Məhkəmə qərarları › İş №1(101)-840/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-840/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-840/2021 05.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid İbadulla oğlu Hüseynovun sədrliyi ilə, hakimlər Eldar Herov oğlu İsmayılov və Samir İmamverdi oğlu Əliyevdən ibarət tərkibdə, X2 və İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1984-cü il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 87-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 15-də nömrəsiz evdə yaşamış, 10 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 noyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 08 noyabr 2020-ci il tarixdə, saat 05:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 55 ünvanının qarşısında silah qismində istifadə etdiyi bıçaqla tanışı Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq etməklə basqın edib sonuncuya məxsus içərisində “Azerfon” mobil operatoruna məxsus 3 manatlıq danışıq kartı olan 140 manat dəyərində “İphone 6” modelli mobil telefon aparatını ələ keçirmiş, bundan sonra cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs paltarlarını soyunmasını tələb etdikdə ona etirazını bildirən Zərərçəkmiş şəxs basqın edərək silah qismində istifadə etdiyi bıçaqla sonuncunun sol qol nahiyyəsindən bir dəfə zərbə vurub ona sol bazunun yuxarı üçdə birinin bayır səthinin kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edib 143 manat dəyərində əmlakını ələ keçirməklə quldurluq etmişdir. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun silah qismində bıçaq istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edib 143 manat dəyərində əmlakını ələ keçirməklə quldurluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə də məhkum olunmuşdur, evlidir, himayəsində 2 nəfər azyaşlı övladı vardır. O, zərər çəkmiş Zərərçəkmiş şəxs hadisədən təxminən 1 il əvvəl tanımışdır. Qurbanla ortaq tanışları vasitəsilə tanış olmuş və normal münasibətləri olmuşdur. Lakin sonradan Zərərçəkmiş şəxs narkotik vasitə satdığını öyrəndiyi üçün münasibətləri pozulmuşdur. O, uzun müddət “İnqilab” adlanan ərazidə yaşadığı üçün Zərərçəkmiş şəxs həmin ərazidə narkotik vasitə satmaması ilə bağlı xəbərdarlıq etmişdir. Lakin buna baxmayaraq, Qurban narkotik vasitənin satışına davam etmiş və hətta eşitdiyinə görə narkotik vasitə satmaq adı ilə bəzi tanışlarından pul alaraq onları aldatmışdır. Eşitdiyinə görə Qurban onun tanışlarına “Elməddin gedib öz evinin dərdini çəksin, kiminsə işinə qarışmasın” sözlərini də demişdir. Bu söz ona çox təsir etdiyindən Qurbanı cəzalandırmaq üçün onu axtarmışdır. Qurban isə onun tərəfindən axtarıldığını bildiyi üçün daima ondan qaçmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 07 noyabr 2020-ci il tarixdə, saat 22 radələrində ortaq tanışları Şahid1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən evdə qonaq olarkən Qurban da Elməddingilə gəlmişdir. Orada olarkən o, söhbət əsnasında Qurbana onun arxasınca danışdığına görə iradlarını bildirmiş və bu səbəbdən onların arasında sözlü mübahisə olmuşdur. Elməddingildə qonaq olduğundan o, orada söz-söhbətin uzanmaması üçün mübahisəni davam etdirməmişdir. Artıq 08 noyabr 2020-ci il tarixə keçən gecə, təxminən saat 05:30 radələrində o, Qurbanla birlikdə Elməddingilin evini tərk edərək ikisi piyada yol getməyə başlamışlar. Ara məhəllələrin birində olarkən Qurbana yenidən iradını bildirmiş və onun arxasınca danışmasının səbəbini soruşmuş, lakin Qurban bunu etiraf etməmişdir. Qurbanın onun arxasınca danışmasını etiraf etməməsi onu əsəbləşdirdiyindən o, yumruq və təpiklə Qurbanı vuraraq döymüş, həmçinin Qurbandan camaatı aldadıb pullarını alması ilə bağlı cavab verməsini istəmişdir. Həmin vaxt Qurban qorxduğu üçün «polis, polis» qışqıra-qışqıra qaçmağa başlamış, o, qaçan zaman yerə yıxılmış və həmin vaxt onun üzərində olan “İphone 6” markalı mobil telefon yerə düşmüşdür. Amma Qurban ayağa qalxaraq telefonunu götürmədən oradan uzaqlaşmışdır. O, Qurbanın telefonunu yerdən götürmüş və yenidən ortaq tanışları olan Elməddingilin evinə getmişdir. Qurbanın telefonunu Elməddinə vermiş, Qurbanın gəlib telefonunu götürəcəyini ona demiş və çıxıb evlərinə getmişdir. Daha sonra polis əməkdaşlarının onu axtardığını bildiyi üçün könüllü olaraq Nərimanov RPİ-nin 16-cı PB-nə getmiş, gedərkən üzərində bıçaq olduğu üçün həmin bıçağı könüllü olaraq polis əməkdaşlarına təhvil vermiş və olanlar barədə izahat yazmışdır. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, Qurbanı vurarkən əlində bıçaq olmamışdır. Ola bilsin əlindəki telefon Qurbanın qolunu zədələmişdir. Polis bölməsinə təhvil verdiyi bıçaq isə dostu Elməddinin evində meyvə doğradığı bıçaq olmuşdur. Qurbanı vurarkən niyyəti sonuncunu hərəkətlərinə görə cəzalandırmaq olmuş, hər hansı telefon və s. maddi nemət əldə etmək olmamışdır. Qurbanla əvvəllər də münasibəti yaxşı olmuş, hadisədən sonra da barışmışlar. Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 7-8 əvvəl tanımışdır. Elməddinlə ortaq tanışları vasitəsilə tanış olmuş və aralarında yoldaşlıq münasibəti yaranmışdır. Lakin sonradan aralarında anlaşılmazlıq olduğu üçün münasibətləri pozulmuşdur. 07 noyabr 2020-ci il tarixdə, saat 21 radələrində yaşadığı evdə olarkən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə yadında qalmayan tanımadığı nömrədən zəng gəlmiş, zəng vuran Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs telefonda onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, Elməddindən harada olduğunu soruşduqda Elməddin ona başqa bir ortaq tanışları olan Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yaşayan Elməddingilin evində olduğunu bildirmişdir. O, piyada Elməddingilin evinə getmiş, həqiqətən Təqsirləndirilən şəxs də orada olduğunu görmüşdür. Elməddingildə olan zaman Təqsirləndirilən şəxslə aralarında mübahisə olmuş, onlar uzun sürən söhbətdən sonra mübahisəni orada bitirmişlər. Təxminən 05:30 radələrində Təqsirləndirilən şəxslə birlikdə Elməddingilin evindən çıxaraq piyada getməyə başlamışlar. Yolda Təqsirləndirilən şəxs ondan danışmağa telefon istəmiş, telefonun cərəyanı az olduğundan əvvəl vermək istəməsə də, sonradan telefonu Elməddinə vermiş, Elməddin isə onun telefonunu götürüb getmişdir. Həmin vaxt Elməddin içkili olmuş, o, Elməddindən telefonu geri istədikdə aralarında mübahisə düşmüş və həmin vaxt Elməddin onu bıçaqla vurmuşdur. O, bıçaqdan yayınmaq üçün qaçarkən onun ayağı ilişmiş və yıxılmış, Təqsirləndirilən şəxs isə çıxıb getmişdir. O, qolundan qan axa-axa gedərkən polisləri görmüş və onlardan kömək istəmişdir. Bundan sonra isə o, polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya getmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs ondan telefon, pul və s. əşya istəməmiş, nə də paltarını çıxarmasını tələb etməmişdir. Təqsirləndirilən şəxs dostu elə hadisə günü onun telefonunu ona geri qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tədqiq olunan ifadələrində hadisənin mahiyyəti üzrə göstərmişdir ki, yolda ara məhlələrin birində olan zaman Elməddin bıçaq çıxardaraq ondan telefonunu tələb etmişdir. O, Elməddinin əlində bıçağı görmüş və onu vurmasından ehtiyat edərək üzərində olan “İphone 6” markalı mobil telefonu Elməddinə vermişdir. Bundan sonra Elməddin ondan paltarlarını soyunmasını tələb etmişdir. O, Elməddinə “başın xarab olub, paltarlarını soyun nə deməkdir?” sözlərini dedikdə, Elməddin həmin vaxt əlində olan bıçaqla onun sol qolundan bir dəfə zərbə vurmuşdur. O, qolunda istilik hiss etmiş və Elməddinin bıçaqla onun qoluna xəsarət yetirdiyini başa düşmüşdür. Bundan sonra Elməddinin onu yenidən bıçaqla vurak biləcəyindən qorxduğu üçün qaçmağa başlamış, ətrafda olan polislərə eşitdirmək üçün «polis, polis» deyə-deyə qışqırmağa başlamış, Elməddin də onun arxasınca qaçmışdır. O, qaçarkən ayağı büdrəmiş və yerə yıxılmışdır. Yerə yıxılan zaman hər iki qolu sıyrılmışdır. Yerdə olan zaman Elməddin ona yaxınlaşmış və yenidən bıçaqla hədə-qorxu gəlib qışqırmamağı ondan tələb etmiş, onun gödəkcəsinin yaxasından tutaraq kənara çəkməyə başlamışdır. O, imkan tapıb Elməddinin əlindən çıxıb qaçmış və yenidən «polis» deyə qışqırmışdır. Elməddin onun arxasınca gəlsə də, o, «polis» deyə qışqırdığı üçün geri qayıdaraq qaçmağa başlamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, o, qaçarkən yolda piyada xidmət aparan 2 nəfər polis əməkdaşını görərək onlara səslənmişdir. Polis əməkdaşları yaxınlaşıb, nə baş verdiyini ondan soruşmuşlar. Polis əməkdaşlarına olanları danışmışdır. Bundan sonra polis əməkdaşı ona xəsarət yetirən şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. Onlara həmin şəxsi tanıdığını bildirmiş və həmin şəxsin təxmini harada ola biləcəyini demişdir. Belə ki, o, Təqsirləndirilən şəxs digər ortaq tanışı olan Elməddingilin evinə gedə biləcəyini ehtimal edərək polis əməkdaşları ilə birlikdə Elməddingilin ünvanına getmişdir. Qapını döymüş, qapını Elməddin açmışdır. Elməddin polis əməkdaşlarının yanında ona “İphone 6” markalı mobil telefonu vermiş və həmin telefonu bir neçə dəqiqə əvvəl Təqsirləndirilən şəxs gətirib verdiyini və Qurbanın gəlib mobil telefonu götürəcəyini bildirdiyini ona demişdir. O, Elməddinə də olanları demişdir. Bundan sonra, polis əməkdaşları onu 5 saylı Şəhər Kliniki Xəstəxanasına aparmış, orada onun qoluna ilkin tibbi yardım göstərilmiş və o, bundan sonra polis əməkdaşları ilə birlikdə Nərimanov RPİnin 16-cı Polis Bölməsinə getmişdir. Olanlar barədə orada ərizə yazmış və izahat vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, Təqsirləndirilən şəxs onu öldürməklə hədələməmişdir. Təqsirləndirilən şəxs onu Şahid1 evinə özü çağırmışdır. Elməddin onu bıçaqla vurmuş, lakin hadisə vaxtı Elməddin ona nə yumruq, nə də təpik vurmuşdur. Hadisə zamanı o, qaçarkən telefonu yerə düşməmişdir. Ətrafda heç kəs olmadığı üçün onları görən şəxs olmamışdır. Hadisə zamanı onun istifadəsində ***-***-**-** mobil nömrəsi, Təqsirləndirilən şəxs istifadəsində isə ***-***-**-** mobil nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı ona xəsarət yetirdiyi bıçağın tiyəsi və dəstəyi qara rəngli olmuş, ölçüsü isə böyük olmuşdur. Ona məxsus olan “İphone 6” markalı mobil telefonun qiyməti 150 manat və həmin telefon üzərində 3 manat dəyərində olan ***-***-**-** saylı mobil nömrə olmuşdur. Lakin nömrə balansında danışıq məbləği olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tədqiq olunan həmin ifadəsinin davamında daha sonra göstərmişdir ki, o, narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olmamış, Təqsirləndirilən şəxs ilə arasında əvvəllər mübahisə olmamış, Sadəcə onların arasında narazılıq olduğu üçün münasibətləri kəsmişlər. Hadisənin əks olunduğu görüntülərdə hadisənin bir qismi düşmüşdür. Belə ki, həmin görüntülərə qədər artıq Elməddin onu bıçaqla hədələyib telefonunu almış və ona sol qolundan bıçaqla xəsarət yetirmişdir. Həmçinin Elməddin onun yaxasından tutaraq qaçmasına imkan verməmişdir. O, Elməddindən qaçdıqdan sonra baş verənlər müşahidə kameralarına düşmüşdür. Elməddindən qaçan zaman ayağı büdrəmiş və yerə yıxılmışdır. Elməddin onun arxasınca qaçaraq onu yerdə tutmuşdur. Ayağa qalxan zaman «polis» deyə qışqırmış və həmin vaxt Elməddin sol əli ilə onun yaxasından tutaraq sağ əlindəki bıçaqla yenidən hədələyib qışqırmamasını tələb etmişdir. Lakin o, yenidən imkan tapmış və qaçaraq hadisə yerindən uzaqlaşmışdır. (iş vərəqə: cild İ, səh. 37-41). Məhkəmə baxışı zamanı tədqiq olunan, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sərbəst ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 77-80). Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin X10 Alayının (bundan sonra: ÇPA) polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 2015-ci ildən DİN-in X10 Alayının 1-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləmiş, polis serjantıdır. 08 noyabr 2020-ci il tarixdə, səhər saat 05:35 radələrində piyada postu ilə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin inzibati ərazisində, yəni X7 küçəsində xidmətdə olarkən bir nəfər 45-50 yaşlarında kişinin ucadan “polis, polis” deyə qışqıraraq ona doğru gəldiyini görmüşdür. O, dərhal həmin şəxsə yaxınlaşaraq nə baş verdiyini soruşmuş, şəxs özünü təqdim edərək adının Qurban olduğunu bildirmişdir. Həmçinin həmin şəxs ona tanışı Elməddin adlı şəxsin bıçaqla hədə-qorxu gəlib onun “İphone 6” markalı mobil telefonunu aldığını və bıçaqla sol qolundan xəsarət yetirdiyini demişdir. Həqiqətən də həmin şəxsin sol qolundan qan gəldiyini görmüşdür. O, Qurbandan həmin şəxsin harada ola biləcəyini soruşduqda, Qurban ona həmin şəxsin hadisədən sonra qaçdığını, lakin təxmini hara gedə biləcəyini bildiyini demişdir. Bundan sonra o, 9766 çağırışlı avtomobillə xidmətdə olan post yoldaşları Şahid3 və X4 efir vasitəsilə məlumat vermiş və onlardan kömək məqsədilə X7 küçəsinə gəlmələrini xahiş etmişdir. Onlar təxminən 5-6 dəqiqə sonra idarə etdikləri xidməti avtomobillə X7 küçəsinə gəlmişlər. O, Qurbanla birlikdə xidməti avtomobilə əyləşmiş, Qurban onlara istiqaməti göstərmiş və onlar Qurbanın dediyi evin qarşısına getmişlər. O, və Qurban avtomobildən düşmüş və Qurban bıçaqla ona xəsarət yetirib mobil telefonunu alan tanışı Elməddin adlı şəxsin həmin evdə ola biləcəyini ona bildirmişdir. Bundan sonra Qurban həmin evin qapısını döymüş, qapını bir nəfər oğlan açmış, Qurban həmin şəxsdən Elməddinin onların evində olub-olmadığını soruşmuşdur. Həmin şəxs Qurbana Elməddinin onlarda olmadığını, lakin bir neçə dəqiqə əvvəl gəlib ona “İphone 6” markalı mobil telefon verdiyini və Qurban gələrsə, telefonu Qurbana verməsini tapşırdığını bildirmiş, sonra isə “İphone 6” markalı mobil telefonu gətirib Qurbana vermişdir. Şahid2 ifadəsinin davamında, həmçinin göstərdi ki, Qurban hadisə zamanı sol qolundan bıçaqla xəsarət aldığı üçün qolundan qan gəldiyindən onlar Qurbanı 5 saylı Şəhər Kliniki Xəstəxanasına aparmış, orada Qurbanın yarasına ilkin tibbi-yardım göstərilmişdir. Onlar bundan sonra Qurbanı Nərimanov RPİ-nin 16-cı PB-nə aparmış və olanlar barədə raportla bölmə rəhbərliyinə məruzə edib polis bölməsini tərk etmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-in Əlahiddə ÇPA-nın 1-ci Patrul Bölüyünün polis nəfəri Şahid3 ifadəsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Qurban və Elməddini uzun müddət əvvəl tanımış, onların heç biri ilə ədavəti və ya düşmənçiliyi olmamışdır. 07 noyabr 2020-ci il tarixdə, saat təxminən 21 radələrində tanışı, baxılan iş üzrə Təqsirləndirilən şəxs onun yaşadığı evə qonaq gəlmiş, o, Elməddinlə bir qədər söhbət etdikdən sonra Elməddin istifadəsində olan mobil telefonla zərər çəkmiş Zərərçəkmiş şəxs zəng edərək sonuncunu onun yaşadığı evə dəvət etmişdir. Təxminən 15-20 dəqiqə sonra Qurban da onun yaşadığı evə gəlmiş və onlar birlikdə oturmuşlar. Daha sonra bilmədiyi səbəbdən Qurbanla Elməddinin arasında mübahisə düşmüş, amma sonra hər iki tərəf sakitləşmişdir. Onlar birlikdə səhər 05 qədər oturub söhbət etmişlər. Sonra Elməddin və Qurban birlikdə çıxıb getmiş, o isə yatmışdır. Saat təxminən 06 radələrində yaşadığı evin qapısı döyülmüş, o, qapını açmış, gələn Təqsirləndirilən şəxs olmuşdur. Elməddin ona bir ədəd “İphone 6” markalı mobil telefon vermiş və əgər Qurban onlara gələrsə, həmin telefonu Qurbana verməsini tapşırmışdır. O, Elməddindən nə baş verdiyini soruşmuş, lakin Elməddin heç nə demədən çıxıb getmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs çıxıb gedəndən təxminən 15-20 dəqiqə sonra Qurban polis əməkdaşı ilə birlikdə onun yaşadığı evə gəlmiş, Qurban ondan Təqsirləndirilən şəxs onlarda olub-olmadığını soruşmuşdur. O, Qurbana Elməddinin onlarda olmadığını, lakin 15 dəqiqə əvvəl gəlib ona “İphone 6” markalı bir ədəd mobil telefon verdiyini və Qurban gələrsə, telefonu sonuncuya verməsini bildirdiyini demişdir. Elməddinin ona verdiyi mobil telefonu Qurbana vermiş və sonra Qurbanla polis əməkdaşı çıxıb getmişdir. Qurbanın və Elməddinin onun yaşadığı evdə hansı səbəbdən mübahisə etdiyini dəqiq bilməmişdir. Elməddin və Qurbanın əvvəllər aralarında hər hansı bir mübahisə və ədavətlərinin olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona “İphone 6” markalı mobil telefon aparatını verən zaman həmin mobil telefon aparatını Zərərçəkmiş şəxs cinayət yolu ilə əldə etməsi barədə məlumat verməmiş, sadəcə ona “Qurban gəlsə, telefonu verərsən” demişdir. Zərərçəkmiş şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, hadisə yerinə baxış keçirilməsi barədə 08 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 55 ünvanının qarşısında baş vermişdir (iş vərəqə: cild İ, səh. 16-18). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibbi ekspertizasının 10 noyabr 2020-ci il tarixli, 837 nömrəli rəyindən görünür ki: - Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sol bazunun yuxarı üçdə birinin bayır səthinin bir ədəd kəsilmiş yarası – kəsici alətin ola bilsin bıçağın tiyəsinin təsirindən, sol dirsək oynağının, sağ əlin arxa səthinin sıyrıqları isə - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 08 noyabr 2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətinə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddirlər. - Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin öz-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil (iş vərəqə: cild İ, səh. 201-202). Məhkəmə baxışı zamanı tədqiq olunan, könüllü təqdim etmə barədə 10 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Quliyev X1 RPİ-nin 16-cı PB-də olarkən üzərində olan 01 ədəd bıçağı ibtidai istintaq orqanına könüllü olaraq təqdim etmiş, həmin bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən protokol üzrə götürülmüşdür (iş vərəqə: cild İ, səh. 26). Məhkəmə baxışı zamanı tədqiq olunan, maddi sübutların götürülməsi və baxış keçirilməsi haqqında 11 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş gödəkcə, qısaqol köynək və cinayət yolu ilə Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş “İphone 6” markalı mobil telefon zərər çəkmiş Zərərçəkmiş şəxs götürülmüşdür (iş vərəqə: cild İ, səh. 69-73). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-bioloji ekspertizasının 25 dekabr 2020-ci il tarixli, 920/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu AB / İV/-dir. (şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və gödəkcə üzərində qana bənzər şübhəli ləkələr aşkar edilmədi (iş vərəqə: cild İ, səh. 203- 205). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kriminalistik ekspertizasının 15 yanvar 2021-ci il tarixli, 612/2020-MTKŞ saylı rəyindən görünür ki: İ.1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin arxa hissəsinin orta-aşağı nahiyəsində, gödəkcənin yalnız üst qatını zədələyən dörd ədəd; köynəyin sol qolunun yuxarı-bayır nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Bu zədələrin ekspertizaya təqdim edilmiş bıcağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. İİ.1. Ekspertizaya təqdim olunmuş bıcaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıcağıdır və soyuq silah hesab olunmur.

2. Təqdim olunmuş bıcağın üzərində onun təyinatını dəyişə biləcək heç bir əlavə və ya dəyişiklik edilməmişdir (iş vərəqə: cild İ, səh. 215-219). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsindən ***-**** saylı, 12 noyabr 2020-ci il tarixli məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında eyni tarixli protokoldan görünür ki, diskin içərisində VİD-20201112-WA0000, VİD-20201112- WA0001 və VİD-20201112-WA0002 adlı 03 ədəd video fayl vardır. VİD-20201112-WA0000 video fayla baxış zamanı müəyyən edilmişdir ki, faylda 48 saniyəlik video görüntü vardır. Video görüntüdən görünür ki, 2 nəfər şəxs markası və qeydiyyat nişanı bilinməyən avtomobilin arxa hissəsində dayanaraq mübahisə edir. Görüntünün 30-cu saniyəsində həmin şəxslərdən biri digərinin arxası ilə qaçır və qaçan şəxsin ayağı büdrəyək yerə yıxılır. Bundan sonra yıxılan şəxsin arxası ilə qaçan şəxs həmin şəxsə yaxınlaşır. Sol əlini öz ağzına yaxınlaşdıraraq yıxılan şəxsə işarə verir. Daha sonra yıxılan şəxs ayağı qalxır. Digər şəxs onun yaxasından tutaraq sağ əlində olan lakin video görüntüyə aydın düşməyən naməlum aləti bir neçə dəfə digər şəxsə qarşı uzadaraq geri çəkir. Bundan sonra əlində naməlun alət olan şəxs digər şəxsi yaxasından turaraq kənara çəkir və həmin şəxslər görüntüdən itirlər. VİD-20201112-WA0001 video fayla baxış zamanı müəyyən edilmişdir ki, faylda 19 saniyəlik video görüntü vardır. Görüntüdən görünür ki, əlində naməlum alət olan şəxs digər şəxsin arxası ilə qaçır. Lakin digər şəxs əlində naməlum alət olan şəxsdən uzaqlaşır. Bundan sonra əlində naməlum alət olan şəxs digər şəxsin ondan uzaqlaşdığını görərək geri qayıdıb qaçaraq hadisə yerindən uzaqlaşır. VİD-20201112-WA0001 video fayla baxış zamanı müəyyən edilmişdir ki, faylda 47 saniyəlik video görüntü vardır. Görüntüdən görünür ki, əlində naməlum alət olan şəxsin digər şəxsin yaxasından tutaraq üzbəüz dayanır. Bu zaman digər şəxs əlində naməlum alət olan şəxsin yanından qaçmağa başlayır. Əlində naməlum alət olan şəxs onun arxası ilə qaçır və video müşahidə kamerasını görərək əlində naməlum alət olan sağ əlini belinə doğru gizlədərək geri qayıdıb hadisə yerindən qaçır (iş vərəqə: cild İ, səh. 74-76). İşdə olan və məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilmiş, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 dekabr 2020-ci il tarixli, 3528 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 206-207). Məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 dekabr 2020-ci il tarixli, 2515 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 208-210). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 yanvar 2021-ci il tarixli, 9/19 nömrəli rəyindən görünür ki, ekspertiza təqdimatına təqdim edilmiş 1 ədəd “İphone” markalı, “6” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti 140,00 manat müəyyən olunur (iş vərəqə: cild İ, səh. 211-214). Məhkəmə baxışı zamanı tədqiq olunan, əşyanın zərər çəkmiş şəxsə tanınmaya təqdim edilməsi haqqında 10 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 16-cı PB-də olarkən təqdim etdiyi bıçaq Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmişdir. Tanınma zamanı Zərərçəkmiş şəxs təqdim edilmiş bıçaqları nəzərdən keçirərək bildirmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs Maşalah oğlu ona xəsarət yetirən zaman təqdim edilmiş bıçaqların heç birindən istifadə etməmişdir (iş vərəqə: cild İ, səh. 42-43). İbtidai istintaq orqanının 10 fevral 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş “İphone” markalı, “6” modelli mobil telefon cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (iş vərəqə: cild İİ, 17-18). Həmçinin ibtidai istintaq orqanının 11 fevral 2021-ci il tarixli qərarına əsasən Nərimanov RPİ-nin 16-cı PB-dən daxil olmuş cinayət hadisəsinin baş verdiyi ünvanda quraşdırılmış müşahidə kameralarının qeydə aldığı video görüntülərin əks olunduğu CD formatlı disk və hadisə vaxtı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd boz rəngli gödəkcə və bir ədəd tünd qırmızı rəngli, qısaqol kofta iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, CD disk cinayət işinin materiallarına əlavə olunmuş, bir ədəd boz rəngli gödəkcə və bir ədəd tünd qırmızı rəngli, qısaqol kofta isə saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: cild İİ, 25-38). Ən nəhayət ibtidai istintaq orqanının 11 fevral 2021-ci il tarixli qərarına əsasən Nərimanov RPİ-nin 16-cı PB-də olarkən Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilmiş 01 ədəd bıçaq baxılan iş üzrə baş vermiş cinayətin aləti olaraq təsdiq edilmədiyindən maddi sübut kimi tanınmamışdır (iş vərəqə: cild İİ, 25-38). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq edib, hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib, ona yüngül bədən xəsarəti yetirməklə bağlı basqın edərək quldurluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Belə ki, Təqsirləndirilən şəxs quldurluq yolu ilə zərər çəkmiş şəxsə məxsus mobil telefonu ələ keçirdikdən az bir müddət sonra həmin mobil telefonu Şahid1 vasitəsi ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarması heç də cinayət törətməkdən könüllü imtina kimi qiymətləndirilə və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edə bilməz. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olundu ki, hadisə zamanı zərər çəkmiş şəxsin imkan tapıb qaça bilməsi, təqsirləndirilən şəxsin eşidə biləcəyi məsafədən polis əməkdaşlarını köməyə çağırması və qaçmaqda olan zərər çəkmiş şəxsi təqib edərkən ərazidə quraşdırılmış müşahidə kameralarını görməsi təqsirləndirilən şəxsi qanuna zidd hərəkətlərini, o cümlədən zərər çəkmiş şəxsi təqib etməyi dayandırmaq məcburiyyətində qoymuşdur. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 7ci bəndində məhkəmələrə tövsiyə edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Ali Məhkəmə Plenumunun həmin Qərarının 23-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20.11.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə, Səbail Rayon Məhkəməsinin 07.04.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20.08.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 180.2.5 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətinə, Nizami Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə, Səbail Rayon Məhkəməsinin 08.08.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və sonuncu hökm üzrə cəza çəkməsinin əvvəlinin 31 may 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 (bir) il 8 (səkkiz) ay 22 (iyirmi iki) gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, cəzasının sonu 08 iyun 2021-ci il tarixə nəzərdə tutulmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Nizami Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli hökmünün çıxarılmasınadək Təqsirləndirilən şəxs üzərində olmuş məhkumluqları ödənilmiş və həmin məhkumluqlarla bağlı bütün hüquqi nəticələr ləğv olunmuşdur. Lakin Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli və Səbail Rayon Məhkəməsinin 08.08.2018-ci il tarixli hökmləri üzrə olan məhkumluqları ödənilməmiş və ya götürülməmişdir. Belə ki, işdə olan Səbail Rayon Məhkəməsinin 08.08.2018-ci il tarixli hökmündən görünür ki, Nizami Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin olunan 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu qaydasında Səbail Rayon Məhkəməsinin 08.08.2018-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunan 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanlmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs təyin olunan rejimdə cəzasının müəyyən hissəsini çəkmiş və yuxarıda qeyd edildiyi kimi, Suraxanı Rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 (bir) il 8 (səkkiz) ay 22 (iyirmi iki) gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət hadisəsini 08 noyabr 2020-ci il tarixdə, yəni Səbail Rayon Məhkəməsinin 08.08.2018-ci il tarixli hökmü üzrə Məntəqə tipli Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu və bu məhkumluğun doğuracağı hüquqi nəticələrlə bağlı məhkəmə qeyd edir ki, onun Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08.08.2018-ci il tarixli hökmünə əsasən təqsirli bilinib cinayətlərin məcmusu qaydasında məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsi hökmün çıxarıldığı tarixdə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir və həmin hökmlə Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Nizami Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli və Səbail Rayon Məhkəməsinin 08.08.2018-ci il tarixli hökmləri üzrə təyin olunan azadlıqdan məhrum etmə cəzaları Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu qaydasında toplanıldığından Təqsirləndirilən şəxs əməli cinayətlərin təhlükəli residivini yaratmayacaqdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. İşdə olan 10 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Nərimanov RPİ-nin 16-cı PB-nə gəlmiş və üzərində olan 01 ədəd bıçağı ibtidai istintaq orqanına könüllü olaraq təqdim etmişdir (iş vərəqə: cild İ, səh. 26). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs himayəsində 2 (iki) nəfər azyaşlı uşağı vardır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 (iki) nəfər azyaşlı uşaqlarının olmasını, könüllü gəlməsini, zərər çəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun barəsində cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsinin sanksiyası daxilində, residivə və hökmlərin məcmusuna görə cəza təyinetmənin prinsipləri, həmçinin Azərbaycan Respublikası CMnin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmadan, barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, eyni zamanda təyin olunacaq cəzaya Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08.08.2018-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu quldurluq cinayətini 08 noyabr 2020-ci il tarixdə, yəni Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08.08.2018-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gününü məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkərkən törətməsi və onun həmin əmələ görə 10 noyabr 2020-ci il tarixdə tutulması nəzərə alınmalı, ona Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında cəza təyin edilməli və Bakı şəhəri Səbail rayon məhkəməsinin 08.08.2018-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının onun tutulduğu 10 noyabr 2020-ci il tarixə çəkilməmiş qalan hissəsi - 6 (altı) ay 21 (iyirmi bir) gün yeni hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratmasını, onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri olaraq ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı tarixdən, yəni 10 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - 01 (bir) ədəd “İPhone” markalı, “6” modelli mobil telefonun məhkəməyədək icraat mərhələsində sahibi - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır; - iş üzrə cinayət hadisəsinin video fraqmentlərinin əks olunduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır; - Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc yerində saxlanılan, hadisə vaxtı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş, iş üzrə tədqiqat məqsədilə istintaq orqanı tərəfindən götürülmüş bir ədəd boz rəngli gödəkcə və bir ədəd tünd qırmızı rəngli, qısaqol kofta zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının onun tutulduğu 10 noyabr 2020-ci il tarixə çəkilməmiş qalan 6 (altı) ay 21 (iyirmi bir) günü qismən birləşdirilsin və ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 10 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - 01 (bir) ədəd “İPhone” markalı, “6” modelli mobil telefonun məhkəməyədək icraat mərhələsində sahibi - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın; - iş üzrə cinayət hadisəsinin video fraqmentlərinin əks olunduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın; - Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc yerində saxlanılan, hadisə vaxtı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş, iş üzrə tədqiqat məqsədilə istintaq orqanı tərəfindən götürülmüş bir ədəd boz rəngli gödəkcə və bir ədəd tünd qırmızı rəngli, qısaqol kofta zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri – 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar