Məhkəmə qərarları › İş №1(101)-834/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-834/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-834/2025 23.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, “FEMİDA” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1994-cü ildə Masallı rayonunda doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Tərtər Hərbi Məhkəməsinin 06 fevral 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkildiyi dövrdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərarı ilə barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək cəzası 9 ilə endirilmiş, 28 avqust 2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı rayonu, Öncəqala kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 15 sentyabr 2024-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzası 9 ilə endirilməsinə və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Niyam” ləqəbli şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Niyam” ləqəbli şəxsin və qeyrilərinin sifarişi, daha sonra isə gələcəkdə “müştərilərə” çatdırılması üçün hər kiloqram kütləyə görə 300 (üç yüz) manat pul təklifi müqabilində İran İslam Respublikasının vətəndaşı “Niyam” ləqəbli şəxsin naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan külli miqdarda - 2 kq 60 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, xüsusilə külli miqdarda - 1 kq 980 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda - 4 kq 295 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda - əsas təsiredici maddəsi 60 qram olan 1500 ədəd narkotik vasitə metadon həblərini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddəiər”-in İ siyahısına daxil olan xüsusilə külli miqdarda - 2 kq 990 qram çəkidə psixotrop maddə metamfetamini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxil olan xüsusilə külli miqdarda - 990 qram çəkidə psixotrop maddə dekstrometorfanı həmin yerdən qanunsuz olaraq əldə edib ünvan 2 ünvanının yaxınlığınadək etibarnamə ilə idarə etdiyi “Kia Rio” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa yük hissəsində daşıyaraq orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 14 sentyabr 2024-cü il tarixdə saat 22:07-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq həmin tarixdə saat 22:11-dən etibarən yerindəcə üzərinin yoxlanılması və avtomobilinə baxış keçirilməsi zamanı avtomobilin arxa yük hissəsindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd karton qutunun içərisindən 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1050,0 qram və 1010,0 qram olmaqla eyni tərkibli ümumi təmiz çəkisi 2 kq 60 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 990 qram və 990 qram olmaqla eyni tərkibli ümumi təmiz çəkisi 1 kq 980 qram olan xüsusilə külli miqdarda narkotik vasitə heroin, 4 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1060 qram, 1100 qram, 1045 qram, 1090 qram olmaqla eyni tərkibli ümumi təmiz çəkisi 4 kq 295 qram olan külli miqdarda narkotik vasitə tiryək, 3 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1000 qram, 990 qram olmaqla eyni tərkibli ümumi təmiz çəkisi 2 kq 990 qram olan xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin, 150 ədəd blisterdə 1500 ədəd əsas təsiredici maddəsinin ümumi miqdarı 60 qram olan “F/M 40” göstəricili külli miqdarda narkotik vasitə metadon həbləri və 1 ədəd bükümdə ümumi təmiz çəkisi 990 qram olan qarışıq tərkibli xüsusilə külli miqdarda psixotrop maddə dekstrometorfan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, üzərindən aşkar olunmuş həmin narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu, verilmiş ittihamda onların növlərinin və çəkisinin düzgün qeyd edildiyini bildirdi. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs narkotikləri bir yerdən götürüb ona deyilən digər yerlərə qoyduğunu, bu işlərin görülməsi müqabilində iranlının ona narkotikin hər kiloqramına görə 300 manat pul verəcəyini bildirdiyini, əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər Tərtər Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2021-ci ilin avqust ayında cəzasının sonu ilə azadlığa çıxmışdır. Təqsirləndirilən şəxs ifadəsində ittihamın mahiyyəti üzrə bildirmişdir ki, 14 sentyabr 2024-cü il tarixdə saat 22:07 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “Kia Rio” markalı **-CC-*** nömrəli avtomobilin yanında olan zaman 3 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Daha sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd Samsung markalı üzərində 051 ***-**-** nömrəsi olan mobil telefonu, həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd avtomobil açarını təqdim etmişdir. Sonra üstü yoxlanılmış, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. 1 ədəd mobil telefon götürülmüş və digər əşya isə özünə geri qaytarılmışdır. Daha sonra idarə etdiyi “Kia Rio” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı o, avtomobilin yük hissəsindən 1 (bir) ədəd karton qutunu təqdim etmişdir. Həmin qutunun içərisindən 2 (iki) ədəd bağlamada heroin, 1 ədəd bağlamada psixotrop maddə dekstormetorfan, 3 (üç) ədəd bağlamada metamfetamin, 4 (dörd) ədəd bağlamada tiryək, 2 (iki) ədəd bağlamada qurudulmuş marixuana və 1500 (min beş yüz) ədəd metadon həbləri aşkar edilmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 2 (iki) kq 173 (yüz yetmiş üç) qram, metamfetaminin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 2 (iki) kq 994 (doqquz yüz doxsan dörd) qram, tiryəkin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 4 (dörd) kq 311 (üç yüz on bir) qram və heroinin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 2 (iki) kq 991 (doqquz yüz doxsan bir) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, onun və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. Ona verilən suallara cavab olaraq avtomobildən aşkar olumuş kütlələri İran İR-nın vətəndaşı “Niyam” adlı şəxsin vasitəsi ilə təxminən 2-3 gün əvvəl Maştağa qəsəbəsi ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, hər 1 (bir) kiloqram kütləyə görə “Niyam” adlı şəxsin ona 300 (üç yüz) manat pul verəcəyini bildirmişdir. Daha sonra polis əməkdaşları onu BNMİ-yə aparmışlar. Orada avtomobilindən aşkar edilmiş kütlələrə yenidən baxış keçirilmiş və elektron tərəzidə çəkilmişdir. O, bir daha sorğu zamanı avtomobilə baxış keçirilərkən verdiyi cavablan təsdiq etmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunmuş və müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq, polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla bağlı adı çəkilən şəxsin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar çıxarılmış, əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdə ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “Kia Rio” markalı avtomobilin yanında saxlanılmışdır. Onun üzərinə və həmçinin idarə etdiyi “Kia Rio” markalı avtomobilinə həmin yerdə yoxlanış keçirilmiş, üzərindən 1 ədəd mobil telefon və avtomobil açarı aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi "Kia Rio” markalı avtomobilə baxış keçirilmiş, bu zaman şübhəli şəxs avtomobilin yük hissəsindən 1 ədəd karton qutunu təqdim etmişdir. Həmin qutunun içərisindən 2 ədəd bağlamada narkotik vasitə heroinə bənzər kütlələr, 1 ədəd bağlamada psixotrop maddə dekstormetorfana bənzər kütlələr, 3 ədəd bağlamada ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr, 4 ədəd bağlamada narkotik vasitə tiryəkə bənzər kütlələr, 2 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və 1500 ədəd narkotik vasitə metadon həblərinə bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumi çəkisi 2 kq 173 qram, metamfetaminə bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumi çəkisi 2 kq 994 qram, tiryəkə bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumi çəkisi 4 kq 311 qram və heroinə bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumi çəkisi 2 kq 991 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq avtomobildən aşkar olumuş kütlələri İran vətəndaşı “Niyam” adlı şəxsin vasitəsi ilə 2-3 gün əvvəl Maştağa qəsəbəsi ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, hər kiloqramına görə “Niyam” adlı şəxsin ona 300 manat pul verəcəyini bildirmişdir. Şəxsin üstünün yoxlanılması və avtomobilə baxış zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı X3 tərəfindən videoçəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şəraitin olmaması səbəbindən Baş idarənin inzibati binasına gəlmişlər. Orada protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxsə qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər olunmamışdır. Məhkəmə iclasında iş üzrə şahidlər - Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları X2 və X4 ibtidai istintaq zamanı verdikləri ifadələri elan və tədqiq olunarkən, adları çəkilən şəxslərin də 14 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, idarə etdiyi avtomaşına baxış keçirilərkən külli və xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilərək götürülməsi prosesində əməliyyat qrupunun üzvləri kimi iştirak etdikləri, həmkarları Şahid ifadəsi ilə oxşar məzmunlu ifadələr verdikləri müəyyən olundu (cild 1, iş vərəqi 158-160, 161-163). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilinə baxış keçirilməsinə dair 14 sentyabr 2024cü il tarixli protokola əsasən, külli miqdarda narkotik maddə gizlətməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:07 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “Kia Rio” markalı **-CC-*** nömrəli avtomobilin yanında saxlanılmış, onun üstünə və idarə etdiyi avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd Samsung markalı üzərində 051 ***-**-** nömrəsi olan mobil telefonu, həmin şalvarın sol yan cibindən 1 ədəd avtomobil açarını təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. 1 ədəd mobil telefon sonuncudan götürülmüş və digər əşya isə özünə qaytarılmışdır. Daha sonra şəxsin idarə etdiyi “Kia Rio” markalı 77-CC- 897 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin yük hissəsindən 1 ədəd karton qutunu təqdim etmiş, həmin qutunun içərisindən 2 ədəd bağlamada açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr, 1 ədəd bağlamada psixotrop maddə dekstormetorfana bənzər kütlə, 3 ədəd bağlamada ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr, 4 ədəd bağlamada tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər kütlələr, 2 ədəd bağlamada açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və 1500 ədəd narkotik vasitə metadon həblərinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq avtomobildən aşkar olumuş kütlələri İran vətəndaşı “Niyam” adlı şəxsin vasitəsi ilə 2-3 gün əvvəl Maştağa qəsəbəsi ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, hər kiloqramına görə “Niyam” adlı şəxsin ona 300 manat pul verəcəyini bildirmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilinə baxış keçirilməsinə 14 sentyabr 2024-cü il tarixdə saat 22:11 dəqiqədə başlanılmış, həmin tarixdə də saat 22:50 dəqiqədə bitmişdir (cild 1, iş vərəqi 10-12). Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilinə baxış keçirilməsi videoçəkilişlə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 13). Məhkəmə-bioloji ekspertizasının 15 sentyabr 2024-cü il tarixli 3-16-16/2-7/1536 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 1050,0 qram və 1010,0 qram, ümumi çəkisi 2060,0 qram olan bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi - 2060,0 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram (hər obyektdən 0,05 qram), qalıq - 2059,9 qramdır (cild 1, iş vərəqi 41-44). Məhkəmə-kimyəvi ekspertizasının 15 sentyabr 2024-cü il tarixli 3-16-16/2-6/4576 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş, üzərində “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs (imza)...” sözləri, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7” dairəvi möhür əksləri, imzalar olan bir ədəd karton qutudakı iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 990 qr., 990 qr., ümumi çəkisi 1980 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1060 qr., 1100 qr., 1045 q r. , 1090 q r. , ümumi təmiz çəkisi 4295 qram olan tünd-qəhvəyi rəngli qətrana bənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qr., 1 0 0 0 q r . v ə 990 qr. , ümumi təmiz çəkisi 2990 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, 150 ədəd üzərində “Methadone 40” göstəriciləri olan blisterdə 1500 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 60 qram təşkil edir. Bir ədəd bükümdə təmiz çəkisi 990 qram olan qəhvəyi rəngli maddənin tərkibi kofein, dekstormetorfan və noskopindən ibarətdir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 1980 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq – 1979 qramdır. Metamfetaminin ümumi təmiz çəkisi - 2990 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq – 2989,9 qramdır. Tiryəkin ümumi təmiz çəkisi - 4295 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq - 4294,9 qram. Metadon həblərinin ümumi sayı - 1500 ədəd həb, tədqiqata sərf edildi - 2 ədəd həb, qalıq - 1498 ədəd həb. Qarışıq tərkibli kütlənin təmiz çəkisi - 990 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq – 989,9 qramdır (cild 1, iş vərəqi 46-55). Məhkəmə-narkoloji ekspertizasının 30 sentyabr 2024-cü il tarixli 6564 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Eləcə də, rəyin təsviri hissəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqi zamanı 2021-ci ildən, arabir düşəndə narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istıifadə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 164- 165). İbtidai istintaq orqanının 17 sentyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük hissəsindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2059,9 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1979,9 qr narkotik vasitə heroin, 4294,9 qram olan narkotik vasitə tiryək, 1498 narkotik vasitə metadon həbləri, 2989,9 qram olan psixotrop maddə metamfetamin, 989,9 qram olan qarışıq tərkibli, tərkibində psixotrop maddə dekstormetorfan olan kütlə iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 116-117). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş xüsusilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə verilmiş əməliyyat tapşırığının cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs “Niyam” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olmasına, həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri “Niyam” adlı İran vətəndaşından satış məqsədi ilə əldə etməsinə dair əlavə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 167). Cinayət işində olan 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş və iş üzrə əhəmiyyətli halların müəyyən edilmişdir. Belə ki, baxış zamanı mobil telefonun «Qalereya” bölməsindən iş üzrə əhəmiyyət kəsb edə biləcək 10 ədəd fotogörüntülər aşkar edilmişdir. 4 ədəd fotoda müxtəlif yerlərin görüntüsü olması və bu yerlərin ox işarəsi ilə göstərilməsi görünür. Digər 2 ədəd fotoda “Niyam" adlı şəxsin +98 937 *** **** saylı İran İslam Respublikasına aid mobil nömrəsi olması, 4 ədəd fotoşəkildə isə iş üzrə çıxarılmış fotoların təfərrüatları (hansı tarixdə çəklib və s. məlumatlar) göstərilmişdir. Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefonun sübut növü kimi tanınaraq saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil veriləcəyi nəzərə alınmışdır (cild 1, iş vərəqi 106-109). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edilən cəzanın çəkildiyi dövrdə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu tətbiq edilərək cəzası 9 ilə endirilmiş, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 126-127). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirdi və öz müdafiəsi üçün dəlillər gətirmədi. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edilən cəzanın çəkildiyi dövrdə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2017ci il tarixli Azərbaycan Respublikasının Qanunu tətbiq edilərək cəzası 9 ilə endirilmiş, xx.xx.2021-ci il tarixdə o, cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinin tələbinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.3.3-cü maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Həmin Məcəllənin 18.5-ci maddəsinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və cəzanın sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən xüsusilə ağır cinayət törətmişdir. Bu hal onun əməlində cinayətlərin xüsusi təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələbinə görə, cinayətlərin xüsusi təhlükəli residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri xüsusi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 14 sentyabr 2024-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 30 sentyabr 2024-cü il tarixli 6564 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlanma yerinə təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük hissəsindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2059,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1979,9 qram çəkidə narkotik vasitə heroin, 4294,9 qram çəkidə narkotik vasitə tiryək, 1498 ədəd narkotik vasitə metadon həbləri, 2989,9 qram çəkidə psixotrop maddə metamfetamin və 989,9 qram çəkidə tərkibində psixotrop maddə dekstormetorfan kütləsinin olduğu qarışıq tərkibli maddə məhv edilməli; - bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı; - Təqsirləndirilən şəxs üstünün yoxlanılması və avtomobilə baxış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu bir ədəd DVD disk, təqdim olunan əşyaya baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu bir ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları 153 (yüz əlli üç) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 153 (yüz əlli üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük hissəsindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2059,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1979,9 qram çəkidə narkotik vasitə heroin, 4294,9 qram çəkidə narkotik vasitə tiryək, 1498 ədəd narkotik vasitə metadon həbləri, 2989,9 qram çəkidə psixotrop maddə metamfetamin və 989,9 qram çəkidə tərkibində psixotrop maddə dekstormetorfan kütləsinin olduğu qarışıq tərkibli maddə məhv edilsin; - bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üstünün yoxlanılması və avtomobilə baxış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk, təqdim olunan əşyaya baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 153 (yüz əlli üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar