ərazisində olduğu vaxt eşitmişdir ki, 02.08.2020-ci il tarixdə Rəşad evdə Raisanı möhkəm döymüş, buna görə Raisanı Xaçmaz MRX-na aparmışlar. 10.08.2020-ci il tarixdə isə Raisa xəstəxanada vəfat etmişdir (cild 1, iş vərəqi 207-210). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 12 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması zamanı istintaqa verdiyi sərbəst ifadəsində göstərilənləri hadisə yerində olduğu kimi əyani şəkildə təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı həmçinin Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd qara rəngli idman şalvarı, ölmüş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd sarı rəngli qısaqol köynək və 1 ədəd göy rəngli cins şalvar Azərbaycan Respublikası CPM-nin 260.6-cı maddəsinə əsasən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İstintaq hərəkətinin gedişini özündə əks etdirən videogörüntünün olduğu bir ədəd disk və fotoşəkil protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 153-156). Cinayət işinə əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 10 avqust 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Köhnə- Xudat kəndindəki fərdi yaşayış evidir. Həmin evin həyətyanı sahəsi küçə tərəfdən daş hasarla əhatələnmiş, hasarın üzərində bağ sahəsinə daxil olmaq üçün qara rəngli dəmir darvaza vardır. Darvazadan həyətə daxil olduqda sağ tərəfdə iki mərtəbəli yaşayış evi var, yaşayış evinin qarşısında anbar, ətrafında isə meyvə ağaclarından ibarət bağ sahəsi vardır. Yaşayış evinin giriş qapısından içəriyə daxil olduqda, qarşıya dəhliz çıxır, dəhlizdən irəlidə mətbəx otağı yerləşir, sağ tərəfdə isə ikinci mərtəbəyə qalxmaq üçün pilləkən vardır. Mətbəx otağına daxil olduqda otağın eni 2,94 metr, uzunluğu 5 metr, hündürlüyü isə 2,31 metr-dir, otağın sağ uzaq küncündə 1 ədəd masa və 4 ədəd stul vardır. Masanın yanında 1 ədəd dəmir vedrə, onun içərisində sınaraq hissələrə bölünmüş 1 ədəd şüşə stəkan, 1 ədəd şüşə qab vardır. Həmin vedrə və içərisindəki əşyalar müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Otağın yaxın sol küncündə 1 ədəd masa, masanın üzərində qazan, stəkanlar, qab-qaşıq və digər məişət əşyaları vardır. Həmin otağın döşəməsi beton olmaqla üzərinə yaşıl rəngli nazik xalça sərilmişdir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 11-16). İş materiallarına əlavə edilmiş meyitə xarici baxış keçirilməsi haqqında 10 avqust 2020ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyiti “Xaçmaz rayon mərkəzi xəstəxanası” X13 meyitxanasında təşrih masası üzərində arxası üstə uzadılmışdır, əynində mavi rəngli gecə köynəyi və bez vardır. Meyitin üzərindəki paltarlar çıxarılmış, meyit qadın cinslidir, düzgün bədən quruluşlu, kafi qidalıdır, boyunun uzunluğu 160 sm-dir. Meyit əllədikdə bir qədər soyuqdur. Meyit qacıması müayinə olunan bütün qrup əzələlərdə yaxşı inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa səthində yerləşməklə bənövşəyi rəngdədir, barmaqla basdıqda itir və tez bərpa olunur. Başın tükləri qara rəngli olmaqla, uzunluğu 20-25 sm-dir. Göz qapaqları bağlı vəziyyətdədir, bəbəkləri barəbər genişlənmişdir. Burun sümük və qığırdaqları, eləcədə üz-sklet sümükləri əllədikdə tamdır. Boynu bədənə müvafiqdir, hərəkətsizdir. Xarici qulaq və burun keçəcəkləri sərbəst keçiricidir, ifrazat yoxdur. Ağzı yarımaçıqdır, görünən dişləri tamdır. Döş qəfəsi çəlləkvari formada olub, simmetrikdir, əllədikdə qabırğalar tamdır. Qarnı döş qəfəsi səviyyəsindədir, əllədikdə yumuşaqdır. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir, onlarda xəstəlik və zədə əlaməti yoxdur. Arxa keçəcək qapalıdır, ətrafı təmiz və zədəsizdir. Ətraf sümükləri əllədikdə tamdır. Meyitin bədən səthində aşağıdakı xəsarətlər - başında sağ tərəf alın-təpə nahiyəsində 5x4 sm, sol tərəf sifətində 14x8 sm, sol göz ətrafında 4x3 sm, sağ göz ətrafında 3x2 sm, sol saidin aşağı 1/3-nin arxa tərəfində 10x8 sm sahələrdə qeyri-müəyyən formalı, bozumtul-yaşılaçalar rəngli qançırlar vardır. Meyitin bədən səthidə yuxarıda qeyd olunmuş xəsarətlərdən başqa digər hər-hansı bir xəsarət və ya onun izi aşkar edilməmişdir (cild 1, iş vərəqi 5-10). Məhkəmə-tibbi ekspertizasının 25 avqust 2020-ci il tarixli 40 saylı rəyindən görünür ki, 1983-cü il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı həyati xəsarətlər aşkar olunmuşdur – birinci dərəcəli koma, baş beyinin əzilməsi, subdural və subaraxnoidal qansızma ilə müşayiət olunmuş baş beyinin əzilməsi, beyin toxuma və mədəciklərinə qansızma, sağ tərəf alıntəpə, sol tərəf üzün, hər iki göz ətrafı, sol qulaq seyvanı, sol said, sol əl nahiyələrinin qançırları. Göstərilən xəsarətlərdən baş nahiyəsində olan xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, qeyd olunmuş digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir və bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi 02.08.2020-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu zədələr nəticəsində beyinin əzilməsi, beyin toxuma və mədəciklərinə qansızma olmuşdur. Ölümün baş vermə müddəti xəstəlik tarixində 10.08.2020-ci il, saat 01:00 qeyd olunmuşdur. Zərərçəkmiş şəxs xəsarət yetirilərkən onun baş nahiyəsi xəsarət yetirmiş əşyaya tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs alkoqola görə qanın məhkəmə-kimyəvi tədqiqatı aparılmadı, belə ki, 8 gün müddətində müalicə məqsədi ilə zərərçəkənə vurulmuş dərman preparatlarının bəzilərində etil spirti olmuşdur. Zərərçəkmiş şəxs hamiləlik aşkar edilməmişdir (cild 1, iş vərəqi 228-232). Məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 29 sentyabr 2020-ci il tarixli 6/1829 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərilərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəciklərinin arasında Zərərçəkmiş şəxs koftasının üzərindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs köynəyinin üzərindən tapılmış tünd sarı rəngli pambıq liflər cinsi əlamətərinə görə Zərərçəkmiş şəxs koftasının tərkib liflərinə uyğun gəlirlər (cild 1, iş vərəqi 223-227). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 oktyabr 2020-ci il tarixli 1858 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı bir ruhi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya şərtləşmişdir. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır (cild 1, iş vərəqi 235-237). İbtidai istintaq orqanının 05 dekabr 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd qara rəngli idman şalvarı, həmçinin Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd sarı rəngli qısaqol köynək və 1 ədəd göy rəngli cins şalvar maddi sübut kimi tanınmaqla Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlanılma otağına təhvil verilmişdir (cild 2, iş vərəqi 22-23). «Xaçmaz Mərkəzi Rayon Xəstəxanası» X13 15 sentyabr 2020-ci il tarixli 868 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında hər hansı xəstəliklə əlaqədar stasionar müalicə almamış, həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında olmamışlar (cild 1, iş vərəqi 173). Quba rayon X1 11 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin mərkəzə müraciət etməmişlər (cild 1, iş vərəqi 197). İş materiallarına əlavə edilmiş 16 sentyabr 2020-ci il tarixli arayışdan və xasiyyətnamədən, həmçinin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Köhnə-Xudat kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Onun Zərərçəkmiş şəxs ilə birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü Şahid2 və xx.xx.2008-ci il təvəllüdlü Şahid3 olmaqla iki yetkinlik yaşına çatmayan uşağı vardır (cild 1, iş vərəqi 180-181). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Stastistik İnformasiya idarəsindən daxil olmuş 11 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 177-178). Yuxarıda qeyd olunan sübutları qiymətləndirərək və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən, cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, həmçinin himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqların olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin olunması barədə Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəalarının tətbiq olunması məsələsini müzakirə edərkən həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən bunun mümkünsüz olmasını nəzhərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən həmin tarixdə adı çəkilən şəxs Xaçmaz rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 10 avqust 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən dəyəri olmayan əşyalar məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd qara rəngli qısaqol köynəyi, 1 ədəd qara rəngli idman şalvarı, həmçinin Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd sarı rəngli qısaqol köynəyi və 1 ədəd göy rəngli cins şalvarı məhv edilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 214 (iki yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 214 (iki yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd qara rəngli qısaqol köynəyi, 1 ədəd qara rəngli idman şalvarı, həmçinin Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd sarı rəngli qısaqol köynəyi və 1 ədəd göy rəngli cins şalvarı məhv edilsin. Məhkəmə məsrəfləri hesab edilən 214 (iki yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması və mülki iddia verilməməsi nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-831/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-831/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver