Məhkəmə qərarları › İş №1(101)-838/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-838/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-838/2022 26.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 10 avqust 1978-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Cəlilabad şəhəri, M.hüseyn küçəsi, ev 7, mənzil 2-də qeydiyyatda olmaqla ünvan 3-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və naməlum vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib həmin narkotik vasitənin bir hissəsini yaşadığı evdə saxlamış, digər hissəsini isə üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 dekabr 2021-ci il tarixdə saat 17:10-da ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,228 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman onun yataq otağındakı çarpayı üzərində olan döşəyin alt hissəsində gizlətdiyi 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 40,145 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsi onun əmisi oğlu vasitəsilə tanımışdır. “Məhəmməd” adlı şəxsin əmisi oğlu ilə əvəllər cəzaçəkmə müəssisəsində olarkən tanış olmuşdur. İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxslə münasibəti yaxşı olmuş, arabir telefonla danışmışlar. Məhəmməd onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Yenə Məhəmmədlə əlaqə yaradan zaman narkotik vasitə göndərə biləcəyini, onun da narkotik vasitənin satılmasında ona kömək etməyini bildirmişdir. O isə Məhəmmədə belə işlərlə məşğul olmaq istəmədiyini deyib razılaşmamışdır. 5 dekabr 2021-ci il tarixdə yenə Məhəmməd ona zəng etmiş və Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Savalan yolu, “Məcburi köçkün” şəhərciyində yolun kənarına narkotik vasitə qoydurduğunu, narkotik vasitəni götürməli olan şəxsin zənglərinə cavab vermədiyini və təcili həmin narkotik vasitəni oradan götürmək lazım olduğunu bildirmişdir. O bir daha Məhəmmədə bu cür işlərə görə onu narahat etməməsini bildirmişdir. Lakin Məhəmmədin xahiş etməkdə davam etdiyini görüb onunla tanışlığı olduğu üçün həmin yerə gedib narkotik vasitəni götürməyə razılaşmışdır. Bundan sonra Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Savalan yolu, “Məcburi köçkün” şəhərciyinə getdikdə isə deyilən yerdən narkotik vasitəni tapmamış və Məhəmmədə zəng edib bu barədə məlumat vermişdir. Məhəmməd narkotik vasitəni deyilən yerə qoyan şəxslə əlaqə saxlayıb ona cavab verəcəyini demişdir. Həmin yerdə bir qədər gözlədikdən sonra Məhəmməd zəng edib ona narkotik vasitənin orada olduğunu, yaxşı axtarmağını bildirmişdir. Lakin o nə qədər axtarsa da, heçnə tapmamışdır. Daha sonra “20 yanvar” metrostansiyasının yaxınlığında bir şəxsə borcunu vermək üçün oraya getməzdən əvvəl həmin şəxsə zəng edib harada olduğunu soruşmuşdur. Həmin şəxs ona Şıxov qəsəbəsində “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində olduğunu demişdir. Bundan sonra şəhərcikdən birbaşa Şıxov qəsəbəsinə yollanmışdır. Gecə saat 1 radələrinə “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinə çatdıqda artıq telefonunun sönmək üzrə olduğunu görmüşdür. Buna görə tez borclu olduğu şəxslə görüşüb pulu ona vermiş və evinə getmişdir. 9 dekabr 2021-ci il tarixində servisdə olan avtomobilini götürmək üçün “9933” taksi şirkətinə getmişdir. Həmin taksi şirkətindən götürdüyü hazırda hərflərini xatırlamadığı avtomobilin nömrəsi 99-539 olmuşdur. Şirkətdə olan zaman səs-küy eşitmiş, ətrafa baxdıqda polis əməkdaşlarının avtomobilinin nömrəsi 539 olan başqa bir nəfər şəxsi sürüyərək apardıqlarını görmüşdür. Həmin şəxs polis əməkdaşlarına müqavimət göstərərkən digər tərəfdən başqa polis əməkdaşının “o deyil, Şahindir” dediyini eşitmişdir. Bundan sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərini yoxlamağa başlamışlar. Daha sonra isə polis əməkdaşları avtomobilində axtarış etmişlər. Üzərində və avtomobilində qanunla qadağan olunmuş heçnə aşkar olunmamışdır. Bundan sonra onu BNMİ-nə gətirmişlər. Həmin gün axşam saat 21-22 radələrində polis əməkdaşları iştirakı ilə evinə baxış keçirmişlər. Evə baxış üçün 4 polis avtomobili gəlmişdir. Həmin gün evdə yalnız qoca anası olmuşdur. Axtarış nəticəsində evdən qanunla qadağan olunmuş heçnə tapılmamışdır. Daha sonra polis əməkdaşları çöldən “Mişa” adlı mülki şəxsi gətirib mütəxəssis olduğunu demiş və həmin şəxs də evi axtarmağa başlamışdır. Axtarışdan sonra “Mişa” adlı şəxs heçnə tapmadığını bildirsə də, polis əməkdaşları evdə 42 qram narkotik vasitə heroin olduğunu bildirmişlər. O, polis əməkdaşlarına etiraz edib evində narkotik vasitə olmadığını bildirdikdə onu anasını işə cəlb etməklə hədələmişlər. O da məcbur olub videoçəkiliş zamanı 42 qram narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Məhəmmədin anket məlumatlarını bilmir. Məhəmmədə heç vaxt narkotik vasitə satmaqda kömək etməmişdir. Polis əməkdaşları onu 9 dekabr 2021-ci il tarixdə saat 15 radələrində tutmuşlar. Məhəmməd onunla yalnız “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə hazırda xatırlamadığı mobil nömrədən əlaqə saxlamışdır. Mişa adlı şəxsi ilk dəfə görmüşdür. Mobil nömrəsinə SMS yazan şəxslər tanışları olmuş, tanışları ilə bir-birlərinə narkotik vasitəni pay vermişlər. Əvvəllər heç vaxt Məhəmmədin sözü ilə narkotik vasitəni qoyulan yerdən götürməmişdir. Övladları və həyat yoldaşı axtarış zamanı evdə olmamışlar. Narkotk vasitəni yalnız şəxsi istifadəsi üçün almışdır. Tutulan zaman üzərindən heç nə aşkar olunmamışdır. 42 qram narkotik vasitə polis əməkdaşları tərəfindən evinə qoyulmuşdur. Üzərində şəxsi axtarış və evə baxış videoçəkilişlə həyata keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona psixi təsir göstərilmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 9 dekabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib BNMİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya və ya maddə olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan şalvarın sağ yan cibindən 1 bükümdə narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd açar, 1 ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “Honor” markalı mobil telefon və 1 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya və maddə aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 11 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Honor” markalı mobil telefon, bu barədə izah verildikdən sonra götürülmüş, 1 ədəd açar və 1 manat pul isə özünə geri qaytarılmışdır. Üzərindən aşkar olunmuş kütlə “kakos” adlanan narkotik vasitədir, həmin narkotik vasitəni tutulmazdan 2 gün əvvəl İran İslam Respublikası vətəndaşı olan “Məhəmməd” adlı şəxsin vasitəsi ilə Məmmədli qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmiş, gördüyü işin qarşılığında Məhəmməd ona göndərdiyi narkotik vasitədən istifadə etməyi üçün götürməyinə icazə vermiş, özü narkotik vasitə aludəçisidir, təxminən 3 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir (cild 1, iş vərəqə 62-64 və 72-74). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-in BNMİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2021-ci ilin dekabr ayında etibar doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1978-ci ildə ünvan 4 ünvanda qeydiyyatda olmaqla, ünvan 3 ünvanda kirayə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Əməliyyat qrupunun rəhbəri o, qrupun üzvü isə BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şirəli Babayev təyin edilmişdir. 9 dekabr 2021-ci il tarixdə saat 17:10-da keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 5 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların intensiv olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı tərəfindən raport yazılmışdır. Bununla bağlı zəruri tədbirlərin həyata keçirilməsi BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı Nizami Omarova həvalə edilmişdir. X4 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edimişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin aparılması başlanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, o və baş əməliyyat müvəkkili Şirəli Babayev iştirak etmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd açar, 1 ədəd “Honor” markalı mobil telefon və 1 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə çəkisi 11 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Zərfin üzərinə şübhəli şəxs, müdafiəçi və təhqiqatçı imza etmişlər. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd "Honor” markalı mobil telefon götürülmüş, 1 ədəd açar və 1 manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu və həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin kütləni tutulmamışdan 2 gün əvvəl İran İslam Respublikası vətəndaşı olan "Məhəmməd” adlı şəxsin vasitəsi ilə Məhəmmədi qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona göndərdiyi narkotik vasitədən istifadə etməsi üçün götürməsinə icazə verdiyini, özünün narkotik vasitə aludəçisi olduğunu, təxminən 3 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə etdiyini, həmçinin yaşadığı Bakı şəhəri, Xətai rayonunda yerləşən yaşadığı mənzildə narkotik vasitənin olduğunu, həmin mənzildə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmənin aparılması ilə bağlı X4 tərəfindən protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar protokolda imza etmişlər. Sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına yollanmışlar. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilə girişdən sol tərəfdə yerləşən özünə məxsus yataq otağına keçərək orada olan çarpayı üzərindəki döşəyin alt hissəsindən 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə çəkisi 42 qram olmuşdur. Daha sonra həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Zərfin üzərinə şübhəli şəxs, müdafiəçi və təhqiqatçı imza etmişlər. Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilsə də, narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tutulmamışdan 2 gün əvvəl İran İslam Respublikası vətəndaşı olan “Məhəmməd” adlı şəxsin vasitəsi ilə Məhəmmədi qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona göndərdiyi narkotik vasitədən istifadə etməsi üçün götürməsinə icazə verdiyini, yaşadığı otaqda narkotik vasitə saxlaması barədə heç kimin məlumatının olmadığını, həmçinin yaşadığı mənzildə qızıl-zinət əşyalarının və pulun olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Baxış və götürmədə iştirak edən Şahid2 Təqsirləndirilən şəxs onun doğma oğlu olduğunu, yaşadıqları mənzildə sonuncunun narkotik vasitə saxlaması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış və götürmənin aparılması zamanı da videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış keçirilməsi və götürmənin aparılması ilə bağlı X4 tərəfindən protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar protokolda imza etmişlər. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarışı Baş İdarədə həyata keçirmişlər. Şahin Əziziov evində də narkotik vasitə olduğunu bildirmişdir. Heç bir polis əməkdaşı təqsirləndirilən şəxsə hədə-qorxu gəlməmişdir. Təqsirləndirilən şəxs onlara müqavimət göstəməmişdir. Şəxsi axtarış və evə baxış zamanı videoçəkilişdən istifadə edilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 9 dekabr 2021-ci İl tarixdə axşam saat 20 radələrində kirayə yaşadığı ünvan 3 ünvanda olmuşdur. Həmin vaxt bir neçə polis əməkdaşı oğlu Şahinlə birlikdə yaşadıqları mənzilə gəlmişlər. Polis əməkdaşlarından biri mənzilə baxış keçirəcəklərini bildirmişdi. Buna etiraz etməmiş və ərizə də yazmışdı. Sonra videoçəkilişlə mənzilə baxışın keçirilməsi başlanmışdı. Polis əməkdaşı Şahinə mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif etmişdi. Bu təklifdən sonra Şahin mənzilə girişdən sol tərəfdə yerləşən öz yataq otağına keçərək orada olan çarpayı üzərindəki döşəyin alt hissəsindən 1 bükümdə olan maddəni götürüb polis əməkdaşına təqdim edərək həmin maddənin narkotik vasitə olduğunu bildirmişdi. Sonra həmin maddə elektron tərəzidə çəkilmişdi. Daha sonra həmin maddə polis əməkdaşı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmışdı. Sonra mənzilin digər hissələrinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, lakin mənzildə qanunla dövriyyəsi qadağan edilmiş başqa maddə və ya əşya aşkar edilməmişdi. Oğlunun narkotik vasitələrdən istifadə etməsi, satışı ilə məşğul olub-olmaması, yaşadıqları mənzildə narkotik vasitə saxlaması haqda heç bir məlumatı olmamışdır (cild 1, iş vərəqə 150-152). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər maddəni təqdim edərək masanın üzərinə qoydu. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi və əynində olan şalvarın sol yan cibindən 1 ədəd açar, 1 ədəd “Honor” maraklı mobil telefon və 1 manat pul aşkar edilərək götürüldü. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və çəkisi qablaşdırma ilə birlikdə 11 qram oldu. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı. DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalandı, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “Honor” maraklı mobil telefon, bu barədə sonuncuya izah verildikdən sonra götürüldü. 1 ədəd açar və 1 manat pul isə şübhəli şəxsə geri qaytarıldı (cild 1, iş vərəqə 29-30). Cinayət işinin materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin “texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsinə dair” 13 dekabr 2021-ci il tarixli 5(011)-979/2021 nömrəli qərarı icra edilərək Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin 9 dekabr 2020-ci il tarixdən 9 dekabr 2021ci il tarixədək əhatə dairəsinə dair məlumatlar, həmin tarixdə qeyd edilən mobil nömrəyə daxil olmuş və çıxmış SMS mətnlərinə dair məlumatlar 1 ədəd CD diskə köçürülərək istintaqa təqdim edilmişdir. Qeyd edilən məlumatlara baxış keçirilərək iş üçün əhəmiyyət kəsb edən məlumatlar protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 103-119). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 10 dekabr 2021-ci il tarixli 6/5448 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs təqdim etdiyi ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 9,228 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi ...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 40,145 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan 1 ədəd bükümdə və üzərində “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə olan 1 ədəd bükümdə qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir və ümumi təmiz çəkisi 49,373 qram təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 49,373 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 49,273 qram cild 1, iş vərəqə 42-46). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 17 yanvar 2022-ci il tarixli 225 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olumuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 139-140). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş tədqiqatlardan sonra qalıq çəkisi 49,273 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 121-125). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin 23 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 dekabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 98-100, 121-125). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 dekabr 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). İş materiallarında olan Xətai rayon məhkəməsinin 11 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 9 dekabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 85-87). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 9 dekabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 91,76 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 49,273 qram olan narkotik vasitə heroin hökm qanuni mindikdən sonra məhv edilməlidir; -3 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 9 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 91,76 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi çəkisi 49,273 qram olan narkotik vasitə heroin hökm qanuni mindikdən sonra məhv edilsin; -3 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar