Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-831/2023 07.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkumluğu olunmuş (Bakı şəhəri Səbail rayon məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 26 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasının 1 (bir) il 4 (dörd) ay 21 (iyirmi bir) gün hissəsi çəkilməmiş), işləməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 22:30 radələrində Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,182 qram çəkidə narkotik vasitə heroini 15 manat pul müqabilində alaraq əldə edib üzərində saxlayaraq daşımış, 27 sentyabr 2022-ci il tarixdə saat 2:40 radələrində Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, “Elit” Ticarət Mərkəzinin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə 2,182 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitələrdən istifadə etmişdir. 26 sentyabr 2022-ci il tarixdə saat 22:30 radələrində Nəsimi rayonu, “Kubinka” deyilən ərazidə tanımadığı şəxsdən 15 manata “kakos” deyilən 1 büküm narkotik vasitə alıb şalvarının cibində saxlamışdır. 27 sentyabr 2022-ci il tarixdə saat 2:40 radələrində Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, “Elit” Ticarət Mərkəzinin yaxınlığında piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib onu Binəqədi RPİ-nin 5-ci PB-nə getməyi təklif etdikdə, etiraz etməyib onlarla birlikdə 5-ci PB-nə getmişdir. Bölmədə ona müdafiəçi təyin olunduqdan sonra hüquq və vəzifələri izah olunmuş, bölmədə otaqların birində üzərinə axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sol yan cibində olan şəfaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş, həmin bükümün içərisində nə olması soruşulduqda, o, el arasında “kakos” adlanan maddə olduğunu bildirmişdir. O, saxlanılan zaman Şahid1 və Fərid Vahidli orada olmamışdır. O, tutulan zaman üzərində 2 qram narkotik vasitə olmuş, 2 qram narkotik vasitəni 15 manata almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ona qarşı heç bir fiziki və psixloji təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nə Yasamal rayon sakini Rəşad adlı şəxsin Binəqədi rayonu ərazsisində qanunsuz olaraq olaraq narkotik vasitə əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş, bundan sonra onun rəhbərliyi və bölmənin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin tarixdə saat 2:40 radələrində əldə edilmiş məlumat üzrə Rəşad adlı şəxsin qanunsuz əməlini ifşa etmək məqsədi ilə onun Binəqədi rayonu ərazisində harada olmasını müəyyən edib Binəqədi rayonu, Ə.Naxçıvani küçəsinə gəlmişlər. Orada olan zaman “Elit” Ticarət Mərkəzinin yaxınlığında Rəşadı gördükdə onu bir qədər kənardan müşahidə edib şübhə doğurmadan ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmiş və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. O da Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra ona narkotik vasitəni əldə etməsi, saxlaması və daşımasında şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Bölməyə gəldikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş, o, dövlət hesabına vəkillə təmin olunmaq istəyini bildirmiş, sonra vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkilişlə üzərinə axtarış keçirilmiş, axtarışdan əvvəl ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Rəşad da əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükülünün içərisində “kakos” deyilən narkotik vasitə olduğunu, həmin bükümü 26 sentyabr 2022-ci il tarixdə saat 22:30 radələrində Nəsimi rayonu, “Kubinka” adlanan yerdən öz istifadəsi üçün tanımadığı şəxsdən 15 manata alıb üzərində daşıdığını demişdir. Sonra həmin bükülü zərfə qoyularaq qablaşdırılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşayaları təqdim etməsi təklif olunmuş, o da əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şəfaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan vasitənin el arasında “kakos” deyilən narkotik vasitə olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi soruşulduqda, narkotik vasitə istifadə etməsini, həmin bükümü 26 sentyabr 2022-ci il tarixdə saat 22:30 radələrində öz istifadəsi üçün “Kubinka” deyilən ərazidən tanımadığı şəxsdən 15 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqə 33-35). Cinayət işinin materiallarında olan “videogörüntülərə baxış keçirilməsi haqqında” 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, axtarışın keçirilməsinə 27 sentyabr 2022ci il tarixdə saat 3:30-da başlanır. Axtarışın aparıldığı yer süni işıqlandırma ilə işıqlandırılmış, Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı Elvin Bəşirovun əyləşdiyi xidməti otaqdır. İştirakçıar - bölmənin baş əməliyyat müvəkkili Şahid1 Sayad oğlu, PB-nin əməliyyat müvəkkili Şahid2 və şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı Elvin Bəşirovun əyləşdiyi masanın qarşısında əyləşmişlər. Təhqiqatçı tərəfindən iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs ayağa qalxaraq əynində olan qara rəngli şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş 1 ədəd bükülünü çıxarıb masanın üzərinə qoyur, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində “kakos” olduğunu, həmin maddəni 26 sentyabr 2022-ci il tarixdə saat 22:30 radələrində “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirir. Həmin bükülü zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanır. 27 sentyabr 2022-ci il tarixdə saat 4:00-da axtarış yekunlaşdırılır (cild 1, iş vərəqə 56). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli 6/5533 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün 174 nömrəli dairəvi möhür əksi və “Abdullayev imza, dörd imza, tərtib etdi: E.Bəşirov-imza... ” yazı əlavəsi qeyd edilmiş 1 ədəd kağız zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 2,182 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: heroinin ümümi təmiz çəkisi 2,182 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,132 qram, cild 1, iş vərəqə 42-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 19 noyabr 2022-ci il tarixli 6995 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 125- 126). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 21 noyabr 2022-ci il tarixli 3073 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir və məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 128-129). Cinayət işinin materiallarında olan 16 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,132 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 130-134). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 26 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 1, iş vərəqə 114-116). Cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 4 (dörd) ay 21 (iyirmi bir) gün hissəsi çəkilməmişdir (cild 2, iş vərəqə 36). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinin tələblərinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilən zamanı nəzərə alınmır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğuna görə residiv müəyyən edilən zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Məhkəmə həmin normaların tələblərini nəzərə alıb hesab edir ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 4 (dörd) ay 21 (iyirmi bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 8 (səkkiz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 78). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 28). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 85-89). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 27 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,132 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Səbail rayon məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 4 (dörd) ay 21 (iyirmi bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 8 (səkkiz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 27 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,132 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-831/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-831/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver