Məhkəmə qərarları › İş №1(101)-846/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-846/2025

11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-846/2025 11.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Sumqayıt Regional” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1999-cu il tarixdə Lənkəran rayonunun Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədi ilə digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin yerləşdiyi ünvan barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra 26 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə ünvanında gizlədilmiş külli miqdarda olmaqla ümumi təmiz çəkisi 5450,0 qram təşkil edən bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının qarşısına daşımış, 27 avqust 2024-cü il tarixdə saat 00:00 radələrində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanını yaxınlığında saxlanılaraq ünvan 2 yerləşən Nərimanov rayon Polis İdarəsinə aparılmış, orada üzərinə müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan göy rəngli sellofan torbanın içərisindən üzəri yapışqan lentlə sarınmış qara rəngli polietilen bağlamada külli miqdarda təmiz çəkisi 5450,0 qram təşkil edən bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. 27 avqust 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan torbanın içərisindən 01 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsini çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı o , polis əməkdaşları tərəfindən barəsində hər hansı zorakılığa yol verilməməsini, saxlanılarkən üzərinə baxış keçirilmədiyini bildirmişdir. Bundan başqa şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli selefon torbanın içərisindəki qara rəngli bükümün içərisində olan maddənin narkotik vasitə “nəşə” olmasını, həmin bükümü təxminən bir aya yaxın olar ki, sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı adını bilmədiyi şəxslə xx.xx.2024-cü il tarixdə +**********93 saylı nömrə ilə vatsap vasitəsi ilə danışdığından ona özünün istifadəsi üçün 5 qram metafetamin və çatdırası olduğu nəşəni isə götürüb sonradan ona dediyi yerə qoymasını bildirmişdir (cild 1, iş vərəqə 38-40)

4. 27 avqust 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd polietilen bağlamada təmiz çəkisi 5450,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra marixuananın qalıq çəkisi 5449,95 qram təşkil etmişdir. Ekspertiza tədqiqatının keçirilməsinə 72 manat pul vəsaiti sərf edilmişdir (cild 1, iş vərəqə 48-51).

5. 29 avqust 2024-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsini 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 139-140).

6. 20 sentyabr 2024-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 141-142).

7. 27 avqust 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Redmi Note 8” markalı mobil telefona baxış zamanı mobil telefonda olan “WhatsApp” proqramında İran İslam Respublikasına məxsus +**********93 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin arasında 26 avqust 2024-cü il tarixdə narkotik vasitənin əldə edilərək ayrı-ayrı ünvanlara qoyulması barədə səs yazı və yazışmanın, məkan və narkotik vasitənin qoyulduğu yerin işarələnmiş fotoşəkillərinin göndərilməsi, “Gallery” bölməsinə daxil olduqda orada narkotik vasitənin qoyulduğu ünvanların işarələnmiş fotoşəkillərinin olması aşkar edilmişdir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş şəkillərdən görünür ki, Təqsirləndirilən şəxsla +**********93 nömrəsi istifadəçisi ilə 26 avqust tarixdə(il görünmür) saat 23:51 radələrində danışıqlar aparılmış, lakin saat 00:02 radələrində işə +**********93 nömrəsindən zən gəlsə də Təqsirləndirilən şəxs həmin zəngə cavab verə bilməmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrənin ona məxsus olduğunu, İran İslam Respublikasına məxsus +**********93 saylı mobil nömrənin narkotik vasitəni əldə etdiyi İran islam Respublikasının vətəndaşına məxsus mobil nömrə olduğunu bildirmişdir (cild 1, iş vərəqə 66-71).

8. 25 noyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bağlamada təmiz çəkisi 5450,0 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və qalıq qalmış 5449,95 qram çəkidə qurudulmuş marixuana saxlanılması üçün Nərimanov rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Note 8” markalı mobil telefon və Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürülmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 147-162).

9. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil daxil olmuş 05 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1 , iş vərəqə 119-120).

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxslə restoranda bir yerdə işləmişdir. Hadisədən bir gün əvvəl təqsirləndirilən şəxs onun mobil nömrəsini kimdənsə əldə edib onu işlədiyi restorana “ofisiant” kimi düzəltməyini xahiş etmişdir. O, müdirdən xahiş etdikdən sonra təqsirləndirilən şəxsi həmin restoranda işə düzəltmişdir. Təqsirləndirilən şəxs axşam işdən çıxan zaman onu da yolüstü avtomobili ilə dediyi yerdə düşürtməyini xahiş etmişdir. O, təqsirləndirilən şəxsi dediyi yerdə düşürtdükdən sonra polis əməkdaşları onları saxlamışlar. X3 ifadə vermişdir. Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, onun “BMW” markalı avtomobil vardır.O, təqsirləndirilən şəxsi Nərimanov rayonu ərazisində düşürmüşdür. Rüstəm ona rayondan çanta gələcəyini, Nərimanov rayonu ərazisindən həmin çantanı götürəcəyini bildirmişdi. Təqsirləndirilən şəxs çantanı götürmək məqsədilə onu həmin ərazidə düşürməyi üçün mobil telefonuna konum atmışdır. Təqsirləndirilən şəxs “X8”nin yaxınlığnda düşürtmüşdür.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2024-cü ilin avqust aylarında iş yoldaşı olan Şahid2 bildirilmiş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini ona təqdim etmişlər. Həmin zaman Təqsirləndirilən şəxsn əlində göy rəngli sellofan paket olmuşdur. Rüstəmlə danışdıqları zaman Rüstəmin dostu da yanına gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs Polis İdarəsinə dəvət etmişlər. Şahid3 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, göy sellefon paketin içərisindən narkotik vasitə olan marixuana olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs küçədə saxlanmış, ona qarşı hər hansı bir fiziki və psixoloji təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsi gecə saat 12 radələrində X9 küçəsində saxlamışlar. Rüstəmin dostu kimi tanıtdığı şəxsin bu məsələ ilə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs yanına yaxınlaşan dostu rüstəmin ona qohumundan bağlama götürüb Lənkərana göndərəcəyi üçün orada olduğunu söyləmişdir.

12. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. 26 avqust 2024-cü il tarixdə onun tərəfindən Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Bununla əlaqədar daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan və Nərimanov Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o və Vüsal birlikdə məlumat əsasında 27 avqust 2024-cü il tarixdə saat 00:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X9 8 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Rüstəmin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin əlində göy rəngli sellofan torba ilə orada olmasını, özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü xx.xx.1999-cu ildə Lənkəran rayonunda anadan olmuş, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Rüstəmi saxlayan zaman bir nəfər şəxs də idarə etdiyi “BMW” markalı avtomobil ilə onlara yaxınlaşmışdır. Onlar həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etmələrin xahiş etmişlər. Həmin şəxs də özünü xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan Şahid1 kimi təqdim etmişdir. X5 birlikdə olubolmadığın soruşmuşlar. Elnur da Rüstəmlə gəldiyini bildirdiyi üçün sonuncuları Nərimanov Rayon Polis İdarəsinə dəvət etmişlər. Rüstəm və Elnur buna etiraz etmədikdən sonra sonuncuları Nərimanov Rayon Polis İdarəsinə gətirib barələrində araşdırma aparılması üçün raportla idarənin rəhbərliyinə məruzə etmişlər və barələrində araşdırma aparılması təhqiqatçı Tuqay Mehtiyevə həvalə edilmişdir. İdarədə Şahid1 sorğu sual edilən zaman Elnur Təqsirləndirilən şəxsla heç bir əlaqəli iş birliyi olmadığını, Rüstəmin əlində olan sumkanın içərisində nə olması barədə məlumatı olmadığını, Rüstəmin sumkanın ona yaşadığı Lənkəran rayonundan göndərildiyini dediyini bildirmişdir. Bundan sonra Tuqay Mehtiyev də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Rüstəmə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Rüstəm də əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Redmi Note” markalı mobil telefonu, sol yan cibindən 03 ədəd 1 manatlıq pul əsginasını, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd “Unibank”a məxsus olan bank kartını, əlində olan göy rəngli sellofan torbaya bükülmüş bükümü masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni təxminən bir aya yaxın olar ki, sosial şəbəkəsində tanış olduğu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə xx.xx.2024-cü il tarixdə uWhatsaap” proqramı vasitəsi ilə ona göndərilmiş konum əsasında qoyulduğu Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsində gizlədilmiş yerdən ona deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, bunun qarşılığında həmin şəxsin ona istifadəsi üçün 5 qram metamfetamin verməli olduğunu bildirmişdir. Sonra Rüstəmin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Rüstəmin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Rüstəm tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

13. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan 10-15 gün əvvəl “İnstagram” sosial şəbəkəsindən tanımadığı İran vətəndaşından şəxsi istifadəsi üçün narkotik vasitə istəmişdir. O, İran vətəndaşına narkotik vasitəni satmaq üçün yox, öz istifadəsi üçün 1 qram miqdarında əldə etmək istədiyini bildirmişdir. Həmin narkotik vasitənin miqdarında İran vətəndaşına 40 manat pul göndərmişdir. İran vətəndaşı ona 3 qram narkotik vasitə göndərəcəyini bildirmişdir. Axşam radələrində həmin şəxs ona 5 qram narkotik vasitəni qeyd etdiyi yerə qoyduğunu bildirmişdir. O, həmin əraziyə getməmişdir. Bir gün sonra İran vətəndaşı ona narkotik vasitənin olduğu yerin konumunu atmışdır. O, həmin əraziyə getdikdə mavi çanta və həmin çantanın içində qara buket görsə də narkotik vasitəni tapmamışdır. İran vətəndaşı ilə əlaqə saxlayıb narkotik vasitəni tapmadığını bildirdikdə sonuncu ona narkotik vasitənin çantanın altında olduğunu bildirmişdir. O, narkotik vasitəni götürmək istəyərkən polis əməkdaşları onu saxlamışlar. Götürmək istədiyi narkotik vasitənin növü “metamfetamin” olmuşdur.

14. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir. İran vətəndaşı ilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Əvvəllər də İran vətəndaşından narkotik vasitə almışdır. O, hadisə yerinə 1 qram “metamfetamin” götürmək üçün getmişdir. Narkotik vasitənin qarşılığında 40 manat pul vermişdir. Çantanın içində nə olması barədə məlumatı olmamışdır. Videoçəkilişlə qeydə alınan şəxsi axtarış zamanı həmin çantanın içindən “marixuana” aşkar olunmuşdur. Polis əməkdaşları ona qarşı fiziki təzyiq göstərmişlər.Onun gözündə xəsarət olmuşdur. Birinci dəfə idi ki, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu səbəbdən də döyülməyi ilə bağlı kiməsə məlumat verməmişdir. İbtidai istintaq dövründə narkotik vasitənin ona aid olmamasını bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən döyülməyi ilə bağlı məhkəmədə məlumat vermişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

15. CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməli beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

16. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

17. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

18. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

19. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

20. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

21. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

22. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

23. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

24. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

25. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

26. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

27. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

28. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

29. Maddə 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir;

30. Maddə 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir.

31. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

32. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın 1-ci Siyahısının 109.1-ci bəndinə əsasən - 500 qram və daha artıq çəkidə (50000 qrama qədər) narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

33. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

34. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

35. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

36. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı

37. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

38. X7 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci, 234.3-cü və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir.

39. Qeyd olunan Plenum qərarının 16-cı bəndinin 3-cü abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

40. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Avropa Məhkəməsinin president hüququ:

41. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

42. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

43. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

44. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, narkotik vasitənin satışı ilə məşğul olmaması barədə məhkəmə iclasında dindirilən zaman qeyd etdiklərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.

45. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq dövründə etiraf edici ifadələr verməsini, eləcə də barəsində şəxsi axtarış keçirilərkən könüllü şəkildə narkotik vasitəni təqdim etməsini polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə əlaqələndirsə də iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun məzmunundan görünür ki, təqsirləndirilən şəxs barəsində müvafiq istintaq hərəkəti keçirilərkən polis əməkdaşları tərəfindən nə idarədə, nə də saxlanılarkən hər hansı təzyiqə məruz qalmamasını bildirmişdir.

46. Bundan başqa onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılarkən də polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmamasını qeyd etmişdir.

47. Təqsirləndirilən şəxs məhkəmə iclasında həm şəxsi axtarış və götürmə protokolunu, həm də barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi barədə qərarın məzmununu mübahisələndirdiyinə görə həmin qərarın seçildiyi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli iclasının audio-video görüntüləri əldə edilərək məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin iclasda təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını qeyd etmişdir.

48. Bundan başqa Azərbaycan Respublikası Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, 29 avqust 2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş Təqsirləndirilən şəxs ilkin tibbi müayinədək keçirilərkən xəsarət aldığını bildirsə də bədəninə baxış zamanı yeni zədə və xəsarət izləri aşkar edilməmişdir.

49. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs hazırki iş üzrə məhkəmə iclasında 1 qram metamfetamin götürmək üçün getdiyini bildirsə də barəsində həbs qətimkan tədbiri seçilərkən 10 qram narkotik vasitə başqa ünvana aparması müqabilində 5 qram narkotik vasitə götürmək üçün hadisə yerinə getdiyini söyləmişdir. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə iclasında əldə etmək istədiyi narkotik vasitənin çantanın altında olduğunu qeyd etsə də ona daxil olmuş məsajlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin şəkli göndərilmiş ünvanda qoyulmuş göy sellofanın içində olduğu qeyd edilmişdir. Şəxsi axatrış və götürmə istintaq hərəkətinin videogörüntülərindən isə görünür ki, şəkli göndərilmiş göy sellofan bağlama ilə onun üzərindən aşkar edilmiş bağlama eynilik təşkil edir. Digər tərəfdən məhkəmə iclasında ifadə verən Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən ona idarə etdiyi avtomobillə hadisə yerinə aparılmasını xahiş edərkən rayondan gələn çantanı götürməli olduğunu qeyd etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəldən 5450, 0 qram narkotik vasitə qurudulmuş marixiuana əldə etmək üçün getməsi iş materialları ilə sübuta yetirilmişdir.

50. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs +**********93 saylı mobil nömrənin istifadəçisi ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 5450, 0 narkotik vasitənin satış məqsədilə əldə edilməsi daşınması halı işin mübahisəsiz halını təşkil edir, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

51. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 23-25-ci bəndləri) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

52. Bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunmuşdur (qərarın 41-43-cü bəndləri).

53. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (qərarın 32, 39-cu bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

54. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 22-ci bəndi).

55. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (qərarın 15-ci bəndi).

56. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 16-19-cu bəndləri).

57. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu və 61-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir( qərarın 9-cu bəndi).

58. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

59. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 9, 20-ci bəndləri).

60. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 26-27), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş (cild 1, iş vərəqə 103-107), həbsetmənin əvvəlinin 27 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 21, 26 və 27-ci bəndləri).

61. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 27 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

62. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

63. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5449,95 qram təşkil edən qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Redmi Note 8” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır (qərarın 28-30-cu bəndləri).

64. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir(qərarın 6-cı bəndi).

65. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 4 və 31-ci bəndləri).

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5449,95 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın; - 01 ədəd “Redmi Note 8” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova

Rasim Sadıxov

Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar