Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-838/2021 06.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Zərərçəkmiş şəxs2, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Qazax rayonunun Xanlıqlar kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, BTZ zavodu nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalaranı pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2020-ci il tarixdə saat 23:35 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, yəni sürücülük vəsiqəsi, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21070 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən 27,5-ci kilometrində, yaşayış məntəqəsində 3 zolaqlı yolun sağ zolağı ilə maksimum icazə verilən 60 km/saat sürətdən yüksək, yəni 60-70 km/saat sürətlə Quba rayonu istiqamətində idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş və hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun sağ kənarından hərəkət hissəsinə adi qaçışla daxil olaub 7,7 metr məsafə qət edən Zərərçəkmiş şəxs1 piyada keçidinin qarşısında yolun orta zolağında avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 başın küt travması, subdural hematoma, baş beyinə qansızma, təpə-alın nahiyəsinin dərialtı hematoması, hər iki baldırın qapalı yerdəyişən sınığı, alın nahiyəsinin sağ yarısının, hər iki qaş nahiyəsinin, sol almacıq nahiyəsinin əzilmiş-cırılmış yarası, alının, hər iki almacıq, hər iki yanaq nahiyəsinin ümumilikdə bütün sifəti əhatə edən, sağ əlin arxa səthinin, sol saidin orta 1/3-nin arxa-bayır səthini, sol əlin arxa səthini, döş qəfəsinin ön səthinin, qarnın ön səthinin, sol bazu oynağı nahiyəsinin, hər iki budun, sağ mil-bilək oynağı nahiyəsinin, sol baldırın və sol diz oynağı nahiyəsinin sıynqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərini yetirərək ölümünə və “VAZ 21070 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs2 835 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, onun nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququm yoxdur. Lakin böyük qardaşı Şahid avtomobil sürücüsü olduğundan uşaq vaxtlarından ondan avtomobili idarə etməyi öyrənmişdir. X3 adına olan “VAZ 21070 minik” markalı **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən “Avto 888” avtosalondan 19 may 2020-ci ildə 1600 manat ilkin ödəniş ödəməklə kredit yolu ilə hər ay 360 manat ödəməklə 15 ay müddətinə satın almışdır. İdarə etmək üçün qardaşı Şahid adına notariusda təsdiq olunmuş etibarnamə verilmişdir. Avtomobili faktiki yaşadığı həyətdə saxlamışdır. O, 08 sentyabr 2020-ci ildə saat 22:20 radələrində Sumqayıt şəhəri, BTZ bağlarında yaşadığı evin həyətində həmin avtomobilin sükanı arxasına oturaraq özü idarə etməklə yanacaq doldurmaq məqsədi ilə Bakı-Quba-Dağıstan sərhədi yoluna çıxıb yaxınlıqdakı “SOCAR” yanacaqdoldurma məntəqəsində 5 manatlıq yanacaq doldurub oradan yaşadığı evə qayıdarkən, sürücülük vəsiqəsi olmadığına görə yolda Yol Polisi Xidməti əməkdaşlarının oradan uzaqlaşması üçün Ceyranbatan qəsəbəsində “Şah” sarayı arxasında təxminən 1 saat dayanıb gözləmişdir. YPX əməkdaşları uzaqlaşandan sonra avtomobili hərəkətə gətirərək yolun Quba istiqamətinə olan hissəsi ilə hərəkət etmişdir. Saat 23:35 radələrində 3 zolaqlı yolun sağ zolağı ilə avtombili idarə etməklə 60-70 km/saat sürətlə hərəkətdə olub piyda keçidini keçdiyi anda qarşıda yolun sağ kənarından hərəkət hissəyə iti qaçışla daxil oan piyada kişini görmüşdür. Həmin anda hərəkət üçün təhlükə yaranmış, piyadanı vurmamaq üçün ayağını tormoz pedalına qoyaraq sola manevr etmişdir. Buna baxmayaraq həmin piyadanı yolun sol zolağında idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Zərbədən piyadanın bel hissəsi avtomobilin qabaq alın şüşəsinə çırpılaraq piyada avtomobilin sağ tərəfinə düşmüşdür. Bundan sonra o, avtomobili dayandıraraq avtomobildən düşüb xəsarət almış həmin kişini düşdüyü yerdən dartıb yolun Bakı şəhəri istiqamətinə dönmək üçün nəzərdə tutulan neytral hissəyə gətirmişdir ki, başqa nəqliyyat vasitələri piyadanın üstündən keçməsinlər. Hadisə yerinə toplaşan şəxslərdən kimsə təcili yardıma zəng etmiş, 3-4 dəqiqədən sonra hadisə yerinə YPX əməkdaşları gəlmiş və o, sənədlərini YPX inspektoruna təqdim etmişdir. Təxminən 30 dəqiqədən sonra X12 avtomobili gələrək yaralını xəstəxanaya aparmışdır. O, etdiyi əməldən çox peşmandır. Zərərçəkmiş şəxs2 məhkəmədə ifadəsində göstərdi ki, X3 adına olan “VAZ 21070 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili 26 yanvar 2018-ci ildə alqı-satqı yolu ilə Ramin Nəcəfovdan satın almışdır. Həmin avtomobili Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən işlədiyi “Avto 888” avtosalonda satışa qoymuş və 19 may 2020-ci ildə 1600 manat ilkin ödəniş ödəməklə kredit yolu ilə hər ay 360 manat ödəməklə 15 ay müddətinə Təqsirləndirilən şəxs satmışdır. Lakin Səmədağanın sürücülük vəsiqəsi olmadığı üçün avtomobili idarə etməkdən ötrü onun qardaşı Şahid adına notariusda təsdiq olunmuş etibarnamə verilmişdir. Sonradan eşitmişdir ki, 08 sentyabr 2020-ci ildə gecə vaxtı Səmədağa həmin avtomobili Bakı-Quba-Dağıstan sərhədi yolunda idarə edərkən piyadanı vuraraq yol nəqliyyat qəzası törədib. Hadisə nəticəsində həmin avtomobil əzilərək maddi ziyan dəymişdir. Eşitdiyinə görə piyada da vəfat etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi deyildir, Səmədağa ilə barışmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 hüquqi varisi X8 məhkəmədə ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun oğludur. Oğlu Zaur 28 fevral 1986-cı ildə Xaçmaz rayonunda doğulmuşdur. Zaur arvadı və azyaşlı uşaqları ilə birlikdə onunla bir evdə yaşamışdır. 08 sentyabr 2020-ci ildə Zaur axşam evə gəlmədiyi üçün narahat olub onun istifadəsində olan mobil telefona zəng etmiş, zəng çatmadığı üçün dostlarına zəng edib oğlunu soruşmuşdur. Dostu bildirmişdir ki, Zauru axşam yaşadıqları evin yaxınlığında Bakı-Quba yolunda avtomobildən düşürüb getmişlər. Özü xəstə olduğu üçün arvadı gəlini ilə birlikdə Zaurun maşından düşdüyü yerə getmiş, orada onlara məlum olmuşdur ki, Zauru avtomobil vurub və Sumqayıt şəhər X12 Xəstəxanasına aparıblar. Bundan sonra ailə üzvləri və qohumlar xəstəxanaya getmiş və orada öyrənmişlər ki, Zaur avtomobillə vurulduqdan sonra ölüb və meyiti morqdadır. Zaurun meyiti morqda müayinə olunduqdan sonra onlara təhvil verilərək aparıb Müşfiq qəsəbəsindəki Sumqayıt qəbiristanlığında dəfn etmişlər. Sonradan ona məlumdur ki, 08 sentyabr 2020-ci ildə saat 23:35 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən 27,5-ci kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21070 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən yolu keçən Zauru vurmuş, nəticədə Zaur ölmüşdür. O, Səmədağanı bağışlayır, onunla barışmışdır və ondan tələbi və şikayəti yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 təqsirləndirilən şəxslə barışdığı, ona qarşı şikayət və tələbinin olmadığını barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Şahid məhkəmədə ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs X3 adına olan “VAZ 21070 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən “Avto 888” avtosalondan 19 may 2020-cİ ildə 1600 manat ilkin ödəniş ödəməklə kredit yolu ilə hər ay 360 manat ödəməklə 15 ay müddətinə satın almışdır. Səmədağanın nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ olmadığına görə həmin avtomobili idarə etmək üçün onun adına notariusda təsdiq olunmuş etibarnamə verilmişdir. Amma Səmədağa avtomobili faktiki olaraq öz yaşadığı həyətdə saxlamışdır. 08 sentyabr 2020-ci ildə saat 23:38-də Səmədağa ona zəng edərək yaşadığı evin yaxınlığında idarə etdiyi həmin avtomobillə yolun Quba rayonu istiqamətinə olan hissəsi ilə hərəkətdə olarkən piyada kişini vurmuşdur. O, dərhal həmin yerə getmiş, orada xeyli adamın toplaşdığını və Səmədağanı görmüşdür. Az sonra X12 avtomobili hadisə yerinə gələrək həkim briqadası vurulan piyada kişini X12 avtomobili ilə Sumqayıt şəhər X12 Xəstəxanasına aparmış və az sonra məlumat gəlmişdir ki, həmin kişi ölmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 09.09.2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı-Quba- Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən 27,5-ci kilometrliyidir. Hadisə yerində “VAZ 21070 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil var, onun ön hissəsi əzilib, ön şüşəsi sınmışdır, yolda şin izi, tormozlanma izi yoxdur, meyit hadisə yerindən götürülmüşdür (iş vərəqi 8-20). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09.09.2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 5079 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və onda sərxoşluq müəyyən edilməmişdir (iş vərəqi 22). İşə əlavə edilmiş sənədlərdən görünür ki, “VAZ 21070 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur, Zərərçəkmiş şəxs2 və Şahid etibar edilmişdir (iş vərəqi 23, 54). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 08.10.2020-ci il il tarixli, 98 nömrəli rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs1 meyitində başın küt travması. Subdural hematoma, baş beyinə qansızma. Təpə-alın nahiyəsinin dərialtı hematoması. Hər iki baldırın qapalı yerdəyişən sınığı. Alın nahiyəsinin sağ yarısının, hər iki qaş nahiyəsinin, sol almacıq nahiyəsinin əzilmiş-cırılmış yarası, alının, hər iki almacıq, hər iki yanaq nahiyəsinin, ümumilikdə bütün sifəti əhatə edən, sağ əlin arxa səthinin, sol saidin orta 1/3-nin arxa-bayır səthinin, sol əlin arxa səthinin, döş qəfəsinin ön səthinin, qarının ön səthinin, sol bazu oynağı nahiyəsinin, hər iki budun, sağ mil-bilək oynağı nahiyəsinin, sol baldırın və sol diz oynağı nahiyəsinin sıyrıqları kimi xəsarətlər aşkar edilmişdir.
2. Qeyd olunan xəsarətlər küt əşya təsirindən tərənmişdir, həyatidirlər, törənmə müddəti onun ölümündən az əvvəl olmaqla qərarda göstərilən 08.09.2020-ci il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər.
3. Zərərçəkmiş şəxs1 ölümünə səbəb, almış olduğu başın küt travması nəticəsində təpə-alın nahiyəsinin subdural hematoması və baş-beyinə qansızma olmuşdur.
4. Zərərçəkmiş şəxs1 ölümü meyitin meyitxanada müayinəsindən 8-12 saat əvvəl baş vermişdir.
5. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (iş vərəqi 67-71). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 27.10.2020-ci il tarixli, 8/1651 nömrəli rəyindən görünür ki: VAZ 21070 minik markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol Hərəkəti haqqında” Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi üçün onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir (iş vərəqi 74-77). İşdə olan ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 16.09.2020-ci il tarixli qərardan görünür ki, X8 həmin iş üzrə ölmüş Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində tanınmışdır (iş vərəqi 47). İşdə olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 19.09.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 55). Cinayət işinə əlavə edilmiş ziyan barədə arayışdan görünür ki, “VAZ 21070 minik” markalı 40BR939 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyanın məbləği 835 manat müəyyən edilir (iş vərəqi 60). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutun tanınması və saxlanca verilməsi haqqında 28.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21070 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır (iş vərəqi 78). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən verilmiş 16.10.2020-ci il tarixli, 016-95013-1220 saylı məktubdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürüçülük vəsiqəsi verilməmişdir (iş vərəqi 73). İşdə olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 28.01.2021-ci ildə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçmişdir (iş vərəqi 113-114, 116). Cinayət işinə əlavə edilmiş SX ******* saylı hərbi biletin surətindən görünür ki, 03.10.2018-ci ildən 20.04.2020-ci il tarixədək Müdafiə Nazirliyinin hərbi hissəsində müddətli həqiqi xidmətdə olmuş, 29.09.2020-ci ildə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və 13.02.2021-ci il tarixədək hərbi xidmətdə olmuşdur (iş vərəqi 91). Məhkəməyə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsindən daxil olmuş 17.03.2021-ci il tarixli, 250 saylı məktubdan görünür ki, 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 03.10.2018-ci il tarixdən 20.04.2020-ci il tarixədək Azərbaycan Respublikasınını Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. 29.09.2020-ci il tarixdə “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanunlarının müvafiq maddələrinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmışdır. 29.09.2020-ci il tarixdən 11.01.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 11.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 25.12.2020-ci il tarixli, 274 saylı əmri əsasında ehtiyata buraxılmış və 13.01.2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində hərbi qeydiyyata alınmışdır (iş vərəqi 180). Cinayət işinə əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə qonşuları ilə müsbət münasibət qurmuş, məhəllənin ictimai işlərində olduqca fəallıq göstərir, ona verilmiş tapşırıqları canla-başla yerinə yetirir. Vətənpərvərdir (cild 1, iş vərəqi 34). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 65). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 50ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalaranı pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və idarə etdiyi avtomobil əzilərək sahibinə maddi ziyan vurulmasına səbəb olması kifayət qədər sübuta yetirilir, o, həmin maddələrlə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13cü maddəsinə, İkinci Qarabağ müharibəsi zamanı səfərbərliklə bağlı çağırılaraq hərbi xidmət keçməsini, səmimi peşmanlığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cavanlığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Eyni zamanda cəza təyin ilə bağlı məhkəmə onu da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan zərərçəkmiş şəxsi avtomobillə vursa da, həmin hadisədən sonra özünü nümunəvi vətəndaş kimi aparmış, yəni hadisə yerindən qaçmamış, ibtidai istintaq orqanına törətdiyi cinayəti səmimi etiraf etmiş, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, nəticədə zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən razı qaldığını bildirərək ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Qeyd edilən hallar hazırki iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri məntəqə tipli cəzaçəkmə müəssisələri müəyyən edilir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21070 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarıldığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəməyol-nəqliyyat hadisələri ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 3 (üç) il müddətə şamil edilsin. İş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21070 minik” markalı **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarıldığı nəzərə alınsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.