Məhkəmə qərarları › İş №1(101)-846/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-846/2021

18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-846/2021 18.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki də həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini əldə edərək saxlamış və üstündə daşımışdır. Belə ki, o, xx xxxxxxx 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 8,325 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı ünvan 2 saylı ünvanın qarşısında saxlanılaraq həmin Polis Bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 8,325 qram təşkil edən narkotik vasitə olan kustar üsulla hazırlanmış həmin heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yalnız şəxsi istehlakı üçün narkotik vasitə əldə etməkdə təqsirli bilərək göstərdi ki, o, təxminən iki il əvvəldən başlayaraq narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Tədricən narkotik vasitələrin aludəçisinə çevrilmiş və əsasən heroindən istifadə etmişdir. Əvvəllər onu yandırıb iyləməklə, sonradan isə inyeksiya yolu ilə qəbul etməyə başlamışdır. Asılılıq nəticəsində bədənində kəskin ağrılar başlamış və bu səbəbdən müntəzəm şəkildə heroin qəbulunu davam etdirməyə məcbur olmuşdur. Heroini müxtəlif yerlərdən, o cümlədən metronun «Həzi Aslanov» stansiyasının ətrafında gəzişən tanımadığı şəxslərdən əldə etmişdir. Əvvəllər bir müddət avtobus sürücüsü işləsə də sonradan həmin işini də itirmişdir. Maddi vəziyyəti həmişə çətin olduğu üçün narkotik vasitəni ancaq bir neçə günə bəs edə biləcək qədər əldə etmişdir. Gün ərzində bir qayda olaraq əsasən iki dəfə heroin qəbul etmişdir. Ailə vəziyyətləri də ürəkaçan deyildir. Belə ki, anası bir neçə il bundan əvvəl ağır xəstəlikdən vəfat etmişdir, atası isə ağır vərəm xəstəsidir, müntəzəm şəkildə vərəm dispanserində stasionar müalicə alır. Faktiki yeganə bacısı Fatma ilə birlikdə yaşayır. Bacısı «Bravo» supermarketində satıcı işləyir, ailəni də faktiki o dolandırır, atasının müalicəsinə də bacısı maaşından kömək edir. Yaşadıqları həyət evinin dəmir darvazası xeyli müddət əvvəldən petlə hissələrindən qırılmışdır və uzun müddətdən bəri onu düzəltdirməyə maddi imkanları olmamışdır. Əslində darvazanın qırılmasının səbəbkarı da o özüdür. Belə ki, avtobus sürdüyü vaxtlarda axşam onu saxlamaq üçün həyətə salanda bilmədən darvazanı o özü vurub qırmışdır. O vaxtdan da evlərinin darvazası qırıq vəziyyətdə qalmaqda davam edir. Bacısı Fatma darvazanı düzəltdirmək məqsədilə maaşından hər ay az-az ayıraraq cəmi 200 manat toplamış və xx xxxxxxx 2020-ci il tarixdə həmin pulu ona verib darvazanı düzəltdirməsini tapşırmışdır. O da bu pulu alıb cibinə qoymuş, münasib qiymətə usta tapan kimi darvazanı düzəltdirəcəyini demişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində özünə narkotik vasitə almaq üçün metronun «Həzi Aslanov» stansiyasının yaxınlığına getmiş, orada üzdən tanıdığı, adını bilmədiyi şəxslə görüşərək ondan şəxsi istifadəsi üçün heroin istəmişdir. Həmin şəxs də ona üstündə bir bükümdə cəmi 8 qrama yaxın heroin olduğunu bildirmiş, pula ehtiyacı olduğu üçün ucuz satdığını, hamısını götürəcəyi halda aşağı qiymətlə verəcəyini demişdir. Malın ucuzluğuna həvəslənmiş və onsuz da bunu gündəlik istifadə etdiyi üçün tez-tez aldığını fikirləşib elə ucuz olacağı halda birdəfəlik xeyli müddət ona bəs edə biləcək həmin heroinin hamısını almaq qərarına gəlmişdir. Bu şəxsə cibində cəmi 200 manat pul olduğunu demiş, həmin şəxs də razılaşmış və bacısının ona darvazanı düzəltdirmək üçün verdiyi 200 manatı verib həmin şəxsin 8 qrama yaxın olduğunu dediyi heroini bir bükülüdə almışdır. Evə qayıtdıqdan sonra heroinin üstündən götürərək bir neçə dəfə inyeksiya yolu ilə qəbul etmişdir. Xeyli vaxtdan bəri heroin istifadə etdiyindən bu qənaətə gəlmişdir ki, aldığı həmin mal o qədər də keyfiyyətli bir şey deyil. Amma pul verdiyi üçün qəbul etməyə davam etməkdən başqa çarəsi olmamışdır. Aldığı həmin keyfiyyətsiz heroinin qalan hissəsini cibində gəzdirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvanın yaxınlığındakı dayanacaqda olduğu vaxt ona şəxsən tanıdığı sahə müvəkkili Şahid3 yaxınlaşmış, salamlaşdıqdan sonra üstündə “bir şey olub-olmadığını” soruşmuşdur. “Bir şey” deyəndə Samir müəllim narkotik vasitəni nəzərdə tutmuşdur. Çünki, yaxşı insan kimi bildiyi sahə müvəkkili də onu narkotik vasitə istifadəçisi kimi çoxdan tanımış, hətta dəfələrlə onu bu vərdişinə görə tənbeh və xəbərdarlıq etmiş, danlamışdır. Dayancaqda durmuş o qədər adamların içindən Samirin məhz ona yaxınlaşıb bu barədə soruşması, üstündə heroin olması səbəbindən onu lap dilxor etmiş, amma elə səmimi şəkildə də cavab verərək “var” demişdir. Samir “göstər” dedikdə kənara çəkilib bükülünü cibindən çıxardaraq göstərmiş, bükülünü görəndən sonra sahə müvəkkilinin təklifi ilə onu yenidən cibinə qaytarıb qoymuş və sonuncu onlarla avtomobilə əyləşib yaxınlıqda olan Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə getməsini təklif etmişdir. Samirin yanında bölmənin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Raul da olmuşdur. Raul müəllim də onu narkotik vasitə istifadəçisi kimi qabaqcadan tanımışdır. Bu şəxslərə heç bir etiraz etməyib maşına əyləşərək birlikdə bölməyə getmişlər. Bölmədə polis əməkdaşlarının ona təqdim etdiyi vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindəki bir ədəd sellofan bükümü masanın üzərinə qoymuşdur. Sorğu zamanı da səmimi olaraq şəxsi istifadəsi üçün həmin heroini əldə etməsinin hallarını, darvazanı düzəltdirmək üçün bacısının ona verdiyi pula, yəni 200 manata aldığını danışmışdır. Müstəntiqə də hazırda məhkəmədə ifadə verdiyi kimi hər şeyi səmimi danışmışdır. Amma ona haqsız olaraq narkotik vasitəni satış məqsədilə əldə etməklə bağlı ittiham verilmişdir. Hər dəfə də müstəntiqlə görüşərkən ona əməlinə görə, yəni istifadəçi kimi ittiham verilməli olduğunu bildirmiş və bunu xahiş etmişdir. Müstəntiq ona əvvəlcə yekunda mütləq istifadəçi kimi ittiham verəcəyini vəd etsə də, sonda gəlib ona bunun mümkün olmadığını və edə bilmədiyini deyib onun işini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yekunlaşdırmışdır. Özü narkomaniya xəstəliyindən əziyyət çəkir. Bu vaxtadək heç kimə narkotik vasitə satmamış və ya heç bir tanışına narkotik vasitəni pay kimi verməmişdir. Onu ərazidə xidmət edən polis əməkdaşları da yaxşı tanıyırlar, yəni xəstə olduğunu bilirlər. Hətta 2020-ci ilin sentyabr ayında narkotik vasitədən istifadə etməsinə görə inzibati qaydada həbs də olunmuşdur. Həmin vaxt üstündə heroin olmasa da narkoloji sərxoşluğu müəyyən edilməsi səbəbindən belə qərar verilmişdir. Özü də bu bəladan xilas olmasını çox istəyir. Bu xəstəlikdən əziyyət çəkdiyinə görə özünü toparlayıb evlənə də bilmir. Hətta keçən il bu bəladan müalicə olunub qurtularaq evlənmək qərarına gəlmiş, bu məqsədlə birbaşa narkoloji dispanserə getmiş, amma maddi imkanı olmadığı üçün lazımi dava-dərman ala bilmədiyindən dispanserə qəbul olunmamış, müalicə edilməmişdir. Ümid edir ki, hazırda həbs olunması ona müalicə olunmaqda kömək olacaqdır. Amma əməlinə görə cəzalanmasını istəyir. Əməlindən çox peşmandır, bacısının darvazanı düzəltdirmək üçün topladığı pulu heroinə verdiyinə görə xəcalət çəkir və məhkəmədən bütün bu halların nəzrə alınmaqla barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid2 göstərdi ki, ona Xətai rayonunun Qvardiya küçəsində yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə əldə edərək qəbul etməsi, saxlaması və üstündə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat sənədləşmədə qanunsuz dövriyyə kimi qeyd olunsa da, məlumat birbaşa şəxsi istifadə üçün əldə edilmə ilə bağlı olmuşdur. Daxil olmuş həmin məlumatı yoxlamaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə bölmənin sahə inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Qvardiya küçəsinə yollanmışlar. Həmin gün saat 18 radələrində orada Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşmış, sonuncuya narkotik vasitə istifadə etməkdə, üstündə daşımaqda şübhəli olduğunu deyərək onu Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə dəvət edib aparmışlar. Fuadı o xidməti ərazinin sakini kimi qabaqcadan tanımış və onun mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Ötən ilin sentyabr ayında isə narkotik vasitə istifadə etdiyinə görə inzibati qaydada həbs də edilmişdir. Elə saxlanarkən də Fuad cibində bir bükümdə narkotik vasitə olduğunu səmimi etiraf etmişdir. Bölmənin inzibati binasında olarkən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş, vəkil gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs üstünə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Fuad da əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən sellefon kəsiyinə bükülmüş bir ədəd bükülünü çıxararaq masaya qoymuşdur. Həmin bükülünün içərisinə baxdıqda içərisindən spesifik iyə malik maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükülünün içərisindəki maddə heroindir və həmin heroini 3 gün əvvəl metronun «Həzi Aslanov» stansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 200 manata öz istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmamışdır. Bundan sonra aşkar olunaraq götürülmüş bükülü qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırılmış paketin üstü iştirakçılar tərəfindən imzalanmışdır. Bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs xidməti ərazinin sakini kimi yaxşı tanıyır. Bu şəxs yalnız narkotik vasitə istifadəçisidir. Heç vaxt onun narkotik vasitə satışı ilə bağlı məşğul olması barədə məlumat olmamışdır. Heç bir əsası olmadığı üçün bir əməliyyat işçisi olaraq Fuadı narkotik vasitələrin satışına hansısa aidiyyəti olmasını ilə bağlı fikir deyə bilməz. Bu şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir və törətdiyi əməl də yalnız narkotik vasitənin şəxsi istehlakı ilə bağlıdır. Məhkəmədə şahid qismində dindirilmiş Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşı - sahə müvəkkili Şahid3 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları, habelə Təqsirləndirilən şəxs özünün məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları birbaşa təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş X4 ifadəsində təqsirləndirilən şəxs olan qardaşı Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 84-85). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və həmin protokola əlavə olunmuş qeyd olunan prosesin videoçəkilişinin köçürüldüyü bir ədəd CD diskdən, habelə diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən sonuncu axtarış başlanmazdan əvvəl əynindəki göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə olan heroini təqdim etmişdir (cild 1, iş vərəqə 31-32). Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/2363 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 8,325 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 8,325 qram təşkil edir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 8,175 qram təşkil etmişdir (cild 1, iş vərəqə 44-48). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2020-ci il tarixli 3497 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı tiryək alkoloidlərin tərkibində saxlanlan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur (cild 1, iş vərəqə 94-95). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunaraq özünü ailədə, yaşadığı məhəllədə nümunəvi aparmaqla qonşularla yaxşı münasibət saxladığı və məhəllədaxili tədbirlərdə fəal iştirak etdiyi göstərilmişdir (cild 1, iş vərəqə 130). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 90-91). Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 118-120). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan külli heroini əldə etməyə, üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da narkomaniya xəstəliyindən əziyyət çəkən təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. İbtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs məhz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün xx xxxxxx 2020-ci il tarixdə tutulmuşdur və bu qənaət tam əsaslı idi. Amma bundan cəmi iki gün sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Halbuki, həmin iki gün ərzində Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədilə əldə etməsini təsdiq edən heç bir sübut əldə olunmamışdır. Müstəntiq sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərarında da elan edilmiş ittihamın təsdiqi kimi təqsirləndirilən şəxsin, habelə bacısı və iki polis əməkdaşından ibarət şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, şəxsi axtarış haqqında protokolu sübut növü kimi qiymətləndirmək barədə yekun qənaətə gəlmişdir (cild 1, iş vərəqə 117-118). Halbuki, həmin sübutların heç biri elan edilmiş ittihamı təsdiq etmir. Əksinə, bu sübutlar yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş əməlin törədildiyini təsdiq edir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı andan könüllü olaraq üzərində şəxsi istifadəsi üçün nəzərdə tutduğu narkotik vasitəni təqdim etmiş və əməlini səmimi etiraf etmişdir. İbtidai araşdırmanın bütün müddəti ərzində də Təqsirləndirilən şəxs narkotik vasitəni özünün şəxsi istehlakı üçün əldə etdiyini bildirməsinə, onu saxlamış iki polis əməkdaşının ifadələrində də bu məqamın birmənalı təsdiq edilməsinə baxmayaraq qeyd olunan ifadələrin də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı tam əsassız qənaətə gəlinmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə narkomaniya xəstəliyindən əziyyət çəkən təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlaması və daşıması əməlini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə prosesində onun üzərində aşkar edilmiş narkotik vasitənin - maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, narkotik vasitəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını səmimi etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə edib üstündə saxlama və daşıma ittihamını irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Təqsirləndirilən şəxs 8,325 qram heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün etirafedici ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, onu saxlamış polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, onu bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxs saxlamış və onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş polis əməkdaşları məhkəmədə verdikləri ifadələrində də birmənalı israr edərək göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etməsi barədə heç bir məlumatları olmamışdır. Əksinə, xidməti ərazinin sakini kimi şəxsən tanıdıqları Təqsirləndirilən şəxs onlara yalnız narkotik vasitələrin istifadəçisi kimi məlumdur, onun nə vaxtsa narkotik vasitə satması barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin yalnız külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. X1rşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərar, X10rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailə vəziyyətini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 21-22, 77-79). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 8,175 qram təşkil edən heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair videoçəkilişin köçürüldüyü bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində, ibtidai istintaq mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X5 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 8,175 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair videoçəkilişin köçürüldüyü bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına X6 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar