Məhkəmə qərarları › İş №1(101)-832/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-832/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-832/2025 11.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu, Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 17 oktybar 1961-ci il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 2 ay 18 gün vaxtından əvvəl sərti azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, 30 may 2024-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 01 iyun 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdə saat 21:00 radələrində ünvan 3 ünvanının qarşısında qonşusu Zərərçəkmiş şəxs ona qardaşı Şahid1 qarşı xoşagəlməz sözlər işlədərək təhqir etməsinin səbəbini soruşduqda, yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs üzərində olan gödəkçənin sol iç cibində saxladığı soyuq silah hesab edilməyən qatlanan cib bıçağını çıxararaq Zərərçəkmiş şəxs döş qəsfəsinin sol yan səthi nahiyəsinə bir dəfə vuraraq döş qəfəsinin sol yan səthində olan, döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarasından ibarət, dərəcəsinə görə həyat üçün təhükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2024-cü ilin fevral ayında həbsdən azad olunmuşdur. Zərərçəkmiş şəxs və Şahid1 qardaşdırlar, onunla eyni məhəllədə yaşayırlar. 29 may 2024-cü il tarixdə saat 20 radələrində Elçinlə məhəllədə dayanan zaman sonuncu öz əmisi qızı Şəhla və əmisi nəvəsi Aytənlə aralarında olan intim münasibətdən danışmağa başlamış, Elçinin bu danışığı onun xoşuna gəlməmiş və ona irad bildirmişdir. O, Elçini danladıqdan sonra evə getmiş, hətta Elçinə ona danışdıqlarını qardaşı Eminə deyəcəyini bildirib yaşadığı evə getmişdir. Təxminən bir saat sonra Elçinlə Emin onu həyətə çağırmış, o, nə üçün gəldiklərini soruşanda, Emin ondan nəyə görə qardaşı Elçini danladığını irad tutmuşdur. Eminə qardaşı Elçin nəyə layiqdirsə, ona qarşı həmin hərəkəti etdiyini bildirmişdir. Bundan sonra onların arasında sözlü mübahisə yaranmış, Eminlə Elçin onun üzərinə hücüm çəkərək onu vurmağa başlamışlar. Emin əlindəki taxta parçası ilə onu vurmuş, Elçinin əlində isə daş olmuşdur. Emin əlindəki taxta parçası ilə onun başına vuran zaman özünü müdafiə etmək üçün üzərində gəzdirdiyi bıçağı əynindəki gödəkçənin cibindən çıxararaq bir dəfə Eminə tərəf zərbə endirmişdir. Bu zaman Emin onu qan apardığını deyərək qaçmağa başlamışdır. Elçin də bundan sonra onu sərbəst buraxmış, bu zaman Emini bıçaqla yaraladığını başa düşmüşdür. Bundan sonra evə girib çıxmış, piyada dənizkənan bulvara getmişdir. Orada olarkən polis əməkdaşı ona zəng vuraraq polis bölməsinə çağırmış, o da, könüllü olaraq Yasamal RPİ, 26-cı Polis bölməsinə gəlib təslim olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 4 ünvanında qardaşı Elçinlə birlikdə yaşayır, Təqsirləndirilən şəxs da onlarla eyni məhəllədə qonşuluqda yaşayır. 29 may 2024-cü il tarixdə qardaşı Elçin ona zəng vuraraq Bahadurun onu təhqir etdiyini bildirmiş, o da, gəlib Bahadurla danışacağını demişdir. Bundan təxminən 20 dəqiqə sonra o, məhəlləyə gəlmiş və Elçinlə birlikdə Bahadurun evinin qarşısına getmişlər. Elçin Bahaduru həyətə çağırmış, Bahadur gəldikdən sonra ona nə üçün qardaşını təhqir etdiyini soruşanda, Bahadur ona yaxşı etdiyini, qardaşının düz hərəkətlər etmədiyini söyləmişdir. Bundan sonra Bahadurla onun arasında sözlü mübahisə yaranmış, Bahadur cibindən bıçaq çıxarıb onun sol tərəfindən qolunun altından bir dəfə bıçaqla zərbə endirmişdir. O, xəsarət alan anda taxta parçası ilə Bahadura zərbə endirmiş, daha sonra ağrısı olduğu üçün oradan uzaqlaşmışdır. Hadisə zamanı Elçin də Bahadura fənd edərək yer yıxmışdır. O, xəsarət aldıqdan sonra əmisi qızı Şəhla onun yanına gəlmiş, Şəhlanın hadisə barədə necə məlumat almasını bilməmişdir. Bundan sonra hadisə yerinə təcili tibbi yardım çağırılmış və onu xəstəxanaya aparmışlar. Hazırda tam sağalmışdır, səhhətində hər hansı problemi qalmamışdır. Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında qardaşı Zərərçəkmiş şəxsla birlikdə yaşayır. Təqsirləndirilən şəxs da onlarla qonşudur və eyni məhəllədə yaşayırlar. Əvvəllər onların heç bir problemi, aralarında dava-dalaş olmamışdır. 29 may 2024-cü il tarixdə saat 20 radələrində məhəllədə dayanan zaman Bahadur ona yaxınlaşaraq onun ünvanına nalayiq ifadələr işlətmiş, Bahadurdan nə üçün onu təhqir etdiyini soruşanda, nəyə görə Talehə onun harasa getdiyini deməsini irad tutmuşdur. O da, Bahadura Talehin kənar şəxs deyil, onun əmisi oğlu olduğunu demişdir. Bahadura bu sözləri dedikdən sonra aralarında sözlü mübahisə olmuş, lakin həmin vaxt Bahadur onu vurmamış və ona xəsarət yetirməmişdir. Bahadurun bu sözləri onu əsəbləşdirdiyi üçün evə gedib qardaşı Eminin telefonuna zəng vuraraq Bahadurun onu təhqir etdiyini, onıin ünvanına nalayiq ifadələr işlətdiyini demişdir. Emin ona narahat olmamağı, gəlib söhbət edərək yoluna qoyacağını bildirmişdir. Telefonla danışdıqdan sonra Emin məhəlləyə gələrək ondan Bahadurun harada olduğunu soruşmuşdur. Emin məsələni aydınlaşdırmaq üçün ona Bahaduru çağırmağını istəmişdir. O, Bahaduru həyətə çağırmış və onlar söhbət etməyə başlamışlar. Orada Bahadurla aralarında sözlü mübahisə olmuş, mübahisə zamanı Bahadur əynindəki gödəkçənin cibindən bıçaq çıxararaq Eminə zərbə endirmişir. Bahadur Eminə zərbə endirən zaman Eminin əyildiyini görüb Bahadura güləş fəndi edərək yerə yıxmış və yerdə ona əli ilə onun başına bir-iki dəfə yumruqla zərbə endirmişdir. Eminin çökmüş olduğunu görüb nə olduğunu soruşduqda, Emin bıçağın ona dəydiyini demiş və oradan qaçmışdır. O da, Bahadurun üzərindən duraraq qardaşına tərəf getmiş, təcili tibbi yardıma zəng vurmuşdur. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında övladı ilə birlikdə yaşayır. 29 may 2024-cü il tarixdə saat 21 radələrində evdə olan zaman hava isti olduğu üçün yaşadığı evin qapısının qarşısına çıxmışdır. Bu zaman səs-küy olduğunu eşitmiş, əmisi oğlu Eminin yaralandığını bildirmişlər. O, Eminin olduğu tərəfə qaçaraq getmiş və orada olan zaman Eminin yolun kənarında olduğunu görmüş, dərhal təcili tibbf yardıma zəng edərək məlumat vermişdir. Hadisə zamanı Eminin kim tərəfindən, nə üçün bıçaqlandığını bilməmişdir. Təcili yardım maşını gəldikdən sonra Emini avtomobilə mindirib xəstəxanaya aparmışlar. Orada ona tibbi yardım göstərilərək əməliyyata alınmışdır. O, xəstəxanada olan zaman ona məlum olmuşdur ki, Eminə bıçaqla xəsarət yetirən şəxs onlarla eyni məhəllədə yaşayan qonşu Bahadur adlı şəxsdir. Hadisənin necə və hansı səbəbdən baş verdiyini deyə bilmir. Təqsirləndirilən şəxs ifadəsində dedikləri yalandır, Elçinlə onun arasında Bahadurun dediyi kimi intim münasibət olmamışdır. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən onun Şahid2 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 213-216). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Yasamal rayonu, Tağı Şahbazi küçəsi, ev 78 ünvanında ailəsi ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. 29 may 2024-cü il tarixdə saat 20 radələrində Bahadurla söhbət etdikdən sonra onun yanından ayırılıb işə gedən zaman X2 yaşadığı ünvana tərəf gəldiklərini görmüş, lakin nə üçün gəldiklərini bilmədiyi üçün işə getmişdir. Bir neçə saat sonra Bahadur ona zəng vuraraq Emini bıçaqla vurduğunu, təslim olmağa getdiyini bildirmişdir. Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı məlumatı yoxdur. O, Elçindən Bahadurun yerini soruşmamışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş üzləşdirmə protokoluna əsasən, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, 29 may 2024-cü il tarixdə saat 21 radələrində ünvan 1 ünvanının qarşısında aralarında yaranmış münaqişə zamanı ona bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir (cild 1, iş vərəqi 227- 230). Cinayət işində olan üzləşdirmə protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Şahid1 sərbəst ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqi 49-52). Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi protokolundan görünür ki, Şahid1 iştirakı ilə keçirilmiş həmin istintaq hərəkəti zamanı cinayət hadisəsinin Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazov küçəsi, 78 saylı evin qarşısında həyətdə baş verməsi təsdiq olunmuşdur (cild 1, iş vərəqi 53-57). İş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsin təqsirini boynuna almaqla könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Yasamal RPİ-nin 26-cı Polis bölməsinə könüllü gələrək Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı təqdim etmişdir (cild 1, iş vərəqi 9). Cinayət işində olan xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 26-cı Polis bölməsinə gələrək təqdim etdiyi bıçağa baxış keçirilmiş, həmin bıçağın dəstək və tiyədən ibarət olmaqla, ümumi uzunluğu 202 mm. olduğu, bıçağın dəstəyinə yapışqanlı lent bağlandığı, bu səbəbə görə tiyənin qatlanmadığı, tiyənin hər iki tərəfinin itiləndiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 11). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 590 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alın və sağ diz oynağı nahiyələrinin, sağ əlin İİİ,İV,V barmaqlarının, sol əlin V barmağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər. Onlar ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 98-99). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 829 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarət - döş qəfəsinin sol yan səthində olan döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin, tədqiqata təqdim edilmiş bıçağın tətbiqi təsirindən əmələ gələ bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur (cild 1, iş vərəqi 101-103). Kompleks məhkəmə-bioloji kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 451/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xəsəlik tarixi vərəqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu: A/İl/ Məhkəmə bioloji ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs şalvarın və bir güt ayaqqabısının üzərində olan ləkələrdə insan qanı aşkar olundu, bu qan ləkələrində ABO sistemi üzrə tədqiq olunduqda A antigeni alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu şəxsə, həmçinin Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 140-143). Kompleks məhkəmə bioloji-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 322/2024-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus cins şalvar və bir cüt ayaqqabının üzərində zədə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində zədə olmadığından, xəsarətlərin üst-üstə düşməsi barədə sualı cavablandırmaq mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu, ümumi təyinatlı qatlanan ov bıçağının analoqu üzrə hazırlanmışdır, lakin təqdim edilmiş bıçağın fiksatorları işlək vəziyyətdə olmadığından, tiyəsi tərpənməz qalmadığından, qatlandığından, tiyə əsasında kəskin hərəkətli olduğundan, bıçağın tiyəsinin lövhələri aralanmış və hərəkətli olduğundan soyuq silahların tələblərinə cavab vermir və təqdim olunmuş bıçaq soyuq silah hesab edilmir (cild 1, iş vərəqi 145-149). İbtidai istintaq orqanının 07 noyabr 2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs müalicə olunduğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Kliniki xəsitəxanasından hadisə vaxtı əynində olmuş üzərində qan ləkələri olan cins şalvar və bir cüt ayaqqabı, Təqsirləndirilən şəxs götürülmüş bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 231-240). Məhkəmə ambulator-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 3106 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 206-207). Cinayət işində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Oktyabr rayon Xalq Məhkəməsinin xx.xx.1979-cu il tarixli hökmü ilə xx.xx.2000-cü ilədək qüvvədə olmuş Azərbacan SSR CM-nin 226-cı maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 4 il müddətinə, həmin Məhkəmənin xx.xx.1983-cü il tarixli hökmü ilə xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan SSR CM-nin 109-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 10 il müddətinə, Bakı Şəhər Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi, 88-1-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü. il tarixli qərarı ilə 2 ay 18 gün vaxtından əvvəl sərti azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 92-94, 122-125). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verdi və öz müdafiəsi üçün dəlillər gətirmədi. Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna alması, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təhlükəli residivi isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif cinayət əməllərini törətdiyinə görə dəfələrlə məhkum olunmuş, o cümlədən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmün əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 2 ay 18 gün vaxtından əvvəl sərti azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Qeyd olunan cinayət əməllərinə görə təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə uyğun olaraq, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.2.2-ci maddəsinin tələbinə görə, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və cəzadan azad olunduqdan sonra məhkumluğu ödənilməməsinə, həmçinin qanunla müəyyən edilmiş qaydada məhkumluğun götürülməməsinə baxmayaraq, yenidən qəsdən ağır cinayət əməli törətmişdir. Bu hal CM-nin 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 01 iyun 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin vaxtdan hal-hazıra qədər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalı, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 may 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən dəyəri olmayan əşyalar məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilməklə Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş üzərində qan ləkələri olan cins şalvar və bir cüt ayaqqabı, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilməklə Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş üzərində qan ləkələri olan cins şalvar və bir cüt ayaqqabı, Təqsirləndirilən şəxsdan götürülmüş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar