Məhkəmə qərarları › İş №1(101)-834/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-834/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-834/2022 31.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - «A.İ.M” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 08 avqust 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, işləməyən, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Salahlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, 30 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə saat 18:30-da ünvan 2 ünvanda şəxsiyyəti məlum olmayan, üzdən tanıdığı Ruslan adlı şəxsdən qanunsuz olaraq külli miqdarda, yəni 3 ədəd selofan kəsiyinə bükülmüş bükümdə hər birində 2 ədəd olmaqla, ümumilikdə 6 ədəd bükümdə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq ünvan 3 ünvanın qarşısına daşımış, həmin tarixdə saat 19:00-da qeyd olunan ünvanın qarşısında Bakı şəhəri, Nərimanov rayon Polis idarəsi 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq, həmin şöbəyə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarın arxa sağ cibindən pul kisəsinin içərisində olan 3 ədəd selofan kəsiyinə bükülmüş hər birində 2 ədəd olmaqla, ümumilikdə 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,362 qram, 0,373 qram, 0,340 qram, 0,316 qram, 0,372 qram, 0,363 qram, ümumi təmiz çəkisi 2,126 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun üzərindən ittihamda qeyd olunan miqdarda narkotik vasitə çıxmamışdır. Polis işçiləri tərəfindən saxlanılarkən onda cəmi üç büküm narkotik vasitə heroin olmuş, həmin narkotiki də öz istifadəsi üçün almışdır. Belə ki, o, gün ərzində təxminən 1,5 qram narkotik qəbul edir. Üzərindən aşkar olunmuş heroin də onun gündəlik norması kimi üstündə olmuşdur. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış və üstündə olan narkotiki də satmaq məqsədi olmamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, heç bir psixiatrik xəstəxanada qeydiyyatda deyil. Təxminən 2 ildir ki, narkotik vasitə istifadə edir. 30.11.2021-ci il tarixdə saat 18:30 radələrində ünvan 5 ünvandan keçərkən üzdən tanıdığı, lakin hər hansı anket məlumatını bilmədiyi Ruslan adı ilə tanıdığı şəxsdən bədənində ağrılar olduğu üçün öz istifadəsi üçün narkotik vasitə olan heroin istəmişdir. Ruslan ona 3 büküm narkotik vasitə heroin vermişdir. Həmin gün saat 19:00 radələrində ünvan 6 ünvanın qarşısında olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə dəvət etmişlər və o, həmin şöbəyə getmişdir. Orada xidməti otaqların birində ona vəkil təqdim edilmiş və o, şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Onun üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, başqa çıxış yolunun olmadığını görərək əynindəki boz rəngli cins şalvarının arxa sağ cibindən pul kisəsinin içərisində olan 3 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Bundan başqa o, pul kisəsi ilə birlikdə içərisində olan 2 manat pulu, "xxxx" ASC-uə məxsus 4169-7385-0595-4457 və 5103-0714-8970-2015 saylı plastik kartlarını, həmçinin metro kartını təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən üzərində əlavə axtarış keçirilmişdir. Bu zaman onun üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə olunmamışdır. Daha sonra Nərimanov RPİ-nin 18-ci PŞ-in təhqiqatçısı, polis kapitanı Vüqar Ələkbərli tərəfindən onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda, şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır (cild 1, iş vərəqi 61-64). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 30 noyabr 2021-ci il tarixdə saat 19 radələrində 18-ci Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə ünvan 3 ünvanın qarşısında xidmətdə olduqları zaman bir nəfərin halsız vəziyyətdə hərəkətdə olduğunu görüb həmin şəxsə yaxınlaşmış və həmin şəxsə özlərini təqdim edərək nə üçün halsız vəziyyətdə olduğunu soruşmuşlar. Həmin şəxs suallardan yayınmağa çalışmış, həmçinin rabitəsiz danışdığığına görə dan onun narkotik vasitələrin təsiri altında olduğunu və üzərində narkotik vasitə olmasını ehtimal edib onu 18-ci polis şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonra təhqiqatçı Vüqar Ələkbərli tərəfindən müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman Fərid əynindəki cins şalvarın arxa sağ cibindən pul kisəsinin içərisində olan 3 ədəd selofan kəsiyində bükümlər aşkar edilmiş və hər bükümdə 2 ədəd olmaqla, ümumilikdə 6 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Bundan başqa, onun üzərində 2 manat pul, "xxxx"a məxsus iki ədəd plastik kartlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddə “kokos” kimi tanıdığı narkotik vasitə heroindir. Sorğu zamanı Fərid narkotik vasitəni 30 noyabr 2021-ci il tarixdə A.Neymətulla küçəsi, 23 saylı ünvandan keçərkən bədənində ağrılar olduğu üçün üzdən tanıdığı Ruslan adlı şəxsdən öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əlavə axtarış keçirilmiş, digər hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Sonra təhqiqatçı protokol tərtib edilmiş, ucadan oxunmuş, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qimində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 əməliyyat tədbirinin keçirilməsinə cəlb olunmaqla, Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə ünvan 3 ünvanın qarşısında saxlanılıb Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılmasında və narkotik vasitələrin götürülməsində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 30 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyd olunan prosessual tədbir həyata keçirilərkən, sonuncu, əynindəki boz rəngli cins şalvarın arxa sağ cibindən pul kisəsinin içərisində olan 3 ədəd selofan kəsiyində hər birində 2 ədəd olmaqla, ümumilikdə 6 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Bundan başqa, o, pul kisəsi ilə birlikdə içərisində olan 2 manat pulu, "xxxx" ASC-yə məxsus 4169-7385- 0595-4457 və 5103-0714-8970-2015 saylı plastik kartlarını, metro kartını, həmçinin şalvarın sol yan cibindən 1 ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni 30.11.2021-ci il tarixdə saat 18:30 radələrində ünvan 5 ünvandan keçərkən bədənində ağrılar olduğu üçün üzdən tanıdığı, digər hər hansı anket məlumatını bilmədiyi Ruslan adlı şəxsdən öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 224 nömrəli möhürü ilə möhürlənmişdir (cild 1, iş vərəqi 23-24). Məhkəmə-kimyəvi ekspertizasının 01 dekabr 2021-ci il tarixli 6/5311 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan bir ədəd zərfdə, içərisində 3 bükümdə (hər birində 2 ədəd olmaqla), ümumilikdə 6 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,362 qram, 0, 373 qram, 0.340 qram, 0,316 qram, 0,372 qram, 0,363 qram, ümumi təmiz çəkisi 2,126 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi - 2,126 qram, tədqiqata sərf edildi - 0,24 qram, qalıq 1,886 qram (cild 1, iş vərəqi 34-38). Məhkəmə-psixiatrik ekspertizasının 18 dekabr 2021-ci il tarixli 3013 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 150-152). Ambulator-məhkəmə narkoloji ekspertizasının 06 yanvar 2022-ci il tarixli 35 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və sintetik kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 148-149). Cinayət işinə əlavə edilmiş diskə baxış keçirilməsi barədə 04 dekabr 2021-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 1 ədəd DVD-R formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskin üzərində əlyazma şəklində «Təqsirləndirilən şəxs» və «18 PŞ» sözləri yazılmışdır. «HP 201 İx» kompüter vasitəsilə diskdə olan videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarın arxa sağ cibindən pul kisəsinin içərisində olan 3 ədəd selofan kəsiyinə bükülmüş bükümdə hər birində 2 ədəd olmaqla, ümumilikdə 6 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Bundan başqa, o, pul kisəsi ilə birlikdə içərisində olan 2 manat pulu, "xxxx" ASC-yə məxsus 4169-7385-0595- 4457 və 5103-0714-8970-2015 saylı plastik kartları, metro kartını, həmçinin şalvarın sol yan cibindən 1 ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 30.11.2021-ci il tarixdə saat 18:30 radələrində ünvan 8 ünvandan keçərkən bədənində ağrılar olduğu üçün üzdən tanıdığı, digər anket məlumatını bilmədiyi Ruslan adlı şəxsdən öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqi 95). İş materiallarına əlavə edilmiş 15 yanvar 2022-ci il tarixli telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən 07.01.2022-ci il tarixli BKC/LGL- 514/22 saylı məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 01.06.2021-ci il tarixdən 01.12.2021-ci il tarixədək olan müddətdə daxil olmuş və cavabsız zənglər, daxil olmuş və göndərilmiş SMS-lərin mətnləri, qeyd olunan müddət ərzində həmin mobil nömrənin hansı əhatə dairələrinə düşməsinin (CELL-İD) əks olunduğu CD diskə baxış keçirilmişdir. Bu zaman müəyyən olunmuşdur ki, ***-***-**-** saylı abonent nömrəsinə göstərilən tarixlərdə çoxlu sayda zənglər və “sms”lər daxil olmuşdur. Həmin zənglərdə iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmiş, lakin mesajların bir qismi iş üçün əhəmiyyətlidir. Belə ki: - ***-***-**-** (Qaqa 40 manat var sənəd almır? Tez hə yox de mənə, Ala mənəm açda taksafonnan yığan, 15 manat var brat və s.) - ***-***-**-** /Vüqar Rəhimov, AZE №14237292/ (Taksafonnan yığan mənəm əli, Brat mənəm əli açda taksafonu) - ***-***-**-** Aralarında çoxsaylı yazışma vardır. - ***-***-**-** (Biz deyəsən belə getsə bölmədə görüşəsi olacağıq məsləhət görərdim ki, mənimlə oynama; Səbrimi yoxluyursan deyəsən hə? Dedim bildə səbrim tükənir, birdə gördün 102yə vızıv... və s.) - ***-***-**-** Aralarında çoxsaylı yazışma vardır. - ***-***-**-** (a kişi mal satmırsansa yalannan vaxtımızı alma) - ***-***-**-** /Səkinə Vəliyeva, AZE №16439858/ (səni nəyəsə görə axtarmıram dediyimi əliyə çatdır və s.) - ***-***-**-** (götürməyə gedirəm gözdə yığacam səni və s.) (cild 1, iş vərəqi 126-138). İş materiallarına əlavə edilmiş 25 yanvar 2022-ci il tarixli baxış protokolundan görünür ki, "xxxx" ASC-dən 17.01.2022-ci il tarixli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan 4169-7385-0595-4457 və 5103-0714-8970-2015 saylı plastik kart hesabları ilə keçirilən əməliyyatlar barədə daxil olmuş məlumatlara baxış keçirilmişdir. Bu zaman həmin plastik kart hesabları ilə çox sayda əməliyyatlar keçirildiyi müəyyən olunmuş, lakin həmin əməliyyatlarda hazırkı iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 1, iş vərəqi 139-143). İbtidai istintaq orqanının 08 dekabr 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan və həmin tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 3 ədəd bükümdə (hər birində 2 ədəd olmaqla), ümumilikdə 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,362 qram, 0,373 qram, 0,340 qram, 0,316 qram, 0, 372 qram, 0,363 qram, ümumi təmiz çəkisi 2,126 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, həmin heroinin tədqiqatlardan sonra qalıq qalmış 1,886 qram hissəsi saxlanılması üçün Bakı şəhəri, Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 111-113). Həmçinin iş materiallarında olan 28 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən daxil olmuş (CELL-İD) 01 ədəd DVD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 164-174). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 11 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 115). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, saxlanılarkən üzərindən ittihamda qeyd olunan miqdarda narkotik vasitə çıxmadığını, üzərində cəmi üç büküm narkotik vasitə olduğunu, həmin narkotik vasitəni də özünün istifadəsi üçün aldığını, gün ərzində 1,5 qram narkotik vasitə qəbul etdiyini, üzərindən aşkar olunmuş heroin də onun gündəlik norması kimi üstündə olduğunu, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələri dəfələrlə müxtəlif şəxslərə satması onun adına rəsmiləşdirilmiş və istifadəsində olmuş +994 55-891-08-01 mobil nömrəyə daxil olan və çıxan çoxsaylı SMS mətnləri ilə bir daha öz təsdiqini tapır. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi həmin dəlilləri məsuliyyətini yüngülləşdirmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 30 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş 3 ədəd bükümdə (hər birində 2 ədəd olmaqla), ümumilikdə 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,362 qram, 0,373 qram, 0,340 qram, 0,316 qram, 0, 372 qram, 0,363 qram, ümumi təmiz çəkisi 2,126 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatlardan sonra qalıq qalmış 1,886 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərindən narkotik vasitənin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntünü əks etdirən 1 ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş (CELL-İD) 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 06 yanvar 2022-ci il tarixli 35 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və sintetik kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İşə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə baxışı zamanı «A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 80 (səksən) manat məbləğində pul qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. Məhkəmədə müəyyən edildi ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3 ədəd bükümdə (hər birində 2 ədəd olmaqla), ümumilikdə 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,362 qram, 0,373 qram, 0,340 qram, 0,316 qram, 0, 372 qram, 0,363 qram, ümumi təmiz çəkisi 2,126 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış 1,886 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilərək götürülməsi videogörüntülərini əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş (CELL-İD) 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X3 ödənilməli 80 (səksən) manat məbləğində pul vəsaiti «A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün; - ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğndə pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar