Məhkəmə qərarları › İş №1(101)-837/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-837/2020

31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-837/2020 31.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1985-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi, ev 9, mənzil 13-də qeydiyyatda olmaqla, Abşeron rayonu Qobu qəsəbəsi, yeni məhəllədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 20 radələrində yaşadığı Abşeron rayonu Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən evində həmin gün onlara qonaq gəlmiş anası Şahid1, qaynanası Şahid2 və həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə şam yeməyi yedikləri zaman xx xxxxxx 2016-cı il təvəllüdlü oğlu X1 olan ilik xəstəliyinin müalicəsi üçün lazım olan məbləği əldə edə bilməmələri səbəbindən həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zamanı masanın üstündən götürdüyü soyuq silah hesab olunmayan, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağı ilə həyat yoldaşı Zərərçəkmiş şəxs döş qəfəsinə bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının daxilə nüfuz edərək sol ağciyəri yaralayan və daxili qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan, yetirildiyi andan həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, ailəsi ilə birlikdə Abşeron rayonu Qobu qəsəbəsində yeni məhəllədə yaşayır. «Sədərək» ticarət mərkəzində mühafizəçi və həm də «Binə» ticarət mərkəzində fəhlə işləməklə ailəsini dolandırır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Birgə nigahdan üç oğlan uşaqları dünyaya gəlmişdir. Böyük oğlu Hüseyn Məmmədov «kaxeksiya, adrenoleykodi strofiya» xəstəliyinə düçar olmuş, imkansızlıqdan oğlunu müalicə etdirə bilməmiş və bu səbəbdən sonuncu xx xxxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Hazırda himayəsində iki azyaşlı uşaqları vardır. Digər 3 yaşlı oğlu Ənvərdə də həmin ilik xəstəliyinin olmasını bilmişlər. Həkimlər onlara həmin xəstəliyin müalicəsinin Türkiyədə mümkün olduğu barədə bildirmiş, lakin maddi imkanı olmadığından uşağını müalicə etdirə bilməmişdir. Bununla bağlı Günel tez-tez onunla mübahisə etmişdir. İki yerdə işləsə də, övladının müalicəsi üçün pul tapa bilməmişdir. Bir övladının ölümü, ikinci uşağının xəstəliyi və maddi imkansızlığı ucbatından onu müalicə etdirə bilməməsinə görə çox vaxt əsəbi və gərgin olmuşdur. xx xxxx 2020-ci il tarixdə anası Şahid1 və qaynanası Şahid2 onlara qonaq gəlmişdir. Həmin gün axşam saat 20 radələrində şam yeməyi zamanı arvadı Günellə uşağın xəstəliyinin müalicəsi üçün tələb olunan pulla bağlı aralarında yenə mübahisə yaranmışdır. Həmin an əsəblərini cilovlaya bilməmiş və özündən asılı olmayaraq masanın üstündə olan mətbəx bıçağını götürüb, oturduğu vəziyyətdə Günelə bir zərbə vurmuşdur. Sonuncu «nə edirsən?»-deyə qışqırıb evdən çölə çıxmışdır. Dərhal arvadının ardınca evdən çıxıb taksi saxladıb Güneli Lökbatan qəsəbəsinə təcili tibbi yardım xəstəxanasına aparmışdır. Oradan da təcili tibbi yardım avtomobili ilə Günel X5 aparılmışdır. Bir övladının ölümü, ikincisində də eyni xəstəliyin aşkar olunması, maddi imkansızlığı ilə bağlı uşağına yardım edə bilməməsi və onu da itirmək qorxusu onun əsəblərini tamamilə tarıma çəkmiş və nə qədər fikirləşsə də vəziyyətdən çıxış yolu tapa bilməmişdir. Ailədə yaranmış belə bir gərgin vəziyyətdə aralarında yaranmış mübahisə zamanı arvadı Günelə xəsarət yetirmişdir. Bu zaman onun qaynanası Şahid2 xüsusi əzab və iztirab vermək fikri, niyyəti olmamışdır. Əməlindən çox peşmandır. Özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilir. Baş verənlərə görə təəssüflənir. Həyat yoldaşı onu bağışlamışdır və hazırda ailəsi ilə bir yerdə yaşayırlar. Ailəsinin yeganə qazanc gətirənidir. Oğlunu müalicə etdirmək üçün Türkiyəyə aparmağa çalışır. Buna görə də ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Təxminən 3 ildir ki, Abşeron rayonu Qobu qəsəbəsi, yeni məhəllədə birlikdə yaşayırlar. Vüsal «Sədərək» ticarət mərkəzində mühafizəçi və «Binə» ticarət mərkəzində fəhlə işləməklə ailəsinin dolanışığını təmin edir. Birgə nigahdan 3 uşaqları olmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə oğlu X2 «kaxeksiya, adrenoleykodi strofiya» xəstəliyindən ölmüşdür. Digər oğlu 3 yaşlı Ənvər də həmin ilik xəstəliyindən əziyyət çəkir. Xəstəliyin müalicəsi Türkiyədə mümkün olmuş, lakin pulları olmadığından uşağı müalicə etdirə bilməmişlər. Bu ilin mart ayından etibarən uşağının xəstəliyinə görə Vüsalla aralarında tez-tez mübahisələri olmuşdur. Sonuncu həm övladını itirdiyinə görə, həm də digər oğlunu müalicə etdirmək üçün pul tapa bilmədiyinə görə çox vaxt əsəbi olmuşdur. xx xxxx 2020-ci il tarixdə qaynanası Şahid1 və anası Şahid2 onlara qonaq gəlmişdir. Həmin gün təxminən saat 20-də şam yeməyi yemək üçün süfrə arxasına əyləşmişlər. Azyaşlı övladları isə həmin vaxt digər otaqda olmuşdur. Yemək yeyərkən oğlu Ənvərin xəstəliyinin müalicəsi ilə bağlı söhbət etmiş və bu zaman əsəbləri gərgin olduğundan Vüsalla mübahisə etmişdir. Vüsal onun sözlərindən bərk əsəbləşmiş və qəflətən stoldan götürdüyü bıçaqla onu bir dəfə qarın nahiyəsindən vurmuşdur. Nə baş verdiyini anlamamış və qışqırıb evdən bayıra çıxmışdır. Vüsal da arxasınca çıxıb yola tərəf qaçmış və bir neçə dəqiqədən sonra taksi ilə geri qayıtmışdır. Onu həmin taksi ilə Lökbatan qəsəbəsinə təcili tibbi yardım xəstəxanasına, oradan da təcili tibbi yardım avtomobili ilə X5 aparmışlar. Vüsalın ona xəsarət yetirməsi ani baş vermiş, masa arxasında əyləşmiş anası və qaynanası onu vurma anını görməmiş və nə baş verdiyini anlamamışdır. Sonuncular paltarında qan görəndən sonra onun bıçaqla vurulduğunu başa düşmüşlər. Vüsalı bağışlayır, onunla barışmışdır. Vüsal ailənin yeganə qazanc gətirənidir. Ailəsinin başsız qalmasını arzulamır. Uşağını müalicə etdirə bilməsi üçün Vüsala azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs oğlu Vüsalın həyat yoldaşıdır. Onların birgə nigahlarından 3 uşaqları olmuşdur. Uşaqlardan biri Hüseyn 2019-cu ildə ilik xəstəliyindən dünyasını dəyişmişdir. Hazırda 3 yaşlı nəvəsi X3 da həmin xəstəlikdən əziyyət çəkir. Xəstəliyi Türkiyədə müalicə etdirmək mümkün olsa da, maddi imkansızlıq səbəbindən uşağı müalicə etdirə bilməmişlər. Buna görə də, Vüsalla Günelin aralarında tez-tez mübahisələri olmuşdur. Vüsal həm övladını itirdiyinə, həm də digər övladını müalicə etdirə bilmədiyinə görə son zamanlar gərgin və əsəbi olmuşdur. xx xxxx 2020-ci il tarixdə o və qudası Şahid2 uşağın problemini həll etmək yollarını axtarmaq üçün oğlu Vüsalgilə getmişlər. Həmin gün bir qədər söhbət etdikdən sonra axşam saat 20 radələrində şam yeməyi yemək üçün süfrə arxasına keçmişlər. Bu vaxt azyaşlı nəvələri evin digər otağında olmuşdur. Yemək zamanı nəvəsi Ənvərin xəstəliyi ilə bağlı söhbətlər etmiş, əsəbləri gərgin olduğu üçün Vüsalla Günel arasında mübahisə yaranmışdır. Həmin vaxt Vüsal Günelin sözlərindən əsəbiləşib, sonuncunu qarın nahiyəsindən bir dəfə vurmuşdur. O, Vüsalın əlində bıçaq görməmişdir. Onun Güneli əllə vurduğunu güman etmişdir. Günelin paltarında qan görəndən sonra, Vüsalın onu bıçaqla vurduğunu başa düşmüşdür. Günel qışqırıb Vüsaldan nə etdiyini soruşub, evdən çölə çıxmışdır. Sonuncu da Günelin arxasınca evdən çölə çıxıb, taksi saxlatdırıb Güneli xəstəxanaya aparmışdır. Hadisə zamanı azyaşlı nəvələri Ənvər və Eyvaz digər otaqda olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, qızı Günel təxminən 3 ildir ki, Abşeron rayonu Qobu qəsəbəsi, yeni məhəllədə həyat yoldaşı Vüsal ilə birlikdə yaşayır. Sonuncuların 3 övladı olmuş, onlardan biri 2019-cu ildə ilik xəstəliyindən dünyasını dəyişmişdir. Hazırda digər nəvəsi Ənvər də həmin xəstəlikdən əziyyət çəkir. 2020-ci ilin mart ayında Ənvəri Türkiyədə müalicə etdirmək mümkün olduğunu öyrənsələr də, müalicə etdirməyə pulları olmamışdır. Buna görə də Vüsalla Günel tez-tez mübahisə etmişlər. xx xxxx 2020-ci il tarixdə o və qudası Fəridə Camalova uşağın xəstəliyinin müalicəsi yollarını axtarmaq üçün qızının evinə getmişlər. Birlikdə bir qədər söhbət etdikdən sonra axşam saat 20 radələrində şam yeməyi üçün masa arxasına əyləşmişlər. Azyaşlı nəvələri isə evin digər otağında olmuşdur. Süfrə arxasına oturub nəvəsinin xəstəliyi ilə bağlı söhbət edərkən, Günellə Vüsal mübahisə etməyə başlamışlar. Sonuncu Günelin sözlərindən əsəbiləşib, qızını bir dəfə əli ilə qarın nahiyəsindən vurmuşdur. Həmin vaxt Vüsalın əlində bıçaq görməmişdir. Günel qışqırıb Vüsaldan nə etdiyini soruşmuş və evdən bayıra çıxmışdır. Vüsal da Günelin ardınca bayıra çıxmışdır. Bir neçə dəqiqədən Vüsal taksi ilə gəlmiş və Güneli taksiyə əyləşdirib xəstəxanaya aparmışdır. Azyaşli nəvələri Ənvər və Eyvaz başqa otaqda olduqlarına görə hadisəni görməmişlər. Hadisə ani baş vermiş, Vüsalın Güneli vurma anını görməmişdir. Günelin paltarında qan görəndən sonra, onun əri tərəfindən bıçaqla vurulduğunu başa düşmüşdür. İşin 14-16-cı vərəqələrindəki «ifadənin yerində yoxlanılması və baxış-götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Qobu qəsəbəsi, yeni məhəllədəki evində aralarında yaranmış ailə məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs bıçaqla bir dəfə vuraraq xəsarət yetirdiyi yeri, eyni zamanda hadisədən sonra cinayətdə istifadə etdiyi bıçağı atdığı yeri əyani olaraq göstərmiş və hadisəni əyani olaraq təsvir etmişdir. İstintaq hərəkəti zamanı bıçaq atıldığı yerdə aşkar olunaraq götürülmüşdür. İşin 81-83-cü vərəqələrindəki «götürmə və baxış aparılması haqqında» protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd kofta və bir ədəd mayka iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 696 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-döş qəfəsin sol yarısının daxilə nüfuz edən, sol ağciyəri yaralayan və daxili qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici alətin təsirindən törənmişdir: qərarda qeyd olunan müddətdə yəni, xx xxxx 2020-ci il tarixə uygun gəlir; dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx xxx 2020-ci il tarixli 195-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Həmçinin ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun arxa sol yuxarı nahiyəsində bir ədəd və maykanın yuxarı nahiyəsindən bir ədəd dəlib keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli 322/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu, ABO sistemi üzrə A beta (İİ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kofta, mayka, bıçaq üzərində ləkələrdə A beta (İİ) şruplu insan qanı aşkar olundu. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. İşin 136-144-cü vərəqələrindəki «cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd kofta, bir ədəd mayka və bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İşin 33-cü vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 59-61-ci vərəqələrindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 81-83-cü vərəqələrindəki «götürmə və baxış aparılması haqqında» protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan 1 ədəd kofta və bir ədəd mayka iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. İşin 69-cu vərəqəsindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 66-67-ci vərəqələrindəki doğum haqqında şəhadətnamlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxx 2013-cü il və xx xxxxxx 2016-cı il təvəllüdlü Məmmədov Eyvaz və Məmmədov Ənvər adlı iki azyaşlı uşağı vardır. İşdəki ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 «kaxeksiya, adrenoleykodi strofiya» xəstəliyindən xx xxxxxxx 2019-cu il tarixdə ölmüşdür. İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə verilmiş ittihama görə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı Abşeron rayonu Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən evində həmin gün onlara qonaq gəlmiş anası Şahid1, qaynanası Şahid2 və həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə şam yeməyi yedikləri zaman xx xxxxxx 2016-cı il təvəllüdlü oğlu X1 olan ilik xəstəliyinin müalicəsi üçün lazım olan məbləği əldə edə bilməmələri səbəbindən həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zamanı sonuncunun anası Şahid2 gözləri qarşısında, ona xüsusi əzab və iztirab verdiyini dərk etdiyi halda xüsusi amansızlıqla masanın üstündən götürdüyü soyuq silah hesab olunmayan, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağı ilə həyat yoldaşı Zərərçəkmiş şəxs döş qəfəsinə bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının daxilə nüfuz edərək sol ağciyəri yaralayan və daxili qanaxma törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan, yetirildiyi andan həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrində Təqsirləndirilən şəxs məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinə bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının daxilə nüfuz edərək sol ağciyəri yaralayan və daxili qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayət olunan, yetirildiyi anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməsi öz təsdiqini tapsa da, bunu sonuncunun anası Şahid2 gözü qarşısında, ona xüsusi əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla törətdiyi sübuta yetirilmədi. Belə ki, məhkəmədə dindirilmiş şahid ifadələri ilə birmənalı şəkildə təsdiq olundu ki, onlar Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini, cinayət əməli başa çatandan, yəni sonuncunun paltarında qan görəndən sonra bilmişlər. Bu baxımdan təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə (Zərərçəkmiş şəxs anası Şahid2 gözü qarşısında, ona xüsusi əzab və iztirab verdiyini dərk etdiyi halda, xüsusi amansızlıqla, qəsdən sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarəti yetirməyə görə) verilən ittiham ehtimal xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsi qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun anası Şahid2 gözləri qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk etdiyi halda xüsusi amansızlıqla etməsi öz təsdiqini tapmadı. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı Abşeron rayonu Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən evində həmin gün onlara qonaq gəlmiş anası Şahid1, qaynanası Şahid2 və həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə şam yeməyi yedikləri zaman xx xxxxxx 2016-cı il təvəllüdlü oğlu X1 olan ilik xəstəliyinin müalicəsi üçün lazım olan məbləği əldə edə bilməmələri səbəbindən həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zamanı masanın üstündən götürdüyü soyuq silah hesab olunmayan, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağı ilə həyat yoldaşı Zərərçəkmiş şəxs döş qəfəsinə bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının daxilə nüfuz edərək sol ağciyəri yaralayan və daxili qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayət olunan, yetirildiyi andan həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxxxx 2002-ci il tarixli qərarının 8-ci bəndinin tövsiyyələrini də nəzərə alır. Orada göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Ona görə də Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli, o, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, cinayəti törətməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.11-59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-cı il tarixədək şübhəli şəxs kimi tutulduğu bir gün ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində, qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Lakin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, himayəsində olan uşağının xəstəlikdən ölməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində saxlanılan azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Odur ki, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində saxlanılan azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli və sınaq müddəti müəyyən edilməklə, üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Abşeron rayon icra şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin saxlancına verilmiş Təqsirləndirilən şəxs cinayəti törətdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd kofta və bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 357.0.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu bir gün müddət ona təyin edilən cəzaya hesablanmaqla üzərində 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən onun üzərində saxlanılan 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Abşeron rayon icra şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin saxlancına verilmiş Təqsirləndirilən şəxs cinayəti törətdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd kofta və bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar