Məhkəmə qərarları › İş №1(101)-834/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-834/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-834/2023 05.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Elbrus oğlunun sədrliyi ilə, Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, fars və Azərbaycan dilləri üzrə tərcüməçilər– X13, Yüzbaşyev Vüsal İspəndiyar oğlu və X3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci ildə İran İslam Respublikasında anadan olmuş, evli, İran İslam Respublikası vətəndaşı, milliyyətcə azərbaycanlı, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat -1, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində və yaşadığı evində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan Sahil adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 16 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən Sahil adlı şəxs tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlarında gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq 2971,9 qram çəkidə külli miqdarda narkotik vasitə heroin və 5005,0 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq bir hissəsini üzərində, digər hissəsini isə yaşadığı ünvanda saxlamışdır. 22 sentyabr 2022-ci il tarixdə, saat 20:00-da Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA” sosial evlərinin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Həmin polis idarəsinin inzibati binasındakı xidməti otaqlardan birində 22 sentyabr 2022-ci il tarixdə, saat 22:00-da üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 350,5 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Daha sonra həmin günü saat 23:00-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA” sosial evləri, bina 7, giriş 64, 2 saylı mənzildə keçirilmiş axtarış zamanı evin yataq otağında olan tünd qırmızı rəngli taxta sandığın içərisindən 5 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 719,2 qram, 606,4 qram, 703,5 qram, 322,5 qram, 269,8 qram olmaqla, ümumi təmiz çəkisi 2621,4 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 5 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1500,0 qram, 1600,0 qram, 790,0 qram, 770,0 qram və 345,0 qram olmaqla, ümumi çəkisi 5005,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələrlə eyni məzmunlu ifadə verərək göstərdi ki, İran İslam Respublikası vətəndaşı olmaqla təxminən 5 il əvvəl İrandan Bakı şəhərinə işləmək məqsədi ilə gələrək Şahid6 ilə ailə həyatı qurmuşdur. Aynurənin birinci nikahından 2 azyaşlı övladı var, onların birgə övladları isə yoxdur. Aynurənin azyaşlı uşaqlarına atalıq etməklə onların maddi təminatlarını ödəməyə çalışmışdır. Bakı şəhərinə gələn gündən əvvəlcə tikintilərdə fəhlə işləmiş, sonra xırda alverlə məşğul olmağa başlamış və tutulmazdan təxminən 1 il əvvəl kreditlə “Saipa” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili alaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəllər heç vaxt nə İranda, nə də Azərbaycan Respublikasında hər hansı cinayət əməli törətməmiş, tutulmamış və məhkum olunmamışdır. Tutulmazdan təxminən 2-3 ay əvvəl idarə etdiyi taksi avtomobilinə bir neçə dəfə təsadüfi müştəri kimi əyləşmiş Orxan kimi adını bildiyi cavan oğlanla söhbət zamanı İrandan işləmək məqsədilə Azərbaycana gəldiyini, burada ailə qurduğunu və maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Orxan da öz mobil telefonu ilə Sahil adlı İran vətəndaşı ilə danışmış və telefonda onları bir-biri ilə tanış etmişdir. Sahil adlı şəxs onun mobil telefon nömrəsini götürüb onunla əlaqə saxlayacağını bildirmişdir. O, Sahil adlı şəxsi tanımamış, avtomobilində müştəri olan oğlanı da bir daha görməmişdir. Dəqiq tarixi xatırlamadığı bir müddətdən sonra Sahil adlı İran İslam Respublikası vətəndaşı olduğunu bildirən şəxs onun mobil telefonuna vatsap mobil tətbiqi vasitəsilə zəng etmiş və onunla söhbət etməyə başlamışdır. Söhbət zamanı onun narkotik vasitə istifadə etdiyini və Hövsan qəsəbəsində yaşadığını bilmişdir. Sahil ona özünün gizlin yerlərə qoyacağı narkotik vasitəni götürüb hissə-hissə onun dediyi ünvanlara yerləşdirməsini təklif edərək götürdüyü narkotiki tam paylayıb qurtardıqdan sonra ona həm pul, həm də özünün istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Sahil özünün şəxsən heç bir şəxslə bilavasitə görüşməyəcəyini, sadəcə onun dediyi yerdən narkotiki götürüb deyəcəyi başqa ünvanlara yerləşdirəcəyini və sonda da pulunu alacağını demişdir. Onun maddi imkanı zəif olduğundan, həmçinin özünün də narkotikə ehtiyacı olduğundan Sahilin həmin təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, 15 sentyabr 2022-ci il tarixdə Sahil onunla İran nömrəsindən vatsap mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən avtoservisin yanına gedib orada onun tanışından 15.000 ABŞ dolları məbləğində pulu götürməyi tapşırmışdır. O da Sahilin dediyi yerə gedib tanımadığı şəxsdən həmin pulu götürmüşdür. Daha sonra 16 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında Sahil ona Hövsan bağlarına getməyini tapşırmış və o da Sahilin dediyi yerə getmişdir. Sahil onunla mobil telefonda danışa-danışa istiqamət vermiş və onun dediyi istiqamət üzrə Hövsan bağlarında ara küçələrə girmiş, həmin ara küçələrdən birində olan kolluğa qoyulmuş içərisində narkotik vasitələr olan qara rəngli kisəni tapıb götürmüşdür. O, qaranlıq vaxtı Sahillə mobil telefonda danışa-danışa verdiyi istiqamətdə Hövsan bağlarında ara küçələri dolaşıb onun dediyi yerdə dayanıb pulu qoyub narkotiki götürmüşdür. Həmin yer oxşar ara küçələr olduğundan hazırda heç bir halda tapa bilməz. Sahilin tapşırığı ilə onun tanışından aldığı 15.000 ABŞ dolları məbləğində olan pulu da narkotik vasitə kisəsini götürdüyü yerə qoyub oradan uzaqlaşmışdır. Götürdüyü bağlamada olan həmin pul yapışqanla yapışdırılmış kağız paketdə olmuş və sellofana bükülmüşdür. Onun içərisini açıb baxmamış, sadəcə Sahil ona orada 15.000 ABŞ dolları məbləğində pul olmasını demişdir. Həmin günü axşam arvadı Şahid6 və uşaqları yatdıqdan sonra həyətə düşüb avtomobilinin saxlanc yerində olan kisəni qaldırıb hamam otağında vannanın içərisində gizlətmiş, səhəri günü isə gələcəkdə Sahilin dediyi yerlərə yerləşdirməsi üçün evdə heç kəs olmayanda kisənin içərisində olan bütün narkotik vasitələri yataq otağındakı tünd qırmızı rəngli sandığın içərisinə qoyaraq iy gəlməməsi üçün skotçla bağlayıb gizlətmişdir. Həmin kisənin içərisindəki heroin və marixuana kimi narkotik vasitələr sellofan paketdə qablaşdırılmış formada olmuşdur. Sahil ona ünvanlar demiş, o isə həmin bükümlərdəki narkotik vasitələrdən müəyyən hissəsini həmin ünvanlara çatdırmışdır. Bütün narkotik vasitələri Sahilin dediyi yerlərə yerləşdirdikdən sonra sonuncu ona 10.000 manata yaxın pul verəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, 22 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində Sahilin deyəcəyi ünvana çatdırması üçün bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Lakin yaşadığı Suraxanı rayonu, “MİDA” sosial evlərin qarşısında olduğu zaman ona mülki geyimdə olan iki nəfər polis əməkdaşları yaxınlaşaraq vəsiqələrini göstərib özlərini təqdim edəndən sonra üzərində narkotik vasitələri gəzdirməkdə şübhəli olduğu üçün əllərini ciblərinə salmağa imkan verməyərək onu Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinə gətirmişlər. İdarənin xidməti otaqlarının birində ona təqdim edilmiş tərcüməçinin və vəkilinin iştirakı ilə şübhəli şəxs qismində tutulandan sonra razılığı əsasında videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroini masanın üzərinə qoymuş, eləcə də şalvarının sol yan cibində saxladığı özünə məxsus qara rəngli “Samsung” markalı mobil telefonu da təqdim etmişdir. Üzərindən başqa hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Sorğu əsasında bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroin ona məxsusdur, onu Sahilin dediyi yerlərə qoymaq üçün üzərində saxlamışdır. Polis əməkdaşları ondan yaşadığı evdə narkotik vasitə olubolmamasını soruşmuş, o da yaşadığı evdə də narkotik vasitə olmasını etiraf etmişdir. O, yaşadığı evdə axtarış aparılmasına etiraz etməməsilə bağlı ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları yaşadığı evə getmiş və həyat yoldaşı Şahid6 iştirakı ilə yaşadığı mənzildə axtarış apararaq yataq otağındakı tünd qırmızı rəngli sandığın içərisində olan 5 ədəd iri şəffaf rəngli sellofan bükümdə narkotik vasitə marixuana, 5 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin və bir ədəd qara rəngli elektron tərəzini aşkar edərək götürmüşlər. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, Sahil adlı şəxslə heç vaxt şəxsən görüşməmiş, ancaq mobil telefonla vatsap mobil tətbiqi vasitəsilə danışmış, aralarında yazışma da olmamışdır. Sahil adlı şəxsin heç bir anket məlumatını bilmir, telefon nömrəsi isə onun mobil telefonunun yaddaşında qeyd edilmişdir. Sahil özünü ona İranlı kimi təqdim etmiş, onunla Azərbaycan dilində danışmış, lakin ləhcəsindən İran azərbaycanlılarından olduğunu başa düşmüşdür. Narkotik vasitəni evində gizlətməsini, o cümlədən ümumiyyətlə narkotik vasitə istifadə etməsini həyat yoldaşı Aynurə və ya hər hansı digər şəxs bilməmiş, Aynurə və uşaqlar yatandan sonra onu evə gətirib istifadə olunmayan sandıqda gizlətmişdir. Sahilin tapşırığına əsasən narkotik vasitələri sonuncunun dediyi yerlərə qoyub paylayandan sonra Sahil ona istifadə etməsi üçün həm narkotik, həm də pul verəcəkdi. Sahil adlı şəxsin narkotik vasitəni haradan, necə əldə etməsi barədə heç bir məlumatı olmamış, Sahil ona bu barədə heç nə deməmiş, o da soruşmamışdır. Evindən narkotik vasitə ilə yanaşı aşkar edilmiş elektron tərəzi Sahilin dediyi yerdən götürdüyü narkotik vasitə olan kisənin içərisində olmuş, Sahil onun həmin tərəzi ilə narkotik vasitəni çəkib qablaşdıraraq dediyi yerlərə yerləşdirəcəyini demişdir. Tutulduğu gün Sahil ona bir bağlama heroin götürüb evdən çıxmasını və ona narkotik vasitəni hara qoyacağını əlavə zəng edib deyəcəyini demiş, lakin polislər onu tutduğu üçün üzərindəki həmin bir bağlama narkotik vasitəni heç bir yerə ata bilməmişdir. Sahillə aralarında olan razılaşmaya əsasən o, narkotik alan heç kimlə şəxsən görüşməyəcəkmiş, sadəcə narkotiki onun dediyi yerə yerləşdirib oradan uzaqlaşacaqmış. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərdi ki, törətdiyi əməldən çox peşmandır. Sahil onun maddi ehtiyacının olmasından istifadə edərək onu bu cinayət əməllərini törətməyə təhrik etmişdir. Lakin tutulduqdan dərhal sonra polis əməkdaşları ilə əməkdaşlıq etmiş, səmimi etiraf ifadələri vermişdir. Şahid6 azyaşlı uşaqları, o cümlədən sonuncunun qızı onun doğma uşaqlarının olmamasına baxmayaraq, həmin uşaqlara bir ata kimi baxmış və qayğılarına qalmışdır. Törətdiyi əməldən çox peşman olmasını, ailə vəziyyətini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını nəzərə alaraq məhkəmədən ona aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. İşin halları və dəlilləri: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 22 sentyabr 2022-ci il tarixdə «Hossein» adlı İran İslam Respublikası vətəndaşının üzərində qanunsuz olaraq psixotrop maddə və narkotik vasitələr saxlaması, daşıması və satışı ilə məşğul olması barədə Binəqədi Rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal bu barədə raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilmişdir.Tədbirin həyata keçirilməsi üçün ondan və polis idarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı X5 ibarət əməliyyat qrupu təşkil edilmişdir. 22 sentyabr 2022-ci il tarixdə, saat 20:00-da tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Mida» sosial evlərin yaxınlığında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinə gətirilmişdir. Polis İdarəsində təhqiqatçı lazım olan prosessual hərəkətləri həyata keçirmiş, sənədləşmələr aparılmış və vəkil dəvət edilmişdir. Polis İdarəsinə gətirərək təhqiqatçıya təhvil verdikdən sonra o, digər əməliyyat tədbirində iştirakla əlaqədar olaraq getmişdir. Lakin sonradan öyrənmişdir ki, idarənin digər polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, onun evində də narkotik vasitə vardır. Bu səbəbdən də dərhal polis əməkdaşları qeyd olunan ünvana getmiş və axtarış zamanı evdən də, külli miqdarda narkotik vasitə aşkar edilib götürülmüşdür. Daha sonra toplanmış materiallar İdarənin İstintaq şöbəsinə verilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olması barədə əməliyyat məlumatı ona daxil olmuş və əməliyyat qrupunun rəhbəri özü olmuşdur. Lakin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satdığı konkret şəxslər müəyyən edilə bilməmiş və bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs ilə söhbət zamanı o, İran İslam Respublikası vətəndaşından narkotik vasitələr alaraq müəyyən şəxslərə çatdırdığını etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 22 sentyabr 2022-ci il tarixdə «Hossein» adlı İran İslam Respublikası vətəndaşının üzərində qanunsuz olaraq psixotrop maddə və narkotik vasitələr saxlaması, daşıması və satışı ilə məşğul olması barədə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilmiş, tədbirin həyata keçirilməsi üçün X2 əməliyyat müvəkkili Şahid1 və Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı X5 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 22 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Suraxanı rayonu, Hövsan qəsəbəsində saxlanılmış və Binəqədi Rayon Polis İdarəsinə gətirilmişdir. Onun tutulmasında iştirak etməsə də, üzərində “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin keçirilməsində iştirak etmişdir. Belə ki, polis İdarəsində təhqiqatçı lazım olan prosessual hərəkətləri həyata keçirmiş, sənədləşmələr aparılmış və vəkil dəvət edilmişdir. Bundan sonra isə onun və digər polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda könüllü təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş tünd qəhvəyi rəngli heroinə bənzər narkotik vasitəni çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğu soruşulduqda sonuncu üzərindən aşkar edilmiş həmin maddənin heroin olduğunu, onu İran İslam Respublikasının vətəndaşı Sahil adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu da təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya tapılmamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm və “Samsung” markalı mobil telefon zərfə qoyulub qablaşdırılmış, onlar zərfin üzərinə imza etmişlər. Həmçinin şəxsi axtarış və götürmə ilə bağlı protokol tərtib edilmiş və onlar hamısı protokolu imzalamışlar. Təqsirləndirilən şəxs yaşadığı evdə də, ona məxsus narkotik vasitə olmasını bildirmişdir. Bu səbəbdən digər polis əməkdaşları dərhal onun yaşadığı mənzilə getmişlər. Sonradan öyrəndiyinə görə mənzildən axtarış zamanı külli miqdarda narkotik vasitə aşkar edilib götürülmüşdür. Daha sonra toplanmış materiallar İdarənin İstintaq şöbəsinə verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu və Şahid2la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 22 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinə «Hossein» adlı İran İslam Respublikası vətəndaşının üzərində qanunsuz olaraq psixotrop maddə və narkotik vasitələr saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilmişdir. Əməliyyat tədbirinin keçirilməsi üçün Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili Şahid1 və Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı X5 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 22 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Suraxanı rayonu, Hövsan qəsəbəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs tutulmasında və üzərində keçirilmiş şəxsi axtarış və götürmədə iştirak etməsə də, mənzilində axtarış və götürmə keçirilməsində iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tutularaq polis İdarəsinə gətirildikdən sonra təhqiqatçı lazım olan prosessual hərəkətləri həyata keçirmişdir. Bundan sonra isə digər polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış və götürmə aparılmış və şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə sorğu zamanı, habelə şəxsi axtarış və götürmə aparılması zamanı evində də narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən o və digər polis əməkdaşının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Mida» sosial evləri, bina 7, giriş 64, 2 saylı mənzildə videoçəkiliş aparılmaqla axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl həmin mənzildə yaşayan Təqsirləndirilən şəxs arvadı Şahid6 mənzildə hər hansı qanunsuz əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, Şahid6 isə mənzildə hər hansı qanunsuz əşya olmasından məlumatının olmadığını və mənzildə axtarış keçirilməsinə də etiraz etmədiyini bildirmişdir. Bundan sonra mənzildə axtarış keçirilərkən yataq otağında olan tünd qırmızı rəngli taxta sandığın içərisindən 5 ədəd iri ölçülü şəffaf selofana bükülmüş içərisində tünd yaşıl rəngli qurudulmuş ot formasında olan narkotik vasitə marixuanaya bənzər maddə, eləcə də 5 ədəd orta ölçülü şəffaf selofana bükülmüş içərisində tünd qəhvəyi rəngli kristal formada olan narkotik vasitə heroinə bənzər maddə və bir ədəd qara rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Mənzilin digər otaqlarında, mətbəx, hamam-tualet otağında axtarış aparılsa da, şübhə doğuran başqa hər hansı bir qanunla qadağan olunmuş əşya tapılmamışdır. Şahid6 tünd qırmızı rəngli taxta sandığın həqiqətən də onlara məxsus olduğunu, lakin içərisində olan maddələr barədə hər hansı bir məlumatının olmadığını bildirmişdir. Bundan sonra yataq otağında olan tünd qırmızı rəngli taxta sandığın içərisindən aşkar olunan 5 ədəd iri ölçülü şəffaf selofana bükülmüş içərisində tünd yaşıl rəngli qurudulmuş ot formasında olan narkotik vasitə marixuanaya bənzər maddə, 5 ədəd orta ölçülü şəffaf selofana bükülmüş içərisində tünd qəhvəyi rəngli kristal formada olan narkotik vasitə heroinə bənzər maddə və bir ədəd qara rəngli elektron tərəzi qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və onlar hamısı protokolu imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş, hadisə vaxtı Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 38-ci polis bölməsinin sahə inspektoru vəzifəsində işləmiş, hazırda isə Bakı şəhəri, Qaradağ RPİ-də sahə inspektoru vəzifəsində işləyən Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu və Şahid4lə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2019-cu ildə İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə rəsmi nikaha girməklə ailə qurmuşdur. Lakin təxminən 6 ildir faktiki ər-arvad kimi birgə yaşayırlar. Onların birgə nikahlarından övladları yoxdur. Lakin onun birinci nikahından 12 və 14 yaşlarında iki övladı vardır. Uşaqları kiçik yaşlarından Təqsirləndirilən şəxs faktiki himayəsində olduğundan, onların rəsmi olaraq Təqsirləndirilən şəxs himayəsinə verilməsi üçün məhkəməyə müraciət etmək istəmişlər. Lakin uşaqlarının atası razılıq vermədiyindən bunu edə bilməmişdir. İki ildir Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Mida» sosial evləri, bina 7, giriş 64, 2 saylı mənzildə həyat yoldaşı Təqsirləndirilən şəxs və iki azyaşlı uşaqları ilə birlikdə kirayədə yaşayırlar. Onların yaşadıqları mənzilə kənar adamlar gəlib-getməmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs təxminən 1 il əvvəl iki ayrı bankdan kredit götürərək “Saipa” markalı **-RJ-*** dövlət nömrə nişanlı avtomobili alaraq taksi fəaliyyəti ilə məşğul olmaqla ailəni dolandırmışdır. Hadisədən sonra həmin avtomobili sataraq kredit borclarını ödəmişdir. O, özü isə tibb bacısı olaraq işləyir. 22 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində kirayədə yaşadıqları Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Mida» sosial evləri, bina 7, giriş 64, 2 saylı mənzildə olarkən qapı döyülmüş və qapını açanda polis əməkdaşlarının gəldiklərini görmüşdür. Özlərini təqdim edən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları həyat yoldaşı Təqsirləndirilən şəxs Hövsan qəsəbəsində saxlanılıb Binəqədi Rayon Polis İdarəsinə aparıldığını və üzərində şəxsi axtarış aparılarkən narkotik vasitə aşkar edildiyini məlumat vermişlər. Həmçinin polis əməkdaşları həyat yoldaşı Hosseinin evlərində də narkotik vasitə olmasını bildirdiyindən evlərində axtarış apacaqlarını bildirmişlər. O isə evdə hər hansı qanunsuz əşya olması barədə məlumatının olmadığını demiş və evlərində axtarış aparmalarına etiraz etməmişdir. Daha sonra mənzildə videoçəkiliş aparılmaqla axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl ona mənzildə qanunsuz əşya varsa könüllü təqdim etməyi təklif olunmuş, o isə mənzildə hər hansı qanunsuz əşya olmasından məlumatının olmadığını və mənzildə axtarış keçirilməsinə də etiraz etmədiyini bildirmişdir. Bundan sonra mənzildə axtarış keçirilərkən yataq otağında olan tünd qırmızı rəngli köhnə, istifadə etmədiyi taxta sandığın içərisindən çoxlu sayda ona məlum olmayan və əvvəllər görmədiyi bağlamalar, həmçinin elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Mənzilin digər otaqlarında, mətbəx, hamam-tualet otağında axtarış aparılsa da, başqa hər hansı qanunsuz əşya tapılmamışdır. Ondan soruşulduqda taxta sandığın həqiqətən də onlara məxsus olduğunu, lakin içərisində olan maddələr barədə hər hansı bir məlumatının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları sandıqdan aşkar olunan ümumilikdə 10 ədəd bağlamaları açmış və onların içərisində tünd yaşıl rəngli qurudulmuş ot formasında olan maddənin və tünd qəhvəyi rəngli maddənin olması məlum olmuşdur. Daha sonra axtarışla bağlı tərtib olunmuş protokolu o da imzalamışdır. Sandıqda olan bağlamaları həyat yoldaşı Hossein ora qoymuş, lakin bu barədə ona heç bir məlumat verməmişdir. Ərinin narkotik vasitə istifadə etməsindən və evdə və ya hər hansı yerdə narkotik vasitə saxlamasından məlumatı olmamış, bu barədə şübhələnməmişdir. İfadəsinin sonunda Şahid6 məhkəmədən ərinin uşaqlarına yaxşı ata və ailə başçısı olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq ona aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza verilməsini xahiş etdi. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X10 və tərcüməçi X8 iştirakı ilə İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 22:00-dan 22:15-dək Bakı şəhəri, Binəqədi RPİnin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən həmin İdarənin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkilləri, polis leytenantları Şahid2 və Şahid3, İdarənin KTQ-nin inspektor-kriminalisti, polis mayoru X1, tərcüməçi X8 iştirakı ilə xidməti otaqda İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü və şalvarının sol yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoyaraq həmin bükümün narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparsa da, başqa heç bir əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən həmin büküm açıldıqda orada qəhvəyi rəngli maddənin olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş şəffaf sellofan bükümdə olan maddə narkotikdir və onu Sahil adlı İranlıdan əldə etmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdə olan sandığın içərisində də, narkotik vasitə saxladığını bildirmişdir. Təhqiqatçı sellofan bükümü ağ zərfə qoyub möhürləmiş və zərfin üzərinə iştirakçılar imza etmişlər. Təhqiqatçı şəxsi axtarışın başa çatdığını elan etmişdir. İstintaq hərəkəti zamanı “Panasonic” markalı video kameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığı qeyd edilməklə, istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadlarının qarşısında müvafiq imzalar çəkilmişdir. (Cild 1, iş vərəqləri 54-55) - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 sentyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 12 dəqiqə 13 saniyə olan video yazıya həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 11 yanvar 2023-cü il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 56;187) - “Axtarış və götürmə aparılması haqqında” 22 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X10 və tərcüməçi X8 iştirakı ilə İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 23:00-dan 23:20-dək Bakı şəhəri, Binəqədi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən həmin İdarənin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektoru, polis kiçik serjantı Şahid4, CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, İdarənin KTQ-nin inspektor-kriminalisti, polis baş leytenantı X6 və Şahid6 iştirakı ilə İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs ailə üzvləri birgə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA” sosial evləri, bina 7, giriş 64, mənzil 2-də axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Şahid6 mənzildə axtarış aparılmasına etirazı olmadığını bildirmiş, polis əməkdaşları mənzilə keçib bütün otaqlarda axtarış aparmış, axtarış nəticəsində mənzilin yataq otağında olan tünd qırmızı rəngli sandığın içərisindən 5 ədəd iri ölçülü şəffaf sellofan büküm və 5 ədəd orta ölçülü şəffaf sellofan büküm və bir ədəd qara rəngli elektron tərəzi aşkar edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 5 ədəd iri ölçülü bükümlərin içərisində tünd yaşıl rəngli qurudulmuş ot formasında narkotik vasitə marixuanaya oxşar maddə, 5 ədəd orta ölçülü bükümlərdə isə tünd qəhvəyi rəngli kristal formasında narkotik vasitə heroinə oxşar maddə vardır. Şahid6 sandıqda olan bükümlərdən xəbəri olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı həmin bükümləri və tərəzini sandığın içərisində qablaşdırmışdır. Təhqiqatçı axtarışın başa çatdığını elan etmişdir. İstintaq hərəkəti zamanı “Panasonic” markalı video kameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığı qeyd edilməklə, istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadlarının qarşısında müvafiq imzalar çəkilmişdir. (Cild 1, iş vərəqləri 59-60) - “Mənzildə axtarış və götürmə aparılması haqqında” 22 sentyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 17 dəqiqə 20 saniyə olan video yazıya həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 11 yanvar 2023-cü il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin yaşadığı mənzildə axtarış və götürmə zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Belə ki, baxış zamanı müəyyən edilmişdir ki, təhqiqat Şöbəsinin baş təhqiqatçısı Fərid Şirinov özünü təqdim edir və məlumat verir ki, 22 sentyabr 2022-ci il tarixdə, saat 23:00-da İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsn oğlunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA sosial evləri, bina 7, giriş 64, 2 saylı mənzildə axtarış və götürmə istintaq hərəkətinə başlayır. Təhqiqatçı axtarışda iştirak edən polis əməkdaşlarını, ekspert-kriminalisti təqdim edir. Axtarışa başlamazdan əvvəl videoçəkiliş aparıldığını elan edir. Daha sonra təhqiqatçı mənzilin qapısını döyür, qapını bir qadın açır. Təhqiqatçı həmin qadının şəxsiyyətini dəqiqləşdirərək onun Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid6 olmasını müəyyən edir və həmçinin mənzilin ünvanını dəqiqləşdirir. Təhqiqatçı Şahid6 məlumat verərək bildirir ki, qəbul edilmiş axtarış qərarına əsasən mənzildə axtarış aparılmalıdır. Şahid6 mənzildə axtarış aparılmasına etirazı olmadığını bildirir. Polis əməkdaşları mənzilə keçib bütün otaqlarda axtarış aparırlar, axtarış nəticəsində mənzilin yataq otağında olan tünd qırmızı rəngli sandığın içərisindən 5 ədəd iri ölçülü şəffaf sellofan büküm və 5 ədəd orta ölçülü şəffaf sellofan büküm və bir ədəd qara rəngli elektron tərəzi aşkar edilir. Baxış zamanı məlum olur ki, 5 ədəd iri ölçülü bükümlərin içərisində tünd yaşıl rəngli qurudulmuş ot formasında narkotik vasitə marixuanaya oxşar maddə, 5 ədəd orta ölçülü bükümlərdə isə tünd qəhvəyi rəngli kristal formasında narkotik vasitə heroinə oxşar maddə vardır. Şahid6 sandıqda olan bükümlərdən xəbəri olmadığını bildirir. Daha sonra təhqiqatçı həmin bükümləri və tərəzini sandığın içərisində qablaşdırır və qablaşdırmanın üzərinə iştirakçılar imza edirlər. Təhqiqatçı axtarışın başa çatdığını elan edir. (Cild 1, iş vərəqləri 61;188) - Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olmuş “Samsung A12” markalı mobil telefona “Baxış keçirilməsi haqqında” 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, “Samsung A12” markalı mobil telefon işlək vəziyyətdədir, üzərində 055 512 43 01 saylı mobil nömrə vardır və vatsap mobil tətbiqi də həmin nömrə ilə qeydiyyatdan keçmişdir. Mobil telefonun yaddaşında əksər yazılar fars dilində yazılmışdır. Tərcüməçinin verdiyi məlumata əsasən müəyyən edildi ki, telefonun yaddaşında +**********46 saylı nömrə fars dilində “Sahil” adı ilə qeyd edilmişdir. “Vatsap” mobil tətbiqi 22 sentyabr 2022-ci il tarixə kimi həmin nömrə ilə çoxsaylı zənglər qeydə alınmışdır, lakin mesaj müəyyən edilməmişdir. (Cild 1, iş vərəqi 189) - Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Binəqədi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ““Hossein” adlı İran İslam Respublikası vətəndaşının ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 22 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmiş və bu barədə müvafiq qərar qəbul edilmişdir. (Cild 1, iş vərəqi 99-101) - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/5457 saylı, 23 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Zərflər üçün №172” dairəvi möhür əksi olan bir ədəd qırmızı rəngli sandıq və bir ədəd kağız paketdə olan: üzərində “İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs yaşadığı...” sözləri, soyad və imzalar qeyd edilmiş qırmızı rəngli sandıqda 5 ədəd bağlamada 719,2 qram, 606,4 qram, 703,5 qram, 322,5 qram, 269,8 qram ümumi təmiz çəkisi 2621,4 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqdim edən şəxs İİR vətəndaşı Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bağlamada təmiz çəkisi 350,5 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 6 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroinin ümumi təmiz çəkisi – 2971,9 qram, tədqiqata sərf edildi – 0,3 qram, qalıq – 2971,6 qram. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. (Cild 1, iş vərəqi 71-76) - Məhkəmə-bioloji ekspertizasının 7/1082 saylı, 23 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı.......” yazılan sandıqda 5 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1500,0 qram, 1600,0 qram, 790,0 qram, 770,0 qram və 345,0 qram olmaqla, ümumi çəkisi 5005,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Təqdim edilmiş marixuanalar eyni tərkiblidir. Marixuananın ümumi çəkisi – 5005,0 qram, tədqiqata sərf edilən ümumi miqdar – 0,25 qram, qalıq – 5004,75 qram. Aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manatdır. (Cild 1, iş vərəqi 77-80) - Məhkəmə-narkoloji ekspertizasının 13 yanvar 2023-cü il tarixli, 154 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 219-220) - Ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 13 yanvar 2023-cü il tarixli, 47 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-in 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. (Cild 1, iş vərəqi 221-224) - “Maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi haqqında” 26 sentyabr 2022-ci il və “Sübutların qiymətləndirilməsi haqqında” 14 yanvar 2023-cü il tarixli qərarlara əsasən Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş cəmi 6 ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 350,5 qram, 719,2 qram, 606,4 qram, 703,5 qram, 322,5 qram, 269,8 qram ümumi təmiz çəkisi 2971,9 qram narkotik vasitə heroin, 5 ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1500,0 qram, 1600,0 qram, 790,0 qram, 770,0 qram və 345,0 qram, ümumi təmiz çəkisi 5005,0 qram narkotik vasitə qurudulmuş marixuana və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 2971,6 qram narkotik vasitə heroin, 5004,75 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 156- 158, 227-237) Həmçinin həmin qərara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, evində axtarış və götürmə istintaq hərəkətləri aparılarkən aparılmış videoçəkilişlərin 2 ədəd DVD diski və Təqsirləndirilən şəxs götürülmüş saxlanılarkən üzərində olan 055 512 43 01 saylı nömrə ilə işləyən “Samsung A12” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, disklərin cinayət işinə əlavə edilməsi nəzərə alınmış və mobil telefon saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 227-237) - “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” 15 yanvar 2023-cü il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin və onun əlbir olduğu naməlum şəxslərin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 258-262) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair 17 dekabr 2022-ci il tarixli tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 1, iş vərəqi 171-172) Məhkəmədə sənədlərin tədqiqi zamanı müdafiə tərəfi məhkəməyə vəsatətlə (Müdafiəçi bu barədə şifahi vəsatət vermiş, təqsirləndirilən şəxs həmin vəsatəti müdafiə etdiyini bildirərək bu barədə yazılı ərizə də təqdim etmişdir.) müraciət edərək 22 sentyabr 2022-ci il tarixli “Axtarış və götürmə aparılması haqqında” qərar əsasında Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA” sosial evləri, bina 7, giriş 64, mənzil 2-də Azərbaycan Respublikasının CPM-in 242-247-ci maddələrinin tələblərinə əsasən həyata keçirilmiş həmin tarixli “Mənzildə axtarış və götürmə aparılması haqqında” protokol və ona əlavə edilmiş diskin sübut qismində qəbul edildiyini bildirərək həmin halın ona ədalətli cəza təyin edilməsi zamanı nəzərə alınmasını xahiş etmişdir. Belə ki, cinayət işi materiallarından görünür ki, 23 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X12 tərəfindən fakta görə Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilib istintaqı aparılmışdır. Yuxarıda da göstərildiyi kimi, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Axtarış və götürmə aparılması haqqında” 22 sentyabr 2022-ci il tarixli protokoldan isə görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X10 və tərcüməçi X8 iştirakı ilə İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 23:00-dan 23:20-dək Bakı şəhəri, Binəqədi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA” sosial evləri, bina 7, giriş 64, mənzil 2də axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 207.4-cü maddəsinin tələbinə görə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinin tələbinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinin tələblərinə görə aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir:

1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda;

2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə;

3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə;

4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə;

5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə;

6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə;

7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda;

8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda;

9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda;

10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinin tələbinə görə cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Bu materialların sübut kimi qəbul edilməsi onun düzgünlüyünün mübahisə olunmasına mane olmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Axtarış və götürmə aparılması haqqında” 22 sentyabr 2022-ci il tarixli protokol, yəni qeyd edilən tarixdə, saat 23:00-dan 23:20-dək Bakı şəhəri, Binəqədi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA” sosial evləri, bina 7, giriş 64, mənzil 2-də axtarış və götürmə istintaq hərəkəti cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilsə də, müdafiə tərəfinin həmin istintaq hərəkətinin həyata keçirilməsi nəticəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş diskin sübut qismində qəbul edilməsinə dair vəsatətinə əsasən həmin protokol və ona əlavə edilmiş disk sübut qismində qiymətləndirilərək ittihamın sübuta yetirilməsində və ona cəza təyin edilməsində nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Həmin siyahının 12-ci bəndində isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 2971,9 qram, yəni külli miqdarda narkotik vasitə heroinin və 5005,0 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarlarının şəxsi istehlak miqdarından müvafiq olaraq təxminən 19812 və 1001 dəfə, külli miqdardan isə müvafiq olaraq təxminən 1485 və 10 dəfə artıq olması, eləcə də narkotik vasitələrin çoxsaylı bükümlərdə saxlanılması, habelə elektron tərəzinin olması onun məqsədinin məhz özünün də etiraf etdiyi kimi satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutmaqla, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 04 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarındakı müddəaları da nəzərə alır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs RAHMKODA oğlunun hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs RAHMKODA oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər

Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinin tələblərini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı səmimi etiraf ifadələri verməsi, törətdiyi əməldən səmimi peşmanlıq çəkməsi, onun şəxsiyyəti, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaması və birgə nikahda olduğu arvadı Şahid6 iki azyaşlı uşağına faktiki atalıq-valideynlik etməklə onların maddi tələbatını ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 24 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 41, 134-138, 302-306) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə şamil edilmir. İş materiallarına əlavə edilməklə məhkəmədə tədqiq edilmiş AZ-İİ 322347 nömrəli nikah haqqında şəhadətnamənin və AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 6 aprel 2019-cu ildə İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə Azərbaycan Respublikası vətəndaşı Şahid6 nikahı 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində 696 nömrə altında qeydə alınmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növünün tətbiq edilməməsini mümkün sayır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: tədqiqatlardan sonra qalıq çəkisi 2971,6 qram olan narkotik vasitə heroin və 5004,75 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, “Samsung A12” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, 1 (bir) ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalı, iş materiallarında olan 2 (iki) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 153 (bir yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessula Məcəlləsinin 26.3-cü maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsində saxlanılan: 2971,6 qram narkotik vasitə heroin və 5004,75 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, “Samsung A12” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 1 (bir) ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın, 2 (iki) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 153 (bir yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vüqar Quliyev Hakimlər: Rahib Salmanov

Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar