Məhkəmə qərarları › İş №1(101)-835/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-835/2024

06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-835/2024 06.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1989-cu ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 “Şahin” uşaq düşərgəsinə məxsus yataqxanada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 6 aprel 2024-cü il tarixdə, saat 14:40-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 22,642 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında, 21 may 2023-cü il tarixdə, saat 18:10 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Koroğlu metrostansiyasının Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 117 ünvanında yerləşən “Atletlər kəndi” istiqamətində olan çıxışının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin inzibati binasına gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 22,642 qram olan ağ rəngli kristallik formalı kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli hesab etməyərək ifadəsində göstərdi ki, o, əvvəllər Gəncə şəhərində mağazada işləmiş, arada narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş və saxlanılmamışdan təxminən 2- 3 ay əvvəl günəmuzd fəhlə işləmək üçün Bakı şəhərinə gəlmişdir. 21 may 2023-cü il tarixdə Koroğlu metrostansiyasının yaxınlığında qohumu Şahid3la birgə piyada hərəkətdə olarkən 6 nəfər polis əməkdaşı onlara yaxınlaşaraq polis bölməsinə getməli olduğunu bildirmiş, o da polislərə etiraz etməyərək əvvəlcə sonuncularla birgə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə (bundan sonra mətndə - Nizami RPİ-nin 23-cü PB), daha sonra isə Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. O, polis əməkdaşlarından nədə təqsirləndirildiyini soruşduqda sonuncular cavab olaraq ona fiziki təzyiq göstərərək döymüş və ondan Elmir adlı şəxsi tanıyıb-tanımadığını soruşmuşlar. O, Elmir adlı şəxsin Gəncə şəhərində marketdə işləyərkən onun müdiri olduğunu, Elmirlə başqa əlaqəsinin olmadığını bildirmişdir. Polis əməkdaşları əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edildiyi üçün həmin məhkumluğunun onun vəziyyətini ağrılaşdırdığını deyərək üzərinə iki kiloqram narkotik vasitə və tərəzi qoyaraq həmin predmetlərin özünə məxsus olmasını etiraf etməsini tələb etmişlər. O, üzərinə qoyulan çəkidə narkotik vasitəni qəbul etmədikdə polis əməkdaşları onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini bildirmişlər. Bu səbəbdən polis əməkdaşları ilə razılaşmış, ona üzərinə qoyması üçün psixotrop maddə metamfetamin verdikdən sonra bu barədə sənədləşdirmə aparılmış, sonradan müstəntiq onu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə sənədləşdirəcəyini və həmin maddə ilə onu 3 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə növündə cəza gözlədiyini demişdir.

3. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, polislər ondan Elmirin kim olduğunu soruşmuş, o, Elmirin Gəncə şəhərində işlədiyi köşkün müdiri olduğunu və sonuncunun qeyri-qanuni işlərlə məşğul olmasını görmədiyini bildirmişlər. Ondan aşkar edilmiş psixotrop maddə metamfetamin onun üzərinə polislər tərəfindən qoyulmuş, həmin polis əməkdaşlarından birinin adı Xanlar olmuşdur. Daha əvvəl məhkumluğu olsa da, saxlanılarkən üzərində hər hansı psixotrop maddə və ya narkotik vasitə olmamış, özü əvvəllər narkotik vasitə marixuanadan istifadə etmiş, sonuncu dəfə saxlanılmamışdan əvvəl 1-2 dəfə narkotik vasitə marixuana qəbul etmiş, qəbul etdiyi marixuananı pulsuz olaraq əldə etmiş, Gəncə şəhərində köşk işlətmiş, narkotik vasitənin satışı ilə məşğul olmamış, 050 331 39 89 mobil telefon nömrəsini işlətmiş və həmin mobil telefon nömrəsi ilə narkotik vasitələr və ya psixotrop maddələrin alış-satışına dair kiminləsə mesajlaşmamış, istintaq zamanı onun mobil telefonundan aşkar edilmiş mesajlar ona göstərilsə də, həmin mesajları yazmasını xatırlamır. O, ümumiyyətlə psixotrop maddə metamfetamin istifadə etməmişdir. Polislərlə razılaşmasına səbəb ona fiziki təzyiqlər edilməsi və onun aldadılaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini demələri olmuşdur. İbtidai araşdırmanın ilkin mərhələsində polis əməkdaşlarına inandığından və təqdim edilmiş sənədləri oxumadığından həmin sənədləri imzalamış, sonradan müstəntiq tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əsassız olaraq ittiham elan edildiyi üçün etiraz olaraq təqdim edilmiş sənədləri imzalamaqdan imtina etmişdir. İfadəsinin sonunda nikahını rəsmi qeydə aldırmasa da, faktiki nikahda olduğunu, himayəsində bir azyaşlı qız uşağının və yaşlı, xəstə anasının olduğunu, ailədə yeganə gəlir gətirən şəxsin özünün olduğunu bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi 21 may 2022-ci il tarixli izahat, 22 may 2022-ci il tarixli şübhəli şəxs qismində və 23 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin izahat və ifadələrdə göstərmişdir ki, o, Bakı şəhərində günəmuzd fəhlə işlədiyindən əmisigilin evində müvəqqəti yaşamışdır. Əvvəllər məhkum olunmuş, hərbi xidmətdə olmuş və heç bir psixi xəstəliyi olmamışdır. 18 may 2023-cü il tarixdə, səhər saatlarında Xəzər rayonu ərazisində dəqiq xatırlamadığı yerdən tapdığı bükümü açıb baxanda içərisində psixotrop maddə hesab edilən metamfetamin olduğunu görmüş və sonradan istifadə etməsi uçün üzərində saxlamışdır. Həmin bükümdəkı maddədən istifadə etmədən üzərində saxlamış və bu barədə heç kimə bildirməmişdir. 21 may 2023-cu il tarixdə, saat 18:10-da Nizami rayonu ərazisində Koroğlu metrostansiyasının “Atletlər kəndinə” tərəf olan çıxışında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra narkotik vasitələri üzərində gəzdirməkdə şübhəli olduğu üçün onu Nizami RPİ-nin 23-cü PB-yə gətirmişlər. Həmin vaxt əmisi oğlu Şahid3 onunla birlikdə olsa da, üzərində narkotik vasitə olmasından sonucunun heç bir məlumatı olmamışdır. Bölmədə xidməti otaqda hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə dövlət hesabına müdafiəçi ona təqdim edilmiş və təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçının təklifi ilə o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd metamfetamin bükümünü və üzərində ***-***-**-** nömrəsi olan bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu etiraf etmiş, nə vaxt və haradan tapdığı barədə məlumat vermişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitənin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini tapandan sonra öz şəxsi istifadəsi üçün saxlamışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 35-36; 51-52; 63-64;).

5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

7. Məhkəmədə şahid qismində dindirilmiş hazırda Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı vəzifəsində işləyən, polis polkovnikleytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, əvvəllər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə - BNMİ) baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 21 may 2023-cü il tarixdə BNMİ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat idarə rəhbərliyinə məruzə edilərək əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin dövrdə idarənin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş tədbirlər nəticəsində həmin gün, saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının “Atletlər kəndinə” tərəf çıxışının yaxınlığında əvvəlcədən fiziki əlamətləri və zahiri görkəmi onlara məlum olan Təqsirləndirilən şəxs piyada hərəkət edərkən saxlamışlar. Təqsirləndirilən şəxs saxlayarkən onun yanında qohumu Cavid adlı şəxs də olmuşdur. Təqsirləndirilən şəxs özlərini təqdim edərək polis əməkdaşı olduqlarını və onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Mövcud əməliyyat şəraiti və təhlükəsizlik tədbirləri nəzərə alınmaqla hər iki şəxs Nizami RPİ-nin 23-cü PB-yə getməli olduqlarını bildirdikdə, onlar da etiraz etmədən PB-yə getmişlər. Polis bölməsində BNMİ-nin təhqiqatçısı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilərək vəkil dəvət edilmiş, vəkil gəldikdən sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edildikdə o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü və şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üstünə qoymuşdur. Təhqiqatçı tərəfindən büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Bükümdən aşkar edilən kütlənin nə olduğunu soruşanda Təqsirləndirilən şəxs həmin kütləni üç gün əvvəl Xəzər rayonu ərazisindən taparaq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra aşkar edilən kütlələr zərfə qoyulub möhürlənmiş və şəxsi axtarışla bağlı protokol tərtib edilmişdir. Bütün iştirakçılar zərfin üzərini və protokolu imzalamışlar.

8. Şahid2 verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, saxlanılarkən və polis bölməsində olarkən Təqsirləndirilən şəxs nə o, nə də hər hansı polis əməkdaşları tərəfindən təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddələrə dair heç bir etiraz və iradını bildirməmişdir. Təqsirləndirilən şəxs Elmir adlı şəxslə bağlı hər hansı sorğu-sual aparılmamış, birincinin yanında olduğu üçün onunla birgə PB-yə gətirilən Cavid adlı şəxslə təhqiqatçı tərəfindən prosessual hərəkətlər aparıldıqdan sonra o, sərbəst buraxılmışdır.

9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid2la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, əvvəllər BNMİ-də baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmətdə olmuş, sonradan öz ərizəsi ilə polis orqanlarından xaric olunmuşdur. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri üzrə yaradılmış əməliyyat qrupuna özü rəhbərlik etmiş, Şahid2 isə əməliyyat qrupunun üzvü kimi qrupa daxil edilmiş, Təqsirləndirilən şəxs barəsində daxil olan əməliyyat məlumatının məzmunu isə sonuncunun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasından ibarət olmuş, saxlanılarkən və sonradan ona qarşı hər hansı fiziki və ya psixi təzyiq və təsirlər göstərilməmiş, pis rəftara məruz qalmamışdır.

10. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla qohumluq münasibəti vardır. Belə ki, Urşan atasının əmisi nəvəsidir. Urşan onunla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində kirayədə qalmışdır. O, Urşanla birlikdə sonuncu tutulmazdan bir ay əvvəldən fəhlə işləmişdir. 21 may 2023-cü il tarixdə, axşam saatlarında iş yerindən avans almağa gedərkən Koroğlu metrostansiyası yaxınlığında polislər onları saxlamışlar. Polislər Təqsirləndirilən şəxs Elmir adlı şəxsin kim olduğunu soruşmuş, daha sonra avtomobillə polis bölməsinə aparmışlar. Avtomobildə Urşana verəcəkləri narkotik vasitəni boynuna götürməsini tələb etmişlər. Polis bölməsində onları müxtəlif otaqlara aparmışlar. Təqsirləndirilən şəxs olduğu otaqda döymüşlər. Belə ki, Urşanın üzərinə polislər tərəfindən narkotik qoyulmasının şahidi olmamış, lakin Urşanın polis əməkdaşları tərəfindən hədələndiyini eşitmişdir. Urşanın şalvarının cibində narkotik vasitə olmamış, polis əməkdaşları ona zor tətbiq edərək döymüşlər. Belə ki, koridorda gözləyərkən Urşanın otaqdan çıxarkən ağladığını görüb onun döyülməsini başa düşmüş, Təqsirləndirilən şəxs onun yanında döyülməmiş, habelə ona döyülməsini və üzərinə narkotik vasitə qoyulması barədə heç nə deməmiş, lakin o, koridorda Urşanın olduğu otağın qarşısında dayandığından həmin otaqdan gələn səsləri eşitmiş və Urşana təzyiq edildiyini başa düşmüşdür. Urşan ağlayaraq otaqdan çıxmış, ona bank kartı verərək anasına verməsini bildirmişdir. Urşanın narkotik vasitə və ya psixotrop maddə istifadə etməsini görməmiş, bu barədə hər hansı məlumatı olmamışdır. Özü də narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Polislər ona hədə-qorxu gəldiklərindən bu barədə heç kimə deməmiş, sonradan Urşanın anası ilə əlaqə saxlayaraq ifadə vermək üçün məhkəməyə gəlmişdir.

11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

12. “Cinayət işi başlama və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2023-cü il tarixdə, saat 18:10 radələrində BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 22,642 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi faktına görə Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnikleytenantı X5 tərəfindən 22 may 2023-cü il tarixdə, saat 17:10-da Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

13. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 21 may 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən ünvan 2 “Şahin” uşaq düşərgəsinə məxsus yataqxanada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin İdarənin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v.4-11).

14. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli qərarından görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə” dair 21 may 2023-cü il tarixli qərar və təqdim edilmiş materialların qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılaraq həmin qərar qanuna uyğun hesab edilmişdir (Cild 1, i.v. 100-102).

15. “Şübhəli şəxsin tutulması haqqında” 21 may 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:00-da BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X7 tərəfindən müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 38 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 21 noyabr 2022-ci il tarixdə, saat 18:10-dan tutulmuş hesab edilmişdir(Cild 1, i.v.22-23).

16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 may 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 19:25-dən 19:32-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X7 tərəfindən həmin İdarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 iştirakı ilə Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, bir ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung" markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim edilmiş sellofan büküm təhqiqatçı tərəfindən açdıqda onun içərisində psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristal şəkilli kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğuya cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütləni Bakı şəhəri, Xəzər rayonu ərazisindən üç gün əvvəl tapdığını, istifadə etmək məqsədi ilə üzərində saxladığını, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Nizami RPİ-nin 23-cü PB-də yerləşən xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokameradan istifadə edilməklə BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 tərəfindən aparılmış videoçəkilişin 1 (bir) ədəd DVD diskə köçürülərək protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Bu barədə həmin tarixdə, saat 19:40-dan 20:10-dək protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 32-35).

17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 noyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq bir ədəd müddəti 6 dəqiqə 40 saniyə olan həmin videogörüntülərin əks olunduğu diskə müstəntiq Ə.A.Səlimov tərəfindən “Baxış keçirilməsinə dair” 23 may 2023-cü il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməklə fəal olması müəyyən edilmiş, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması isə müəyyən edilməmişdir (Cild 1, i.v. 35; 54;).

18. Məhkəmə-kimyəvi ekspertizasının 6/2941 saylı, 22 may 2023-cü tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçun №7” dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş bır ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 22,642 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi - 22,642 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 22,592 qram. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır (Cild 1, i.v. 43-47;).

19. “Mobil telefona baxış keçirilməsi haqqında” 22 may 2023-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik leytenantı X5 tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefonuna baxış keçirilmişdir. Baxış zamanı üzərində ***-***-**-** nömrə olan “Samsung” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir (Cild 1.v. 53).

20. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 23 may 20232-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və müdafiəçisinin iştirakı ilə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 56-62;).

21. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 4(007)- 242/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 21 may 2023cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmiş, məhkəmə iclasında iştirak edən müdafiəçi onun barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir (Cild 1, i.v.72-74;).

22. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 5 iyun 2023-cü il tarixli cavabından və iş materiallarına əlavə edilmiş müvafiq hökm və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 16 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin 14 iyun 2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2(iki) ay 10 (on) gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli, 1(101)-295/2015 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 234.1 və 326.1-ci maddələri ilə təqsirli bilinməklə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 6 (altı) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7 mart 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məcəlləsinin 16 yanvar 2015-ci il tarixli, 1(101)-295/2015 saylı hökmü ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə cəza təyin edilməsinə dair müddəlar həmin Məcəllənin 66.2-ci maddəsi ilə dəyişdirilmiş, 18 mart 2021-ci il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad edilmişdir (Cild 1, i.v. 77-78; 107-123).

23. Əməliyyat tapşırığına Nizami RPİ-nin 23-cü PB-nin 22 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəyinin, eləcə də onun psixotrop maddə və narkotik vasitə satışı ilə məşğul olub-olmamasının, habelə satdığı şəxslərin müəyyən edilməsi məqsədilə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə edilməmişdir (Cild 1, i.v.75-76, 95).

24. “Sənədə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC mobil telefon operatorundan daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 1 dekabr 2022-ci il tarixdən 22 may 2023-cü il tarixədək daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısının, mesajların məzmununun, anten məlumatlarının və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsindən digər şəxsə yazdığı jarqon ifadələrdən istifadə etməklə narkotik vasitə dövriyyəsi ilə məşğul olmasını təsdiq edən aşağıdakı mesaj aşkar edilmişdir: “xx/xx/2022,18:28:56,**********89,**********49, Sen kohne xesyetini deyişmədin de wey yim varydi dedim seni da hallandirim biraz gezek derdlewek coxdandı goruwmuruk neyse sagol.” Baxış zamanı "xxxx" MMC-dən daxil olmuş məlumatlarda iş üçün əhəmiyyət kəsb edən başqa xüsusatlar aşkar edilməmişdir (Cild 1, i.v. 96-98).

25. “Ambulator komisyon məhkəmə-narkoloji ekspertizasının” 12 avqust 2023-cü il tarixli, 5165 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v.124-125).

26. “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması barədə” 11 sentyabr 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd “DVD” disk və "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs mobil telefon danışıqları barədə məlumatları özündə əks etdirən bir ədəd "CD” disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin qərarla həmçinin aşkar olunaraq götürülmüş 1 (bir) ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılması qərara alınmış, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş və aparılmış tədqiqatın nəticəsində qalıq qalmış 22,592 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla saxlanılması üçün Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (Cild 1, i.v. 131- 138;159;).

27. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və müdafiəçisinin iştirakı ilə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 142-146).

28. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə dindirmə zamanı, Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ifadə verməkdən və protokolu imza etməkdən imtina etmişdir. Həmin protokola müdafiəçi əlyazma ilə Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bildiyini, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilmədiyini bildirərək, yəni ittihamla razı olmadığı üçün ifadə verməkdən və protokolu imzalamaqdan imtina etməsinə dair qeyd aparılmışdır (Cild 1, i.v. 149;).

29. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.153-154;).

30. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Ə.A.Səlimov tərəfindən 18 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 20 sentyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.160-167;).

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 17 noyabr 2023-cü il tarixli və 24 fevral 2024-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş tibb kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə həmin təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə aldığını bildirsə də, bədən səthinin müayinəsi zamanı hər hansı xəsarət izi aşkar edilməmişdir(Cild 2).

32. “Gəncə şəhər Birləşmiş Xəstəxana” Publik Hüquqi şəxsin Abbas Səhhət adına xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş 4 aprel 2024-cü il tarixli, 38 nömrəli arayışdan görünür ki, X8 21 noyabr 2019-cu il tarixdən “Şəkərli diabet orta ağırlıqda tip 2 insulinə ehtiyacı olan” diaqonozu ilə dispanser qeydiyyatda durur və mütəmadi olaraq poliknika tərəfindən şəkərsalıcı dərman preparatları ilə təmin olunur (Cild 2).

33. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24 avqust 2013-cü ildə doğulmuş Nilay Əzizova adlı bir azyaşlı uşağı vardır. Eyni zamanda 1964-cü il təvəllüdlül X2 Əzizovun anasıdır(Cild 2;)

Əməlin tövsifi və digər hüquqi məsələlər:

34. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

35. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

37. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

38. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

39. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

40. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

41. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 22,642 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından təxminən 150 dəfədən, külli miqdarından isə təxminən 11 dəfədən artıq olması, habelə istifadəsində olan mobil telefon nömrəsinə daxil olmuş və çıxmış narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışına dair sms-mesaj və digər yazışmalarının olması, eləcə də, hökmün 25-ci bəndində qeyd edilmiş ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu - narkomaniya xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, ondan aşkar edilərək götürülmüş kütlənin külli miqdarda psixotrop maddə metamfetamin olması və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

42. Məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmaması, saxlanılarkən üzərində ittihamda göstərilən psixotrop maddə metamfetaminin olmaması, əvvəlcə polislərin onun psixotrop maddə istifadəçisi kimi sənədləşdirəcəklərini bildirərək aldatdıqlarından ilkin ibtidai araşdırma zamanı ona təqdim edilmiş sənədləri imzalaması və onların bildirdikləri kimi video çəkiliş zamanı deməsi, lakin sonradan külli miqdarda psixotrop maddələrin satışında ittiham olunduğunu bildikdə etiraz edərək hər hansı sənədi imzalamaqdan imtina etməsi, polis əməkdaşları tərəfindən döyülərək üzərinə külli miqdarda psixotrop maddələrin qoyulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

43. Belə ki, Təqsirləndirilən şəxs guya ibtidai araşdırma zamanı onun aldadılaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyət cəlb olunacağı bildirildiyindən ilkin tərtib olunmuş sənədləri imzalamasını qeyd etməsinə baxmayaraq, onun məhz ibtidai araşdırmanın ilkin mərhələsində həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmasına dair protokol tərtib edilməsi, həmin protokolu müdafiəçisinin iştirakı ilə tanış olaraq imzalaması, habelə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin özünə məxsus olmasını bildirərək bu barədə verilmiş suallara ətraflı və sərbəst olaraq cavablar verməsi, sonuncuya müdafiəçisinin iştirakı ilə hər hansı polis əməkdaşı tərəfindən pis rəftara məruz qalıb-qalmaması barədə suallar verilsə də, hökmün 28-ci bəndində göstərdildiyi kimi hətta ibtidai araşdırmanın yekun mərhələsində də ona ittiham olunan psixitatrik maddənin onda olmasını deyil, əməlin hüquqi tövsifini mübahisələndirməsi, Təqsirləndirilən şəxs hər hansı pis rəftara məruz qalmadığını bildirməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin külli miqdarda olmasını hələ videoçəkiliş zamanı bilməsinə baxmayaraq, heç bir etiraz etməməsi qeyd edilən predmetlərin bir daha ona məxsus olmasını tam təsdiq edir.

44. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

45. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

47. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

48. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

49. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin istehlakçısı olmasına baxmayaraq, üzərindən aşkar edilmiş predmetin psixotrop maddə metamfetamin olması, bununla yanaşı digər istehlakçılarla razılıq əldə etməsinə dair mobil telefon vasitəsilə aparılmış müxtəlif yazışmaların olması və sair hallar ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.

50. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

51. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində ilkin dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Hökmün 16-17, 21 və 31-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.

52. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçinin iştirakı ilə sərbəst şəkildə suallara cavab verərək polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı məhkəmə nəzarəti qaydasında 23 may 2023-cü il tarixdə Bakı şəhəri, Nizami Rayon Məhkəməsində qətimkan tədbiri məsələsinə baxılarkən və sonradan, yəni 20 sentyabr 2023-cü il tarixdə həmin məhkəmə tərəfindən barəsində seçilmiş qətimkan tədbirinin uzadılması məsələsinə baxılarkən, Təqsirləndirilən şəxs ona qarşı hər hansı şəxs, o cümlədən polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə, habelə pis rəftara məruz qalmasını məhkəmədə bildirməmişdir.

53. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

54. Məhkəmə müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonradan hədə-qorxu və təzyiqə məruz qalması, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz maddələrin olmaması və sair xüsusatlarla bağlı ifadəsində göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, Şahid3 ifadəsində qeyd edilənlər iş materialları ilə öz təsdiqini tapmadığından inkar edilir və onlar arasında qohumluq (ata tərəfdən) münasibətləri olduğundan həmin ifadə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayındırmaqla müdafiə məqsədi daşıyır. Buna görə də məhkəmə Şahid3 ifadəsi işin faktiki hallarına uyğun olmadığından və başqa hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən rədd edir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hökmün təsviri hissəsində göstərilənlərə əsasən (hökmün 10-cu bəndi) Təqsirləndirilən şəxs anasının məhkəmə iclaslarında iştirak etməsi, Şahid3 məhkəməyədək icraat zamanı və sonradan uzun müddət ərzində davam edən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hər hansı qanunsuz hərəkətlərə məruz qalmasına dair hər hansı hüquq mühafizə və sair orqana müraciət etməməsi, yalnız məhkəmə istintaqının sonunda anasının iştirakı ilə məhkəməyə gələrək ifadə vermək istəməsini nəzərə alaraq Şahid3 ifadəsində göstərdiklərinə tənqidi yanaşılmalı olması qənaətinə gəlir.

55. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

56. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

57. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

58. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlər Şahid2 və Şahid1 ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

59. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

60. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

61. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

62. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

63. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

64. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonuncu dəfə məhkum olunduğu əmələ görə 18 mart 2021-ci il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur (bax hökmün 22-ci bəndinə).

65. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir.

66. CM-in 83.4-cü maddəsinin tələbinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.

67. Hökmün 22 və 65-66-cı bəndlərində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əvvəllər törətdiyi az ağır cinayət əməllərinə görə məhkumluğu ödənildikdən sonra hazırkı cinayət əməlini törətdiyindən onun əməlində cinayətlərin residivinin olmaması, habelə məhkumluğunun olmaması nəzərə alınmalıdır.

68. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin anasının xəstəlikdən əziyyət çəkməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

69. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hər hansı halın olmamasını qeyd edir.

70. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

71. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

72. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

73. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 21 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 21 may 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 20 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 11 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.22-23;72-74; 172-174; Cild 2)

74. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 may 2023-cü il tarixdən hesablanmalıdır.

75. Məhkəmə hökmün 25-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

76. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

77. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Nizami RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 22,592 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən 1(bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən 1(bir) ədəd "CD” disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

78. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

79. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Əzizov Ur.an Kamil oğlundan 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

80. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

81. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

82. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

83. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 21 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri, Nizami Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 22,592 qram olan psixatrop maddə metamfetamin məhv edilsin və 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar