Məhkəmə qərarları › İş №1(101)-844/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-844/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-844/2023 07.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Rusiya Federasiyası, Orenburq şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Nəsimi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2011-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 7 (yeddi ) ay 11 (on bir) gün müddəti Cinayət Məcəlləsinin 67.1-ci maddələrinə əsasən təyin edilmiş cəza ilə qismən toplanılaraq ona 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş,Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,851 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 2,851 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, 5 ay əvvəl hərbi hospital ərazisində “Rahat marketin” yaxınlığında siqaret almaq üçün evdən çıxmış, gecə saat 12-də saxlanılmışdır. Polis əməkdaşlarının ona nəyə görə yaxınlaşdıqlarını bilmir, əməliyyatçılar ondan üstündə nə olduğunu soruşmuş, o isə üstündə heç nə olmadığını bildirsə də polis əməkdaşları vəsiqəsini ona göstərərək bölməyə dəvət etmiş, o polis əməkdaşları ilə bölməyə getməyə razı olmuşdur. Onu saxlayan polis işçilərini əvvəllər tanımamışdır. Ona yaxınlaşarkən polis əməkdaşları ona adı ilə müraciət etməmişdirlər. O, ifadələri oxumadan qol çəkmişdir. İfadələrdə narkotik vasitənin haradan, hansı qiymətə aldığını deməsini xatırlamır. Tutulmazdan 6 ay əvvəl ancaq heroin istifadə etmişdir. Növbətçi hissənin qarşısında üzərinə videoçəkiliş vasitəsilə baxış keçirərkən üzərindən telefon və plastik kart aşkar edilmişdir. Ona ya istifadəçi kimi, ya da üzərinə külli miqdarda narkotik vasitə qoymaqla rəsmiləşdirəcəklərini bildirmişdirlər. O, narkotik vasitə istifadəçisi olduğunu qəbul edir, lakin tutularkən üzərində narkotik vasitə aşkar edilməmişdir. Buna görə də narkotik vasitədən istifadəyə görə cinayət məsuliyyətinə cəlb edildiyini düşünərək sənədlərə qol çəkmiş, daha sonra onu prokurorluq orqanına aparmışdırlar. Prokurorluqdan sərbəst buraxılmış və ailə üzvləri onu reabilitasiya mərkəzinə aparmışdırlar. Ona qarşı fiziki təzyiq olmamışdır. O, ifadə verərkən və üzərinə baxış keçirilərkən videoçəkilişdə vəkillə təmin edilməmişdir. Şəxsi axtarış zamanı müdafiəçidən imtina barəsində ərizəsindəki imzalar ona məxsus olmamışdır. Heroinin qramını adətən 50-60 manata alır. O, stolun üstünə qoyulan heroinin miqdarının külli miqdarı keçib-keçmədiyini bilməmişdir. O, adətən yarım qram heroin alır. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, uzun müddətdir ki, ağrıları olduğu üçün narkotik vasitə istifadə edir. O istifadə etdiyi narkotik vasitələri mütəmadi olaraq müxtəlif yerlərdən alır və sonuncu dəfə də yəni, xx.xx.2022-ci il tarixdə günorta saatlarında “Papanin” deyilən ərazidə tanımadığı şəxsdən narkotik vasitə olan “kakos”u 80 manata şəxsi istifadəsi üçün aldığını, xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində ünvan 5 ünvanın qarşısında olduğu zaman 2 nəfər mülkü formada olan şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərərək polis olduqlarını bildirdikdən sonra hərəkətlərinin onlarda şübhə yaratmasını bildirib onu Polis Bölməsinə dəvət ediklərini, orada xidməti otaqların birində ona vəkil siyahısı təqdim edildiyini, siyahıda olan vəkillərdən hər hansı birinin hüquqlarının müdafiə etməsinə etiraz etmədiyini, daha sonra ona dövlət hesabına vəkil təyin edildiyini, vəkilin şəxsi axtarışda iştirak etməyəcəyinə dair ərizəsinə əsasən o da vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini və bununla bağlı ərizə verdiyini, PB-də olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş vər hansı bir əşyanın və ya maddənin olub olmadığı soruşulduğunu, bu zaman həmin prosses mütəxəssis tərəfindən video kamera ilə qeydə alındığını, o da həmin suala cavab olaraq üzərində narkotik maddə hesab olunan “kakos” olmasını bildirdiyini, daha sonra o masaya yaxınlaşaraq boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş 01 (bir) ədəd bükümü çıxararaq masanın üzərinə qoyduğunu, həmin bükümü açdıqda isə onun içində tünd qəhvəyi rəngli maddə olan bükümü təhqiqata təqdim etdiyini, daha sonra həmin maddə boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib MEM-nə göndərildiyini, bu da videokamera vasitəsi ilə qeydə alındığını, daha sonra həmin videogörüntüyə baxdıqlarını və sonra protokol tərtib olunduğunu və onlar tərəfindən imzalandığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, şifahi olaraq təqsirləndirilən şəxsin ərazidə olduğundan məlumatı olmuşdur. 22 sentyabr 2022-ci ildə, saat 10:30 radələrində ərazidə xidmət apararkən təqsirləndirilən şəxs qarşılarına çıxmış və şübhə doğuran hərəkətlərə yol verdiyindən şəxsə yaxınlaşmışdırlar. Onlar yaxınlaşan zaman şəxs qaçmağa cəhd göstərmiş və özlərini təqdim etdikdən sonra sonuncu qaçmaq cəhdindən yayınmış və onu bölməyə dəvət etmişdirlər. Bundan sonra şəxs narkotik vasitənin istifadəçisi olduğunu və üzərində narkotik vasitə saxladığını etiraf etmişdir. Təhqiqatçının otağında videoçəkilişlə təqsirləndirilən şəxs barəsində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilərkən üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı fiziki təzyiqə yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 22 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, polis əməkdaşları Nəsimi rayonu, Namiq Məlikov küçəsi, 11 saylı ünvanın qarşısında özünü şübhəli aparan şəxsə yaxınlaşmış, sonuncu, üzərində şəxsiyyətini təsdiq edən sənədin olmaması əsası ilə Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə dəvət edilmişdir . Şifahi sorğu zamanı sonuncu narkotik vasitə aludəçisi olduğunu bildirdiyindən üzərində qanunla qadağan edilmiş əşya , eləcə də narkotik vasitə olmasına dair əsaslı şübhələr yaranmışdır(cild 1, iş vərəqə 3). 22 sentyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən, şəffaf selofana bükülmüş 01 (bir) ədəd bükümü çıxararaq təqdim etmiş və bükümün içərisindəki maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin maddəni istifadə etmək məqsədilə bir gün əvvəl 21 sentyabr 2022-ci il tarixdə “Papanin” kimi tanınan ərazidən 80 manata əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqə 47-53). Məhkəmə-kimyəvi ekspertizasının 22 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,851 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspert tədqiqatından sonra narkotik vasitə heroinin qalıq çəkisi 2,801 qram təşkil etmişdir (cild 1, iş vərəqə 58-61) . 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, həmin qərarla Nəsimi rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Eyni tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 95-96). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X8 və 2 nömrəli X1 daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanalarda müalicədə və qeydiyyatda olmamışdır (cild 1, iş vərəqə 139). 10 yanvar 2023-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhər 2 nömrəli X3 müraciət etməmişdir (cild 1, iş vərəqə 140). 14 yanvar 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 15 noyabr 2022-ci il tarixli məktuba əlavə edilmiş yaddaşında telefon məlumatları olan 01 ədəd CD diskə baxış keçirilmış, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən aparılmış sms mətnlərə baxış zamanı narkotik vasitə əldə etməsi ilə bağlı xüsusatlar aşkar edilmişdir.(cild 1, iş vərəqə 141). 14 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdəki maddənin, təmiz çəkisi 2,851 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması nəzərə alınmış, ekspertiza tədqiqatından sonra 2,801 qram qalıq təşkil edən narkotik vasitə heroinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 143-153). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbayvan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən, həmçinin üzərinə şəxsi axtarış keçirilərkən eyni məzmunlu ifadələr verərək təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin maddəni istifadə etmək məqsədilə bir gün əvvəl 21 sentyabr 2022-ci il tarixdə “Papanin” kimi tanınan ərazidən 80 manata əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsini dəyişdirməsinin səbəbi kimi fiziki və ya psixi təzyiqə məruz qalıb-qalmaması barədə sualı isə o, heç bir təsirə məruz qalmadığını, sadəcə olaraq ifadələrini oxumadan imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan dəlili ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməmişdən, o cümlədən müvafiq protokolları özü dediyi kimi “oxumadan imzalamazdan” əvvəl onun üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitənin ona məxsus olmasını bildirmiş və qeyd olunan hal videoçəkilişlə fiksə edilərək bilavasitə məhkəmə iclasında tədqiq edilmişdir. Bununla da təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi etiraf edici ifadələri ilə məhkəmə istintaqı dövründə verdiyi ifadələri arasında ziddiyyət aradan qaldırıla bilməmiş, sonuncunun barəsində şəxsi axtarış istintaq hərəkətinin videogörüntülərin mötəbərliliyinin şübhə altına alınması üçün hall müəyyən edilməmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmaqla ağır cinayət hesab olunur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 05 dekabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 234.1-ci maddələri ilə təqsirli bilinərək a həmin Məcəllənin 66.3 və 67.1-ci maddələri ilə onun üzərində qəti olaraq 5 il 10 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Nəsimi rayon məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinin tətbiqinə dair Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 avqust 2016-cı il tarixli qərarı ləğv edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2011-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 7 (yeddi ) ay 11 (on bir) gün müddəti Cinayət Məcəlləsinin 67.1-ci maddələrinə əsasən təyin edilmiş cəza ilə qismən toplanılaraq ona 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş,Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 20 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 98-100). Göründüyü kimi təqsirləndirilən şəxs 3 dəfə ardıcıl olaraq az ağır cinayətin törədilməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hər növbəti məhkəmə hökmü təqsirləndirilən şəxs tərəfindən ya cəzadan şərti olaraq azad olunduğu, ya da cəzasının daha yüngül cəza ilə əvəz edildiyi dövrdə törədillən cinayətə görə çıxarıldığından ,ona Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi üçün zəruri olan iki il müddət keçmədiyi dövrdə təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən ağır cinayət törədilmişdir. Məhkəmə qeyd edilən halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.1-ci və 61.1.1-ci maddəsinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivi kimi Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hal qismində nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən xüsusilə təhlükəli residivə görə təyin olunacaq cəzanın müddəti Təqsirləndirilən şəxs törədilməsinə görə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində müəyyən edilmiş cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olması kimi ağırlaşdırıcı halı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən az olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivi zamanı azadlıqdan mıhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 21), 23 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmış, eyni tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 92-95). Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində ibtidai araşdırma zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş, 16 mart 2023-cü il tarixində saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir (cild 2, iş vərəqə 1). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2022ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun tutulduğu vaxtdan, yəni 16 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 15 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin məcburi müalicə tətbiq edilməməsi qaydalarının 3.4-cü bəndinə (könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə narkomaniyadan məcburi müalicə tətbiq olunmaması) uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 128-129). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Nəsimi rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,801 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin video görüntülərini özündə əks etdirən bir ədəd “DVD” disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya Kommunikasiya İdarəsiinin müşaiyət məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan 055 531-31 -24 saylı mobil telefon nömrəsi vasitəsilə ötürülən məllumatları özündə əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 170). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 6(altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 5 (beş) il 11(on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,801 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə ötürülən məllumatları özündə əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar