Məhkəmə qərarları › İş №1(101)-833/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-833/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-833/2023 04.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən, barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarında narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə piyadalar üçün nəzərdə tutulmuş səkidə tanımadığı kişi cinsli şəxsdən 15 manata aldığı satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,485 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 10 oktyabr 2022-ci il tarixdə saat 10:40 dəqiqədə Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2sına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş ümumilikdə təmiz çəkisi 2,485 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə aludəçisidir. xx.xx.2022-ci il tarixində səhər saatlarında Bakı şəhəri Yasamal rayonu inzibati ərazisində yerləşən “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 15 manat müqabilində şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin almış və sonradan istifadə etməyi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 10:40 radələrində Yasamal rayonu M.Xiyabani küçəsi 194 saylı ünvanın qarşısında dayanan zaman ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşmışlar və özlərini Bakı şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları kimi təqdim edib şübhəli olduğu üçün onu 29-cu PŞ-yə dəvət etmişdirlər. O, polislərə tabe olub həmin şöbəyə getmiş və orada onun hüquqlarını qorumaq üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə onun hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılmış və o, xx.xx.2022-ci il tarixdə almış olduğu şalvarının sağ yan cibində olan şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılmış və müvafiq sənədləşmə aparılmışdır. O, narkotik aludəçisi olduğuna görə həmin narkotik maddə olan heroini almış və sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Saxlanılarkən və polis şöbəsinə gətirilərkən, eyni zamanda polis şöbəsində ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Onun istifadəsində heç vaxt mobil telefon olmamışdır. O, mobil telefon istifadə etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Tanıdığı, etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhər Yasamal rayonu sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir, üzərində saxlayır və daşıyır. Daxil olmuş əməliyyat məlumatını rəhbərliyə məruzə etdikdən sonra əvvəlcədən dəqiqləşdirilmiş məlumat əsasında iş yoldaşı Şahid2 birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 10:40 Bakı şəhər sakini Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında üzərində narkotik vasitə saxlayaraq daşımaqda şübhəli olduğu üçün tərəflərindən saxlanılaraq Bakı şəhər Yasamal RPİ-in 29cu Polis Bölməsinə gətirilmişdir. Polis bölməsində hüquq və vəzifələri oza izah edilmiş, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli klassik şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edib bildirmişdir ki, narkotik vasitə olan heroindir. Təhqiqatçı tərəfindən həmin bükülüyə baxış keçiriləndə bükülünün içərisində narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imza olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir psixi, yaxud fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhər Yasamal rayonu sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir, üzərində saxlayır və daşıyır. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra əvvəlcədən dəqiqləşdirilmiş məlumat əsasında iş yoldaşı Şahid1 birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 10:40 Bakı şəhər sakini Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında üzərində narkotik vasitə saxlayaraq daşımaqda şübhəli olduğu üçün tərəflərindən saxlanılaraq Bakı şəhər Yasamal RPİ-in 29cu Polis Bölməsinə gətirilmişdir. Polis bölməsində hüquq və vəzifələri oza izah edilmiş, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli klassik şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edib bildirmişdir ki, narkotik vasitə olan heroindir. Təhqiqatçı tərəfindən həmin bükülüyə baxış keçiriləndə bükülünün içərisində narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imza olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir psixi, yaxud fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. İş materiallarında olan 11 oktyabr 2022-ci il tarixli, 6/5843 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “zərflər üçün 169“ möhür əksi, “şübhəli şəxs...Təqsirləndirilən şəxs ...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,485 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (iş vərəqə 40-44) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 yanvar 2023cü il tarixli 271 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostiumulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 120-121) İş materiallarında olan məhkəmə-psixiatirik ekspertizasının 18 yanvar 2023-cü il tarixli 100 nömrəli rəyindən görünür ki, yoxlanılan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Hadisəni törədən zaman anlaqlı hesab olunur. (iş vərəqə 123- 124) İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini Bakı şəhəri Şamaxinka adlanan yerdən tanımadığı şəxsdən; şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, videoçəkiliş aparılmış və iştirakçılar tərəfindən imza olunmuşdur. (iş vərəqə 31-32) İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bakı şəhər Yasamal RPİ-dən verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini satan şəxsin (şəxslərin) mənbəyini, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. (iş vərəqə 90) İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis bölməsinin əməliyyat müvəkkili tərəfindən qəbul olunmuş 10 oktyabr 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. (iş vərəqə 46) Beləliklə məhkəmə, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, 11 oktyabr 2022-ci il tarixli, 6/5843 nömrəli materialların məhkəmə ekspertizasının rəyi, ambulator məcburinarkoloji tibbi yoxlamanın 18 yanvar 2023-cü il tarixli 271 nömrəli rəyi, məhkəmə-psixiatirik ekspertizasının 18 yanvar 2023-cü il tarixli 100 nömrəli rəyi, 10 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolu, xx.xx.2022-ci il tarixli Bakı şəhər Yasamal RPİ-dən verilmiş əməliyyat tapşırığına cavabı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qərarı və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Təqsirləndirilən şəxs götürülmüş 01 bükümdə təmiz çəkisi 2,485 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini satış məqsədi olmadan əldə etmiş və üzərində saxlamaqla daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(011)-195/2020 və 7(011)-196/2020 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 02 ilə endirilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(011)-196/2020 nömrəli qərarına əsasən 02 ay 16 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(011)-195/2020 nömrəli qərarına əsasən barəsində məcburi müalicə ləğv edilmişdir. (iş vərəqə 93-114) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 4(004)-870/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 23, 70-74) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 18 yanvar 2023-cü il tarixli 271 nömrəli rəyə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə AR Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 2,485 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədiqatından sonra qalıq qalmış 2,385 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış və götürmə protokolunun videoyazısı olan 01 ədəd DVD disk cinayət işinin materialarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədiqatından sonra qalıq çəkisi 2,385 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materialarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar