Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-839/2021 05.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2 mart 1971-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/4, mənzil 31-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 11, mənzil 53-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-131,814 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda-256,327 qram çəkidə narkotik vasitə heroini və 100 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda-4 qram olan narkotik vasitə metadon dərman preparatlarını əldə edərək üzərində saxlamaqla qanunsuz olaraq müvəqqəti yaşadığı ünvan 1 ünvanına daşımış, həmin narkotik vasitə heroini ayrılıqda çəkiləri 124,266 qram və 132,061 qram olmaqla iki ədəd bükümlərə və psixotrop maddə metamfetamini ayrılıqda çəkiləri 49,719 qram və 82,095 qram olmaqla iki ədəd bükümlərə bölərək 49,719 qram çəkidə psixotrop maddə metamfetamini üzərində saxlamaqla Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 11 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 8 noyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 12:50-də Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 11 ünvanın qarşısında saxlanılmış, onun icazəsi və iştirakı ilə həmin binada yerləşən müvəqqəti yaşadığı 53 saylı mənzilə keçirilən baxış və götürmə zamanı həmin mənzilin giriş qapısından içəridəki dəhlizin tavanından satış məqsədi ilə əldə edib saxladığı ayrılıqda çəkiləri 124,266 qram və 132,061 qram olmaqla ümumilikdə külli miqdarda-256,327 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda-82,095 qram çəkidə psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi və mənzilin yataq otağında yerləşən dolabın içərisindən satış məqsədi ilə əldə edib saxladığı 100 ədəd həb formasında olmaqla, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda-4 qram olan narkotik vasitə metadon dərman preparatları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi Lənkəran şəhərində yaşasa da, özü ünvan 1-də kirayədə qalmışdır. 2020-ci ilin mart ayından «VAZ 2107» markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran-Bakı marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hərdənbir psixotrop maddə metamfetamindən istifadə etmişdir. 2020-ci ilin yay aylarında Teymur adlı şəxslə tanış olmuşdur. Bir neçə dəfə sonuncunu Lənkərandan Bakıya müştəri kimi gətirmişdir. Bundan sonra onların yoldaşlıq münasibətləri yaranmışdır. Söhbət zamanı Teymura metamfetamindən istifadə etdiyini, bəzən isə metadon həbləri atdığını bildirmişdir. Bu zaman Teymur ona qramı 25 manata psixotrop maddə metamfetamin sata biləcəyini bildirmişdir. Sonuncu ilə razılaşıb bir neçə dəfə ondan metamfetamin almışdır. 2020-ci ilin oktyabr ayının ortalarında Lənkəran avtovağzalında müştəri gözləyərkən Teymur ona yaxınlaşıb Bakıya getmək istədiyini bildirmişdir. Başqa müştəri olmadığından onlar ikisi Bakıya yola düşmüşlər. Yolda Teymur ona bir ədəd bağlama olduğunu, bağlamanın içərisində heroin, metamfetamin və metodon olduğunu, bağlamanı cəmi 740 manata satdığını bildirmişdir. O, əsasən metamfetamindən istifadə etdiyini desə də, Teymur onun digər narkotik vasitələri də alıb, başqa şəxslərə sata biləcəyini bildirmişdir. Qiymətinin niyə belə ucuz olduğunu soruşanda, Teymur təcili pula ehtiyacının olduğunu və uzun müddət burada olmayacağını bildirmişdir. Sonuncunun uzun müddət olmayacağını və ondan yaxın zamanlarda psixotrop maddə ala bilməyəcəyini düşünüb, eyni zamanda qiyməti də çox ucuz olduğundan Teymurdan içərisində heroin, metamfetamin və metadon olan bağlamanı almağa razılaşmışdır. Bakıya çatdıqdan sonra Teymuru «20 Yanvar» metrostansiyasının yaxınlığında düşürmüş, sonuncu bir neçə saat sonra əlində bir bağlama ilə geri qayıtmışdır. Bağlamanı alıb avtomobilinin yük yerinə qoymuş və Teymura 740 manat pul vermişdir. Dərhal kirayə yaşadığı mənzilə getmişdir. Bağlamanı yaşadığı evə aparıb açıb baxanda, içərisində iki ədəd bükümdə narkotik vasitə heroin, iki ədəd bükümdə psixotrop maddə metamfetamin, hərəsində 10 həb olmaqla 10 ədəd listdə metadon həbləri və elektron tərəzi olduğunu görmüşdür. Heroin, metamfetamin və elektron tərəzini bir ədəd sellofan torbaya qoyub dəhlizdə tavanı aralayıb ora yerləşdirmişdir. Həbləri isə mənzilin girişdən sağ tərəfdə yerləşən yataq otağına aparıb orada ağ rəngli şkafın dolabını açıb künc hissəsinə qoymuşdur. Metafetamin və metadondan bir qədər istifadə etmiş, qalanlarını gizlədib saxlamışdır. 8 noyabr 2020-ci il tarixdə saat təxminən 11 radələrində içərisində psixotrop maddə metamfetamin olan bükümü əynindəki gödəkçənin sağ yan içəri cibinə qoyub mənzildən çıxıb həyətə düşmüşdür. Binanın qarşısında olarkən bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları ona külli miqdarda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və o, məcbur olub hər şeyi etiraf etmişdir. Yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş, mənzildə gizlətdiyi heroin, metamfetamin və metadon və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Baxış keçirilməzdən əvvəl ondan üzərində qanunsuz əşya və ya maddə olub-olmadığı soruşulmuşdur. Yalandan üzərində başqa əşya və maddənin olmadığını bildirib, cibindən bir ədəd siqaret qutusunu, iki ədəd «Samsung» markalı mobil telefonları, mənzilin açarlarını və 1.990 manat 90 qəpik pulu çıxarıb masanın üzərinə qoymuşdur. Lakin əynindəki gödəkçənin cibində bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini təqdim etməmişdir. Polis əməkdaşları onun üzərinə baxmadıqlarından fikirləşmişdir ki, fürsət olsa həmin bükümü tullayar. Təqdim etdiyi siqaret qutusuna baxış keçirilməklə pul vəsaiti sayılmışdır. Pulun 1.990 manat olduğu müəyyən edilməklə, açarlar və siqaret qutusu ilə birlikdə özünə qaytarılmışdır. Təqdim etdiyi iki ədəd «Samsung» markalı mobil telefonlar isə götürülmüşdür. Yaşadığı mənzildən aşkar olunmuş iki ədəd bükümdə narkotik vasitə olan heroin və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin, 10 konvalyut metadon həblər və bir ədəd elektron tərəzi iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Üzərindən aşkar edilən və araşdırma üçün əhəmiyyət kəsb etməyən əşyaları və pulu kirayə yaşadığı evdə saxlamışdır. Üzərində olan bir bükümdə psixotrop maddə metamfetamini ata bilməmişdir. Ardınca onlar iştirakçılarla birlikdə BMCMİ-yə gəlmişlər. Yol boyu həmin bükümü ata bilmədiyi üçün üzərində Baş İdarəyə gətirmişdir. Orada videoçəkilişlə üstünə baxış keçirilərkən, əynində olan göy rəngli parça materiallı gödəkçənin içəri sağ yan cibindən gizlədib saxladığı bir ədəd bükümdə metamfetamini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sonda baxışın nəticələrinə dair protokol tərtib edilmiş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməkdaşıdır. İdarəyə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə, yaşadığı ünvanda saxlayaraq daşıması və satışı ilə məşğul olması bildirilmişdir. Alınmış məlumat barədə raportla idarə rəhbərliyinə məruzə edilmiş və Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 8 noyabr 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Qərara əsasən o, əməliyyat qrupunun rəhbəri, əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və baş təhqiqatçı X1 isə qrupun üzvləri təyin edilmişdir. Həmin gün saat 12:50-də Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 11 ünvanının yaxınlığına yollanmışlar. Binanın həyətində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra sonuncuya narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə olan heroin, psixotrop maddə metamfetamin və yüksək təsir edici maddələrin olduğunu bildirmişdirəklə, daxil olan məlumatı təsdiq etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış keçirilməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq mənzildə olan dövriyyəsi qanunla qadağan olan maddələri təqdim edə biləcəyini bildirməklə onları 11 saylı evin 53-cü mənzilinə dəvət etmişdir. Baxış videoçəkiliş aparılmaqla keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs mənzilin giriş qapısından içəridəki dəhlizdə stula qalxıb otağın tavan hissənini əli ilə aralayıb oradan bir ədəd sellofan bağlamada olan maddələri təqdim edib, içində narkotik vasitə heroin və psixotrop maddə-metamfetamin olduğunu bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs mənzilin girişdən sağ tərəfdə yerləşən yataq otağında ağ rəngli şkafın dolabını açıb künc hissədən yapışqanlı lentə bükülmüş konvalyutda həbləri təqdim etmişdir. Həmin otaqda şərait uyğun olmadığından qeyd olunan maddə və əşyalara baxış keçirilməsindən ötrü iştirakçılarla birlikdə mənzilin zal otağına keçmişlər. Əvvəlcə dəhlizin tavanından aşkar olunmuş ağ sellofan bağlamadakı maddələrə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs bağlamanın içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bağlamada həmçinin bir ədəd elektron tərəzi də olmuşdur. Ardınca Təqsirləndirilən şəxs yataq otağında şkafdan götürüb təqdim etdiyi həblərə baxış keçirilmiş və hər birində 10 ədəd həb olmaqla 10 konvalyut «Metadon 40» adlı həbləri olduğu məlum olmuşdur. Baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya maddə olub-olmadığı soruşulmuş, sonuncu üzərində başqa əşya və maddənin olmadığını bildirib, cibindən bir ədəd siqaret qutusunu, iki ədəd «Samsung» markalı mobil telefonları, mənzilin açarlarını və pulu çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusuna baxış keçirilmiş, pullar sayılaraq 1.990 manat olduğu müəyyən edilmişdir. Əhəmiyyət kəsb etmədiyindən pul, açarlar və siqaret qutusu Cəmilin özünə qaytarılmışdır. Təqdim olunmuş 2 ədəd «Samsung» markalı mobil telefonlar araşdırma üçün əhəmiyyətli ola biləcəyindən götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr, iki ədəd qəhvəyi rəngli sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddələr, 10 konvalyut «Metadon 40» adlı naməlum tərkibli həblər və bir ədəd elektron tərəzi özünün iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs digər iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs BMCMİ-nə aparılmış, orada vəkil dəvət olunaraq sonuncuya təqdim olunmuşdur. Təqsirləndirilən şəxs tutulması ilə bağlı qərar və protokollar tərtib edilmişdir. Baş İdarədə mənzilə baxış keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş və imzalanmışdır. İdarədə Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarların yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmiş və ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Bu zaman sonuncu əynində olan göy rəngli parça materiallı gödəkçəsinin içəri sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə maddələri masanın üzərinə qoyub, psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Şübhəli şəxsin təqdim etdiyi bükümə baxış keçirilərkən içində ağ rəngli kristallar şəklində, iysiz psixotrop maddə olan metamfetaminə bənzər maddələr olduğu məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs mənzildə baxış zamanı üzərində olan psixotrop maddəni gizlədib saxladığını, yolda gələrkən tullamaq istədiyini, lakin tullaya bilmədiyini demişdir. O, həmçinin narkotik vasitə və psixotrop maddələri həm istifadə, həm də satmaq üçün əldə etdiyini bildirmişdir. Aşkar edilmiş bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və üzəri imzalanmışdır. Sonra baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə-kimyəvi ekspertizanın 9 noyabr 2020-ci il tarixli 6/2426 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələr» yazısı olan paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 49,719 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs yaşadığı mənzəldən aşkar olunmuş maddələr» yazısı olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 82,095 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir; 2 (iki) ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 124,266 qram və 132,061 qram, ümumi təmiz çəkisi 256,327 qram açıq qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; üzərində «Methadone 40» yazısı olan 10 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd həb olmaqla, ümumilikdə 100 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 100 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 4 qramdır (bir həbdə 0,04 qram metadon olmaqla); bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır, lakin heroin iz şəklində olduğu üçün, heroinin çəkisini və Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzəldən götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 131,814 qramdır və həmin metanfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in l siyahısına, metadon tərkibli dərman preparatı «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in İİ siyahısına daxildirlər». Məhkəmə-psixiatrik ekspertizasının 24 noyabr 2020-ci il tarixli, 2323 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə həmin xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 noyabr 2021-ci il tarixli, 132 saylı rəyindən görünür ki, «Müayinə zamanı Təqsirləndirilən şəxs sintetik tərkibli tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». İşin 21-23-cü vərəqlərindəki «Mənzilə baxış və götürmə aparılması haqqında» 8 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 8 noyabr 2020ci il tarixdə saat 12:50 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq, yaşadığı 53 saylı mənzilə keçirilən baxış və götürmə zamanı həmin mənzilin giriş qapısından içəridəki dəhlizin tavanından ayrılıqda çəkiləri 124,266 qram və 132,061 qram olmaqla ümumilikdə- 256,327 qram çəkidə narkotik vasitə heroin, 82,095 qram çəkidə psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektrin tərəzi və mənzilin yataq otağında yerləşən dolabın içərisindən 100 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 4 qram olan narkotik vasitə metadon dərman preparatları aşkar edilərək götürülmüşdür. İşin 34-36-cı vərəqlərindəki «Şəxsi axtarış və götürmə aparılması haqqında» 8 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin içəri sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə 49,719 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin 167-184-cü vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» 10 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş qalıq çəkisi 256,127 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 131,714 qram olan narkotik vasitə olan heroin, qalıq 90 ədəd narkotik vasitə metadon həbləri və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, baxış və götürmənin aparılması, həmçinin şəxsi axtarış və götürmənin aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd «DVD» disk maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir. İşin 155-156-cı vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 30-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 137-ci vərəqindəki şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 4 may 2010-cu il və 30 dekabr 2011-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. İşin 136-cı vərəqindəki xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 08 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Maddi sübut: Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş qalıq çəkisi 256,127 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 131,714 qram olan narkotik vasitə olan heroin, qalıq 90 ədəd narkotik vasitə metadon həbləri və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd «DVD» disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 8 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş qalıq çəkisi 256,127 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 131,714 qram olan narkotik vasitə olan heroin, qalıq 90 ədəd narkotik vasitə metadon həbləri və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-839/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-839/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver