Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-844/2020 20.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxx 2018-ci il tarixdə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edilən gəliri öz aralarında bölmək şərtilə şəxsiyyəti ibtidai istintaqla müəyyən edilməmiş qeyrisindən qeyri-müəyyən vaxtda və yerdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan 1012,584 qram çəkidə heroini əldə etmiş, daşımış, saxlamış və polis əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsində yerləşən hamamın qarşısında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirildikdən sonra orada keçirilmiş şəxsi axtarışı nəticəsində 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş şəkildə külli miqdarda - ümumi təmiz çəkisi 2,584 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli maddə olan narkotik vasitə heroin əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən, həmçinin istintaq-əməliyyat tədbirlərinin davamı olaraq xx xxxxxx 2020-ci il tarixdə saat 20:00-da Əzizi Babayevin yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış nəticəsində 2 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 510 qram və 500 qram olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 1010 qram (1 kq 10 qr) təşkil edən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə ilə xarici əlamətləri və tərkibindəki komponentlərə görə eyni olan narkotik vasitə heroin qonaq otağında yerləşən şkafın sağ tərəfdəki yuxarı siyirtməsindən qəhvəyi rəngli çantanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə gecə saat 03-04 radələrində evdə yatan zaman tanımadığı bir neçə polis əməkdaşı zorla evinə daxil olmuş və onu oyadaraq qandallayıb Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparmışlar. Polis bölməsində ona həm narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğu, həm də oğurluq etdiyi deyilərək əməlini etiraf etməsi tələb olunmuşdur. Sonra isə ona təzyiq edən polis əməkdaşları içərisində marixuana olan balaca sellofanı onun cibinə qoymuşlar və boynuna götürməyəcəyi təqdirdə ona qarşı başqa təsir tədbirləri görəcəklərini bildirmişlər. O da qorxduğu üçün polislərin dediyi kimi etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, axşam saat 18-19 radələrində onu yaşadığı ünvana gətirərək evinə baxış keçirmişlər. Polis əməkdaşları qonaq otağına daxil olaraq sellofan paketdə narkotik vasitəni şkafa qoymuşlar və ondan video çəkilən zaman həmin narkotik vasitənin özünə məxsus olduğunu boynuna almasını tələb etmişlər. O, yenə də məcburiyyət qarşısında qalaraq polis əməkdaşlarının dediyi kimi etmişdir. Bundan sonra o, Polis Bölməsinə aparılmış, orada sənədlərə imza etmişdir. Daha sonra isə onu Sabunçu rayon X3 Saxlama Yerinə təhvil vermişlər. Üzərindən və yaşadığı ünvandan aşkar edilmiş kimi rəsmiləşdirilən narkotik vasitələrin ona heç bir aidiyyatı yoxdur. O, şəxsən özü heç vaxt narkotik vasitə istifadə etməmiş və satmamışdır. 15-ci Polis Bölməsinin əməkdaşlarının təzyiqi ilə həmin narkotik vasitələrin özünə məxsus olduğunu bildirərək bu barədə sənədlərə imza etmiş və etirafedici ifadələr vermişdir. Ona görə də məhkəmədən bu məsələlərin diqqətə alınmasını və işinə obyektiv baxılaraq polisin ona qərəzli münasibətini də nəzərə alıb ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki narkotik vasitə istifadə edir. Daha çox narkotik vasitə olan heroinə üstünlük verir. Heroini inyeksiya yolu ilə qəbul edir. Təxminən bir ay öncə şəxsi işləri ilə əlaqədar Lənkəran rayonu ərazisində parkda olarkən təsadüfən üzdən tanıdığı və adının Elxan olduğunu öyrəndiyi keçmiş tanışını görmüşdür. Söhbət əsnasında həmin şəxs ona ucuz qiymətə, yəni 500 manata 1 kq-dan çox çəkisi olan narkotik vasitə heroin təklif etmişdir. Həmin adam narkotik vasitəni ona görə dəyərindən ucuz vermişdir ki, o, satıb əldə edəcəyi qazancın yarısını ona versin. Həmin vaxt üzərində pul olduğu üçün həm şəxsi istifadəsi üçün, həm də münasib alıcı olduqda baha qiymətə satıb gəlir əldə etmək niyyətilə Elxandan həmin narkotik vasitəni almağı qərara almışdır. Elxana pulu verdikdən sonra parkın ərazisində heç kimin görmədiyi şəraitdə qeyd olunan narkotik vasitəni götürmüşdür. O, Elxandan əlaqə üçün telefon nömrəsini istəsə də verməmişdir. Elxan təxminən bir aydan bir özünün onun yaşadığı yerə gəlib onu tapacağını və əldə etdiyi puldan razılaşdıqları kimi ona da verəcəyini bildirmişdir. O, razılığa gələrək narkotik vasitəni Elxandan təhvil götürüb Bakı şəhərinə gətirərək yaşadığı evdə gizlətmiş və ehtiyacı olduqca həmin narkotik vasitənin bir hissəsini istifadə etmişdir. Münasib müştəri tapmaq ehtimalı ilə evdəki narkotik vasitənin bir hissəsini üzərində gəzdirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 11 radələrində Kürdəxanı qəsəbəsi, M.Adil küçəsində hamamın yanında olarkən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və onun qanunsuz hərəkətlər törətməsi barədə onlarda məlumat olduğunu deyərək 15-ci Polis Bölməsinə dəvət etmişlər. O, razılaşaraq həmin şəxslərlə 15-ci Polis Bölməsinin inzibati binasına gəlmişdir. Orada polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmişlər və üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olub-olmaması soruşulmuş, o da məsuliyyətdən yayına bilməyəcəyini anlayaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, açıq rəngli, tozşəkilli, spesifik iyi olan narkotik vasitə olan heroini polislərə təqdim etmişdir. Üzərinə əlavə baxış zamanı başqa qanunsuz predmet aşkar edilməmişdir. Keçirilmiş tədbirlərin davamı olaraq evdə saxladığı narkotik vasitə də polislər tərəfindən aşkar edilərək götürülmüşdür. O, aşkar edilmiş narkotik vasitəni təxminən bir ay əvvəl şəxsi işləri ilə əlaqədar Lənkəran rayonu ərazisində olarkən üzdən tanısa da ünvanını və əlavə anket məlumatlarını bilmədiyi, təxminən 40-45 yaşlarında olan, ortaboylu, qara saçlı Elxan adlı şəxsdən ümumilikdə 500 manata almışdır. Həmin narkotik vasitəni aldığı adamı tanımır, ancaq onun adının Elxan olduğunu bilir. Tanımadığı şəxs dedikdə Elxan adlı şəxsi nəzərdə tutmuşdur. Narkotik maddəni həm öz istifadəsi üçün, həm də münasib müştəri olduqda baha qiymətə sataraq gəlir əldə etmək niyyətilə əldə edərək saxlamışdır (cild 1, iş vərəqə 85-87). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs xidməti ərazidə yaşayan sakin kimi tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə 15-ci Polis Bölməsinə Əziz adlı şəxsin narkotik vasitələrin əldə edilməsi, saxlanması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əməliyyat marağı kəsb etdiyi üçün rəhbərliyə raportla məruzə edilmiş və həmin şəxsin ifşa edilməsi məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin gün saat 11 radələrində əməliyyat qrupu üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsində yerləşən hamamın qarşısında olarkən özünü şübhəli aparan və xarici görünüşcə Əziz adlı şəxsin əlamətlərinə uyğun olan şəxs diqqətlərini çəkmişdir. Həmin şəxsə yaxınlaşaraq şəxsiyyətini aydınlaşdırmışlar və onun Kürdəxanı qəsəbəsinin sakini Təqsirləndirilən şəxs olmasını dəqiqləşdirmişlər. Bundan sonra daxil olmuş əməliyyat məlumatı barədə Təqsirləndirilən şəxs məlumat verilmiş və o, 15-ci Polis Bölməsinə dəvət edilmişdir. Polis Bölməsinə gəldikdən sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlanılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyalar və maddələr varsa onları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, açıq rəngli, tozşəkilli, spesifik iyi olan maddəni çıxarıb təqdim edərək həmin maddənin heroin olduğunu bildirmişdir. Bundan sonra həmin maddə qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Əziz artıq cinayət başında yaxalandığını başa düşmüş və başqa çıxış yolu olmadığını hiss edən şəxs kimi özünü çox sakit aparmışdır. Keçirilmiş şəxsi axtarışla bağlı tərtib edilmiş protokolla tanış olduqdan sonra bütün iştirakçılar kimi o da öz imzası ilə protokolu təsdiq etmişdir. Bundan başqa, tədbirlərin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına onun da iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin qonaq otağının giriş qapısı ilə üzbəüz qoyulmuş şkafın sağ yuxarı siyirtməsində olan qəhvəyi rəngli çantanın içərisindən iki ədəd şəffaf sellofan torbada olan, tozşəkilli, açıq qəhvəyimtil rəngli kütləni təqdim edərək onun heroin olduğunu, iki-üç ay əvvəl Lənkəran rayonunda tanımadığı şəxsdən 500 manata aldığını, özü istifadə etmək və satmaq məqsədilə əldə etdiyini və saxladığını bildirmişdir. Aşkar edilmiş maddə müvafiq qaydada qablaşdırılaraq götürülmüş və keçirilmiş baxışla bağlı protokol tərtib edilmişdir. Bütün iştirakçılar kimi o da protokolla tanış olduqdan sonra onu öz imzası ilə təsdiq etmişdir. Keçirilmiş bu tədbirlər zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq və təsir edilməmiş, bütün prosessual qaydalara ciddi əməl edilmişdir. Xidməti ərazisi olduğu üçün bir əməliyyat işçisi olaraq Təqsirləndirilən şəxs uzun müddətdən bəri tanıyır. Kürdəxanı qəsəbəsində Təqsirləndirilən şəxs sakinlərin böyük hissəsi narkotik alverçisi kimi tanıyır və dəfələrlə polisə ayrı-ayrı sakinlər tərəfindən şifahi qaydada gənclərin bədbəxt edilməsinin qarşısının alınması üçün Əziz barədə tədbir görülməsi xahiş edilmişdir. Əzizin hətta bütün qonşuları ondan daim narazılıq etmiş, narkomanların narkotik vasitə almaq üçün onların məhəlləsində yaşayan Əzizin evinin qarşısına müntəzəm gediş-gəlişlərindən narahat olmuşlar. Hətta Kürdəxanıda yaşamayan müxtəlif şəxslərin də narkotik vasitələr arxasınca Əzizin yanına gedib-gəlmələri barədə məlumatlar olmuşdur. Daim polisin diqqətindən yayınmaq üçün Əziz müxtəlif qeyri-adi üsullardan istifadə etmişdir. Hətta qəribə görünsə belə, Təqsirləndirilən şəxs yaşadığı evin darvazasını qıfıllayıb özü öz həyətinə hasardan bir qədər kənarda gizlətdiyi nərdivanla dırmaşmaqla keçmişdir. Əməliyyat şəraitini bilən şəxs kimi səmimi şəkildə bildirir ki, hazırda Kürdəxanı qəsəbəsinin sakinləri gecə-gündüz narkotik vasitələri yaymaqla məşğul olan Əzizin saxlanmasından sonra bir qədər rahat nəfəs ala bilirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi və həmçinin bildirdi ki, 29 ildən artıq bir müddətdə polis orqanlarında xidmət edir və xeyli vaxtdır ki, Kürdəxanı qəsəbəsində sahə rəisidir. Qəsəbə sakinlərinin demək olar ki, hamısını yaxından tanıyır. Təqsirləndirilən şəxs intensiv şəkildə narkotik vasitələrin gənclər arasında yayılması ilə məşğul olub. Bu şəxs həm də dəfələrlə başqa qanunazidd əməllər də törədib və ona görə də o, dəfələrlə Əzizi yanına dəvət edib lazımi araşdırma aparmış, profilaktiki tədbirlər görmüşdür. Narkotik vasitələrin satışı ilə bərabər həm də oğurluğa meylli olan Əzizin atası qəsəbədə tanınmış müəllimdir, ağsaqqal adamdır. Məhz atasına görə dəfələrlə ona qəsəbədə yol verdiyi davranışları ilə bağlı güzəştlər edilmiş, atası ilə birlikdə dəvət olunaraq söhbətlər aparılmışdır. Amma qanunazidd əməllərə meylli olan Əziz heç bir nəticə çıxartmamış, oğurluqla bağlı həbsdən çıxandan sonra onun daha aktiv şəkildə narkotik vasitələrin satışı ilə məşğul olmağa başlamasına dair məlumatlar daxil olmağa başlamışdır. Nəhayət ki, sonuncu tədbir keçirilməklə yaxalanmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və həmin istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, açıq qəhvəyi rəngli, tozşəkilli, spesifik iyə malik olan maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu, onu təxminən bir ay əvvəl öz istifadəsi üçün Lənkəran şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə edilmiş və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 26- 27). Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilməsi haqqında protokoldan və həmin istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, baxış zamanı qonaq otağının giriş qapısı ilə üzbəüz qoyulmuş şkafın sağ yuxarı siyirtməsində olan qəhvəyi rəngli çantanın içərisindən iki ədəd şəffaf sellofan torbada olan tozşəkilli, açıq qəhvəyi rəngli kütlə aşkar olunmuş və Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu, onu iki-üç ay əvvəl 500 manata əldə etdiyini, özü istifadə etmək və satmaq niyyətilə saxladığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə edilmiş və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 49-52). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 97-102). Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 598 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «saxlanılan şəxs: Təqsirləndirilən şəxs» yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 2.584 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2,534 qram təşkil etmişdir (cild 1, iş vərəqə 34-37). Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 610 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs yaşadığı Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi, döngə 4, ev 12 ünvanından aşkar edilmiş…» yazısı olan paketdə, iki ədəd bükümdə, ümumi təmiz çəkisi 1010 qram (1 kq 10 qr) olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş iki ədəd bükümdə olan heroinlər, Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinlə (598 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkiləri 1009,8 qram və 2,504 qram təşkil etmişdir (cild 1, iş vərəqə 57-61). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxx 2020-ci il tarixli 1162 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 153-154). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Babayev X2 Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə qanunvericilikdə baş vermiş dəyişikliklərlə əlaqədar həmin cəza endirilərək ona 02 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx xxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 121-122, 123-128). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitələrin ona heç bir aidiyyatının olmamasına, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun cibinə və mənzilinə qoyulması, ibtidai istintaq zamanı polis əməkdaşlarının təzyiqi altında etirafedici ifadələr verməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, o, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayət ərizəsi ilə Sabunçu rayon prokurorluğuna müraciət etmiş və həmin prokurorluğun xx xxxx 2020-ci il tarixli qərarı ilə onun şikayət ərizəsinə dair toplanmış yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqə 156-158). Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş tam etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 11, 19, 92-94). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 1012,304 qram olan heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən sinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai araşdırma zamanı Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində, ibtidai araşdırma mərhələsində göstərilmiş 59 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 354 (üç yüz əlli dörd) manat məbləğində pul köçürülməlidir Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 1012,304 qram olan heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosuna Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. İbtidai araşdırma mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 7 saylı Vəkil Bürosuna X4 üçün 354 (üç yüz əlli dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-844/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-844/2020
20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver