Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-839/2023 20.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X2, Müdafiəçi: Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papaniın adlanan ərazidə istintaqa məlum olmayan mənbədən 30 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,594 qram psixotrop maddə metamfetamini və 50 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 6,905 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 12:00-da Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına aparılmış, orada həmin tarixdə saat 13:35-də üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən iki ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərdə içərisində külli miqdarda təmiz çəkisi 2,594 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 6,905 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, üstündə metamfetaminlə, qurudulmuş marixuana olmuşdur. Binəqədi rayonunda yerləşən məhəlləsində, Y.Hüseynov 17 ünvanında onu saxlamışlar. Evə getmək istəyirmiş, özlərini təqdim etmişlər. Polis bölməsinə getməyi təklif etmişlər. O da getmişdir. Üstündən marixuana və metamfetamin çıxmışdır. Həmin narkotik vasitələr onun imiş. Çəkiliş olmuşdur, çəkilişdə papanindən aldığını demişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiqləyir. Onu 6-cı bölməyə aparmışlar. Üzərinə axtarışı 6-cı bölmədə etmişlər. Saxlanılanda üzərini axtarmamışlar, polis bölməsində axtarmışlar. Saxlanılıb polis bölməsinə gətirilməyi arasında 5 dəqiqə keçmişdir. Oradan bölməyə 5 dəqiqə yol imiş. Üstündə polis bölməsinə getmiş, polis bölməsində üstündən çıxmışdır. Saxlanılanda üzərindəkini polisə təqdim etməmişdir, polis bölməsində təqdim etmişdir. Həbsdə qalma müddətini xəstəliyi ilə əlaqədar uzatmamışlar. Ona təzyiq olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili işləyir. O, o təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Onlara məlumat daxil olmuşdur ki, Mehdi adlı şəxs narkotik vasitədən istifadə edir, saxlayır və daşıyır. Bununla bağlı Şahid2la birlikdə əməliyyat tədbiri keçirmişlər. Təqsirləndirilən şəxsi saxlayıb polis bölməsinə gətirmişlər. Bölmədə vəkillə təmin olunmuş və çəkiliş aparılmışdır. Çəkiliş zamanı üzərindən metamfetamin və marixuana aşkar olunmuşdur. Bundan başqa iki ədəd Samsung markalı mobil telefon aşkar olunmuşdur. Tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki-psixi təsir olmamışdır. O, qaçmağa cəhd etməmişdir. Asif Salahovla birgə çəkilişdə iştirak etmişdir. Çəkilişdə vəkil olmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan 09 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X3 tərəfindən 10 sentyabr 2022-ci il tarixdə qəbul edilmiş 4(001 )-1031/2022 nömrəli qərarla Təqsirləndirilən şəxs barəsində 09 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Binəqədi RPİ-nin 6-ci PB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol cibindən iki ədəd şəffaf sellofan bükümləri, sağ yan cibindən isə iki ədəd «Samsung» markalı mobil telefonları çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin onda hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunduqda o, 1 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan kütlənin psixotrop maddə metamfetamin və digər 1 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. O narkotik vasitə istifadə etməsini və həmin bükülüləri 06 sentyabr 2022-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirdiyini, metamfetamini 30 manata marixuananı isə 50 manata aldığını bildirmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə fizikikimyəvi ekspertizasının 10 sentyabr 2022-ci il tarixli 6/5010 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №174” dairəvi möhür əksi olan, «Sultanov» sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,594 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamletamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddənin siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi-2,594 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq-2,544 qram. (ekspertiza tədqiqatın dəyəri 65 (altmış) manat) Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-bioloji ekspertizasının 10 sentyabr 2022-ci il tarixli 7/1003 №-li rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş üzərində “1. İmza Sultanov...” sözləri yazılmış zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 6,905 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-6,905 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-6,855 qram. (ekspertiza tədqiqatın dəyəri 89 (səksən doqquz) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 10 sentyabr 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs qeyri-qanuni əşyaları təqdim etməsi təklif edildikdə onun əynində olan boz rəngli cins şalvarının sol yan cibindən iki ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərdə içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamini və narkotik vasitə marixuananı, sağ yan cibindən 2 ədəd «Samsunq» markalı mobil telefonları çıxararaq masanın üzərinə qoyduğu, həmin bükümlərdə psixotrop maddə metamfetamini 30 manata, narkotik vasitə marixuananı isə 50 manata 06 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün əldə eldiyini və üzərində gəzdirdiyini göstərdiyi müəyyən edilmişdir. Bundan başqa, həmin baxışda iştirak etmiş Təqsirləndirilən şəxs videokadrlarda görünən şəxsin məhz özü olduğunu təsdiq etmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 07 noyabr 2022-ci il tarixli 6668 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Azərbaycan RespubiiKası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X8 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 05 dekabr 2022-ci il tarixli, 3242 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs «Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu» müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu cinayət törətdiyi zaman o dərəcədə ifadə olunmayıb ki, onun öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri akına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 09 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzasının yüngülləşdirən hal kimi qiymətləndirir, əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 154 (yüz əlli dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,544 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamletamin və qalıq-6,855 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD- R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 154 (yüz əlli dörd) manat alınıb dövlət büdcəsinə verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdən 09 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ayın hər günü, azadlıqdan məhrum etmə cəzasının 1(bir) gününə bərabər tutulmaqla, həmin müddət təyin edilmiş cəza müddətindən çıxmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 154 (yüz əlli dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,544 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin və qalıq-6,855 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) İradə Həsənzadə Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-839/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-839/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver