Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-846/2024 12.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs və nümayəndəsi - Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçilər - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 18 avqust 1996-cı il tarixdə Cəlilabad rayonunun Məmmədrzalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Göygöl rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qərarına əsasən cəza çəkməkdən azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 05 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum edilməsinə baxmayaraq islah olunmamış, məhkumluğu ödənilmədən və götürülmədən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu - xalası oğlu Zərərçəkmiş şəxs biznes fəaliyyəti ilə əlaqədar müxtəlif şəxslərə satdığı taxıl məhsullarının pulunu qəbul etdikdən sonra ona çatdırmağı həvalə etməsindən sui-istifadə edib 09 iyun 2023-cü il və 12 iyun 2023-cü il tarixlərdə Abşeron rayonu, Kürdəxanı şossesində yerləşən yem satışı mağazasında Şahid6 aldığı ümumilikdə 9557 (doqquz min beş yüz əlli yeddi) manat pulu, 11 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Xanlar küçəsində yerləşən yem satışı mağazasında Şahid4 aldığı 9306 (doqquz min üç yüz altı) manat pulu, 12 iyun 2023-cü İl tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zirə qəsəbəsi, yeni sahədə yerləşən quşçuluq fermasında Şahid7 aldığı 15000 (on beş min) manat pulu, 14 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evinin həyətində Şahid9 aldığı 26000 (iyirmi altı min) manat pulu, 14 iyun 2023-cü il, 15 iyun 2023-cü il və 16 iyun 2023-cü il tarixlərdə Bakı şəhəri, Binəqədi rayonu, Mədən-1, 10 may küçəsində yerləşən anbarda Şahid3 aldığı ümumilikdə 50780 (əlli min yeddi yüz səksən) manat pulu, 19 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sovxoz-2 adlanan ərazidə yerləşən quşçuluq fermasında Şahid1 aldığı 23177 (iyirmi üç min yüz yetmiş yeddi) manat pulu, 19 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən quşçuluq fermasında Şahid8 aldığı 15000 (on beş min) manat pulu, 19 iyun 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən ofisdə İsa Hüseynovdan aldığı 6970 Azərbaycan manatı ekvivalentində 4100 ABŞ dolları pulu, 20 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən «Socar» yanacaqdoldurma məntəqəsində Şahid5 aldığı 8250 (səkkiz min iki yüz əlli) manat pulu qəbul etdikdən sonra həmin pulları Zərərçəkmiş şəxs təhvil verməyib ələ keçirməklə, sonuncuya ümumilikdə 164040 (yüz altmış dörd min qırx) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və proses iştirakçılarının suallarına cavab olaraq göstərdi ki, Zərərçəkmiş şəxs onun xalası oğludur. Ehtiqadın dediyinə əsasən guya o, sonuncunun pulunu mənimsəmişdir. Lakin o, müştərilərdən aldığı pulu Ehtiqada vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, ona təzyiqlər olunduğu üçün o cür ifadə vermişdir. O, əməliyyatçılar tərəfindən döyülmüşdür. Müstəntiq onun döyüldüyünü görmüşdür. Onu döyəndən sonra sənədlərə imza etdirmişlər. İbtidai istintaq zamanı Ehtiqadla üzləşmişdir. Müştərilərdən aldığı pulu bir gün sonra Ehtiqada vermişdir. Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf etmiş və öz müdafiəsi üçün heç bir dəlil gətirməyərək ifadəsində göstərmişdir ki, Göygöl rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin 06 mart 2023cü il tarixli qərarına əsasən cəzasının qalan hissəsini çəkməkdən vaxtından əvvəl azad edilmişdir. Zərərçəkmiş şəxs onun doğma xalası oğludur, qohum kimi münasibəti həmişə yaxşı olmuşdur. 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs işlərində ona köməklik etməyi, ona məxsus taxıl məhsullarının satışını həyata keçirməyi, satılmış məhsulların pulunu toplayıb ona çatdırmasını təklif etmişdir. Zərərçəkmiş şəxs başqa şəxslərə etibar etmədiyini, qohum olduqlarından və tanıdığından onu aldatmayacağını bildiyini, güvəndiyini demişdir. Ehtiqad kömək edəcəyi halda hər ay 600 manat pul ödəyəcəyini, bundan başqa ay ərzində 1000 ton satış olarsa, əlavə olaraq 500 manat bonus verəcəyini bildirmişdir. O, Ehtiqadın təklifi ilə razılaşmış və 2021-ci ilin sentyabr ayından onunla birlikdə işləməyə başlamışdır. Əvvəllər də Ehtiqada işlərində qısa müddətli köməklik etdiyindən icra edəcəyi işin nədən ibarət olacağını əvvəlcədən bilmişdir. Prosedur belə olmuşdur ki, müştərilərlə əlaqə saxlayıb sifarişi qəbul etdikdən sonra Ehtiqada məlumat vermiş, o da, Binəqədi qəsəbəsindəki anbarda nəzarətçi olan tələbə yoldaşı Şahid3 sifarişin həcmini demiş, Elvin də öz növbəsində sifariş olunan həcmdə taxıl məhsulunun fəhlələr tərəfindən yük avtomobilinə yüklənib ünvana çatdırılmasını təmin etmişdir. Satış əsasən nisyə formada həyata keçirilmiş, müştərilər aldıqları taxıl məhsulunun pulunu hissə-hissə ödəmişlər. Sifariş edilmiş məhsul müştəriyə çatdırıldıqdan sonrakı müddət ərzində əlaqə saxlayıb ödənişin hazır olub-olmaması ilə maraqlanmış, ödəniş hazır olduqda idarə etdiyi, faktiki olaraq özünə məxsus olsa da, Mikayıl Qardaşovun adına qeydiyyatda olan ağ rəngli «Seat Toledo» markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə müştərinin ünvanına gedib pulu ondan qəbul etmiş, sonra da Ehtiqada çatdırmışdır. Gün ərzində müxtəlif müştərilərdən qəbul etdiyi ödənişləri əsasən elə həmin gün Ehtiqada çatdırsa da, bəzən 3-4 gün, yaxud 1 həftə pullar yığılıb onda qalmışdır. Pulların bir neçə gün onda qalması əsasən Ehtiqadın Bakı şəhərindən kənara getməsi, yaxud şəxsi işləri ilə əlaqədar görüşə bilmədikləri hallarda olmuşdur. Taxıl məhsulu almış müştərilər bir qayda olaraq pulu ona ödəsələr də, bəzən sifariş çatdırıldığı gün ödəniş etmək istədikdə məhsulu çatdıran sürücüyə ödəniş etmiş, sürücülər də pulu Binəqədi qəsəbəsindəki anbarda nəzarətçi olan Şahid3 çatdırmışlar. Belə olduğu halda o, pulu Elvindən götürüb özü Ehtiqada çatdırmışdır. İstintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 1 ildir «Tiktok» sosial şəbəkəsindən aktiv istifadə edir, həmin şəbəkədəki profilinin adı «blackshark»dır. Əvvəllər həmin şəbəkədən elə çox istifadə etməsə də, son vaxtlar aludəçiyə çevrilmiş, günün əksəriyyətini həmin şəbəkədə videolara baxmaqla, müxtəlif şəxslərlə yazışmaqla keçirmişdir. «Tiktok» sosial şəbəkəsində izlədiyi şəxslərə ödənişli hədiyyələr göndərmək mümkün olmuş və hədiyyəni göndərdiyi şəxs sonradan bunu nağdlaşdıra bilmişdir. Hədiyyə göndərmək istifadəçinin nüfuzunu artırdığından və bu ona maraqlı gəldiyindən, eləcə də başqalarının gözündə imkanlı biri kimi görünmək hissi xoş olduğundan, həm də yeni tanışlıqlara nail olmaq üçün o da, təxminən 2023-cü ilin mart-aprel ayından profilinin balansına öz vəsaiti hesabına xırda məbləğlərdə pul əlavə edib sonradan müxtəlif şəxslərə hədiyyələr göndərməyə başlamışdır. Kiçik məbləğli hədiyyələr elə də diqqət çəkmədiyindən bahalı hədiyyələr göndərib nüfuzunu artırmaq arzusuna düşmüşdür. Öz maddi imkanı 1 ədədinin dəyəri 650 manat olan bahalı hədiyyə göndərməyə uyğun olmadığından, imkanlı, nüfuzlu biri kimi görünmək hissi artdığından pul əldə edib hədiyyə göndərə bilmək üçün düşünmüşdür kİ, xalası oğlu Zərərçəkmiş şəxs məxsus olan və müxtəlif şəxslərdən alıb ona çatdırmağı həvalə etdiyi pulları aldıqdan sonra bu barədə xəbər verməsin, həmin pulları profilinin balansına köçürüb hədiyyələr göndərsin. Həmin an onu düşündürən tək şey hədiyyə göndərə bilmək olduğundan, gələcəkdə əməli ifşa olunacağı halda nə edəcəyi barədə fikirləşməmişdir. Bu məqsədlə də 2023-cü ilin iyun ayının 9-dan 20-ə qədər olan müddət ərzində Ehtiqadın tapşırığı ilə pul aldığı şəxslərdən 9 nəfərinin pulunu Ehtiqada çatdırmamışdır. Belə ki, 09 iyun 2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Abşeron rayonu Kürdəxanı şossesində yerləşən yem satışı mağazasında Şahid6 aldığı ümumilikdə 9.557 (doqquz min beş yüz əlli yeddi) manat pulu, 11 iyun 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Xanlar küçəsində yerləşən yem satışı mağazasında Şahid4 aldığı 9306 (doqquz min üç yüz altı) manat pulu, 12 iyun 2023-cü İl tarixdə Bakı şəhəri Suraxanı rayonu Zirə qəsəbəsi, yeni sahədə yerləşən quşçuluq fermasında Şahid7 aldığı 15000 (on beş min) manat pulu, 14 iyun 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi, südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evinin həyətində Şahid9 aldığı 26000 (iyirmi altı min) manat pulu, 14 iyun 2023, 15 İyun 2023 və 16 iyun 2023-cü il tarixlərdə Bakı şəhəri Binəqədi rayonu Mədən-1, 10 may küçəsində yerləşən anbarda Şahid3 aldığı ümumilikdə 50780 (əlli min yeddi yüz səksən) manat pulu, 19 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi Sovxoz-2 adlanan ərazidə yerləşən quşçuluq fermasında Şahid1 aldığı 23177 (iyirmi üç min yüz yetmiş yeddi) manat pulu, 19 iyun 2023-cü il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən quşçuluq fermasında Şahid8 aldığı 15000 (on beş min) manat pulu, 19 iyun 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən ofisdə İsa Hüseynovdan aldığı 6970 Azərbaycan manatı ekvivalentində 4100 ABŞ dolları pulu, 20 iyun 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən «Socar» yanacaqdoldurma məntəqəsində Şahid5 aldığı 8250 (səkkiz min iki yüz əlli) manat pulu Zərərçəkmiş şəxs çatdırmamış, həmin pulları hissə-hissə olmaqla «MilliÖn» aparatı vasitəsi ilə «Tiktok» sosial şəbəkəsində istifadə edilən «jeton» almaq məqsədi ilə istifadə etmişdir. Daha sonra isə şəbəkədəki profilinə daxil olub canlı yayım edən istifadəçilərin yayımlarına baxmış, xoşuna gələn istifadəçilərə 1 ədədinin qiyməti 650 manat olan «şir» hədiyyə göndərmişdir. 09 iyun-20 iyun 2023-cü il tarixləri aralığında Zərərçəkmiş şəxs çatdırmaq üçün müxtəlif şəxslərdən qəbul etdiyi ümumilikdə 164040 (yüz altmış dörd min qırx) manat məbləğində pulun demək olar ki, hamısını bu üsulla, yəni «Tiktok» sosial şəbəkəsində canlı yayım edən müxtəlif istifadəçilərə bahalı hədiyyələr göndərməklə xərcləyib qurtarmışdır. Qeyd olunan 164040 (yüz altmış dörd min qırx) manat puldan digər məqsədlərlə demək olar ki, istifadə etməmiş, ola bilsin ki, siqaret, su, yemək kimi kiçik xərclərini də həmin puldan ödəmiş olsun, 09 iyun-20 iyun 2023-cü il tarixləri aralığında Zərərçəkmiş şəxs ondan 9 nəfərdən ödənişi alıb-almadığını bir neçə dəfə soruşsa da, o, hər dəfə yalandan demişdir ki, ödənişləri hələ almamışdır. Çünki faktiki olaraq ödənişi almış və xərcləmişdir. 20 iyun 2023-cü il tarixdə Ehtiqad ona zəng edib pulları qardaşı Mikayıla çatdırmağını istəmiş, həmin gün Mikayılla telefonda danışarkən yalandan ona demişdir ki, pulları yaşadığı evin qarşısına gəlib götürə bilər. Artıq əməlinin ifşa olunduğunu başa düşdüyündən, eləcə də bu vəziyyətdə Ehtiqad və Mikayılla görüşməyə utandığından, elə həmin gün mobil telefonunu söndürüb evdən çıxmış və küçədə gecələmişdir. 2 gün sonra telefonunu açdıqda ona polis əməkdaşları zəng etmiş və Ehtiqadın onun barəsində polisə şikayət etdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, 09 iyun 2023-cü il - 20 iyun 2023-cü il tarixdə 9 şəxsdən Zərərçəkmiş şəxs çatdırmaq məqsədi ilə qəbul etdiyi 164040 (yüz altmış dörd min qırx) manat puldan şəxsi ehtiyaclarına xərcləməyi barədə Zərərçəkmiş şəxs əvvəlcədən məlumat verməmişdir (cild 1, iş vərəqi 110-114). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolunda olan imzaların və protokolun sonunda yazılan qeydin ona məxsus olduğunu, lakin həmin ifadəsini təsdiq etmədiyini, qeyd olunan ifadəni ona edilmiş təzyiqlər nəticəsində verdiyini bildirdi. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi sərbəst ifadəsində müştərilərdən aldığı pulları Zərərçəkmiş şəxs verdiyini və ona məxsus pul vəsaitlərini ələ keçirmədiyini bildirsə də, zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verdikdən və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddia tələbi olmadığını, ona vurulmuş maddi ziyanın ödənildiyini bildirib, bununla bağlı notarial qaydada təsdiq olunmuş ərizəni məhkəməyə təqdim etdikdən sonra Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq zərərçəkmiş şəxsin düz danışdığını, ittihamda adları çəkilən müştərilərdən qeyd edilən məbləğdə pulları aldığını, lakin Zərərçəkmiş şəxs vermədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini etiraf etmişdir. İş üzrə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Fəxri onun şirkətində işləmişdir. Fəxrinin ona qarşı dələduzluq etdiyini bildikdən sonra əvvəlcə aqressiv olub onun barəsində şikayət etmişdir. Lakin sonradan şikayətini geri götürmüş və Fəxri ilə barışmışdır. Özü taxıl məhsullarının alqı-satqısı ilə məşğul olmuş, Fəxri də onun yanında işləmişdir. O, Fəxriyə etibar etmiş, sonuncu da onun şirkətinə məxsus olan 10.000, 20.000, 30.000 manat və daha çox məbləğdə pulları götürüb özündə saxlamış, onlar da həmin pulların özlərində olmasını zənn etmişlər. Ona ümumilikdə 164.040 manat ziyan vurulmuşdur. Həmin ziyan Fəxmi Məmmədovun ailəsi tərəfindən real olaraq ödənilmişdir və hazırda ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Həmin ziyanın bir hissəsini o, şikayət etməmişdən əvvəl Fəxrinin anası onun balaca qardaşına ödəmişdir. Cinayət işi başlayandan sonra qalan ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Sualları cavablandıran Zərərçəkmiş şəxs Fəxrinin pulları müştərilərdən götürüb onlara çatdırmalı olduğunu, 160.000 manatın bir neçə gün ərzində müştərilərdən yığılan pullar olduğunu, Fəxrinin əvvəllər də 10 gün müddətinə yığılan pulları özündə saxladığını, Fəxrinin rəsmi qaydada işləmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadənin məhkəmədə verdiyi ifadə kimi qəbul olunmasını xahiş edərək təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmaması barədə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etdi. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxsi birinci dəfədir görür, təqsirləndirilən şəxsi isə bundan əvvəlki şəriki İsa ona pulu verəndə görüntülü zəng edib danışarkən görmüş və Fəxrinin həmin şəxs olduğunu bildirmişdir. O, özü Azərbaycanda heyvandarlıqla məşğul olmuş, Şamaxı rayonunda ferma işlədir. Fermada saxlanılan inəklərə qidalanmaları üçün lazım olan arpa, soya, qarğıdalı və bu kimi digər yemləri təxminən bir ilə yaxın "xxxx" MMC-dən almışdır. Hər 10 gündə bir dəfə həmin MMC-yə mal sifariş vermiş, sifariş etdikdən sonra ödənişi ya MMC-nin hesabına, ya da ki, Təqsirləndirilən şəxs Etibar oğlunun kart hesabına köçürmüşdür. Sonuncu dəfə aldıqları malın dəyəri olan 7.000 manatı onun şirkətindən götürmək üçün Fəxri ofisə gəlmiş, o da, 7.000 manat ekvivalentində 4.100 ABŞ dolları məbləğində pulu Fəxriyə vermişdir. Sonradan şirkətdən ona zəng edib Fəxrinin artıq onlarla işləmədiyini demişlər. Daha sonra Fəxrinin onlardan aldığı 7.000 manatı MMC-nin hesabına köçürmədiyini öyrənmişdir. Sualları cavablandıran şahid X7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Fəxriyə 4.100 ABŞ dolları verdiklərini, sonradan ona zəng olunaraq Fəxrinin işdən çıxdığının deyildiyini məhkəməyə bildirdi. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, Zərərçəkmiş şəxs bir neçə ildir tanıyır. Bir gün Göyçay rayonunda olarkən tanışı Qiyas ona 8.250 manat pul vermiş və həmin pulu Bakıda Ehtiqada çatdırmasını bildirmişdir. O, razılaşmış və Bakıya çatanda Ehtiqadla əlaqə saxlamış, sonuncu işçisinin gəlib pulu ondan götürəcəyini bildirmişdir. Bundan sonra o, Ehtiqadın atdığı nömrəyə zəng edərək Fəxri ilə görüşüb həmin pulu ona vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayından etibarən "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində işləyir. MMC yumurta istehsalı və satışı ilə məşğul olan quşçuluq fabrikidir, Abşeron rayonu, Mehdiabad qəsəbəsi Sovxoz-2 adlanan ərazidə yerləşir. Toyuqların qidalanması üçün onların dənlərinə əlavə edilməsi məqsədi ilə MMC tərəfindən digər gübrə və əlavələrlə yanaşı bitki yağları da alınır. Bitki yağlarını o, hələ MMC-də işə başlamamışdan öncə təxminən 10 ildir ki, bir qayda olaraq "xxxx" MMC-dən alır. 2021-ci ilin avqust ayından etibarən 4-5 dəfə "xxxx" MMC-dən taxıl almışdır. Bir qayda olaraq alınmış taxıla görə ödənişi özü həyata keçirmiş və hər dəfə də pulu "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs göstərişi ilə onun qohumu kimi tanıdığı Təqsirləndirilən şəxs nağd formada işlədiyi MMC-nin ünvanında ödəmişdir. Təqsirləndirilən şəxs 4-5 dəfə görmüş, Təqsirləndirilən şəxs onun işlədiyi MMC-nin binasına gəlib "xxxx" MMC-yə ödənilməli olan pulu ondan almışdır. Hər dəfə ödəniş edərkən «məxaric xəzinə orderi» tərtib etmiş, həm ödəyən, həm də pulu qəbul edən tərəfindən imzalanmışdır. Sonuncu dəfə 2023-cü ilin iyun ayının 16, ya da 17-də "xxxx" MMC-dən təxminən 9 ton bitki yağı alınmışdır. Sifariş edilmiş bitki yağı "xxxx" MMC-ə təhvil verildikdən sonra 19 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs səhər saatlarında ona zəng edib qohumu Fəxrinin gəlib pulu götürəcəyini bildirmişdir. Həmin gün, yəni 19 iyun 2023-cü il tarixdə təxminən saat 12 radələrində Məmmədov X2 qəsəbəsi Sovxoz-2 adlanan ərazidə yerləşən fabrikinə gəlib onunla görüşmüş, bitki yağının pulunu götürməyə gəldiyini bildirmişdir. O, 19 iyun 2023-cü il tarixli 36 nömrəli məxaric kassa orderi tərtib etmiş, orderdə qeyd olunan 23.177 manat pulu Təqsirləndirilən şəxs ödəmiş, sonuncu pulu ondan qəbul edib 1 nüsxədən ibarət orderi imzalamışdır. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs görməmiş, istintaq orqanı tərəfindən şahid qismində dindirilmək üçün çağırıldıqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan aldığı pulu Zərərçəkmiş şəxs çatdırmadığı üçün sonuncu şikayət etmişdir. Şahid1 ifadəsinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli 36 №-li məxaric xəzinə orderinin surəti ilə müəyyən edilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs "xxxx" MMC-dən 23177 (iyirmi üç min yüz yetmiş yeddi) manat pulu qəbul etmiş və həmin orderi imzası ilə təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2004-cü ildən tanıyır, onunla tələbə yoldaşıdır. 2019-cu ildən Ehtiqada məxsus Bakı şəhəri Binəqədi rayonu Mədən-1, 10 May küçəsində yerləşən anbarda anbardar işləyir. Həmin anbara satışa çıxarılmış məhsullar gətirilib yığılır, daha sonra isə sifarişçiyə çatdırılır. Bəzən sifarişçilər aldıqları məhsula görə ödənişi anbara gəlməklə ona vermiş, o da, pulu Ehtiqad Qadaşova çatdırması üçün onun öz göstərişi əsasında qohumu olan Təqsirləndirilən şəxs vermişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə 11800 manat, 15 iyun 2023-cü il tarixdə 19980 manat və 16 iyun 2023-cü il tarixdə 19000 manat pulu ikilikdə vermişdir. 2023-cü ilin iyun ayının sonlarında Ehtiqad ona məlumat verdikdə bilmişdir ki, Təqsirləndirilən şəxs ondan qeyd olunan tarixlərdə aldığı ümumilikdə 50.780 (əlli min yeddi yüz səksən) manat pulu, eləcə də digər şəxslərdən aldığı pulları ona çatdırmamışdır. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Xanlar küçəsində yaşadığı evin yaxınlığında mağaza işlədir. Həmin mağazada əsasən taxıl və taxıl məhsulları, heyvan yemlərinin satışı ilə məşğul olur. 2023-cü ilin təxminən aprel-may ayında əvvəllər tanımadığı, şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng vurub taxıl satışı ilə məşğul olduğunu bildirmiş və satmaq üçün ona taxl təklif etmişdir. Telefonda söhbətləşərkən bilmişdir ki, Fəxri onun əvvəlcədən tanıdığı, taxıl satışı ilə məşğul olan Mikayıl və Vüqar Qardaşovların digər qardaşı Ehtiqadla işləyir. Telefonda danışıb qiymət barədə razılaşdıqdan sonra 2023-cü ilin may ayının ortalarında ona arpa sifariş vermiş, Fəxri də sifariş etdiyi arpanı yük avtomobili ilə onun mağazasına göndərmiş, daha sonra da özü gəlib pulu ondan qəbul etmişdir. 2-ci dəfə Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə 28 ton 200 kq arpa sifariş etmiş, həmin gün arpanı anbara boşaltmışlar. Növbəti gün, 11 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs özü mağazaya gəlmiş və o, ikilikdə Təqsirləndirilən şəxs 28 ton 200 kq arpaya görə 9.306 (doqquz min üç yüz altı) manat ödəniş etmişdir. İstintaq orqanı tərəfindən dindirilməyə çağırılanda bilmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı pulu Zərərçəkmiş şəxs çatdırmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdən müxtəlif ünvanlardan və şəxslərdən yem məhsulları arpa və buğda alaraq Abşeron rayonu, Kürdəxanı şossesində yerləşən mağazada satışını təşkil edir. Təxminən 2020-ci ildən başlayaraq bir neçə dəfə Zərərçəkmiş şəxs arpa və buğda almış və pulunu da nağd şəkildə ödəmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs işçisi kimi tanıdığı Təqsirləndirilən şəxs zəng edərək bir yük maşını arpa sifariş etmiş, sifarişə əsasən xx.xx.2023-cü il tarixdə yük maşını ilə 28 ton 960 kq arpa məhsulu göndərmişdir. Məhsulu təhvil aldıqdan sonra xx.xx.2023-cü il tarixdə işlədiyi ünvanda Fəxriyə 4000 (dörd min) manat nağd pul və xx.xx.2023-cü il tarixdə isə yenidən həmin ünvanda 5557 (beş min beş əlli yeddi) manat pul verməklə, ümumilikdə ona 9557 (doqquz min beş yüz əlli yeddi) manat pul ödəmişdir. Ehtiqadla çoxdan əməkdaşlıq etdiyindən, eləcə də pulu Fəxriyə təhvil verməyi özü tapşırdığından pulu ödəyərkən hər hansı qəbz tərtib etməmiş, yaxud pulu verərkən həm də Ehtiqadın özünə zəng edib məlumat verməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zirə qəsəbəsində özünün quşçuluq təsərrüfatı var, Zərərçəkmiş şəxs təxminən 20 ilə yaxındır tanıyır. Hər dəfə taxıl, arpa, soya kimi yemlər lazım olanda zəng edib Ehtiqada sifariş etmiş, o da, yük avtomobili ilə sifariş etdiyi çəkidə yemi onun ünvanına göndərmiş, məhsulu təhvil aldıqdan sonra ya dərhal, yaxud da bir müddət sonra birbaşa Ehtiqadın özünə, yaxud da onun işçilərinə ödəniş etmişdir. Təxminən 2 ilə yaxındır ki, Ehtiqaddan sifariş etdiyi yem məhsullarının pulunu onun işçisi Təqsirləndirilən şəxs ödəniş etmiş, sifarişləri də elə Fəxriyə etmişdir. 12 iyun 2023-cü il tarixdə Fəxri özü zəng edib pul lazım olduğunu bildirmiş və nisyə aldığı yem məhsullarının pulunun bir hissəsini ödəməyini istəmişdir. Həmin gün günorta saatlarında Fəxri onun təsərrüfatının yerləşdiyi Zirə qəsəbəsi, yeni sahəyə gəlib onunla görüşmüş və o, ikilikdə Təqsirləndirilən şəxs 15000 (on beş min) manat pul ödəmişdir. Fəxri həmin vaxt əlavə də ödəniş etməyini istədikdə ona bildirmişdir ki, başqa pulu yoxdur, bu qədər düzəldə bilmişdir. Bundan sonra Fəxri pulları ondan götürüb getmişdir. İstintaq orqanına çağırılanda ona məlum olmuşdur ki, Fəxri xx.xx.2023-cü il tarixdə ondan aldığı 15000 manat pulu Zərərçəkmiş şəxs çatdırmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, təxminən 15 ildir Abşeron rayonu Mehdiabad qəsəbəsində özünə məxsus olan quşçuluq fermasını işlədir. Fermada saxlanılan ev quşlarının yemlənməsi üçün lazım olan yem məhsullarını əvvəllər taxıl məhsullarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs almışdır. Təxminən 2022-ci ilin əvvəllərindən yem məhsullarını Ehtiqadın xalası oğlu Təqsirləndirilən şəxs almışdır. Belə ki, hər dəfə yem almaq lazım olduqda Fəxriyə zəng etmiş, o da, sifariş etdiyi ölçüdə yemi onun göndərdiyi yük avtomobili ilə fermaya gətirib təhvil vermiş, o da, ödənişi hissə-hissə olmaqla Təqsirləndirilən şəxs ödəmişdir. Hər dəfə ödənişi edərkən Fəxri özü fermaya gəlib pulu ondan götürmüşdür. Sonuncu dəfə 19 iyun 2023-cü il tarixdə Fəxri ilə əlaqə saxladıqdan sonra o, Abşeron rayonu, Mehdiabad qəsəbəsinə fermaya gəlib onunla görüşmüş və o, Təqsirləndirilən şəxs 15000 (on beş min) manat pul ödəmiş, borcu olan 5000 manatdan bir qədər artıq olan məbləği də sonra ödəyəcəyini bildirmişdir. Borclu olduğu məbləği sonradan Ehtiqadın qardaşına ödəmiş və hazırda onlara heç bir borcu yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evinin həyətində quşçuluq təsərrüfatı var. Cücələrin qidalanması üçün yemi uzun müddətdir taxıl məhsullarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs alır. Ehtiqad və onun işlərini icra edən qohumu Təqsirləndirilən şəxs təxminən 10-15 ildir tanıyır. Hər dəfə yem lazım olduqda Fəxriyə zəng edib sifariş verir, o da, yemi yük avtomobili ilə onun yaşadığı evin həyətindəki fermaya gətirib təhvil verir, aldığı taxıl məhsullarına görə ödənişi isə hissə-hissə olmaqla nisyə edir. 2023-cü ilin iyun ayının ortalarında Fəxri zəng edib borclu olduğu puldan ödəniş etməyini istədikdə, Fəxrini Ramana qəsəbəsinə dəvət etmiş və 14 iyun 2023-cü il tarixdə Ramana qəsəbəsi, südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evinin həyətində ona 26000 (iyirmi altı min) manat pul ödəmişdir. Sonradan eşitmişdir ki, Fəxri ondan aldığı pulu aparıb Ehtiqada çatdırmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, təxminən 2 il öncə Bakı şəhərində «Boranı» restoranında ortaq tanışları vasitəsi ilə tanış olduğu, sonradan aralarındakı münasibətlər daha da yaxınlaşmış milliyyətcə azərbaycanlı, hazırda ailə üzvləri ilə birlikdə Türkiyədə yaşayan və Türkiyə vətəndaşı olan Aytən Özəl (Əliyeva) təxminən 2023-cü ilin yanvar, ya da fevral ayında ona bildirmişdir ki, o, «Tiktok» sosial şəbəkəsində «jeton» satışı ilə məşğul olur. Aytən onun VÖEN-ə bağlı bank kartı olduğunu bildiyindən təklif etmişdir ki, kartının məlumatlarını «jeton» satışı ilə əlaqədar ona versin, o da, bununla razılaşmışdır. Həmin karta ödəmə terminalları vasitəsi ilə pul yükləmək mümkün olmadığından digər kartlarının məlumatlarını da ona göndərmişdir. Aytənin təklifi ilə belə razılaşmışlar ki, onun digər kartlarına pul gəldikdə həmin məbləği «biznes kartı»a transfer etsin, sonra isə o, həmin «biznes kartı»ndakı məbləğlə jeton alıb ona sifariş edən şəxsə göndərəcəkdir. Bundan əlavə «biznes kartı»ndakı məbləğlə Aytən jeton alarkən mobil telefonuna gələn 4 rəqəmli təhlükəsizlik kodunu da ona demişdir. 2023-cü ilin yanvarfevral ayından etibarən mütəmadi olaraq bu üsulla onun «Unibank» (leobank) tərəfindən verilmiş 4098 5844 5820 6628 seriyalı, «Kapital bank» tərəfindən verilmiş 4169 7388 9272 1618 seriyalı bank kartlarına mədaxil edilmiş müxtəlif məbləğdə pulları 4098 6044 0205 4047 saylı biznes kartına transfer etmiş, Aytən də sonuncu kartla jetonları alaraq sonradan həmin jetonları öz müştərilərinə göndərmişdir. Bu əməliyyatlar zamanı Aytənin müəyyən məbləğdə qazancı olmuş, eləcə də hər ay təxminən 100-150 manat olmaqla ona ümumilikdə 500 manata yaxın pul vermişdir. Şahid10 ifadəsində Təqsirləndirilən şəxs tanımadığını, Aytənə jetonu kimin sifariş etdiyini, ona pulu kimin göndərdiyini bilmədiyini qeyd etmişdir. Şahid10 göstərmişdir ki, «Tiktok» sosial şəbəkəsində özünün profili olsa da aktiv istifadəçi deyildir, özü heç bir zaman öz profili ilə jeton almamış, nə də kiməsə hər hansı hədiyyə göndərməmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş üzləşdirmə protokoluna əsasən, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı təqsirləndirilən şəxs onun üzünə qarşı deyilənlərlə razılaşaraq, həqiqətən də 09 iyun-20 iyun 2023-cü il tarixləri aralığında olan müddət ərzində müxtəlif şəxslərdən Zərərçəkmiş şəxs çatdırmaq məqsədi ilə qəbul etdiyi pul vəsaitlərini sonuncuya çatdırmayaraq xərclədiyini təsdiq etmişdir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2016 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idrak prosesləri (diqqət, hafizə, qavrayış, təfəkkür və s.) və intellektual imkanları normaya uyğundur. O, ünsiyyətçillik, situativlik, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. O, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı iddia tələbi və şikayəti qalmadığını, gələcəkdə də təqsirləndirilən şəxsə qarşı heç bir tələbi olmayacağını bildirmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsnin xx.xx.2023-cü İl tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsini çəkməkdən azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (cild 1, iş vərəqi 132-139, 150-151, 172-174). Məhkəmə iclasında sərbəst ifadə verərkən Təqsirləndirilən şəxs müştərilərdən aldığı pulu Zərərçəkmiş şəxs verdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, ona təzyiqlər olunduğu üçün o cür ifadə verdiyini, polis işçiləri tərəfindən döyüldüyünü və döyüldükdən sonra sənədlərə imza etdiyini bildirsə də, zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verdikdən və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddia tələbi olmadığını, ona vurulmuş maddi ziyanın ödənildiyini bildirib, bununla bağlı notarial qaydada təsdiq olunmuş ərizəni məhkəməyə təqdim etdikdən sonra Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq zərərçəkmiş şəxsin düz danışdığını, ittihamda adları çəkilən müştərilərdən qeyd edilən məbləğdə pulları aldığını, lakin Zərərçəkmiş şəxs vermədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini etiraf etmişdir. Son sözlə məhkəməyə etdiyi müraciətində də Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olduğunu bildirmişdir. Bu səbəbdən, məhkəmə təqsirləndirilən şəxsin sərbəst ifadə verərkən bildirdiklərini onun öz müdafiəsi üçün gətirdiyi dəlil kimi qəbul etməmiş və məhkəmə baxışı zamanı onların yoxlanılmasını zəruri hesab etməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsinə uyğun olaraq isə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Göygöl rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsnin xx.xx.2023-cü İl tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsini çəkməkdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, hazırkı iş üzrə bu hal cinayətlərin residivi kimi nəzərə alına bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı iddia tələbi və şikayətinin olmamasını nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarında dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən məhkəmələrə verilmiş tövsiyələrə görə, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs şərti məhkum etmənin tətbiq olunması ilə əlaqədar məhkəmə hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunsun. Sınaq müddəti ərzində hökmün icrasını həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilniş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia verilməməsi, maddi sübutların, məhkəmə məsrəflərinin olmaması, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-846/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-846/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver