Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-831/2022 11.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda - 3556,74 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, daşımış və saxlamışdır. 11 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, döngə 1 ünvanının yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda - 6,74 qram təmiz çəkidə bitki mənşəli kütlə halında kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, tədbirlərin davamı olaraq yaşadığı Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, döngə 1, ev 25 ünvanına keçirilmiş baxış zamanı evin mətbəx otağındakı şüşəli qapıları olan dolabın alt hissəsində bir ədəd qara sellofan bağlamada külli miqdarda - 3550 qram çəkidə bitki mənşəli kütlə halında kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, tutulmazdan bir neçə ay əvvəldən etibarən narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. İlk vaxtlarda marixuanını pulla tanımadığı şəxslərdən alıb çəkmişdir. Sonradan marixuana toxumları tapmış və daha pul sərf etməmək üçün onu yaşadığı evin həyətyanı sahəsində əkib becərmiş, qurudaraq öz istifadəsi üçün hazırlayıb saxlamışdır. 11 sentyabr 2021-ci il tarixdə axşam saatlarında marixuananı öz istifadəsi üçün kibrit qutusunun içərisinə yerləşdirib cibinə qoymuş və şəxsi işlərinin arxasınca getmişdir. Axşam saatlarında evə geri qayıdanda Sabunçu rayonu, Şəfqət küçəsindəki evlərin yaxınlığında olarkən iki nəfər şəxs ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun üstündə qanunsuz əşya və maddələrin olması barədə onlarda məlumat olduğunu bildirərək onu Polis Şöbəsinə aparmışlar. Şöbədə barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Daha sonra vəkil çağırılmış, sonra üst-başı axtarılmışdır. Videoçəkilişlə aparılan şəxsi axtarışı zamanı o üzərində olan bir ədəd kibrit qutusunun içərisində olan qurudulmuş marixuana, bir ədəd siqaret qutusu, bir ədəd alışqan və 3 manat pulu təqdim etmişdir. Polis əməkdaşları bundan sonra şəxsi axtarışı davam etdirmiş və üzərindən qanunsuz ola biləcək başqa heç nə tapılmamışıdr. Sonra həmin ot kütləsi qablaşdırılaraq imzalanmış və möhürlənmişdir. Tərtib edilmiş protokola tanış olduqdan sonra o da imza edərək təsdiq etmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilməli olduğu bildirildikdə o, buna razılıq vermiş və polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən evə getmişdir. Onun razılığıyla polislər baxış keçirmək üçün evə daxil olmuşlar. Evdə polislər özləri hansısa görmədiyi bir şəraitdə mətbəxə marixuana qoymuşlar. Sonra da guya mətbəxdəki dolabın alt hissəsində, bir ədəd qara sellofan torbada gizlətdiyi qurudulmuş marixuana kimi o özü könüllü təqdim etmişdir. Elə bu qaydada da rəsmiləşdirmişlər. Halbuki, orada belə şey olmamışdır. Polis əməkdaşları özləri bu səhnəni qurmuşlar. O da razılaşıb buna uyğun hərəkət etmişdir. Polislər tərəfindən həmin torbanın içərisində guya baxış keçirilmiş və onun iştirakıyla qablaşdırılaraq götürülmüşdür. Bundan sonra tərtib edilmiş protokolu o da imza edərək təsdiq etmişdir. O, üstündən tapılmış marixuananı öz istifadəsi üçün əldə edib saxlamışdır. Evdən tapılana isə aidiyyəti yoxdur. Həmin marixuananı satmaq məqsədi olmamışdır. O ki qaldı mobil telefonundakı narkotik vasitələri və psixotrop maddənin satışıyla bağlı mesajlara, bu barədə nəsə izahat verməkdə çətinlik çəkir. Həmin yazışmalarda olan bəzi fikirlər, sözlər aşkar şəkildə nələrisə əks etdirir. Ona görə də bu barədə hüququndan istifadə edib ətraflı nəsə bildirmək istəmir. Etdiyi əməldən peşmandır. Ona görə də yalnız üstündən aşkar edilmiş marixuana ilə bağlı istifadəçi kimi məhkum olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrində üstündən aşkar edilmiş marixuana ilə bağlı oxşar məzmunlu ifadə vermiş, eyni zamanda, evindən aşkar edilmiş külli miqdarda marixuana ilə bağlı hissədə isə göstərmişdir ki, üstündə şəxsi axtarış keçirilib yekunlaşdırıldıqdan sonra yaşadığı evə baxış keçirilməli olduğu bildirilmiş, o buna razılıq vermiş və polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən evə getmişdir. Onun razılığı ilə polislər baxış keçirmək üçün evə daxil olmuşlar. O, polislərin müşayiəti ilə mətbəxə gedərək orada dolabın alt hissəsində, bir ədəd qara sellofan torbada gizlətdiyi qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polislər tərəfindən həmin torbanın içərisində baxış keçirilmiş və onun iştirakıyla qablaşdırılaraq götürülmüşdür. Bundan sonra tərtib edilmiş protokolu imza edərək təsdiq etmişdir. O, həmin maddələri öz istifadəsi üçün əldə edib saxlamışdır. Narkotik vasitəni əldə etmək kifayət qədər təhlükəli olduğu üçün həmin maddələri bir dəfəyə külli miqdarda almışdır. Mobil telefona daxil olan narkotikin və psixotrop maddənin satışıyla bağlı mesajlarla bağlı deməyə sözü yoxdur, yazdıqları hamısı görünür. Etdiyi əməldən peşmandır (cild 1, iş vərəqə 71-73). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 göstərdi ki, 11 sentyabr 2021-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satışını həyata keçirməsi ilə bağlı idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məruzə edildikdən sonra onun özü, digər əməkdaşlar Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin şəxs müəyyən edilərək saxlanıldıqdan sonra onu Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində məlum olmuşdur ki, saxlanılan şəxs Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs 12-ci Polis Şöbəsinə gətirilməsinin səbəbini, habelə hüquq və vəzifələrini izah etmişlər. Həmçinin ona təhqiqatçı tərəfindən hüquqlarını müdafiə etməsi üçün 7 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Sonra isə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlayarkən Təqsirləndirilən şəxs bir ədəd büküm təqdim etmiş, həmin büküm açıldıqda qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunan maddənin nə olduğu, haradan və nə məqsədlə əldə etdiyi soruşulmuş, o da geniş izah vermədən həmin maddənin qurudulmuş marixuana olduğunu demişdir. Aparılan şifahi sorğusu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə də külli miqdar marixuana saxladığını etiraf etmişdir. Bundan sonra onun yaşadığı evə gedilmiş, Təqsirləndirilən şəxs razılığı və icazəsi ilə evə baxış keçirilmiş, orada mətbəxdən sellofan torbada qurudulmuş marixuana aşkar edilmiş, həmin maddə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılar protokolla tanış olub onu imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitənin satışıyla məşğul olmadığını, aşkar olunmuş bütün marixuananı özünün istifadəsi üçün əldə etdiyini, eyni zamanda həm də marixuananı evinin həyətində özünün əkib becərərək qurudub saxladığını bildirmişdir. Amma sonradan keçirilən əməliyyat tədbirləri ilə də bir daha təsdiqlənmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri özü qəbul etməklə bərabər həm də müntəzəm şəkildə onların satışı ilə məşğul olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin digər əməkdaşları Şahid2 və ibtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış aparılması və götürmə haqqında 11 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, o da qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində tünd yaşıl rəngdə ot kütləsini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs kibrit qutusunun içərisində olan ot kütləsinin narkotik vasitə olan marixuana olduğunu və həmin ot kütləsini öz yaşadığı evin həyətyanı sahəsində əkərək öz istifadəsi üçün üzərində saxladığını, digər qisminin isə yaşadığı evdə olduğunu bildirmişdir (cild 1, iş vərəqə 29-31). Baxış keçirilməsi və götürmə aparılması haqqında 11 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli ot külələrinin evin hansı hissəsində olduğunu göstərməsi təklif olunmuş, o da evin mətbəx otağında dolabın alt hissəsindən bir ədəd qara sellofan torbada tünd qəhvəyi rəngli ot kütləsini təqdim etmişdir (cild 1, iş vərəqə 39-40). Məhkəmə-bioloji ekspertizasının 12 sentyabr 2021-ci il tarixli, 7/918 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,74 qram və üzərində “Təqsirləndirilən şəxs yaşadığı...” yazısı olan qara rəngli sellofan bağlamadakı bir ədəd şəffaf sellofanda təmiz çəkisi 3550 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 3556,74 qramdır. Təqdiqata təqdim olunmuş zərfdə və qara rəngli sellofan bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra marixuananın ümumi qalıq çəkisi 3556,64 qram təşkil etmişdir (cild 1, iş vərəqə 51-55). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 dekabr 2021-ci il tarixli 5062 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 115-116). Telefon məlumatlarına baxış keçirilməsi barədə 26 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil nömrəsinə daxil olan mesajlara baxış zamanı 09 iyun 2021-ci il tarixində ***-***-**-** nömrəsinə «ne oldu patı, isdiyirsen gel kelmeve 2 qram götürüm get çək», 03 iyun 2021-ci il tarixində ***-***-**-** nömrəsindən «25 tapdım brat didiyimi, 35 sey olar sen dolamisane yeke oğlan men milyarder zadam das verecem sene istiyersense patı tapım sene 35 manata», 05 iyun 2021-ci il tarixdə ***- ***-**-** nömrəsindən «brat birine ikisine zeng çatmır, yuzfaiz atıbki acmır ozumda lomkadayam disimde ağrıyır sehere kimi oldumde men», 23 iyun 2021-ci il tarixində ***- ***-**-** nömrəsindən «brat axşamın xeyir neyneye bildin tapa bildin neyse he brat patı deyreme birdeki torpaq varındı qedes mene bir cavab de bilimdə yaxsı atas hele», 12 avqust 2021-ci il tarixində ***-***-**-** nömrəsindən «daş isdiyirsan san mana kola ver man sana das tez xeber de», 11 iyul 2021-ci il tarixində ***-***-**-** nömrəsinə «sanda patı qalıb isteyen olsa verek» kimi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən bilavasitə satışı ilə bağlı edilmiş əməlləri bilavasitə əks etdirən mesajlar müəyyən edilmişdir (cild 1, iş vərəqə 191-192). Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 26 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 196-200). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 94-95). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan artıq çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş külli miqdarda narkotik vasitənin ona məxsus olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən özünün mobil telefonla apardığı yazışmaları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 11 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 17, 81-82). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3556,64 qram təşkil edən marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 52,212). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində “Fides” Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3556,64 qram təşkil edən marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Fides” Vəkil Bürosunun hesabına vəkil X3 üçün 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-831/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-831/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver